SƏMƏD ŞIXI - SOLAXAYISTAN

Şəfiqə masanı hazırlayıb, Hikməti yuxudan oyatmaq üçün otağına gedir. Hikmət hələ də yatağından çıxmamışdı. Anasının səsini eşidib, gözünü açır. Başı ilə işarə edib, yavaş-yavaş yerindən qalxır. Şəfiqə otaqdan çıxıb, divardakı saata baxır. Fuadın da məktəbdən gələn vaxtı idi. Bir yerdə nahar edəcəkdilər. Mətbəxə dönüb, əlini tezləşdirir ki, hazır olsun hər şey. 

Hikmət yatağından qalxıb, hamama girib, əlüzünü yuduqdan sonra mətbəxə keçib, əyləşir. Anasının məşğul olduğunu görüb, özünə kofe hazırlayır. Əyləşmək istəyərkən qapı döyülür, stəkanı masaya qoyub, qapını açmağa yollanır. Gələn qardaşı Fuad idi. Məktəb servisi evə qədər ötürmüşdü. Sağaxaylar məhəlləsi üçün bir dənə servis ayırmışdılar, burada qalan bütün uşaqlar həmin avtobusla gedib-gəlirdi. Amma bu servisdən yalnız solaxay olan uşaqlar istifadə edə bilərdi. Sağaxay olan uşaqlar da solaxaylar üçün olan məktəbin yanındakı məktəbə gedə bilərdi, o da piyada, ya da öz hesablarına. Hikmət sağaxay olduğuna görə həmin məktəbə getmişdi. O da 7-ci sinifə qədər. 7-ci sinifdən sonra davam etmək üçün solaxaylıq imtahanı verməlisən və solaxay olduğunu təsdiqlədəndən sonra sən qırmızı pasport alaraq imtiyazlardan istifadə edə bilərsən. Əks təqdirdə 7-ci sinifdən çıxmalı, sarı pasportla məhdud imtiyazlarla yaşamalısan. Övladın solaxay olarsa, sənə müəyyən güzəştlər, yardımlar olur, övladın dövlət zəmanətində digər solaxaylar kimi yaşaya bilir. Hikmət isə bunlardan məhrum idi. Ümumiyyətlə, evdə Fuaddan başqa hər kəs sağaxay idi və bu şəraitlərdə yaşamağa məcbur idi.

Fuad çantasını otağa qoyub, mətbəxə gəldi.

-Necəsən? Necə keçdi dərsin? -Şəfiqə Fuaddan soruşdu.

-Necə keçəcək, yenə sağlar pisdir, solaxaylar dünyanın möcüzəli varlıqlarıdır deyə beynini doldurublar.

-Hikmət, bəlkə… -əliylə susmalı olduğunu işarə edərək səs tonunu yüksəkdən aşağıya doğru endirdi. 

-Məktəbdən sirkə aparmışdılar. Birlikdə sirki gəzdik. Öz yeməyimizdən onlara yedirməyə icazə verdilər bizə. 

-Utandın heç? İnsanlara öz artığını atarkən…

-Hikmət! Qardaşınla belə danışma. Onun nə günahı var?!

-Ən azı utanıb, belə bir şeylə qürur duymasın. İnsanları həbs edirlər, sonra onları sirk deyə sərgiləyirlər. Nədir-nədir sağaxaydırlar. Solaxaylar da qaydaları pozur, amma heç belə münasibət görmürlər. 

-İndi bunun günahkarı qardaşındır? Onun bəxti gətirib, solaxay olub, bizimkisi gətirməyib. 

-Axı məsələ də budur, onun bəxti gətirməyib, biz də bəxtsiz deyilik. Bir ədalətsizlik var və haqqımız yeyilir. Biz isə buna susuruq.

-Hikmət, yığışdır bu sözləri. Bu sözlərə görə bir gün həm öz başını, həm bizim, həm də qardaşının başını ağrıdacaqsan. 

Hikmət heç nə demədən, üzünü çevirib, yeməyini yeməyə davam etdi. Fuada isə hirslə baxdığından qardaşının ondan qorxduğunu başa düşüb, üzünü biraz yumuşaltdı. Anası haqlı idi, onun qəbahəti yox idi, amma onu dəyişə bilməsə, gələcəkdə o da onlardan birisi olacaqdı. 

-Onların dediyinə inanma, nə də əməl etmə. İnsanlar arasında ayrıseçkilik yaradıb, şəxsiyyətləri ilə oynama.

-Sən yaxşısı heç Fuadla danışma. Bacardığın qədər uzaq dur. Get işə yazıl, işlə. Nə bilim sol əllə yazmağı öyrən. Bax, qonşumuz Səkinənin oğluna, gecə-gündüz yatmadı, öyrəndi. İndi dövlət işində katiblik işi veriblər. Maaşı da əvvəlki işindən 2 dəfə çoxdur. - Şəfiqə Hikmətin Fuadı doldurmasından qorxurdu. Məktəbdə, ya solaxaylardan kiminsə yanında tərs bir şey desə və şikayət etsələr, onu da, Hikməti də həbs edə bilərdilər. 

-Mən gedəcəm birazdan. Mənə pul verərsən.

-Danışmağa yaxşısan, get, pulunu da qazan. Bu dilinlə nə hardasa iş tapacaqsan, nə də pulun olacaq.

-Həmişə belə qalmayacaq ki, əvvəl-axır dəyişəcək.

-Çox gözləyərsən. Bu sistemin nə vaxt yarandığını xatırlayan yoxdu, mən də belə yaşamışam, anam da, anamın anası da. Hansımız nə görmüşük ki? Özünü güclü görürsən? Onlara bata biləcəyini düşünürsən? Bir səhvini görən kimi tutub, atacaqlar içəri. Qardaşın da gəlib, ziyarət edər səni, bəlkə çörək də atar. 

-Payınız… - Hikmət əsəbindən söymək istəsə də, özünü yığışdırıb, ayağa qalxdı. - Pul verməyin. İstəmirəm. 

