Səməd Şıxı-Məcburiyyət

Fərqi yoxdu kim olduğumuzdan, birinin həyatında həddindən artıq yaşayırıqsa onu bezdiririk. Sevgi zamansal bir qavramanın daxilindədi. Kim desə ki, birini bir ömür sevə bilərəm o yalan deyir, doğru tərəfi var o da ki, onun zamanı gələndə çıxıb getməsi ya da ölməsidi. Bir müddətdən sonra insan çəkilmir, ondan canımızı qurtarmaq istəyirik. Yaşam və ölüm bu sevgini təyin edən bir keçiddi.
***
Səmayənin yetmiş bir yaşı var idi. Doğum gününün hansı ayın, hansı gününün olduğunu özü daxil heç kəs bilməyirdi. Özü bəlkə də bilirdi amma soruşsan cavab verə bilməyəcəkdi. Bir il əvvələ qədər pis də olsa gəzə bilir, öz ehtiyaclarını özü ödəyə bilirdi. Bir gün xəstələnib yatağa düşür, hər kəs öləcəyini düşünsə də xəstəlik ağırlanmağı ilə davam edir, Səmayə isə ölmək bilmirdi. Bu gün ölər, sabah ölər deyə gözləyərək bir il keçmişdi üstündən. İlk başlarda danışıb nəyi olduğunu desə də yarım ilə yaxın idi ki, onu belə edə bilmirdi. Yatağında uzanaraq sadəcə göyə baxırdı. Tualetini nə zaman elədiyini belə bilmirdi, yemək belə yeyə bilmirdi, onun üçün sadəcə sulu yeməklər bişirirdilər. Danışmağa da çətinlik çəkirdi. Bir söz deməkdən ötrü bir dəqiqə çabalayırdı.
Səmayənin iki uşağı var idi- yanında yaşadığı oğlu, bir də qızı. Hər ikisi evlənmiş, ailə sahibi olmuşdular. Qızının ailəsində problemlər yaşanmasa da oğlunun ailəsi üçün bunları demək olmazdı. Evləndikləri gündən anası ilə bir yaşamaq istəmədiyini deyən həyat yoldaşı, ərinin dönmədiyini görüb, qaynanasının tezliklə öləcəyini və ondan canını qurtaracağını düşünsə də bu baş tutmamış, üstəlik yatalaq olaraq ona artıq yük olduğundan evdə hər gün qırğın törədir, arvaddan can qurtarmaq üçün gün sayırdı. Qadın isə dirəşib ölmək bilmirdi.
Evliliklərindən on il keçmiş, səkkiz yaşlarında da bir oğulları var idi. Oğlu nənəsini çox istəsə də anasının hər gün elədiyi şikayətlərdən sonra nənəsinin pis adam olduğunu, anasının üzülməsinə səbəbkar olduğunu düşünüb nənəsinə kin yaratmışdı. Səmayənin oğlu isə nə edəcəyini bilmirdi. Arvadı qocalar evinə qoymaq təklifini eləsə də nə oğlu, nə də qızı bunu istəmirdi. Bir dəfəsində evdə nə edək deyə toplaşdığlarında bunu dediyində qızı – anamı kimsəsiz deyə aparıb ora atacaqsınız? Olmaz! –deyəndə, gəlin özünü saxlaya bilməyib, ananı belə çox istəyirsənsə apar özün saxla, sən qızısan, mən isə özgəsinin qızıyam. Hər gün onun altını dəyişməyə məcbur deyiləm –dediyində isə nə qız, nə də qardaşı heçnə deyə bilmədən susub dayanmışdılar. –Görürsünüz, cavabınız yoxdu. Mən də yaşamaq istəyirəm, günümü sabah öləcək deyərək gün sayıb, qocalmaq fikrində deyiləm. –deyib öz sözünü ortaya qoymuşdu.
Oğlu isə nə edəcəyi barəsində heçnə bilmirdi. Bir tərəfdə onun otuz beş illik anası, bir tərəfdə isə onun həyat yoldaşı, uşağının anası dayanmışdı. Hər ikisinin haqlı tərəfi var idi. İndi aparıb qocalar evinə qoysa belə götürməyəcəkdilər bəlkə də deyə düşünürdü. Ölümünə bir addım qalmış onu kim götürərdi? Deməyəcəkdilər ki, necə övladsan? Ananı başından edib atırsan çölə ki, ölsün. Son günlərini buraxın evdə yaşasın. Desəm ki, bir ildi belədi, ölmək fikri yoxdu üzümə tüpürəcəkdilər. – yox, belə olmaz- deyərək düşünməkdən başına ağrı girmişdi. Siqaret çəkməyən insan siqaretin biri sönməmiş o birisini yandırırdı.
