SƏMƏD ŞIXI - MƏNİM DOSTUM XAİNDİR
1
Əli icra nümayəndəliyinə daxil olaraq ətrafa baxmağa başladı. Fərqli vəzifələrdən sonra adını ilk dəfə eşitdiyi Sultanlı qəsəbəsinə icra nümayəndəsi olaraq təyin edilmişdi. Öyrənəndə əvvəl tərəddüdü olsa da, sonra bu vəzifəni qəbul etmişdi. Çalışdığı müxtəlif vəzifələrdəki çirkablardan qaçmağı, təmiz qalmağa çalışmağı onu yormuşdu. Hər dəfə kimdənsə tapşırıq almağı, buna görə bəzən istəmədiyi işləri görməyi onu işindən soyutmuşdu. Bu vəzifə bəlkə də onun üçün şans idi. Həm istəmədiyi işləri görməyəcək, həm də yeni tanış olduğu qəsəbənin problemlərini həll edərək faydalı ola biləcəkdi. Məqsədi daha ali idi. Əmr alan deyil, əmr verən olmaq istəyirdi. Buna nail olarsa, əsl idarəçi necə olmalıdır?-sualına nümunə ola biləcəkdi.
Əli çalışdığı sistemin vəziyyətini başa düşən, onun necə bataqlığa döndüyünü görə bilən birisi idi, amma inanırdı ki, o öz təmizliyi ilə və inamı ilə onlara oxşamayacaq, əlindən gəldiyi qədər nəyisə dəyişməyə çalışacaqdı. Sultanlı qəsəbəsi isə bunun üçün yaxşı fürsət idi. Təyinatını öyrənəndən sonra qəsəbəni araşdırmağa, araşdırarkən qarşılaşdğı problemləri görüb, həyəcanlanmağa başlamışdı. Bu qədər problemin bir qəsəbədə cəmlənməsi və bu müddət ərzində heç bir işin görülməməsi onu təəccübləndirmişdi. İcra hakimiyyətində görüşdə olaraqkən vəziyyəti izah etdiyində eşitdiyi sözlərdən sonra, deyəsən, səhv etdim deyə düşünsə də, artıq çıxdığı bu yoldan dönməyin düzgün olmadığıyla anlamışdı. Ona deyilən “insanlarla yola getməyə çalış, özünə problem yaratma, insanların həssas nöqtələrinə toxunma” sözləri onu çilədən çıxaracaqdı. Problemlər nə idi? Asfaltlanmamış yollarmı, yoxsa yeyilmiş pullarmı? Bunlara öyrəşmişdi, vecinə də deyildi, amma bu qəsəbənin əsas problemi bu deyildi.
Əli universitet illərində tanış olduğu kostyumla və kostyumun altında yatan insanlarla tanış idi, onların etdiyi hər bir oyuna da bələd idi. Bunlar onu çox da narahat etmirdi. Mövcud bir sistemin içində əlindən gələ biləcək başqa heç nə yox idi. Fağır bir ailənin, güc-bəla təhsil ala bilmiş fərdi idi. Atasının əziyyətini, anasının fədakarlığını düşüncəsinə qurban verə bilməzdi. Lazımi yerdə susmağı bilməli idi. Susmayıb, etiraz etsə nə dəyişəcəkdi? Ölkəni o dəyişəcəkdi? İşsiz qalacaq, bəlkə də həbs olacaqdı. Ailəsinin fədakarlığına xəyanət kimi baxırdı. Ağıllı davranıb, sistemin içinə sıza bilər, onu içəridən dəyişə bilərdi. Belə həm rahat, həm də daha təhlükəsiz idi. Səmimiyyətinə güvənirsə, digərləri kimi vəzifədən istifadə edib, xalqı əzməyəcəyinə inanırsa, faydalı olacağını bilirsə, niyə də işləməsin?! Onun yerinə fürsətcil birisi gəlsə dahamı yaxşı olacaq? Bu qəsəbə isə özünü göstərə bilməsi üçün yaxşı fürsətdir.
Əli vəzifəsinin ilk günündə yanına təbrik üçün gələn ziyarətçilərlə görüşə ayırsa da, hər gələndən qəsəbə haqqında nəsə öyrənməyə çalışırdı. Məktəb direktorundan məktəbin vəziyyətini, bələdiyyə işçilərindən qəsəbənin, insanların vəziyyətini, qəsəbə ağsaqqallarından adət-ənənəsini öyrənir, onlar otaqdan çıxandan sonra yadında qalanları dəftərinə not olaraq qeyd edirdi. Qəsəbənin bir də məscidi var idi. İcra nümayəndəliyinin yaxınlığında idi deyə azanın səsini hər dəfəsində eşidirdi. İlk günü olmasa da, növbəti günlərdən birində məscidə getməyi planlaşdırdı. Bu vasitə ilə həm xalqa qarışmış olar, həm də bir yerdən başlamış olardı. Qəsəbə ilə qarşılaşdığı önəmli məlumatlardan birisi də əhalinin dinə marağı idi. Bunu gələrkən də ona demişdilər, gəldikdən sonra da eşitmişdi. Məscidə getməsi buna görə önəmli idi.
Qəsəbənin digər problemi isə təhsildir. İnsanlar övladlarını oxutmağa maraqlı deyil. Oxutmaq deyərkən ağla ali təhsil gəlməsin, bu qəsəbənin təhsil problemi məhz məktəbdədir. Qız övladlarını 13-14 yaşı olandan sonra məktəbə göndərmir, oğlanlara isə məktəb qadağası tətbiq edilməsə də, oxumaları üçün dəstək olmurlduar. Nəticədə onlar da 15-16 yaşlarından məktəbə getməməyə başlayır, getsələr də dərslərdə iştirak etmədən sadəcə zaman keçirib, biraz da gəzdikdən sonra evə gəlirdilər. Məsuliyyət hiss edən uşaqlar isə iş tapmağa çalışırdı ki, pul qazanmağa başlasınlar. Əlinin isə buna edə biləcəyi şeylər ya yumuşaq dildə insanları yola gətirmək olacaqdı, ya da sərt bir qaydalarla onları cəzalandıracaqdı. İkincisi üçün həm erkən idi, çünki hələ kreslosunda onu insanlar görməmişdi, həm də bu insanların etirazına səbəb ola bilərdi. Buna isə əhalidən əvvəl dövlətin mane olacağını öyrənmişdi.
Müavini ali təhsilliyəm deyirdi, amma onun necə diplom aldığını hər kəs yaxşı bilirdi, dünya görüşü isə bu qəsəbədən kənara çıxa bilməyəcək birisi idi. Qorxağın biri olsa da, qorxusunu hozuluğu ilə gizlətməyə çalışırdı. Yanına gələn insanlarla kobud danışır, onları süründürməkdən zövq alırdı. Niyə belə edirsən?-deyə soruşsan, “mən belə etməsəm başıma çıxarlar, üz versəm hər problemləri olan kimi bura qaçacaqlar ki, sən həll etməlisən” deyə cavab verirdi. Qınamaq olmurdu da, dövlətin necə idarə edildiyini o da öyrənmişdi. Sistemin xalqa yaxşı xidmət etməyinə görə deyil, xalqı yaxşı susdurmağına görə adam seçdiyini gözəl bilirdi. Bu sistemdə yuxarı qalxmaq istəyirsə, heç bir halda problemin yaranmasına imkan verməməli idi. Ən gülməlisi isə adıdır, daha doğrusu ona qəsəbədə etdikləri müraciət. Əslən qəsəbədən olduğundan onu hər kəs tanıyır, bilir, buna görə də qəsəbədə başçıdan çox hörmətə sahibdir. Adı Səbuhi olsa da, hər kəs ona “Urus” deyə müraciət edər. Səbəbi 17 yaşında sünnət olmalısıdır. Sünnət olmaqdan qaçdığı üçün ona bu adı qoymuşdular, sonra da dəyişmədi, belə qaldı. Vəzifəyə girəndən sonra ağırlığını pozar deyə yığışdırmaq istəsə də buna əməl edən olmadı. Sonra da başını buraxaraq, əhəmiyyət verməməyə başladı. Yanına gələn başqa ərazidən, ya idarədən şəxs olarsa, ona bu adı deməz, hörmətini qorumağa çalışardılar, ya da sonra başlarına oyun açmağından çəkinərdilər deyə Səbuhi bəy deyə müraciət edərdilər. .
