Səməd Şıxı - Boş vərəq

Sizə gerçək bir hekayə danışacam. Mənimdə iştirak etdiyim, amma baş rolda mənim olmadığım bir hekayə olacaq. Neçə il bir yerdə oxuduğum, son gününə qədər birlikdə olduğum bir dostum haqqında danışacam (heç vaxt onu dost kimi görməmişəm).
İlk oxuduğum məktəb şəhər mərkəzində idi. Ən yaxşı məktəb olmasa da, seçilən məktəblərdən idi. Hər il fərqlənmə ilə bitirənlərin, universitetə qəbul olanların sayına görə adı hallanırdı. Bu məktəbi fərqli edən digər səbəb də, burada oxuyan şagirdlərin ailələri idi. Əsasən tanınmış məşhur şəxslərin övladları, pullu şəxslərin övladları oxuyardı. Deyəcəksiniz ki, demək sənin də ailən ya məşhur ya da imkanlıdı. Tam sayılmasa da, biraz ola bilər.
Dostlarımdan şikayətçi deyiləm. Mədəni, təhsilli, dünyagörüşlü uşaqlar idilər. Tərbiyəsizlikləri isə pulları ilə göstərişi sevmələr və ailələrinin tanınmış adlarına güvənib genəlmələri idi. Atamın nə məşhur bir siması ya çoxlu pulu yox idi deyə mənim belə bir xüsusiyyətim olmadı. Bu məktəbdə nə işim var deyə düşünərdim bəzən. Evin tək övladı idim deyə seçilməyim üçün ailəm hər şeyin ən yaxşısını mənə alar, nə olardısa mənim də iştirak etməyim üçün çalışardılar. Bəzən dostlarımın evinə gedərdim, evlərinə baxıb öz evimizlə müqayisə edərdim. Qat-qat bizim evdən böyük evləri, saray görünüşləri var idi. Dostumu tanıdığım qədəri ilə belə evə gələcəyimi düşünməzdim. Ondan dəfələrlə yaxşı geyinər, istədiyimi edərdim. Mənim kurs üçün iki dəfə Avropaya getməyim sinifdəki uşaqların çoxusunun arzusu idi. Atamın bizdən gizlətdiyi sərvətinin olduğunu düşünürdüm. Bu qədər şeyi necə edirdi?
Bir gün dərsdən evə gəldiyimdə anamla-atamın əyləşib məni gözlədiyini gördüm. Nəsə deyəcəkdilər. Adətən, xəbərləri olanda kresloda əyləşər, mənim gəlməyimi gözləyərdilər. Anam xəbər yaxşı da olsa, pis də olsa əllərini dizlərinin arasında sıxıb, sıxılaraq yanına çağırıb əyləşdirər, atam yaxşı xəbər deyəcəkdisə kresloya sərilib gözlərini qırparaq mənə baxar, pis xəbər deyəcəkdisə belini donqarlaşdırıb oturardı. Dəyişməz adətlərindən xəbərin pis olduğunu başa düşmüşdüm. Amma heç bir reaksiya verməyib oturmalarından xəbərin daha da pis olduğunu sezirdim. Anam yanına çağırmır, sadəcə mənə baxırdı. Atamsa alnına tökülən saçlarının arasından gözü ilə mənə baxırdı. Çantamı atıb anamın yanında əyləşdim. Atam sözə başlamaq istəyirdi, ağzını açıb necə başlasın deyə düşünüb dayandı. Anama yalvarışlı gözlərlə baxıb onun başlamasını istədi.
Anamın söhbəti fırladıb, fırladıb dərə-təpə gəzdirdikdən sonra deməsi əsəbimə toxunurdu. Qısa və konkretliyi sevirəm. Bilirdim ki, yenə nəsə uzadıb başqa şeylərdən danışandan sonra sözünü deyəcək. Buna görə onu qabağlayıb – nə olduğunu deyəcəksiz? –dedim. Ardıyca da, nə oldunu de, uşaq deyiləm, uzatmayın.
-Şey... ıııı.... – Xəbərimiz biraz üzəcək səni. Ona görə necə deyəcəyimizi bilmirəm.
