Səməd Şıxı - Şəhərin qanunları

I

Əsgərlikdən iki il olardı ki, gəlmişdim. Gəldiyim gündən bəri boş qalmayım deyə iş axtarmağa başladım. Universiteti bitirən kimi əsgərliyə getməyim məni çox geri salmışdı. Heç düzgün deyil bu. Universiteti bitirən kimi işə başlamalı, ən azı bir işdə biraz ixtisaslaşmalı olduğum vaxtda tutub əsgərliyə apardılar. Gələn kimi də iş axtarmağa başlasam da iş təcrübəmin olmadığını, bilgilərimin az olduğunu (əsgərlikdə açıb dərs oxuyası halda deyildim, vaxtım yox idi) bəhanə gətirərək geri çevirirdilər məni. İxtisasım Türkiyə üzrə regionşünaslıqdı. İxtisası niyə seçdiyimi, seçərkən gələcəkdə nə olacağımı heç düşünməmişdim. Türkiyəyə olan sevgim və universiteti bitirəndən sonra Türkiyəyə göndərərlər, səfirlikdə işləyərəm, olmadı burdakı səfirlikdə işləyərəm, heç olmasa türk bir şirkətdə işə girərəm istəyi vardı yəqin. Öz sahəm üzrə iş tapa bilmədiyimi görüb başqa sahələrdə özümü yoxlamaq qərarına gəldim. Bankda işləmək istəsəm də iş təcrübəsi, təhsil bəhanə gətirilərək geri çevrildim. Ən son təhsil tələb etməyən iş axtarmağa başladım. Bir mağazada satıcı işləməyə başladım. Ən çox güldüyüm isə satıcı işinə gedərkən məndən diplom istəmələri idi. Yəni bir regionşünaslıq diplomunun satıcı işi üçün nə qədər vacib olduğunu düşünürdüm. İşə girəndən sonra bunların niyə belə etdiyini başa düşdüm, həqiqətən də oxuduğum onlarca kitabın, öyrəndiyim Türkiyə üzrə məlumat və bilgilərin işimdə heç bir faydasının lazım olmadığını gördüm, başa düşdüm. Tək bu işdə deyil, digər bütün sahələrdə keçirilən nəzəriyyələrin işə başlanılarkən lazım olmadığını görürdüm. İş təcrübəsini istəmələrinin əsas səbəbi budu. Təhsilin işdəki payı çox az olduğunu onlar da bilir, bəs niyə ixtisas üzrə təhsil almış birisini istəyirlər? Burası da düzgün kateqoriyalaşdırma üçündü yəqin. Bir dəfə qolum sınmışdı, qolumu gipsə almışdılar, bir ay qolumda qalandan sonra çıxartdırmaq üçün xəstəxanaya gedəndə mənim həkimim yox idi deyə başda həkimə yaxınlaşdıq, yox-yox, onun müştərisinə qarışa bilmərəm deyərək sabah gəlməyimizi dedi. Hər şeyi qoyuram kənara, müştəri nəydi? İxtisasla həkimi əlaqələndirirdim, yəni bu da elədi. Hərə öz sahəsi üzrə getməlidi.

Satıcı idim axırıncı dəfə. Bir həftə mağazada satıcı olaraq işləməyə başladım. Adım satıcı idi, amma fəhləlik belə edirdim. İçki sektoruna nəzarət etdiyim halda yan tərəfdəki ət və ət məhsulları, digər yandakı meyvə-tərəvəzə də kömək etməli idim. Bu bəs deyilmiş kimi qurtarmış içkiləri anbara yollanıb özüm gətirməli idim. Nə iş gördüyümü mən belə bilmirdim. Satıcıyam da, nə ağırlığı olacaq deyə düşündüyüm işi anbarda qucağında 2l lik su butulkarını qızların qucağına alıb danıdığını görəndə, qızlara bunları edənlər mənə nələr etməz deyə düşündürmüşdü.

