SƏMƏD ŞIXI - SAMİRİN KÖŞƏSİ: 1-Cİ HEKAYƏ
“Bir gün ölməyə nə var… Adam var, hər gün ölür”
Nigardan bu cümləni eşidənə qədər mənim üçün onun həyatı sadəcə yazmaq üçün maraqlı hekayə idi.
Hər yeni yazıya başlayarkən başa düşürəm ki, mən hekayə axtarmıram, hekayələr məni özü gəlib tapır. Bəzən bu hekayələrə görə başım bəlaya girsə də, bəzən bu hekayələrin içində özümü itirsəm də sonra başa düşürəm ki, mən bundan zövq alıram. Kiminsə kədəri mənim üçün əyləncəyə çevrilir.
Bugünkü hekayəmin isə baş qəhrəmanı Nigardır. Daha doğrusu yazdığım yazıyla məhv elədiyim Nigar…
Nigarın bir qadındır. Bəxti dünyaya qadın olaraq gəlməklə gətirməmişdi. Onunla mən tanış olanda həyatından razı olmasa da, ən xoşbəxt günlərini yaşayırdı. Bunu o vaxt nə o, nə də mən başa düşmüşdüm, amma indi bu yazını hazırlayarkən başa düşürəm ki, bu belə imiş.
Kaş Nigarı heç tanımasa idim.
“Liman qəzeti” üçün yazılar hazırlayıram. Bəzən gündəm mövzularını, bəzən isə tapdığım fərqli şəxslərin həyatlarını yazıram. Yazmaq sevdiyim, özümü azad hiss etdiyim sahədir. Hələ ondan qazanc əldə edirsənsə, dünyanın ən azad insanı sənsən. İşə getmək, işdən yorğun qayıtmaq kimi bir dərdin olmur. Ya da tətil günü kimi bir xəyal ilə yaşamırsan. İstəmədiyin zaman işini kənara atırsan, özünü hazır hiss edəndə yazmağa davam edirsən. Bir günə işini bitirib, geriyə qalan günlərdə heç nə etməmək kimi də seçimə sahibsən. Yazaraq fərqli şəxslərlə tanış olub, fərqli iş sahələrinin içinə girə bilirsən. Yazılarımın oxunmağı, sevilməyi, daha çox da müzakirə edilməyi həvəsləndirməklə yanaşı mənə məsuliyyət də yükləyir. Sadə mövzu işləyib, “xaltur” edə bilmirəm misalçün.
Yazmaq. Yazmaq gücdür. Bunu edərkən özümdə yaranan güvəni izah edə bilmərəm. Bəzən elə bir şəxslə görüşə gedirəm ki, onun savadı, bacarığı qarşısında kəlmə danışmağa cəsarət etmirəm. Verdiyim hər suala tərəddüd edirəm, amma sonra qarşımdakı şəxsin mənə göstərdiyi hörməti görəndə başa düşürəm ki, mən ondan qat-qat daha güclüyəm. Ola bilər o öz sahəsində ən güclüdür, amma onun bu gücünü bilən təkcə öz əməkdaşlarıdır. Ölkənin bundan xəbəri yoxdur. Onu dünyaya tanıtmaq üçünsə mənim qələmimə ehtiyacı var. Bəli, həmin o güclü şəxslərin mənə ehtiyacı var. Mən olmasam, onlar heç vaxt tarixə düşməyəcək. Bunu başa düşəndən sonra isə ortalıqda Allah kimi gəzə bilirsən.
Getdiyim kafelərdən birində pivə içir, qarşıma qoyduğum dəftərdə nəsə qaralayırdım, orada ofsiantlıq edən Emin mənə baxaraq “qafiyə tuta bilmirsən” deyə söz atdı. Gülümsəyib, heç nə demədim, amma Emin söhbət etmək üçün əyləşdi. Daimi gəldiyim kafe olduğundan, Eminlə çox qarşılaşırdıq, tanışlıq var idi aramızda və nə işlədiyimi bilirdi. Oturmağından da sözlü adama oxşadığını başa düşdüm. Dəftəri bağlayaraq, kənara atıb, Eminə baxdım.
“Yenə nə yazırsan?”
“Heç nə. Nə yazım deyə düşünürəm. Deyəsən, yazmağın başını buraxıb, özümə başqa sahə tapmalıyam. Mövzu tapa bilmirəm.”
Emin biraz dayandıqdan sonra, gülümsəyib, “sənə bir şəxs deyim, get ondan yaz. Bir-iki dəfə söhbət etmişəm, danışdıqları dəhşətdir. Tam sənin istədiyin kimi.”
Eminə dediyim kimi mövzu qıtlığı yaşamasam da, dediyi diqqətimi çəkdi. Daha doğrusu yazmağa nəsə düşünmürdüm. Şəxsi həyatımla bağlı bir mövzu idi, amma onu indi danışmayacam. Birazdan davam edəcəm.
“Danış görüm” deyə gülümsədim.
“Bir qadın var. Arada bura da gəlib, gedir” deyib, fasilə verdi, sanki utanıbmış, ayıb söhbətmiş kimi əzilərək “arada bir də görüşdüyüm”
Gülümsəyib, ona rahatlaşdırmaq üçün “aha” deyə əlavə etdim.
“Tanış edim, otur ondan yaz da. Baxma, elə qadınların həyatı maraqlı olur.”
“Fahişədir?”
“Hə.”
“O qədər yazıblar ki, fərqli danışacaq nəyi olacaq ki? Təxmini üç-dörd fərqli həyat hekayələri olur.”
“Bu fərqlidir, dinlə məni. Məsələ onun yaşadıqları deyil, yaşadıqlarını danışmağıdır. Görsən vurularsan ona. Çox gözəldir, işıq saçır. Elə mədəni söhbət edirdi ki, ilk görəndə onun belə bir qadın olduğunu düşünməmişdim” dedi, gülümsəyib, tapdığı ifadəni səsləndirdi “mədəni qəhbədir əsl”.
Mədəni qəhbə deyə bir ifadəni ömrümdə eşitmədiyimə and içə bilərdim.
“Necə tanış ola bilərəm?” deyə Eminin xətrinə dəyməmək üçün razılaşdım.
