SƏMƏD ŞIXI - SOLDAN SAĞA BEŞ HƏRF (lI)
Birinci hissə üçün: Soldan sağa beş hərf (I)
Anam evə gələndə evə qəribə sükut çökmüşdü, Şəfiqə mənə baxır, mən isə gözlərimi anamdan qaçırırdım. Yanıma gələrək başımı sığallayıb nə olduğun soruşdu. On yeddi ildə hələ anamdan nəyisə gizlətməyi bacarmamışdım. Gözlərimə baxaraq olanları anlayırdı. Şəfiqə qaş-göz hərəkəti ilə olanları anama çatdırdıqdan sonra başımı sığallayaraq, qucaqladı. Dolmuşdum, partlamaq rahatlayanacan qışqırmaq keçirdi ürəyimdən. Üsyan eləmək keçirdi – dünyaya, allaha, hər kəsə, ədalətə. Hardasınız?-deyə səsləmək istəyirdim. Anamında sözü yox idi deməyə. Sadəcə susurdu. Nə desin, deməyə nə sözü qalmışdı ki? Bu da, keçəcək? – yox, atandı, sözünə qulaq as – yox. Nə deyəcəkdi ki? Nə keçən deyildi, nə düzələn. Haracan belə gedəcəyin isə bilmirəm. Hardasa durmalıydı, yaşım keçir artıq böyüyürəm. Bəlkə də sondu. Özüm öz ayağlarım üzərində dayanandan sonra mənə heç kəs qarışa bilməyəcəkdi. O zaman istədiyimi edəcəkdim və mənə qarışa biləcək heç kəs olmayacaqdı. Bəli, buna izn verməyəcəkdim.
- Atam niyə belə edir mənə? Sənanın atası Sənanla necə də mehribandır, birlikdə deyir, gülürlər, həm onun oxumasını, gələcəkdə özünə gün ağlamasını istəyir bəs mənim atam niyə mənimlə düşməndi?
- Həyatımızda olacaq şəxsləri bəzən seçə bilməyirik.
- Sənki seçə bilərdin.
- Uşaqlığındakı kimi xəyallar aləmində yaşayırsan. – kinayə ilə mənə həyatın görünməyən üzündən xəbər çatdırmaq istəyirdi. Əslində də bilirdim, anlatmaq lazım deyildi, lakin qəbullanmaq istəmirdim. Razılaşıb alın yazısı deyilən uydurulmuş sözlə özümə təsəlli verə bilməzdim. Amma deyəsən anam çoxdan qəbullanmışdı.
Səhər tezdən qalxaraq işə getməli idim. Saat 7:00 olan kimi telefonumun zəngi çalaraq məni yuxudan oyalltdı. Gecə gec yatdığımdan yuxumu tam ala bilməmişdim. Qayıdıb yerimə uzansam da, iki dəqiqə sonra kor-peşman qalxıb əynimi geyinib, hamama getdim. Əl-üzmü yuyub mətbəxə keçdim. Anam səhər yeməyini hazır eləmiş məni gözləyirdi. Şəfiqədə adəti üzrə anamla bərabər qalxıb toyuqları yemləyər, anama işlərində kömək edərdi.
- Gecə gec yatmısan? – Şəfiqə stolda əyləşərək gözlərini üzümə zillədi. Yəqin gözlərimdəki şişləri görüb.
- Hə.
- Gözlərinin altı qaralıb. Sanki kimsə yumuruğu ilə irişdirib.
Gülüşdük.
Nənəmin rayondan göndərdiyi pendir, təzə qaynadılmış çay, bir–iki dilimdə isti çörək. Bundan artıq yeyə bilmirdim. Günortaya qədər bu mənə bəs edərdi, günortada ustamla bərabər yanımızda yerləşən restorandan sifariş edirik. Ramazan bizimlə oturub yesə də, İbrahim çox zaman özünə tapdığı dostları ilə bərabər yeməyə gedir. Ustamın ən yaxın adamı mən idim. Bir növ özmüzə məxsus müavin adlandırmaq olardı. Məni nə qədər çox istədiyin deyə bilmərəm, amma mənim qayğıma qaldığını, Ramazanla İbrahimdən ayrı tutduğun mən də, onlarda hiss edirdik.