-Olduğu kimi deyin. Gizlətməyin.
-Başqa evə köçməliyik.
-Niyə? – Bu xəbərin məni bu qədər üzəcəyini düşünmüşdülər?
-Özün dedin, artıq uşaq deyilsən. Buna görə də bəzi şeyləri səninlə açıq danışa bilərəm. – atam danışmağa başladı. O mənim adamım idi. Uzatmağı sevməz, sözləri yumuşaltmazdı. Xətrinə dəysə də sözü üzünə deməyi sevən birisi idi.
Mən hələ də nə demək istədiklərini başa düşməyə çalışırdım.
-İşlərim yolunda getmir xeyli zamandı. Biraz zəifləmişəm. Özümüzə gəlməyimiz üçün biraz zaman lazımdı. Bu zaman ərzində də başqa evdə yaşamalı, orada oxumalı olacaqsan. Bilirəm, ağır gələcək, öyrəşmədiyin, tanımadığın yerdə həyat quracaqsan. Bunun üçün əlimdən gələni edəcəm.
Xəbər biraz şok effekti yaratsa da, üzməmişdi. Əslində həyəcanlandırmışdı. Sıxılmışdım həyatımdan, fərqli nəsə etmək, görmək istəyirdim.
-Problem yoxdu. Buna görə bayaqdan özünüzü yeyirsiniz?-dedim.
Rahatlamışdılar. İçlərində düşündüklərini görürdüm. Özləri ilə qürur duyur, verdikləri tərbiyəylə mənim böyüdüyümü gördüklərinə görə sevinirdilər. Başa düşürdüm onları. Çətin vəziyyətlərində uşaqlıq etməyimin, ayağımı yerə döyüb heç yerə getmirəm deməyimin faydası yox idi.
Bir həftə sonra məktəbdən ayrıldım. Məktəbdən ayrıldığıma görə üzülmürdüm. Pis olsam da, təzə gedəcəyim məktəbdə məni gözləyən insanları düşünürdüm. Böyüyəndən sonra fərqinə vardım ki, mən kiməsə bağlı olmamışam. Birisindən soyumağım bu qədər asanmış.
Evdəki əşyalarımızı daşımaq üçün atam öz dostlarından çağırmışdı. Vəziyyəti get-gedə daha yaxşı başa düşürdüm. İlk dəfə idi ki, bir yük maşınına minirdim həmin günü. Sürücünün qarınlı olması və yükləri daşıyarkən əyninə balaca olan köynəyinin hər dəfəsində qalxmasına gizlincə gülürdüm. Əyilərkən belinin açılması və şalvarından yaza bilmədiyim hissəsinin görülməsinə daha çox gülmüşdüm. Yol boyu hər dəfə gözüm nə zaman sürücüylə toqquşardısa yadıma düşər, gülmək tutardı. Özümü güclə sakitləşdirib yola baxardım.
Dadaşlı qəsəbəsinə gəlmişdik. Şəhərin belə yerinin varlığından xəbərsiz idim. Nə yalan deyim xəbərsiz də qalmağı tərcih edərdim. Qaldığımız təmiz küçələrdən fərqli olaraq çirkli idi. Zibil qabının olmasına baxmayaraq zibili yerə atmaları mədəniyyətsizlik adlanırdı və ona heç salam verilməzdi. Sonralar məktəbə getmək üçün həmin zibil qablarının yanından keçdiyimdə orda eşələnən inəyi görəndən sonra anamın aldığı qatığı da yemədim. İyrənirdim. Öz evim üçün darıxırdım.
