SƏMƏD ŞIXI - MƏNİM EVİM

- Sən gələndə məzuniyyət götürəcəm. Bir tanışım var, meşənin içində evləri var. Açarlarını götürəcəm. Gedərik - Adil dedi. 

Sabirin hərbidən dönməsinə 2 ay qalmışdı. Universiteti bitirdikdən sonra çağrışla hərbi xidmətə yollanmış. xidmətinin artıq 4-cü ayı idi ki, Qarabağ təmas nöqtəsində keçirdi. 

- Adil, mənə 20 manat göndərərsən, həminki poçta. 

- Yaxşı. Səhər yolüstü göndərəcəm. 

- Ya da 22 göndər. Pulu poçtdan götürən buranın işçisi hər dəfə üçün 2 manat götürməyə başlayıb. Keçən dəfə göndərdiyin 20 manatdan 2 manat özünə götürdü.

- Cındırdılar da. Yaxşı, 22 göndərəcəm

Sabir telefonun ekranına baxır.

- Bateriya sönəcək indi, sağ ol

- Yaxşı,özünə yaxşı bax.

Sabir dəstəyi asıb, ətrafına baxdı. Fərqində olmadan gəzərək çox irəliləmişdi. Ətrafına çevrilib, baxdı. Yolu tapa bilmirdi. Daha doğrusu burda heç vaxt olmamışdı. Hər tərəf ağaclıq idi. 

- Bura haradı belə?-deyə, ağzında mırıldandı.

- Telefonu çıxarıb, əsgər yoldaşına zəng etmək istəyərkən telefonun bateriyası söndü.

Hərbidə telefona icazə verilməsə də, gizlin şəkildə istifadə edənlər vardı. Komandirlikdən bilsələr də, üstünə düşmürdülər. 

-Nə edəcəm indi?! -Sabir qorxduğunu gizlətməyə çalışsa da. qorxduğunun fərqində idi. Hansı tərəfə getməli olduğunu bilmirdi. Üstündə silahı olsa da, tək idi və nə ilə qarşılaşacağını, kimin qabağına çıxacağını bilmirdi. Peşəkar hərbiçi də deyildiki buna hazırlıqlı olsun. Təlimdə ona keçirilənləri sürətli şəkildə xatırlamağa çalışdı. Nə etməli idi bu vəziyyətdə? 

Gəldiyi istiqamətə görə təxmin edib, o istiqamətə doğru irəliləməyə başladı. “Gözünü dörd açmaq”ın necə bir anlayış olduğunu başqa zaman necə izah edəcəyini bilməzdi bəlkə, amma indi onu praktiki olaraq təcrübə edirdi. Amerika filmindəki kəşfiyyatçılar kimi ətrafı süzərək yavaş-yavaş irəliləyirdi. Biraz getmişdiki öndə hərəkətin olduğunu hiss etdi. Silahı hazır vəziyyətə gətirib, irəlilədi. Ayağının əsdiyini hiss edirdi gəzərkən. Kim idisə, tək idi. Ətrafında başqa heç kəs gözə batmırdı. Yavaş-yavaş irəliləyirdi. Diqqətlə ətrafı süzüb, yaxınlaşdı. Yaxınlaşdıqca onun hərbiçi olmadığını başa düşdü. Ondan yolu soruşa bilər deyə plan qurmağa başladı. 

-Dayan. Tərpənmə - niyə azərbaycan dilində qışqırdığının fərqində deyildi. Böyük ehtimal ermənidirsə, azərbaycan dilində bilməyəcəkdi deyə düşündü. Qarşısındakı 165 boylarında qadın imiş. Sabirə tərəf çevrilərək ona gülümsədi. Qadının gülümsəməsi Sabiri qorxutsa da, əlindəki silahdan güc alaraq silahı ona doğruldub, güclü olduğunu göstərməyə çalışdı. Qadın silahın ona tuşlandığını görüb, ciddiləşdi. 

- Gəl buna dərdini başa sal -Sabir səsli düşündü. - Azərbaycan… hansı tərəf? “Где?” “Where?” - dəstək üçün əllərindən istifadə etməyə başladı. 

Qadın təzdən gülümsəməyə başladı. 

-Azərbaycanca danışa bilərsən. Bilirəm. 

Sabir qadının azərbaycanca danışmasına sevinsinmi, qorxsunmu bilmədi. 

Silahın qadını qorxutduğunu bilib, aşağı endirmək istədi. Amma qadına hələ də güvənmirdi deyə aşağı əyib, hazır vəziyyətdə saxladı. 

- Azərbaycanlısız?

- Yox. Dilinizi bilirəm sadəcə. Burda nə edirsən?

- Ermənisən?

- Burda ermənidən başqa heç kəsi tapa bilməzsən. Əmin ol.

- Mən… Mən yolu itirib, bu tərəfə keçdim. Telefonum da sönüb deyə əlaqə saxlaya bilmirəm. Hansı tərəfdən dönməliyəm?

- Bu tərəfə necə keçdiyini bilmirəm, amma geri dönmək asan olmayacaq. Hələki bu saatda tapa bilməyəcəksən. Səhəri gözləməlisən.

