SƏMƏD ŞIXI - HEKAYƏM
Hər kəs öz hekayəsini yazmaq istəyib...
Bu hekayə digərlərindən fərqlənir, çünki bu hekayədə mən də varam. Xeyr, hekayə məndən bəhs etmir, sadəcə bu əhvalatın baş qəhrəmanı–Səid, onun həyatını yazdığımı bilir, yəni mənim hekayəmin bir qəhrəmanı olduğundan xəbərdardır. Həmişə düşünmüşəm, öz hekayəmi yazmaq imkanım olsaydı, ona nələr əlavə edərdim? Ona müdaxilə etmək fürsətim olsaydı, ya da etdiyim nəyisə silib təzədən yazmaq kimi bir şansım olsaydı nə olardı?
Təəssüf ki, mən öz yazıçımla danışa bilmədiyimdən belə bir imkanım da yoxdur, amma Səidin var. Onun taleyinin müəllifi olaraq ona bu imkanı verəcəm.
Yazıçılar hekayə yazarkən çox qəddar ola bilirlər. Hekayə maraqlı olsun, istədikləri kimi bir təsvir yaransın deyərək problemlər yaradır, bu problemlərin içərisində yaratdıqları obrazlara əziyyət verə bilirlər. Bəs qəhrəmanın istəyi necə olacaq? Axı bu həyatı o yaşayacaq. Ona istəmədiyi şeyləri niyə etdiririk?
“Mənim həyatımdan bəhs et. Nələr yaşayacam? Ümumiyyətlə, necə birisiyəm?”
Səid gözünü açıb, pəncərədən gözünə düşən günəş işıqlarıyla günə və hekayəsinə başladı. İşıqdan gözü qamaşdığı üçün əliylə üzünü tutub, yana çevrildi. Doğrulub, ayağa qalxdıqdan sonra yatağın yanından asdığı paltarlarını əyninə geyinib, pəncərə önündə özünə baxaraq saçıyla oynadı. Yuxusunu tam almamışdı. Yatağına dönüb, ona tərəf getmək istəsə də, ayaqları onu otaqdan çıxarıb, hamama saldı. Dodağının altında deyinərək hazırlaşıb, işə tələsdi. Çöldə qəşəng hava olsa da, Səidin üzü niyəsə gülmürdü. Narazı olduğu hər halından bilinirdi, amma onun üzünü güldürəcək hadisə hələ irəlidə idi.
Həyat, deyəsən, belə bir şeydir. İdarəsi səndə olsa da, onun qaydalarına uyğun oynamalısan, əks halda heç bir marağı qalmaz.
“Hər şeyi başa düşürəm, amma bir işimin olmağı mütləqdir?”
Yox, sadəcə sənin üçün bir həyat qurmalıyıqsa, sənə bu dünyanın hər üzünü göstərmək lazımdır. Onun üçün də bir məkan lazımdır. Sözümün canı, bu iş sənə həyata başlamaq üçün yoldur.
Səid üzünü turşudub, masasını yoxladı. Günlük planını qeyd etdiyi dəftərini tapıb, oradan nə edəcəyini oxumağa başladı. Dəftərin üstündə təkcə “Arzu Bank” yazısını görəndən sonra başa düşdü ki, bir bankın işçisidir.
“Hər gün məni bura məhkum edərək, həyatımda nə kimi bir yol açacaqsan, çox maraqlıdır.”
Səidin də digər insanlar kimi həyatdan gözləntisi çox idi, amma həyat belədir. Heç nəyə ehtiyacın olmasa da, hər şeylə təmin edilsən də, özünü bir yerə aid görmək istəyirsən. Bəlkə də ölkələr, millətlər buna görə var. Toplumun arasında sığına bildiyin başqa kimsə olsun.
Səidin iş saatı qurtardıqdan sonra ofisdən ayrılıb, evə gedir. Nə iş gördüyünü hələ başa düşməsə də, ən azından bir günü bitirdiyini başa düşürdü. Evi ofisə yaxın idi, həm də gözəl idi. Evə çatdıqdan sonra nə edim deyə biraz düşünüb, paltarını dəyişib, dolaşmağa çıxdı. Sahilboyu axşam gəzintisi yaşadığı şəhəri kəşf etmək üçün yaxşı başlanğıc idi. Ya da yeni bir insan tanımaq üçün.