Bir-iki ay işləyərəm ən azı düşüncəsi birinci həftənin axrında hər şeyə tüpürüb işləmirəm, mən gedirəmlə sonlandı. Evdəkilərin isə məndən ümidi təmiz azalmışdı. Günortalaracan yatmağım, qalxıb yemək yeyib təzdən yatmağım niyə işləmirsən sözünü hər gün təkrarlayırdıq. Monoton yaşamıma dönmüşdü bu adət. Bir gün şəhərə çıxanda iş axtar sözünü eşitmək saatım gəldi, amma sözü deyən yoxdu deyə yadırğayırdım. Ən sonra iş tapa bilmədiyimi görüb atam işə əl atdı. Tanışlar soxdu araya, köhnə dostlar deyərək mənə rahat, oturaq bir iş tapdı. Heç nə etməyəcəm, idarəvi bir işdə müdürün katibliyini edəcəm. Qadın kişi köməkçi axtarırmış, məni deyiblər, məsuliyyətli (mən?), hörmətli, ağıllı (gülürəm hələ də) birisiymişəm kimi qələmə verib razı saldırıblar. Pulu heç yaxşı olmsa da həm evdən qurtulacaqdım, həm biraz pul qazanardım. Yenə iş axtarardım. Bəlkə bir şans üzümə güldü, Türkiyəyə gedə bildim. Yoxsa kostyumun içində ömür çürütmək fikrim yox idi. Bir ara yaxşı fikirlər gəldi, yaxşı pulum olsa bir iş quraram, özüm öz işimin ağası olaram, kimdən söz eşitmərəm, kiməsə görə nəsə etməli olmaram. Pulu necə tapacaqdım? Sualın cavabını biraz da düşündükdən sonra bu iş yaxşı oldu, işləyim, nə pul alsam ancaq yol pulumu işlədim, qalanını yığım, bir ildən sonra da biraz kredit götürüb bir işə yatıraram. Bu fikrə görə özümü təbrik edim, işə həvəslə getdim.

İlk iş günüm maraqlı keçdi İş yoldaşlarımla tanış oldum. Pis deyildilər. Mehriban, gülərüz, köməkcil idilər. İlk günü elə dostlaşdıq. Aynurə adlı qız var idi. Şirin qız idi. Xoşum gəlmişdi. Birlikdə işləyəcəyimiz vaxtda dostlaşmağı, sonra da sevgili olmağı düşünürdüm. Müdürümüz 46- yaşlı bir qadın idi. Adı Mətanət idi. İlk gördüyümdə yaşının qırxı görmədiyini düşünürdüm, baxımlı və cəlbedici birisi idi. Danışığı əsəb pozucu bir tərzdə olsa da, o da mehriban gəlmişdi mənə.

İki gün sonra keçiriləcək bir tədbirə məni də çağırdılar. Tədbirləri sevmədiyimdən işimin olduğu, işdə olmaq istədiyimi bəhanə gətirsəm də, getməsəm sonra məni qaralayacağlarını, nə vəzifə qalxa biləcəyimi, nə də burda çox qalacağımı dedilər. Burda qalmaq fikrim olmasa da işmi itirmək istəmirdim. Getdim. Sıxıcı və bir-birilərini təriflədikləri, yaltaq yarışmasına oxşayan bir tədbir idi. Hər kəs sırayla yaltaqlanır, yaltaqlanmayanlarsa şəkil çəkdirərək özlərinin önəmli şəxsmiş kimi paylaşıb, bu gün ki, tədbirimizdən görüntülər, iş görürük, biz önəmli şəxsmişik kimi özlərini göstərirdi. Mən hələ olanları başa düşməyə çalışırdım. Qurtaran kimi birlikdə işlədiyim oğlanlarla çölə çıxdıq. Onlar siqaret çəkir, mən də yanlarında dururdum. Aralarındakı ən aşağı vəzifə məndə idi deyəsən. Özümü yanlarında “чумо” kimi hiss edirdim. Onların aristokrat duruşu, hökümət başçısıymış kimi davranması mənim kimlər arasında olduğumu düşündürürdü. Mən ən işləyirdim? Bunların bu havası kimə idi?