Qapı bərkdən döyüldü. Söhbətin ortasında qapının döyülməsini gözləməyən ev sakinləri dik atıldı. 

-Kimdir, görəsən? -Şəfiqə dedi.

Hikmət anasına baxaraq qapıya doğru gedir. Qapı hələ də bərk döyülür. 

-Kimdir?

-Mənəm, Namiq. Kömək edin, həyat yoldaşım…

Hikmət qapını açır.

-Kömək edin, uşaq olur. Amma nə edəcəyimi bilmirəm. Sancısı tutub, ancaq qışqırır. 

Şəfiqə səsə gəlir. 

-Xoş gəlmisən, buyur.

-Yalvarıram kömək edin. 

-Nə olub?

-Uşaq… uşaq olur…

Birlikdə qaçaraq Namiqgilin mənzilinə düşürlər. Şəfiqə yolda digər qonşularının qapılarını döyərək onları da çağırır. Sağaxayların xəstəxanaya getməsi qadağan idi deyə yalnız qəza baş verərsə, qəbul edirdilər. Doğumu isə evdə etmək mümkündür deyərək qadağan etmişdilər.

Şəfiqə digər qadınlarla içəri keçdi, Namiq Hikmətlə çöldə qalmalı oldu. Hikmət Namiqin həyəcanını görüb, sakitləşdirmək istəsə də, nə deyəcəyini bilmirdi. Daha doğrusu uşağın olması vecinə deyildi. Sadəcə məcburiyyətdən burda qalmalı idi. 

Zaman keçir, amma içəridən xəbər gəlmirdi. Gözləməkdən sıxılmışdılar. Fuad da gəlib, yanlarında oturmuşdu. Hikmət onu evə yollasa da, getmədi. İçərdəki qadınlardan biri gəldi, ardıyca Şəfiqə də gəldi. Gülümsəyirdilər. Xəbərlər yaxşı olmalı idi deyə hər kəs yanlarına qaçdı. 

-Yaraşıqlı bir oğlun oldu. 

- Nərgiz necədir?

-Yaxşıdır o da. 

-Görə bilərəm?

Namiqi qabağa buraxıb, arxasına düşərək içəri girdilər. Yaxınlaşıb, uşağa baxdı. Gözləri dolmuşdu. Ondan bir parça vardı qarşısında. Uzadıb, qucağına vermək istəsələr də, əli gəlmirdi. 

-Dünyaya gələndə ovcunda qan var idi.

Namiq uşağın ovcuna baxır. - Təmizləyərdiz.

Gülüşürlər, Namiq onların nə demək istədiyini başa düşmür. 

Fuad yaxınlaşaraq anasının yanında dayanır. Uşağa baxmaq istəsə də, çəkinir deməyə. 

Şəfiqə oğlunun boylandığını görüb, yaxınlaşdırıb, uşağı göstərir. 

-Sənin kimi o da solaxay olar - anası Fuadı sığallayıb, solaxay övladıyla qürur duydu. 

Namiq içindən elə bir ah çəkdi ki, onun da bunu istədiyini hər biri başa düşdü. Solaxay olacağı təqdirdə ona yardım olacağı, daha fərqli münasibət görəcəklərini bilirdi. Namiqin anası, atası solaxay olmasına baxmayaraq o sağaxay olmuşdu. 2 solaxayın sağaxay uşağının olmasına inanmamışdılar, dəfələrlə yoxlanışlardan keçirmiş, solla yazması üçün çalışsalar da, Namiq bunu bacarmamışdı. İlk başlarda bunu gizlətsələr də, məktəbdə öyrəndikdən sonra onu sağaxayların olduğu məktəbə keçirmiş, daha sonra da onların olduğu işlərə yönəltmişdilər. Ailəsi ona başda dəstək olsa da, onların ölümündən sonra yalnız yaşamağa məcbur qalmışdı. Evləri əlindən alındıqdan sonra da, bu sağaxaylar binasından ona mənzil ayırdılar, qarşılığında da dövlətin istehsalat sahəsində işinə girdi. Qazancları onsuz da yarım olan sağaxayların maaşları bir də ev aldıqdan sonra evin pulunu ödəmək üçün tutulurdu. 

Şəfiqə və Fuad evə qalxsalar da, Hikmət gedirəm deyərək binadan çıxdı. Anasının “yığış o dostlarınla görüşməkdən, başını ağrıdacaqlar” səsini eşidə-eşidə uzaqlaşdı. Bir baxıma haqsız da deyildi. Görüşəcəyi dostları onun başını ağrıda biləcək biriləri idi, hansı ki, o da onlardan fərqlənmirdi. Sağaxaylar gizlin təşkilatlanırdı və gördükləri işləri, görüşləri gizlin tutmaq üçün bu görüşlərdən heç kəsə danışmırdılar, hətta ailələrinə, sağ olmasına baxmayaraq, təşkilatdan xəbərsiz olan heç kəsə. 

Toplaşdıqları mənzilə sadəcə 20 nəfər yerləşirdi. Bura oxşar daha 5-6 yer bilirdi Hikmət. Ünsiyyətə girmədikləri yerlər haqda maraqlanmır, bir-birilərinə məlumat vermirdilər ki, birisi ortaya çıxsa, digərlərinin təhlükəsizliyi qoruna bilsin. Toplantıları, əsasən, 2 hissədən ibarət olardı. Birinci hissəsi solaxaylığa hazırlıq idi. Burada sağaxaylar həmçinin özlərini solla yazmağa, hərəkətlərini tam şəkildə solla idarə etməyə vərdiş elətdirir. Soldan tam istifadə etdikdən sonra imtahana girir və imtahanı keçəndən sonra artıq sarı vəsiqələrini qırmızı ilə dəyişə bilirdilər. Bu da onlara bir solaxayın mənsub olduğu bütün imtiyazlardan istifadə haqqı verirdi. İkinci hissə isə bu şəxslər arasında olurdu. Həmin şəxslər qəbul olduqları sol cəmiyyətlərində, vəzifələrində gedən söhbətləri burda bölüşür, önləyici tədbirlərin görülməsi üçün planlar hazırlanırdı. Solda çalışanların üzlərini heç kəs görməsin deyə ayrı qapıdan gəlir, gedir, sağların olduğu hissəyə keçmirdilər. Təşkilatın koordinatorları yalnız hər iki tərəflə ünsiyyət qurur, vasitəçi kimi xəbərləri ötürürdü. Təşkilatın başında isə Sadiq dayanırdı. Bəziləri onu görsə də, bəzilərinin görmədiyi qəhrəman idi. Deyilənə görə o da hər iki əliylə yazmağı bacarır, hətta önəmli dövlət vəzifəsində də çalışırdı. Sağların həbsləriylə bağlı yüngülləşdirmə qərarlarında, azad buraxılmasında önəmli rol oynayıb. Amma heç kəs bilmirdi ki, bu onun gerçək adıdır, yoxsa təşkilat daxilində istifadə etdiyi bir addır. 