Mənzərəsi qəşəng bir yerdə əyləşib, sahili izləyərək kofesini içdi. Yanından keçən pişiyi qucağına alaraq onunla biraz oynadı. Oyundan sıxılan pişik əlini dişləyərək yerə atlayıb, oradan uzaqlaşdı. Səid barmağını ağzına soxaraq, pişiyə deyinərkən yan masada oturan qadının ona baxaraq gülümsədiyini görüb, barmağını ağzından çıxardı. Barmağını digər əliylə sıxıb, qadının hələ də ona baxıb-baxmadığını yoxlamaq üçün gözucu ona tərəf çevrildi.
“Nə gözləyirsən, hərəkət et”
Qadın çantasından salfetka çıxarıb, spirtləyərək Səidə uzatdı.
-Bununla təmizlə.
Səid salfetkanı götürüb, barmağını sildi.
-Heç nə etmədim halbuki. Oynadı, bezəndən sonra dişləyib getdi.
-Xainlikləri var. Evdə də biri var, o da elədir.
Səid gülümsəyib, necə davam etsin deyə düşündü. Gözəl gülüşü var idi. Gülmək insana yaraşmalıdır deyə düşündü. Hər insanın gülüşü gözəl olmurdu. Gülüşünün gözəl olmağı üçün əvvəlcə qəlbin gözəl olmalıdır. Qəlbində çirkinlik daşıyan bir insanın gülüşü heç vaxt gözəl ola bilməzdi. Bu qadının isə gülüşü çox gözəl idi. Hər gün gəlib, saatlarla sadəcə gülüşünü izləyə bilərdi.
Səidin gözü qadının əlindəki kitaba sataşdı.
-Nə kitab oxuyursuz?
-Şeir sevirsiz?
Bir qadın nəsə təklif edirsə, heç bir kişi o təklifə yox deyə bilməz. Kişinin belə bir hüququ yoxdur.
-Əlbəttə.
Qadın vərəqi qatlayıb, kitabı Səidə uzatdı.
Kitabı götürüb, vərəqin qatlanmış hissəsindən oxumağa başladı.
-“Göz yaşlarım heç vaxt axmayıb çölə,
Mənim qəlbim su içindədir”
-Adım Pikədir.
Səid vermədiyi sualın cavabını almışdı. Başa düşürdü ki, bir eşqin başlanğıcındadır, amma heç yaşamadığı bir hissin ona necə təsir edəcəyini düşünüb, qorxusunu gizlətməyə çalışdı.
-Səid. Adım Səiddir.
-Bura tez-tez gəlirsən?
-Artıq tez-tez gələcəm.-deyə Səid cavab verir.
Pikə gülümsəyib, Səidin əlindəki kitabı qaparaq çantasına atır. –Mən indi getməliyəm, sabah burada olacam.-deyərək oradan uzaqlaşır.
“Sevgini yaşamaq istəyirəm, amma sənin bundan istifadə etməyindən qorxuram.”
Həyatı maraqlı edən də bu deyil? Nə yaşayacağımızı bilmədən qarşımıza çıxan hadisələrə istiqamət vermək; qorxub, qaça bilərik. Bu çox asandır. Belə olduğu halda heç nə itirmərik. Heç kəs də bizə zərər vura bilməz. Yaşayacağımız halda, risk etdiyimiz halda itirsək də, çox şey qazanmış olacağıq. Çox insandan fərqli olaraq bunu yaşamış bir insan olacağıq. Təcrübəmiz olacaq.
Səhər daha fərqli başlamışdı. Elə bil günəş doğarkən onun adını zikr etmişdi. Üzünü yuyarkən, saçını darayarkən axşamkı görüntüsünü fikirləşirdi ki, necə görünsəm onun xoşuna gələr. Əslində bu saxtakarlıqdır. Özün kimi deyil də, qarşındakının xoşbəxt olacağı tərzdə hərəkət etmək, görünmək istəyirsən, amma qəbul etməliyik ki, bunu etmədiyimiz halda da heç kəs tərəfindən qəbul edilmirik. İnsanlar olduğumuz kimi deyil, görmək istədikləri kimi olmağımızı istəyirlər. Vaxt isə keçir, biz artıq rola girməkdən bezirik, özümüzə dönürük və həmin diqqəti itiririk. Bu mövzuda saxtakarlığı davam etdirməyi qadınlar daha yaxşı bacarır. Rolda qalmağı, onu uzun müddət davam etdirməyi qadınlar kişilərdən daha yaxşı bacarır. Kişilər bu mövzuda çox zəifdir. Kişilərdən olsa, hətta rola da girməz, amma özünü qadına qəbul etdirməkdən ötrü bunu etməyə məcbur qalır. Qadın isə həm özünü olmadığı birisi kimi göstərməyi bacarar, həm də kişidən bunu tələb edib, o rola soxar. Həqiqətin belə olmadığını bilsə də, bundan zövq alar.