Evdən çıxaraq avtobus dayanacağına doğru irəliləməyə başladım. Səhərin havası insana, həqiqətən, xoş gəlir, havanın təmizliyin hiss eləmək olur. Günəşin təzə -təzə qürub eləməsidə insana ayrı meyxoş edirdi. Avtobusa minərək iş yerimə gedən yolda gediş haqqını ödəyib endim. İş yerimə gəzərək beş dəqiqəyə çatmaqda olardı, təzədən avtobusa minərək iki dayanacaq gedə də bilərdim. Gəzməyi sevdiyimdən piyada üzü yuxarıya doğru qalxmağa başladım. Yol kənarındaki mağazalarda təzə-təzə açırdılar. İstər bizim təmir yerimizdə, istərsədə başqa yerlərdə iş zəifləmişdi. Bizdə belə işimiz daimi müştərilərdən kənar çıxmırdı. Dolana bilmədiyin görən ya maşınını satır, ya gec təmirə gətirirdi. İnsan nədən kəssə də boğazından kəsməz deyiblər, amma ərzaq mağazalarında da vəziyyət heç xoşa gələn deyildi. Maqsud usta bəzən bunun əslində hesablanmış siyasət olduğun deyirdi bizə. Belə eləməklə dövlət bütün sahələrə nəzarəti öz əlində cəmləyə bilirdi. Maqsud usta çox ağıllı birisi idi.
İş yerinə çatıb içəri girərək salam verdim. Maqsud usta və Ramazan əyləşib çay içirdi. Maqsud usta bütün günü burda olduğundan o açıb-bağlayardı. Evinə gedərdimi, getməzdimi bilməzdik. Bizdən əvvəl gələr, bizdən sonra gedərdi. İbrahim ona qəribə adam deyərdi. Sözündə həqiqət var idi. Maqsud ustadakı qəribəliyi mən də hiss eləmişdim. Sözlə başa salına bilməyəcək dərəcədə qəribəlikləri var. Öz–özünə güldüyünü də görmüşük, söhbət elədiyini də, bəzən işə səliqəli kostyumda gələr, amma heç yerə getməz, bəzən oturub bizimlə uşaq kimi söhbət edər. Bunu sonsuzadək uzatmaq olardı. Bizim ən çox sevdiyimiz Maqsud ustanın bizim verdiyimiz suallara maraqlı və yumorist cavabları idi.
Dediyim kimi bizim yanımıza bəzən varlıların və tanınmış şəxslərin maşınları gələrdi. Birbaşa Maqsud usta ilə danışar, maşınla bağlı bütün problemlərini ona deyərdilər. Maqsud ustada onları dinləyər, qarışıq olan məsələrdə qeydlərini aparar sonra onlar getdikdən sonra qeydlərə nəzər yetirərək ya işi özü görər, görə biləcəyimiz işdisə bizə tapşırıb özü başqa işin dalıyca gedərdi. Bu işə atamın təziqi ilə yazılsamda Maqsud ustanı tanıdıqdan sonra işimi deyil də, keçirdiyim zamanın dəyərini anlayırdım. İlk başda işimdən daha çox iyrənir, ağlayacaq dərəcəyə çatırdım. İşdən çıxanda avtobusda tutacaqdan tutarkən dırnaqlarımın arasına sızan maşın yağını görəndə barmaqlarımı gizlədərək heç kəsin görməməsi üçün çalışır, Sənanla olarkən isə çalışırdım ki, işlə bağlı heç nəyə toxunmayaq. Maqsud usta bunu görəndə burax başqaları utansın deyərək təsəlli verməyə çalışmışdı. Amma mən istəməyirdim.