Təzə evimiz böyük deyildi. Bir mərtəbə, iki otaq idi. Boyasız, sadə bir ev idi. Daşları tikmiş, çölünə əl belə vurmamışdılar. Çölünü elə görəndə içəridə məni fəlakət gözlədiyini düşünsəm də, içi çölünə nisbətən normal idi. Evin lükslüyü yox idi. Getdiyim ən kasıb dostumun evindən belə pis idi. Xırda əşyalarda atama kömək edib əşyaları evə daşıdım. Hər kəsin üzündə bir kədər, utanc var idi. Danışmaq istəmirdi heç kəs. Yalançı gülüşlərlə halımızdan şikayətçi deyilik deyə baxış atır, bir-birimizə təsəlli olurduq. Qarınlı sürücünü yola saldığdan sonra evimizə keçib süzməyə başladıq. Atam başa keçib –təzə evimiz necədi? Bir müddət burda qalacağıq –deyə sözə başladı. Sonra otağları gəzərək bizə göstərməyə başladı. Mənim otağım köhnə evimizdəkinin yarısı boyda idi. Atamla atamın otağı isə ən balacası idi. Mətbəx atamgilin otağı boyda, balaca birdə tualet-hamam var idi. Salon isə mənim otağım boylarda idi. Anamın göstərişi ilə əşyaları yerləşdirməyə başladıq. Bəzi əşyalarımıza yer qalmadığı üçün mənim və öz otağlarına yığıb kənarda sıxışdırdılar. Otağımda kobud görülsə də, heçnə demədim.
Atam birisi gün təzə məktəbimə gedəcəyimi dedi. Qeydiyyatım həll olunubmuş, anamla gedib yolu göstərəcəkdilər, bir də müəllimi ilə danışacaqdı. Həyət evində yaşamağı sevirdim. Birlikdə getdiyimiz qonaqlığlarda rahatca əylənər, uşaqlarla oynayardıq deyə kaş bizim də həyət evimiz olardı deyə düşünürdüm. Xəyalımın belə reallaşacağını düşünməmişdim.
Birisi gün tezdən qalxıb məktəbə getmək üçün hazırlaşdım. Çantama tabletimi, kitablarımı, dəftərimi, qələmimi qoyub anamla bərabər məktəbə getdim. Zibillikdən gələn iy çox ağır idi. Burnumu tutaraq keçirdim yanından. Anama niyə təmizləmirlər buranı? İnsanlar niyə zibili yerə atır?-deyə soruşsam da, bilmirəm deyib mənim yaşadığım təəccübə şərik oldu.
Məktəbim iki mərtəbəli, orta görünüşə malik olan bir məktəb idi. İlk təəssüratım normal idi. Qapıda orta yaşlı bir qadın var idi. Bizi qarşılayıb hara gəldiyimizi soruşdu. Sonra direktorun otağını göstərdi. Anamla bərabər otağa getdik. Qarınlı bir direktor idi. Kostyumun yaxasını bağlasa məni kimsə tuta bilməz, gülərdim. Anam mənimlə sağollaşıb evə qayıtdı. Özüm gələcəm deyib qayıtmamasını istədim. Direktor məni sinifimə apardı. İçəri girəndə düşündüyüm yəqin sinifin yarısının gəlmədiyi olsa da sonra bütün sinifin bu qədər olduğunu başa düşəndən sonra dəliyə dönmüşdüm. 5 nəfər. Bir sinifdə 5 nəfər vardı. Ölkənin paytaxtı, insanların bu qədər çox olduğu bir ərazidəki məktəbdə bir sinifdə 5 nəfər. Sonra yenə bir şey öyrəndim. Əslən jurnala görə sinifdə 19 nəfər olmalıymış. Sadəcə gəlmirlər deyə bu sayı 5 nəfərdi. Mənimlə bərabər 6 olan bu sinifdə hamısı oğlan idi. Müəllim sinifi yadırğadığımı görüb mənə məktəbi, sinifi, qəsəbəni tanıtmağa çalışdı. Jurnaldakı qızlar 5-6-cı siniflərdən məktəbdən çıxartılıb ərə verilmək üçün hazırlaşdırılır, oğlanlar isə işləmək üçün fəhləlikdən, maşın düzəltmədən nə olardısa gedərdilər. Bəziləri də düşüb ortalığda veyllənərdi.
