Səməd Şıxı - Geri dönən doğma
Uşağlıq dostum
Garfield’a həsr edirəm...
***
Ölüm sevdiklərimizi əlimizdən alır. Onları geri gətirməkdən ötrü çox çalışsaq da, bunu çox zaman bacarmarıq, çox deyəndə heç vaxt bacarmarıq. Ölümünə sevdiyimiz şəxslərin çıxıb getməsi bizi sarsıdar, ondan qalan əşyalarla təsəlli taparıq, şəkillərinə baxıb onunla yaşadığımız xatirələri yad edərik. Bunların heç biri işə yaramaz, ölən dirilməz. Bir zaman keçər, unudulub xatirələr kateqoriyasında bir qovluq içərisində öz yerini tapar.
***
İsinin ölümündən on gün keçmişdi. Ev yasda idi. Gənc yaşda ailəsini, dostlarını, sevdiklərini tərk etməsi hər kəsi üzmüş, kədərə boğmuşdu. Həyat yoldaşı, altı yaşındakı oğlu, atası ilə bir yerdə yaşayırdı. Atası evin yanında özü üçün ayrı bir otağlı ev tikmiş orda yaşasa da, günün tamamını bir yerdə olardılar.
Oğlunun adı Şahruz idi. Atasının öldüyünü başa düşməsə də, evə gələn qonaqlardan pis olduğunu görüb, yaxşı şeylər olmadığını başa düşürdü. Əylənmək, onunla oynamalarını istəyirdisə belə, kimsə onunla oynamaq istəmirdi. Bu gün olmaz deyə tək buraxırdılar onu. Şahruz evə gələnlərdən atasının öldüyünü eşitsə də, ölümün nə demək olduğunu bilmirdi. Atan iş üçün gedib, bir-iki gün gəlməyəcək sözünü çox eşitmişdi deyə atasının yenə iş üçün harasa getdiyini düşünür, atasının gəlməyini gözləyirdi. Heç kəs onunla oynamasa da, atası onunla oynayacaqdı.
Şahruz həyətdə oynayarkən yanına bir pişik yaxınlaşır. Pişik parıldayan gözləri ilə ona baxır, yanına gələrək miyoldayır. Gəlib başını Şahruzun əlinə sürtdü. Kənardan anası oğlunun pişiklə oynadığını görüb yanına gəlib oğlunu qaldırıb, əl vurma, cırmaq atar deyib uzaqlaşdırdı. Pişiyin ona tərəf gəldiyini görüb ayağı ilə itələdi. Oğlunun da götürüb içəri apardı. Pişik tərpənmədən üzgün bir şəkildə onların arxasıyca baxdı. Nəsə demək istəsə də başa düşülmədi. Başa düşülənsə sadəcə miyao –idi.
Filmlərdəki kimi alt yazı versək necə olardı? Onların nə dediyini başa düşsək nə olardı. Nə demək istədiklərini məsələ:
-Mənəm, İsa... Oğlum, atanı tanımadı?
Pişik içəri keçib evinə qonaq gələn qonaqlara baxa-baxa gəzişdi. Dayısı oğlu onu görüb barmaqlarını bir-birinə sürtərək “pişi-pişi” deyib onu çağırdı. Durub ona baxdığını görüb, bunlar da qudurub, əlimin boş olduğunu görüb gəlmir-dedi. Pişik isə miyoldamadan onu keçib getdi. Gözdən qaçıb evə girdi. Hərə bir küncə girib ya nəsə yeyir, ya söhbət edirdi. Evdə gəzir, öz otağına girir. Bu an səs eşidir- pişiyə bax, qapıdan qovdum evə girib- bu həyat yoldaşı Fəxriyyə idi.
Pişiyi qucağına alıb özündən aralı tutaraq aparıb çölə atdı.
