SƏMƏD ŞIXI - OĞLUMU QORU

1


Səhər saat 9 idi ki, qapı döyülməyə başladı. Könül mətbəxdəki işini yarımçıq saxlayıb, qapıya yollandı. Qapını döyən onun böyük oğlu Qədir idi. Həyat yoldaşı Vəfa ilə bir yerdə işə gedəcəkdilər deyə qızları Səbinəni baxmağı üçün anasına gətirmişdi. İşlərinin çox olduğu günlərdə ya Qədirgilə, ya da Vəfagilə aparardılar ki, həmin günü onlar üçün nəvələrinə baxsınlar. Karantin rejimi olduğu üçün onsuz da evdən çıxa bilmirdilər. Zamanlarını nəvələri ilə bir yerdə keçirməkdən isə daha yaxşı nə ola bilərdi ki?!

Səbinə evə girər-girməz qaçaraq əmisinin otağına daxil olub, üstünə atlayıb, onu yuxudan oyatdı. Rüstəm ağır yatan birisi olsa da, Səbinənin hər gəldiyini hiss edən kimi yuxudan oyanar, onu qucağına alaraq qıdıqlayardı. Səbinənin şirin gülüşü qarşısında yatmaq mümkün deyildi. Qucağına alaraq otaqdan çıxaraq mətbəxə, anasının yanına yollanıb, nə hazırladığına baxardı. Könül masanı hazırlayarkən Rüstəm əl-üzünü yuyub, atasını oyadardı. Daha doğrusu bu işi də Səbinənin öhtəliyinə buraxardı.

Samir hazırlaşıb, işə gedəcək, Rüstəm isə karantinə görə evdən işləyəcəkdi. Artıq neçə ay idi ki, işini evdən görürdü. Bu onun üçün sıxıcı olsa da, başqa nəsə edə bilmirdi. Bəzən fürsət düşəndə dostlarıyla harasa toplaşar, çölə çıxa bildiyi günlərdə isə Nərminlə görüşər, 1-2 saat zaman keçirərdi. Karantinin nə zaman bitəcəyi, normal həyatlarına nə zaman dönəcəkləri haqda isə artıq heç bir fikirləri yox idi. Əvvəllərində tez bitər, çox olmaz deyə düşünsələr də, zaman keçdikcə, yoluxma sayları artdıqca başa düşdülər ki, bu həyata biraz daha dözməli olacaqlar. Nişanlanmaq, evlənmək planları isə buna görə yubanırdı. 

Birlikdə yemək yedikdən sonra otağına gedərək kompüterini açıb, işinə başladı. Biraz işini gördükdən sonra Nərminə zəng edib, onunla söhbət etdi. Nərmin ailəni tanıyırdı, dəfələrlə görüşmüş, evə qonaq gəlmişdi, həmçinin Rüstəm də 1 dəfə Nərminin ailəsi ilə görüşmüşdü. Karantin düşməmişdən əvvəl ailələrinə münasibətlərindən bəhs edib, hər ikisi öz ailəsi ilə tanış etmişdi. Səbinə onlarda qaldığı zaman bəzən Rüstəm onu da özüylə götürərək görüşə aparardı. Nərminlə də arası yaxşı idi, görən kimi əmisini atıb, bütün günü Nərminlə vaxt keçirdərdi. Telefonla danışarkən Səbinənin onlarda olduğunu öyrənən kimi telefona çağırmağını istəyib, onunla söhbət etməyə başladı. İşi çox olduğundan gələ bilməyəcəyini deyib heyfləndi ki, Səbinəni görmək istəyirdim.

Evdə işləməkdən bezən Rüstəmin əyləncəsi marketə getmək və fitrinlərin arasında dolaşmaq olmuşdu. Bəzən qonşulardan kimləsə qarşılaşar, ayaqüstü məhlədə baş verən hadisələrdən bir-birilərinə məlumat verib, dağılışardılar. Bəxtlərindən onların yaşadığı bölgədə virusa yoluxanların sayı az idi. Buna görə də ölüm sayı yox səviyyəsində idi. Xatırladığı bir dənə Sona xala idi. O da ölməyə bəhanə axtarırdı, adını virusa yoluxub deyərək öldü. Dəfninə qohumları gedə bilməmişdi heç. Yas da keçirə bilməmişdi. Qonşulardan bir çoxu ölümündən həftələr sonra öyrənib, zəng edərək başsağlığı vermişdi.

Evdən də heç kəs nə yoluxmuş, nə də yoluxma riskində olmamışdı. Qədirdən bir dəfə şübhələnsələr də test verəndən sonra yoluxmadığını görüb, rahatlamışdılar. Özlərindən çox, Səbinə üçün ehtiyat edirdilər. Onların bədəni virusa öyrəşə bilər, ya yoluxsa da ciddi bir təsiri qalmazdı, amma uşağın yoluxmağı daha təhlükəli idi. Buna görə normadan artıq diqqət edir, çalışırdılar ki, maksimum az şəxslə ünsiyyətdə olsun. Buna görə Rüstəm onu özüylə şəhərə çıxaranda evdə dava qopardı. Nə Qədir, nə də Vəfa istəmirdi ki, onlarsız Səbinəni harasa aparsın. Rüstəm diqqət etməz, kimdənsə necəsə yoluxar, hansısa əşyadan yoluxar, amma Rüstəm hər dəfə xüsusi diqqətlə yanaşardı. Hətta Nərmin görüşəndə də öpməzdi.

Evdə ürəyi ən çox sıxılan Könül idi. Evdar qadın olmağın verdiyi çətinlikdən əlavə çölə çıxa bilməmək də boğurdu. Samirlə axır vaxtlar tez-tez dalaşar, hər önəmsiz mövzu üstündə mübahisə yaradardı. Rüstəmlə çox işi olmazdı. Adətən, gününü otağında keçirdiyindən yeməkdən-yeməyə qarşılaşıb, söhbət edərdilər. İşdən vaxtı qaldığı zaman kömək etmək istəsə də, danlanıb otağına geri dönərdi. Rüstəm də çox həvəsli deyildi ev işlərini görməyə. Bəzən qab yumağa kömək etsə də, əlavə işlərinə qarışmazdı. Otağını sadəcə həftədə bir dəfə səliqəyə salardı ki, anasına əlavə iş yaranmasın. Anasının işinə qarışmağı onun hakimiyyətinə müdaxilə kimi görürdü. Onun həyatı sadəcə evindən ibarət idi və bu onun idarə etdiyi hakimiyyət idi. Kənar şəxsin ona qarışmağını özünə təhlükə kimi görürdü. Əşyaların yerinin müəyyən edilməsi, onun üçün görülməsi önəmli işlərin yalnız onun görməsi vacib mövzu idi. Qədirlə Vəfa onlara gələndə də Vəfaya evdə iş gördürməzdi ki, onun əşyalarının yerini qarışdırmasın. Rüstəm də bunu başa düşdüyündən onun analıq etməyinə müdaxilə etməzdi. Rüstəmin özünə çay süzməyini, ya Samirin özünə yemək çəkməyini istəməzdi ki, bu onun işidir. Qədir bircə anasının bu hərəkətlərini önəmsəmədən özü evdə istədiyini edərdi. Evdə olduğu zamanlarda Rüstəmi qalx özün iş gör deyə danlayardı. Vəfayla da ev işlərini bölüşmüşdü.

Samirin həyatına isə karantin çox da təsir etməmişdi. Yenə az danışan, sakit təbiətli birisi idi. Könüllə mübahisələrində isə dinləyən tərəf olmağı seçər, söhbətin sonunda fikrinə qatıldığını deyərək mövzunu bağlamağa çalışardı. Bu bəzən Könülü daha çox əsəbləşdirsə də, istədiyinin olmağı onu rahatladırdı. Axır vaxtlar Samir sakitlikdən başqa kefsiz olsa da, səbəbini heç kəsə demirdi. Hər kəs işinə, ya karantinə görə olduğunu düşünsə də, başqa səbəb olacağı heç kəsin ağlına gəlməzdi.


2


Nərmin Rüstəmin gəldiyini görüb, telefonu cibinə qoyub, ona tərəf addımladı.-

–Biraz da gec gəlsəydin polislər gəlib aparacaqdı ki, vaxtınız bitib.

–Üzrlü say, ofisə getmişdim, ona görə uzandı işim.

–Ofisə gedib-gələn olur?

–Hə, 2-3 nəfər olur, icazələri olur, ya evləri yaxındır deyə gəlib otururlar. Boş ofisdir. Bizim ev yaxın deyil, yoxsa mən də gedərdim.