Əlinin bir də sürücüsü var, adı Faiqdir. Qəsəbə nümayəndəsidir deyib, keçməyin, onlar da bir rəhbər olaraq sürücüyə sahib olmalıdılar. Faiq namaz qılan, amma ibadətini ətrafdakılara göstərmək üçün edən birisi idi. 2 dəfə də Məşhəd ziyarətinə getmişdi. “İlk dəfədə qəbula düşə bilməyib, ikinci dəfə getməli olub” deyə məzələnərdilər. 15 ildən çoxdur ki, Sultanlı qəsəbəsinə köçüb. Əvvəlki başçılardan birisi ilə yaxınlığına görə də bu işə düzəlib, o vaxtdan bəri rəhbərlər dəyişsə də, Faiqə dəyən olmadı. İcrada onlardan başqa 4 nəfər də qadın işçi var idi, katiblər və digər işləri görən.
2
–Əli müəllim, bağışlayın narahat edirəm, amma təcili ola bilər.–Səbuhi otağa daxil oldu.
–Buyur, nə olub?
–Bizim qəsəbədə yaşlı bir qadın var, tək yaşadığından xüsusi bir ehtiyacında biz kömək edərik, ya da arada maraqlanarıq nəyəsə ehtiyacı varmı deyə.
–Və?
–Qonşusu gəlmişdi biraz əvvəl, dediyinə görə 2 gündür evindən çıxmır. Evinin yaxınlığında market var deyə hər gün ora ən azı 1 dəfə gedər, amma bu 2 gündə görən olmayıb. Özü tək girmək istəməyib, sonra problem olar deyə, bizə xəbər verdi, mən də sizə məlumat verim dedim.
–Yaxşı, gözləyin, gəlirəm mən də.
–Ehtiyac yoxdur, Faiqlə gedərəm, sadəcə sizə də məlumat verim dedim.
–Gələcəm, tanış olum mən də bu yaşlı qadınla.
Maşınla qəsəbənin ara yolları ilə irəlilədilər. Asfalt əsas küçələrdə olsa da, ara küçələrdə sadəcə yamaqlar görmək olurdu.–Niyə bu küçələrə asfalt tam çəkilməyib?–deyə Əli soruşdu.
Səbuhi gülümsəyərək, çünki buradan icra başçısı və ya başqa bir vəzifəli şəxs keçmir–dedi.
–Getdiyimiz qadının heç kimi yoxdur?
–Oğlu xaricdə, qızı ərdədir.
–Oğlunu başa düşdük ki, uzaqdır, qızı niyə gəlib baxmır, ya yanına götürmür birisi?
–Özü istəmir. Biz də təklif etdik qocalar evini, amma istəmədi. Bizə, arada gəlib, bir yoxlayın, ölüb eləsəm ortada qalıb, iylənməyim–deyir. Getmək istəmir, amma tək qalmaqdan da qorxur. Qonşuların uşaqlarını evində qonaq edir bəzən. Gəlin, mənlə qalın deyir. Qızı da ayda bir dəfə gələ bilir, elə də yaxın yaşamır.
–Qəribədir, övladlarını istəmir, amma tək qalmaqdan da qorxur.
Faiq qapının yanında dayanıb, evi işarə etdi. Səbuhi və Faiq önə düşərək qapıya yaxınlaşıb, qapını döyməyə başladı.–Məleykə xanım, evdəsiz?
Səs gəlmədiyini görüb, həyətə daxil oldular. Səbuhi səslənərək evə doğru yavaş-yavaş irəliləməyə başladı. Məleykə xanım səsi eşidib, qapını açaraq çölə çıxdı. Qarşısında Səbuhini görüb, orda niyə dayanırsan, içəri gəl–deyərək qapını açıq saxlayıb, keçdi.
–Üzrlü sayın, sizi də narahat etdik.
–Yaxşı edib, gəldiniz. Gəlib, arada yoxlayın.
Əli gülümsəyərək salam deyib, içəri keçdi.
–Bu oğlan kimdir?
–Təzə başçı.
–Kənd Soveti?
–Hə.
–Adın nədir, a bala?
–Əlidir.
–Keçin içərdə əyləşin, sizə çay gətirim.
Faiq qabağa keçərək,–sən keç otur, mən hazır edərəm–dedi.
–Bura gəlmək üçün təkcə ölümümü gözləməyin, nə vaxt istəsəz çıxın gəlin. Bu qocanı tək buraxmayın.
–Siz nə üçün tək qalırsınız ki? Himayədə olmaq daha yaxşıdır, yaşlısınız, kömək lazım olar.
–Bu günə qədər kiməsə möhtac olmamışam. Bəzən ayağım ağrıyıb, marketə gedə bilməmişəm, qonşudakı uşaqları göndərmişəm. Özümü necə pis hiss etdiyimi başa düşməzsiniz.
Faiq əlavə edərək, –Məleykə xala gəncliyi xeyli hərəkətli keçib. Buna görə qəribə gəlir kiminsə ona baxmağı.
–Övladlarımı özüm göndərdim. Yanımda qalsalar mənə yazıqları gələcək, qoymayacaqlar heç bir stəkan çay süzüm. Mənsə istəyirəm ki, o çaydanı yerə də töksəm də özüm edim. Kiməsə möhtac olmayım.
Ortalığa sükut çökdü.
–Çox gəncsən. Neçə yaşın var?
–35.
Faiq çayları gətirib, masaya qoyub, dedi:
–Əli müəllimə vəsiyyətindən danışmısan?
–Nə vəsiyyəti?
–Məleykə xala öləndən sonra mənzərəli yerdən qəbir istəyir.
–Öləndən sonra mənzərəsi qalmayacaq, Məleykə xala.
–Yolu görüm bəsimdir. Gəlib, keçənə baxmaq istəyirəm. Hə, bir də məni nə badə gecə dəfn etmək fikriniz olar. Keçən dəfə qonşuda bir kişi rəhmətə getdi. Gecə ya 2 idi, ya da 3 olardı. Gördüm ki, elə gecəylə də yuyub, aparıb, basdırdılar. Maşın işığında.
–Ciddisiz?–Əli dedi.
–Hə, burada adi bir şeydir. Ölür, elə gecəylə də aparıb, basdırırlar.
Çayı içdikdən sonra sağollaşaraq evdən çıxırlar. Maşına minib, gedərkən Səbuhi yolda Rəsulu gördü.
–Rəsul deyil bu? Yenə nə edir?
–Rəsul kimdir?
Azyaşlı birisiylə evin qapısını açıb, gözləyən oğlanı göstərərək dedi: Odur, uşağın yanındadı. Qəsəbənin başının bəlası.
–Saxla maşını, baxaq görək kimdir.
Maşından düşərək evə tərəf irəliləyirlər.
–Müəlliminə de ki, Aysu məktəbə gəlməyəcək.–içərdən səs gəlirdi.
–Salam, nə baş verir? –Əli azyaşlı oğlanın çiyninə əlini qoyaraq, onu kənara çəkib, içəri daxil oldu.
–Sən kimsən?–dedi, içəridəki kişi.
Əli arxaya dönərək, Səbuhini axtardı ki, o izah etsin vəziyyəti, ya ondan dəstək alsın. Qarşısındakı aqressiv kişidən narahat olmuşdu.
–Mən… icra nümayəndəsiyəm. Nə olub?
–Heç nə.
–Necə yəni heç nə. Qızını məktəbə göndərmir. Biz də gəlmişik ki, qızı məktəbə göndərməyə razı salaq.–Rəsul dedi.
–Rəsul, sən bir dayan.–deyərək, Səbuhi içəri daxil oldu.
İçəridəki kişi ilə əl uzadıb görüşdü.
–Qızı niyə göndərmirsən məktəbə?
–Bəsidir oxuduğu. Yazıb, oxuya bilir, bundan artığını nə edəcək? Universitetə göndərməyəcəm ki, oxusun.
–Sizin də, düşüncənizin də… Görmürsən qızın oxumaq istəyir? Niyə bədbəxt etmək istəyirsən?
–Rəsul!
–Düz deyir də, niyə göndərmirsiniz məktəbə? Buna görə sizin haqqınızda şikayət olsa, həbsə də düşə bilərsiniz.
–Kim şikayət edəcək? Qız mənimdir, özüm bilərəm. Kimə qalıb?
–Sakit olaq. Bax, gəl belə edək. Ən azından bəzi günləri göndər, ayda 1-2 dəfə, ən azı komissiyalarda filan görülsün. Sonra bizə də problem olur. Dəftər kitabını götürsün, evdə oxusun.