Hikmət solaxaylığı öyrənməkdən imtina edib, daxili işlərdə onlara köməklik edirdi. Buna görə bəzən solaxaylığı öyrənib, vəzifə ala bilən bəzi şəxslərlə söhbət etmək fürsəti əldə etmişdi. Hətta Sadiqlə də tanışlığı var idi. Onun varlığını heç kəslə bölüşməməyə, gördüyünü belə deməməyə üstünlük verirdi. Təşkilat daxilində də Hikmətin həm gördüyü işlərə görə, həm də bu sakitliyinə görə hörməti çox idi. Hər kəslə münasibət qura bilirdi deyə əlaqələrin qurulmasında o da iştirak edirdi. Nə qədər onlara əks fikir səslənsə də, təmkinlə dinləməyi bacarıb, onları razı salmağı bacarırdı. Evdə görünən Hikmətlə əlaqəsi olmayan birisi var olurdu. Burdakı azadlığı, səmimiyyəti evdə tapa bilmirdi. Problem onda idimi, ailəsiylə eyni münasibəti yarada bilmirdi, yoxsa ailəsindəydimi istədiyi kimi birisi ola bilməmişdi. Ailəsinin onu da özlərinə bənzətmək istəmələri onun daha çox acığına gəlirdi. 

Kamran burdan tanış olduğu, hər sirrini bölüşdüyü yeganə şəxslərdən birisi idi. Dərdləşə bildiyi şəxslərdən biri, bəlkə də birincisi idi. Birlikdə edə bilməyəcəkləri heç nə yox idi. Bəzən küçələrə çıxıb, “Var olsun Sol, Həyat Soldur, Dünya Soldur” yazılarının altından sağ əl işarəsi çəkirdilər. Bunu onlardan öncə də edən vardı deyə artıq bir təşkilatlanmanın olduğunu solaxay qüvvəyə bəlli etmişdilər. Amma hələ də onları tapıb, ortaya çıxarmağı bacarmamışdılar. 

Hikmət çıxışda Kamranla birlikdə gəzişdikdən sonra evə yollandı. Normalda aralarında qəbul etdikləri qərara görə mərkəzə gəliş-gediş zamanı bir görünmələri qadağan idi, amma bir dəfəlik qaydanı pozmalarından bir şey olmaz deyə buna əhəmiyyət vermədilər. Biraz havada gəzib, söhbətləşmək istədilər. Hikmətin evdə yaşadıqları barədə bir nəfərə içini tökməsi lazım idi ki, rahatlasın. Qurban olaraq ən yaxın dostunu seçmişdi. Söhbətləri şəhərdə olarkən siyasətdən olmamalı idi. Heç bir halda nə müzakirə, nə hansısa hadisənin adı, şəxs söhbətin parçası olmamalı idi. 

Hikmət evə gəlib, otağına keçərək uzanıb, biraz qardaşının kitablarını vərəqlədi. Kitabda solun tam hakimiyyətindən bəhs edilir, bunun balansın qorunması üçün doğru olduğunu, sağların güc sahib olacaqları təqdirdə bütün solaxayların əllərini kəsəcəklərini iddia edirdilər. Buna görə hər kəsin solaxay olmasının vacibliyindən bəhs edirdi ki, ortada sol-sağ problemi yaranmasın. Bölünmək düşmənçilik yaradır. Düşmənçiliyin qarşısını almaq üçünsə, mübarizə olmalıdır.

Hikmət öz aralarında etdiyi söhbətləri xatırlamağa çalışdı. Onların istəkləri nə idi? Sadiqin dediklərini xatırladı, yazdıqları bəyanatı, gələcəkdəki idarələri üçün konsepsiyaları xatırlamağa çalışdı. Təhlükəsizlik səbəbindən kənara çıxarmaları mümkün deyildi deyə orda oxumalı idilər. Sağaxayların tələbləri, əsasən, bərabərliyin təmin olunması və ayrı-seçkiliyin olmaması idi. Heç bir halda sağların iqtidarının tərəfdarı deyildilər. Hətta bu platformu açıqlasalar, bunu dəstəkləyəcək solaxayların da çox olacağını bilirdilər. Çünki övladları solaxay olan ailələr, valideynləri sağaxay olan solaxaylar üçün bu yaxşı təklifdir. İnsanları sola, sağa görə bölmədən bərabər şəkildə qəbul edəcək, sarı, qırmızı vəsiqələr ləğv ediləcəkdi. 

Qapının döyüldüyünü eşidir. Yəqin qonşulardır deyərək əhəmiyyət vermədən kitabı vərəqləməyə davam edir. Qapını açan Kamran idi. 

-Kamran…

Kamranın üzündən bir faciənin baş verdiyi başa düşülürdü. Hikmətin ağlına ilk gələn təşkilatlanmanın ortaya çıxması və həbslərin başlaması olsa da, Kamranın gəliş səbəbi başqa idi.

-Murad…

Murad onların həbs olunan dostu idi. Solaxaylara qarşı təşkilatlanma və çevriliş cəhdləri səbəbindən həbs edilmişdi. 

-Murad? Nə olub?
-Evi bizim evdən biraz aralıdır. Qonşular söhbət edərkən dedilər. Cənazəsini gətiriblər. 