–Bu aralar çölə çıxmaqdan qorxuram. Şəhərdə nəsə olacaq deyə ehtiyat edirəm. 

–Niyə ki?

–Müharibə olacaq deyirlər. Hamı gizlin hazırlığın getdiyini deyir. Yəqin ki, olacaq. Şəhərdə təxribat xəbərləri də artıb. Qorxa-qorxa çıxıram.

–Heç nə olan deyil, rahat ol.

–Ya olsa? Müharibə olsa, hamını aparacaqlar. Bəlkə səni də. Düzdür, hərbidə olmamısan deyə axıra saxlayarlar, amma aparsalar nə olacaq?

–Bilmirəm.–Rüstəm gülümsədi.

–Necə yəni bilmirəm?!

–Gəlib aparanda fikrimin əhəmiyyəti olmayacaq. Dinləyəcəklərini düşünmürəm.  

Rüstəm hiss etdirməsə də, qorxduğunu bilirdi. Nərmin başa düşməsin deyə zarafata salır, mövzunu dəyişməyə çalışırdı. Atası nə Qədiri, nə də onu hərbi xidmətə göndərməmişdi. Qədirin ayağının altında düzlük var idi deyə biraz da pul verib, “yararsız” yazdırsa da, Rüstəmin tam yararlı olduğu halda getməyinə mane olmuşdu. Rüstəm rüşvət verməyin tərəfdarı deyildi, həm də ödədikləri ciddi bir rəqəm idi. O pulu verməkdənsə, getmək tərəfdarı idi, “Pulu mənə ver, banka qoyum. Mən hərbidən gələnə qədər faizi artar, qayıdanda xərcləyərəm” desə də, atasının fikri qəti idi. Başlarına bir iş gəlməyindən, müharibə olarsa, onların da getməyindən qorxurdu. O vaxt atasını qınasa da, indi necə doğru qərar verdiyini düşünürdü. Yaxşı ki, getməmişdi hərbiyə.

Ölkədə hər kəsin etdiyi söhbət müharibə idi. Sərhəddə baş tutan toqquşmalar, aksiyalar, insanların müharibə istəyi yaxın zamanda bir müharibənin olacağına işarə idi. Rayonlardan olan dostları söhbət zamanı hazırlıqların getdiyini, səngərlərin qazılıb, silahların daşındığını deyirdi. Müharibəni görmüş, yaşamış insanların qorxusu, həyəcanı ilə, müharibədən sonra dünyaya gələn insanların qorxu və həyəcanı çox fərqli idi. Hələki sərhəd bölgəsində yaşamamış, silah səsi eşitməmiş gənclər hadisəyə daha fanatik yanaşırdı. Müharibəni görüb keçmiş insanların isə qorxusu yenidən həmin günlərə dönmək, onları təkrar yaşamaq idi. Həmçinin artıq onların əvəzinə bu dəfə övladları müharibəyə gedəcəkdi. Bəlkə 30 il əvvəl bir-birini tanımış, düşmən kəsilmiş şəxslər dalaşırdısa, artıq bir-birini tanımayan, heç zaman görməyən gənclər savaşacaqdı. Görüşüb söhbət etsələr bəlkə də ortaq dil tapacaqdılar, amma onlara bu şərait yaradılmamışdı. İlk dəfə müharibədə qarşılaşacaqdılar ki, burada da biri üçün son görüş olacaqdı.

Rüstəm və Nərmin biraz dolaşdıqdan sonra sağollaşmaq məcburiyyətində qaldılar. Rüstəm axşamı dostugildə qalacaqdı deyə əliboş getmək istəmirdi. Marketə girib yemək üçün bir-iki şey seçdi, içməkləri üçün pivələr götürüb evə qalxdı. 

Rüstəmin evdə olmamağı Samirin işinə yaramışdı. Dözə bilmir, sirrini kiməsə danışmaq istəyirdi. Onun da evə gəlməyəcəyini öyrənən kimi Könülü çağırıb, ona danışmalı olduğu bir məsələ var dedi. Könül də bu günü gözləyirmiş, neçə vaxtdır ərini narahat edən məsələni öyrənəcəkdi. Samir üçün bir stəkan çay süzüb, yanında əyləşdi.

–Necə başlayım bilmirəm. Əslində bu söhbət bir neçə ayındır, uyğun vaxtı gözləyirdim, sadəcə görürəm ki, vəziyyət daha da pisləşməyə doğru gedir.

Könül Samirin hərəkətlərindən onun gizlətdiyi bir xəstəliyinin olduğunu düşünmüşdü bir dəfə, amma əhəmiyyət verməmişdi. Deyəsən, düşündüyü doğrudur deyə içini narahatlıq bürüdü. 

–Bəlkə artıq deyəsən! Nə olub?

–Kiməsə nəsə olmayıb. Sadəcə gözləyərkən unutduğumuz bir reallığı xatırlatdılar. Ən pisi isə artıq qaçış yoxdur. 

Könül Samirin dediklərindən heç nə başa düşmür, dediklərinə məna verməyə çalışırdı.

–Rüstəm… Daha doğrusu Aram.

Könül artıq mövzunu başa düşmüşdü. Samir də buna görə heç nə deməyib, susdu. Dəqiqələrlə Samir şkafın üstündəki ailəvi çəkdirdikləri şəkilə, Könül isə Samirin önündəki stəkana baxdı. 

–Çayını soyutma–deyərək Könül sükutu pozdu.

Samir çayından içib, davam etdi.–Salehi xatırlayırsan? O zəng etmişdi mənə bir dəfə. Vaqif onu tapıb, onunla söhbət filan məndən bəhs edib, amma Aramı deməyib, sadəcə məni axtardığını, əlaqələri bərpa etmək istədiyini deyib. Nəysə, Saleh birinci mənə zəng elədi ki, nə deyim. Bilmədim nə cavab verim. “İşim var, sənə zəng edəcəm” bəhanə edib, bir neçə saat düşündüm. Sənə danışacaqdım, amma birinci özüm danışım, görüm nədir, nə istəyirlər, sonra sənə deyərəm dedim. Nəysə. Nömrəmi verdim, danışdıq. Necə olduğumu soruşdu, səni soruşdu, sonra Aramdan söhbət açdı. Bir ara ona Aramın öldüyünü deyib, qurtulmaq istədim, sonra bunun ona haqsızlıq olacağını düşündüm. Sonra da uşaqları olmayıbmış. Danışdım biraz onlara. Nə edib, necə böyüyüb, nələr edib. Görüşmək istədiyini, tanımaq istədiyini dedi, bunun çətin bir məsələ olduğunu, mümkünsüzlüyünü izah etmək istəsəm də, Aramın onun oğlu olduğu həqiqəti ilə üz-üzə qoydu məni. Haqlıdır. Sadəcə necə olacaq bilmirdim. Bir də bəxtinə Tovuzda baş verənlər, daha sonra yeni müharibə həyəcanı. Ona izah etdim ki, ortalıq sakitləşənə qədər daha danışmayaq. Nəzarəti gücləndiriblər indi. Bir də onu əlaqə saxladıqlarını öyrənsələr başıma oyun açmasınlar. Bu yaşdan sonra həbs olmaq istəmirəm. Bu mövzu həmçinin Rüstəmin həyatı üçün təhlükə yarada bilər. Bu səbəbdən razı oldu… Gözləyir…

–Nə olacaq indi?–səbirlə dinləsə də, ürək döyüntüsünün səsini eşidirdi. 

–Bilmirəm. Rüstəmlə danışmalıyıq. Bunu artıq bilməlidir.

–Axı necə deyəcik ki, sənin atan və anan ermənidir?

–Erməni olanda nə olur ki? Vaxtıyla bir yaşayırdıq.

–Amma artıq düşmən xalqlarıq.

–Mən ona düşmənliyi öyrətməmişəm ki, düşmən kimi də görsün, həmçinin ailəsidir. 

–Onun ailəsi bizik.

–Könül, onsuz da nə edəcəyimi bilmirəm. Sən də başlama. Ortalıq sakitləşsəydi bircə.

–Bircə nə? Sonra verəcik ki, alın uşağınızı?–Könül əsəbləşirdi.

Rüstəm onun oğlu deyildi bəlkə, amma o böyütmüşdü, o qayğısına qalmışdı. Qədirdən ayırmamışdı heç vaxt. Nəyi olubsa ikiyə bölüb vermişdi onlara. İndi durub getsə nə olacaqdı deyə düşünürdü. Onun əsl ailəsi ola bilərdilər, Rüstəmdən uzaq olmalarında günahkar da deyildilər bəlkə, amma bu onun anası olduğu reallığını dəyişməyəcəkdi. O, Aram yox, Rüstəm idi.