Eminin üzündə qalib gülüşünü gördüm. “Əla, otur burada, birazdan gələcək. Yarım saat vaxtın var, söhbət elə, razı salmağı bacarsan geri qalanı öz işindir. Sonra özümlə aparacam” dedi.
Yaxşı deyərək Emini yolladım. Telefonda qurdalanırdım ki, bir qadın gəldi, məndən biraz aralıdakı masalardan birində əyləşdi. Emin yaxınlaşıb, ona bir bakal pivə verib, biraz söhbət etdikdən sonra mənə yaxınlaşıb, qadını işarə edərək “odur, istəyirsən, yaxınlaş” dedi.
Ayağa qalxıb, dəftərimi çantaya qoyub, çantamın ağzını bağlamadan çiynimə atdım. Pivəmi əlimə alaraq qadının masasına yaxınlaşdım. Gülümsəyib, heç nə demədən mənə baxırdı. Eminin dediyi kimi, çox gözəl idi. Boşanmaq mərhələmdə gəlib ağlımı qarışdırmasın deyə diqqətimi başqa yerə istiqamətləndirib, gülümsəyərək söhbətə girməyə məqam güdürdüm.
“Emin siz gəlməmişdən qabaq biraz sizdən bəhs etdi” Eminə tərəf çönüb, söhbətə referans olaraq onu götürdüm ki, problem yaşansa, onu araya qata bilim. “dediyinə görə… Mən jurnalistəm…”
“Bilirəm. Mənə dedi. Daha doğrusu bunu ondan mən istəmişdim.”
“Necə yəni siz?” deyə ilk dediyində başa düşməmişdim. Sonra başa düşdüm ki, əvvəldən planlaşdırdığı bir şey imiş.
“Eminlə söhbət edərkən ona bir gün həyatımı yazmaq istədiyimi demişdim. Kaş bir gün mənim də həyatımı yazan olaydı, ya özüm yazardım deyə söhbət etmişdik. O da sizi xatırlayıb, danışacağını demişdi.”
Gülüb, heç nə demədim. Nigar davam edərək, sizə maraqlı olarmı bilmirəm, amma dinləsəniz, yazsanız məni xoşbəxt edərsiniz.”
“Niyə belə bir şey istəyirsiniz? Normalda sizin kimi…” dediyim ifadənin necə kobud səsləndiyini başa düşüb, düzəltmək istədim. “yəni sizin peşədə olan insanlar, adətən gizlin qalmağı seçir.”
“Bilmirəm.” biraz fikrə getdi, “belə yadda qalmaq istəmirəm. Məni də kimsə dinləsin istəyirəm. İnsanları tək-tək saxlayıb, onlara fikrimi deyə bilmərəm. Siz yazsanız bəlkə oxuyarlar.”
Saata baxdım, onu dinləyib, rahat söhbət edəcək qədər vaxtım yox idi. Tələsdiyim yerim var idi. Qərarsız qalmışdım. İşimi ləğv edib, Nigarla söhbət etmək istəyirdim, amma vəkillə də görüşməli idim.
“Birsigün görüşək, danışaq. Bu gün işim var, sabah da görüşsək tələsik söhbət etmiş olacağıq. Gəl, birsigün görüşək. Rahat danışarıq. Nə deyirsən?”
“Sizə necə uyğundursa.” həvəssizcəsinə razılaşmalı oldu.
Nigarı elə kədərli qoyub, getmək heç ürəyimdən deyildi. Di gəl məcbur olursan bəzi şeylərə.
Bir qadınla sağollaşıb, başqa qadınla görüşməyə getdim. Birini danışmağa razı salsam da, digərində o qədər uğurlu deyildim. Bu uğursuzluq isə ayrılığa gətirib çıxarmışdı. Kənardan birisi kimi özümü görsəm, bu dünyanın ən ideal insanıdır, onunla bir ömür yaşamaq olar deyərəm, amma bunu qəbul etməyən bir şəxs var idi. Pərvanəni çox sevirəm. Ondan ayrılmaq istəmirəm, lakin tez-tez mübahisə etməyimiz və bir yerdən sonra buna dözmək istəməməyim mənim də fikirlərimi dəyişmişdi. Sonuncu dəfə görüşüb, danışacaqdıq və qərarımızı verəcəkdik. Düşünəcəksiniz necə evlidilər bunlar, bir evdə yaşamırlar? Xeyr, bir aya yaxındır ki, çox az görürəm. Evə isə sadəcə əşyalarımı götürməyə, paltarımı dəyişməyə gedirəm ki, o zaman da ünsiyyət yaradıb, danışmaq istəyəndə peşman oluram.
Nəysə… Nigara qayıdaq. Pərvanədən sonra ilk dəfə idi ki, bir qadına diqqətlə baxırdım. Pərvanə nə qədər məni laqeydlikdə, ona diqqət ayırmamaqda günahlandırsa da, bugünə qədər bir dəfə də olsa, kənar qadına baxıb, yatmağı düşünməmişdim. Xəyanəti düşüncəmdə də etmək istəmirdim. Yenə söhbətdənkənar çıxdım. Onsuz da Pərvanənin fikri qəti idi.
Danışdığımız kimi 2 gün sonra telefonla mesajlaşıb, görüşdük. Yenə çox baxımlı, gözəl görünürdü. Məni görüb, gülümsəyərək əlini uzatdı. Görüşüb, masada əyləşdik. Mən içmək istəməsəm də, Nigar rahatlamaq üçün özünə şərab dedi.
“Sual-cavab edəcəksiz, ya necə olacaq?” deyib, utanaraq yığıldı. “ilk dəfədir qəzetə danışıram, üzrlü sayın.”
Gülümsədim.
“Siz danışın. Mən arada sual verəcəm. Həyatınızdan bəhs edin, uşaqlığızdan, gənclik dövrünüzdən, bu işə başlayana qədər nələr etmisiz, necə oldu da başladınız?” sözləri seçərək deyirdim ki, səhv ifadə işlətməyim. Onu narahat edəcək, ya pisləyəcək ifadə olmasın. “Səsinizi yazsam, sizin üçün problem olmaz? Dedikləriniz daha sonra mətnə köçürmək üçün rahat olsun.”