Hikmət bədəninin soyuduğunu hiss etdi. İçini üşütmə bürümüşdü. Titrəyirdi.

-Dəqiq odur?

-Hə. Getdim, yoxladım. Odur.

Hikmət ayağa qalxdı ki, dur gedək, Kamran mane oldu.

-Olmaz. İndi ora nəzarətdədir. Özümüzü ələ verərik. Sabah dəfni olacaq. Ora qatılarıq.

-Axı… - Hikmət etiraz etmək istəsə də, Kamranın dediyinin məntiqli olduğunu başa düşüb, susdu. - Yaxşı.

Kamran biraz otursa da, nə özünün danışmağa halının olduğunu, nə də Hikmətin buna həvəsli olduğunu görüb, sağollaşıb, çıxdı. Hikmət onu sadəcə əl edərək yola saldı. 

Səhərə qədər fikirdən yata bilmədi. Ağlında Murad və özü dolanırdı. Onun başına gələnlər hər birinin başına gələ bilərdi. Həbs olunması, həbsdə ölməsi və ya öldürülməsi sadəcə oldu, bitdi deyə görülməməli idi. Bu bəlkə bir cinayət idi. Başqa kimsə eynisini yaşamaq istəmirsə, bu fəaliyyətlərə bir son verilsin deyə təhdid edirdilər. 

Səhər tezdən oyanıb, Kamrangilə yollandı. Danışmaq, müzakirə etmək həvəsləri yox idi. Hər ikisi yaşadıqlarını başa düşməyə çalışırdı. İlk dəfə idi ki, onlardan birisinin dəfninə yollanırdılar. Muradla o qədər yaxın olmasalar da, onlardan birisi idi və ölümünə səbəb olaraq onların da payı var idi. Cənazəyə toplaşan insanların sayı gözləniləndən artıq idi. Hətta tanımadıqları şəxslər gözlərinə dəyəndə onları izləmək üçün gələn solaxaylardan olduqlarını düşünsələr də, gözlərindəki kədəri görüb, onların səmimiyyətinə inandılar. 

Xatirəsi yad edildikdən sonra Muradı məzara qoyub, üstünə torpaq atmaq sırası çatanda beli bir-birilərinə ötürdülər. Hikmətin əli gəlmirdi torpaq atmağa. Buna görə də, beli özündən sonra dayanan bir şəxsə ötürür. O da eynisini edərək ötürür, amma getmədən cibindən vərəq və qələm çıxarıb, məzarına atır. Hər kəs onun nə etmək istədiyini başa düşmək üçün dayanıb, onu izləyir. Hikmət yanındaydı deyə səsini eşidə bilir. Alçaq səslə “Mənə məktub yazarsan, orda da solaxaylar hökmdarlıq edir? Tanrı hansı əlindən istifadə edir?” dedi. 

Bir-birilərinə baxışlarıyla mərkəzə toplaşmalı olduqlarını çatdırıb, dağılışdılar. Dəfnə gələnlər arasında Xədicə də vardı deyə onunla gəzdikdən sonra getmək qərarına gəldi. Onunla bərabər çıxdı ki, başa düşsünlər gecikəcəyini.
Xədicə sağlar məhəlləsində yaşayır, Hikmətlə eyni məktəbdə oxumuşdu. Məktəbə bir gedib, gələrək əvvəl dostlaşmış, sonra aralarında bir münasibət formalaşmışdı. Amma buna konkret bir ad qoymaqdan ikisi də çəkinirdi. Məktəbi bitirdikdən sonra dərziliklə məşğul olmağa başlamışdı. İşləyib, atasına baxırdı. Anası o məktəbdə oxuduğu zaman ölmüş, atası da 2 il idi ki, yatalaq idi. Atasına baxması, evi dolandırması və bütün bəlalardan uzaq olması lazım idi. Əgər onun başına bir iş gəlsə, atasının halını düşünə bilmirdi. Heç kəs ona sahib çıxmayacaqdı və ölümə məhkum buraxılacaqdı. Solaxayların kimsəsiz insanlara ayırdığı şəhərcik kimi ərazi var, amma deyilən məlumatlara görə həmin ərazidə onlar üstündə müxtəlif sınaqlar keçirilirdi. Arxasınca heç kəsin gəlməyəcəyini, gəlsə də, solaxay olmadığı üçün heç bir imtiyazı olmadığı üçün deyilənlərin doğru olduğuna inanırdı. Hikmətlə bağlı qərarsızlığı da buna görə idi. Hikmətin də Murad kimi gizlin təşkilatdan olduğunu bilirdi. Amma onunla bunun heç söhbətini də etməmişdi. Çünki bu həm Hikmətin üstünə şübhə çəkəcəkdi, həm də özünü şübhəli vəziyyətə salacaqdı. 

Sağların şəhərdə imtiyazları az olsa da, güzəştlər edilirdi. Misal, nəqliyyatdan hər kəs istifadə edə bilərdi. Nəqliyyat ödənişsiz idi, sadəcə 15 yaşdan aşağı uşaqların istifadəsi yalnız solaxaylara məxsus idi. Bunu da təxmini sağaxaylar məktəbi bitirib, işə daxil olduğu dövr üçün hesablamışdılar ki, o zaman istifadə edə bilsinlər. Bir də, restoranlarda sağlar üçün müəyyən yer ayırmalı idilər. İstədikləri zaman restorana gedə bilərdilər. Sağların məhəlləsinə yaxın bir restoran var idi. Hikmət və Xədicə aradabir gedib, orda söhbət edərdilər. Günlük həyatlarından və bir-birilərinə aralarında olan münasibətlə bağlı söz soxmalarından ibarət olardı ki, hələ də nəsə hiss edirlərmi bir-birilərinə qarşı. Xədicə qorxularını və gözləntilərini dilə gətirməkdən çəkinmirdi. Çünki yaşadığı və yaşamaq istəmədiyi həyat onun fikirlərini dəqiqləşdirmişdi. Birbaşa Hikmətə ünvanlamasa da, evlənəcəyi şəxsin heç bir siyasi fəaliyyətinin olmaması, prosesə qarışmaması şərtini qoyacağını dəfələrlə dilə gətirmişdi. Hikmət özünü yandırmadan haqlı olduğunu, amma bunu edənlərə də haqq qazandırdığını deyərək müdafiə etmişdi. Sağların haqqı nə olacaqdı və onlar öz haqlarını niyə tələb etməməli idi ki?