Yol gedərkən hətta məndən yaşca böyük uşaqların birlikdə birləşib əylənməyə getdiklərini, universitet imtahanlarından elədikləri şikayətləri eşidəndə onların yerində özümü qoyub, xəyallar qurardım. Sonra özümü cimcikləyirdim ki, bəlkə də bu yuxudur və mən ayılacam hələ də birinci sinifə getmiş olacam. Bəlkə də dərsimdən boyun qaçırdığım üçün olanlar yuxuma girir və mənə oxumasam gələcəkdə başıma nələr gələcəyin göstərir. İşimizdə yanımıza gələn bəzi maşınların içindən cavan, iyirmi yaşları olmayan gənc uşaqlar düşürlər. Görünüşlərindən, ya Maqsud ustanın onlar gedəndən sonra haqqlarında danışmalarından bilinirdi ki, hansısa dövlət işçisinin, hansısa şirkətin sahibinin uşaqlarıdı. Dünyanın çətinliklərin anlamadan həyatın dadını çıxartaraq günlərinə gün qatırdılar. Elə gəzirlər ki, sanki bütün şəhər bunlarındı. Maqsud usta atalarına hörmətim olmasa, bunları maşının birtərəfinə soxub geri yollayardım da, nəysə-deyərək əsəbini sakitləşdirib, işinə davam edirdi. Maqsud ustaya niyə dünya ədalətsizdir deyə soruşdum bir dəfə - Niyə layiqi olmayan insanlar daha yaxşı həyat sürməlidilər və biz öz əziyyətimizlə çalışan insanlar həmişə çətinliklər içərisində yaşamalıyıq? – dedim.
- Bilsəydim burda səninlə başqasının maşının təmir edərdim?
Güldüm. Güldüyümü hiss edərək o da mənə qoşuldu. Davam edərək:
- Biz də zəngin olaq, başqaları da zəngin olsun. Dünyada kasıb olmasın, heç kəsin pula ehtiyacı olmasın. Nə deyirsən?
- Qəşəng olardı – deyə xəyalını qurmağa başlamışdım ki..
- Bax, bu olmaz. O, zaman kim işləyəcək? Kim küçələri təmizləyib, kim qulluq edəcək? Kim maşınımızı təmir edəcək? Kim bizim üçün çalışacaq?
Dediklərində haqq var idi, amma o işləyənlərdən biri də mən olmaq istəmirdim. Mənim yerimə başqası da iş görə bilərdi.
- Dünyada təkcə ölülərin dərdi olmaz. Aparıb atacaqlar bir quyuya, ya da yandıracaqlar qurtardı onunla da. Nə qədər pulun belə olsa, nə qədər varın belə olsa çətinliklər səni izləyəcək. Çətinliklərdən qurtula bilməzsən. Allah bir yazardı, alıb əlinə qələmi bizi bacardığı qədər çətinliklərə salır, nədir–nədir oxucu üçün daha maraqlı olaq.
Ustam yenə yaratmışdı. Onun sözləri nə olurdusa, mənə ləzzət edirdi. Keçmişini bilməsəm də bildiyim tək şey onun cavanlıq illərində çox güclü biri olduğu idi.
Saat səkkizin yarsı olardı ki, Maqsud usta yanına çağırıb, bizim maaşlarımızı verdi. Adəti üzrə paltarlarımızı dəyişib, usta ilə sağollaşıb, bir-bir çıxdıq. Sonda yenə Maqsud usta qalmışdı. Yayın gəldiyindən hava nisbətən gec qaralırdı. Havanın küləkli bəzən isti olması ilə yanaşı arabirdə yağan yağış insanları təmiz çaşbaş qoymuşdu. Səhər yola çıxan hər kəs yanına ehtiyat olsun deyə qalıb bir şey götürürdü. Avtobus yenə ağzına qədər dolu idi. Hər kəs tələsirdi. Bütün günü işləyib yorulduqdan sonra evə gedib isti bir yemək, onunda üstünə bir stəkan çayın xəyalını qururdular. Avtobusun axırıncı dayanacağı biraz uzaq olsa da, otura bilməkdən ötəri piyada oracan gedib otururdum. Özüməxas yerim var idi ki, ordan gəlib məni heç kəs qaldıra bilməzdi. Ordan oturub ayaqüstə qalan insanların üzlərindəki ev həsədini aydın görmək mümkün idi. Avtobusda yer olmasa belə özünü güclə avtobusun içinə soxurdular, nədir–nədir evə beş dəqiqə daha tez çata bilsin. Avtobusu görən kimi uzaqdan qaçan insanların üzündəki təbəssümü də unutmamaq lazımdır, yağışda büzüşərək evdə onun üçün hazırlanmış isti yemək və çayın xəyalı ilə dəqiqələri ötürən adamın gözünə görünən avtobus milyonlardan daha dəyərli idi. Təsəvvür eləmək çətin olmaz, bir fikirləşin evə girirsən və sənin qabağına qaçan uşaq var onu qucağına alaraq yan otağa keçirsən ki, yeməyə nə var? Acından öləcəm–deyərək gülümsəyirsən. Məni ayaqüstə saxlayan bu ümiddir desəm sizi aldatmış olmaram. Nə zamansa bu həyatı yaşaya biləcəyim, öz həyatım edəcəyəcəm.
