Səməd Şıxı - Şahmat
Son savaşımızdan heç bir gün keçməmiş təzdən savaş üçün bizi hazırladılar. Qarşımda görməkdən bezdiyim düşmən piyadası dayanmışdı. Bilərəkdən qarşıma qoyurdular nədi, hər dəfəsində onunla qarşı-qarşıya gələr, savaşın ortasınacan tərpənmədən bir-birimizə baxardıq. Elə düşünməyin ki, bizim işimiz ancaq hərəkətsiz dayanmaqdı. Birimiz düşərsək savaş digərinin xeyrinə dəyişərdi. Əslində oyun bizim üzərimizdən qurulur desək yalan olmaz. Bizdən çox istifadə edirdilər deyə bəzən fərqli hücuma keçmək üçün C bəzənsə D xəttindən hücum başlayardı. Bu açılışı sevmirəm. Oyunun ortasına gəlməmiş bizdən qurtulmağa çalışırlar.
Hücum başladı, bu dəfə bəxtim gətirdi, E xəttindən başladılar. Sürətlə öz yerimizi tutub hücum planı qurmağa başladıq. Düşmənlə dostlaşmısız heç? Biz dostlaşmışdıq. Nə qədər onu yıxıb keçməyə çalışsam da, onunla qarşılaşdığıma sevinirdim. Başqası onun kimi söhbətcil olmur. Onunla hər şeydən söhbət edə bilirəm. Mənə görə birisidi. Yanıma atın gəlib dayanmasına görə çox zaman söhbətlərimizi kəsərik. Bu ata ayrı əsəb oluram. Baxmayaraq ki, bir cəbhədə savaşırıq, əsəbimə toxunur. Fillər də həmçinin adamın əsəbinə toxunur. Düşmən bizmişik kimi bizimlə sərt davranır, bəzən bizi alçaldırlar. Amma mənə görə bizi qısqanırlar. Özlərinə savaşda fili ya atı qurtarmaqdan ötrü piyadanı rahatlığla qurban verməlisən deyərək özlərini bir şey hesab edirlər. Nədi-nədi bunlar bizdən daha önəmli imiş. Onlarında bildiyi amma deməyə qorxduğu şey isə bizim vəzir ola bilmə şansımızdı. Düzdü, bunu hər piyada bacarmır. Mən belə yüzlərlə oynuma baxmayaraq hələ bir dəfə də vəzir ola bilməmişəm. Bizdə həmişə A xəttinə yerləşdirilən piyada var. Başında bir işarə var deyə onu ora qoyurlar. Bunun savaşa uğur gətirdiyini düşünürlər. Onun rekordu var vəzir olmaq üzrə. Tam altı dəfə vəzir ola bilib. Bəzən şahın vəziri belə ondan çəkinir, onu əsas hücuma buraxmayıb arxada qorudur. Bir dəfəsində atı həmin piyadaya görə qurban vermişdi deyə qırğın qopmuşdu.
Bu dəfəki savaş da fərqli keçmədi. Sakit bir şəkildə savaşıb qazandıq. Qələbədən üç gediş əvvəl düşsəm də özümlə bərabər bir fil apardım. Savaşdakı roluma görə bütün piyadalar təşəkkür eləsə də şahın bu vecinə belə deyildi. Şahın nə işə yaradığını bir bilsəm. Oyunu biz oynayırıq, özümüz fəda edirik. Şaha qədər gedib çıxıb vəzir olmağı bacaranlarımız belə olur. Bir dənə bu şah düşür deyə məğlub sayılır. Onlarla gediş, taktika, strategiya heç olub gedir.
Biz niyə şahdan ötrü özmüzü qurban veririk? Hətta şaha görə vəzir belə özünü qurban verməyə hazırdı. Biz savaşırıq, amma o məğlub olur deyə uduzmuş sayılırıq. Başa düşürəm həyata gəlmə məqsədimiz şahmatın bir parçası olmaqdı. Lakin ədalətsiz deyilmi? Biz qazansaq o qazanmış sayılır, o uduzsa biz məğlub olmuş. Hər iki halda savaş onun adına yazılır. Əziyyəti çəkib qalib olan biz, məğlub olma səbəbimiz isə o.
Etirazımızı ən çox atın üzünə deyə bilirdik. Onu da bizimlə məzləndiklərində. Vəzir gələn kimi hər birimiz qorxuya düşüb qaçacaq yer gəzərik. Niyəsini bilmədiyimiz bir qorxu var. Sanki hər an bizi fədaya məcbur edəcək bir gediş edəcəkmiş kimi qorxu bürüyür bizi. Hətta vəzirə çıxan bir piyadanın belə ona qarşı çıxdığını görməzdik. Biz adi piyadayıq. Bir savaşlıq vəzir olar, sonra yenə piyadalığımza dönərik. O isə həmişə vəzirdi. Mən deyərdim şahdan da önəmlisi odu.
Savaş bitəndən sonra fasiləyə ayrıldılar. Bizi yenə yerimizə düzəldib hazır vəziyyətə gətirdilər. Bu dəfə G xəttindən savaşacaqdım. Savaşa ilk olaraq məndən arxada dayanan at başladı. Ardıyca C dəki piyada önə keçdi. Mənə səkkizinci gedişə qədər dəymədilər. Sonra da müdafiə məqsədli arxada dayandım. Yorulmuşdum. Önə verməmələri yaxşı oldu. Savaşın bitişini məğlub olmadan şahidi oldum. Nə qədər savaşdan bezdiyimizi desək də, qələbədən sonrakı sevinci hər kəs böyük təntənə ilə ilk dəfə qələbə qazanmışıq kimi qeyd edirdi. Hər kəsin gözü yerə aşdırılmış rəqib şahında idi.
Gün qurtardı. Bu gün başqa savaş istəyən yox idi deyəsən. Qaranlığa bizi qərq edib öz başımıza buraxdılar. Yorulmuşduq. Böyük iki qələbə qazanmışdıq nədə olsa. Şah hamımızı təbrik elədi. Qarşıma keçib məni təbrik edəndə onun haqqında dediyim sözləri unudub iki qat olaraq təbrikini böyük sevinclə qəbul elədim. Keçəndən sonra xatırlayıb utandım biraz. Qarşı çıxsaq nə olacaqdı? Bizdən asılıdı, bizsiz heçnədi. Kim savaşacaq? Kim ondan ötrü özünü fəda edəcək? Kim qələbə qazanacaq? Qələbəni omu qazanır? Biz qazanırıq. Yaxşı, niyə o ağa olur biz köləsi? Qəribə deyilmi? Ağa olmalı olan biz ikən, o bizə ağalıq edir. O gəlib bizi təbrik edir. Gəzərkən də elə gəzir ki, elə bil belə də olmalıymış. Borcumuzdu.
Qarşı tərəfdən səslər gəlir. “Sabah görüşərik. Hər şeyi həll olmuş hesab etməyin. Peşman edəcik sizi” – deyə.
Uduzacıq sabah. Həm də bilərəkdən...