Başıyla razılıq verdiyini işarə etdi. Biraz düşündükdən sonra başladı.
“Uşaqlığımdan xəyalım nə zamansa, Tv-də izlədiyim rəngli həyatların bir parçası olmaq idi. Öz həyatım, ailəm, evimiz mənə sıxıcı gəlirdi. Onların davalarını, hətta göz yaşlarını da qısqanırdım. Evdəkilərlə oturub seriallara baxırdım. Onların həyatlarında özümə rol seçirdim. İndi düşünəndə biraz mənasız gəlir, amma uşaq ağlımda qısqanırdım. Baxırsan ki, milyonluq evdə yaşayırlar, evdə ayaqqabı ilə dolaşırlar, amma dərdlidilər.” dayanıb, gülümsədi. Yadına nəsə düşmüşdü. “anam bir dəfə evdə ayaqqabı ilə gəzdiyim üçün məni döymüşdü. Anamdan yediyim kötəkdən sonra seriallarda deyilən “biz ayrı dünyaların insanıyıq” ifadəsinin doğru olduğunu başa düşmüşdüm.
Məni allah heçmi sevmir? Filmlərdə, seriallarda olan qadınlardan niyə fərqlənirəm?-deyə düşünürdüm. Yaşadığım evə baxırdım, ətrafımdakı insanlara; heç biriylə söhbət etmək istəmirdim. Dərdləri “axşama nə bişirim?” olan insanları özümə tay görmürdüm. Ərə getmək, uşaq doğmaq bizə uşaqlıqdan öyrədilən tək şey idi. Buna görə hazırlaşdırılırdıq. Bəxtin gətirərdisə imkanlı bir ailədən elçi düşərdi, sən də bunun hesabına rahat həyat yaşayardın. Belə izah edim, ayda bir dəfə Sədərəkə gedə bilmək imkanlı olduğunu göstərir. Sizin gəzdiyiniz ölkə sayı bizdə Sədərək mağazalarına bərabər kimi bir şeydir.” gülür, çantasından siqaret paketini çıxararaq içindən birini çıxarıb, yandırır. Gözləri dolmuşdu. Birini də mənə uzadır, əlini geri çevirməmək üçün alıram, cibimdən alışqanı çıxarıb, ilk öncə onun siqaretini yandırıb, daha sonra özümkünü yandırıram. Diqqət edirəm ki, bu hərəkətim onun xoşuna gəlmişdi. Özünə gəlib, davam elədi.
“Nənəmin hər gün izlədiyi ağlamalı verilişlərdən sıxılırdım, çünki onlara baxıb özümdən daha pis insanları görürdüm. Mən isə daha yaxşılarını görmək istəyirdim. Gördüklərimi yaşayırdım onsuz da, niyə bir də açıb izləyim?”
“Məktəb həyatından bəhs et. Məktəbdə necə birisi idin? Oxuyan uşaq idin, yoxsa dəcəl?”
Sualımı ya səhv başa düşmüşdü, ya da bilərəkdən səhv yozmuşdu. Gülümsəyərək mənə “yox, məktəb dövrü oğlanlarla işim yox idi. Sonradan pozulmuşam” dedi.
Utanmışdım bu cavabdan, nəzərdə tutduğum bu deyildi. Demək istədiyim o deyil deyə özümü müdafiə etmək istəyərkən, mənə fikir vermədən davam etdi. Nə yalan deyim, məni saymayıb, öz bildiyi kimi davranmağı xoşuma gəlmişdi.
“4-cü sinifə qədər oxumaq şansım oldu. Soruşana qədər məktəblə bağlı xatirələrimi oturub düşünməmişdim də. Nə yalan deyim, mənim məktəb xatirələrim yox deyiləcək qədər azdır. 4-cü sinifdən çıxarkən ağlamışammı deyə soruşsan, onu da xatırlamıram. Yadıma tək gələn şey Ayselin mənə danışdıqlarıdır. Bəzən isə məktəbin yanından yolumu salaraq dərsdən çıxan qızlara baxdığımı xatırlayıram. Bizim məktəbdə yuxarı siniflərdə oxuyan qızlar, adətən, gəlmələr olurdu. Yerli camaat qızlarını oxutmazdı. Ya xalça toxumağa göndərər, ya dırnaq qaynağı, ya da mənim kimi molla yanına gedərdilər.
Nənəmin bir dostu qadın mollası idi deyə məni də onun yanına göndərdilər. Mədrəsə təhsili aldıqdan sonra məscidlərdə mərsiyə deməyə başladım, sonra yas yerlərinə çağırmırdılar uşaq idim deyə, amma puluyla yasin oxudurdular.” dayanıb, gülümsəyir. Bir neçə saniyə yadına düşən xatirələri gözündə canlandırıb, siqaretini uzun bir nəfəslə ciyərinə doldurdu. “Bəzən oxumurdum, yalandan oxumuşam deyirdim.” dedi. Sirri bu imiş. Mən də ona qoşulub, güldüm.
Diqqətimin həddindən artıq ona yönəldiyini hiss edib, özümü yığışdırdım, amma o da bunu başa düşdü. Biyabır olmuşdum, özümü qurtarmaq üçün yeni sual verdim.
“Aysel dediniz biraz əvvəl, o kimdir?”
“Aysel… Sinif yoldaşım idi, həmçinin qonşumuz idi. Onun məndən fərqli tərəfi isə 9-cu sinifə qədər oxumağıdır. Sonra davam etmədi, amma 9-cu sinifə qədər məktəbdən çıxarmadılar. Əmisi məktəbdə işləyirdi deyə gedib-gəlməyinə razılaşmışdılar. Gündəlik olaraq məktəbdə nə olurdusa, gəlib mənə danışardı. Mən də onun danışdıqlarını serial kimi növbətini bölümünü gözləyərdim. Aysel yəqin ki, bu dediklərimi heç bilməyəcək, ona görə rahat danışa bilərəm. Bir müəllimi var idi. Onu sevdiyini danışardı mənə. Hər dəfə gələr, müəllimindən danışardı mənə. Həmin müəlliminin olduğu günlərdə dərsə xüsusi hazırlaşıb gedərdi. Bir dəfə də başqa sinifdən qızla həmin müəllimi üstündə dalaşmışdı, başqa müəllim də görüb onları aparıb direktorun otağında danlamışdı. Əmisinə desələr də, əmisi yaxşı adam idi, gəlib evdə deməmişdi ki, birdən məktəbə göndərməzlər. Qızı isə əməllicə döymüşdü. Mənə danışırdı ki, qızın saçından tutub, yerə yıxmışdı.”