Bugünkü görüşün də əsas söhbəti Muradın ətrafında dönüb, bir-birilərinə etdikləri söz oyunu ilə bitdi. 

-Muradı tanıyırdım. Daha doğrusu uşaqlıqda tanış idik. Sonra köçdülər, əlaqəmiz kəsildi. 

-Tanışlığım yox idi. Görməmişəm heç. Həbsindən sonra bilmişəm. Amma ölməsi, ya ölüb deyə göstərilməsi narahat etdi.

-Deyirsən ki, ölümünün arxasında başqa səbəb var? Dəfninə buna görə getmişdin?

-Bəlkə də. 

- Əvvəl-axır başına nələr gələ biləcəyini bilirdi. Kim nə edə bilər ki, o da etsin. Həyatını yaşamalı idi. Nə oldu? Dəydi ölümünə? Özündən sonra buraxdığı ailəsini gördün. Bundan sonra necə yaşayacaqdılar? 

-Gözümü yumub, xəyal dünyama gedəndə həyat çox gözəl görünür. Hər şey istədiyim kimidir. Öz dünyamın kralıyam. İstəsəm hətta uça bilərəm. Gözümü açan kimi cəhənnəm başlayır. Cənnət və cəhənnəm bir göz qırpımı qədər aralıdır sanki. Aradakı qapı göz qapaqlarımızdır. Daimi xoşbəxtlik üçün, deyəsən, əbədiyyətən gözümü yummalıyam. Yoxsa hər səhər gözümü açanda 5 dəqiqə daha xəyal dünyamda yaşaya bilmək üçün bəhanə axtaracağam. Murad bəlkə də xəyal etdiyi dünyanı görə bilmədi, amma bir ömür xəyalını yaşaya biləcək.

-Ölümü kaş sənin qədər romantikləşdirə bilsəydim. Daha asan qəbullanardım.

-Yaşamaq nə qədər mənalıdırsa, ölüm də o qədər mənalı olmalıdır. Dünyada “1 nəfər” deyə var oluruq, ölürük və o rəqəm 0-a düşür, yerimizi bir başqasına ötürürlər. 

-Danışmaq asandır. 

Hikmət danışmağın mənasız olduğunu başa düşür. Bundan sonra danışacağı öz başını ağrıda bilərdi. 

-Gedəsi yerim var, qalxa bilərik?

Xədicə söhbətin Hikmətin xətrinə dəydiyini başa düşdü. Gülümsəyərək üzrxahlıq edib, restorandan çıxdılar. Biraz birlikdə getdikdən sonra yollarını ayırdılar. Hikmət addımlarını sürətləndirərək ara küçələrlə izini itirib, mərkəzə yollandı. Dəfələrlə dayanıb, arxaya boylanıb, gördüyü insanları daha öncə görüb-görmədiyini düşündü. İzlənmədiyindən əmin olduqdan sonra daxil oldu. O gələnə qədər hər kəs toplaşıb, söhbətin əsas hissəsini bitirmişdi. Qatılan iştirakçılar qərarlı idi. Kütləvi etirazlara başlamaq zamanı idi və bunu bacardıqları qədər geniş şəkildə etməli idilər. Onlar planı qısa zamanda hazırlayacaq və nəyi, necə edəcəkləriylə bağlı bölgülər aparacaqdılar. Bacardıqları qədər sakit olmağa çalışsalar da, “qaçış olmayan yerdə hər şey mübahdır” prinsipiylə addım atacaqdılar. 

Hikməti həyəcan basmışdı. Artıq sonuna gəlmişdilər yolun. Uçmaq istəyirdilər və uçurumun yanında dayanmışdılar. Əl açıb, atlayacaqdılar, ya uçacaq, ya da bu cəhd onların sonu olacaqdı.

3 gün sonra heç bir xəbər vermədən minlərlə insan meydana axışdı. Nəyin baş verdiyini başa düşmədən bütün şəhəri sağların kütləvi etirazları bürüdü. Təşkilatın başında Sadiq olsa da, hələ də öz kimliyini gizlədirdi. “Sənin sağın mənim solumdur”, “Solaxay olduğunuz üçün günahkar deyilsiz”, “Soldan başlasa da, cümlə sağda bitir” kimi şüarlarla səslər meydanı bürümüşdü və müqavimət yavaş-yavaş başlayırdı. Uzaqdan görülən mühafizə orqanları artıq toplu şəkildə etiraz edənləri dövrəyə alıb, sıxışdırmağa çalışırdı ki, onları tək-tək tutub, apara bilsinlər. Parçanı 2-3 yerə bölə bilsələr, dağıtmaq daha asan olacaqdı. Onlara qarşı sərt müqavimət olmayacağı halda heç nə etməyəcəkdilər, amma zorakılıq olarsa, eyni formada qarşılıq verməyə razılaşmışdılar. Elə də oldu. Parçalamaq üçün araya girib, itələməyə başlayanda onlar da, yaxınlaşaraq solaxay dəstələri itələməyə başladılar. Sıxlığın arasında qalan solaxaylar öz quyularına düşdüklərinin fərqinə varıb, ordan çıxmağa çalışarkən yenə sərt davranmaq istədilər, bu zaman ətrafdakı insanların yumruqlarından yerə sərilib, yıxıldılar. Kənarda bunu müşahidə edənlər isə dəstək üçün araya girsə də, eyni reaksiya ilə qarşılaşıb, kənardan dağıtmağa çalışdılar. Bu səfər tutub, apara bildikləri bəzi adamlar qurtarmaq üçün onların üstünə atılan etirazların əlindən ancaq qaçaraq qurtula bildilər. Baş verənlər etirazçıları daha da ruhlandırmışdı. Etirazı necə və harda sonlandıracaqlarını bilmirdilər. Çünki dağılışacaqları zaman onları tək-tək tutacaqdılar. Artıq onların gizliliyi qalmamışdı. Nəticə olaraq dirənişləri nəticə vermədən küçədən getməyəcəkdilər. 

