SƏMƏD ŞIXI - ARZU BANK

                                                                                                                                      Nisyə ömür verilmir...

 

I

 

Eldarın bankdakı ilk iş günü idi. Səhər ofisə gedəndə onu ilk iş yoldaşı Şahmar qarşıladı. Şahmarla 2 gün öncə tanış olmuşdu. Şöbə müdiri onları tanış edib, işə gəldiyində ona işi Şahmarın izah edəcəyini demişdi. Eldar Şahmarla bərabər ilk öncə şöbənin işçiləri ilə tanış oldu. Salamlaşma mərhələsindən sonra Şahmarın yanındakı masada əyləşərək ona sadəcə “məni izlə, proses çox sadədir, yarım günə götürəcəksən” dedi. Dediyi kimi də proses çox sadə idi. Onun görəcəyi iş çox böyük bir şey deyildi. Gələn insandan ad, soyad almaq, arzusu qarşılığında neçə il ömründən verəcəyini hesablamaq və uyğundursa, “ödəniş otağı”na yönəltmək, uyğun deyilsə, “təəssüf edirik, siz uyğun deyilsiniz” deyərək müştərini geri göndərməkdir. Hesablamanı da kompüter vasitəsi ilə edir deyə onun üzərinə düşən sadəcə məlumatları almaqdır. Prosesin davamlılığı barəsində isə növbəti mərhələdə işləməyə uyğun olduğu görüldüyü zaman kurs keçərək məlumat əldə edəcək. Hələlik ona verilən işləri görməsi və ondan heç bir şikayət gəlinməməsi gərəklidir. Müştəri ilə bacardığı qədər mülayim danışmalıdır. Çünki qarşısındakı bura məcburiyyətdən gəlib və qorxur. Çünki yaşamını verib, gedəcək. Kim bilir neçə il yaşayacaqsa, onun yarısını verəcək, bəlkə daha çoxunu. Buna görə müştərinin aqressivliyi nə qədər çox olsa da, söyüş də söysə mülayim danışılmalıdır. Bu səbəbdən yalnız kişilər çalışır "Müştəri Qəbulu"nda. 

Müştəri ilə danışıq metodu, dözümlülük barəsində imtahan olunmuşdu deyə təzdən kurs keçməyə ehtiyac görməmişdilər. Şahmar sadəcə prosesin axışını ona göstərəcək, bir də sistemlə işləməyi izah etdikdən sonra, prosesi təkrarla 1-2 müştəridə də izah etdikdən sonra işini ona təhvil verib, gələn növbəti müştərini ona yönəltdi. 

Həyəcanlı olsa da, təmkinli şəkildə müştərini dinlədi, məlumatları sistemdə yoxladıb, uyğun olmadığını deyib, təəssüf hissi ilə geri çevirdi. İlk işindən nəticə görməsə də, problemsiz bitmişdi. 

-Yaşı çoxdu. İstədiyinə çatmaz ömrü. 

-Bir insanın həyatını verməsini anlaya bilmirəm. Axı yaşamaqdan bu qədər bezə bilər birisi?

Şahmar gülümsəyərək, təcrübəsinə arxalanıb, cavab verdi:
-Bezməyib. Məcburdu. Burda nə üzlər görəcəksən. Nə istəklər üçün gələcəklər. Bu arada mən də burda işləməmişdən öncə bankın müştərisi olmuşam. 

Təəccüb dolu baxışlarını Şahmara zilləmişdi. Gülümsəyirdi, görəsən, nə qarşılığında vermişdi ömründən.

-Nə istəmişdin?

-Bir maşın. 

-Maşın? Yəni sən həyatından neçə ilisə bir maşına görə vermisən?

-Hə. 1 il verdim. Çox bir şey deyildi. Amma məntiqli yanaşanda dəyər deyə düşünürəm.

-Məntiqli tərəfi nədir?

-Bir maşını almaq üçün ən azı 5 il işləməliyəm. Yemədən, içmədən, əylənmədən, gecə-gündüz işləyərək ancaq ala bilərdim. Amma 1 ilimi vermək qarşılığında rahat bir şəkildə, əziyyətsiz maşın sahibi oldum. Həm də son model. 

-Bəs, necə bilirsən ki, sənin həyatından 1 il çıxılıb? Bunu necə edirlər?

-Mən də sənin kimi bu şöbədə olduğum üçün verdiyin suala cavab verə bilməyəcəm. Gələcəkdə bir gün öyrənə bilərik bu sualın cavabını. 

Növbəti gələn müştərini də Eldara istiqamətləndirib, iş prosesini müşahidə etməyə başladı. 45 yaşında, xoş görünüşlü bir qadın idi. 2-3 otaqlı bir evi neçə il qarşılığında ala biləcəyini soruşdu. Sistemdə yoxladıqdan sonra 2-otaqlı təmirli ev qarşılığında 4 ilindən, 3 otaqlı təmirli ev üçün isə 7 ilindən keçməli olduğunu dedi. Qadın biraz düşünüb, neçə il ömrüm qalıb, deyə bilərsiniz?-deyə soruşdu. Bu barədə məlumat verilməmişdi deyə ondan gözləməsini istəyib, Şahmara döndü. Şahmar gözü ilə olmaz deyə işərə edib, qadının diqqətini çəkmədən, işinə döndü.