Siqaret çəkib maaş alandan sonra bir gecə nəsə etməkdən danışırdılar. Pul yığsam da bir dəfəlik bəaə etməkdən fəlakət qopmazdı. Həm ilk ayımdan uşaqları qırmağım düzgün çıxmazdı. Sonra bu ayrı gəzir, çağırmayın onu deyərək məni özlərindən uzaqlaşdıracaqdılar. Məcbur mən də varam dedim. İşə girməyimlə maaş alma günü arasında on səkkiz gün vardı deyə maaşımın sadəcə işlədiyim müddətdəki pulunu ala bildim. Uşaqların görüş söhbətini unutmasını arzu edirdim ki, gəlib axşam iş çıxışı gözləməyimi istədilər. Gedib gəlməyəcəm, maaşımda kəsilmə var desəm, pula görə ağladığımı düşünüb biz ödəyərik bu dəfəlik deyəcəkdilər. Nəysə, nə edək, gözləyəcəm dedim. Amma getdiyimiz yer düşündüyüm qədər baha deyildi. İşsiz olduğum vaxtlarda belə bura nədi?-getmərəm heç vaxt dediyim yerlərdən idi. Hesab gələndə də hərə öz hesabını ödədi. Tədbirin çıxışındakı gördüyüm aristokrat insanların gedəcəyi yeri təsəvvür edəndə yəqin maaşımın yarısı gedəcək deyə düşünərkən, hal-hazırda bütün masanın pulunu ödəsəm düşündüyüm məbləğin yarısı belə etmirdi. Hesabı ödədikdən sonra metroyacan bir gəldik, sonra ayrılıb hərə öz istiqaməti üzrə getdi.

 

II

İş öz axarında gedirdi. Sıxıcı idi işim. Gün ərzində mənə gələn sənədləri qovluğlara kateqoriyalar üzrə yığır, yuxarı vəzifəli şəxslərin təlimatlarını rəhbərim Mətanəm xanıma çatdırırdım. Mənlə işləyən insanlara görə işim asan və qəribə idi. Mənim gördüyüm işi əsasən qadın işçi görərdi.

Aynurədən bunun səbəbini soruşanda:

- kişi seçilməsinə səbəb Mətanət xanımın kişilərin daha məsuliyyətli olduğunu düşünməsi və daha kişilərin qadınlara nisbətən daha bacarığlı olduğunu düşünməsidi. Ona görə onun köməkçisi bir kişi olmalıydı. Özünün belə iki oğlu var idi. Qızara olan kini qız övladından uzaq tutmuşdu onu. Qorxuruq bəhanə tapıb bizi də qovub oğlan gətirə -gülüşdük. Gülərkən çox gözəl baxırdı. Saçlarının ucları buruq-buruq olurdu. İşləyərkən kənarda durub ona baxırdım. Bir əli mütləq saçında olardı.

III

Səhər işə gəldiyimdə işçilərin bir-birinə düşdüyünü gördüm. Hər kəs qorxu içində idi. Yaxınlaşıb Aynurədən nə olduğunu soruşdum. Mətanət xanımın təzə vəzifəyə keçdiyini, bundan sonra İcra başçısı olacağını dedi. Təəccübümü gizlətmədim. İş yoldaşlarımın görəsən yerinə kim gələcək, gələn şəxs bizi işdən qovacaqmı, Mətanət xanım özüylə kimi İcraya aparacaq?-sualı mənim də beynimdə dolaşmağa başladı. Təzə iş tapmışdım, yarım il olmayıb, işimə təzə-təzə isinmişdim. Yeriydi?

Bu gün heç kəs işləmək istəmirdi. Kimin qalıb, kimin gedəcəyi bilinmirdi deyə iş görmək istəyən yox idi. Naharda oğlanlarla binanın yanındakı dönərçiyə getdik. Toyuq ətindən dönər sevməsəm də, dostlarımın yanında onlardan yaxşı yaşayıram sizi əzirəm kimi görünməmək üçün başqa şey yemədim.