Etirazın ikinci günü azalmaq əvəzinə artmağa başlamışdılar. Əvvəl dağılışmaqlarını gözləyib, sonra həbs etmək istəsələr də, bunun səhv addım olduğunu başa düşüb, üstlərinə göndərdikləri adamların sayını artırmağa çalışdılar, amma həm sağlardan bu etiraza qatılanlar oldu, həm soldan bu etiraza dəstək dayanan oldu. İki misli artan insan şəhərin hər tərəfinə yayılaraq qorxu yaratmağı bacarmışdı. İkinci gün də böyük bir qarışıqlıq yaratmamaq üçün müqaviməti artırıb, dağılışmağa razı salmağa çalışsalar da, nəticə vermədi. Günlər get-gedə artırdı. Danışığa gedib, dərdlərini dinləməyə hazır olduqlarını dedilər. Sağ tərəfdən 5 nəfərlik nümayəndə heyəti danışıqlar üçün qəbul edildi. Hər kəs çöldə danışıqların necə bir nəticə verəcəyini müzakirə edirdi. 

Tələblər:

-Həbs edilən sağaxaylar azad buraxılacaq;

-Heç kəs sağaxay olduğu üçün ayrıseçkiliyə məruz qalmayacaq;

-Etiraza qatılanlarla bağlı heç bir təzyiq, ya həbs olmayacaq;
-Mövcud hakimiyyət hakimiyyətdən imtina edəcək, seçki halında seçiləcəkdi.

Bu ilkin şərtlər qəbul ediləcəyi halda onlar etirazı dayandıracaqdılar. 

3 saat keçsə də, hələ çıxan yox idi. Başlarına fəlakətin gəlməsindən qorxudular deyə nəsə etmək istəyirdilər, amma edəcəkləri hərəkətin onları daha da çətin vəziyyətə salmasından çəkinirdilər. Biraz da gözləmək qərarına gəldilər. 20 dəqiqə də keçəndən sonra çıxdılar. Üzlərindən bir şey başa düşmək olmurdu. 

“Danışıqların nəticəsini deyirəm. Razılaşmamız qismən oldu. Həbs edilən şəxslərin məhkəmələri yenidən olacaq və səbəblərinə sağaxay olmaları aid olanlar azad ediləcək. Bura qatıldığınız üçün heç bir şəxsi həbs etməyəcəklər, təzyiq etməyəcəklər. Seçki ilə bağlı danışıq davam edəcək və növbəti mərhələlərdə bunun üçün zəmin yaradılacaq. Sağaxayların idarəetmə təcrübəsinin, bitmiş təhsilinin olmamasına görə bununla indi razılaşa bilməyəcəklərini dedilər. Sağaxaylarla bağlı qadağalar da danışılacaq.”
Hər kəs əlini qaldırıb, sevincini qışqıraraq göstərdi. Bunu qələbə sayırdılar. İçlərindən bunun qələbə olmadığını başa düşənlər isə sakitcə olanları müşahidə edir, növbəti addımı düşünürdü. Hikmət qərarlardan razı olmasa da, sevinirdi. Həbs olan yoldaşları artıq buraxılacaq, sağaxay olduğu üçün daha heç bir təhlükə onları gözləməyəcəkdi. Əgər onlara da təhsil şansı yaradılsa, davam edib, dövlət işində vəzifə tutmaq üçün çalışacaqdı. 

Meydan yavaş-yavaş boşaldılmağa başladı. Hər kəs evə yollanmağa, bu xəbəri paylaşmağa çalışırdı. Hikmət evdən öncə mərkəzə getmək qərarına gəldi. Amma sonra evə getməyin daha doğru olduğunu düşündü. Evə xəbər etsə də, narahat olduqlarını bilirdi. Evə nə qədər tez getsə, davaları nə qədər tez bitsə, o qədər canı tez qurtulacaqdı. Qaçdıqca hirsləri daha da artacaqdı. 

Onu evdə anası qarşıladı. Qışqır-bağır gözləsə də, anası sakit bir səs tonu ilə salamladı. Əlini yu, gəl yemək ye deyərək mətbəxə keçdi. İncimişdi və incik vəziyyətdə bir gün burnundan gətirib, sonra danışacaqdı. Anasının xasiyyətinə bələd olan Hikmət bu gün atası ilə kifayətlənməli olacağını düşünüb, gülümsədi. Ən azı hərəsiylə bir gün dalaşacaqdı. Amma qazandıqları qələbə ona güc verirdi. Mübarizələrindən qalib ayrılmış və bu qələbədən həmçinin ailəsi də bəhrələnəcəkdi.

Anası ilə çox danışmamağa çalışıb, atəşkəsi onun pozmasını gözlədi. Axşam atası gələndə məsələni daha fərqli qarşıladı. Getmək istəyəndə atası sakit tərzdə əyləş deyərək onu otaqda tək buraxıb, içəri keçdi. 5 dəqiqə sonra geri dönərək özü də əyləşib, oğluna baxdı.

-Necə keçdi?

-Xəbəri yəqin ki almısan. 

-Hə. İstəklərinizi gerçəkləşdiriblər. Artıq azad insanlarsınız.

-Tək bizim üçün deyil, bizim üçün də çıxmışdıq. - anası və atasını da göstərərək dedi.

-Aha, bizi düşünmüsən, amma qardaşını unutmusan.

-Nə əlaqəsi var?

Elçin cibindən zərf çıxarıb, Hikmətə uzatdı. Şəfiqə uzaqdan ərinin əlindəki zərfi görüb, həyəcanlı şəkildə yaxınlaşdı ki, nə olduğunu öyrənsin.

-Bu nədir?