-Təəssüf ki, bu barədə məlumat vermə ixtiyarımız yoxdu. 

-Axı 7 ilimi versəm daha neçə il yaşayacağımı bilmək istəyirəm.

-Əlbəttə, amma mənə bu barədə ixtiyar verilməyib. İstəyirsinizsə, proses üçün sizi “Ödəniş otağı”na yönəldək, bəlkə orda sualınıza cavab verə bilərlər. 

Qadın əlacsız qalmışdı. Düşünmək üçün zamana ehtiyacı var idi. Bu üzündən bilinirdi. Əli əlirdi. Ayağa qalxıb, ətrafa baxdı, nəfəsini dərib, Eldara döndü.

-Razıyam-dedi.

Müştərinin sənədlərini hazır edib, ona sıra nömrəsi verərək əyləşməsini xahiş etdi.

-Təbriklər, ilk işini aldın. -Şahmar dedi.

-Təcrübəsizlik etməmək üçün soruşmadım. Səndən dəqiqləşdirmək istədim ilk öncə. 

-Nəyi?

-İstədiyinin səbəbini soruşa bilərik? Nə üçün istədiyini filan

Şahmar qəti və həyəcanlı şəkildə cavablandırdı:

-Qətiyyən. Müştəriyə iş prosesindən başqa heç nə deyə bilməzsən. Səsin hal-hazırda da qeydə alınır. Desən bəlkə təcrübəsizliyinə görə ilk dəfə üçün keçərdilər, amma bu yolverilməz haldır. Belə bir şey etmə. 

Başı ilə razılıq bildirib, işinə davam etdi. 

İş saatı tamam olan kimi çantasını götürüb, Şahmarla birlikdə çölə çıxdı.

-İstəyirsənsə, səni maşınla ötürə bilərəm.

-Sağ ol. Yol üstü marketə də dəyəcəm.

-Özün bilərsən. Hələ burdan heç kəsi maşınıma mindirməmişəm. İlk sən olacaqdın. -gülümsədi, davam edərək - 1 ilindən keç, bir maşın da sən götür. 

-Düşünərəm -deyərək, sağollaşdılar. 

Evə dönən Eldarı qapıda həyat yoldaşı qarşıladı. İçəri keçib, əy-üzünü yuyandan sonra masada dərs çalışan qızının başından öpərək yanında əyləşdi. 

-İşinin ilk günü necə idi? -dedi Səbinə. “Arzu Bank” haqqında çox eşitsə də, ora haqqında çox az məlumatı var idi. Ərinin orda işləməsi onda yaranmış suallara cavab tapmaq üçün yaxşı fürstət yaratmışdı. 

-Qəribə idi. İlk günüm idi bəlkə ona görə belə gəldi, amma normal işlərdən çox fərqlənir. 

-Sən nə işləyirsən ki, orda, ata? - qızları Zəhra.

-İnsanlarla danışıram, nə istədiklərini öyrəndikdən sonra onlara nə etməli olduqlarını deyirəm. 

-Müəllimim kimi yəni.

Gülümsəyərək - demək olar - dedi. 

Qızının yanında suallarına rahat cavab almayacağını bilən Səbinə suallarını gecəyə saxladı. Yataq otağına girən kimi sualları yağdırmağa başladı: “Necə yerdi? İnsanların ömründən necə alırdılar? Aldıqları ömür doğrudur? Neçə il yaşayacağını hardan bilirlər?”

-Verdiyin sualların heç birinə cavabım yoxdu. Çünki həmin proses sonrakı mərhələdə həyata keçirilir. Mən sadəcə ilk sırada qəbul edirəm, istədiyinə uyğun ömrü varsa, növbəti mərhələyə yönəldirəm.

-Onu necə hesablayırsan?

-Sistem özü hesablayır. Artıq  insanın neçə il yaşayacağını, necə öləcəyini necə hesablayır bilmirəm. Tək bildiyim bunu edə bilir və mənə nəticəni deyir.

-İnanmıram belə bir şeyin varlığına.

-Bu gün bir insana ev verdim, həm də təmirli. Ömründən 7 il verməyə razı oldu ancaq. Yəni əgər gerçək deyilsə, hansı axmaq götürüb bir evi kiməsə verər? İş yoldaşım ömründən 1 il verməklə bir maşın alıb. 

Səbinə Eldara baxıb, istədiyini deməyə cəsarət tapmadığından susdu.

-Nə düşündüyünü bilirəm. Yolda mən də düşündüm. 

-Maşınla bir şey olmaz deyə düşünürəm. 1 ildi nədə olsa. 

-Amma insan ölüm ayağında olanda 1 saniyə artıq yaşamaq üçün sərvətini verməyə hazır olur. 

-Elədi. Ancaq o maşını almaq üçün də nə qədər əziyyət çəkməli olursan. Hesablayanda eyni şeyə gəlib, çıxır. Hətta verdiyin hər ilə görə pul da alsan eyni şeyə çıxır

-Şahmar da eynisi dedi... -İş yoldaşımdı. İlk günlərdə mənə kömək etməsi üçün yanında çalışıram. 

-Ömrümdən 5 il versəm görən nə qədər pul verərlər? -Səbinə nə qədər alsa, xəyallarını gerçəkləşdirə bilər deyə düşündü. 

-Nə qədər versələr razı olarsan? Sabah baxım istəyirsənsə - güldü. 