- Bu… burda? - Sabir ətrafına baxıb, gecəni nə edə bilər deyə düşündü. 

Qadın Sabirə baxırdı. 

- Mənimə gəl.

- Hara? - Sabir soruşdu.

- Səhərəcən qalmağa yer istəmirsən?

- Amma… -ammasını bilməsə də, qorxurdu. Qadına açıq şəkildə onu əsgərlərə verməkdən qorxduğunu deyə də bilməzdi. Bəlkə də həqiqətən ona kömək etmək istəyirdi, yaraşmazdı belə söz. 

- Narahat olma. Gəl.

Sabir tabe olub, qadının arxasına düşərək irəlilədi.

- Adım Elenadı. Sənin adın nədir?
-Iıı, Sabir. - öz adını deməkdən çəkinib, başqa ad demək istəsə də, erməni qadının səmimiyyətinə inanıb, doğrunu dedi.

- Şad oldum.

- Azərbaycan dilini hardan öyrənmisiz?
- Bakıda. Atam da Bakıda yaşayıb. Babamın hardan Bakıya gəldiyini soruşsan bilmirəm. Bəlkə də heç yerdən.

- Elə bir məqsədim yox idi. 

- Lətifə idi, narahat olma. 

Sabir qadından biraz arxada olsa da, yanına gəlib, onunla bərabər getməyə başladı. 

- Səhər necə gedəcəm?

- Səhər yolu göstərəcəm. 

- İndi göstərin. 

- Qorxursanki səni əsgərlərə verərəm?

- Nə yalan deyim… - Sabir qadının üzünə gülümsədi. Kənardan qorxduğunun bilindiyini hiss edirdi. 

Elena heç nə demədən irəlilədi. 

- Çox uzaqdır?

- Çatırıq. Amma diqqətli olmalıyıq.

- Kimsə görər deyə?

- Да. Hər kəs mənim kimi davranmaya bilər. Gözü yaşsız ev tapa bilməzsən burada.

- O zaman niyə davam edirik, bitirmək istəmirik müharibəni?

- Davam edən sizsiz. Rahat buraxsaz sülh içində yaşayarıq.

Sabir davam etmək istəsə də, deyəcəyi sözün qadını əsəbləşdirə biləcəyini düşündü. Beyni çönsə, onu əsgərlərə şikayət edə bilərdi. 

Elena irəliləyir, Sabir onu izləyirdi. Ağacların arasıyla getməsi onu qorxutsa da, bunu təhlükəsizliyə görə etdiyini düşünüb, özünə təsəlli verirdi. 

- Burda dayan, gəlirəm. - Elena yolun kənarında ağacın yanında dayandı.

- Hara gedirsiz? 

- Qonşudan götürməli şey var. Gözlə, gəlirəm. Həm ətrafa baxım, kimsə yoxdu.

Elenanın yaşı çox olsa da, addımları iri idi. Tez bir zamanda yolun o biri tərəfinə atlayaraq, qonşunun qapısını döyüb, içəri girdi.

Sabirin ürəyinə qorxu düşdü. Bəlkə onunla tək bacara bilməyəcəyini düşünüb, özüylə adam çağırmağa getmişdi. - Niyə gəldim ki?! - Gəldiyi yolla qaçmağı düşünürdü. Gəldiyi yolları yadında saxlamışdı  ki, nəsə olsa, ən azı başlanğıc nöqtəsinə qayıda bilsin. Qayıtmalı idi? Öz-özünə bunun daha məntiqli olduğunu düşünsə də, qadının ona nəsə etməyəcəyinə dair ümid var idi. 

Qadın qapıdan çıxaraq, bu dəfə xırda addımlarla ona doğru gəlirdi. 

- Gəl - deyə səsləyib, ətrafa baxdı. - Amma silahı gizlət, özün də səssiz ol. 

Sabir silahını paltarının altında gizlətməyə çalışdı. 

Qapının önündə dayanıb, ətrafa təzdən baxıb, heç kəsin onları izləmədiyindən əmin olub, qapını açaraq Sabiri içəri itələdi. Özü də təzdən ətrafı süzüb, içəri girdi. 

Sabiri əlində silahla içəri girdiyini görən Arpi qorxduğundan qışqırdı. Nə edəcəyini bilmədən özünü divara sıxaraq dayandı. Arpini qorxutduğu üçün nə edəcəyini bilmədən Eleanın içəri girməsini gözlədi. İşarə edərək qışqırmamasını istəyirdi. Elena nəvəsinin qışqırığına içəri girib, susmasını istədi. Daha sonra ermənicə aralarında gedən dialoqu sadəcə izləməklə kifayətləndi. Danışıqlarından tək başa düşdüyü Arpinin qorxduğu və Sabirin evi tərk etməli olduğunu dediyi idi. Nənəsi isə nəsə deyərək onu razı salmağa çalışırdı. “Saldat” sözündən hərbiçilərlə bağlı nəsə danışıldığını tuturdu. İki od arasında qalmışdı. Hansı tərəfin qalib gələcəyini gözləyirdiki aqibətini öyrənsin. Əgər nəvəsi qazanarsa, nə edəcəkdi deyə plan qurmağa başladı. Elena gərək onunla ən azı yarı yola qədər gəlməli idi. 