“Hər kəsin məktəb eşqi olub.” dedim.
“Mənim olmamışdı. Düşünürəm, mən bugünəcən kiməsə “səni sevirəm” deməmişəm. Aysel məndən daha şanslı idi. Üç-dörd il müəllimini sevdi. Saf sevgiydi. Onunla heç bir zaman evlənməyəcəyini bilirdi. Müəlliminin onu sevməyəcəyini də bilirdi. Gedib ona sevdiyini də deməmişdi, amma sevirdi. Uzaqdan sevmək, məncə ən gözəlidir. Heç kəsi narahat etmirsən, heç kəs sevginə xəyanət etmir. Təmiz, ləkəsiz. Eşqin bitmir, soyumursan. İnsanları tanıdıqca onlardan necə iyrəndiyimi izah etsəm gərək bir gün bundan danışım. İnsanlar iyrəncdir. Sizi tanımıram, amma sizi də tanısam sizdən də iyrənəcəm. Buna görə insanları tanımamağa çalışıram. Sevgilər də buna görə bitir. Birini sevirsən, tanıdıqca iyrənməyə başlayırsan. Düşüncələrindən, hərəkətlərindən, xasiyyətindən. Mütləq ki, səni iyrəndirəcək nəyisə var. Ya bu iyrənclikləri kənara qoyub, davam edirsən, ya da ondan qurtulmağa çalışırsan. Mənimlə yatmaq istəyən insanların o klassik sualı misalçün. “niyə bu yola düşdün? Niyə normal işdə işləyib yaşamağı seçmirsən? Yaxınlıq qurub, pulsuz mənimlə yatmaq istəyənləri demirəm hələ. Qiymət deyən kimi gözəl olduğumu, mənə yaraşmadığını deyirdilər. Kişilərin əxlaq, namus davası sadəcə onlarla pulsuz yatmağımızı istəməkləri üçündür. Başqa cür buna “iş” gözüylə baxmırlar.”
“Bu sualı mən də vermək istəyirdim. Daha doğrusu mən bunun hekayə tərəfindəyəm. Necə oldu? Məktəbə gedə bilməyən bir qız, necə oldu da o evdən qaçdı, belə bir həyatın içində özünü tapdı və yaşamağa davam etdi.”
Sualım onu bu dəfə gülümsətən xatirələri deyil, kədərləndirən xatirələri xatırlatmışdı.
“On beş yaşım olardı. Xalam mənimlə söhbət etmək üçün otağıma çəkdi. Xalam bizə tez-tez gələrdi, amma bu dəfə gəlişində onu görəndə içimdə bir narahatlıq yaranmışdı. Anamla danışdığını, amma mənimlə də özünün danışmaq istədiyini dedi. Böyük qız olduğumu, özümün qərar verə biləcəyimi başa salmağa çalışırdı. Ürək döyüntülərim artırdı xalamın məni sıxaraq dediyi heç bir məna kəsb etməyən boş sözlərindən. Sonra sözünün mustafasını deyərək başladı. Ərinin qardaşı məni öz oğluna istəyirdi.”
Siqareti bitmişdi, təzəsini çıxarıb, həyəcandan əsən barmaqlarının arasında sıxaraq ağzına apardı. Mənə imkan vermədən cəld bir hərəkətlə alışqanı götürüb yandırdı.
“Buradakı detal çox önəmlidir. Xalam mənə ərinin qardaşı oğlu məni görüb, evlənmək istəyir demədi, ərinin qardaşı oğluna almaq istəyir dedi. Ürək döyüntüm getdikcə artmışdı. Başımın gicəlləndiyini hiss etdim. Yerimdən atlayaraq istəmirəm deyə qışqırsam da, xalam məni pişim-pişimlə yanına oturdub, qılığıma girməyə çalışdı. Daha doğrusu çarəsizliyimdən yaxşı istifadə etdi. Mənə həmin şəraitdə daha yaxşı şəraitin ola biləcəyi vədini verib, mənim onun sözlərinə etibar etməyimi istədi. Mənim ruhuma girərək özünə bağladı. Xalam olduğunu, məni necə istədiyini və yaxşılığım üçün onu dinləməli olduğumu qulağıma pıçıldayırdı. Gülməli bir şey də deyim, bunları deyərkən sol tərəfimdə oturub qulağıma deyirdi. Başa düşməli idim əslində dediklərinin yalan olduğunu. Mənə artıq yaşımın çatdığını, bu gün olmasa da sabah evlənəcəyimi deyib, kiminlə evlənmək istəyirsən? Şəraiti pis olan, sənə baxa bilməyəcək birisiyləmi, yoxsa həm yaxşı imkanı olan, sənə də hörmət edəcək birisiylə? deyə razı salmağa çalışırdı. Özümə aid evim olacaq, söz sahibisi mən olacam deyə artıq təsir etməyə başlamışdı. Anan həyatına qarışmayacaq, atan hara getdiyinə söz deməyəcək. Tək bir şəxsdən asılı olacaqsan ki, onu da razı salsan azadlığın olacaq deyirdi. Xalam mənim azadlığıma düşkünlüyümü bildiyindən necə razı salacağını da bilirdi. Mənim isə həyəcanım soyumuş, sakitləşmişdim. Xalam cibindən çıxardığı kağızda nömrə uzatdı ki, bu nömrədən sənə bu gün mesaj gələcək, onunla biraz danış, söhbət et. Əgər xasiyyətləriniz tutuşarsa, geri qalanını özümüz həll edəcik.