-Ciddiyəm. 5 il artıq yaşamaqdansa, 5 il əksik yaşayıb, həyatı doyasıca yaşamaq istəyərəm. 

-Bilmirəm... Qulağa məntiqli gəlsə də, insan ömrüdür nəticə olaraq. 3-5 manata görə satmağa əlim gəlməz. 

-Mən satım - Səbinənin qurduğu xəyallar onu daha da həvəsləndirmişdi. 

-Sən satacaqsan, mən səndən 5 il çox yaşayacam, nəticə olaraq yaxşı yaşayacıq?

-Hə. Zəhraya daha yaxşı həyat bəxş edə bilərik. Heç olmasa onu qurtararıq. 

-Belə yaxşıdır. Heç kəsin də ömrünü satmırıq. Nə qədər yaşayacıqsa, yaşayarıq, necə yaşamalıyıqsa, elə yaşayarıq. -deyərək, üzünü çevirib, yatdı. 

Səhər işə başlamasından 1 saat keçsə də, gələn heç müştəri yox idi. Şahmar üzünü Eldara çevirərək:
-Ayağın düşmədi deyəsən. Normalda azı hərəmizə 1-2 nəfər gəlməli idi - dedi. 

-Uğursuzsan deyən olub -gülümsədi. 

-Mən də inanmağa başlayacam. -ayağa qalxıb - kofe içirsən?

-Pis olmaz. 

-O zaman qalx və məni izlə. Sənə kofe gətirən deyiləm -dedi. 

Pis mənada deməsə də, Şahmarın belə cavab verməsi onu pərt etmişdi. Ayağa qalxaraq onun ardıyca mətbəxə getdi. 

İş boşluğunu fürsət bilən hər kəs toplaşıb, aralarında söhbət edirdi. Yaxınlaşıb, özünə kofe süzdükdən sonra Eldarı da önə buraxdı. Sonra özü də bir kənara çəkilib, söhbətə qulaq yoldaşı oldu. 

-İşə dünən başlayan siz olmalısız -dedi aralarından hündür, qara saçının üstünə sarı boya vuran gözəl qadın. Baxımlı və cəlbedici duruşu var idi. 

-Bəli.

-Bankımızı necə gördün? Xoşuna gəldi?

-Necə gəlməsin. Gəldiyi ikinci gündü, iş yoxdu, rahat dincəlməyə vaxtı var. 

-Ayağınız düşərli olub -dedi və gülüşdülər. 

-Arada bir belə sakitçilik yaxşıdır

-Qəribədir biraz. Heç kəsin görmədiyi işi görürük. Bir növ Əzraillik edirik də demək olar. 

Gülərək, ağıllarına gəlməyən bu bənzətməni bəyəndiklərini yüksələn gülüş səsləri ilə göstərdilər. 

-Əzrayil demək. Niyə də olmasın. Bundan sonra Əzraillər qrupu adlandıraq özmüzü. 

-Öyrəşərsən zamanla. Hər kəs işə başladığı ilk zamanlarda çətinlik çəkib. Dediyin kimi kənardan xoş görülmür işimiz. Ancaq heç kəsin də qolundan tutub, gətir ömrünü bizə sat demirik. Öz xoşları ilə gəlirlər.

-Gündə ortalama nə qədər insan gəlir? Bir də ən çox nə üstündə gəlirlər, adətən. 

-Hmm, gündə ortalama hərəmizə bəzən 5, bəzən 10 müştəri ola bilir. Mənim yadıma gəlir bir dəfəsində 14 müştəri yola salmışdım. Onun demək olar hər birini “Ödəniş otağı”na yönəltmişdim. - dedi aralarında ən uzun müddət burada çalışan işçi. Əynindəki kostyumun içində o qədər boş görünürdü ki, sanki 10 yaşlı bir oğlan idi, atasının kostyumunu geyinib gəlmişdi işə. 1.65 boyu və 50 kg-dan az çəkisi var idi. Saçı dağınıq, üzü isə tər-təmiz idi. 

-Ən çox nə üçün gəlirlər ki? Nə istəyirlər?

-Dəyişik olur. Kimisi ev, kimisi maşın, kimisi sadəcə pul. Kimisi başqa bir həyatı qurtarmaq.

-Necə yəni, başqa bir həyatı qurtara bilirlər?

-Aldıqları ömürləri nə edir deyə düşünürsən ki? Birindən alır, başqa birisinə dəfələrlə baha qiymətinə satırlar. Birisi gəlir, öz ömründən məsələ ölmək üzrə olan övladına köçürmək istəyir, komissiya çıxılandan sonra istəyərsə, 1-2 il özünə saxlayır, ya yarı bölür, köçürür digərinə. Biz də ordan aldığımız komissiyaya baxarıq. Onu yenə bir başqasına sataraq gəlir əldə edərik.

“Bu qədər sadə sistemlə işləyirmiş demək” dedi içindən. 

İşlərinə döndülər. Artıq müştərilər gəlməyə başlamışdı. 

Günün ikinci yarısı idi. İş saatının bitməsinə yarım saat qalmış bir gənc yaxınlaşdı Eldara. Yaşı  20 idi. Dərdli və gözündəki qızarıqlıqdan yuxusuz olduğunu anlamışdı. 

-Buyur, necə kömək edə bilərəm sizə. Mən unutmaq istəyirəm. 