Avtobusdan düşüb, marketə girdim. Biraz evə bazarlıq elədikdən sonra evə doğru addımlamağa başladım. İndidən evdə olanları təsəvvür eləyə bilirdim. Evə girəcəm əlimdə paketləri görüb maaş aldığımı anlayıb, maaşı istəyəcək atam məni qarşılayacaq. Necə də, xoş bir ailə görüntüsüdür, elə? Avtobusda evə tələsən, avtobusa mindiyində sevinən insanlardan fərqli olaraq mən evə getməyə tələsmirdim, nə də, sevinmirdim. Qapıya çatdıqda artıq içərdəki səslərdən söhbəti başa düşmək olurdu. Yenə içki masası qurulmuş və böyük ehtimal anamla bacım yeməyi çatdıra bilməmişdilər hələ. Qapını döydüm. Şəfiqə qapını açıb, əlimdəki paketləri alıb məni içəri buyur elədi. Üzündən gününün heç xoş keçmədiyi anlaşılırdı. Anam yeməyi gətirib süfrədə yerləşdirirdi. Məni görüb salam verib, tez əlmi yumağım üçün hamama göndərdi ki, gəlib yeməyimi yeyim. Kefsiz halda hamama gedib əlmi yuduqdan sonra paltarımı dəyişmədən stolda əyləşdim.
- Belə əli dolu gəlmisənsə cibidə dolu olarsan?
Cibimdən verməyim üçün hazırladığım pulları çıxartıb masaya qoydum.
- Elə bu?
- Mənə də lazım olur.
- Sən nə edirsən pulu?
Nəsə desəm söhbət uzanacaqdı və yenə mənim başımda partlayacaqdı, ən yaxşısı susmaq idi. Bəlkə susardı ümidi ilə fikrimi yeməyə verdim. Bir-iki qədəh içdikdən sonra mənə tərəf çönüb, belə uzun nə fikrə getmisən? Pul deyirəm, qalanı hardadı?
- Hamsını verdim. Qalanı lazımdı mənə.
Əlinin sürətlə mənə tərəf gəldiyini görsəmdə ondan qurtula bilmədim. Güclü zərbə məni arxaya tərəf aşırdı. Dodağımdan axan qanı hiss edirdim.
- Pul yoxdusa yeməkdə yoxdu.
Ayağa qalxaraq otağıma getdim. Şəfiqə arxamca gəlsədə qapını bağladığmı görüb geri qayıtdı. Əlimlə dodağımdaki qanı silib yerimə uzandım. Evə gələndə az aclıq olsa da indi doymuşdum. Özüdə tıxa-basa. On beş dəqiqə sonra anam içəri girdi. Yemək payımı gətirmişdi. İstəmirəm deyib, geri qaytarmaq istəsəm də yanımda əyləşib, güclə yedizdirdi. Otağda səssiz sinema oynayırdıq. Hər kəs susmuş halda nəsə danışır, nəyisə izah etmək istəyirdi və deyəsən içi mən qarışıq heç kim heçnə başa düşməmişdik.
Bir gündə belə keçdi.
Hər gün növbəti günü iplə çəkirəm. Qocalıb, ölmək deyil məqsədim, qocalmağı istəmirəm. Uşaqlığın yaşamayan birisinin qocalığı nə olacaq? Nəvələrimə nə danışacam? Onlar üçün maraqlı mövzular toplamalıyam. Başıma toplaşanda filan vaxtı filan illərdə filan yerdə olub filan şeylər eləmişəm–fərəhlə onlara deməli şeylər yaşamalıyam hələ. Onları yanıma çəkəcək, heyran buraxacaq bir şeylər. Oğlum ya qızım babanızı rahat buraxın deyəndə onlar narazıçılıqla yanımdan ayrılmamalı, hekayənin ardını dinləmək üçün ya başqa bir şey danışmağım üçün israr etməlidilər.