–Başa düşmədiz, deyəsən. Oxutmuram. Kitab filan da yoxdur.
–Problem olmasınmış. Demir ki, başımız ağrısın istəmirik.
–Rəsul, biz həll edəcik, sən get. Uşağı da məktəbə ötür.
–Şikayət edəcəm. Elə bilirsiniz sizlə işim qurtarıb? Gözləyin.
–Səni də, səni bura göndərəni də – Səbuhi Rəsulun getdiyini görəndən sonra, ağzında alçaq səs tonu ilə mırıldandı.
–Yaxşı, nəsə demirik, amma yaxşı düşün. Sonra problem yaşasan biz səninçün nəsə edə bilməyəcik.–deyərək çölə çıxdı, Əli də onun arxasınca çıxdı. Çıxarkən gözü qapıda dayanan gözləri dolmuş bir qıza sataşdı. Sonuncu ümidi də qapıdan çıxırdı, qapının arxasında onu tək buraxmaq istəməsə də əlindən gələn heç nə yox idi.
Maşına tərəf getdilər, Səbuhi siqaret çıxarıb, yandırdı.
–Bir dənə bunu çəkim, gedərik. Faiq, sən maşını işə sal.–siqaretini çıxarıb, yandırdı.
–O, uşaq kim idi? Burada nə baş verdi? İzah edəcəksən?
–Gedək, icrada danışacam. Yəqin yaxın günlərdə sənə də Rəsulla bağlı göstəriş gələr. 3 aya seçkidir.
–Kimdir bu belə?
–Müxalifin biri. Gəlib, qəsəbəni bir-birinə qatıb gedir. İnternetdə haqqında oxuyuram bəzən. Tanınır bir xeyli də.
–İlk dəfədir gördüm.
–Narahat olma, tez-tez görəcəksən. –Səbuhi siqareti yerə ataraq, maşına əyləşdi.
Əlinin qəsəbəyə uyğunlaşması çətin olmasa da, hələ də problemlərin həlli üçün nəsə edə bilməmişdi. Daha dəhşətlisi isə nə edəcəyini bilmirdi. Məsciddə qəsəbə ilə görüş zamanı qəsəbə ilə bağlı planlarını onlarla bölüşdü, onlardan qəsəbədə nə görmək istədiklərini soruşdu. Gələn şərhlər daha çox iş problemi, yol, nəqliyyat ilə bağlı idi, Əli isə üstündə dayanaraq təhsilin, qızların məktəbə göndərilməməsini vurğulayırdı. İnsanların bu söhbətdən qaçdığını görüb, onları ən son xəbərdarlıq etdi ki, bu gün olmasa da, sabah baş verən bu hadisələrə görə başınız ağrıyacaq və buna görə övladlarınızdan olacaqsınız, hətta həbs olacaqsınız. İnsanlar bu xəbərdarlığı ciddiyə almaq bir yana, gülüb, keçdilər. Bu isə Əlini daha çox əsəbləşdirdi. Bunu dövlət səviyyəsində həll etmək üçün icra hakimiyyətinə yollandı. Vəziyyəti izah edərək, bununla bağlı bir tədbirin görülməli olduğunu onlara dedi, amma aldığı cavab tək idi. “Qarışma”.
–Əgər heç nəyə qarışmayacaqdımsa, məni niyə bura rəhbər kimi göndərdilər? Mən burada nə iş görəcəm? –Əli icradan çıxandan sonra Səbuhi ilə söhbət etdi.
–Onları da başa düşürəm, ikinci bir dindarların etiraz aksiyasını yaşamaq istəmirlər. Daha doğrusu qarşı-qarşıya gəlmək istəmirlər həmin adamlarla. Bir dəfə bir dindarı həbs etmişdilər deyə nə qədər adam polis maşınlarını daşlayıb, qovmuşdular. Neçə gün qəsəbənin giriş-çıxışı bağlandı. Nədir-nədir namaz qılarkən gəlib, aparmışdılar.
–Buna görə?
–Başqa səbəb də var yəqin ki, amma elə qaldı. İndi düşünün ki, bir hadisəyə görə belə reaksiya vermişdilər, sənsə çıxıb deyirsən ki, gəl bunların qızlarını əllərindən alaq.
–Mən alaq demirəm, oxumaları üçün nə isə edilməlidir deyirəm.
–Eyni şeydir.
Maşınla qəsəbəyə dönərkən qəsəbənin içində insanların toplaşdığını görüb, dayandılar.
–Bu da kənd Soveti–deyə kişilər Əlini işarə edərək jurnalist xanıma göstərdilər. Jurnalist əlindəki kameranı Əliyə tərəf çevirərək dedi:
–Salam, qəsəbə camaatının problemi ilə bağlı nə deyə bilərsiniz?
–Problem nədir? Başa düşmədim.
–Necə nədir? Zibilləri götürən yoxdur, zibil maşını ayda bir dəfə gəlir. Yollar pis gündə, su desən fasiləylə gəlir, qaz desən görmürük.
–Bu problemlərin əksəriyyəti mənə aid deyil, hər birinin öz qurumu mövcuddur, zibilik məsələsinə isə bələdiyyə baxır. Mənə gəldikdə isə bu problemlərlə bağlı mənə heç bir müraciət olmayıb. Mən yeni təyin almışam bu qəsəbəyə, buna görə çox şeydən xəbərsizəm.
–Getməliyik.
Səbuhi əlini jurnalistin kamerasına aparıb, götürmək istəsə də, jurnalist cəld tərpənib, geri çəkildi. –Siz nə edirsiniz?
–Səbuhi bəy, nə edirsiniz? Buraxın xanım işini görsün.
–Kaş belə deməsəydiniz.– Səbuhi Əlinin qolundan dartaraq, onu ordan çıxardı.
–Səhv nə dedim ki? Heç nədən xəbərim yoxdur, düşüblər üstümə.
–Sonra sizin üçün problem edəcəklər.
–Heç nə olmaz.–Əli dedi.
Amma görünən o idi ki, problem olacaqdı. Hadisənin üstündən iki gün keçmişdi ki, Əliyə zəng gəldi. Mərkəzdən idi və onu çağırmışdılar. Çağırdıqlarını Səbuhiyə deyəndə “mən demişdim” deyə alçaq tonda mırıldandı. Əlinin içini narahatlıq bürümüşdü ki, çağırıblarsa, sadəcə xəbərdarlıq edəcəklər, ya elə bu başdan məni vəzifədən çıxaracaqlar? Həyəcandan əli-ayağı əsirdi, amma şans üzünə güldü ki, sadəcə xəbərdarlıqla kifayətləndi. Səhvini bərpa etmək üçün jurnalistlə danışıb, ondan materialı silməsini istəməli idi. Əli bunun mümkünsüz olduğunu bilirdi, amma bunu onlara necə izah edəcəyini bilmirdi. Ona bir də jurnalisti ora göndərənin adını dedilər. Rəsul. Rəsul haqda məlumatının olub-olmadığını soruşanda, Əli əvvəl bilmirəm demək istəsə də, “haqqında eşitmişəm” deyə cavab verdi. –Eşitməyin yaxşı şeydir, amma onu qəsəbədən, hətta bu söhbətlərdən uzaq tut. Ailəsi ilə danış, başa sal ki, onu həbs edə bilərlər, gözünü qorxut. Sabah sənin başına da bəla olacaq. Mənə onun haqqında nə qədər məktub gəlir. Dəfələrlə görüşmüşəm. Polis tutur, çıxır, yenə eynisini edir, deyir. Düzələn deyil, kim onu qoruyursa, onu aydınlaşdırmaq lazımdır. Gör öyrənə bilsən mənə bununla gəl. Bax, o vaxt deyəcəm iş görmüsən.
Əli ordan çıxaraq, qəsəbəyə döndü. Səbuhi həyəcanla onu gözləyirdi ki, nə qərarla gələcək, hətta iş saatı qurtarsa da, evə getməmişdi. Əli vəziyyəti ona izah edib, jurnalistlə danışmağı, bir də Rəsulu çağırmağını istədi. Onunla söhbət etmək istəyirdi. Səbuhi isə çağırmağın yaxşı fikir olmadığını ona izah etdi. Sonra bu haqda da yazacaq ki, məni çağırıblar, bu söhbəti ediblər. Sizdən əvvəlki rəhbər də görüşmüşdü, görüşdən gedən kimi onu təhdid etdiyini, yazmamalı olduğunu, ailəsinə onunla bağlı şikayət edildiyini götürüb yazmışdı.