İşə tələsmək məcburiyyətdən və qorxudan irəli gəlir–işə gecikməməlisən, işdən qovula bilərsən. Yoxsa bir insan işləməyi niyə sevsin? Kimsə daha çox qazanacaq deyə əziyyət çəkmək, hər şeydən dəyərli vaxtımızı xərcləmək niyə gözəl bir şey olsun ki? Amma işləmək bir həqiqətdir. Etiraz etdiyimiz halda, ondan qaça bilmədiyimiz bir həqiqət. İşləməsək, istehsal etməsək dünya var olmayacaq. Ən ibtidai insan həyatında da işləməyə məcbur idin. İnsanların texnologiyanı inkişaf etdirib, onu bizim yerimizə işlətməyi əslində bizim azadlığımıza səbəb ola bilər. Bizi işləməkdən qurtararaq azad edə bilər.
“Məni niyə azad olaraq deyil, kölə hesab etdiyin sistemin tərkibində saxlamısan?”
Səid varlığı sorğulasa da, səbəbinə çatmaq istəmir. İnsanları azad olmalıdır, amma onları azad etmək istəyirikmi? Azad insan dünyanın işinə qarışacaq. İşləyən insanın isə buna vaxtı olmayacaq.
Səid işləyirmiş kimi göstərib, ağlındakı fikirlərlə mübarizə aparır, bununla bərabər yan masada işləyən iş yoldaşlarını süzürdü. Onlardan fərqli olduğunu bildiyi halda, qalxıb onlara bunu çığıra bilmirdi. Sizinlə bir masa arxasında ola bilərəm, amma sizdən birisi deyiləm. Mən sizin bilmədiklərinizi bilirəm. Siz əslində mənim həyatımın kənar obrazlarısız. Mən olmasam siz də olmayacaqdınız-deyə bilmirdi. Onların həyatının heç bir əhəmiyyətinin olmadığını üzlərinə istəsə qışqıra bilərdi, amma onlar bunu başa düşməyəcək qədər kor və kar idilər. Sonra bunu niyə edim deyə düşündü. Onlara yazığı gəlməyə başlamışdı. Daha sonra Pikəni düşündü. O da bunlardan birisi idi, yoxsa onu fərqli edən nəsə var idi?
“Olmalıdır, yəni ən azı onda fərqli nəsə olmalıdır. Mənə seçdiyin insan digərləri kimi sadə ola bilməz.”
İş saatı bitəndən sonra evə dönərək hazırlaşıb, dünən Pikəni gördüyü məkana yollandı. Əyləşib, onun gəlməyini gözləyirdi. Vaxt ötüb keçsə də, Pikə yox idi. Bəlkə gəlib əyləşib, o görmür deyə ətrafa boylansa da, heç kəsi görmədi. Biraz daha gözləyim deyərək bir neçə saatı ötürüb, qalxıb evə yollandı. Ürəyindəki təəssüf hissini gizlətmək üçün yol boyu özünə təsəlli verirdi. “Bəlkə işi çıxıb, bəlkə də başqa yerə getməli olub”.
Evə gedərkən yolda küçəni təmizləyən qadınlara gözü sataşır. Yaşlı, qozbel qadınla bir an göz-gözə gəlməli olur. Yanından keçərkən onlardan biraz aralıda onlara nəzarət edən kişiləri görür. Gözlərini onlara zilləyib baxır, arada “yanındakını da götür” deyərək yerdəki zibili ona göstərirdilər. Birlikdə işləsələr çoxdan bitirə biləcəkləri işi bir nəfərə etdirib, digərləri sadəcə ona necə iş görməli olduğunu izah edirdi. Ədalətsiz bir dünyada mərhəmətli olmaq nə qədər doğrudur?-deyə düşünür. Daha doğrusu düşünməyə məcbur qalır.