–Nə edəcəyimi, deyəcəyimi bilmirəm. Sənə dedim, çünki sənin də fikrini almaq istəyirəm. Dalaşıb, məni çətinə salma. Bunu kifayət qədər edən var. Mənə yol göstər. 

–Rüstəmə nə vaxt deyək?

–Çox uzatmağın mənası yoxdur. Deyək, seçimi o etsin.


3


Binanın önündə insanların sayı dayanmadan artmaqda idi. Bazar günü olmağına baxmayaraq kənardan insanlar da gəlirdi. Yeni qərara əsasən həftənin axırıncı günləri avtobus işləmirdi. Karantin hələ də davam edirdi. Müharibənin başlamağı ilə ölkədə fövqəladə vəziyyət də elan olunmuşdu. Nə olduğu bilinməyən bir şərait mövcud idi ölkədə. Buna görə gələn şəxslər ya öz maşınlarından istifadə etmiş, ya da taksiylə gəlmişdilər. 

Samir və Rüstəm də həyətdə idi, amma fərqli yerlərdə dayanıb, şəhidi gətirəcək maşının gəlməyini gözləyirdilər. Rəhmətə gedən Şamil idi. Şamil–məhəllənin sakini idi. Müharibə başlamışdan bir neçə gün əvvəl təlim adıyla aparılmış, müharibənin başlamasından bir müddət sonra isə rəhmətə getdiyi xəbəri gəlmişdi. Yaşadıqları bölgənin ilk şəhidi idi deyə diqqət və maraq da çox idi. Maşınların gəldiyini görən kimi hər kəs şüarlar qışqırmağa başladı, yol açaraq maşının həyətə gəlməyinə şərait yaratdı. Şamilin atası gözə dəymirdi, anası isə ayaqüstündə güclə dayanmışdı. Qonşu qadınlar onun qoluna girərək saxlamışdılar. Maşın həyətə daxil olarkən Şamilin atasını kömək edərək binadan çıxardılar. Hərəkət edə bilmirdi. Rüstəmin gözü anasının geyindiyi xalata sataşdı. Köhnəldiyi üçün bəzi yerləri parçalanmışdı. Yenə hər kəs qışqırmağa başladı: “Şəhidlər ölməz, vətən bölünməz”. Ətrafdakı polislər insanların çəkiliş etməyinə əngəl olurdu. Çəkiliş edən şəxslərdən isə yaxınlaşaraq videoları silməyini istəyirdilər.

Ailə övladı ilə vidalaşdıqdan sonra tabut yenidən maşına qoyularaq xiyabana aparıldı. İnsanları aparmaq üçün gözləyən avtobusa doluşdular. Rüstəm avtobusa minərkən uzaqdan gələn qardaşını görüb, dayandı. Onunla birlikdə avtobusa minib, bir küncə sıxıldı. Yolda danışan olmadı. Pıçıldı ilə yanaşı oturanlar nəsə desə də, nə dediyi eşidilmirdi. Rüstəmin yadına uşaqlıqları düşdü. Məhəllədə oynadıqları futbol, bir yerdə qaçıb kompüter salonuna getməkləri Şamildən qalan xatirələrindən biri idi.

Dəfndən sonra Qədirlə birlikdə taksi tutub, evə gəldi. Samir Könül ilə bərabər onları gözləyirdi. Artıq danışmaq zamanı idi.

–Əyləşin, sizə danışmaq istədiyim bir məsələ var.

Bir-birilərini süzüb, heç nə demədən gəlib Samirin önündə əyləşdilər. Könül də Samirə dəstək olmaq üçün onun yanında əyləşib, sakitcə dayandı.

–Əslində nə deyim, necə deyim bilmirəm. Hələki indiki vaxtda bunu demək mənim üçün çox çətindir. 

Qədir narahatlığını gizlədə bilməyərək stulunu oynatdı. “Nə olub? Qısa və konkret bəlkə bir dəfəyə deyəsən.”

–Atanızı dinləyin. Bu bizim üçün asan bir məsələ deyil.

Ortalığa çökən sükutu Samir pozmalı oldu:

–Haradan başlayım bilmirəm. Yaxşısı başdan danışım, siz özünüz başa düşərsiniz…Siz hələ uşaq idiniz. Qədirin 4-5 yaşı olardı, Rüstəmin də 1 yaşı təzə olmuşdu. Münaqişə təzə-təzə alovlanmağa başlamışdı. Bakıdakı ermənilərin imkanlıları artıq getmişdi. Vaqif adında bir ailə dostumuz var idi. Həyat yoldaşının adı da Rita idi. Bir də oğulları var idi. Aram idi adı. Yaxınlıq dərəcəmiz elə idi ki, hər gün bir yerdə olardıq. Qonaqlığa ya onlara toplaşardıq, ya bizim evə. Vəziyyət elə gətirdi ki, onlar da getməyə məcbur qaldı. Artıq evlərə hücum edib, qovur, getməyənlərə qarşı zorakılıq edirdilər. Biz onları əvvəl gizlətməyə çalışdıq, düşünürdük ki, gəlib müdaxilə edəcəklər, vəziyyət düzələcək. Düşündüyümüz kimi davam etmədi, nəticədə qərara gəldik ki, ölkəni tərk etsinlər. Bir müddət xaricdə təhlükəsiz vəziyyətdə qalar, sakitləşəndən sonra geri dönərlər. Sadəcə Aram üçün bu səyahət təhlükəli idi. Birbaşa gedə bilməyəcək, bir neçə dəfə nəqliyyat dəyişməli olacaqdılar. Hava şəraiti və yol təhlükəsinə görə Aramı özləriylə aparmaqdan ehtiyat edirdilər. Biz onlara Aramı aparmamaqlarını dedik, bir müddət bizimlə qalsın, vəziyyət düzələr və sonra geri gəlib götürərlər. Ən pis vəziyyətdə biz apararıq…

Ortalığa sükut çökdü. “Mənə su ver” deyə Könülə səsləndi. Könül ayağa qalxıb, stəkanı su ilə doldurub, Samir üçün gətirdi. Rüstəm və Qədir söhbətin hara gedəcəyini gözləyirdilər. Bir erməni tanışları var idi və ortada hələ aqibətindən xəbərsiz olduqları Aram adında uşaq.

–Biraz düşündülər, onlar üçün çətin də olsa, başqa yol yox idi deyə uşağı bizə buraxmağa razı oldular, amma heç nə düşündüyümüz kimi olmadı. Nə münaqişə bitdi onlar geri dönə bildi, nə də biz Aramı aparıb onlara təhvil verə bildik. Uşağa görə biz də evi dəyişməli olduq, sonra elə gətirdi ki, yaşadığımız evi satıb, bura köçdük.

–Arama nə oldu?–Rüstəm soruşdu.

–Biz onu özümüzlə saxladıq. Əvvəl üzə çıxarmamağa çalışır, heç kəsə göstərmirdik. Gözləyirdik ki, ailəsinə geri verəcik. Uşaq böyüdükcə isə problem də böyüyürdü, buna görə uşağı öz üstümüzə qeydiyyata saldıq və onu öz övladımız kimi göstərdik.

–Necə yəni. Sonra nə oldu?

–Sonra…sonrası əslində yoxdur.–Samir başını qaldırıb oğullarına baxıb, gülümsədi. Onu öz oğlumdan ayırmadım, nə də bunu ona hiss etdirmədim. Rüstəm olaraq öz oğlum adlandırdım–Könüllə göz-gözə gəlib, düzəliş etdi.–Oğlumuz hesab etdik. 

–Yəni mən… Düz başa düşdüm?–Rüstəmin rəngi ağarmış, gözləri bərələrək Samirə baxırdı. 

–Bəli. Sən Vaqifin mənə əmanət verdiyi Aramsan. Əsas məsələ isə indi deyə bilərsiniz ki, dayandı-dayandı, indi niyə dedi bunu.

–Bu da maraqlı sualdır.–Qədir dedi. 

–İki səbəbi var. Biri onsuz da bunu deməliydim, gec ya tez. Digəri isə artıq məcbur qalmağım oldu.

–Məcbur?–Qədir dedi.–Müharibəyə görə?