-Necə yəni. Kimi unutmaq istəyirsiniz?

-Sevgilimi. Daha doğrusu köhnə sevgilimi. Mənə xəyanət etdi, ayrıldıq. Amma onu unuda bilmirəm. Həyatıma davam edə bilmirəm ona görə. Nə gecə yata bilirəm, nə gündüzləri işlərimi görə bilirəm. Dərslərimdən də geri qalıram. Xahiş edirəm kömək edin. -əllərini masaya vuraraq, səsi ilə ətrafdakı hər kəsin əlindəki işi  saxladıb, diqqəti üzərinə çəkdi. 

-Sakit olun. Baxaq görək nə edə bilirəm. - İçindən, axmaqsan, səni atıb, gedən bir qız üçün özünü üzürsən, üstəlik bir də həyatından nə qədərsə verməyə razısan, demək keçsə də, Şahmarın dediyi sözləri xatırlayıb, susdu. Sistemdən baxaraq 2 ayınız silinəcək. Razısınızmı?

-Bəli. Nə etməliyəm? - Heç düşünmədən razılaşdı. 

Sıra nömrəsini uzadaraq, - zəhmət olmasa, sıranızı gözləyin. “Ödəniş Otağı”na daxil olub, orda həll edəcəksiniz -dedi.

İçindən, getmə ora, çıx evinə get, həyatına görə dəyməz demək keçsə də onu dinləmədi. Getdi. Arxasınca tək bacardığı şey sadəcə gələcəkdə etdiyi əməlinə görə peşman olmamasını diləmək idi. Fasiləyə qədər daha 3 müştərini yola saldı. Onlardan biri yalnız razılaşdı ömründən verməyə. Digər ikisinin çıxılacaq ili biləndən sonra fikirlərindən döndü. Əgər illəri ödəsələrdi böyük ehtimal heç 10 il yaşamadan öləcəkdilər. İstədikləri də önəmli bir şey olsaydı kaş. İnsanların dünya malına görə ömürlərini xərcləməsini anlaya bilmirdi. Yaxşı, deyek ömürdən vermirik, pulla alırıq. Yenə eyni şeyə bərabər deyil? Pulu qazanmaq üçün daha çox ömrümüzdən veririk. Bir insanın günlük qazancı nə qədərdi? Ən kasıb ölkədə ortalama 3-5 manatdırsa, ən zəngin ölkədə 300-500 dür. Dəyərmi? Bir gününün ən yaxşı halda səkkiz saatını işləməyə dəyərmi? Amma çalışmasalar necə yaşayacaqlar? Çox qəribədi. İnsan ömrü də pulumuz kimidi. Bizə kredit kartı kimi verilir, limitli olaraq verilir və bunun qarşılığında dolanmalı olduğumuzu diləyirlər. Tək fərqi limitini bilmirik. Kim varlı, kim kasıb olduğunu bilmir. Sadəcə balansındakı ömür bitəndə fərqinə varır. 

Fasilədə Səbinən dediyini düşündü. Bir ilə görə dəyərdimi maşın götürmək? İş çıxışı Şahmarın maşınını yaxşıca bir süzdü. Həmişə belə gözəl maşını olsun istəmişdi. Başqa nə istəyərdi. Deyək 5 ilimdən keçməyə hazıram, geri qalan 4 ilə nə götürmək şansı verilərdi? Kaş nə düşəcəyini əvvəlcədən deyə bilsələr. Menu kimi, açırsan, bu ilin qarşılığında filan şey verilir. 

Evə gəldi. Səbinə nəsə sözlü idi. Həmişə sözü olanda otura bilmir, sağ əliylə sol əlinin barmaqlarını sıxardı. Zəhrənı otağına göndərəndən sonra Səbinə 2 stəkan kofe süzüb, gəlib, yanında əyləşdi.

-Sözünü de.

-Nə sözü?

-9 ildən artıqdır ki, evliyik. Üstünə də sevgili, nişanlı olduğumuz 1 ili gəlsək, edir sənə 10 il. 10 ildə səni tanımağı bacarmadım deyirsən yəni?

Səbinə gülümsəyib, ərinin onu belə yaxından tanımasına sevinc qarışıq utandı. 

-Qardaşım zəng etmişdi. Bir aylığına qaytarmaq şərti ilə borc istədi. 

-Problem deyil. Nə isə olub?

- Bilmirəm. Demədi. Sadəcə bir ay vaxt istədi. Söz verdiki qaytaracam.

- Nə qədər?

-5 min kifayət edər dedi. 

-Az deyilmiş. 1 aya qaytara biləcəyi məbləğ də deyil

Səbinənin üzündəki şirinlik getmiş, yerini ciddilik almışdı. 

-Verməyəcəksən yəni?

-Elə şey demədim. Sadəcə bir aya qaytarılası məbləğ deyil. 

-Deyibsə, verər. Yəqin bildiyi bir şey var. 

-Elə deyirsənsə, sabah gedib, çəkib, verərsən. 

Səbinə başını Eldarın çiyninə qoyub, qucaqladı. 

-Sağ ol. 

-Sənə demək istədiyim bir xəbərim var

-Nə?

-Sabah maşın üçün müraciət edəcəm

-Axı istəmirdin. 

-Maşını görəndən sonra onsuz bu sistemin qurbanı olmuşuq. 1 illə bir şey itirmərəm dedim. 