-Bu işləri necə görürsüz?

-Aramızdan özüylə mütləq ki, kimisə aparacaq.

-Elədi ki, var. Onunla nə qədər iş görmüşük, işimizə bələddi, bilir ki, həm ona xeyir verəcik, həm özmüz iş görəcik. Yetişmiş kadrlarıq.

Hamı özündən razı idi. Məni seçəcəklər düşüncəsi içlərində bir-birinə qarşı göstəriş yaratmışdı.

-Yaşayaq görək.

İşə qayıtdığımızda qızların üzündə kinli baxış vardı. Bizə baxıb bu dəqiqə üstümüzə atlayıb boğacaqlarlarını düşündük.

-Nə olub?

-Mətanət xanım zəng eləmişdi. Aramızdan yalnız bir nəfəri seçib özü ilə təzə işinə dəvət edib.

-Kimi? –Hamımız iki qulağımızı da ona yönləndirmişdik.

-Oğlanlardandı əlbəttə - yarışmalarda cavabı gec demək üçün yavaş-yavaş danışan aparıcılar kimi uzadırdı.

Oğlanlar sıra ilə düzülüb bir-birimizə baxırdıq.

-Kim?

-Elvin.

Oğlanlar bu dəfə bir-birilərini buraxıb qızların əsl baxdığı yerə, mənə baxdılar. Hər birinin gözündə kini görürdüm.

-Mən?

-Təbrik edirik –deyib, hərə öz masasına yollandı.

Mən qalmışdım bir dənə yerimdə.

-Sağolun.

-Sabah birbaşa ora gedəcəkmişsən. Bu gün əşyalarını yığışdır.

Əşyalarımı yığışdırana qədər gözləri ilə dedikləri söyüşləri yeməli oldum. Çıxışda sağollaşmaq istəsəm də onların buna həvəsinin olmadığını görüb sadəcə sözdə sağol dedim, könülsüzcə sağol, uğurlar deyib yola verdilər. Aynurəyə yaxınlaşıb sağollaşmaq istəsəm də Mətanət xanımın məni seçməsi onu da qısqandırmışdı.

IV

Səhər tezdən işə yollandım. Gedib qəbuluna girib,yeni vəzifəsi üçün təbrik edib, məni seçdiyi üçün ilk öncə təşəkkür elədim. Sonra vəzifəmi soruşdum. İcraya qəbula, şikayətə gələn şəxsləri qəbul edəcək, sonra onları Mətanət xanımın qəbuluna ötürəcəyimi dedi. Asan və maraqlı işdi. Ən azı insanlarla ünsiyyətdə olacaqdım. Kiməsə nəsə kömək edəcəkdim.

İlk iş günüm yorucu oldu. Xeyli insanın qeydiyyatını aparmalı oldum. Ad, soyad, əlaqə, dərdləri, istəkləri üzrə bölməli idim. Mühüm olmayan və yönləndirə bildiklərimi yazmırdım, onları ayrı istiqamət üzrə yönləndirirdim. Şikayətlərin çoxu xəstəliklərlə bağlı olurdu, məktəblərlə, qaz, işıq, pensiya ilə bağlı olurdu. Günün sonunda Mətanət xanım yanına çağırıb mənə baxıb gülümsədi. –Bu gün nə qazanmısan? –dedi. Nə qazanmalıydım? İnsanların sevgisi? Yox, bu ölçülə bilən vahid deyil. Özümü güclə diləndirilib axşam nə qazanmısan sualına cibindəki qəpikləri çıxartıb, bunları qazanmışam deyən yetim kimi hiss elədim.

-Nə qazanmalıydım?

Üzünü turşutdu. Qeydiyyata gələnlərdən qeydiyyata yazdırmaq üçün pul almadığımı soruşdu.

-Yox, mənə heç kəs elə söz deməyib.

Əlini başına vurub, kresloya buraxdı özünü.

-Ciddisən? Boş yerə bu gün onlarla adamın işini yoluna qoydum? Düzünü de, gizlətmirsən?