Səmayə olanların fərqində idi. Danışa bilməsə də eşidə bilirdi. Yaşamaqla ölüm arasında qalmışdı. Cavanlığını xatırlayıb duyğulanırdı bəzən. Edəcək çox işi olmadığından gününü belə keçirirdi. Cavankən gəzdiyi, güldüyü günləri, oğulunun, qızının uşaqlıq illərindəki xoş günləri, əri ilə bərabər keçirtdiyi ən xoş günləri düşünüb bu sonluğla ayrılmaq ağırına gəlirdi. Bunu haqq edəcək heçnə etməmişdi. Kiməsə pislik etməmiş, kiminsə pisliyi üçün işlər görməmişdi. Əri yaxşı işlədiyindən imkanı zəif olan qonşularına həmişə əl tutmuşdu. Ərinin xəbəri belə olmadan kömək edərdi. Oğlu və qızı üçün qurduğu şəraiti də hər ana etməmişdi. Bir dediklərini iki eləməz, hər istədikləri saniyəsindəcə yerinə yetərdi. Yadına gəlir, bir dəfə gecə on ikidə qızı portağal istəmişdi deyə atasını portağal tapması üçün küçələrə salmışdı. Hələ onların universitetə qəbul olduğu gün necə sevinmişdi. Qəbul olduğunu biləndən sonra qonşularına şirniyyat alıb paylamışdı. Universiteti bitirib diplomu gətirəndə isə qucağlayıb nə qədər ağlamışdı.
Heçnə eləmədən yaşamaq ona ağır gəlsə də ölmək istəmirdi. Gəlininin dediklərini eşidən də ona haqq versə də ölməkdən qorxurdu. Bəlkə də ölməməyinin səbəbi bunu istəməməsi idi. Öləcək, aparıb onu qəbrə qoyacaqdılar, sonra bədəni çürüyəcək, heyvanlar bədənini gəmirəcək, ətini yeyəcəkdilər. Yox, bunlara dözə bilmərəm deyərək ölmək istəmirdi. Ya qəbrdə təzdən dirilsəm və əzablar içində təzdən ölsəm qorxusunu xatırladığdan sonra uşaqlar kimi ağlayaraq ölməmək üçün dua edirdi.
Gəlinin əsəbi təmiz pozulmuşdu. Anasına elədiyi şikayətlərdən bir-iki dəfə qızını aparıb, mən sizə gəlin vermişəm, qulluqçu yox desə də, ailəsini dağıtmaq istəmədiyindən geri dönmüşdü. Oğlu onsuz da hər gün yaşadığı qırğından yetərincə pay alırdı, bir də ayrılıb onun psixolojisini təmiz korlamaq istəmirdi. Ən sonunda qərarını verdi. Qadını öldürmək. Bundan başqa çarəsi yox idi. Heç kəsin evdə olmadığı bir vaxtda bunu edəcəkdi. Plan qurmuşdu. Ərini işə, oğlunu məktəbə yollayıb yastığı götürərək onu boğacaqdı. Üstündən yarım saat, bir saat keçəndən sonra ərinə zəng edərək öldüyünü ona deyəcəkdi.