Xalamın savadı yox idi, amma oxusa idi böyük adam olardı. Bəlkə də ölkəni ələ almışdı. Onun bunu bacaracağına inanıram. Razı sala bilməyəcəyi heç kəs yoxdur. Mənim kimi birisini də özünə inandırmışdı. Bəlkə bu gün gəlsə, bir-iki kəlmə danışsa, yenə ona inana bilərəm. Axırncı zərbəsini də səni məcburi evləndirən yoxdur, danış, özünüz qərar verin ilə vurdu. O günəcən heç kəslə danışmamışdım.
“Bəs ona səni sevirəm demişdin?”
“Yox. Demədim. Söhbətlərimizin ilk vaxtları mənimlə qayğılı, xoş idi. Əzizləyir, məni təsir edəcək sözlər işlədirdi. Təxmini bir ay söhbət edirdik ki, ailələrimiz araya girdi və həri gəldi. O gün başa düşdüm ki, bu bir tələ imiş. Axı mən hələ fikrimi deməmişdim. Razılıq verməmişdim. Sonra söhbətlərimiz soyumağa başladı, o isə hər dəfəsində dalaşırdı. Xəyalımdakı şəxs deyildi. Qısqanclıqları bezdirirdi. Hər dəfəsində telefonumu alıb, yoxlamağı, bir rəfiqəmin nömrəsini silməyi, sosial medialarımı bağlamağı mübahisəyə səbəb olsa da, axırda onun dediyi ilə nəticələnirdi. Mənə isə qalan ağlamaq olurdu.”
“Evlilik…”
Sualımı bitirə bilmədim, araya girərək evliliyinindən danışmağa başladı. Nə sual verəcəyimi unutduğumdan sözünü kəsmədən dinləməyə davam etdim. Danışarkən yaşadığını görürdüm. Tək danışmırdı, həm də yaşayırdı. Zehnində hadisələri səhnələşdirirdi.
“Toyum olanda 16 yaşım var idi. 17 olmağına daha yarım il var idi bəlkə. Siz 16 yaşınızda nə edirdiz? Mən bu gün insanların mənə pis baxdığı şeyi edirdim. Fərqi o idi ki, hər gün eynisi ilə olurdu bu. Hansı daha pisdir? deyə sonra çox düşündüm. Seçmədiyim, istəmədiyim birisi ilə məhz ərimdir deyə evlənməyim və onun mənə hər gün sahib olmağı, yoxsa özüm istədiyim şəxslərlə yatmağım? Və bunun qarşılığında pul almağım? Zövq almağı hələ demirəm…” deyib, dayandı. Qədəhindəki şərabı bir dəfəyə başına çəkərək içdi. Gözündən yaş axdığını gördüm.
“İstəyirsinizsə, fasilə verək. Sonra davam edərik.”
Davam etmək istəsə də, üzr istəyib sonra görüşə bilərik? dedi. Uyğun olduğu bir vaxtda özü xəbər edər deyə razılaşdıq. Onunla sağollaşıb, birinci ofisə getdim, daha sonra bizim yazıçı tayfası ilə görüşüb, içməyə getdim. İçməyə getməzdən əvvəl saytdakı xəbəri görüb, qanım donmuşdu. Nigardan sonra bu xəbəri də oxumağım məni sarsıtmışdı. Bu xəbəri hekayəsində istifadə etsin deyə danışacaqdım. Xəbərdə yazırdı ki, bir uşaq öz cinsi orqanını kəsib, qanaxmayla xəstəxanaya çatdırıblar. Yol boyu özüm üçün fərziyələr düşünürdüm ki, səbəbi nə ola bilər. Ağlıma gələn ən uyğun ssenari isə uşağı sünnət edəndə “hamısını kəsəcəklər” deyə qorxudublar, buna görə də uşaq qorxduğu üçün özü kəsib ki, hamısını kəsməsinlər.
Biraz ağır ifadə olsa da, faciələrə daha yaxşı bir mövzu kimi baxdığmızı etiraf etməliyəm. Kiminsə kədəri, ağrısı mənim üçün sənətdir. Bunu təbii ki, başqasının yanında demirik, amma bu bizim üçün bir həqiqətdir.
Mən gedəndə artıq onların içməyə və danışmağa başladığını gördüm. Yenə hər biri öz mövzusunu açıb, digərini dinləmədən danışırdı. Mən də araya qoşulub özüm üçün danışmağa başladım. Nigardan danışmaq istəməsəm də, qısa bəhs etməli oldum. Mən də öz növbəmdə müzakirəyə sünnət edən oğlandan danışıb, hadisənin necə olduğuyla bağlı səhnələr təsvir etməyə ayırdım. Daha sonra araya niyəsə rusdillilər mövzusu girdi. Onlar haqda danışıb, onların xarakteristikasını çıxarmağa çalışdıq. Bir rusdilli necə görünür deyə təsvir yaratdıq. Rusdillilərin daha savadlı olmağıyla bağlı müzakirədən sonra pirlər və pirə gedən adamlardan danışdıq. Daha doğrusu rusdillilərin daha savadlı olduğunu müdafiə edən Anar, şair dostum İlkini misal göstərərək “kənardan baxsan ağıllı başlı adamdır, amma pirlərə getməyi də var.” dedi.
Pirlərə getməyi müdafiə etməsəm də, uşaqlıqdan getdiyimdən və orada olanlara ritual olaraq gördüyümdən mənasız kimi baxmıram.
“Düzünü de, pirə gedib nəzir verirsən ki, ilham gəlsin?”
Mənim bu mövzuda bir arqumentim var idi deyə cavab vermək istədim.
“Misal, sən iş adamısan, istəyirsən ki, işini problemsiz həll edəsən. Prezidentə yaxın adamlarla necə yaxınlıq etmək istəyirsənsə, bu da Allaha yaxın adamlarla iş görür. Sən onlara yaltaqlıq edirsən, biz də pirdəki yatan şəxslərə.”
Söhbətdən sonra evə getdim, daha doğrusu anamın yanına. Evli olduğumu unutmalı, artıq boşanmağa özümü hazırlaşdırmalı idim.
Nigar mənə 2 gün sonra yazıb, görüşmək istədiyini dedi. Harada görüşək, deyə soruşanda isə məni evə dəvət etdi. Bunu qəbul etməməli idim, amma içimdəki pis düşüncələri kənara çəkib, peşəkar kimi gedə biləcəyimi düşündüm.