Arpi sakitləşib, kresloda əyləşdi. Sabirə necə kinlə baxdığını gözlərindən oxumaq olurdu. Silahı əlinə versə, düşünmədən öldürə bilərdi Sabiri. Qorxduğundan idimi, yoxsa nifrət edirdi başa düşməmişdi. 

Arpi Elenın nəvəsi idi. Atasının ölümündən sonra anasıyla bura köçsələr də, anası işinə görə təzdən köçməli olmuşdu. Arpi də universitetə qəbul olduqdan sonra köçməli olsa da, dərs olmadığı günlərdə nənəsinin yanına gəlirdi. Müharibə zamanı nənəsi ilə birlikdə idi. Başlayanda məcburi köçürmüş, ortalıq sakitləşəndən sonra evlərinə geri dönmüşdülər. Arpinin 19 yaşı var idi. 

- Ayaqqabılarını çıxar, keç əyləş. - Elena əsəbi halda Sabirə cavab verdi. Sabir ayaqqabılarını çıxarıb, içəri keçərkən Elena qolundan tutub, digər əlini ona uzatdı. Silahı göstərib, üzünə baxdı. 

- Gedəndə götürərsən.

Sabir mərmilərini götürüb, silahı Elenaya uzatdı. 

- Müharibə edən ölkələr çox zaman eyni silahlardan istifadə edir. Birirsən, niyə? - Cavabını gözləmədən davam etdi. - Çünki öz mərmisi bitəndə öldürülən əsgərlərin mərmilərindən istifadə edə bilsin. Sənə nəsə etmək istəsəm buna görə mərmi problemim olmayacaq. - Elena Sabirin hərəkətindən incimşdi.

Etdiyinin güvənsizlik kimi göründüyünü başa düşdü. Elə demək istəmədiyini izah etmək istəsə də, nə deyəcəyini bilmədi. Silahın mərmilərini də uzatdı, amma Elena qalsın deyərək silahı çölə çıxardı. 

Sabir Arpiylə tək qaldı içəridə. Qarşısında əyləşib, yığılıb, oturdu.

- Adapter yes? 

Arpi heç nə demədən onun üzünə baxdı sadəcə. Biraz sonra Elena gəldi. Gülümsəyərək Sabirin üzünə baxdı. -Yemək yemisən?

- Sağ olun, ac deyiləm.

- Sonra gedib, deyəcəksən ki, bir erməni yeməyi də yemədim. - deyərək, Arpiyə işarə etdi. -  - Arpi nəsə deyib, yerindən qalxmadı. Elena özü mətbəxə getdi. 

- Əvvəl böyüyə belə cavab vermək mümkün deyildi. İndiki gənclik daha azaddı. 

- Yardım edə bilərəm sizə. 

- Bir dəfə türk evinə qonaq getmişdim, yemək yedikdən sonra boşqablarımızı ayırıb, kənarda saxladığını görmüşdüm. O zaman fərqində deyildim, sonra öyrənmişdim, sən demə sizinkilər bizim istifadə etdiyimiz qabları “mundar” deyə atırmışsız. Ümid edirəm elə bir dərdin yoxdu. Yoxsa var? - Elena gülümsədi.

Sabir qalxaraq arxasınca gedib, boşqabları gətirdi. 

Qapı döyülür. Arpi ayağa qalxaraq nənəsinə baxır. Elenanın üzü ciddiləşir. Arpi yenə ermənicə nəsə deyir. Arpi sakit olmasını deyərək Sabiri işərə edir. -Onunla get. 

- Mən… mən…

- Dediyimi elə.

Sabir Arpinin ardına düşərək gedir. 

Arpi Sabiri öz otağına salıb, əliylə burda dayanmasını işarə elədi. Qapını döyən kim idi, görəsən?-deyə düşünməyə başladı. Sonra ağlına ayaqqabıları düşdü. Qapnıın önündə idi. İçəri girsəydi görəcəkdi. 

Qapını döyən qonşuları Sargis idi. 

- Salam, bağışlayın bu saatda narahat edirəm.

- Buyur, harevan, o nə sözdü.

- Sizin həyətdə hərbi formada kimisə gördüm. Soruşmaq istəyirdim qonağınız var, ya başqa birisidir.

- Yox. Səhv görmüsən. Nə qonaq gəlib, nə həyətimizdə görmüşəm. Biraz əvvəl həyəti dolaşmışam. 

- Gördüyümdən əmin idim. Ola bilsin burdan keçən birisi olub. 

- Yəqinki. Çox sağ ol yenə də maraqlanmısan. 

- Nəsə olsa, səslən. Qulağımın biri sizdə olacaq.

Elena başıyla işarə edərək, gülümsəyib, yola saldı. 

Qapını bağlayıb, içəri keçdi. Arpi boylanıb, baxdı. Biraz gözlədikdən sonra içəri keçərək, Sabirə əliylə “gəl” işarə edir. Sabir gəldiyindən bəri Arpiyə belə diqqətlə baxmaq fürsəti olmuşdu. Sabirin ona baxdığını görüb, üzünü çevirərək otaqdan çıxdı. Sabir də onun ardıyla otaqdan çıxdı.