Səhər digər günlərdən daha hərəkətli idi. Yemək yeyib avtobusa mindikdə hər kəsin nəyisə müzakirə etdiyini, nədənsə etirazlandığını hiss eləmək olurdu. Biraz dinlədikdən sonra məlum oldu ki, ölkənin ən böyük ticarət mərkəzlərindən birində yanğın olub və külli miqdarda mallara ziyan dəyib. Təbii ki buna laqeyd yanaşmaq olmazdı, hər kəs bunu müzakirə etməli və yanğının səbəbini müəyyənləşdirməli idi. Birisinə görə bu təxribat, digərinə görə iş səhlənkarlığı və ya ticarət mərkəzində baş vermiş nasazlıq idi. Yanğın təzə baş verdiyindən xəbərlərdə də qəza haqqında məlumat olmadığından hələ ki, fərziyyələrlə idarə etməliydik. Qaldığım qəsəbənin qurtaracağında yaşayan bir kişinin isə oğlunun malları yanıbmış. Yəqin indi də ora gedirdi. Çox yaxından tanımasam da şanını eşitmişəm. Necə deyərlər hayla gələn vayla gedər məsəli, oğlunun və özünün oğurluqla yığdığı mallar da vayla gedib. Yəqin bu xəbər günün sonunacan davam edəcəkdi. Həyatdı da, nə edəsən? Sakit həyata öyrəşməmişik. Həmişə nəyinsə olmasını, qulağımızın təzə nəyinsə eşitməsini, gözümüzün hər gün bir şey görməsini istəyirik. Yolda gedərkən yanımızda baş verən qəzaya necədə həsədlə baxırıq?! Ya bir cinayət hadisəsi. Hadisə nə qədər qəddarcasına olarsa, bir o qədər daha maraqlı olar və gündəmdə qalar. Oğul anasını mişarla kəsdi–pis deyil. Ya da qardaş bacısını oğlanla gördü deyə hadisə yerindəcə hər ikisini bıçaqladı. Hə bax bu gözəl xəbərdi. Yüz faiz oğlanın tərəfin tutaq çox olacaqdı. Ona haqq verəcəklərdilər, qızı o oğlanla nə işi vardı deyə qınayacaqlarda. Bu məsələlər mənə biraz qaranlıqdı, nə deyəcəyimi bilmirəm. Məsələ, Şəfiqəni bir oğlanla görsəm necə reaksiya verərdim bilmirəm. Xoşmu qarşılamalı idim ya mən də elə davranmalı idim? Bəlkə də dinləməliyəm. Necə olsa, sonunda kiminləsə tanış olub evlənəcəkdi. Amma... nəysə ammam belə yoxdu.
İşə gedərkən avtobusda pəncərədən yanından keçdiyimiz maşınlardan birinə gözüm sataşdı. Maşının gözəlliyinə fikir vermirdim, içərisində gördüklərimi bir an yaşayırmış kimi xəyallara getmişdim. Gözlərimi yumdum və özümü kostyumda içində maşında yanımda atam universitetə gedən yerdə təsəvvür elədim. Söhbət edirdik, dərslərimi soruşur, mən pis deyil deyərək yola verirəm. Atam anlayır ki, dərsləri biraz boşlamışam amma üstümə gəlmir gülümsəyərək mövzunu dəyişir. Mən telefonda kimləsə mesajlaşanda qıza de ki, çatırıq, görəndə deyər günlərlə görüşmürsüz deyərək zarafat edir. Qəşəng xəyal idi amma dayanacağa çatanda bitirməli oldum. Özümü tez avtobusdan atıb, qaçıram. Xəyalım da yarımçıq bitməyə məcburdu. Sənanla da neçə vaxtdır ki, görüşə bilmirəm. Kitabı da məndə qalıb. OXUMAĞI QİSMƏT OLMAYAN KİTAB.