Söhbətə başladıq. Saçıyla oynadı, özünə əl gəzdirib, hazırlaşdı. Şəklini çəkəcəyimimi düşünürdü, yoxsa keçən dəfəki etdiklərinə görə özünü bağışlatmaq istəyirdi?
“Harada qalmışdıq?”
Mövzunu açmağa çəkinsəm də, “evləndiyin dövrü danışırdın axırıncı dəfə” dedim.
“Evliliyimin ilk günü mənim üçün həyatımın ən çətin günü idi. Mənə nə edəcəyimi desələr də, çəkinirdim. İlk başda mənə nəvazişlə yaxınlıq etsə də, sonra bezib məcbur sahib oldu. Sonrakı dəfələrdə də fikrimin heç bir əhəmiyyəti olmadı. Mən bu işə başlayarkən heçmi çətinlik çəkmədim, heçmi qorxmadım deyə soruşsan, cavabım xeyr olacaq. Fərqi yox idi mənə. Bunu ya o edirdi, ya başqası. Fərqi yoxdur. On beş yaşında olduğunuzu və siz artıq gecəni birinin yatağında yatdığınızı düşünün. Gecəni həmin yataqda, sevmədiyiniz, bəlkə də iyrəndiyiniz bir şəxsin çılpaq bədəninizə toxunduğunu, səhər onun alt paltarını yuduğunuzu… Sonra fahişəsən deyə qınayırlar. O yaşda birisini evləndirmək nədir bəs? Ya on beş yaşında birisi ilə yatmaq?
Fahişə olarkən daha dəyərli olduğumu düşünürdüm. Mənimlə təzədən yata bilmək üçün məni əzizləyir, mənə xoş sözlər deyirlər. Bəlkə evdə yoldaşına demədiyi sözləri mənə deyirlər. Mənim yanımda özlərini rahat hiss edirlər.
Ərim isə məni döyürdü. Boşandığımızda mənim on doqquz yaşım var idi. Uşağımız olmurdu. Günahı məndə görür, mənim nəsə etməyimi istəyirdi. Həkimə bir dəfə getsək də, davam etmədik, artıq evi tərk etdim, boşanmaq qərarını vermişdim. On beş yaşında evlənib, artıq on doqquz yaşında boşanmağı düşünürdüm. O yaşda başqa qızlar yəqin ki, hələ sevgili olmağı düşünmürdü.
“Boşanmağa necə razılıq verdi?” soruşdum. Onun danışdığından təxmini gözümdə bir personaj canlandırmışdım və həmin adamın asanlıqla boşanmayacağını, onu rahat buraxmayacağını bilirdim.
Güldü. “Qorxdu. Daha doğrusu özü məndən canını qurtarmaq istədi.”
“Necə?” deyə özümü saxlamayıb, maraqla soruşdum.
“Onu bıçaqladım. Məni döydüyü üçün əsəbiləşmişdim. Həmin an necə deyərlər, gözüm çönmüşdü. Əlimə keçən bıçağı götürüb, onun üstünə hücum çəkdim. Ayağını bilərəkdən hədəf almamışdım. Sadəcə gözümü yumub, bıçağı endirdim. Öldürmək istəyirdim bəlkə də, amma bacarmadım. Ortalıq qarışdı, evə getmək istədiyimi dedim. Bu vəziyyətdə ən doğru qərarın bu olduğunu düşünüb, apardılar ki, bir müddət ortalıq sakitləsin. Sonra atam döydü. Bir müddət qaldıqdan sonra məni təzədən barışdırmaq cəhdlərini başa düşdüm. O da barışmaq istəyirdi” burada bitirib, diqqətimi çəkən bir şeyi demək istəyirəm. Diqqət edirdim, “o” deyirdi həmişə. Adını çəkmirdi. Dostlarının adını çəksə də, başqalarından danışsa da, evləndirildiyi şəxs haqqında sadəcə “o” deyə bəhs edirdi.
Davamında “...Qaçdım. Evdən çıxarkən götürdüyüm pul və qızılları vermədim. Onları özümdə saxlayırdım. Oğlanın ailəsindən gəlib, istəsələr də, vermədim. Anam da düzgün etmədiyimi düşünürdü. Mən isə bilirdim ki, onu da əlimdən alsalar mən təmiz möhtac qalacam. Evdən qaçmaq planım artıq evə qayıtdığım günün sabahısı beynimdə hazır idi.
Qaçıb nə edəcəkdim, hara gedəcəkdim heç bir fikrim yox idi, amma bunu etməsəm həyatımı dəyişə bilməyəcəyimi bilirdim. Risk almalı idim və aldım. Evi tərk edib, şəhərə gəldim. Nizami metrosunun çıxışına gəlmişdim. Niyəsini bilmirəm. Niyə orada düşmüşdüm, orada düşüb nə edəcəkdim, bilmirdim. Tək bildiyim şey içimdəki səsi dinləməli olduğum idi. Evdən çıxarkən fahişə olmaq haqda düşünməmişdim. Yəni belə bir fikrim yox idi.
İki gün bir hosteldə qaldım, sonra özümə kirayə ev tutdum. Əlimdəki pul ilə təxmini dörd-beş ay yaşaya biləcəkdim. Bundan sonra nə edəcəyimi düşünməli idim. Diqqətli olmalı idim də. Ailəm məni axtarırmı, axtarsa harada tapa bilər deyə ehtiyatlı olmalıydım. Ofsiant və satıcı olaraq işləmək istəmirdim.