Sizə sinif yoldaşlarımı tanış edim. Ruslan, mənimlə yaşıtdı. On beş yaşı var. Sakit, fağır xasiyyətdədi. Digər dördünün onunla məzələnib, qapazlamasına cavab verməz, gülüb özünü daha da gülünc hala salardı. Fərhad, danışığını başa düşmək üçün sözü təkrar etməsini istəyərdim. Yarım il onunla anlaşma problemi yaşadım. Nə demək istədiyimi başa düşmürdüm. Çingiz, sinifin ən yaraşığlısı o idi. Görünüşünə görə məndən belə daha yaraşığlı olduğunu etiraf edə bilərəm. Xasiyyətinə gəldikdə isə sevimli birisi deyildi. Kobud, dalaşqan xasiyyəti var idi. Dəhliz boyu qışqıra-qışqıra gəzər, qızların ona baxıb gülməsindən qürurlanardı. Buranın qızları deyəsən ayıları sevirdi. Kənan, onunla danışmaq istəsəm də həmişə qaçardı. Uşaqlar heç kəslə danışmaz, dərsə gələr, dərsdən çıxan kimi qaçıb evə gedərdi. Qaynayıb-qarışması bir yana, söhbət belə etməzdi. Ramal, əsas sizə danışacağım şəxsə axır gəlib çatdıq. İlk görünüşdən mehriban birisi kimi görünmüşdü. Qara, sallanan burnu və üzünün sağ tərəfində kiçik çapığı var idi. Dediyinə görə uşaq vaxtı yıxılıbmış. Geyimi isə hər zaman qara olardı. Müəllim zarafatla, hər gün dərsdən çıxıb yaslara gedir deyərdi ona. İlk dəfə sinifdə o yaxınlaşıb görüşdü mənimlə. Xoşlaşmasam da görüşüb salamlaşdım. Tanımaq istəyirdim. Neçə il bir yerdə oxuyacaqdıq. Özümü Kənanın yanına çəkmək istəmirdim.
Özümlə gətirdiyim tableti çantamdan çıxartmadım. Hər kəsin mənə güləcəyini bilirim. Çıxartdığım kitablar isə bu məktəblə əlaqəsiz idi. Başa düşmürəm, hər yerdə ayrı dərs keçirlər?-deyə deyindim. Müdür bir uşaqdan mənim kitablarımı yolladığdan sonra açıb nə qədər uyğun olduğlarını tutuşdurdum. İlin əvvəlindən təzə kitabları vermişdilər deyə mənə köhnə kitablar qalmışdı. Bu kitabları əlimə almaq belə istəmirdim. Təzəsini isə aldıra bilməyəcəkdim. Tiksinərək də olsa götürüb çantama atdım. Evə gələndə isə kefsiz olduğumu bildirməməyə çalışdım.
O gündən sonra əsas dairəm Çingiz və Ramal oldu. Ramalı sevməsəm də özü quyruğuma düşür, ya mən hara gedərdimsə gələr, öz işi olardısa belə məni özüylə güclə sürüyüb aparardı. Çingiz isə məktəbdəki qızları tanış etməyə çalışırdı. Şəhərdən gəldiyim, geyimim və ora nisbətən daha fərqli olmağım bəzi qızların diqqətini çəkmişdi. Çingizin qızlara ağız suyu axıdaraq baxması, sanki bu dəqiqə üstlərinə atılıb parçalayacaqmış kimi danışması azğınca gəlirdi. Dəhlizdə qızlarla söhbət etməyim, ya gəzməyimsə hər kəsin “vauuu” suna səbəb olurdu. Nə etdiyimi düşünürdüm. Nə etdim də belə təəccüb yaşayırdı bunlar? Qızla söhbət etmək bu qədərmi qəribədi? Hələ sizə bir qızın mənə etdiyi sifəti deməmişəm. Samirə adlı bir qız var. Bizdən bir sinif aşağıdı. Təzə gəldiyim həftədə özü yaxınlaşıb söhbət elədi, sonra nömrəmi götürüb danışarıq, nəsə lazım olsa yazarsan kömək edərəm dedi. Mən də xoşluğla razılaşdım. Sonra tənəffüs zamanı gəzərkən salam versəm də məni saymadan iri addımlarla tez-tez getdiyini başa düşmədim. Çingiz yəqin xətrinə dəymisən dedi. Amma xətrinə dəyəcək nəsə demədiyimdən əmin idim. Evə gedəndən sonra yazdım, nə olub?- deyə. Mənim başqa qızla danışdığımı görüb. Nə olubmuş danışmışamsa? –deyəndə, gündə bir qızla danışacaqsansa heçnə olmayacaq dedi.