–Bəs dedikləri doğru idi?
–Ola bilər.
–Düzü deyib də, nə var ki, burada?
–Siz fərqli nə deyəcəksiniz ki?
Əli başa düşdü ki, belə alınmayacaq.
–Bu nə işlə məşğuldur?
–Yazıçıdır. Kitabları var. Bir də. Yazır-pozur harada nə problem olursa. Axırıncı dəfə müharibə vaxtı gündəm olmuşdu. Müharibə əleyhinə yazı yazmışdı deyə neçə dəfə gəlib, evdən aparmışdılar, bir dəfə küçədən qaçırtmışdılar. Deyəsən, həmin vaxt həbs də oldu, o vaxt icazəli idim, burada deyildim.
–Yazıçı imiş…
Faiqi çağıraraq – Ona deyin ki, imzalı bir kitabını istəyirəm, həm də onunla tanış olub, söhbət edərik. Qonaq çağır qısaca.–dedi.
–Xəbər edərəm.
–Sadəcə kiçik də bir xahiş et, öz adından ki, bu rəsmi bir görüş filan deyil, yəni paylaşmasın nəsə. Ehtiyac olarsa, sonra yazar.
Səbuhiyə zəng gəldi. Otaqdan çıxıb, 2-3 dəqiqə sonra geri dönərək Əliyə yaxın əyləşib, alçaq bir səslə “qəbul etmədi” dedi.
–Kim? Jurnalist?
–Bəli.
–Bilirdim. Pula görə xəbər hazırlayan olsaydı gedib dövlət mediasında çalışardı.
Səbuhi otağı tərk etdi. Otaqda heç kimin qalmadığından əmin olandan sonra kompüterini açıb, Rəsul haqqında nələr yazıblar deyə axtarmağa başladı. Yazılarını oxuyaraq onun üslubunu müəyyən etmək istəyirdi. Etdikləri, cəsarəti ona özünü xatırladırdı. Bir zamanlar o da elə birisi idi, daha doğrusu olmaq istəyirdi, amma ola bilmədi. Hələ də mərddir, haqsızlıqla mübarizə aparırdı, amma Rəsul kimi çıxıb səsini eşitdirə bilmirdi. Universitetdə oxuyarkən qərar verməli idi. Səsini harada çıxaracağını, mübarizəsini harada aparacağını qərarlaşdırmalı idi. Məmur başlığı onun üçün düzgün sayılmazdı, özünü siyasətçi kimi görürdü. Buna görə də addımlarını siyasətçi kimi atmalıydı. Rəsul kimi çıxışlar etsəydi başına gələcəkləri bilirdi, bəlkə də illərlə həbs yatacaqdı. Rəsul yazıçı olaraq həbs edilmişdi, halbuki həmişə yazıçıların, şairlərin bir toxunulmaz olduğunu eşitmişik. Ən qəddar hökmdarlar da onların acı sözlərini udub, amma onlara toxunmayıblar. Yazıçının həbs edildiyi diyarda siyasətçinin dərisini də soyardılar. Həm siyasi təcrübəsinin olmağı üçün sistemin içinə girməli idi. Bir gün Sultanlıda özünü xalqa sevdirər, sabahısı gün şəhərin, rayonun başına keçərək sayını artırar. Lazım gələn bir günü də baxar vəziyyətə, bəlkə özü bir güc olaraq ortaya çıxacaq nə vaxtsa. Sabahı kim bilir ki? Həm həbs edilsə ailəsinin vəziyyətini düşünməsin?
Qapı döyüldü, Faiq bədənin yarısını içəri soxub, Rəsulun evdə olmadığını, amma xəbəri çatdırdığını, sabaha, ya birsigünə gələcəyini dedi. Əli başıyla işarə edərək, Faiqə gedə biləcəyini dedi.
Səhərisi gün onsuz da işləri çox idi. Müəllimlər gələcək, seçki ilə bağlı görüş keçiriləcəkdi. Qalxıb, özüylə bərabər götürəcək əşyalarını bir yerə topladı. Evə getməli idi. Evi qəsəbəyə gəlib-getmək asan olsun deyə yaxınlıqda idi. Qəsəbədən 3-4 km aralıda, bina evlərinin birində idi. Evlənmək yaşın keçir deyən anasının təziqlərindən qaçsa da, artıq başa düşürdü ki, evlilik yaşı çatıb. İş, karyera planı qurarkən ailəyə ayıracağı vaxtı olmadığını düşünsə də, indi onun sabit bir işi və ailəsini təmin edəcək həm şəraiti, həm də ayıracaq vaxtı var idi.
Evdə biraz dolaşıb, yemək yedikdən sonra TV qarşısında yuxuya getmişdi. Gözünü açdığında artıq səhər olmuşdu. Anasının zəng etdiyini görüb, evdən çıxmamış biraz onunla danışdı. Faiqdən gələn mesajdan sonra sağollaşıb, həyətə düşdü.
Müəllimlər onu məktəbdə gözləyirdi. Onlarla nə danışacağını da bilmirdi. Parlament seçkisi olacaqdı. İştirak etdiyi digər seçkilər kimi seçkiyə gəlməyən insanların yerinə saxta bülletenlər hazırlayacaq, səslərin sayını artıracaqdı. İlk dəfə universitetdə oxuduğu vaxt seçki ilə tanış olmuşdu. Universitetin tərkibində gənclər təşkilatının üzvü idi və onların göstərişi ilə seçkidə iştirak edib, başqa şəxsin yerinə səs vermişdi. Etdiyinin səhv olduğunu çıxanda rəhbərlərinə bildirsə də, qrup rəhbəri ona bunu etməli olduqlarını, əks halda ölkənin pisliyini istəyən şəxslərin səs çoxluğu toplayacağını, söz sahibi olacağını demişdi. Müxalifəti pisləyərək onların xainliyindən, torpaqları satdıqlarından bəhs edərək onlara qarşı mübarizə apardıqlarını demişdi. “Qarabağı satan onlar deyil? İstəyirsən yenə hakimiyyət onların əlinə keçsin və xainlik edib, yenə torpaqlarımızı satsınlar?” deyərək müdafiəsini gücləndirən qrup rəhbəri Əlinin ilk təcrübəsini ötürmüşdü. Növbəti seçkilərdə bu prosesi artıq Əli icra edirdi. Söhbətin konkret olaraq hansı xainlikdən getdiyini bilməsə də, tək bildiyi sabitliyin qorunması və onun güclənməsi üçün bunu etməli olduğu idi. Müharibə şəraitində olan ölkədə xaos olarsa, bundan istifadə edə bilərdilər deyə düşünürdü.
İndi də bunu davam etdirməli idi.
–Əvvəlki deputatdan xəbər var? O qatılacaq, ya yerinə başqası namizəd göstərilib?–Əli nümayəndəlikdə müzakirəni başlatdı.
–Namizəd eynidir. Bura da gələcəyi gözlənilir. Kiçik bir görüş keçirəcək.–Səbuhi biraz gözləyib, davam etdi.–Xalqla görüşəcək.
Əli kinayə ilə gülümsədi.
–Yaxşı. Elədirsə, danışılacaq çox bir şey yoxdur, proses həminkidir, şəxs həminkidir, siz həminkisiniz. Məndən daha yaxşı bilirsiniz necə edilməli olduğunu.
–Bir də avtobus tutmaq lazım olacaq, kiçik bir avtobus var bu işlər üçün, ona ödəniş edib, həmin gün bizim üçün hazır olmağını istəyəcəyik.
–Niyə?–Əli soruşdu.
Səbuhi biraz dayanıb, necə izah etməli olduğunu düşündü. –Seçki günü müşahidəçilər və səs verməyə gələcək xüsusi şəxslər üçün. Məlumdur, bəzi məntəqələr arasında məsafə çoxdur.
–Aydındır, necə istəyirsən elə də et. Tez bitsin, canımız qurtulsun bu seçkidən.
–Bir digər məsələ də…
–Aha, davam et.
–Kənar gələn şəxslər. Jurnalist. Müşahidəçi.
–Bununla bağlı edə biləcəyimiz bir şey yoxdur. Maksimum diqqətli olmaq, onlardan uzaq durmaq lazımdır.
–Başa düşürəm, amma…
–Baxarıq həmin günü. Bəlkə heç ehtiyac olmadı. Qəsəbəmiz gözdən uzaq bir bölgədədir. Başımız çox ağrımaz. Ən çox bir şəxs gələcək, onu da yola verə bilməyəcəyiksə, nə deyə burdayıq.