-Yox, niyə gizlədim? Bilmirdim elə şey etməli olduğumu.

-Yaxşı. Bu gün təcrübəsizliyinə verirəm. Amma sabahdan olmasın. Bu arada mənim payımın üstünə 3-5-dən artıra bilərsən özün üçün. Amma çox olmasın. Altdan-altdan –deyib göz vurdu. – İndi gedə bilərsən.

İşdən çıxıb evə gəldim. Mən rüşvət alacaqdım? Bunu edə bilərdim? Kiminsə pulunu almaq heç mənə görə deyil.

Evdə deyəndə atam da, anam da sevindi. Nə bacara bilmərəm?! Bacardığın qədər yığ. Kindi bu zamanda kiminsə işini havayıdan görən? Pulu yoxdu getsin. Atam anamın getdiyini görüb mənə yaxınlaşıb yavaşca qulağıma, indi elə bir zəmanədir ki, osdurmağla inanmırlar götün var olduğuna, gərək sıçasan. –atamın bu dəyərli kəlamından sonra yeməyimi yeyib yatdım. Səhər başladım pul yığmağa. Özüm üçün pul ayırmadan hər aldığım pulu Mətanət xanım üçün ayırırdım. Üzüm də gəlmirdi pul istəməyə. Pul verməlisiniz sözünü utanaraq işlədirdim. Pul verərkən dedikləri söyüşləri eşitmək lazım deyildi. İş yoldaşım bir qeydiyatda yaımda iştirak elədi. Vətəndaş gedəndən sonra, nə edirsən? –dedi.

-Nə edirəm? Qeydiyyata alıram insanları.

-Onu demirəm. Elə əllicə manat alırsan?

-Hə.

-Onu elə Mətanət xanım istəyəcək. Bəs sən?

-Mən istəmirəm. Millət min bir əziyyətlə qazanır pulu. İşlərini həll eləmək üçün gəlirlər bura. İşlərini həll etmək əvəzinə pullarını alıb buraxırıq.

-Belə eləsən acından öləcəksən. Çölə bax.- pəncərədən həyətdəki maşınları göstərdi. –Bu maaşla hansı birimiz ala bilərik onları?

-Mən istəmirəm. –israrla dediyimin üstündə durmuşdum.

-Hay, hay. Sənin kimisini burda saxlamırlar. Mətanət xanım özüylə gətiribsə demək ya qohumusan, ya da səndən xoşu gəlir. İkincidirsə boş yerə həvəslənmə. Məsələnin üstünü də açma. Başın ağrıyar.

-birincisi, qohumu deyiləm. İkincisi isə heç deyiləm. Sadəcə işləyirəm.

-Mətanət xanımın bura gəlməyinə qədər keçdiyi yolları bilmirsən o zamna. Gerçək bir əziyyətli hekayəsi var.

-Yox, bilmirəm.

-Ağzı möhkəmsənsə danışım.

-Narahat olma.-gülümsədim.

-Universiteti bitirdikdən sonra bir neçə il bankda işləyib. Sonra katibə işləyib neçə il. Vəzifəsini dəyişdikdən sonra buranın köhnə başçısı ilə bir işləyib, onun katibəsi olub. Nədənsə sonra işığı parıldayıb. Müxtəlif vəzifələrlə bundan əvvəlki vəzifəyəcən yüksəlib. Ən sonda da burdakı başçı işdən çıxan kimi öz yerini məşuqəsinə buraxıb.

-Hər vəzifəyə qalxanı şərləmək düzgün deyil. –dedim.

Güldü. –Həqiqətən ya safsan, ya özünü saflığa qoymusan. Bunu bilməyən yoxdu, əri və uşaqları da daxil olmaqla.

-Hansı kişi arvadının başqasının məşuqəsi olduğu bilə və sakit dura.

-Arvadı icra başçılığına qədər qalxarsa susar. Başı dincdi. Xarici maşınlarda kef çəkir. Gündə biriylə yatır. Arvadını nə ... edir. Uşaqları desən gündə bir ölkədədi. Analarının alın təriylə -gülür yenə.