Həyat bəzən çox qəddar olur. Kim deyirsə ki, allah insanlara ədalətli şəkildə davranır yalandı. Birinin istədiyini edərkən eyni anda istəyən digərini görməməzlikdən gəlir. Baxır, hansı xoşuna gəlirsə, onun istədiklərin həyata keçirir. Gərək ya onun xoşuna gələn birisi olasan ya da heç kəsin heç nə istəmədiyi zaman istəyəsən ki, səni başqasına dəyişməsin. İstədiyi ola bilmədim, deyəsən, boş vaxtına da düşə bilmədim. Sənanla əsl dost, sirdaş olsam da, həmdə rəqibik. Allahla eyni anda istəmişik və allah onu bəyənib onun istədiklərin həyata keçirib. Oxumağı ondan çox mən istəyirdim, amma o oxudu, gözəl həyat (artıq nə qədər olarsa), xoşbəxt ailə istədim Sənan sahib oldu. Sənan oxuyacaq, bundan əminəm, yaşadığı həyatı görüb başa düşür və bu həyatdan qurtulmağın yeganə yolunu təhsildə olduğun başa düşür. Atasınında köməyi ilə qurtulacaq, mənim kimi əlləri mazur, üstü yağ iylənməyəcək. Nədə ki, işlədiyini başqasına verməyəcəkdi, öz əziyyətinin bəhrəsini özü görəcəkdi. İşə gecikirdim, adddımlarımı iri-iri atmağa başladım. Ustam heç nə deməsə də, yenə gecikmək istəmirdim.
Yolun kənarından mağazasını yeni açan adamların, yenə yanımla işə tələsən insanların arasından sürətlə keçməyə məcbur oldum. Telefonumu çıxartıb saata baxdıqdan sonra sürətimi azaltıb yavaş-yavaş yeriməyə başladım. Bizim təmirxanadan yüz metr aralıda yerləşən mağazada işləyən Yusif arxamca məni səsləyərək qaça-qaça yanıma gəldi.
- Səni çağırıram, eşitmirsən?
- Bağışla, tələsirdim deyə eşitməmişəm. Necəsən?
- Yaxşı, elə mən də işə gedirəm.
Təngə nəfəs olduğu hiss olunurdu. Yusiflə tanışlığımız bir ildən artıq idi. Mağazaya təzə işə düzəlmişdi, bizim ustanın sifarişləri olanda gedib götürürdüm, ya sifarişləri o təmirxanaya gətirərdi, belə görə-görə dostlaşmışdıq. Məndən bir yaş böyük ya olardı ya olmazdı. Ailəsinin imkanı olmadığından oxuya bilməmişdi, diplomsuz da iş tapa bilmədiyindən mağazaya işə düzəlmişdi. Bir neçə dəfə söhbətimiz olsa da çox şəxsisinə girişməmişdim. Bir dəfəsində ona şəraitin olsa idi oxumaq istəyərdin?- deyə soruşanda bu yaşdan sonra nə oxumağı?!-dedi. Oxumaq üçün gec olmadığını demək istədim+ amma sonra fikrimi dəyişib işdi imkanın olsa, deyə sualı dəyişdim. Biraz fikirləşdikdən sonra, yəqin oxuyub, marketin işçisi yoxda müdiri olardım dedi.
- İşlər necə gedir? – Yusif davam elədi.
- Pis deyil. Geciksəm pis olacaq amma.
Gülərək-heçnə olmaz. Maqsud usta yaxşı adamdı, beş dəqiqəyə görə qovmaz səni.
- Qovmayacağını bilirəm, amma yenə gecikmək istəmirəm. – dedim.
Biraz daha söhbət elədikdən sonra yollarımız ayrıldı. Telefona baxanda isə gecikdiyimin fərqinə varıb təzədən iri addımlarla yeriməyə başladım.
Bu gün iş digər günlərə nisbətən çox idi. Bu günü fərqli edən isə bizə gələn bir dəvətsiz qonaq idi. Günorta saat təxminən üç-dörd arası olardı ki, üst-başı yırtıq, üzü saqqallı birisi gəldi. Görünüşündən hündürboy, qaşlarını çatmış, əsəbi halda ətrafa baxan birisinə oxşayırdı. Gözlərindən od püskürürdü desəm yalan olmaz. Yaxınlaşıb, ona nə istədiyini soruşdum, mənə baxaraq–burdadı? – dedi.
- Kim deyəndə isə, diqqətlə mənə sonra ətrafa baxıb kiminsə gəlib-gəmədiyin yoxladıqdan sonra isə davam elədi. – O!
- O, kimdi axı? – ağlını itirdiyini düşünərək qovmaq istəyəndə Maqsud usta yaxınlaşdı.
- Sən get, mən məşğul olaram. – deyib, məni göndərdi. İşimlə məşğul olsam da, bir gözüm onlarda idi.
Maqsud usta cibindən siqareti çıxartıb, birini ona verdi, sonra nə isə danışdılar. Maqsud usta cibindən pul çıxartıb uzatdı, kişi əvvəl istəməsə də sonra məcbur götürüb cibinə qoyub Maqsud usta ilə görüşüb uzaqlaşdı.