Nə? Səninlə sevgiliyəm? Deyək sevgiliyəm, sevgili oldumsa ancaq səninlə danışacam? Başqa qız dostum olmayacaq? Çox uzatmayıb başıman uzaqlaşdırdım. Başa düşmürdüm uşaqları.
Ramalın isə düşüncəsini heç başa düşməzdim. İyrənirdim hətta ondan. Hər qıza söz atar, üz görməyən qızların arxasınca isə bunu filankəslə tutublar, videosunu görmüşəm-deyərək iyrəncləşərdi. Kimə gəldi bununla yatmışam, bu filankəslə yatıb, bunun şəkli filankəsdə var, filan gün şəhərdə görmüşəm deyərdi. Çingizin xoşuna gəlib, gülsə də mənim tiksindiyimi görəndən sonra mədəni görünmək üçün o da ona acığlanmağa başlamışdı.
Səhər dərsə getdim, Çingiz zəng edib dərsə girməməyimi, məktəbin arxasına gəlməyimi istədi. Dediyini etdim, getdim. Ramal və Çingiz məni gözləyirdi. Çingiz dərsə girməyəcəyimizi, şəhərə gəzməyə gedəcəyimizi dedi. Ramalın gəlməsindən xoş olmasam da neçə vaxtdı gəzmirdim deyə razılaşdım. Avtobus və metro yad olduğum bir nəqliyyat deyildi. Əvvəllər də minirdim deyə metroya minməyin qəribəliklərindən danışmayacam. Tək qorxduğum dərsə getmədiyim deyə evə bildirmələri idi ki, məktəbi görəndən sonra kiminsə belə bir dərdi böyütməyəcəyini başa düşmüşdüm. Atamın verdiyi xərclikləri toplayırdım. Məktəbdə pul xərcləməyə çox da imkanım yox idi deyə xeyli pul toplamışdım. Çingiz ucuz nəsə yeyə biləcəyimiz bir restoran axtarırdı, mən qonaq edəcəm deyərək uşaqlarla həmişə getdiyimiz restorana apardım onları. Aparmaz olaydım. Həyatımın bir qırılma nöqtəsini də orda yaşadım. Daha doğrusu ilk dəfə atama əsəbləşib, utanmışdım.
Ramalın görməmiş kimi girib əyləşməsi oranın işçisinin üstümüzə gəlməyinə səbəb oldu. Məni tanımışdı deyə salam verib, menunu uzatdığdan sonra kənarda dayandı. Ramalın acgözlüklə hər kəsə baxması utandırmışdı bizi. Çingizin də xoşuna gəlməmişdi bu. Çingiz qiymətlərə baxıb, bahadı istəyirsənsə gedək –dedi. Mən sifarişi verib, narahat olmamasını dedim. Yemək yeyirdik ki, yox dedirtəcək hadisəni yaşadım. Köhnə məktəbimdən dostlarımı gördüm. Niyə axı? Murphy qanunları niyə gerçək çıxır? Başqa vaxtı yox da indi. Məni görən kimi yaxınlaşıb görüşdülər. Yasəmən, Coşqun, Camal, Aynurə gəlmişdi. Mənimlə görüşdükdən sonra Çingiz və Ramala baxdılar. Salamlaşıb onlarla da görüşdülər. Mən başımdan edib uzaqlaşdırmaq istəyirdim ki, Coşqun təzə sinif yoldaşlarındı? Tanış olaq məqsədi ilə bizimlə bərabər əyləşdilər. Tək istədiyim Ramalın sakit dayanması idi. Edəcəyi ən adi bir səviyyəsizlik məni gülünc halına salacaqdı dostlarımın arasında. Elədi də. Aynurəyə sataşması və Camalın buna reaksiyası aranı qızışdırdı. Coşqun onları, mən Ramalı sakitləşdirməyə çalışdım. Camalın uzun saçı və saçına taxdığı rezinə sataşdı. Qız kimi saçına niyə rezin taxmısan? Get saçını kəsdir deməsindən sonra Camal ayağa