Keçib işimə davam elədim.

Bir müddət özüm üçün pul almasam da, pulun şirinliyi məni yoldan çıxartdı ən sonunda. Başladım 5-10 dan özüm üçün almağa. Vermək istəməyən olanda mənə çatan ordan üç-beşdi, mənlik deyil, yuxarının təlimatıdı deyib özümü yazıq vidinə salırdım. Dava axtaranlarla da vermirsənsə mən də yazmıram deyirdim. Mənə iş öyrətmək istəyən yenə gəlib yoxlanış edəndən sonra –bax belə, öyrənmisən –deyib gülərək əlindəki ləbləbini yeyib otağımdan çıxdı.

Sırtığlaşmağa başlamışdım. Yaxşı günlərdə günər 300, pis günlərdə 100-150 qazanırdım. Pul əlimdə qalmasın deyə ev, maşın almağa başladım. Maşın xaric hamsını atamın adına salırdım ki, adıma heç nə görülməsin. Bir müddətdon sonra iki yerdə mağaza götürdük. Biraz işləyim çıxaram istəyi unudulmuşdu.

Bir gün yanıma bir qadın gəldi. Yaşı 60-dan çox olardı. Saçı ağarmış, kobudlaşmışdı. Şampunla yuyulmayanda belə olur, nənəmdən bilirəm. Əynindəki xələtin 4-5 yerində söküyü var idi. Əli qırış-qırış idi. Arığlığını isə qolunun sümüyünü görməyim kifayət etmişdi bilmək üçün.

-Bağışlayın, narahat edirəm. Başçının vaxtı var görüşmək istəyirdim.

-Nə üçün görüşmək istəyirdiniz?

-İş istəyəcəkdim.

Yazığım gəlmişdi. Başçının iş üçün qəbul götürmədiyini bilirdim. Mən işə düzəltmə agentliyində işləmirəm deyə acığlanırdı.

-Nə işi bacarırsınız?

-Nə olsa. Xadimə, süpürgəçi, çayçı, aşbaz. Nə olsa. Maaşı önəmli deyil, 100-200 olsa belə razıyam.

Bizim bir günə qazandığımızı bir ayına istəyirdi.

-Axı, ayınıza o qədər pul çatmaz.

-Olsun. Piyada gedib-gələrəm. Təki iş olsun. Yatalaq bir oğlum var, məndən başqa ona baxan yoxdu.

-Niyə pensiya düzəltdirmirsiz?

-Pul çox istədilər. Pulum çatmadı. Dedim başqa gəlir yerim yoxdu, kömək edin, bizlik bir şey deyil deyib başlarından elədilər. Bir müddət küçələri təmizləyirdim. Sonra ordan da çıxartdılar.

Özümdən utanırdım. Etdiklərimdən təzdən utanmağa başlamışdım. Gözüm ayağındakı başmağa irişdi. Kənara cırılmışdı. Sürünərək gəzdirirdi ayağında.

-Bura necə gəlmisiz?

-Piyada. Yolum uzaq deyil. 10 km olar.

10 km? Axırıncı dəfə bu məsafəni nə vaxt piyada qət etmişdim? İşsiz olduğum vaxtlarda idi deyəsən. Dostlarımla şəhərdə boş-boş gəzmişdim yəqin. Amma bu yaş üçün çox deyildimi? Cibimdəki pulları çıxartdım. Bir xışma pul var idi. Bu onun həyatını necə dəyişərdi. Üç yüzlük çıxartdım – Bunu alın, mənə telefon nömrənizi verin. Sizə uyğun iş tapıb xəbər edəcəm.

-Pula görə sağolun. Dilənçi deyiləm. İş tapın bəsimdi. Amma telefonum yoxdu. Siz vaxtı dyin, mən özüm gələcəm.

-Pulu götürün, xahiş edirəm. Dilənçisiz demədim, maaşınızın bir hissəsini əvvəldən verirmişəm kimi qəbul edin. Bir həftə sonra gəlin –dedim.