Səhər qalxıb planı yerinə yetirmək üçün hazırlığını görməyə başladı. Heçnə yoxmuş kimi sakit bir halda ərini işə, oğlunu məktəbə yollayıb evdə tək olduğundan əmin olduğdan sonra qaynanasının otağına gedib bastığı götürüb ona xırda addımlarla yaxınlaşmağa başladı. Ürəyindən bu gün bitəcək, bu əzab burda bitəcək və bu gün baş verənlər mənimlə bərabər qəbrə gedəcək deyirdi. Gəlib qadının qarşısında dayanıb gözünü yumub yastığı üzünə basmaq istəsə də gözünü açıb göz-gözə gəldiyində onun ağlayaraq ona yalvarışlı baxışları ilə etmə deməsini görüb basdığı endirib bunu edə bilməyəcəyini başa düşdü. Ağlayaraq məcburam buna deyərək təzdən yastığı yuxarı qaldırdı. Anasının Səmayənin yatalaq olduğu ilk vaxtlarda ona dediyi- unutma, sən də oğul anasısan, gələcəkdə etdiklərin sənin də qarşına çıxa bilər, sözləri yadına düşdü. İllər sonra özünü onun yerində uzanıb oğlu və gəlini tərəfindən ondan qurtulmaq üçün planlar qurduğlarını düşündü. Yastığı yerə endirdi. Qadın gözlərini yumub hazıram deyərək hönkür-hönkür ağlayır, heçnə demirdi. Deyəsən, o da bezmişdi. Burda bitirmək istəyirdi. Amma bacarmadı, edə bilmədi. Geri dönüb tərpənmədən axşamacan saatlarca ağladı. Oğlu gəlib yanında oturub gözünün yaşını silsə də ondan otağına getməsini istədi. Ərinə və ərinin bacısına zəng edərək axşam evə tez gəlmələrini istədi. Bacısı işim var deyib boyun qaçırtmaq istəsə də üstünə qışqıraraq gələcəksən! –deyib telefonu söndürdü.
Hər ikisi eyni saatda gəlib oturdular. –buyur, bizimlə danışmalı olduğun vacib şey nədir- dedilər.
-Bu gün qərarımı vermişdim. Arvadı boğub öldürüb axşam öldüyünü deyəcəkdim sizə, amma bunu bacarmadım. Göz-gözə gəldik, mənə yalvaraq baxırdı, illər sonra bunu yaşamaq istəmirəm deyə bunu mən deyil də siz edəcəksiniz.
-Nə dediyinin fərqindəsən? Öz anamızı öldürməyimizi istəyirsən bizdən? –qız coşaraq yerindən atıldı. –Axmaq olmusan, səni dəlixanaya yatırmaq lazımdı.
-Əgər eləməsəz ondan əvvəl məni ya qəbrə ya dəlixanaya qoyacaqsınız. Bacarmıram, götür apar, biraz da sən bax deyirəm eləmirsən. Aparın qocalar evinə qoyun deyirəm camaat nə deyər deyirsiniz. Deyin mən nə edim? Bir insanı öldürəcək dərəcəyə gəlmişəmsə bundan o tərəfi yoxdu. Ya bu gün bu iş bitəcək, ya mən burda bitirib gedəcəm. Ondan sonra necə baxarsınız, necə yaşayarsınız öz işinizdi.
-Bir şey fikirləşərik, sən sakitləş. Hərəkətlərinlə uşağı da qorxuzursan.
-Yox, sənə də deyirəm- əli ilə ərini işarə elədi –anam məni götürüb aparanda ailəmizi dağıtmamaq üçün dözmüşdüm. O zaman belə ümidim var idi ki, bu kabus nə zamansa bitəcək amma artıq yoxdu. Bu gün işi bitirəcəksiniz.
Yastığı uzadıb – hansınız edəcəksinizsə edin –dedi.
Bacı-qardaş bir-birinə baxıb nə edəcəkləri barəsində düşünürdülər. Bunu analarına eləmək istəmirdilər. Amma nə edəcəklərini də bilmirdilər. Səmayə isə aralı qalmış qapıdan qışqırıq səslərini eşidə bilirdi. Sonunun yaxınlaşdığını hiss edirdi. Həm də sonu tanrı tərəfindən deyil, öz övladları tərəfindən olacaqdı. Onu ən çox üzən də bu idi. Əli ilə öz əcəllərini yetişdirib, böyütmüşdü.
-Sizi gözləyirəm.
-Mən bunu bacarmaram, anamı gözümə baxaraq öldürməyimi istəyirsən. Özünü mənim yerimə qoy və nə edəcəyini düşün.
- Siz də özünüzü mənim yerimə qoyun. Nə edərdiniz?
-Sən elə. Bunu istəyirsənsə, sən elə. Biz heçnə deməyəcik. – Səmayənin qızı dedi.
-Nə danışırsan?- qardaşı dedi.
- Bu qədər istəmir? Burax eləsin. Mən qarışmayacam.
- Bacarsa idim sizi çağırmazdım.
- Və bizim bacaracağımızı düşünürsən?
- Mən bilmirəm, mən gedib çantalarımı hazırlayıram, gələnə qədər ya işi bitirmiş olarsınız ya da əbədiyyətən məni unudun. Bir də məhkəmədə qarşılaşarıq.