- Səni girərkən görüb, inandırdım sən olmadığına, çıxıb, getdi. Daha diqqətli olmalıyıq. 

- Telefonum üçün adapter var? - telefonunu çıxarıb, göstərdi. Sadə telefon idi. 

- Telefonunu yandırmağı düşünmə. Sənə görə bizim başımızı ağrıdacaqlar sonra. 

Sabir Elenanın haqlı olduğunu görüb, telefonu cibinə qoydu. 

Bu gün qısa keçməyəcəkdi, onu başa düşmüşdü. 

- Universitet bitirmisən?

- Hə. Müəllimlik oxumuşam. Coğrafiya müəllimliyi.

- Coğrafiyanı heç zaman sevməmişəm. Aramıza sərhədlər qoyur. Mən də müəllim olmuşam. Tarix müəllimi. Əvvəl məktəbdə dərs deyirdim, sonra çıxdım. Gedib-gəlmək çətindir. Yaşım, yaşadıqlarım güc buraxmayıb. İndi Edikə dərs deyirəm sadəcə. Boş vaxtım olanda onunla məşğul oluram. 

- Edik kimdir?

- Biraz əvvəl gələn qonşunun oğludu. Gəzərkən minaya düşüb, bəxtindən ölməyib, amma hər iki ayağını itirib. 

Sabir nə deyəcəyini bilmədi. Təəssüfləndiyini necə göstərəcəyini bilmirdi. 

Elena iki əlində boşqabla mətbəxdən gəldi. Boşqabların içində xəngəl vardı. 

- Qurud sevirsən?

- Sizdə də qurud var?

- Ola bilməz? - gülümsədi.

- Olduğunu bilmirdim. Təəccübləndim. 

- İlk dəfə erməni evindəsən, hə?

- Bəli.

- O zaman necə olmadığını bilirsən?

- Haqlısız. O tərəfini düşünə bilmədim.

- Qonşum olan türk çox dadlı yeməklər bişirirdi. Çox şey öyrənmişəm ondan. Gürcüstanlı idi. Qurudu o demişdi mənə. Bizdə də olsa da, ilk tanışlığım ondan olmuşdu. 

- Xəngəli də?

Elena gülümsədi. - Amma mən bişirmişəm. Deməli sizə məxsus olması mənim bişirməyimə mane olmur. Necəki sizə aid olduğunu dediyiniz torpaqlarda yaşadığımız kimi. 

- Bakıda yaşamağı seçərdiz, ya burda yaşamaq istəyərdiz seçim arasında qalsaydınız?

- Çətin sualdır. Bakıya köçüb, yaşamaq çətin gələcək. Həyatımın böyük hisssəsi orda keçsə də, yaşadıqlarımdan sonra təzdən orda başlaya bilərmiyəm, bilmirəm. Piyada 26-lara düşməyimi xatırlayıram, Bakını məndən yaxşı tanıyan olmazdı deyərdim. 

- Bura, bəs?

- İlk başlarda çox çətin gəlirdi. Asfaltın qadını idim. Öyrəşməmişdim buralara. Yaşadıqlarımız, sonra yaşadıqlarımız çox təsir etdi. Düşünmə ki, buradakı həyatı sevirik. Var olmayan bir ölkənin sakinləriyik. Həyatla bağlantımız belə asılıdır. Hayların da hərəsi bir dərddədi. Bizi çox sevən yoxdu. Hələki Bakıdan gəlmisənsə.

Ortalığa sükut çökdü. Arpi nə danışdıqlarını başa düşmürdü deyə əsəbləşmişdi. 

- Amma artıq bura doğmadır mənə. Seçim arasında qalsam buranı seçərdim. 

- Bizi günahkar görürsüz, ya özünüzü? Bu yaşadıqlarımızın səbəbkarı kimdi?

- Müharibə varsa, günahsız heç kəs yoxdu. Sargisin misalçün, biraz əvvəl gələn qonşum, ona görə övladının o vəziyyətə düşməsində tək səbəbkar sizsiz. Fərq eləmir kimdir. Türk.

- Bizə türklüyü siz öyrətmisiz. - Sabir gülümsədi.

- Bizim də erməni olduğumuzu həmin illərdə xatırlatdılar. Özümüzü bakılılar kimi ayırmışdıq. Türklük, ermənilik, yevreylik nə bilim ruslux bilməzdik. Danışarkən ya azərbaycanca, ya rusca danışardıq. 

- Hə. Atamın da erməni iş yoldaşı var imiş, o danışırdı mənə ki heç erməni-azərbaycanlı mübahisəsi etməmişik. Sonra dalaşıblar münaqişə başlayandan sonra. Əlaqələrini kəsiblər.

- Nahaq. Həmin dövrü görmədiyiniz üçün şanslız. Yoxsa nifrətə haqq qazandırmaq bir yana, özünüz iştirakçısı olmuşduz.

- Haqlısız. Amma bizim üçün də gecdir.

- Hə. 2-ci dəfə bu səhvi etməməli idik. Unudulmuşdu hər şey.