Pulu götürəndə gözlərindəki sevinci heç vaxt unutmaram. Axırıncı dəfə bu qədər pulu nə vaxt qazanmışdı görəsən. Şəxsiyyət vəsiqəsini götürüb baxdım, ünvanını özümdən qeyd elədim ki, işi evinə yaxın yerdə axtarım.

Sənədi qaytararkən ağlımda bir sual irişdi.

-Bağışlayın, bəs siz işləsəz övladınıza kim baxacaq?

-Nə lazımdısa yanına qoyuram, özü həll edir. Tək yaşamağa öyrənib. Nəsə lazım olsa qışqırıb qonşunu çağırır. Evimiz çox yaxındı, sağolsun köməyə gəlir.

-Yaxşı, siz gedin, mən nə lazımdısa kömək edəcəm.

Arxamca dua edən ilk şəxs idi yəqin işə girdiyimdən bəri. Adətən pullarını alırdım deyə qarğıyıb gedirdilər. Üzümə söyənlər belə olurdu bəzən. Bir müddət sonra isə təsir etməməyə başlamışdı.

İlk işim qadın gedəndən sonra pensiya işi üçün zəng edib ünvanı verib, adam yolladım ki, gedib evlərində işi həll etsinlər. Qadını bir də ayrıca əziyyətə salmasınlar. Pul istəsələr mən verəcəm dedim, bütün xərcləri öz üzərimə götürdüm. Nə qədər kömək desək də, öyrəşmişik bir-birimizə “hörmət” etməyə. Süonra qaldığı yerə yaxın idarələrlə danışıb məsələni izah elədim. Çoxu işçiyə ehtiyacının olmadığını deyir, gəlsin deyəndə elə bir rəqəm deyirdi ki, o pula işləməsini mən istəmirdim. Ən son biri ilə razılaşdım. Məndən bir işləri keçirdi, bildim qarşılığında onu istəyəcəklər, onlar deməmiş mən təklif elədim, göydə qəbul etdilər. Qadın bir həftə sonra gəldi. Pensiyaya görə dəfələrlə sağol dedi, işi biləndə isə gəlib məni qucaqlamaq istədi, sonra dayanıb geri çəkildi. Ayağa qaldığımı görüb təzdən gəlib qucaqladı. Ağlamağına dözməyib mən də bir-iki damcı axıtdım. Gördüyüm işə görə kəs məni tərifləyir, təbrik edirdi. Gördüyüm işi dastan edib bütün idarəyə yaymışdılar.

 

V

Bir nəfərəin işdən qovulduğu ilə bağlı xəbər eşitdim. Səbəb isə hakimiyyət əleyhinə çıxış etməsi, mitinqdə iştirak etməsi göstərilmişdi(təbi ki, bunu yazmamışdılar). Mənimlə yaxınlığı vardı deyə işdən sonra çay içməyə dəvət etdim.

-Niyə getdin mitinqə?

-Niyə getməyim? Millətin vəziyyətini görmürsən? Niyə də görməyəsən. nəyimizə gərək axı.  Hərə özünə görədi çünki.

-İşindən oldun.

-Çıxacaqdım onsuz. Rüşvət alıb evə apara bilmirəm. Utanıram. Bir kişinin cibindəki son pulu aldığım olub. Evə necə getdiyindən xəbərsizəm. Millətin dərdini çəkməkdən, nəsə iş görməkdən tam tərsi qalan canlarını da biz alırıq. Qan içənlərə dönmüşük.

-Elədi, amma nə edə bilərik.

-Dəyişə... Dəyişə bilərik.

-Biz kiçik daşlarıq. Nəsə etməyə gücümüz çatmaz.

-Buna görə də birləşməliyik. Sən, mən, o, bu. Bir olsaq kim nə edə bilər bizə?

-Nə bilim.

Ayağa qalxıb cibindən beşlik çıxartıb masaya atdı.

-Lazım deyil çayın da, dostluğun da. –deyib getdi.

Ölkədə minitiqlərin sayı artmışdı. Rüşvəti kəsmək və düz əməlli iş görmək tapşırığı gəldi.