Ortalığa çökən sükut müzakirənin bitdiyini göstərirdi. Yavaş-yavaş ayağa qalxaraq otağı tərk etdilər.
–Bu vaxtlarda ən azından şagirdlərin davamiyyətinə diqqət edin.–Əli məktəb direktoru çıxarkən ona xəbərdarlıq etdi.
Başı ilə başa düşdüyünü deyərək, o da otağı tərk etdi.
Günortadan sonra Faiq otağa daxil olub, Rəsulun gəldiyini xəbər etdi.
Əli Rəsulun otağa daxil olduğunu görüb əvvəl ayağa qalxıb, görüşmək istəsə də, sonra fikrini dəyişib, yerindəcə dayandı. Rəsul ona yaxınlaşıb, əl uzatdıqdan sonra əl uzadıb, görüşdü.
–Qəsəbədə bir yazıçının olduğunu yeni öyrəndim, dedim tanış olaq. Gəldiyin üçün çox sağ ol.
–Maraqlandığınız üçün mən təşəkkür edirəm. Düzdür, ilk görüşümüz deyil, amma tanışlığımız bu günə qismətmiş.
–Hə, keçən dəfəki hadisəni deyirsən.
–Həmin hadisə ilə bağlı nəsə etmək fikriniz var? Ya sizi maraqlandırmayan bir işdir?
–Nə yalan deyim, maraqlandırır, amma aciz qaldığım məsələdir. Yeniyəm, öyrəşməliyəm, nə edə bilərəm deyə hələ müşahidə aparmağa çalışıram. Səni də buna görə çağırdım həmçinin. Görürəm qəsəbənin problemləri ilə maraqlanırsan, səndən də fikir almaq istədim.
–Nə xoş. Nə lazımdırsa, etməyə hazıram.
–Amma bilirsən, bizim məsələlər aşkarlığı sevmir. Bunları öz aramızda etməliyik. Nə dəstək lazımdırsa, edim, amma bu baş verənlər qəsəbədən kənara çıxmasın.
–Həmin qızın təhsilini bərpa edin, bu haqda heç nə yazmayacağıma söz verirəm.
–Başa düşürsən, istədiyin bu dəqiqə ola biləcək bir şey deyil. Bəzi məsələlər məni ötüb, keçir.
–Mən həmin şəxsi tanıyıram, bildiyim qədərdə elə bir gücü yoxdur. Kiməsə tapşırdacaq, ya gözünüzü qorxudacaq heç kəsi yoxdur. Dərdiniz nədir?
–Dərd mənim deyil, əmrindir. Məncə, bu haqda ikimiz də bir-birimizi başa düşürük.
Rəsul kitabı masaya qoydu.
–Ümid edirəm bəyənərsiniz.
–Sultanlıdan da bəhs etmisən?
–Biraz.
–Qəsəbədə tanımırlar səni, deyəsən. Tanıyan da yaxşı tanımır. –gülümsədi.
–Tanımasalar da olar.
–Tanımasalar necə oxuyacaq, başa düşəcəklər? Gərək özünü onlara qəbul etdirməyə çalışasan. Misalçün, qəsəbədən yaz, amma gözəl tərəflərindən bəhs et. Bəhs et ki, sənin onları düşündüyünü görsünlər, onları sevdiyini hiss etsinlər. Onlara qarşı çıxmağın sənin aləmində yaxşıdır bəlkə, amma onlar bunu belə qəbul etmir. Nəticə etibarı ilə səni qəbul etmirlər.
–Nə yazmağımı tövsiyə edirsiz?–Rəsul soruşdu.
–Yazıçı olan sənsən, mən nə deyə bilərəm ki, sənə? Sadəcə onların sevgisini qazanmağa çalışa bilərsən. Gözəl qəsəbəmiz var, insanları yaxşıdır, mehribandır, təbiəti gözəldir, böyüyə hörmət saxlayırlar kimi. Özün bilirsən də nə sevirlər.
Rəsul heç nə demədi. Biraz gözlədikdən sonra Əli belə davam etməyəcəyini görüb, özü davam etdi.
–Mən də əvvəl yazırdım, Universitet vaxtı. Sonra vaxt olmadı, yazdıqlarım da itib batdı. Bir dəfə aparıb bütün kitablarımı da satmalı olmuşdum. Pula ehtiyacım var idi. Sevgilimlə görüşəcəkdim, sonra küsdüm, amma çox oxuyurdum.
–Qıza küsdünüz, ya kitablara?
Əli gülümsədi. – Hər ikisinə.
Rəsul ayağa qalxdı.
–İşlərinizə mane olmayım. Tanış olmaq xoş idi mənə.
Əli cibindən pul çıxarmaq istəsə də, Rəsul mane oldu. –Kitab üçündürsə, ehtiyac yoxdur. Sizə hədiyyəmdir.
–Olmaz elə.
–Kitab satsaydım mağazadan alın deyərdim, mənim hədiyyəmdir. Qəsəbəmizin başçısısız.–kinayə ilə dedi
–Hələ burdayam, çox görüşəcəyik.
–Əlbəttə.–Rəsul əl uzadıb, görüşdükdən sonra otağı tərk etdi.
Rəsul gedəndən sonra Əli kitabı götürüb, vərəqləməyə başladı. Biraz vərəqlədi, oxumağa başlasa da, ilk səhifədə tutulduğunu görüb, masaya qoydu. Rəsula deyərkən xatırladı ki, xeyli müddət olar kitab oxumurdu.
3
Əli artıq qəsəbənin rəhbəri olacaq qədər təcrübəyə sahib idi. Seçki prosesi zamanı bu tanışlıq daha da sürətləndi. İnsanların qeydiyyat üçün sənədlərini toplayarkən onlarla tanış olur, kiçik də olsa, söhbət etmək fürsəti əldə edirdi. Uşaqlarını sevmirdi. Qəsəbə böyüklərindən kimsə onların üstünə qışqırıb, sakitləşdirsə də uşaqların cavabları, ünsiyyətləri çox kobud idi. Səfərbərlik zamanı yaşı çatan oğlanları toplayarkən o da qatılmışdı, orada başa düşdü ki, bu problem tək uşaqlarda deyil, gənclərdə də mövcuddur. Səfərbərlikdən gələn şəxsin onlarla məktəbdə söhbəti zamanı onu dinləmir, dediklərinə əhəmiyyət vermirdilər. Onları biraz danışdırdıqdan sonra aydın olurdu ki, nəki vətənpərvərlik, heç vətənin nə olduğunu da düzgün izah edə bilməyəcək həddədilər. Qəsəbədə buna görə hərbidən yayınma da geniş idi. Uşaqlarını rüşvətlə hərbidən yayındıranların sayı çox idi. Kimisi də həqiqətən hərbiyə yararlı olmayacaq dərəcədə əqli problemli idi.
Faiq qapını iki dəfə döyüb, cavab gözləmədən içəri girdi.
–Bir məsələ vardı. Gəlsəniz yaxşı olar.
Əli ayağa qalxaraq qapıya tərəf yeridi.
–Nəsə olub?
–Hə. Rəsul. Bu müxalif olan. Polislər yoldan götürüb.
–Necə yəni yoldan götürüb?
–Qəsəbənin içindən. 3-4 maşın olublar. Rəsul çölə çıxan kimi maşına basıb, aparıblar.
–Niyə belə bir şey ediblər ki? Nə edib Rəsul?
–Bilmirəm. Məncə, seçki ilə bağlıdır, amma məlumatsızam. Atası xəbər göndərib ki, bəlkə siz nəsə edə bilərsiniz.
–Yaxşı. Hansı bölmədə olduğunu bilirsən?
–Hə.
–Məni apar.
Birlikdə maşına minərək yola düşdülər. –Normalda belə şey olanda icraya məlumat ötürmürlər?
–Rəsulun polisə düşməyinə öyrəşmişik, amma belə…Hələki də 3-4 maşınla…
Bölməyə çatıb, özünü təqdim edəndən sonra onu bölmənin rəisi qarşıladı. Otağına dəvət edərək, söhbət etdilər. Söhbət zamanı Rəsulun saxlanmasını, səbəbini öyrənməyə çalışdı. Təlimatın nazirlik səviyyəsindən gəldiyini, əsl səbəbini bilmədiyini desə də, Əli Rəsulu çıxarmaq üçün yol axtarırdı. Rəis isə bunu edə bilməyəcəyini, xəbərin çox üst səviyyədən gəldiyini təkrarladı. Vəziyyətin izahını vermək, əhəmiyyətini göstərmək üçün 4 maşınla getdiklərini deyib, dayandı. Rəsulla görüşmək istədiyini desə də, rəis buna icazə vermədi.