- Mənim Rusiyada qohumlarım var, danışırlar ki, orda heç bir münaqişəni hiss etmirlər. İş görürlər, dostlaşırlar. Bir dənə bu sərhəddə keçəndə hiss olunur.

- Hə. Elədi. Kənarda dostuq, Qafqazda it-pişik oluruq.

Sabir heç nə demədən, başını aşağı salıb, yeməyinə davam etdi. 

Yeməkdən sonra qalxıb, kresloda əyləşdi. Elena mətbəxdə idi. Arpi isə Sabiri gözdən qoymamaq üçün gözünü ona zilləyib, baxırdı. Sabiri əvvəl bu baxışlar narahat etsə də, indi xoşuna gəlirdi. Şirin baxışı var idi. 

Sabir oturmaqdan sıxılıb, Elenanın kitab rəfinə göz gəzdirərək kitablara baxdı. Arpi ona ermənicə nəsə desə də, Sabir başını yelləyərək başa düşmədiyini çatdırmağa çalışdı. “speak English” dedi. - The books you are looking at are in Armenian. There are no pictures to look at”. (baxdığın kitablar erməni dilindədir, şəkilləri də yoxdur ki, baxasan)

Sabir Arpini hirsləndirmək istəyirdi. Amma necə edəcəyini bilmədiyindən kitabları yerinə qoydu. 

Elena otağa girəndə Sabirin kitablara baxdığnı görüb - əvvəl azərbaycan dilində də kitablarım var idi. Gələrkən bir neçəsini götürmüşdüm. Sonra cırıldı, parçalandı səhifələri. 

- Gələcəyimi bilsəydim özümlə gətirərdim. 

- Bəlkə bir gün təzdən gəlmək şansın olar. 

Sabir gülümsəyərək cavablandırdı. Nə zamansa, geri dönəcəyinə inanmırdı. Sülhün olacağına da ümidi yox idi. Münaqişənin də, necə bitəcəyini təxmin edə bilmirdi. Bəlkə heç zaman bitməyəcəkdi.

- Latın hərfləriylə oxuya bilmirəm, Arpidən təzə kitabları açmasını istəyirəm ki, yazıçıları oxuyum, xəbər saytlarını oxumağa çalışıram. Həm o yaş deyil ki, uzun müddət ekrana baxım, həm dil yorur. Sən gələnə istifadə etmirdim. - Danışığından hiss olunurdu, bəzən deyəcəyi sözü düşünür, xatırlamağa çalışırdı. Danışarkən sözləri yavaş-yavaş deyir, cümlənin düzgün olmasına diqqət edirdi. Bakı erməniləri, adətən, rusdilli olsalar da, Elenanın danışığından azərbaycan dilini yaxşı səviyyədə öyrəndiyini görmək olurdu. 

Sabirin gözü divardakı saata sataşdı. 

- Sən mənim yerimdə yatarsan. Süfrəni yığışdırım, hazırlayacam.

- Xeyr, xeyr. Mən burda yatacam. Əziyyət çəkməyin. 

- Elə şey yoxdu. Sən qonaqsan.

- Xahiş edirəm. Utandırmayın məni. Etdikləriniz artıqlamasıyla qonaqpərvərdi. Yerinizdən etmək istəmirəm bir də. - Sabir utanmışdı. Özünü yerə sərib, məni burdan heç bir qüvvə qaldıra bilməz deyə fəryad çəkmək istəyirdi hətta.

Elena gülümsədi. 

-Yaxşı. 

Arpi Sabirin vəziyyətinə güldü. Arpinin qaş-qabaqlı baxışlarını gülüşü əvəz etmişdi. Nə qədər onun bu baxışına öyrəşsə də, gülərkən də gözəl olduğunun fərqinə vardı. Ona çox baxdığının fərqinə varıb, üzünü çevirəndə isə Elenanın baxışları ilə toqquşdu. Utandığından qızarmışdı. 

Elena qalxıb, masanı yığışdırdıqdan sonra otağına gedib, Sabir üçün yorğan gətirdi. 

- Yerin narahat olsa, de. 

- Çox sağ olun. Yaxşıdır.

- Paltarını rahat çıxar, yat. Otağa girməyəcik. 

- Rahatam belə. Hərbidə öyrəşmişəm paltarlı yatmağa. 

- Sizin də işiniz asan deyil. Sağ-salamat dönəsiz evinizə.

Elena və Arpi öz otaqlarına gedərək Sabiri otaqda tək buraxdılar. Biraz gözlədikdən sonra ayağa qalxıb, paltarını çıxarmaq istəsə də, bunun heç yaxşı fikir olmadığını qərarlaşdırıb, təkcə köynəyini çıxardı. Alt paltarını saxlayıb, şalvarlı şəkildə uzandı. Yatarkən üstünün təmiz olmasına fikir verdiki çirkləndirməsin. Başını söykəyib, gözünü yumsa da, həyəcandan gözünə yuxu getmirdi. Bu gün canını qurtarmışdı, amma sabah nə edəcəkdi? Deyək ki, bir yolla da, olsa keçəcəkdi sərhəddi, bəs sonra? Komandirlərinə nə deyə izahat verəcəkdi? Meşənin içində yolunu itirdiyini, qorxudan səhərə qədər oturub, gözlədiyini desələr inanarlarmı? Ya doğruları deməli idi? Amma desə başı ağrıya bilərdi. Yaxşısı gizlətmək idi.