Acmışdı deyə yemək yeyən insanların yanına getdi. Miyoldadı (mənə də bir şey verin). Atasının əmisi oğlu ona baxıb gəmirdiyi sümüyü qabağına atdı. Sümük yerə düşüb toz-torpaq olmuşdu. Yaxınlaşıb yemək istəsə də yemədən aralaşdı yanından. Atılan çöplərin içinə atlayıb köhnə çörəkdən bir parça qopardıb çiynəməyə başldı. İnsan olaraq yaşadığı dövrdə isti çörəyi olmazdısa yemək yeməzdi. Təmizliyə ciddi yanaşır deyilməsə də, tozlu nəsə yediyini xatırlamazdı.
Çörəyi yedikdən sonra ağacın altında burulub uzandı. Nə zamansa öz ölümünü izləyəcəyini düşünməmişdi, hələ ki, də bir pişik olaraq. Görəsən, hər insan öləndən sonra bir heyvan olur? anasının öldüyü zamanı xatırladı. O vaxtı onlara heyvan gəlmişdi?! Xatırlamırdı. Bəlkə onu da qovmuşdular. İnsanın ağrına gedir doğmaları onu tanımayıb evindən qovması. Tamam, tanımaya bilərsən, bəs hiss də etmirsən? İnsan nə qədər də olmasa hiss edər. Bunun üçün sevmək lazımdı. Onu sevmirdilər? Yox, bu variant xoşuna gəlməmişdi. Ən yaxşısı tanımamışdılar.
Gecə oldu. Qonaqlar bir-birinin ardıyca getməyə başladılar. Atası gəlib həyətdə oturub siqaret çəkərkən ayağa qalxıb ona yaxınlaşdı. –Miyaoo (ata, sən də tanımadın məni?)
Atası əyilib başını sığalladı. Masadan eşələyib tikə ətdən bir parça ona verdi. Miyao (atam hiss etmişdi məni)
Siqaretini çəkəndən sonra o da öz evinə yollandı. Həyətdə tək qalmışdı. Tək qaldığı az olmamışdı burada. Amma pişik olaraq özünü hiss etməmişdi. Gecəni yata bilməyib hey düşündü. Gəzmək istəyib məhəlləyə çıxdı. Yolda bir itin hürərək ona tərəf gəldiyini görüb hoşt demək yerinə miyao deyəndə səbəbini başa düşüb arxasına da baxmadan qaçdı. Həyətlərinə girib ağacın arxasında gizləndi. Hava soyuq olmasa da, isti yatağında Fəxriyyəni qucaqlayaraq yatmağı seçərdi.
Ağlamaq istəyirdi. Qışqırıb üsyan etmək istəyirdi. Sonra bunu etmək üçün kiminsə ona maneə olmadığını görüb, var gücü ilə miyaoo (mən yaşayıram, niyə məni görmürsünüz?) –deyə qışqırdı.
Fəxriyyə çölə çıxıb hoşt, rəddol deyə qovdu həyətdən.
İtdən qorxurdu deyə səssizcə künclə gedirdi. Sinif yoldaşı İlqarı gördü. Eyni sinifdə oxumağlarından başqa həm də yaxın dost idilər. Birlikdə nə günləri olmuşdu. Bu yolda oynadığları futbolu, dalaşdığı uşaqları xatırladı. İlqarın atası ona velosiped almış, İsi sürmək istəyəndə verməmişdi deyə onu velosiped sürərkən itələyib yıxmışdı. Yıxılıb qolunun və alnının yaralandığını görüb evə qaçmış, anasına mənə də velosiped alın demişdi. Sabahsı gün məktəbə getdiyində dostunun gəlmədiyini görüb anasını da götürüb onlara getmişdilər. Təbii ki, İlqar onu satmamışdı. Anası olanları hələ indi öyrənirdi. İsi üzr istəmiş, qucaqlaşıb barışmışdılar. İsiyə də velosiped alınmışdı. Birlikdə küçəni o baş-bu baş yarışardılar.
İlqarın oturduğunu, qalxmağa da fikrinin olmadığını görüb keçib qabağında miyoldadı(necəsən görməyəni?) İlqar pişiyi qucağına alıb sığalladı. Heçnə demir, içdən-içə nəfəs alıb-verir, pişiyi sığallayırdı. Qalxıb onu oturduğu yerə qoyub-heç yerə getmə, gəlirəm –deyib evə getdi.