Əli çıxmaq istəyərkən onu saxlayıb, Rəsulla niyə bu qədər maraqlandığını və onun sərbəst buraxdırmaq istədiyini soruşdu. Əli ailəsinin xahiş etdiyini, həm də seçki vaxtı olduğunu və qəsəbənin belə bir vaxtda gündəmləşməsini istəmədiyini dedi.
–Təəssüf ki, mənlik bir şey yoxdur. Yəqin elə seçkiyə görə saxlanılıb. Seçkidən sonra buraxacaqlar. Sabah məhkəməsində dəqiqləşəcək. 1 aya çıxacağını ailəsinə deyərsiniz.
Əli nəsə demədən otağı tərk etdi. Rəsul üçün etmək istədiyi yaxşılığın səbəbini bilməsə də, onun üçün nəsə etmək istəyirdi.
Polis bölməsindən çıxıb, qəsəbəyə dönərkən yolda icradan zəng gəldi. Xəbəri tez çatdırmışdılar və onlar da Əlinin bu canfəşanlığını öyrənmək istəyirdi. Eyni sözü onlara da deyib, sakitləşdirdikdən sonra işinə davam etdi.
Polis rəisinin dediyi kimi 1 aylıq həbs aldı və seçki müddətində qəsəbədə heç bir hadisə baş tutmadı. Nə seçkini müşahidə etməyə gələn kənar bir şəxs, nə də bir jurnalist yox idi. Seçki fəallığı isə bütün qəsəbə üzrə 20 nəfər deyildi. Onlar da “seçki necə olur?” deyə görməyə gəlmişdilər. Təbii ki, bu belə yazılmamışdı. Digər gələn şəxsləri ya işlədiyi qurumlar göndərmişdi “səs verməsəniz işdən qovulacaqsınız” hədə-qorxusu ilə, ya da məktəbdə müəllimlər valideynlərə “səs verməyə gəlsəniz övladınızın qiymətlərini yaxşı tutacam” deyərək göndərmişdi. Çoxu heç qəsəbə qeydiyyatında da deyildi. Əsas məsələ seçkinin bitməsi və problemin olmaması idi. Bütün məzuniyyətləri, icazələri ləğv edilmişdi deyə artıq istirahət vaxtı idi. Kim istəsə icazə ala bilər dedi. Faiq 10 günlük məzuniyyət götürərək rayona getdi. Faiq gedəndən sonra sürücüsüz qaldığından maşını özü idarə etməli oldu.
Əli iş çıxışı evə gedərkən yolda Rəsulu gördü. Maşını saxlayıb, pəncərədən ona salam verdi.
–Hara gedirsən? Yolüstü aparım.
–Təşəkkür edirəm. Təzə düşmüşəm dövlətin maşınından.
–Narahat olma, dövlət təmsilçisi olaraq söhbəti etməyəcəm. Əyləş.
Rəsul tabe olaraq maşına əyləşdi.
–Hara gedirsən?
–Dostlarımla görüşəcəm. Həbsdən çıxdığım üçün dəvət ediblər, oturub, içəcik.
–Müxalif dostlarındır?
–Hə. Müxalif.–Gülümsədi.
–Söhbətləriniz nədən ibarət olur? Yəni görüşəndə nədən danışırsız?
–Necə inqilab edib, sizi hakimiyyətdən sala bilərik deyə planlar qururuq.
Əli Rəsulun dediyini ciddi qəbul edib, ona tərəf döndü. Rəsulun gülüb, ona baxdığını görüb, pərt halda o da yalandan gülməyə başladı.
–İstəyirsən gəl sən də.
Əli biraz düşünüb, yox demək istəsə də, onlarla tanış olmaq istəyirdi. Nə qədər kostyumlu adam görmək olardı ki?
–Gəlsəm ayıb olmaz?
–Yox, niyə olsun. Sadəcə çox dövləti tərifləmə. Xoşlarına gəlməyə bilər.
–Yaxşı.–deyərək gülümsədi.
–Atamla çıxandan sonra danışdım, mənimçün bölməyə gəldiyini dedi. Kömək etmək üçün.
–Hə. Şansımı yoxlamaq istədim, bəlkə alınar. Alınmadı.
–Xəbərin yox idi ki, məni yoldan götürəcəklərindən? İnanmıram ki, qəsəbə rəhbəri olaraq sənə xəbər etməsinlər. Ən azından ehtiyat üçün bunu etməliydilər.
–Yox. İnanmayacaqsan bəlkə, amma yox. Sonra öyrəndim.
–Qəribədir. Bu işlərdə təcrübən olmayıb, deyəsən. Yəni polis, kiminsə saxlanması, ya bu kimi mövzular. Yoxsa bilərdin ki, məni oradan heç kəs çıxara bilməz əgər əmri onlar verməyibsə.
–Hə, mən də gələndə öyrəndim bunu.–Əli dedi.
–Niyə kömək etmək istədin ki? Nəticə olaraq sizə qarşıyam.
–Bilmirəm. Həbsin, hələki də belə bir münasibət narahat etdi.–biraz dayanıb, davam etdi.–Həbs olmağın sərf etməyinə etdi, ona bir sözüm yoxdu.
Rəsul yolu göstərib, oturacaqları məkana gəldi. İçəri birlikdə keçib, Rəsulun dostlarının əyləşdiyi masaya yaxınlaşdılar. Rəsulla qucaqlaşıb, görüşdükdən sonra Əliyə baxdılar.
–Əli. Bizim qəsəbənin icra nümayəndəsidir.
–Yox, həbs sənə yarayıb.–deyərək dostlarından biri Rəsula sataşdı.
–Əli hələ harınlamayıb, mənimlə biraz da fırlansa, harınlaya bilməyəcək yəqin–Rəsul gülüb, ofisiantı çağırdı.
–Niyazi, Nuriyyə, Babək, Xədicə–Əliyə dostlarını təqdim etdi.
Əli özünü narahat hiss etsə də, hər kəsin rahat əyləşib, deyib-güldüyünü görüb, onlara uyğunlaşmağa çalışdı.
–Təzə təyin alıb bizim qəsəbəyə. İlk tanışlığımız bəhs etdiyim məktəbli qızın məsələsi ilə bağlı evə gedərkən oldu. Sonra da bir dəfə görüşmüşdük, ondan sonra saxlandığım gün məni çıxarmağa kömək etmək istəsə də bacarmayıb. Normal olaraq da bacarmazdı, nəysə. Mən də bir təşəkkür məqsədli, həm də sizlə tanış etmək üçün dəvət etdim.
Ofisianta 2 pivə deyib göndərdi. Masaya baxdı, çərəzlər var idi deyə əlavə nəsə deməyə ehtiyac görmədi.
–Bizdə insanlar qorxaqdır, yolda gedən yerdə arxadan gəlib təpik vursan durub səninlə dalaşmaz heç. Şikayət də etməz ki, birdən kiminsə adamı, tanışı çıxar, mənə problem olar. Ən yaxşı halda deyinib, gedər. Buna görə belə bir hərəkət etməyin təqdirə layiqdir.
–Bu qorxaqlıq deyil, əslində elə ağıllı olduğunu göstərir. Özünə problem yaratmır.
–Belə edərək qarşısındakını daha da güclü edir, nəticədə susmağı daim əzilməyinə səbəb olacaq.
–Bizim problemimiz təşkilatlana bilməməkdir. Əzilmək problem deyil, amma boş yerə olmasın. Susmağımızın səbəbi olsun.
Əli gördü ki, özünü göstərməyin vaxtıdır. Özünü “mən də çalışmışam nəsə edim” göstərməli idi ki, yanlarında zəif qalmasın.
–Başa düşürsüz, dövlətlə əlaqəli bir işdə çalışırsansa, siyasəti daha dərindən bilib, buna görə addım atmalısan. Sizinki radikal mövqeydir. Bəlkə sıravi vətəndaş olaraq edə bilərsiniz, bəlkə də lazımdır, amma dövlət işindəsənsə, bu fərq etmir hansı ölkədir, istər-istəməz sistemə uyğunlaşmalı, bəzi yerdə güzəştə getməyi bacarmalısan.