Durub otağına keçdi.
Bacı-qardaş bir-birinə baxaraq nə edəcəkləri barəsində düşünürdülər. Ayağa durub analarının otağına keçdilər. Qapıdan kiminsə girdiyini eşidib Səmayə daha çox qorxmağa başladı. Uşağlarının qəbul etdiyini düşünüb əsməyə başlamışdı. Kaş gəlini edərdi, kaş imtina etməzdi deyə düşünürdü.
Uşaqları başının üstündə dayanıb göz yaşlarından su olmuş yastığı gördülər. Anaları hələ də ağlayırdı. Bir-birilərinə baxıb qərarsızlığ içində hələ də nə edəcəklərini düşünürdülər. İçlərindən analarına etiraz edərək niyə yaşayırsan axı, niyə bizə əzab verirsən? –deyirdilər.
Anaları gözlərini yumub son saniyələrini sayırdı. Üzünə örtülüb dünyasını qara edəcək yastığı gözləyirdi. Oğlu kənardan yastığı götürüb baxışırdı, ürəyindən olan olub, məcburam deyib anasına yaxınlaşda qapıdan sallanıb onları izləyən oğlu ilə baxışdı. Oğluna beləmi örnək olacaqdı? Yaşamağı bacarmırsa öldürmü deyəcəkdi? İndi başa düşmür, ya illər sonra atası haqqında nə düşünəcəkdi. Ona bir söz deyəndə üzünə vurmayacaqdımı ki, sən deyildin öz ananı gözümün önündə boğub öldürən?!
Yastığı götürüb anasının göz yaşından yaş olmuş yastığı ilə dəyişdi. Anası nə olduğunu görmək üçün gözünü açıb oğlunun gözünə baxdı. Ağlamırdı, öz ağırlığını qoruyub saxlayırdı hələ də. Ciddi duruşu ilə atasını xatırladırdı. O da belə ciddi baxar, nə edəcəyini düşünərdi. Ərindən belə şey istəsəydi o nə edərdi deyə düşündü. Qəbul etməzdi yəqin. Necə qəbul eləsin axı, anadı. Onu dünyaya gətirən, ona ömrünü fəda edən şəxs. Bir qələmdə sındırıb atmaq olmurdu. Nə eləsə belə yenə bir ana idi. Canı yananda onun da canı yanan bir ana və oğul. Qan vardı, qandan da ötə bir sevgi bağı var idi arada. Ailəsini qurtaracaq deyə anasını rahatlığla öldürə biləcək dünyada necə oğul var ki?
Həyat yoldaşının səsi gəldi, oğlunu çağırırıdı. Çantalarını hazır eləmişdi demək. Oğlan arxaya boylanıb anasına baxdığdan sonra heçnə demədən yavaş bir şəkildə geri dönüb getdi. Anasına, bacısına baxıb qaçaraq arvadını saxlamaq üçün arxaları ilə qaçdı.
-Dayan.
-Sənə demişdim. Gedirəm.
- Bunu bacarmayacam. Amma söz verirəm, çarəsini tapacam.
-Tapdığın zaman xəbər edərsən. Güman edirəm çox gec olmaz.
Qışqırıq səsi qopdu. Hər kəs qaçıb otağa girdi. Bacısı ağlayırdı.
-Nə oldu?
-İstədiyiniz oldu. Anam öldü. –keçirtdiyi şokdan qışqıraraq ağlayır, özünü yerə çırpırdı. Qardaşı qaçıb onu sakitləşdirməyə çalışdı.
-İstədiyin oldu, rahatsan? Xoşbəxtsən? – deyə üstünə atladı.
-Mən... Mən...- Ayılmış halda nə elədiyini düşünməyə başladı. Nə edəcəkdi, o? Bir insanı öldürməkmi istəyirdi? Biraz əvvəl bir insanı, yatalaq, aciz bir insanı öldürmələrinimi istəyirdi? onu istəyən o idimi?
Oğlu anasının başının üstündə dayanıb ağlamağa başladı. Əlindən tutub öpdü. Nəbzini yoxladı, həqiqətən də ölmüşdü. Bacısı isə onun arvadını parçalamamaq üçün özünü güclə tutub saxlamışdı. Qapıdan isə olanları səssizcə izləyən otağdakı tək günahsız insan isə olanları başa düşməyə çalışırdı. İndi nənəsini kim öldürdü?