Sonra düşündüm. Ərimlə bu neçə ildə yatmışamsa, başqasıyla da yataram. Mənim üçün əhəmiyyəti yoxdur. Gözəlliyimin fərqində idim və bundan istifadə edə biləcəyimi düşündüm. Pula da ehtiyacım var. Dolanmaq, sadəcə ayın axrını yola verəcək pul olmamalı idi bu. Mənə normal həyat yaşada biləcək, hətta seriallarda izlədiyim həyatlardakı kimi… Kim deyirsə ki, bu yola düşmək asandır, yanılır. Çox çətindir. Normal bir iş tapıb, işləmək daha asandır (gülür). İlk işim oldu, daha sonra başqa biriylə daha. İlk dəfələrdə yeniydim deyə və daha cavan idim deyə bir müddət sonra tələb artdı, artıq özüm seçirdim. Yaraşıqlı olmağına baxırdım. Ağzı-üzü əyri olanlara yox deyirdim. İyrənmək istəmirdim bir də. Paltarlar almağa başladım, amma uşaqlıqdakı kimi qaçıb Sədərəkdən almırdım. Bahalı mağazalara girirdim, oradan seçirdim geyinəcəyim paltarları. Bəzən hansısa imkanlı şəxs olurdu, özü aparıb mənə nəsə alırdı. Tam xəyalımdakı kimi. İşıqlı, gözəl mağazaların içində dolaşırdım, özümə istədiyimi seçib, gedib geyinib baxırdım. Şəklimi çəkirdim. Çıxıb bazarlıq da etmirdim. İlk dəfələrdə çox əziyyət çəkirdim. Harada nə edəcəyimi bilmirdim deyə utanırdım, kənardan mənə baxıb güldüklərini düşünürdüm. Qısa zamanda öyrəndim. Bahalı restorana getmişdim ilk dəfə. Necə möhtəşəm idi. Yanlarından keçib getdiyim şəxslər kim bilir hansı villada yaşayırdılar, necə gözəl həyatları var idi. Bıçaq-qaşığa öyrəşməyim asan olmadı. Suşi yeməyi hələ də öyrənməmişəm, amma onu da öyrənəcəm yaxında.”
“Xəyalındakı həyatları danışarkən mən də düşündüm. Özüm necə qərar verərdim, nə edərdim deyə. Maraqlı gələn bir sualım var, səncə restoranda yanında oturduğun şəxslər, bahalı paltar geyinən şəxslər, lüks həyat yaşayanlar xoşbəxtdir?”
“Bəlkə özlərinə görə xoşbəxt deyillər, amma xoşbəxtlik nisbidir. Bizə həmişə halına bax şükr et deyə öyrədiblər. Mən mollalığa gedərkən mənə izah edirdilər ki, bu Allahın bizə biçdiyi ömür və taleydir. Onun sınağıdır. Kimisi sınağını elə, kimisi də bizim kimi çətinliklə verir. Qəbul edirəm, əgər sınağım olacaqsa, mən də həmin həyatla verim. İmtahanda kəsilim, amma həmin imtahandan kəsilim. Qeybət etdiyi üçün, ya da oğurluq etdiyim üçün cəhənnəmdə yanmayım. Yanacamsa, heç olmasa buna dəysin.”
“Bİr dəfə dostum buna oxşar bir şey demişdi. Kimisi kazinoda milyon uduzur, cəhənnəmə gedir, mən isə 1 manatlıq kupon yazdığım üçün gedəcəm. Ədalətlidir?”
“Haqlı üsyandır.”
Fasilə verdik. Qalxıb, biraz evdə dolaşdı. Nəsə axtardığını izləyirdim uzaqdan. Biraz sonra əlində 2 qədəh şərabla gəldi.
“Planım ilk başda biraz pul yığıb, özümə nəsə başqa iş qurmaq idi. Pul yaxşı qazanırdım, düşünürdüm ki, xərclərimi biraz azaldıb kənara da pul ata bilərəm. Az da olsa, yığmışam, amma pul xərcləməyi də sevirəm deyə istədiyim kimi yığa bilmirəm. İki fərqli həyatı yaşayıram. İlki ilə pulumu qazanıram, digəri ilə arzuladığım həyatı yaşayıram. Bəzən hansısa məkandan çox yaraşıqlı bir oğlanla tanış oluram. Əsl film aktyorları kimi. Mənə xəyanət edəcəyini bilsəm də, ərim olsun istəyəcəyim birisi. Tanış oluram, onunla gecəni keçirirəm, amma bir fahişə kimi yox. Azad bir qadın kimi. Nə qarşılığında pul alıram, nə də mənimlə yatsın deyə gəlinlik geyindirmir. Bir gecəlik. Onlar mənə qadın olduğumu xatırladırlar. Mənə pis gözlə baxmırlar.
Kim deyirsə ki, pulunun olmağı insan olmağına mane deyil, yalandır. Pulun olmadığı müddətcə insani dəyərlərin arxa planda qalır. Vəhşiləşirsən.”
“İzah et, nə demək istəyirsən?”
“Pul varsa, sənin üçün artıq pulu qazanmaq ehtiyac olmayacaq, daha fərqli nəyinsə dalınca qaçacaqsan, fərqli zövqlər axtaracaqsan. Əslində kim olmaq istədiyini tapacaqsan, amma pulun olmasa birinci pulu tapmaq, onu əldə etmək məcburiyyətində olacaqsan. Nəticədə bir şəxsiyyətin olmayacaq.”
Onun bu düşüncələri, yanaşmağı mənə təsir edir, özünə cəlb edirdi. Özümə onu təmiz olduğunu qəbul etdirə bilməsəm də, onun çox güclü olduğunu qəbul etdirmişdim.
“Planın hələ də eyni olaraq qalıb, yoxsa həyatı axarına buraxmısan?”
Çiynini çəkərək “bilmirəm” dedi. “... bilmirəm. Hələki davam etməyi düşünürəm. Bəlkə birini sevərəm, bəlkə çıxıb gedərəm, bəlkə də bu yolu davam etdirməkdən bezib, başqa həyata keçid edərəm.”
“Onunla evlənməsəydin, necə birisi ilə evlənmək istəyərdin? Xəyalındakı oğlan necə birisidir?”
“Qorxum o olmuşdu ki, nə vaxtsa evlənəcəyim şəxs, heç vaxt sevməcəyim bir şəxs olacaq. Ona aşiq olmayacam. Mənim üçün nəsə fədakarlıq etsin istəyərəm.”
“Ailənlə əlaqən olsun istəyərsən? Onlarla yenidən görüşmək, onlarla barışmaq?”
“Bu sualı düşünməmişəm. Yəni buna cəhd də etməmişəm. İlk başlarda darıxırdım. Evim üçün, evdəkilər üçün.”