-Necə istəyirsənsə. Sənin həyatından daha önəmli deyil. İstəmirsənsə, götürmə.

-Sabahacan da düşünəcəm. Bilmirəm. 

 

II

 

Səhər tezdən çörək almaq üçün marketə gedəndə qonşularını gördü. Siqaret çəkərək, aralarında söhbət edirdilər. Yaxınlaşanda öyrəndiki qonşuları Fətəli dünən axşam yuxusunda ölüb. Nə üstündə öldüyünü soruşdu. Çünki yaşı altmış ya olardı, ya olmazdı. Bilmirik desələr də, dodaqlarının altından mızıldanaraq deyəsən ömründən satmışdı dedilər. Aparıb, ömründən satıb, qumar oynayırdı. Həm ömrünü itirdi, həm pulunu. 

Mövzunun “Arzu Bank”a gəldiyini görən Eldar sağollaşıb, yanlarından uzaqlaşdı. Evə gəlib, Səbinəyə mövzunu danışdı. Günorta baş sağlığına gedərsən-dedi. 

İşə gedəndə isə beynində Fətəli və maşın dönürdü. Axşama özünü güclə razı hala salmışdısa, indi içinə düşən başqa bir qorxu ona əngəl olurdu. Sonunda qərarlaşıb, Şahmarın masasında əyləşib, prosesi yerinə yetirdi. İş çıxışı maşını əldə edə biləcəksən dedilər. Bu qədər sürətlə özü də. 

Fasilədə hər kəs Eldarla yanaşı digər iş yoldaşını da təbrik edirdi. Amma o nəsə almamışdı. Vəzifəsi dəyişmişdi. Artıq ömür satmaq üçün gələnləri deyil, ömür alanları qeydiyyata alacaqdı. İş olaraq fərqli bir şey deyildi. Amma maaş olaraq və nüfuz olaraq yüksək idi. Bir də orda işləmək üçün könüllü yazılan nə qədər imkanlı insanlar var idi. Bankın köhnə işçiləri danışır ki, bir vaxt orda yaşlılar daha çox çalışırdı. Yaşları keçən kimi, ölümün yaxınlaşdığını dərk edən kimi gəlib, orda işləyir, qazandıqları pul qarşılığında ömürlərini artırırırdılar. Əsas məsələ də bu idi ki, bankın öz işçiləri mərhələ atlaya bilmirdi. Buna görə daha yaş limiti ilə işçi almağa başladılar. 50 yaşdan yüksək heç kəsi işə almırlar. 50 yaşda da təcrübən olarsa. Yoxsa 30-35 yaşdan yüksək seçim etmirlər. 

Masasına əyləşəndə yanına bir kişi gəldi. Görünüşü yerində idi. Pula ehtiyacı olana da oxşamırdı. 

-Salam, buyurun

-Salam. Mən ömrümü vermək istəyirəm. Amma…

-Qarşılığında nə istəyirsiniz ki? 

-Biraz qəribə səslənəcək, amma ömrümdən kəsib 5 il itimə vermək istəyirəm.

-İtinizə?

-Bəli.

Niyə belə bir şey edirsiz?-tam ağzından çıxırdı ki, özünü saxlamağı bacardı. 

-Əlbəttə. Zəhmət olmasa, gözləyin deyərək yanından ayrıldı. 

Şahmarın yanına gedərək belə bir şeyin olduğunu, ondan nə etməli olduğunu soruşdu. Cavabı öyrənəndən sonra masasına dönüb:

-Proses üçün sizi “Ödəniş otağı”na yönləndirəcəm. Orda ödəniş qarşılığında itiniz üçün istədiyiniz rəqəmi deyərsiniz. Dediyiniz rəqəm qarşılığında bir də faiz ödəyəcəksiniz. İtiniz üçün alacağınız rəqəmin 7%-i qədər. 

-Yaxşı -deyərək masadan qalxıb, nömrəsini götürüb, sırasını gözlədi. 

Kişi gedəndən sonra arxasınca özü süzdü. Ömrü almağa pulu olana oxşayırdı. Əgər vardısa, niyə pul verib, almadı. Yox, pulu yoxdur deyək, niyə itinə öz ömründən verdi? Bu qədər iti onun üçün önəmli idimi? 

Evə maşınla dönmək ayrı bir zövqlü imiş. Yolda hər kəsin diqqəti onda idi, daha doğrusu maşınında. 

Maşını həyətdə saxladı, kefi kök bir şəkildə evinə qalxdı. Səbinəni aşağı çağırsa, məsələni anlayacaqdı deyə, süprizini evdə etmək qərarına gəldi. Qapını açar-açmaz açarı əlinə verəcəkdi. Qapının arxasında həyat yoldaşını gözü yaşlı görəndə isə maşın unutdu. 

-Nə olub?

Səbinə heç nə demədən kənara çəkildi ki, içəri keçsin. Eldar içəri keçib, Səbinəylə bərabər mətbəxə girdi. 

-Nə olub?

-Bu gün Fətəlinin cənazə mərasiminə getmişdim. Həyat yoldaşı məni görən kimi üstümə atlayıb, siz elədiz - dedi. Sonra səni günahlandırdı. Söydü, qışqırdı. Utandım, çıxdım, gəldim. 

