SƏMƏD ŞIXI - QORXURUQ

İnsanlar yerdə prezidentdən, göydə allahdan qorxur. Düşünür ki, yerdə dediyinə görə qəzəblənəcək, onu cəzalandıracaq bir prezidentli varsa, göydə də onu əməllərinə görə cəzalandıracaq bir allahı var. Hər ikisini o seçməyib, hər ikisinə qarşı bir öhtəlik götürməyib. O zəifdir və qarşı gələ bilməz. Tabe olmalı, əmrlərini yerinə yetirməlidir. Qorxmaq da kifayət deyil hətta. Misalçün, onun üçün hər gün ibadət etməli, ilin 30 günü oruc tutmalı, 1 dəfə onun həcc ziyarətinə getməlisən. Bu yuxarını razı salmaq üçündür. Bir də aşağıdakı var. Onun üçün gecə-gündüz sağlığına dua etməli, sağlığını itirmiş şəxslərin qəbrini ziyarət etməli, lazım görərsə, 1 dəfə də onun üçün gedib, ölməlisən. Bəyənmirsənsə, başına nə gələcək? Yerdəsənsə, əməlinə görə həbs olacaqsan. Misal, xətrinə dəyəcək söz desən 30 sutka, xətrinə dəyəcək iş görsən 30 ay. Bununla yanaşı “başa salmaq” üsullarından da kampaniya daxilində yararlanmaq mümkündür. Yuxardakı kənar qalarmı? Onun da həbsxanasının əməlinə görə müddəti olur. İçki içmisənsə, ayrı, haram pul yeyib, bundan ona pul ayırmamısansa, ayrı cəzan olacaq. Bunun da yanında ölçüsü böyük ilan, arı və başqa heyvanlar kampaniya daxilində cəhənnəmdə səni gözləyir. İndi siz deyin, qorxmayaq nə edək? Allahımı dünyaya endirib, cəzalandıracıq, prezidentimi göyə qaldırıb, cəzalandıracıq? Allahımı prezidentə şikayət edək, yoxsa prezidentimi allahu-təalaya şikayət edək?