–Əslində hə, amma belə bir hadisə baş verməsəydi də müharibə olduğu üçün deməyə məcbur qalacaqdım.–sudan içib, davam etdi,–bir neçə ay əvvəl idi. Köhnədən əlaqəmiz olan dostlardan biri mənə zəng elədi, Vaqiflə Moskvada görüşdüyünü, mənim nömrəsini istədiyini dedi. Təbii ki, bu mövzunu deməyib, sadəcə yenidən əlaqələrimiz olsun istəyib deyib. Danışdıq, söhbət etdik. Onlar da Aramdan ötrü darıxıb, sadəcə necə olacaq, nə olacaq bilmirik deyə qərarsız idik. Araya müharibə təhlükəsi girdi, biz əlaqələri kəsdik ki, birdən bizi izləyərlər. Qorxdum, həm özümə görə, həm də Rüstəmə nəsə edərlər deyə. Müharibə başlayandan sonra da oturub gözlədim ki, bitsin. Sadəcə bu gün aşağıda həmin mənzərəni görəndən sonra düşündüm ki, artıq vaxtdır. 

Rüstəm hələ də özünə gəlməmişdi. Hərəkətsiz vəziyyətdə sadəcə baxırdı. Nəfəs alırdımı, o da bilinmirdi.

–Rüstəm…

Rüstəm ayağa qalxaraq sürətlə heç nə deməyərək evi tərk etdi. Könül ayağa qalxıb, arxasıyca getmək istəsə də, Samir saxladı.

–Dəyməyin. Öz başına qalıb, bu həqiqətlə barışmalı, düşünməlidir. Bunu qəbullanmaq asan deyil, amma ona biz də dəstək olmalıyıq.

Qədirə dönüb, təkrar etdi. “Biz də ona dəstək olmalıyıq”. Qədir atasına baxıb, vəziyyətdən çıxmaq üçün “məni kimdən götürmüsüz?”

Samir gülümsəyib, “həvəslənmə, arxanca gələn olmayacaq” dedi.

–Mən heç birinizə nifrəti, düşmənçiliyi öyrətmədim. Hərbiyə getməməyinizi də buna görə istəmirdim. Getməyinizdə qəbahət yoxdur, amma bu gün sizi qarşı-qarşıya qoysun istəmirdim. Sizi heç vaxt görmədiyiniz, tanımadığınız insanlarla üz-üzə gətirmək istəmədim. Həyatınızla qumar oynamağınıza icazə vermədim. Əlimdən nə gəldisə etdim. Mən Vaqifi hər kəsdən yaxşı tanıyırdım. Düzdür, gedəndən sonra nə edib, necə yaşayıb bilmirəm, amma onun necə insan olduğunu görmüş birisiyəm. Tək Vaqif də yox, onun kimi erməni dostlarımız çox idi. Müharibələri başladan, bizi düşmən edənlər bizim kimi bina evlərində yaşamır. Onların həyətinə tabut gəlmir. Onlar övladları geri dönə biləcəkmi, dönəcəksə, hansı vəziyyətdə dönəcək deyə dərd çəkmir.

Samir dolmuşdu. Ağlamaq istəsə də özünü sıxdı. Gözündən axan damcıların isə qarşısını almadı. Azad buraxdı. Hara istəsə düşə bilərdilər.

–Rüstəm sənin qardaşın, bizim isə övladımızdır. Onun nə düşünməsindən, gələcəkdə verəcəyi qərardan asılı olmayaraq bu reallığı dəyişməyəcək. Bu gün isə ailəsi olaraq yanında olmalıyıq. Özünü bizdən uzaqlaşdırmasın, yad hiss etməsin.

Qədirdən cavab gözləsələr də o sükutu pozmaq niyyətində deyildi. Hər ikisi gözünü ona zilləyib, dayanmışdı.

–Müharibə bitəndən sonra nə olacaq? Rüstəm çıxıb gedəcək?

–Bilmirəm. Bu sualın cavabı Rüstəmdədir. İnanmıram ki, bu dəqiqə cavabını Rüstəm də bilsin. 

–Bunu bizdən başqa kim bilir?

–Heç kəs. 

–Hə. Heç kəs də bilməsin. Vəfa da.

Qədir ayağa qalxır. Sözlü idi, amma nəsə demək istəmirdi, o da düşünmək istəyirdi. Heç bir söz demədən o da evi tərk etdi. Ər-arvad bir-birinə baxdı, amma görünən o idi ki, onların da deyəcək sözü qurtarmışdı. 


4


Rüstəm iki gün evə gəlmədi. Samir özü zəng edib, soruşa bilmədiyindən Qədirə dedi ki, o zəng edib öyrənsin. Dostugildə qalacağını öyrəndikdən sonra rahatladı ki, heç bir problem yoxdur. İki gün isə evə sonra gecə gəldi. Könül qapının səsini eşidib, Samiri yuxudan oyatsa da, Samir heç nə deməyərək yenidən uzanıb yatdı. Əgər danışmaq fikri olsa, səhərə qədər evdə qalar, istəmirsə, hansısa əşyasını götürmək üçün gəlib. Gecə gəldiyi üçün də kimisə görmək istəmir deməkdir.

Könül getməyini gözləsə də Rüstəm otağına girəndən sonra çıxmadı. Könül oyandığında saat artıq səhər 7 idi. Qalxıb Rüstəmin otağına qaçdı. Onun otaqda olduğunu görəndə isə sevincindən bilmədi nə etsin. Qaçıb onu qucaqlamaq istəsə də, yuxudan oyatmaq istəmədi. Sevincək otağa qayıdıb Samiri yuxudan oyatdı. “Rüstəm otağındadır” dedi. Samir gözünü aralayıb, Könülə baxdı. İki-üç saniyə dayanıb, gülümsəyərək gözünü təzədən yumdu. Yatmaq istəsə də, gözünə yuxu getməyəcəyini başa düşüb, yerindən qalxdı. Hamama keçib, əl-üzünü yuduqdan sonra mətbəxdə Rüstəmin oyanmağını gözlədi. Saat 10-a işləmişdi, içəridən səsin gəldiyini eşitdilər. Rüstəm qalxıb, o da hamama girib-çıxdıqdan sonra mətbəxə gələrək “sabahınız xeyir” deyərək əyləşdi. Könül onun üçün çay süzüb, yanına əyləşdi. Hər üçü bir-birinə baxaraq söhbətə kimin başlayacağını gözləyirdi.

–Yaxşısan?–deyə Könül dilləndi.

–Hə–deyə veriləcək ən qısa cavabı dedi.

–Səni çətin bir vəziyyətin içinə saldığımızı başa düşürük, amma əmin ol ki, sənin yanındayıq.–deməyə söz tapa bilməyən Samirin ağlından keçən tək cümlə bu idi.

–Düşünüb hansı mənə daha ağır gəlir deyə seçim edə bilmirəm. İllərdir ailəm bildiyim şəxslərin ailəm olmamağı, ya illərdir düşmən kimi tanıdığım xalqdan biri olmağım.

–Birincisi, biz sənin hələ də ailənik, bundan sonra da sən nə seçim etsən bu dəyişməyəcək. İkincisi, biz sənə heç vaxt düşmənliyi öyrətməmişik. Bu günün nə vaxtsa yaşanacağını bilirdik. Kaş bu vəziyyətə gəlməyərdik, səni ailəndən ayırmayardıq, amma bu seçim edilməli ən doğru seçim idi. Cəmiyyət, mühit bizdən ixtiyarsız necəsə fikir formalaşdırır, bunun qarşısını ala bilməmiş ola bilərik, amma səninlə etdiyimiz hər söhbətdə bu düşüncədə olmamağın üçün çalışmışıq.

–Dostlarım ölür, bəlkə də onları öldürənlər mənim hansısa qohumumdur, ya tam tərsinə, dostlarım, qohumum olaraq bildiyim şəxslər indi müharibədə mənim əsl qohumlarımı öldürür.

–Buna mane ola biləcək gücümüz yoxdur. Bu dünyada təmiz qala bilmək özü qəhrəmanlıqdır. Biz buna çalışdıq. Nə özümüzü, nə də sizi ləkələmədik. Düşmənçilik siyasətinə alət etmədik. Səni özümüzlə saxlamaya bilərdik, bunu onlar yox, biz təklif etmişdik, ya da onlar gedəndən sonra səni dövlətə təhvil verə bilərdik. Aqibətin necə olar, ondan da xəbərsiz olacaqdıq. Evimizi satmalı olduq, sənin üçün sıfırdan sənəd düzəltməli olduq. Gözlədik ki, müharibə bitsin və yenidən köhnə günlərimizə dönək, amma olmadı. Olmadığı üçün də səni öz övladımız kimi sevdik. Bəlkə nə vaxtsa, hiss etdirmişik? Ya Qədirdən ayırmışıq?