-Mən nə etmişəm ki? Onun gedib, bankda ömrünü satdığını belə bilmirdim. Bu gün öyrəndim. Satıbsa da, özü satıb. Kimsə qolundan tutub, aparmayıb ki, gəl gedək, ömrünü sat bizə. 

-Yenə də onun elə deməsi məni pis etdi. Hər kəsin içində səbəbkar mənmişəm kimi üstümə gəlməsi pis elədi.

-Ərini itirib, onu da anlamaq olar. Buna görə üzülmə.

Səbinə daha rahat idi. Nəfəs alıb, gözünün yaşını sildi. 

-Sənə bir hədiyyəm var.

-Nədir? - göz yaşlarını silərək, dedi.

-Gözlərini bağla. 

Səbinə gözlərini bağlayandan sonra - əlini uzat -dedi. Səbinə əlini də uzatdı. Əlini özünə tərəf çəkərək, ovcunu açıb, açarı ovcuna qoydu. Səbinə gözünü açıb, maşının açarını görüb, gözləri bərəldi. 

-Yoxsa, dediyini etdin?!

-Hə. 1 il gözümə çox da böyük görünmürdü. Dedim heç olmasa, bir maşınımız olsun. 

-Kaş etməsəydin. Səndən dəyərli deyil.

-Olsun. 

 

III

 

Maşınla işə getməyin kefi ayrı idi. Ofisin maşın parkında saxlayıb, işə qalxarkən özündən əminliyi və rahatlığını indiyə qədər heç yaşamamışdı. Sanki dünən sıxılarkən gəldiyi ofisə indi buranın sahibi kimi daxil olmuşdu. Hər kəsin maşını var, genəlir baxışlarına fikir vermədən, ağır tərzdə başıyla salam verib, yerində əyləşdi. 

-Maşınla işə gəlmək necə hismiş? - Şahmar müştərisini yola saldıqdan sonra yaranmış boşluqdan Eldara sataşdı.

-Gecə həyəcandan yata bilmədim. Səhər qalxıb, bir şey atışdırmadan özümü maşına atdım. Musiqiyə səs verib, yolu bacardığım qədər uzadıb, hər tıxacın dadını çıxardıqdan sonra gəldim. Maşına sahib olmağın dadı ayrı imiş. 

-Dəydi bir ilinə

-Artıqlamasıyla hətta. - deyərkən, qanın qoxusunu almış canavar kimi ağzının suyunu axıdırdı. 

-Satmağa başqa nəsə fikrin yoxdu yəqin ki. 

-Hələ yox. Amma il sonuna məzuniyyət götürüb, xarici ölkəyə getməyi düşünürəm. 1 ilimi də elə fikirləşirəm. Ailəvi yadda qalan bir dünya turu da pis səslənmiş. İndidən gedə biləcəyim bütün ölkələrin planını qurmuşam. 

-Yavaş, igid. Bu sürətlə ömrün qalmaz.

-Yox. Hesablamışam. Bu 35 ildə nə yaşamışam ki? Toplasan heç 1 ili insan kimi gülməmişəm. Ömrümün boş, amma uzun olmasındansa, qısa, mənalı olmasını tərcih edirəm. 

-Özün bilərsən təbii ki. Ömür sənindir. Biz Əzrayillər sadəcə nə istədiyini soruşmalıyıq. Unutmadım - dedi və dodaq altından gülümsədi. 

Günlər keçdi və hər gün gələn müştəridən artıq rahat bir şəkildə ömür alırdı. Çünki aldığı ömürün boşa getmədiyindən əmin idi. İşin başlarında düşündüyü hər günün öz qiyməti var düşüncəsi uçub, getmişdi fikrindən. Artıq onun üçün rəqəm deyil, keyfiyyət önəmli idi. 

Yanına gələn bir tələbənin illiyini ödəyə bilmədiyi üçün ömründən satmağa çalışmasına üzülmüşdü. Sonra 1 ilin qarşılığında universitetin illiyindən dəfələrlə artığını ala biləcəyini görüb, universitetin başına buraxaraq bir dəqiqə fikrə getdi. Ardıyca:

-Universitetimin 2 ili var. Sürünəcəm, əziyyət çəkəcəm, təhsilimi bitirib, bir işə girəcəm. Sonra yenə yaşamaq üçün sürünəcəm. Amma nə təhsil almadan, nə sürünmədən qısa yoldan pul qazana biləcəmsə, niyə bu şansı qaçırım?-dedi

-Necə məsləhətinizdirsə. 

-Amma gedən 2 ilim var. Mənim üzərimə düşən tək şey bu pulu artırıb, itidiyim 2 ili təkrar geri almaqdı. O zaman fərqi nədir, ömrümü bərpa edərəm. - deyərək, razılaşdı. - 2 ilimi satmaq istəyirəm. 

Sıra nömrəsini verərək “Ödəniş Otağı”na yönləndirdi. 

Evə dönərkən ağlına irişən bir şey vardı. Tələbə haqlı ola bilərdi. Müəyyən bir il satırsan, ona biznes qurursan. Pul qazanan kimi gedib, ömrünü təzdən alırsan. Bu qədər sadə mexanizm qurmaq olar. Əsas məsələ neçə il ömrünün qaldığını bilmək idi. 3-4 il satmaq planı var idi, bəhanə axtarırdı ki, nə etsin. Səyahət etmək əvəzinə niyə biznes qurmasın. Hə. Səhər qalxıb, axşamacan kiminsə ömrünü almaqdan daha yaxşı fikirdi həm də. Bir başqa sual, satdığı ömürlə, aldığı ömürün fərqi vardımı? Satarkən Öz ömrünü satırsan da, alarkən başqasının ömrünü alırsan. Onun həyatınımı yaşayacam? Mənasız sual gəldi nəsə. Tez fikrindən çıxarıb, nə işi qurmalı olduğunu düşünməyə başladı. 