Gözünə pəncərədən qaraltı dəydi. Diqqətlə pəncərələri süzüb, bir neçə dəqiqə gözünü qırpmadan diqqətlə baxırdı. Amma qaraltı olduğunu düşünüb, təzdən gözünü yumdu. Yuxuya getmək istəmirdi, amma dincəlmək də istəyirdi. Ayıq yatmaq üçün özünü tənzimləməyə çalışmışdı, yəqin istədiyini edə bilmişdi ki, Arpinin otağa girməyini hiss etmişdi. Otağa kiminsə girdiyini girib, tez ayağa qalxaraq ona tərəf hazır vəziyyətini aldı. Üzünə işığın düşüb, Arpinin olduğunu görəndə isə rahatladı. Sabirin hərəkətindən Arpi də qorxmuşdu. İlk başda onun nəsə edəcəyindən şübhələnsə də, sonra qorxduğunu görüb, sakitləşdirmək üçün əliylə heç nə olmadığını işarə etdi. Su içmək üçün düşmüşdü. Əliylə su içmək istədiyini deyərək Sabirə gülümsəyib, sakitləşdirdi. Mətbəxə gedib, su götürüb, dönəndə Sabirin hələ də yatmadığını görüb, “холодильник”, “konyak” deyib, içə biləcəyini işarə etdi. Sabir getmə, bərabər içib, söhbət edərik demək istəsə də, həm utandı, həm də hansı dildə dayan deyəcəyini bilmədiyindən heç nə demədi. Arpi otağına gedəndən sonra yerindən atlayaraq mətbəxə girib, soyuducunu açaraq konyakı götürdü. İçki içən olmasa da, arada bir dostları ilə bir yerdə olanda içirdi. Konyak da bir-iki dəfə içmişliyi var idi. Stəkan götürüb, biraz süzdükdən sonra geri qoyub, soyuducunu bağladı. Şokalad axtarsa da, tapa bilmədiyindən birbaşa başına çəkməli oldu. Dadı qəşəng olduğu qədər sərt idi də. Hiss elədiki içində bir şeylər hərəkət edir. İndi rahatlıqla yata bilərdi deyə düşünüb, otaqdan çıxmaq istədi, sonra geri dönüb, stəkanını yuyub, yerinə qoydu. 

Həqiqətən də, səhərə qədər daş kimi yatırmışdı onu. Səhərəyaxın Elena silkələyib, oyatdı ki, getmək vaxtıdır. Yolluq çörək arası bir şey hazırlamışdı Sabirə gedərkən yesin deyə. Saata baxdı, hələ saat 6-a qalmışdı. Elena evdən çıxıb, ətrafı süzdükdən sonra Sabiri çağırdı. Sabir evdən çıxarkən Arpi ilə göz-gözə gəlib, azərbaycan dilində sağ ol dedi. Arpi də gülümsəyib, azərbaycan dilində sağ ol deyərək yola saldı. Gecə bir düşmən kimi qarşıladığı Sabiri gülərüz şəkildə yola salırdı, həm də öz dilində sağollaşaraq. Silahını götürüb, Sabirə uzadıb, önə düşərək iri addımlarla ağacların arasından getməyə başladılar. Sabir sevinirdi, heç kəsə tutulmadan qurtulacaqdı. Biraz getdikdən sonra səs eşitdilər: “dayan, pis türk”. Geri dönəndə Elena qarşısında Sargisi və əlindəki tüfəngi görüb, əsməyə başladı. Dünəndən bəri cəsarəti ilə nümunə olan Elena indi qorxudan əsməyə başlamışdı.

- Sargis. Nə edirsən?

- Bəs, sən nə edirsən? Bir türkü evində saxlayıb, yedirirsən, sonra da yola salırsan. Satğınsan? Dünən görmüşdüm kiminsə sənlə içəri girdiyini, düşündüm hansısa qohumundur, heç kəs yoxdu deyəndə inanmışdım, amma qapıda “patinka”nı görəndə bildlim ki, nəsə başqa işlə məşğulsan. 

Söhbəti ya Sabir başa düşsün deyə, ya da fərqində olmadan azərbaycan dilində edirdilər. 

- Danışacam sənə. Burax indi oğlan getsin. Özüm izah edəcəm.

- Hara buraxıram onu?! Əlimə Edikin və minlərlə qardaşımın  intiqamını almaq düşüb, buraxaram heç qaçsın? 

- Edikin günahını bu oğlan daşımır. Bunu sən də bilirsən. 

- Amma düşməndi və onların formasını geyinib. Sabah bizi öldürməyə də gələcəklər. Necəki gəlmişdilər.

- Sargis… 

- Səndən gözləməzdim. Amma qınamıram, nə də olsa, çəkir səndə də. Əvvəl qonşun olub bunlar. Öyrəşmisən, yolda da tapan kimi aparıb, evdə yemləmisən. Baxma, qonaqdı, nəvəni…

Sabir silahını qaldırıb, Sargisi nişan aldı. Sargisin diqqətinin Elenada olmasına görə Sabirin əlindəki silaha fikir verməmişdi. 