–Güzəşt dediyin insanların həyatıdır. İnsanların ömürləri kasıblıqla, pis şəraitdə heç olur. Onların itirdiyi ömürlərini heç kim əvəz etməyəcək, ya dəyərini ödəyə bilməyəcək. Bunun dövlət üçün əhəmiyyəti yoxdur?–Rəsul bir nəfəsə deyib, pivəsindən içdi.
–Dövlət budur. Guya onu siz idarə etsəniz fərqli olacaq? Yenə problemləri olacaq və yenə siz özünüzü haqlı görməyə çalışacaqsınız. Səhviniz olanda bunu öz üzərinizə götürməyəcəksiniz. Sadəcə heç zaman nəyisə idarə etmədiyinizdən bunu bilmirsiniz. Danışmaq asandır.
–Dövləti heç olmasa xalq idarə edəcək. Bir neçə adam…–Əli başa düşdü ki, davam etsə, sərt danışacaq, buna görə dayandı.
Gözü Xədicə ilə Nuriyyəyə sataşdı. Əli onlarla söhbət açmaq istəsə də, onların Əliyə tərəf marağı yox idi. Pivə içib, telefonla biraz məşğul olduqdan sonra fasiləni bitirib, Rəsuldan həbsi ilə bağlı danışmağını istədilər. Öz aralarında mehriban söhbət etsələr də, Əlinin onların söhbətinə daxil olmasını istəmirdilər. İstəsələr də Əli nə danışacağını bilmədiyindən müdaxilə etmirdi. Bir neçə dəfə verdiyi cavabların heç bir qarşılığının olmadığını görüb, heç nə olmamış kimi sakit dayandı. Qaçırılmağından bölmədə başına gələnlərə qədər, həbsdə yaşadıqlarına qədər soruşub, hadisərə deyib, gülür, əylənirdilər. Əli bəzən Rəsulun danışdığına təəccüblənirdi. Sual verəndə ona “dövlət budur” zarafatı etdilər deyə bundan bezib başqa sualı olsa da, soruşmadı.
Əliyi ciddiyə almamaları, tam əksi məzələnməyə çalışmaqları onu əsəbləşdirmişdi. Fərqli fikirdə ola bilərdilər, amma yenə də ona hörmət etməliydilər deyə düşündü.
4
Əli maşınla icra nümayəndəliyinə gedərkən yolüstündəki bərbərdə Rəsulu görüb, maşını saxlayıb, içəri daxil oldu. Bərbər özünəxas yaltaqlıqla “Əli müəllim xoş gəlib, gözləyin 2 dəqiqəyə işimi bitirib, sizi alıram” dedi.
Rəsul Əlini görüb, başıyla salamlayıb, gülümsədi.
–Ümid edirəm axşamkı söhbətdən sıxılmadın, ya xətrinə dəyən olmadı.
–Yox, tam əksi. Xoş oldu fərqli düşüncədə gənclərlə tanış olmaq, söhbət etmək.
–Mən dövlət adamıyam, dövlət hər şeyi bilməyi istəyir, buna görə evə gedəndən sonra oturub biraz araşdırdım. Belə başa düşdüm ki, oradakı ən az tanınan elə mən imişəm. Xeyli yazılar tapdım.
–Hə, hər birimiz məşhur adamlarıq. Şəkil çəkdirən yoxdur sadəcə.
–Dövlətin bu qədər sizə qarşı aqressiv olmağını başa düşmürəm. Dövlət üçün təhlükəli olacaq qədər gücünüz yoxdur, nə də sayınız var. Sizə bu qədər nifrət etmələrini başa düşmürəm.
–Bu sualın cavabını tapsan sən tapacaqsan, bizim o qədər əlaqəmiz yoxdur. Görəndə də sual verməyə fürsətimiz olmur. Sən öyrən, sonra bizə də deyərsən.
–Başa düşmədiyim bir dənə müharibəyə qarşı olmağınız idi. Bu mövzuda sizdən çox yazıblar. Faktlar olmasa da, iddialar dəhşətlidir. Əslində mənə də maraqlı gəldi. Niyə qarşısınız?
–Biz dövlətdən həll istəmirdik. Biz dövlətin müharibə etməyini istəmirdik.
–Müharibəni ki, biz başlatmamışıq. Bunu yəqin danmazsan.
–Müharibənin həlli bu ölkədə sadəcə bərbərlərdədir.–Rəsul dedi. Daha doğrusu dəfələrlə danışdığı söhbəti təkrar etmək həvəsində deyildi.
Bərbər işini dayandırıb, söhbətin nə ara ona gəldiyini başa düşməyə çalışdı. Söhbətin harasını qaçırmışdı. Həyəcanla, –necə yəni? –dedi.
–Mənə də maraqlıdır. Bərbərlər nə əlaqə? –Əli soruşdu.
–Hələki niyəsini tapmamışam, amma bu işi həll etsə-etsə bərbərlər həll edər.
Bərbər işini bitirib, Rəsulun üstündəki örtüyü götürdü. –Həmişə təmizlikdə.
Rəsul cibindən hazır saxladığı pulu çıxarıb, bərbərin siyirməsinə atdı. Nə bərbər qoyduğu pulu gördü, nə də soruşdu.
–Gözlə işim bitsin, bir yerdə gedərik, –Əli dedi.
Rəsul üstünü təmizləyib, oturaraq Əliyə baxır. Əli plansız gəldiyindən bərbərə sadəcə üzünü təmizləməyini istədi. Bir neçə dəqiqə sonra işini bitirib, ayağa qalxdı. Cibindən 5 manat çıxarıb, uzatdı. Bərbər, qalsın, qonaq ol desə də cibinə sıxışdırıb, çölə çıxdı. Əli də onun ardıyca çölə çıxıb, maşına əyləşdi.
–”Mən bərbərə gedirəm” ilə, “mən salona gedirəm” arasındakı fərqi bilirsən?
–Birinə kasıb gedir, digərinə varlı.
–Tək o deyil. Salona da gedirəm, uzağı 15-20 manat ödəyəcəm ora. Buradan çox da fərqlənmir.
–Fərq nədir?
–Fərq odur ki, ora gedəndə sənə məbləğ deyirlər, qiyməti budur. Kapitalist sistemin şərtlərinə uyğun olaraq. Əməyimin qarşılığı budur. Bərbərdə isə sənə pul demir, hətta qonaq ol deyir. Məbləği özün təyin edirsən. Bərbərin necə saç kəsməyindən, sənlə etdiyi söhbətdən, sənə danışdıqlarından bir qiymət çıxarırsan. Həm özünə uyğun olur, həm də onun xərcini qarşılayır. Heç göstərmirsən də ki, bu qədər ödədim. Heç o da soruşmayacaq, açıb siyirməsinə 1 manat da atsan baxmayacaq. Günün axırında bilməyəcək ki, o 1 manatı kim atıb. İmkanı buna çatıb, deyib, keçəcək. Ona görə heç kəs nə qədər ödəyim demir, işini bitirir, qalxır ayağa, pulunu qoyub, gedir. O qonaq ol deyir, sən də təşəkkür edirsən.
–Yaxşı imiş.
–Bu mədəniyyətdir. Bunu salonda kimsə etməz. Mədəniyyəti ilə seçilən ölkələrdə də görə bilməzsən belə bir şeyi. Pulu alıb, 10 dəfə fırladar, işığa tutar ki, birdən ona saxta pul ödəyərsən.
Maşınla gedərkən toy karvanının arxasına düşürlər. Qəsəbənin daxilində sırayla düzülmüş maşınlar siqnallayaraq gedirdi. Əlinin gözü maşının arxasından sallanan bayrağa sataşdı. Ermənistan bayrağı idi, maşının arxasına bağlayaraq yerdə sürüyürdülər. Rəsula tərəf dönüb, söz atdı: Çəkib, paylaş, yaxşı video çıxar bundan.
–Əslində məni bir sual maraqlandırır: Bildiyim qədər bizdə Ermənistan bayrağı satmırlar. Yəni hansısa mağazada görməmişəm. Deməli, bayrağı əldə etmək üçün sifariş edib tikdirirlər, daha doğrusu tikdirməlidilər. Başqa cür əldə edə bilməzlər. Maraqlıdır, gedib dərziyə nə deyirlər? “Salam, bizim bir xeyir işi var idi, bizə Ermənistan bayrağı lazımdır. Hazırlaya bilərsiniz?”
Əli gülümsəyərək, çiynini çəkir.