Rüstəm gülümsəyərək “dostumla dalaşanda mənə erməni demişdi. Buna görə onu döymüşdüm. Gedib ondan üzr istəyəcəm” dedi. Ona Samirlə, Könül də qoşulub, güldü. “Bəs bundan sonra nə olacaq?” dedi davamında.

–Nə olacağına sən qərar verəcəksən.

–Mən də bilmirəm. Nə edim, nə deyim bilmirəm. Kaş heç bilməsəydim deyə düşünürdüm dünən,–biraz dayanıb, davam etdi–sən olsan yerimdə nə edərdin?

–Onları tanıyardım. Bu, həmçinin onların haqqıdır. Sonrasını isə düşünməzdim. 

–Sən onlarla…yəni onlarla uzun müddət bir yerdə yaşamısan. Məni də tanıyırsan. Nə düşünürsən? Fərqli insanlarıq? Oxşarlığımız var?
Könül cibindən çıxardığı köhnə bir fotonu Rüstəmin önünə qoydu. “Köhnə əşyaları atarkən tapmışdım neçə ilsə əvvəl. Atmağa əlim gəlmədi, saxladım.”

–Mənim də xəbərim yox idi,–Samir deyərək boylanıb, baxmağa çalışdı. 

–Xatırlayırsan nə zaman çəkildiyini?

Samir diqqətlə baxıb əvvəl xatırlamasa da, sonra “hə” dedi. “Qədirin birinci yaşını qeyd edirdik. Polaroidləri var idi, gətirmişdilər ki, kollektiv çəkdirək, xatirə qalsın. Bax, bu Vaqifdir, bu da Rita” deyə şəkili göstərdi. “Sən heç dəyişməmisən” deyərək Könülə baxdı. 

–Qocalmışam, necə yəni dəyişməmişəm.

–Haqlıdır, çox da dəyişməmisən.–Rüstəm təsdiqlədi.

–Görüşmək üçün bir gün, yer danışmısız? Planınız nədir?

–Planımız yoxdur. Yaydan bəri heç danışmamışıq. Müharibənin bitməyini gözləyirik ki, vəziyyət biraz sakitləşsin. Sonrasına baxarıq. Sən də razı olsan bir ölkədə görüşərik. 

–Müharibə dayansın, baxarıq,–deyərək ayağa qalxdı.–amma həmin günə qədər bu söhbət açılmasın. Heç kəs də bilməsin.

Başı ilə işarə edib, hər ikisi Rüstəmin şərti ilə razılaşdığını bildirdi. Rüstəm həmin günü otağından çıxmadı. Yemək üçün günorta çağırsa da, yemək istəmədiyini deyib, otaqda qaldı. İş çıxışı Qədir gəldi. Samirlə telefonda dünəndən baş verənləri danışmışdı deyə hər şeydən xəbərdar idi. Samir Qədirin belə asan qəbullanacağını düşünməmişdi. Niyəysə ən çox ondan reaksiya gözləyir, problem yaradacağını düşünürdü. Qədir isə heç bir söz deməyərək gözlədi, sonra da Rüstəmlə maraqlanmağa başladı. Bəzi günlərdə özüylə yazışıb maraqlanırdı da, amma heç bir halda ona bu mövzu ilə bağlı sual vermirdi. Danışmaq üçün zamanmı gözləyirdi, yoxsa danışmaqdan qorxurdumu bunu özü də bilmirdi. Tək bildiyi Rüstəmə qarşı olan hissləri eynilə qalmışdı. Nə övladlıq olmağı, nə də başqa millətdən olmağı önəmli deyildi.

Evə gəldiyində artıq saat gec idi deyə geri dönə bilməyəcəkdi. Hərbi vəziyyətə görə 9-dan sonra çölə çıxmaqları qadağa idi. Buna görə Vəfa ilə danışıb, gecəni burada qalacağını dedi. Bu əslində bir bəhanə idi. İstəsə daha erkən gəlib, söhbət edib, gedə bilərdi, amma bu halda qısa danışmalı idi. O, isə nə danışacağını dəqiqləşdirməmişdi deyə vaxt qazanmalı idi. Rüstəmə verəcəyi sual yox idi, sadəcə onun fikrinin necə dəyişdiyini görmək istəyirdi. Əmin olmaq istəyirdi ki, qarşısındakı hələ də onun qardaşı Rüstəmdir. Axşam yeməyini birlikdə yedikdən sonra otağına getdi. Yemək zamanı müzakirə edilməməsi Qədiri narahat edirdi. Onun da fikrinin alınmağını, nə düşündüyünün öyrənilməyini gözləyirdi halbuki.

Rüstəm telefonla məşğul idi. Qədir isə söhbətə başlamaq üçün bəhanə axtarırdı.

–Biraz da özünü sıxsan partlayacaqsan.–Rüstəm gülümsədi.

–Necə?

–Nəsə demək istəyirsənsə, de.

–Əslində deyəcək nəyimsə yoxdur, sadəcə sənin nə düşündüyünü öyrənmək istəyirdim.

–Nəsə düşünmürəm. Müharibə bitsin, görüşərik, daha sonra təzədən düşünərik.

–Birdən onlarla getməklərini istəsələr necə olacaq?

–Sən hansını istəyərdin?

–Çətin sualdır.–gülümsəyir,–başqa vaxt olsa, düşünmədən “hə” deyərdim. Getsən səni bir daha görə bilməyəcik. Qalsan necə olacaq, onu da bilmirəm. Bizimlə bitmir bu ölkə.

–Mənim üçün bu ölkəni, şəhəri əziz edən siz olmusuz. Dostlarım, uşaqlığım, xatirələrim. Xatırlayırsan, bir dəfə sən məktəbdən bir qızla sevgili idin? Baxçanın həyətində görüşmüşdünüz, məni də kimsə gəlsə xəbər edim deyə qoymuşdun qapıya. Arxa tərəfdən qardaşı gəlib tutmuşdu sizi. Özüylə bərabər uşaqlar da gətirmişdi.

Qədir utanaraq, gülümsəyir. Əli ilə qulağını oynadır. “Məni döyürdülər, sən də uzaqdan mənə baxırdın. Mənə kömək etmək üçün araya girib, özünü də döydürmüşdün.” deyir. 

–Bədənimindəki izlər neçə gün getməmişdi. Yaxşı ki, evdən bilən olmadı. Üzümüzə vurmamışdılar deyə bəxtimiz gətirmişdi. Ağrıdan inildəyib, yatırdıq.

Bir-birilərinə deyəcək sözləri çox olsa da, Qədir duyğularını göstərməkdə elə də bacarıqlı deyildi. Rüstəm həmişə Vəfayla necə münasibət qurub deyə ona sataşardı. 

–Nərminə dedim.–Rüstəm dedi.

–Nə vaxt? Niyə dedin?–Qədir yerindən atlayıb, Rüstəmin qarşına keçdi.

–Kimləsə danışıb, dərdləşmək istəyirdim. Düşünürdüm ki, Nərmin məni dinləyib, başa düşəcək. 

Qədir sağ qaşını qaldırdı. Nəyin baş verdiyini təxmin etmək çətin deyildi.

–Əvvəl inanmadı, zarafat etdiyimi düşündü, sonra elə bildi ki, ondan ayrılmaq üçün belə deyirəm. Danışdım, o da dinlədi. Ayağa qalxdı, heç nə demədi. Çıxıb getdi. Bir saat yazmadım, mesaj yazmaq istəyəndə isə gördüm getmir, adımı artıq silmişdi.

–Kaş deməsəydin. Hələki indiki dövrdə. Gedib kiməsə xəbər etsə, nə olacaq? Başına problem yaradacaqsan, heç kəs də qurtara bilməz səni.

–Edəcəyini düşünmürəm. Özünə də problem olar deyə düşünəcək. Ona da nəsə edərlər deyə qorxar. Ayrılmağının bir səbəbi də budur, digər səbəbi isə “bir erməniylə sevgilidir” deyilməyini özünə yaraşdırmadı. 

–Bəlkə də belə yaxşı oldu. Yolun başında görmüş oldun.

–Haqq verirəm ona. Özüm bunu düşünərkən ondan fədakar olmağını gözləməməli idim.