Evə gələndə yol üstü marketdən biraz bazarlıq elədi. Satıcının biri ilə maraqlı söhbəti alındı. O da tələbə idi. Dərsdən sonra axşam növbəsində satıcı işləyərək pul qazanırdı. Gülərüz, yaraşıqlı, hündür boy birisi idi. Bəlkə aktyorluq eləsəydi indi pulu da, məşhurluğu da var idi. Həyatdan kiçik xoşbəxtliklərlə kifayətlənən insanlar o qədər çoxdu ki, ortalıqdakı fürsəti rahatlıqla görüb, onu əldə edə bilərsən. Tək etməli olduğun şey başlamaqdır. 

Evə gələndə qızı onu qarşıladı. Həftəsonu idi deyə dərsi yox idi. Üzündəki rahatlığı və sevinci görmək elə də çətin deyildi. Tək dərdi daha az dərs edib, daha çox əylənmək idi. Bəlkə də, ən düzgününü bu yaşlarında tələb edirlər. Böyüdükcə yox olmağa başlayır insan. Düşünür ki, böyüdükcə azadlaşır, tam tərsi hər doğum günü şamlarını söndürəndə biraz daha kölələşir insan. Çiynindəki dərs yükünü yerə buraxır, ora insanları qoyur, sonra dünyanı alır çiyninə. Gələcəkdə yaşayacaqlarını bilsə heç böyümək istəməzdi bəlkə də. 

-Bu gün qardaşım gəlmişdi. Borcunu qaytardı - Səbinə qardaşının aldığı borcu Eldara uzatdı.

-Nəyinə lazım idi ki? Nəsə dedi?

-Yox… Demədi. 

Başıyla “yaxşı” işarə edib, pulu kostyumunun cibinə qoydu. 

-Mənim ağlımdan bir şey keçir, amma qərarsızam. 

-Nə? 

-İş qurmaq istəyirəm. Öz işimi. 

-Nə yaxşı. Nə işi quracaqsan?

-Bilmirəm. Qərarsızam. Restoran açmaq istəyirəm. Ya da bir mağaza. Pul çatarsa, hər ikisi

-Pul hardan olacaq, bəs?

Dərindən nəfəs alıb, gülümsədi:

-Əsas məsələ də burdadı. 

-Bircə demə ki, yenə ömründən satmaq istəyirsən

-3-4 il sadəcə. Sonra pulu düzəldəndən sonra gedib, geri alacam. 

-Ya tutmazsa. 

Səbinənin bu yanaşması Eldarı əsəbləşdirmişdi. Motivasiya vermək əvəzinə qanını qaraldırdı

-Niyə tutmasın?! Düzgün edərsək və ən əsası İNANARSAQ tutar. 

-Özün bilərsən. Mən sadəcə qorxuram.

Gülümsədi və dedi:

-Bir həftə öncəyədək sən deyildin ki, gəl mən ömrümdən satım, biraz rahatlayaraq. Daha yaxşı həyat yaşayaq

-O an pulun verdiyi həvəs idi, dedim. 

-Bir yanım etmə deyir, digər yanım ömrümü işçi olaraq hədər etmə deyir. Risk almaq lazımdı. 

Bu qərarı bir ay düşünsə də, fikrindən dönməyə əsaslı səbəbi yox idi. Yanına gələn insanlar arasında iş qurmaq üçün gələnlərin olması, batmış işlərini qurtarmaq üçün ömürlərindən keçməyə hazır olmaları Eldarı daha da inadlaşdırırdı. 

Qərarı dəyişməzsə, bu ayın sonunda pulu götürəcək, işlərini paralel olaraq görər, onunla yanaşı işini də davam edər. Məkan və içərisini hazır etdikdən sonra işdən ayrılardı. Fikrində tutduğu rəqəm 4 ilə nisbətən daha çox idi. Bir maşını vermək üçün 1 ilimi istəmişdilərsə, 3-4 il desəm yəqin maşının qiymətinin 3-4 misli qədər pul verərlər, deyə düşündü. 

Nahatdan yeni dönmüşdü ki, müştəri deyə qarşısında Səbinənin qardaşı əyləşdi. Onun bura gəlməsi onu təəccübləndirmişdi.

-Salam

-Eldar!!! …Hə, Səbinə demişdi axı bu bankda işlədiyini. Unutmuşdum

-Səndən nə əcəb, bura gəlmisən.

Gülümsədi:

-Həyatdı. Bəzən nələrəsə məcbur qalırıq. 

-Necə kömək edə bilərəm? 

-Təxminən hesablama görə mənə lazım olan pul üçün 2 ilimi satmalıyam sizə. 

-2 il? Yaxşı, gözlə, baxıram. 

Göstərilən rəqəm uyğun idi, ancaq bu ili verərsə, 6 ay sonra öləcəkdi.

-Sən əvvəl heç ömründən satmısan?

-Iıı, olub 1-2 dəfə.