“Necə bitirmək istəyərdin bu müsahibəni? Nə demək istəyərdin?”
Fikrə getdi. Bu xoşuna gəlmişdi onun. Gülümsədi, amma sadəcə gülmürdü, xoşbəxtcəsinə gülürdü. Yerində qıvrılır, qolunu belinə dolayıb, gülürdü. Çox gözəl bir gülüşü var idi.
“Sizə təşəkkür edirəm ki, məni dinlədiniz. Mənə söz verdiniz. Ölməkdən qorxmuram, amma bir gün ölüb getsəm məni günahkar kimi görsünlər də istəmirəm. Məndən iyrənib, uzaq durmasınlar. Sizin sayənizdə danışmaq istədiyimi deyə bildim, onları dilə gətirdim. Özümü müdafiə edə bildim. Mən özümü həmişə şanslı birisi kimi görmüşəm. Bəzən insanlar yaşadıqları adi bir şeyə görə özlərinə bədbəxt kimi baxır, amma mən belə yanaşmıram. Yaşadıqlarımı keçmişdə qoyub, özümə yeni həyat qura bilmişəm, özümü yenidən qazanmışam. Mənim kimi nə qədər insan var onlar üçün yazılan taleyə dözən. Öz hekayəsinin qəhranı olmağı bacarmayan. Mən oldum. Bəlkə pis birisi olaraq, amma bunu bacardım. Siz də bunu yazacaqsınız. Bilmək olmaz, bəlkə bir gün mənim də filmim çəkilər.” güldü.
Mən də ona qoşulub, güldüm. Səsyazısını dayandırıb, müsahibənin bitdiyini deyəndən sonra ayağa qalxıb, getmək vaxtı çatdığını başa düşsəm də, bunu etməyi istəmirdim. Qalmağım düzgün deyildi, amma getmək də istəmirdim. Nigarın mənə yaxınlaşıb, gülümsəyərək öpməyindən sonra dirənməyib, ona tabe oldum.
Oradan çıxıb, 20 Yanvar metro stansiyasına qədər piyada getdikdən sonra, avtobusa minib, Tbilisi prospekti ilə şəhərə getdim. Plan qurmamışdım deyə Dram teatrının önündə düşüb, ara küçələrlə dolaşıb, həmişə getdiyimiz məkana getdim. Orada biraz oturub, pivə içdikdən sonra evə getdim. Ağlımda hələ də Nigar var idi. Etdiyim peşəkar kimliyimə ləkə idi, amma bu səhvi bir də olsa, yenə edərdim.
Nigarın üzünü göstərmək istəmədiyimdən profildən çəkdiyim şəklini əlavə etdim. Nə qədər o cəsarətli davransa da, mən onu riskə ata bilməzdim. Yazım qəzetdə çıxdıqdan sonra ciddi bir reaksiya almadı, hətta digər yazılardan daha az maraq cəlb etmişdi. Ta ki, bir gün səhər “Liman”a gedənəcən. Pərvanə ilə ilk məhkəməmizin günü təyin olunmuşdu. Kefsiz idim. Müsahibədən iki həftədən çox vaxt keçmiş, Nigarı da unutmuşdum. Sonra da əlaqə saxlamamışdıq. Qəzetə getdiyimdə hər kəs məni gözləyirmiş kimi qapıya gözünü zilləyib dayanmışdı. İçəri daxil olduqdan sonra əllərindəki qəzeti mənə göstərərək xəbəri görüb-görmədiyimi soruşdu. Nə xəbəri deyə baxarkən bir qəlt xəbərini gördüm. Bu N.Q. olaraq yazılan şəxs Nigar idi. Başımın fırlandığını hiss etdim. Güclü bir ağrı ilə məni yerə mıxlamışdı. Yerimdən tərpənə bilmirdim. Üşüyürdüm. Özümə bir-iki dəqiqə sonra gəldim. İlk dəfə idi ki, belə bir hadisə baş verirdi və nə deyəcəyimi, edəcəyimi bilmirdim. Hər şey bir yana, özümü Nigarın ölümündə günahkar görürdüm.
Biraz dincəlib, özümə gəldikdən sonra evə yollandım. Redaktor gözə batmamağımı, şahid kimi dindirilə biləcəyimi desə də, bu hadisəni özüm araşdırmalı idim.
Mən gedəndə artıq evdə iş bitmiş, Nigarı götürüb, xəstəxanaya aparmışdılar. Evdə isə az sayıda polis əməkdaşı qalmışdı. Söhbət etdikdən sonra onlara vəziyyəti izah etdim, mənə telefon nömrəsi verdilər ki, işi araşdıracaq şəxs odur, onunla əlaqə saxlayım.
Çölə çıxıb, həmin nömrə ilə əlaqə saxlaldım. Ona vəziyyəti izah etdikdən sonra həmin xəbərlə gəlməyimi istədi. İzahat verdim, məsələni izah etdim. Şübhəli kimi də ailəsini və keçmiş yoldaşını göstərdim. Adlarını bilmədiyimdən sadəcə qohumluq əlaqəsi olaraq izah etdim. Bir də dediklərini səs yazısı olaraq hamısının nüsxəsini çıxarıb, onlara sonra verdim.
Hadisənin üstündən günlər, aylar keçsə də, cinayət haqda xəbər çıxmır, cinayətkar tapılmırdı. Heç bir sübut yox idi ortada. “Bəlkə də intihar edib, etməzdən əvvəl sənə bunları danışıb” variantlardan biri olsa da, Nigarla söhbətimizi gözümdə canlandırır, onun bu düşüncədə olacağını qəbul edə bilmirdim. Bunu hiss etməmişdim. Tam əksini düşünür, onun yaşamağı sevdiyinə inanırdım.
Bu hekayəni yazarkən də hələ də düşünürəm. Onun həyatını yazaraq onu mənmi təhlükəyə atdım? Sonra düşünürəm. Yazmağa məcbur idim. İşim budur. Yazmasam belə bir dünyanın olduğunu necə biləcəkdiniz? Dünyanın əslində gözəl olmadığını başa düşmək üçün yazmaq lazımdır. Həqiqətin gülən üzü olmur. Dişi görünmür. Gülmür.