- Endir silahı. Sənə nəsə etmək istəmirəm. Amma məni buna məcbur buraxma. 

Sabir silahı doğrultsa da, silahı hazır vəziyyətə gətirmədiyini xatırladı, amma özünü yandırmayıb, inandırıcı oynamağa davam etdi. 

- Bura bizim torpaqdı. Məni öldürsən də, qaça bilməyəcəksən. Hələ sənə görə Elena da “vinovki” olacaq. 

Düz deyirdi, Elenanı təhlükəyə ata bilməzdi. 

- O zaman burax o getsin, ikimiz qalaq. 

- Gedə bilər.

- Yox, mən burda ikiniz də silahınızı endirmədən getməyəcəm. Ya ilk məni öldürməlisiz, ya ikiniz də silahınızı aşağı endirib, məni dinləməlisiz. Əks təqdirdə - cibindən silahı çıxarıb, əvvəl Sargisi, sonra Sabiri nişan aldı.

- Kovboy filmlərinə döndərdik buranı. - Sargis gülməyə başladı. - Yox, bu türk öləcək, ya o əsgərlərə təqdim olunacaq.

- Biz bura gələndə neçə yaşın vardı? - Elena Sargisdən soruşdu. 

- Edik yaşlarda olardım. Bunun nə dəxlisi.

- Edik kimi səni də mən böyütmüşəm. Əgər biraz səndə hörmətim varsa, məni dinlə. Sonra öldürmək istəsəniz öldürərsiniz bir-birinizi. Etmədiyiniz şey deyil, mane olmayacam.

- Silahını endir. - Sabirə baxaraq silahı endirməyini tələb etdi.

- Sən endir, mən endirəcəm. 

- Türkə güvənmirəm.

Sabir “mən də bir erməniyə” demək istəyərkən yanında dayanın da bir erməni olduğunun fərqinə varıb, ona baxdı. Elena - endir -dedikdən sonra ona tabe olaraq silahını aşağı endirdi. Elena hədəfi Sargisə tutub - sən də -dedi. 

Sargis tüfəngini aşağı endirsə də, hər an vura bilməsi üçün hazır vəziyyətdə gözünü Sabirə zilləmişdi.

- Dünən yolu bu tərəfə keçib, gecə idi deyə də qayıda bilmədi. Meşənin içində tək qalmışdı deyə mən də kömək elədim. Ona söz verdim ki, səni təhlükəsiz bir şəkildə səhər ötürəcəm. Sən ona nəsə etsən mənim sözümü tapdalamış olacaqsan. O da sözündə duraraq heç nə etmədi, bir qonaq kimi davrandı. Ya çəkil yolumdan, ya öldürəcəksənsə, məndən başla.

- Müharibə vaxtı gəlsinlər bizi öldürsünlər, bizə etmədikləri qalmasın, sonra qonaq. 

- Ölən insanların günahkarı kimdir bilirsən. Heç kəs zövqündən ölməyə gəlmir bura. Yaşamağa belə məcbur gəlmişəm.

- Amma mən burda daim yaşamışam. Atam da burda olub, babam da. Bura mənimdir. Onlarsa, gəlib ki, çıx torpağımdan. 

- Kim desə, ona deyərsən bu sözü. Eşitmisən indi?

- Əlimdəki silahı endirim, gör necə danışır.

- Səndən qorxacam? -Sabir dilləndi. Öldürürsən, öldür. - Silahını yerə atdı. 

- Yaxşı -deyərək, Sargis tüfəngi qaldırdı. 

- Aşağı sal - Elena dedi. 

Ortalığa sükut çökdü. Bir dəqiqəyə yaxın olardı ki, heç kəs danışmadan bir-birini süzürdü.

- Bir şərtim var. - Sargis dedi.

- Nədir?

- “Cолдат”ı mən ötürəcəm. 

- Yox. Bilirəm nə edəcəyini. 

- Söz verirəm. Sadəcə gedəcəyindən əmin olmaq istəyirəm. Çıxsın, getsin torpağımdan. Yolda söhbət edərik biraz da..

- Söhbətini elə, sonra biz gedək. 

- Sənə söz verirəm. Öldürməyəcəm. Nə də təhvil verməyəcəm. Sərhəddə qədər ötürəcəm. Yol boyu söhbətləşəcik. Dırnağım da dəyməyəcək. Amma o nəsə etməyə çalışsa, özümü müdafiə edərəm. Başqa heç bir halda.

- O zaman mən də gəlirəm. - Elena dedi.

- Ehtiyac yoxdur. Sizin başınızı ardıqlamasıyla bəlaya salmışam, daha da ağrısın istəmirəm. Mən gedəcəm. 

- Biraz da söhbəti davam eləsək üçümüzü də həbs edəcəklər. 

- Siz gedin. Ötürüb, dönəcəm. Heç bir şey etməyəcəm. Söz verirəm. Edikin üstünə and içirəm.

Elena Sargisə inanmaq istəyirdi, amma içindəki qorxuya da qalib gələ bilmirdi. Zamansa keçirdi. 