Rüstəmin telefonuna zəng gəldi. Qədir gecə gələn zəngdən narahat olub, boylanıb telefona baxdı. Rüstəmin qrup yoldaşı Elxan idi. Tanıdığı üçün rahatlayıb, yerinə qayıtdı. Rüstəm telefonu açıb, dinləyib, arada bir “nə vaxt?”, “yaxşı”, “xəbərləşərik” deyib telefonu yanına qoyub hərəkət etmədən zilləyib, gözünə sataşan ilk əşyaya baxdı. Qədirin nə deyirdi?-sualına cavab vermək istəmirdi. Danışsa ağlayacaqdı. Özünü yığışdırıb, cavablandırdı: “Əli var idi, qrupdan. Görmüsən də bir neçə dəfə. Onu deyirdi. Qardaşı müharibədə həyatını itirib. Sabah hamımız yığılıb, ora gedəcəyik. Sən də gəl dedi”

–İstəsən getmə.

–Niyə?

Qədir cavab verə bilmədi.

–Tanıyırdım uşağı. Pis uşaq deyildi. Xasiyyətinə görə əsəb olsam da, niyyətinin pis olmadığını hiss etmək olurdu. Kiçik qardaş olduğundan özünü sübut etmək, onun da nəsə bildiyini göstərmək üçün çabalayırdı.

Qədir gülümsəyir.–Tanış gəlir.

Rüstəm gülümsəyib, başını yastığa qoyaraq yuxuya getdi. 


5


Müharibənin bitdiyi xəbərini daha sonra heç müzakirə edilməyə bir raket çatdırmışdı. Bütün şəhər onun səsini eşidib, yuxudan oyanmışdı. Nə olduğunu öyrənmək istəyərkən isə artıq bəyanatın imzalandığını görmüşdülər. Müharibənin sonlandığı xəbəri ilə gecə insanlar küçəyə axışmış, bunu qeyd etməyə başlamışdılar. Həmin gecə evdə təkcə Rüstəm oyaq idi. Birinci evin silkələnməsi zamanı düşündü ki, zəlzələ olur, ayağa qalxdı ki, hər kəsi oyadıb, həyətə düşsünlər, ardıyca pəncərəsində parıldayan işıq və gurultu səsindən sonra başa düşdü ki, şəhərə raket düşüb. Raketdən heç bir xəbər deyilməzkən müharibənin bitdiyini, bəyanatın imzalandığını dedilər. Tv-də isə “Babək” filmi gedirdi. Azərbaycan televiziyasında adət olunmuş bir vərdiş idi. Hər hansısa önəmli hadisə baş verərkən ya ondan əvvəl, ya da onun yerinə mütləq “Nəsimi” və ya “Babək” filmi yayımlanardı. Bu dəfə də film ilə zaman qazanıb, ardıyca rəsmi olaraq müharibənin bitdiyini elan etdilər.

Səhər heç kəs işə getməyib, şəhərə əylənməyə getmişdi. Hər kəs gəzir, zəfəri qeyd edirdi. Aralarından birisi çıxıb, sorğu keçirməli idi mütləq. Bu münaqişənin tarixini bilən şəxslərin faizi nə qədər olardı, görəsən? Ölümlərin, insanları illərdir torpaqlarından ayrı salan, yenidən ocaqları söndürən, ailələri gözü yaşlı qoyan bu münaqişənin tarixini neçə nəfər bilirdi?

Rüstəm səhər qalxıb, şəhərə düşmüş, insanların arasında dolaşaraq başa düşməyə çalışırdı. Müharibə, intiqam, zəfər onun üçün əvvəl də qeyri-müəyyən anlayışlar idi, amma artıq hadisələrə daha fərqli baxırdı. Məcbur idi. Çıxıb meydanda öz hekayəsini danışsa, onu dinləyib haqq verən olardımı? “Ermənisən…” deyə döyüb, öldürərdilər bəlkə də. Buna görə kimi qınayacaqsan? Çıxıb deyəcək ki, “mənim qardaşım müharibədə şəhid olub, onu bir erməni öldürüb”. Həqiqətən də elə idi, onu “bir erməni” öldürüb. Bu erməninin adı, yaşı, üz quruluşu məlum deyil. Naməlum. Bəlkə o da öldürdüyündən xəbərsizdir. Kimi öldürdüyünü bilmir. Soruşsan “bir azərbaycanlı öldürdüm” deyəcək. Yalan da deməyəcək, öldürdüyü “bir azərbaycanlı” idi. Yaxınlaşıb, adına da baxmamışdı bəlkə.

Günlər keçir, müharibə öz gündəmini itirirdi. Samirə gələn zəng də buna işarə idi. Vaqif Aramdan gözlədiyi cavabı öyrənib, sevinir. İllərin həsrəti bitəcəkdi, bundan daha önəmlisi isə qorxduğu olmamışdı. Hər gün “ya Aram bizimlə görüşmək istəməsə, ya bizdən imtina etsə” sualı artıq cavablanmışdı. Başqa bir sual olsa da, onun nəki cavabından, sualın özündən qorxurdu.

Samir görüş üçün vasitəçilik etdiyi dostunun yanına, Rusiyaya getməyi təklif etsə də, Vaqif bu təkliflə razılaşmadı. Mövzunu siyasiləşdirərək “səbəbkarın evinə gedəcik bir də?” demişdi. Samir birinci dostunun nə günahı olduğunu düşünsə də, sonra Vaqifin nəzərdə tutduğunun o olmadığını başa düşüb, gülümsədi. Onun üçün bunun əhəmiyyəti yox idi. Tam tərsi onları birləşdirənin Rusiya olduğuna inanırdı. Rusiya olmasa idi birlikdə yaşadıqları o illər də olmayacaqdı. “Rus hakimiyyəti dağıldığı üçün biz bədbəxt olduq” arqumentinə sığınardı hər müharibə mövzusu düşəndə.

Qafqazlılıq edib, Qafqazın paytaxtında görüşmək ən doğrusu olar deyə razılaşdılar. Yazıq gürcülər, öz dərdləri bəs deyilmiş kimi hər dəfə də 2 qonşuya da qonaqlıq edərdi. Buna görə, hətta gürcülər daha qonaqpərvərdir demək olar.

Qədirin fikri getməməkdə qəti idi. Daha doğrusu Rüstəmin orada fikrinin dəyişməsindən, onlarla qalmağından qorxurdu. O vaxt orada olmaq istəmirdi. Samir və Könül nə qədər  desə də getməyəcəyini deyib, dayandı. Rüstəm gəlib danışdıqdan sonra rahatlayıb, qəbul etdi. Onlarla geri dönəcəyini düşünərək təklifə razılıq verdi. Daha sonra Vəfa ilə danışıb, ona da vəziyyəti izah etməli idi, amma istəmədi ki, onu özü desin. Evə çağırıb, bu işi Samirin öhtəliyinə buraxdı. Hekayənin müəlliflərindən birisi o idi, onun danışmağı doğru olacaqdı. Qədirə reaksiyası bəlkə daha sərt olardı, amma Samirə bunu edə bilməyəcəkdi deyə təmkinli olmağa məcbur qalacaqdı.

Getmək qərarına bu dəfə Vəfa razı olmasa da, Qədirin və Könülün təziqi ilə qəbul etməli oldu. Qədir və Könül bu görüşü bir mübarizəyə çevirmişdi. Üstün olacaqları halda Rüstəmə orada təsir edə biləcəklərinə inanırdılar. Onlara görə Rüstəm qalmaq istəyirdi və bu fikri dəyişməməli idi. Əgər orada Vaqif və Ritanı görsə və onların şirin dilinin təsirinə düşsə, onlarla qalmaq istəyə bilərdi. Samir bu baxımdan zəif idi. Rüstəmi onlardan qurtara biləcək gücdə deyildi.

Hava limanına yaxınlaşdıqca həyəcan biraz daha çox artırdı. Onları nəyin gözlədiyindən xəbərsiz idilər. İllərdir görmədikləri insanlarla qarşılaşacaqdılar, həm də Aramlarını təhvil vermək üçün. Gömrükdən keçərkən Könül bir an geri dönüb, qaçmaq istədi. Rüstəmlə yanaşı dayanmışdı, gömrük əməkdaşı “Rüstəm bəy” deyə səslənib, pasportuna baxdı. İçini bir kədər bürümüşdü ki, artıq Rüstəm deyildi, Rüstəmlikdən çıxmışdı və bir daha Rüstəm olmayacaqdı. Sərhəddin o yanında da Rüstəm idimi?