Qarışmamalı olduğumu bilirdim, amma içimdəki maraq məni yeyib bitirəcəkdi. Özümü tuta bilməyib, Maqsud ustadan onun kim olduğun soruşdum. Mənə baxıb gülümsəyərək QƏHRƏMAN – dedi.
Başa düşməmişdim. Necə yəni Qəhrəman?! Nə qəhrəmanı? Nə etmişdi, görəsən? Bəlkə Maqsud ustanın həyatını qurtarıb?
- Qəhrəmanlıq edəcək nə edib?
- Çoxunun eləmədiyini. Qarşılıq gözləmədən vətəni üçün vuruşub.
Dediyini anlamışdım deyəsən. Ustanın dediyi Qarabağ müharibəsi idi. Axı onu hardan tanıyır?
- Ona nə olub belə? Biraz qəribədi.
- Müharibədən ağır zərbə almışdı deyə ağlını itirdi. Nə elədiyini, niyə elədiyinidə bilmir. Hələ də savaşın getdiyin düşünür. Neçə dəfə şəhərdə adamı tutub döyüb ki, sən ermənisən.
- Bəs sizinlə hardan tanışdı?
- Bu söhbəti danışmasaq – üzü ciddi sifət aldı.
- Necə istəyirsizsə.
Susdum. Amma nə yalan deyim maraq içimi yeyirdi. Başımın içində milyonlarla fərziyə dolanırdı. Amma hansının aid olduğunu bilmirdim.
İşdən sonra ilk işim Sənanın kitab məsələsini həll etmək oldu. Kitabı paketindən çıxartmadan birbaşa aparmaq istəyirdim. O, kitabı bir daha görmək istəmirdim amma, Sənanın verəcəyi suallara görə məcbur paketindən çıxartıb əlimdə apardım. Kitabı ona verəndə kitabı əlində çevirib ətrafına baxdı. Nə olub?- deyəndən sonra “heç nə” deyərək yerinə qoydu. Yarım saat oturduqdan sonra çıxıb evə gəldim. O anı daha çox yaşaya bilməzdim.
Hissimi deməklə başa sala bilməyəcəm. İnsanın alçalması, boynunu büküb, getməsi, heç nə deyə bilməməsi acı bir hissdi. Bir dəfə belə bir şey başıma gəldi. Sənanla şəhərdə görüşməli idik, mən görüş yerinə tez çatmışdım. Heykəlin altındaki skamekalardan birində oturub, Sənanın gəlməsini gözləyirdim. Bu an biri yaxınlaşıb –
- Ceyhun, sənsən? - dedi.
- Bəli. – üzünə baxdıqda isə tanıdım. Məktəb yoldaşım idi. Yeddinci sinifəcən bir sinifdə oxuyurduq. Səkkizinci sinifdə başqa yerə köçdülər deyə bizim məktəbdən də çıxmalı oldu. Düzün desəm sevmədiyim birisi idi. Həmişə onunla prinsipə girərdik ki, ən yaxşı dərsi kim danışacaq, kim hazırlıqlı olacaq deyə. Hiss edirdim ki, o mənə nifrət edir, bunu məndən üstün olanda üzümə vurur, alçaltmağa çalışırdı.
- Necəsən? Uzaqdan gördüm, əvvəl tanımadım sonra yadıma düşdün. Heç dəyişməmisən. Neyləyirsən burda?
- Sənanı gözləyirəm. Xalam oğlunu. Sən neyləyirsən?
- Mən? – Heç dərsdən gəlirəm.
Sanki bilərək eləyirdi.
- Sən harda oxuyursan?
- Mən? – aha, kərəmi burda ağlamaq tutdu. Nə deyəcəkdim?!
- Mən, oxumuram. – Ən yaxşısı etiraf eləmək idi.
- Aaa, niyə? – sənki yaxşı oxuyurdun məktəbdə. Nə oldu ki?
- Alınmadı. Qəbul ola bilmədim.
- Kim bilir, bəlkə də beləsi xeyirli imiş.
- Bəlkə də. – yaxşı qurtardım.
- Nəysə, mən tələsirəm, gedim. Sənə də uğurlar.
- Çox sağ ol. Sənə də.
Davamı var...