-Sənin savadın daha çoxdur, aç oxu, biz də öyrənək.

Hikmətin həyəcandan ürək döyüntüsü artmışdı. Görəsən, nə idi zərfin içindəki. Əli əsərək zərfin içindəki kağızı çıxarıb, oxumağa başladı. Mətndə solaxaylıq prinsiplərinə zidd olduqları üçün övladları solaxay olduğuna görə aldıqları yardımın kəsildiyini və Fuadın aqibəti ilə bağlı narahat olduqlarını yazmışdılar. Onunla bağlı komissiya təyin olunacaq, yaxın zamanda xəbər alacaqlarını qeyd etmişdilər ən sonda. 

-Necədir qələbəniz?

-Nə yazıb?

-Sən deyirsən?
Hikmətin bədəni buz kəsmişdi. 

-Deyəsiniz bəlkə. - Şəfiqə həyəcandan qışqırmağa başladı. 

-Qısa izahı, Hikmət sayəsində artıq qara siyahıdayıq. Yardımı kəsdilər, Fuadı da bəlkə əlimizdən aldılar. 

-Sənə nə demişdim. Sənə ora çıxma, başını ağrıdacaqlar, özünü də, bizi də bəlaya salacaqsan deməmişdim? Xoşbəxtsən indi? Qardaşını əlimizdən alsalar nə olacaq? Əlimiz 3-5-dən bir şey görürdüsə, indi ondan da məhrum olacağıq. Bəlkə səni də həbs edəcəklər. - Şəfiqə bütün saxladığı hirsini boşaltdı. Özünü daha tuta bilmədi. Danışarkən gözləri dolmuşdu. Qarşısındakı övladı deyil, başqası olsa bəlkə onlara bunu etdiyi üçün boğardı. 

-Səni də yəqin ortalıq sakitləşəndən sonra həbs edərlər. Kim idi keçən dəfə dəfninə getdiyiniz? Murad idi? Özünə onun yanında bir yer ayır. -Elçin oğluna baxıb, içindən ah çəkib, qalxdı. 

Hikmət bu sözlərin qarşısında sınmamalı olduğunu düşündü. Ola bilər onların sakitləşməsindən istifadə edib, əks hücuma keçə bilərlər, amma yenidən toplaşıb, hücuma keçsələr, bundan daha artıq nəticə əldə edə bilərdilər. Bütün iştirakçılarla məzələnməkdir bu. 

-Əvvəl-axır olacaq. 

-Acından ölməsək.

-Bu qorxaqlıqla yaşayıb, susmaqdansa, ac qalıb, ölməyi seçərəm. Gedin, məndən imtina etdiyinizi, artıq övladınız olmadığımı deyin. Bəlkə yazıqları gələr, təzədən pulunuzu verərlər. Mükafatsız qoymazlar sizi.

-Həm günahkarsan, həm də utanmadan bu sözləri deyirsən? Əlimdə qalmadan get otağına - Elçin qışqırıb, Hikməti otaqdan qovdu.

Etirazçıların digərlərinə də eyni, ya müxtəlif yollardan təzyiqlər olmuşdu. Bu hər kəsi qıcıqlandırmışdı. Əvvəl qorxduqları rəqəm dəfələrlə artmışdı. Bura həmçinin solaxaylar da qatılırdı. Sağların “anti-solaxay” təbliğatı etməməsi, bərabərlik səsləməsi solaxayları da öz tərəfinə çəkə bilirdi. Bunun bir hissəsi ailəsində sağaxay olanlar olsa da, heç sağ yaxını olmayanlar da bu etiraza qatılmışdı. Rəqəmlər artır, müqavimət qırıla bilmirdi. Onlarla isə başa çıxmaq olmurdu. Bir həddən sonra sivil etiraz aqressiv etirazla özünü əvəz etmişdi. Göstərilən aqressiyanın artıqlamasıyla reaksiya verir, kimliyindən asılı olmayaraq sərt davranırdılar. Hikmət evdən çıxmış, bir daha evə dönməmişdi. Gedərkən də anasına -rahat olun, həyatınızdan çıxıram, daha başınızı ağrıtmayacağam -demişdi. Şəfiqənin hirsi soyumuş, oğlunu yola gətirməyə çalışsa da, Hikmət evdən çıxıb, sürətlə yoxa çıxmışdı. Ondan sonra heç bir əlaqə yarada bilməmişdilər. 

Etirazlar hardasa, 20 gün çəkdi və son olaraq yarımçıq deyil, tam tələblə ayrıldılar. Seçki üçün gün təyin edildi və Sadiqin gizlənməsinə ehtiyac qalmadı. Artıq onun təbliğatını aparıb, seçkiyə hazırlaşdırmaq lazım idi. Gizlənməyi deyil, məşhurlaşması lazım idi. 

Solaxaylar da boş durmurdu. Sadiqin solaxay olduğunu, dövlət işində önəmli vəzifə tutduğunu əsas gətirərək bunun heç də sağ inqilabı olmadığını irəli sürərək sağaxaylara təsir etmək istəyirdi. Təşkilatlananlar bunun gerçəyini bilsə də, kənar şəxslərdən bu propaqandaya inananlar olmuşdu. Seçki prosesi üçün önəmli olan ikinci faktorun hələ də fərqinə varmamışdılar deyə bu xəbərin çox da üstünə getmək istəmirdilər. Əks halda digər sağaxay olub, solaxaylığa keçən təşkilat üzvlərini də ortaya çıxaracaqdılar ki, bunun nəticəsində də onlar seçki zamanı kənarda qalacaqdılar. 

Seçki günü gəldi və hər kəs səbirsizliklə prosesin necə nəticələnəcəyini gözləyirdi.

-Bu gün hər şey bitəcək

-Çətin. Məğlub olacağıq, amma yenə də haqlarımız qismən bərpa ediləcək.

-İnanmıram. Bu qədər dirənişdən sonra məğlub olmarıq.

-Məğlub olacağını bilən rejim heç zaman seçkiyə getməz.