- Yaxşı, amma… - Elena baxdı. Sonra silahı yerindən götürdü. Hazır vəziyyətə gətirib, Sabirə uzatdı. - qulağım sizdədi. Birinizdən silah səsi eşitsəm, ya silahsız nəsə etdiyinizi bilsəm, ölümünüz mənim əlimdən olacaq.

Sabir silahı götürərək, getmək istəyərkən dönüb, Elenaya baxdı. Gülümsəyərək necə təşəkkür edəcəyini düşündü. Qulaqlamaq istəsə də, bunu qəbul etmək istəməyəcəyindən çəkinib, baş əyərək təşəkkür etdi. 

- Çox sağ olun hər şey üçün. Məni etdikləriniz üçün. Bir də xəngəl üçün. 

- Yenə gəl. Sənə erməni dolması bişirəcəm. -gülümsədi.

Elena yaxınlaşaraq Sabiri qucaqladı. - Bir gün sərhədlər açılsa, qonaq gələrsən. Arpiylə səni özüm evləndirəcəm.

Sabir utanmışdı. Amma bu təklif də onun ürəyindən idi. Bəlkə bir gün dönə bilər deyə xəyal qurdu.

- Bir gün sizi Bakıda yenidən görmək istəyirəm. 

- Bəlkə də.

Ayrılaraq Sabir Sargislə bərabər Elenadan uzaqlaşdı. Elena onlar itənə qədər tərpənmədən arxalarıyca baxdı. Yolun geri qalan hissəsində isə Sargis və Sabir bir-birilərini süzərək yol getdi. Hər ikisinin əlində silah bir-birinə tərəf hazır tutulmuşdu. Tək hərəkət digərinin ölümünə səbəb ola bilərdi. Sabirin avtomatının olması onu daha güclü etsə də, ilk cəhdi edə bildiyi halda nəsə edə bilməyəcəkdi. 

- Yolu bilirsən? - Sabir soruşdu.

- Hə. Bura bizim torpaqdı. Hər qarışını bilirəm.

- Məni öldürəcəksənsə, boş yerə aldatma. Sənə müqavimət göstərməyəcəm. Təkcə hərbiçilərin əlinə vermə, kifayətdi.

- Mən söz vermişəm. Sözümə sadiq insanam.

- Siz dili necə öyrənmisiz? Siz də əvvəl Bakıda yaşamısız?

- Yox. Burda yaşamışam. Öyrənməksə elə də çətin deyil. Məktəb var idi əvvəl. Əlaqələr də olub deyə əvvəlki nəsil bilir. Mənim az-maz xatirəmə düşür, “так” öyrənmişəm. 

- Məndən yaxşı danışa bilirsən. - Sabir gülümsədi.

Sargissə gülmək bir yana əsəbləşirdi Sabirin belə rahat davranmasına. 

- Edikin başına gələnləri axşam danışmışdı. Heç bir faydası olmayacaq bəlkə, amma bu münaqişədən zərər görməsini istəməzdim. Biz təmiz çıxa bilmədik, son anda bulaşdırdılar, amma onları qoruya bilərdik. Bunu da bacarmadıq. Təəssüf edirəm. Bilsəm ki, ayaqları geri dönəcək…

Sargis Sabir danışdıqca daha çox əsəbləşirdi. Onun dediyi sözlərin heç bir əhəmiyyəti yox idi. Axşamdan planını qurduğu şeyin əvəzinə indi onu qoruyaraq, yola ötürürdü. Bəlkə onu minalı bölgəyə salmalı idi deyə düşündü. Həm sözünə xəyanət etməmiş olacaqdı, həm də istədiyini gerçəkləşdirmiş olacaqdı.

- Biraz da danışsan verdiyim sözü unudacam. Edikin günahkarı sizlərsiz. Boş yerə danışıb, özünüzü təmiz göstərməyin. 

- Tək sizdən deyil ölən. Müharibə varsa, hər iki tərəf zərər görüb deməkdi.

Sargis dayanır. 

- Burdan keçəcəksən. Diqqətli ol. Mina olmasa da, uzaqdan izləyən ola bilər.

Sabir əl uzadıb, görüşmək istəsə də, Sargis əlini uzatmadı.

- Sənə yaxşılıq etdiyimi düşünürsənsə, səhv düşünürsən. Mən sadəcə sözümü tutdum. Buna görə peşmanam. Həmişə də peşman olacam. Amma sənə demək istədiyim bir şey var. Get və bir daha geri dönmə. 

- Elenaya söz vermişəm. Dönəcəm. 

Sabir Sargisin dediyi yolla irəliləməyə başladı. Gözləyirdiki Sargis onu arxadan vursun. Amma bunu etmədi. Yolunu davam edib, gözdən itdi. Sargis isə Sabirin sağ-salamat evə çatdığını düşünmədən geri dönərək evinə yollandı. Əsas sözünü tutmuşdu. Başına nəsə gəlməsi onu maraqlandırmırdı.

Yol boyu ağlında irişən bir fikir var idi. 

Müharibə nə zamansa bitəcəki? Bitsə, necə olacaq?