Onları Tbilisi hava limanında Vaqiflə Rita qarşıladı. Təyyarədən düşəndən Rüstəmin qolunu buraxmayan Könül, hava limanından çıxarkən artıq Rüstəmdən uzaqlaşırdı. Evdə Qədirlə qurduğu bütün planların puç olduğunu başa düşüb, məğlubiyyəti ilə barışmışdı.

Hava limanının çıxışında Samirlə Vaqif bir-birini tanıyıb, qucaqlaşıb görüşdü. İllərin həsrəti, möhkəm dostluq. Könül və Ritanın arası yaxşı olsa da, yaxınlaşıb, görüşmək fikrində deyildilər. Vaqif çox dəyişməmişdi. Saqqallı idi və saçı ağarmışdı. Rita isə çox dəyişmişdi. Könül onu daha kiçik xatırlayırdı, halbuki Könüllə yanaşı dayananda ondan hündür olduğunu görüb, keçmişə gedib yaddaşını qurdalasa da xatırlaya bilmədiyini başa düşüb, fikri başından atdı. Daha önəmli məsələ var idi.

Samir və Vaqif əvvəl rusca danışsalar da, sonra azərbaycancaya keçdilər. Nə Rüstəm, nə də Qədirlə Vəfa rus dilini bilmirdi. Vaqif, sonra da Rita Könül ilə görüşdü. Könüldən aralaşıb, Rüstəmin üzünə baxdılar, gözləri dolmuşdu, amma heç biri onu qucaqlaya bilmirdi. İllərdir xəyalını qurduqları an gəlib çatmış, amma onlar qarşılarında dayanan oğullarını qucaqlaya bilmirdi.

Rita yaxınlaşıb, əliylə Rüstəmin üzünü sığallayıb, üzünə baxdı. Boyu necə uzanmış, görüntüsü necə dəyişmişdi. Erməni dilində “oğlum” desə də, Rüstəm nə dediyini başa düşmədi. “Aram, necəsən?”

Qarşısında dayanan qadın onun doğması olduğu halda, çox yad gəlirdi. Kənarda bir ömür ona analıq edən qadın olmasaydı, qucaqlayıb, “ana” demək istəyərdi bəlkə də. Rita dözməyib Aramını bağrına basıb, qucaqladı. Rüstəm isə heç nə etmədən özünü onun ixtiyarına buraxıb. əllərini çiyninə aparıb, yüngülcə toxundu. Samir və Könül bu mənzərə qarşısında sadəcə tamaşa edirdi. Qədir duyğulansa da, yaşadığı hisslərin qardaşının sevincinə görə idimi, yoxsa qorxuya görə idi, ayırd edə bilməmişdi. Daha sonra Vaqif də görüşüb, birlikdə hotelə yollandılar.

Qədir və Vəfa bir otaqda, Samir və Könül bir otaqda qalacaq, Rüstəm üçünsə tək otaq tutmuşdular. Vəfa Rüstəmi unutmuş, Səbinəni özləriylə gətirmədiklərindən rahat çıxıb, gəzmək planı qururdu. Qədir isə buna çox həvəsli görünmürdü. Gün sonunda yemək üçün toplaşıb, ilk dəfə bir araya gələcəkdilər. Qaynayıb-qarışmaq hissəsi orada başlayacaqdı əsas. O vaxta qədər otaqlarında yerləşib, dincəlmələri üçün razılaşmışdılar.

Rüstəmin ailəsindən ilk təəssüratı yaxşı idi. Onların üzünə çox diqqət etməsə də, anasına daha çox oxşadığını düşündü. Anasının üzündən illərin həsrətini, ayrılığın buraxdığı izi görmək olurdu. Vaqif də gizlətmir, bunu büruzə verirdi.

Yemək vaxtı hazırlaşıb, birlikdə düşdülər. Vaqif və Rita onlardan əvvəl gəlib, masanın başında gözləyirdi. Hər ikisinin gözləri işıq saçırdı. Azərbaycan dilində “bir daha xoş gəlmisiniz, buyurun” deyərək yer  göstərib, ardıyca da özləri əyləşdi. Hotelin işçisi 40 yaşlarında bir qadın idi. Girişdə ondan başqa 2 kişi olsa da, müştərilərlə daha çox bu qadın məşğul olurdu. Onları salamlayıb, yeməklərini qeydə aldı, masaya gürcü sularından, şərabdan qoyub uzaqlaşdı.

Vaqif əvvəl Samir üçün, sonra da özü üçün süzüb, qadınlara tərəf döndü. “Siz xatırladığım qədər içmirsiniz” Könülə dedi. Könül “yox” mənasında gülümsəyib, təşəkkür etdi. “bəs siz?” deyərək Qədir və Rüstəmə döndü. Normalda hər ikisi içsə də atalarının yanında içməmək üçün onlar da təşəkkür edib, imtina etdilər.

Vaqif qədəhini qaldırıb sözə başladı. “Əvvəla hər biriniz xoş gəlmisiniz. Təklifimi qəbul etdiyiniz, gəldiyiniz üçün minnətdəram” deyib, dayandı. Yeməklər gəlmişdi deyə bir dəqiqə onun üçün fasilə etdi ki, işini bitirib, getsin. Rüstəmin diqqətini Azərbaycan dilində belə səlis danışmağı çəkmişdi. Vaqif neçə il idi ki, Azərbaycanda yaşamır, böyük ehtimalla da heç kəslə danışmamışdı, amma onunla belə danışığı səlis idi. Kənardan dinləyən birisi onun azərbaycanlı, yoxsa başqa millətdən olduğunu ayırd edə bilməzdi.

“...Harada qalmışdım?! Hər biriniz xoş gəlmisiniz. Çox istəyərdim ki, bu görüşümüz burada deyil, mənim doğma şəhərimdə olsun, amma bizi bura gətirən, evimizdən ayrı salan, illərdir bizi uzaq edən bəlaya görə təəssüf ki, görüşümüz belə gecikdi. Geciksə də, əsas odur ki, baş tutdu. Rita buradır, o təsdiqləsin, mən hər oturub söhbət edəndə sizdən və bir gün yenidən bir araya gəlməyimizdən danışırdım. Sizi burada görmək mənim üçün xoşdur. Hisslərimi necə ifadə edim, nə deyim, inanın bilmirəm. Əsas yenidən bir araya gəldik, qovuşduq, bundan sonra heç bir təhlükəsi yoxdur” deyib, dayandı. Birazdan davam edərəm deyərək “bir daha xoş gəlmisiniz” deyərək qədəhini Samirlə toqquşdurub, göyə qaldırdı. Masadakılar da su ilə dolu qədəhlərini qaldırıb, onlara yoldaşlıq etdi.

Sağlıq demək sırası Samirə çatmışdı. Ürəyindən nəsə demək keçməsə də, köhnə dostu ilə uzunmüddət sonra görüşmək və biraz da içmək danışmağına kömək edəcəkdi. “Mən də sizə xoş gəldin demək istəyirəm” deyərək Ritaya tərəf çevrilib, sonra Vaqifə baxdı. “Neçə ildir görüşmürük hesabını edib, rəqəmlərə ilişməyəcəm. Rəqəmlər bizim düşmənimizdir. Ömrümüzdən yeyir, doymasa bir parça da sevincimizə şərik olur. Xatırlayıram… sizi yola saldığımız günü. Qar yağmamışdı, amma dəhşətli bir şaxta var idi havada. Necə gedəcəksiniz, necə edəcəksiniz deyə plan qurur, adam axtarırdıq. Güvənmək də ayrıca bir dərd olmuşdu həmin vaxt. Sonra bir maşın tapdıq, o bir yerə qədər aparacaq, sonra başqa bir maşına minəcəkdiniz. Çox çətin günlər idi. Təbii ki, siz yaşadığınız üçün siz daha yaxşı ifadə edərsiniz. Mən sadəcə təxmin edə bilirəm.” biraz dayanıb, davam etdi, “bura gələrkən bəlkə də eyni şaxtanı, qorxunu biz yaşadıq. Deyə bilərsiniz ki, nə etmisiz. Minmisiniz təyyarəyə, gəlmisiniz. Elə deyil. Rüstəmdən… icazə verin mən Rüstəm deyim, o bizim Rüstəmimizdir. Rüstəmi bu dəfə biz bir daha görə bilməmək qorxusunu yaşadıq. Sənin mənə etdiyin ilk zəngdən, bu günə qədər nələr çəkdiyimi bir özüm bilirəm, bir də Könül. Siz gedəndən sonra o bizə əmanət uşaq yox, övladımız oldu, hələ də elədir. Bu gün sizi yenidən qovuşdurmaq sevincini yaşayarkən bunun kədərini də bərabərində yaşayıram. Səhv başa düşməyin məni, amma nə yaxşı ki, bizimlə qaldı, bizimlə yaşadı deyirəm. Başımıza nə gələcəyini bilmirik, məncə, düşünməyə ehtiyac da yoxdur. Gələcək belə önəmli olsaydı bizə deyərdilər. Əsas olan bu gündür. Bu günümüz üçün yaşayırıq. Buna görə də bu günümüz üçün içməliyik. Keçmişdəki kimi yenə bir yerdə olaq” deyib, barmağını gözünə aparıb, damcıları təmizləyib, gülümsəyərək qədəhi əvvəl Vaqiflə toqquşdurub, sonra göyə qaldırdı.