“Onlara necə kömək edə bilərəm?”
Mərhəmətli olmaqla başqa insanlara da kömək edə bilərsənmi? Məncə, deyil. Mərhəmətli olmaq eqoizmdən doğur. Sənin mərhəmətin qarşındakına yazığın gəlməsinə görədir. İstəsəm ona bunu edərəm, amma mərhəmət edirəm, heç nə etmirəm. Amma ədaləti bərpa etməyə çalışmaq fərqlidir. Bəzən bunu edərkən qəddar kimi də görünə bilərsən. Bunu edərkən isə tək deyil, kütləvi hərəkət etməli olursan. Səid isə bu dünyaya hələ də öyrəşməmişdi.
“Əgər bu ədalətsizliyə qarşı mübarizə aparacaq güc vermirsənsə, niyə mərhəmətli birisi olaraq yaradırsan?”
Səid səhər işə gəlir. İş yoldaşlarından Malikin doğum günü idi. İş yoldaşları onun üçün tort alıb, sürpriz video hazırlamışdılar. Günorta yeməyindən sonra iclas otağında toplaşıb, tortu kəsdikdən sonra hazırladıqları video təbriki göstərdilər. İş yoldaşlarının, ailə üzvlərinin təbrikləri, uşaqlıq, məktəb, universitet dövrlərinə aid şəkillərini göstərdilər. Hər kəs videonu çox bəyəndi, ən çox da Malik. Hiss etdirməsə də gözləri dolmuşdu.
Səid Maliki təbrik edib, onunla qucaqlaşıb, görüşdükdən sonra masasına dönüb işinə davam etdi. İçində onu narahat edən fikirlər olsa da, hələ bunu danışmaq istəmirdi. Günü bitirib, Pikənin yanına getmək istəyirdi. Pikəni görmək, onunla söhbət etmək istəyirdi. Öz-özünə niyə telefon nömrəsini götürmədim, mesaj yazardım deyə düşünsə də, sonra nömrəsini götürmək üçün bəhanəsinin hələ də olmadığını başa düşdü. Görüşəndə nə deyə istəyəcəkdi ki?
Hekayənin əvvəlində eyni şeyləri təkrar etməyi sevməyən Səid, bu dəfə eyni şeyləri həvəs və həyəcanla edirdi. Eyni kafedə, eyni saatda olmaq üçün işlərini tez-tələsik görərək özünü ora çatdırmışdı. Bu dəfə Pikəni gözləməyəcəkdi, çünki artıq o gedəndə Pikə ordaydı. Tək problem bu dəfə yanında birisinin də olmağıydı. Səid özünü pozmayaraq yanından keçərək yan masada oturub, onlara salam verdi. Pikənin dəvət etməyini gözləsə də, salamlaşdıqdan sonra dəvət etmədi. Gedənəcən oğlanla səmimi söhbət edir, bəzən yanında oturaraq ona qucaqlayırdı. Onlar arasındakı münasibəti öyrənmək üçün özünü sıxsa da, yanına getməyə cəsarət toplaya bilmirdi. Ayağa qalxıb, getmək üçün hazırlaşarkən oğlana Səidi göstərib, yanına getdilər. Yenidən salamlaşdıqdan sonra onu göstərərək burada hər gün qarşılaşdığı bir dostu olduğunu dedi, oğlanı da göstərərək sevgilisi olduğunu deyib tanış etdi. Səid əli əsərək onunla görüşsə də, içindəki hirsi tökmək üçün onların getməyini gözlədi. Gedəndən sonra kafedən ayrılıb, gəzərək evə tərəf getdi. Səssiz içində danışmaq istəmirdi. Qışqırıb, içini tökmək istəyirdi.
Evə çatanda isə özünü artıq sıxa bilmirdi. Bunu bilərəkdən belə etdiyini bilirdi. Niyə belə şey etdiyini soruşmaq istəyirdi.
“Səbəbi nə idi? Nə qazandın bunu edərək?”
Sənə bunu etmək istəməzdim, amma özüm xoşbəxt deyilkən, səni necə xoşbəxt təsəvvür edim?
“Axı mən sənin həyatını yaşamıram. Mənə niyə bu əzabı çəkdirirsən?”