Görəsən onu başa düşmüşdü? Ya eləcə söz deyə demişdi?
İki dəqiqə sonra iri kolbasa dilimi, qabın birində də su ilə geri döndü. Pişiyi qucağına alıb yerə endirdi. Aclığa söz deyə bilmirdi artıq. Kolbasadan dişlək qopardıb ağzında bir sağa, bir sola keçirdib çiynəyir, əzilən kimi udurdu. Pişiyin yemək yeməsinin izlədikdən sonra qalxıb pişiyi sığallayıb evə getdi.
-miyao (gecən xeyrə).
Yeyib suyunu içdikdən sonra İlqarın yeriə uzanıb sabahacan yatdı. Səhər İlqarın oğlu onu sığallayıb ayıltdı. Məktəbə gedirdi. Şahruzdan bir yaş böyük idi.
-Ata, bax, həyətə pişik gəlib- dedi.
-Rədd eləyin. Biti-birəsi var onun. –həyat yoldaşı dedi.
-Biti-birəsi yoxdu. –dostu ona tərəf durdu.
İlqar oğlunu məktəbə aparan kimi həyat yoldaşı pişiyi qovdu.
-miayoo (səhər yeməyi verərdiniz heç olmasa) deyərək çıxıb öz evinə yollandı. Evlərinə çatıb çəpərlərinin üstünə çıxıb quyruğunu yellədərək oğlunu izləməyə başladı. Quyruğu əsəbinə toxunsa da öyrəşməyə başlamışdı. Hətta xoşuna gəlirdi. Yellədib quyruğunu izləyirdi.
Oğlu həyətdə oynayır, anası isə həyəti təmizləyirdi.
-Ana, atam nə vaxt gələcək?
-Danışmışdıq axı. Atan artıq gəlməyəcək.
-Niyə? Bizi artıq istəmir?
-Miyaoo (niyə istəməyim?)
Fəxriyyə oğlunun qarşısında diz çökdü.
-Onun əlində olsa əmin ol, mütləq necə olsa gələrdi.
-Mənə nə, gəlsin. Siz mənimlə oynamırsınız. Atam olsa oynayardı.
Anası heçnə demədən oğlunun başını tumarlayıb öpdü. Sonra işinə davam elədi.
Pişik isə onlara baxırdı.
Hər gün axşamları İlqarın yanına gedər, onunla bərabər yemək yedikdən sonra miyoldayaraq köhnə günlərindən danışar, oğluna pişik olaraq izləməkdən başqa heçnə edə bilmədiyindən şikayətlənərdi. İlqar isə bu niyə belə çox miyoldayır deyə onu sığallayardı. Nə zamansa öz evinə Fəxriyyənin başqa kişi ilə gəlməsindən, onun yatağında birlikdə yatmasından qorxduğunu deyib zarıldayaraq miyoldadığını görüb sığallayaraq yatırmağa çalışardı. Dərdinin nə olduğunu bilmək istəyirdi. Hiss edirdi, başa düşmürdü. Səhərləri İlqar gedən kimi o da evə gedər, çəpərdən oğlunu və həyat yoldaşını izləyərdi. Atası isə gününün tamamanı evində olar, çölə belə çıxmazdı.
Zamanla pişiyə öyrəşmişdilər. Daha doğrusu qovmur, Fəxriyyə pişiyin Şahruzla oynamasına icazə verirdi. Bəzən Fəxriyyə qucağına alar, sən hardan gəlib çıxdın belə?-deyə başını öpərdi.
İl keçdi, Şahruzun məktəb vaxtı çatdı. Məktəb çox uzaq deyildi deyə Fəxriyyə özüylə bərabər aparar, özü gedib gətirərdi. Hər dəfəsində də pişiyin onlarla bərabər gəlib-qayıtdığını görərdilər. Görəsən, fərziyyə olaraq da olsa İsinin pişik olaraq geri döndüyünə inanmışdılar? Fikirlərindən keçirtmişdilər?