Yeməkdən sonra Vaqiflə Samir içkisinə davam edərək, söhbət etdi. Rita və Könül isə yanlarına Rüstəmi alıb, otağa qalxdı. Könül əvvəlcə onları tək buraxmaq istəsə də, Rüstəmin də, Ritanın da çəkingənliyini görüb yanlarında olmağın doğru olduğunu düşündü. Qədir isə Vəfayla bərabər şəhəri gəzməyə çıxmışdı.

Samir Vaqiflə telefonda bir neçə dəfə danışmış, Rüstəmdən də bəhs etmişdi deyə təkrar etməməyə çalışıb, daha fərqli hadisələri, hekayələri danışmağa çalışırdı. Bəzən köhnə məhəllələrindən, dostlarından danışır, onların nə işlə məşğul olduqlarını deyirdi. Söhbət Qədirlə, Rüstəmin sünnət toyuna düşəndə Vaqifin kefi qaçmışdı. “Niyə sünnət etdin ki?” sualını çəkinərək də olsa, verdi. Samir ona bunu etməymə məcbur idim. Hər kəs onu mənim övladım kimi bilirdi. Qədiri etməyib, onu etməsəm nə deyərdilər?-desə də, Vaqif ağzında mırıldanıb, dayandı. Gülümsəyib, “erməni deyilməyindən qorxdun?” deyə soruşdu. Vaqif erməni olsa da, həyatı Bakıda, müsəlmanlar arasında keçmişdi. Bilirdi ki, müsəlmanlar sünnət olmayan uşaqlara ya “erməni”, ya da “urus” deyərdi.

Samir Vaqifdən Bakıyla bağlı düşüncələrini soruşanda onun incikliyini görüb, bu söhbəti çox davam etdirmək istəmədi. “Bakıya geri dönmək istəyərsənmi?” sualına isə “imkan olsa, gəlib gəzmək istəyərəm. Bakı mənim doğma şəhərimdir. Mən bakılıyam, amma yaşamağımı soruşsan cavabım yəqin ki, yox olacaq. Artıq məni orada saxlayan heç nə yoxdur. Qohumlarımın məzarları hətta sökülüb.” demişdi. 

Yuxarda da eyni söhbətləri Könül Rita üçün edir, Rüstəmin uşaqlığını, xatirələrini, yadında qalan vərdişlərini hekayə edib, danışırdı. Bəzilərini Rüstəm özü də ilk dəfəydi eşidirdi. 

Rita Rüstəmin əllərindən tutub, qarşısında dayandı. “Sənin nə hisslər içində olduğunu başa düşürəm. İnan ki, mənim üçün də asan deyil. Körpəykən qoyub getdiyim oğlumu böyüdüyünü görmək, iki yad insan olaraq bir-birimizə baxmaq mənə də çətindir. Sənin belə asan qəbullanmağını gözləmirik. Sadəcə səni tanımaq istədik. Sən mənim Aramımsan, amma onların da Rüstəmisən. Nə qədər bu bizim üçün belə deyil desək də, reallıq budur.” deyib, Könülə tərəf çevrildi. “Onu öz övladından ayırmadın, onun sənə baxışından hiss edirəm. Sənə ana deyir, anası olduğundan hələ də tərəddüd etmir. Buna görə sənə təşəkkür edirəm. Aramı sizə buraxıb, gedəndə yolda çox ağlamışdım. İmkanım olsaydı geri dönüb götürəcəkdim. Gedəndən sonra xəstələndim. Aylarla dərddən birtəhər olmuşdum. Aram nə edir, ona necə baxmısız, kimsə gəlib sizdən alıbmı deyə düşünməkdən dəli olmuşdum. Gecə yuxularımda görürdüm. İllər keçir, Aramım isə böyümürdü. Böyüyəndə kimə oxşayacaq deyə təsvir edə bilmirdim. Hər il dərdim biraz daha çox artırdı. Sənə ana deyəcək, səni ana deyə qucaqlayacaqdı. Sonra çox istəsək də başqa uşağımız olmadı… Aramın məktəb yaşı çatmışdı. Onun məktəbə getdiyini təsvir edirdim. Necə bir qızdan xoşu gələcəkdi deyə düşünürdüm. Universitetə gedəcəkdimi? Bağışlayın məni, amma içimdəki narahatlıq, güvən məni rahat buraxmırdı. Vaqif təsəlli versə də, o da qorxurdu.” deyib, dayandı.

Rita çantasından bir şəkil çıxarıb, Arama uzatdı. “bu şəkili dünyaya təzə gəldiyin zaman çəkmişdik. Evdən çıxanda özümüzlə albom götürsək də, Rusiyaya gedərkən vağzalda bir çantamızda itib-batdı. Səndən qalan bir bu şəkil idi”. Şəkili əlinə alıb, baxdı. Uşaqlığına aid evdə şəkillər olsa da, bu yaşına aid heç nə yox idi. Özünə baxıb, gülümsədi. Öz otağına keçib, kravata uzanaraq yaşadıqlarını bir araya gətirib onları analiz etməyə başladı. Başının ağrısının dəhşət artdığını görüb, yatmaq qərarına gəldi. Oyandığında səhər olmuşdu. Qədirin qapını döyməyi ilə yuxudan oyandı. Qapını açıb, çimib, gələcəyini deyib onu yolladı. Hamamda suyu açıb, altında dayandı. Qurulanandan sonra aynanın qarşısında özünə baxdı. Aynada baxdığı şəxs kim idi? Rüstəm idimi, yoxsa Aram? Hansı olmaq istəyirdi? Onun üçün hansının olmağı önəmli deyildi bəlkə, amma birini seçməyi digərinin haqqını tapdalaya bilərdi. İkisi birdən ola bilərdimi bəs? Buna imkan verərdilərmi?

Paltarını geyinib, aşağı düşdü. Hər kəs onu gözləyirdi. Gülümsəyib, masada yerinə əyləşdi. Bu masadakı hər kəs ona doğma idi, onları xoşbəxt etmək üçünsə, birinci özü xoşbəxt görünməli idi.

Yeməkdən sonra Vaqifin təklifi ilə üçün birlikdə şəhərə çıxdılar. İlk dəfə ailə olaraq gəzmək, vaxt keçirmək istəyirdilər. Şəxsi söhbət etsinlər deyə də heç kəs bu təklifə irad bildirmədi. Günün sonunda da deyib-gülərək geri dönmüşdülər. Gördükləri qədər Aramla dil tapmağı bacarmışdılar.

Daha 2-3 gün birlikdə vaxt keçirmək fürsətləri olsa da, geri dönmək vaxtı gəlib çatmışdı. Rita və Vaqif onlarla birlikdə hava limanına qədər gəldilər. Ayrılıq zamanı Aram onlarla qucaqlaşıb, sağollaşdı. Bu onlar üçün önəmli bir mesaj idi. Aramları daha onlardan ayrılmayacaqdı. Ola bilsin ayrı ölkədə olacaqdılar, amma istədiyi zaman yenə də görə biləcəkdilər.

“Aram sənə əmanətdir. O, öz doğma şəhərinə, Bakıya qayıdır. Onun evi oradır, bizi sadəcə evimizdən ayrı salıblar. Gün gələr Bakıda yenidən görüşərik, qismət olmaz başqa şəhərdə, ya elə burada” deyib qucaqlaşdılar. Qədirlə, Vəfanı da qucaqlayıb, görüşdükdən sonra sağollaşmaq zamanı gəlib çatmışdı. “Oğlumu qoru” deyə Rita səsləndi. Aram əl edərək gömrükdən keçdi. Arxaya boylanaraq irəliləyib, daha sonra gözdən itdilər. 

Onlar üçünsə hekayə hələ bitməmişdi, hətta yeni başlayırdı da demək olardı.