Mən eşq dərdi çəkərkən sizi birlikdə edə bilməyəcəkdim. Bəlkə hekayənin davamında qovuşduraram təzədən.
“Başqasının bədbəxtliyindən xoşbəxt olacağını düşünürsən?”
Bəlkə olmayacam, amma qısqanacaq bir həyat da görməyəcəm.
“Bu gün işdə sənə etiraz etmək istəyirdim, amma sonra düşündüm, bəlkə də bildiyi nə isə var deyə. Başa düşürəm ki, sadəcə özünü sübut etmək üçün məndən istifadə edirsən. Məni hekayənin əsas personajı olaraq göstərsən də, ad gününə qatıldığım adamın uşaqlığına aid xatirələri mənə izlədirsən. Bəs mənimkilər? Niyə heç nə xatırlamıram? Ailəm necə birisi olub deyə heç nə əlavə etməmisən. Niyə yazmırsan? Niyə həyatımı yaşatmırsan? Onların hekayəsi mənimkindən daha xoşbəxtkən, mənimkisi niyə başlamamış bitir?”
Səid danışmaq əvəzinə içməyi seçdi. Piyan olana qədər düşüncələrini gizlətməyi də bacarmışdı. Deyəcəklərini artıq müəyyən edəndən sonra isə danışmağa başladı. “İstədiyim şeyə yox deməyəcəksən” biraz gözləyəndən sonra davam edərək “Onu mənə gətir”.
Səid sözünü bitirdikdən sonra gözünü qapıya zilləyib, bir müddət dayandıqdan sonra istədiyinin olmayacağını bilib, salona daxil olub, əyləşdi. Qapının səsini eşidən kimi yerindən sıçrayaraq qaçdı. Qapını açdıqda isə arxasında Pikəni görüb, sərxoş vəziyyətdə ona gülümsəyib içəri dəvət etdi. Bunu etmək istədiyinə əmin idimi? Yəni qəlbində saxladığı sevgi belə bir şey idimi?
“Hə”
Bəlkə də bu yazıçı burada dayanıb, səhifəni təzədən yazmalı idi. Bu hekayə bu cür bitməməli idi.
“Bunu niyə edirsən?”
Səid işə gecikmiş, yarım saat sonra çatmışdı. Müdirin onu otağa çağırıb, gecikmə səbəbini soruşanda evdə işinin olduğunu deyib, canını qurtarmaq istəsə də, müdirin ondan əlçəkmək fikri yox idi. Daha doğrusu Səidin gecikməyi onun üçün yaxşı bəhanə olmuşdu. İşinə qarşı olan laqeydliyi, səhlənkarlığı üzünə vuraraq onun bu həftəsonu işinə xitam veriləcəyini dedi. 2 gün sonra maaşını aldıqdan sonra daha gəlməyəcəkdi.
Otağı tərk edib, masasına yaxınlaşaraq əşyalarını toplamağa başladı. Habil yaxınlaşıb, ondan nə olduğunu soruşdu.
-İşdən ayrılıram.
-Niyə?
-Qovuldum- deyərək gülümsəyir.
-Səbəb?
-Kefi elə istəyib.
-Nə edəcəksən?
-Əşyalarımı yığıb, gedəcəm.
-Maaşını verəcək heç olmasa?
-Maraqlı deyil.
-Necə dolanacaqsan?
-Onu mən düşünməyəcəm.
-Necə yəni?
-Fikir vermə, sözdür dedim.
Habil biraz fikrə gedib, dedi:
-Kaş belə bir dərdimiz olmasaydı. Yəni necə dolanacağımızı düşünmədən yaşaya bilsəydik. İşləmək məcburiyyətimiz olmadan, həyatımızı arzuladığımız kimi qurardıq. 24 saat çox azdır. Həm işləyəcəksən, həm də həyatını yaşayacaqsan. Vaxtın qalsa, yeyib, yatacaqsan. –Səidin qoluna vuraraq, tualeti də unutmamaq lazımdır.
Səid gülümsəyir.
-Elə bir imkanın olsa, nə edərdin?
-Dünyanı gəzər, həyatı yaşayardım. Bu ömür mənə yaşamaq üçün verilib, gəlib başqası daha yaxşı yaşasın deyə hədər edirik. Halbuki dünya necə də gözəl və böyükdür. Neçə ölkə gəzmişik? Fərli ölkə bir yana, yaşadığımız ölkənin neçə şəhərində olmuşuq?