Düzəlməyə başladıq deyə sevinsəm də, sonra gördüm ki, bu sadəcə aldatılmış bir taktika imiş. İş görürəm kimi görünüb bildiyimizi oxuyurduq yenə.

Dözmürdüm. Özümdən iyrənməyə başlamışdım. Utanırdım. Evdə işdən çıxıram deyəndə anam biraz da yığ, sonra çıxarsan dedi, atamsa səhv başa düşüb çevrilişdən qorxduğuma görə işdən çıxdığımı düşünüb, düz hərəkət edirsən, dedi. Yığmışıq, bundan sonra bəsdi bizə, dedi.

Başa sala bilmədim dərdimi. Başa düşməyəcəkdilər. Pul onların da gözünü kor etmişdi. Səbəbini desəm, axmaqsan, sən almasan başqası keçəcək yerinə, yığacaq, sən də kişi hərəkəti etdin deyə qürurlanarsan –deyə deyinəcəkdilər. Ən yaxşısı susmaq idi.

İşdən çıxacağımı iş yoldaşlarıma deyəndə onlar da çevrilişə görə qaçdığmı düşündülər.

-Qorxma. Sistem elə qurulub ki, tezliklə heç nə olmayacaq. Proqnozu mən qoyuram, azı əlli il lazımdı. Yəni rahat ol, otur işlə.

-Lazım deyil. Bəsdi.

-Düz edir, yığıb yığdını. Oturub biznesini quracaq. –kənardan dəstək gəldi.

Utanırdım. Bunlarla illərdi işləyib, dost dediyimə görə. İyrənirdim hamısından.

Mətanət xanımla da danışıb işdən ayrıldım. Məni qucaqlayıb öpdü. Yaxşı adam olduğumu, işlərimdə müvəffəqiyyətlər arzuladığını dedi. Nə problem olsa gələ biləcəyimi, kömək istəyə biləcəyimi dedi.

Ayrıldım ən sonunda ordan. Qurtulmuşdum. İllər əvvəl özümə biraz şərait düzəldim, ayrılacam dediyim sözün üstündən illər keçsə də sonun da ayrıldım. Azad idim. İndi etdiyim günahları unutmaq qalırdı. Bundan sonra təmiz yaşamaq lazım idi. Şəhərin qanunları ona da icazə verməzdi də, nəysə. Ona hələ baxarıq.

Ən azı artıq rüşvət yeməyəcəkdim. Öz işlərimi böyütməyə və əlimdən gəldiyi qədər xeyriyyə ilə məşğul olmağa başladım. Kimisi buna günahlarını yuyur deyirdi. İnanmıram məni təmizləyəcək su ola. Bir ara gözümün döndüyünü və yanıma gələn hər kəsin az qala cibinə girdiyimi unuda bilmirəm. Kabus kimi hara getsəm arxamca məni izləyir. Arada köhnə iş yoldaşlarımla qarşılaşıram. Geyimlərindən şəhərin qanunlarına tabe olduğlarını və hallarından artığlamasıyla razı olduğlarını görürdüm Altlarındakı maşınlardan, əyinlərindəki kostyumlardan necə xoşbəxt idilər. Bir zamanlar mənim olduğum kimi. Evlənməyi düşünürəm. Bəzən Aynurə nə edir deyə düşünürəm. Evlənəcəyim qız başqasıdı. Təsadüfən tanış olmuşuq. Təmiz qəlbi var. Pislik, ya mənfəət düşkünü birisi deyil. Özlüyündə heç kim pis deyil onsuz. Cinayətkarın belə öldürdüyü adamlara görə bəhanəsi var.

Uşağım olsa ona düzgünlüyü, yardım sevərliyi öyrədəcəm. Vəzifə üçün, pul üçün kimisə satmasına, öz mənliyini, şərəfini tapdalatmağına icazə verməməməsini öyrədəcəm. Biz yaşamadıq, heç olmasa o ömrünü təmiz birisi olaraq yaşasın.