–Maraqlı bir ölkədə yaşayırıq. Daha doğrusu laboratoriya kimi bir ölkədə. Başını itirib, dəli olmasan bu işlərin axırında doktor filan olarıq. Ona da ehtimal vermirəm, yüzdə birimiz bunu bacardıq bəlkə.
Rəsulun evinin önünə çatanda maşını sağa çəkib, onu düşürdükdən sonra yoluna davam edir. Rəsulun dedikləri onun üçün yeni və qəbul edilməsi asan olmayan fikirlər idi. Bəlkə də haqlı idi, amma 1 dəfə deməyi ilə qəbul edilməyəcək mövzulardır. Bunun üzərində qurulan bir xalq var. Gərək yenidən xalq yaradaq. Əli bunu yaratmağa hazır idimi? Ya bunu yarada bilərdimi? Marjinallaşmaqdan başqa heç nə verməyəcəkdi ona.
Telefonuna gələn zəng onu fikirdən oyadır.
–Eşidirəm. –qarşı tərəfin dediyi sözdən sonra Rəsulun dediklərini bir an unudub, öz vəzifəsinə geri döndü. Tam ciddiyyətlə “gəlirəm” deyib, ilk döngədən dönüb, Məleykə xanımın evinə tərəf yollandı. Qonşuları idi zəng edən. Qadının öldüyünü, xəbər verəcək heç kəsləri olmadığından ona zəng etdiklərini dedi.
Əli evin önündə maşını saxlayıb, içəri daxil oldu. Qonşular qadını yerə uzadıb, üstünü örtmüşdülər. Oğlu gələ bilmədiyindən qızı və qızının yoldaşı gəlmişdi. Ambulans gəlib, ölümünə dair bütün prosesi tamamadıqdan sonra kəfənləyib, dəfn üçün hazırladılar. Məleykə xanımın ondan etdiyi xahişi xatırladı. Qızıyla söhbət edib, dəfn üçün haranı düşündüklərini soruşdu, amma qadın bunu heç düşünməmişdi. Ərini çağırıb, ona mövzunu açanda o da eyni reaksiyanı verib, sürətli düşünərək hara uyğun olar deyə düşünməyə başladı. Əli onları qabaqlayıb, əgər razı olarlarsa, bu qəbristanlıqdan yer ayıra biləcəyini dedi. Məleykə xanımın vəsiyyəti üzrə də ona uyğun yer seçiləcəyi öhtəliyini götürüb, ailəni razı saldı. Dediyini də edərək qəbristanlığın yol kənarına yaxın tərəfindən boş yer tapıb, dəfn üçün oranı qazdırdı. Bu yoldan istədiyi qədər gəlib-gedənə baxa biləcəkdi.
5
Rəsulgilin şəhər mərkəzində həyata keçirmək istədiyi aksiyadan necəsə xəbər tutmuşdular. Aksiya ictimaiyyətə açıq olmayacaq, məhdud insanla olacaqdı. Buna görə həmin insanlardan kənar heç kəs məlumatlı deyildi. Nə ailələri, nə də digər dostları, amma necəsə olmuşdusa öyrənmiş, qarşısını almağa çalışırdılar. Əli icra nümayəndəliyinə gəldiyində müavini tez otağına qaçaraq vəziyyəti ona izah etdi. Rəsulun qapısında gözləyən polislər onun çıxmağını gözləyir, çıxdığı an maşına mindirib, aparacaqdılar. Əli nə etməliyik?-deyə soruşanda isə müavini həyəcanla “biz nə edə bilərik? Dinc duraydı, başını ağrıtmazdı. Sizə də xəbər verməyiblərsə, deməli gizlidir. Kim bilir yenə nə hoqqa verib. Gedib qurdalayıb işlərinə mane olmayaq, sonra bizdən heyfini çıxarlar” deyə bir nəfəsə deyib, bitirdi.
–Sən necə öyrəndin?
–Gələndə fikir verdim. Maşında oturan oğlanı çox görmüşəm, adam aparmağa gəlib. Həm də arxalarıyca baxdım, 2-3 maşın idi.
–Sən işinə davam elə. Bizlik nəsə olsa, özləri deyər.
Müavini otaqdan çıxdıqdan sonra Əli ayağa qalxıb, otaqda vurnuxdu. Nə edəcəyini bilmirdi. Rəsulun həbs olmağını istəmirdi, amma edə biləcəyi də bir şey yox idi. Nəsə etsə, o da onunla əlbirdir deyə üstünə gələcəkdilər. Gözləmək qərarına gəldi. Gözü telefonda idi ki, ya polisdən ona zəng edib, məlumat verəcəklər, ya da Rəsulun ailəsi. Gedib polisə mane olmaq istəmirdi, düşünürdü ki, bu da onların işidir və etməlidilər. Boş yerəmi o da dövlət işinə girmişdi? Hər kəs haqqını küçədə axtarsa, dövlət nə deyə vardı?
2 saat sonra sıxılıb, otaqdan çıxdı. İdarənin həyətində dolaşarkən Faiq xəbər çatdırdı ki, Rəsulu aparıblar. Heç bir söz deməyərək gözlədi ki, başqa nə xəbər olacaq. Sosial mediaları yoxladı, amma heç bir xəbər yox idi. Saxlanmasının səbəbi baş verəcək aksiya olduğunu yazsalar da, başqa bir məlumat vermirdilər. Onunla bərabər 2 nəfər də saxlanmışdı. Rəsul kimi onlar haqda da heç nə deyilmir, məlumat yox idi. Günün sonunda təsdiqlədilər və hər biri haqqında 30 günlük inzibati həbs qərarı çıxdığını dedilər. Əlinin edə biləcək nəyisə yox idi. Bir dəfə evlərinə gedərək onların nəyəsə ehtiyacı olub-olmadığını soruşdu, Rəsul üçün nə edə biləcəyini soruşdu. Pul çıxarıb vermək istəsə də atası qəbul etməyəcəyini, ehtiyaclarının olmadığını deyərək pulu əliylə itələdi. Əli ikinci dəfə israr edib, təklif etmədi.
30 günlük həbsi bitdi və azadlığa çıxdı, həbsinə səbəb olduğu aksiya isə baş tutmamışdı. Çıxıb, evə gəldiyi gün Əli dayana bilməyib, evinə getdi. Əlini gördüyünə həm təəccüblənmiş, həm də sevinmişdi. Gələcəyini düşünmürdü. Bəxtindən jurnalist həmin vaxt müsahibə alırdı və bir kadra xəbəri olmadan düşmüşdü. Nə oldusa, ondan sonra oldu.
2 gün sonra onu icradan çağırıb, videonu göstərərək niyə getdiyini soruşdular. Nə deyəcəyini bilmədiyindən qəsəbənin sakini olduğunu, maraqlanmaq istədiyini dedi, amma bu cavabı onları qane etmirdi. Daha inandırıcı bir şey eşitmək istəyirdilər yəqin ki. Əliyə ehtiyatlı olmalı olduğunu, onun kimi xarici maraqlara xidmət edən şəxslərin təhlükəli olduğunu, ondan istifadə edə biləcəyini deyərək yola saldılar.
Bir ay sonra isə Rəsulun intihar etdiyi xəbərini eşitdi. Özünü yaşadığı evin həyətində yandıraraq intihar edibmiş, amma özündən geri nə bir məktub, nə də intihar edəcəyi ilə bağlı iz buraxmamışdı. Evdə tək olduğu bir gün, benzini götürərək üstünə töküb və yandırıb. Aylarla bu xəbər tirajlandı, intihar etdiyimi, yoxsa öldürüldüyümü müzakirə edildi. Rəsmi olaraq isə intihardan başqa heç nə göstərilmirdi. Bir müddət sonra isə onu da danışan olmadı. Əli isə nəsə deməkdən, evlərini ziyarət etməkdən də qorxurdu. Sakit qalıb, hər şeyin unudulmağını gözləyirdi. Özünü gözə soxmaq istəmirdi. Rəsulun məzarını isə Sultanlı ilə vidalaşdığı gün ziyarət etdi. Qəsəbə ilə Rəsulun məzarında vidalaşdı. Məzarın başında dayanıb, ətrafa baxdı. Gözə dəyən kimsə yox idi. Sağollaşarkən baş daşınada yazılmış cümləni gördü. Kimin yazısı idisə, çox gözəl xətti var idi.
“Doğru bildiyin yolu tək də olsan davam et, başqasının gəlməyini gözləmə”
Son dəfə Rəsulun baş daşına toxunaraq oradan uzaqlaşdı.