-Bunları mümkün etmək əslində çətin bir şey deyil. İşləməyimizi, daha çox problemlər yaşamağımızı istəyən var sadəcə. Belə olduğu halda hekayəsi daha maraqlı və həyəcanlı keçir.
-İnsanlar öz həyatına qərar vermək ixtiyarı olmalıdır. Misalçün, bu həyatı yaşamaq istəyirəmmi deyə seçimləri olmalıdır. Ya da deyilsin ki, bu həyatı yaşayacaqsan, yenə də yaşamağa razısan?
-Mənə bu sözləri səndən qabaq, sənə dedirdən demişdi. Sözünün üstündə durmadı.
-Allahla danışdığını iddia edirsən?
-Dediyin seçim dünyaya gələrkən verilməsə də, bir yerdən sonra bu seçim həmişə bizə təqdim olunur.
-Necə yəni? -Habil maraqla soruşdu.
-Yaşayırıq, işlərimiz istədiyimiz kimi getmir. Yaşadığımız həyat bizə artıq xoşbəxtlik deyil, ancaq kədər verir. Seçim edirik və bu hekayəni bitiririk.
-Bu qədər asandır? Yəni bir hekayəni ortasında buraxıb, bitirmək nə qədər doğru olar? Sonlanmamış hekayə maraqsız olacaq.
-Mübarizə aparmaq məcburiyyəti niyə olmalıdır? İnsanlar sadə həyat da yaşaya bilər. Bəzi hekayələri sadə yazmaq lazımdır. Dünyaya gəlib, sadə həyat yaşayıb, çətinlik çəkməyib, kədərli bir hekayəsi yoxdur və xoşbəxt bir halda ölür. Düz həyat yaşadı desinlər. Həyatı o qədər sıxıcı olsun ki, heç kəsin diqqətini çəkməsin, amma olsun.
Habil Səidin əsəbləşib, özündən çıxdığını görüb, ciddiləşərək masasından uzaqlaşır.-Bəlkə işdən çıxmaq əsəblərini sakitləşdirməyə kömək edər. Özünlə biraz tək qal.
Səid ofisi tərk edib, evə yollanır. Günlər keçsə də, nə evdən çıxır, nə iş axtarıb həyatına davam etmək istəyir.
Səid bəlkə də bu dünyadakı yeganə şanslı insan idi. Onun həyatını yazan şəxslə tanış idi, onunla söhbət edə bilirdi. Digər insanlar üçünsə bu mümkünsüzdür. O varmı, onu görə biləcəyikmi? Bu sualların cavabını heç bir hekayədə yaza bilməyəcəyik.
“Sil bu hekayəni, təzəsini yaz. Xoşbəxtliyi birlikdə yaşayaq”.
Yazarkən Allahı başa düşdüm, başa düşərkən hər kəsin istədiyi kimi bir həyat yaşaya bilməyəcəyini qavradım.
“Bəsdir! Daha mənim həyatımı öz oyuncağına döndərmə. Məndən heç nə yazma”
Hansımıza belə bir seçim verilib ki?
“Məni hekayənin sonunda öldürmək istəyirsən. Ya da düzəliş edim. Sən məni yox, özünü öldürmək istəyirsən, amma özünə gücün çatmır deyə mənimlə intiqam alacaqsan. Buna görə mənə bu azadlığı verdin. Özümü öldürməyimi və səbəbkarı olaraq məni görmək istəyirsən. Mənə etdiklərin əslində yaşadıqlarındır. Bu qısa hekayədə başa düşdüm bu həyatı.
Səid evdən çıxıb, Pikəylə görüşdüyü kafeyə yollanır. Onu orda gözləyəcək, gələndə isə hər şeyi ona danışacaqdı. İnanmayacaqdı yəqin ki. Başına hava gəlib deyəcəkdi. Yaşadıqları həmin gündən sonra bir daha gələrdimi, gəlsə danışardımı onu da bilmirdi.
Səidin bilmədiyi isə o heç vaxt ora gedə bilməyəcəkdi. Nə Pikəni görəcək, nə də onunla danışacaqdı, çünki bu hekayə burada bitəcəkdi. Sonlanmamış…