Seçki zamanı saxtakarlığın olacağı məlum idi, amma saxtakarlığa saxtakarlıq qatacaqlarını heç kəs düşünmürdü. Seçki bülletenlərinə GOP-u yazıb, atdıqları halda, səs sayımı zamanı Sadiq çıxırdı və bunu gizlədə bilməyərək səsləri saymağa məcbur qalırdılar. Təşkilatın solaxayların arasına sızdırdığı digər sağaxaylar saxtakarlığa saxtakarlıq qataraq, gəlməyən şəxslərin yerinə Sadiqi yazır, GOP-u yazan solaxaylardan kağızı alıb, Sadiqlə dəyişərək qutuya atırdılar. 

Seçkinin nəticəsini gözləyirdi hər kəs. Saat keçmək bilmirdi. Yaşadıqları vəziyyətin fərqinə gec vardıqlarından nəyisə dəyişə bilmirdilər, həmçinin onların kim olduğunu da bilmirdilər. Sonlarda bütün sonradan solaxay olanların siyahısını çıxarıb, kənar tuturdular. Amma yenə fayda vermədi. Sadiqin qələbə qazandığını qəbullanmalı oldular. Çünki səs sayanların da arasında olan sağaxayları ifşa edə bilməmişdilər. GOP rejimi bitmişdi və artıq yeni dövr başlayırdı. Hər kəs meydana çıxaraq bunu qeyd edirdi. Sevincindən ağlayan, özünü saxlaya bilməyənlər tanıdıq, tanımadıq bir-biriləriylə qucaqlaşırdı. Solaxayların, açığı, qorxusu var idi. Sağaxayların güc sahibi olması nəyisə dəyişəcəkdi, ya bərabərlik vədlərinə sadiq qalacaqdılar?

Səhər hər kəs gözünü sevinclə açsa da, bu sevinc çox çəkmədi. Sevincdən gözdən qaçırdıqları hadisə baş vermişdi. Sadiq qaldığı evdə ölü tapılmışdı. Xəbər işıq sürəti ilə yayılmışdı. Hər kəs sevinci qursağında öskürə-öskürə yenə meydana çıxdı. Solaxaylar baş verən hadisədən xəbərsiz olduqlarını, bunun sadəcə təsadüf olduğunu deyirdi. Əlavə olaraq seçkinin artıq sayılmayacağını dedilər. Çünki seçkini qazanan şəxs ölmüşdü. 

İnsanların inamı artıq ölmüşdü. Çünki rəhbərləri ölmüş, bütün planları da ortaya çıxmışdı. Bütün planlarını icraya qoyaraq qazanmağa fokuslandıqlarından ehtiyat planları yox idi. Həmçinin Sadiqdən sonra vahid namizəd çıxarmaq heç asan olmayacaqdı. Bunun özü zaman alacaqdı. Nümayişdə etiraz edən bəzi şəxslərin həbsi artıq əvvəlki, hətta daha betər günlərin onları gözlədiyini göstərirdi. 

Sadiqin dəfninə bütün etirazçılar toplaşmışdı. O adına layiq şəkildə təmtəraqla dəfn edildi. Mərasim bitəndən sonra isə toplaşıb, qərar vermək lazım idi. Amma sınmış ümidləri və inamları nəsə fikirləşmələrinə icazə vermirdi. Hər biri məğlubiyyətlə barışmışdı. Amma bu son da olsa, ləyaqətli bir son olmalı idi.

-Mənim bir fikrim var, sadəcə bunu heç kəsə tövsiyə etmək istəmirəm. Özüm edəcəm sadəcə. - bir səs sükutu pozdu. 

-De, bəlkə biz də etdik.

-İnanmıram bunu kimsə etmək istəsin. 

-Sən de, seçimi biz edərik.

-Sol əlimi kəsəcəyəm.

Ortalığa bir sükut çökdü. Hər kəs ilk öncə bunu təsvir etmək istəyirdi ki, bu necə baş verəcək və bunu edəndən sonra nə olacaq?

-Məqsəd nədir? Bunu edərək nə demək istəyirsən?

-Bizi güclə solaxay etmək istəmirlər? Solaxaylığın aliliyini göstərmirlər? Yaxşı, mən də bunu kökündən həll edəcəyəm. 

-Mən də edəcəyəm.  -kənardan bir səs gəldi.

-Mən də. -daha bir səs

“Mən də” sədaları hər yerə yayıldı. 

-Bunun nəticəsini və ağrısını gözə almağınızı xahiş edirəm ilk öncə.

Bunu qəbul edənlər qədər, qəbul etməyənlər də oldu. Bunu seçmədiklərinə görə onları heç kəs qınaya bilməzdi. İnsan nə qədər etirazçı da olsa, belə bir yerdə hər kəsdən eyni şeyi istəmək olmurdu. 

Aralarında olan həkimlərlə danışıb bunu ən az ağrı ilə necə edə biləcəklərini hesabladılar. İlk mərhələdə 200 şəxs razılaşmışdı və həkimlər bunu icra etməyə başladı. Əllərinin kəsilməsini göz yaşları ilə izləyirdilər. Ağrısını azaltsalar da, mənəvi ayrılıq onları tərk etmirdi. Sol əl onları kölə etsə də, ondan imtina etmək asan deyildi. Çünki bu onların bir parçası idi və onsuz varlıqları tam olmayacaqdı. 

Tək əllə qalan etirazçılara artıq heç kəs solaxay siyasəti yeridə bilməyəcəkdi. Kimsə onlara güclə solaxay ol deyə bilməyəcəkdi.

Əlsiz etirazçılar arasında Hikmət də var idi. Həyatının heç bir önəminin qalmadığını görüb, sadəcə mübarizələri üçün var olmağı, lazımdırsa, bu yolda ölməyi qarşısına hədəf qoymuşdu. Birlikdə ilk çıxdıqları meydana çıxdılar, amma bu səfər tək əl ilə. Sol qollarını göyə qaldıraraq kəsildiyini göstərib, etirazlarını belə bildirirdilər. Bundan sonra nə olacağını isə heç kəs bilmirdi.