-Sadəcə 1-2 dəfə? - deyib, susdu. Artıq danışmışdı.

-Olub da. biraz. Çatmır ki, ömrüm?

-Xeyr. Çatır. Sadəcə soruşdum. 

2 il qarşılığında alacağı məbləği öyrənən kimi razılaşdı. Gözləntisindən artıq idi, deyəsən. Sıra nömrəsini götürüb, “Ödəniş Otağı”nın yolunu aldı. Sıra boş idi deyə çox gözləmədi. 

Nə etməliydi deyə fikrə getdi. Heç kəsə heç nə deyə bilməzdi. Desə, pulu da gedəcəkdi, işi də. Hələ bu səsə birisi qulaq asıbsa, çağırıb, məsələni aydınlaşdırmağa çalışacaqlar. Bilsələr ki, qohumuq, yəqin işdən qovacaqlar. Həm də belə plan qurduğu anda ona lazım deyildi bunlar. Bacardığı qədər qurtarmalıdır deyə müştəri formasında Şahmarın önündə əyləşdi.

-Yenə? İndi nə istəyirsən?

-4 ilimə görə nə qədər məbləğ düşür?

-Normalda belə şeyi müştəri ilə danışmazlar. Ancaq bu sualı verməliyəm. Nəsə olub?

-Yox. Sadəcə bəzi planlarım var. 

-Necə istəyirsənsə - deyərək, prosesi davam etdirib, onu “Ödəniş Otağı”na göndərdi. Sırasız keçdikdən sonra məbləği göstərən çek kağızı ilə bərabər gəlib, masasında əyləşdi. 

-Şahmar.

-Bəli.

-Mən işdən ayrılıram.

-Nəsə olub və mənə danışmırsan. 

-Danışılası məsələ deyil. Etməməli bir şey etdim sadəcə. 

-Təəssüf edirəm. Kaş uzun müddət bir yerdə çalışmaq şansımız olaydı.

-Mən də təəssüf edirəm. -deyərək, əl uzatdı görüşmək üçün.

Şahmar şeytani baxışla, qaşının birini qaldırıb, gülümsədi. -Amma ağıllı hərəkət idi son etdiyin. İşləməsən belə uzun müddət rahatlığın üçün bəs edər. 

-Bəlkə biraz iş gördümm - deyərək biznes məqsədini tam açmaq istəmədi.

Şəxsi əşyalarını götürüb, çantasına topladı yavaş-yavaş. Bu gün son iş günü idi. Öyrəşmişdi əslində bura. Əzraillik xoşuna gəlməyə başlamışdı. 

Gün sonu Şahmarla bərabər çıxdı. Ofisdən ayrılarkən iş yoldaşları ilə də görüşməyi unutmadı. İşdən çıxması onun üçün riskin ən böyüyü idi. Əgər işləri planı üzrə getməzsə, fəlakət onu gözləyirdi. 

Evə getmədən öncə bir kafedə içki içdi. Fikrini dağıtmağa ehtiyacı var idi. Səbinəyə qardaşı barəsində nəsə deməli idimi, onu belə dəqiqləşdirməmişdi. İçkinin həddini aşmadan qalxdı. Başı ona ayıq lazım idi. Hesabı ödəyib, maşınına mindi. Bu günün ilk dəfə idi ki, bəxti gətirdi və yolda polis saxlamadı. Evə çatıb, qapını döydü. Səbinə Eldarın içkili olduğunu görüb, təəccüblənmişdi. İçkini sevməzdi deyə içməsi maraq doğurmuşdu.

-Səndən nə əcəb?

-Nə olub?

-İçməzdin heç.

-Biraz fikrimi dağıtmaq istədim. Çox içmədim, ancaq öyrəşməmişəm deyə tez tutdu.

-İş yoldaşlarınlaydın?

-Yox. Tək…- davam edərək - işdən ayrıldım.

-Niyə?

-Elə lazım idi. - deməmək qərarına gəldi. Onsuz öləndə anlayacaqdı. Deyib, indidən ortalığı vəl-vələyə verməyin mənası yox idi.

-Öz işini qurmaq üçün?

-... -Hə. - cibindən çeki çıxardı. 

-Özün bilən məsləhətdi. 

Səbinə heç nə demədən otaqdan çıxıb, Eldarı tək başına buraxdı. Zəhra qapıdan atasını görüb, biraz çəkindi.

-Xəstələnmisən?

-Hə. Biraz halsızam, keçər. - özünü toparlayıb, heç nə yoxmuş kimi apardı. 

Utanmışdı. Qızının qarşısında belə görünmək istəməzdi. Ona sənə daha yaxşı həyat bəxş edə bilmək üçün, daha yaxşı bir həyatı yaşamaq üçün ömrümün 5 ilini bir göz qırpımında verdim desə necə reaksiya verərdi? Bəlkə dayısı kimi o da yaxın zamanda öləcəkdi? Niyə baxmadı ki, ölüm tarixinə? Bəlkə Şahmarın bildiyi bir şey var idi, ona görə təkrar soruşmuşdu. Başına girən ağrı dinmirdi. Qalxıb, hamama girdi. Ömrümdən ona geri vaxtdan 15 dəqiqəni hamamda suyun altında dayanaraq keçirdi. Birazdan təqvim dəyişəcəkdi və bir gün daha ölümə yaxınlaşacaqdı.