qalxıb digərlərini də qaldırdı. – Belələri ilə dostluq etdiyini bilsəydik heç narahat etməzdik –deyib getmək istədilər. Acığıma gəlmişdi. –Üzrlü sayın, sonra danışıb başa salacam sizi –dedim. Ramal oturduğu yerdən – nə üzr istəyirsən, rəddolub getsinlər –dedi. Coşqun gedərkən hesabı da ödəyibmiş. Ramalın üstünə atlayıb o ki, var əzişdirmək istəyirdim. Çingizlə Ramalı çıxışda qırıb tək gəzməyə çıxdım. Bu qədər utanmamışdım. İnsanları siniflərə ayırmamışdım heç vaxt. Əvvəllər belə özümü heç vaxt kimdənsə yüksək görməyib, kimisə alçaltmamışdım. İnsanların mədəniyyətə görə dəyər verilmədi deyərdi müəllimimiz. Onun düşüncəsi, danışığı, hərəkəti, hətta salam verməsinin özü belə onun izah edər –deyərdi. Düz demişdi. Masa ətrafında əyləşərkən iki tərəfi müqayisə elədim.
Evə gələndə gec idi. Anam gəlməmişdən əvvəl zəng edib harada qaldığımı soruşmuş, mən də biraz gec gələcəm demişdim. Evə gedəndə anamın suallarına qısa cavab verib, halımın olmadığını deyərək otağıma girib axşamacan da çıxmadım. Atam işdən gələndən sonra anam ona kefsiz olduğumu dedi deyə gəlib yanımda oturdu. Bilirdi ki, partlamağa yer gəzirəm, biraz eşələsə danışacam. Eşələyib partlatdı, öyrəndi içimdəkiləri. Atamın düşüncələri maraqlı gəlib mənə. Hər şeyə alternativi olub həmişə. Fərqli yanaşmağı bacarıb. Mənə Ramalı özümdən uzaqlaşdırmaq əvəzinə, onu düzəltməyə çalışmağımı dedi. Onun mənim kimi bir ortamı olmayıb, şansı olmayıb. Gördüklərini, öyrəndiklərini, öyrədilənləri etdiyini dedi. Onu dəyişə biləcəyimi dedi. Sıxıcı gəlsə də edəcəkdim. İtirdiklərimin əvəzinə kimisə qazanmalı idim.
Ramalla daha çox zaman keçirdib ona kitabları sevdirməyə, film izlətməyə öyrəşdirmək istəsəm də kitabları geri çevirər, izlədikləri filmdə sex vardısa baxardı. Bir neçə ay inadla savaşdım. Əvvəl-axır onu yola gətirə biləcəyimi düşünürdüm. Qızlarla kobud danışmağın xeyir verməyəcəyini, onlarla münasibət qurmağı, kübar olmağı təklif elədim. Bu da alınmadı. Bir qızla bunun yerinə danışıb razı saldım, bunları görüşdürməmişdən əvvəl Ramala nə etməli olduğunu deyəcəyi cümlələrinə qədər başa saldım. Getdi yenə qıza qarşı tərbiyəsizlik elədi. Həmin gündən sonra birlikdə şəhərə çıxmayacağımı desəm də bir dəfəsində Çingiz razı salıb apardı. Yeni ilə yaxın idi. Şəhərin hər yerində bayram abu-havası var idi. Mağazalarda “let it snow” oxunurdu. Ramal isə narkotikdən, ölməkdən danışırdı. Yanımızdan keçən xanımların arxasınca düşər, nömrəsini almağa çalışar, verməyən kimi də qışqırıb bu da qəhbə çıxdı-deyərək başqasının dalıyca qaçardı. Ova çıxmış çaqqal kimi görürdüm onu. Ondan qaçmaq, uzaqlaşmaq istəyirdim. Yenə bir tanışın məni görməsindən, Ramalla dostluq etdiyimi görüb mənə lağ etməsinən utanırdım. Coşqunun ad gününə belə gedə bilməmişdim. Zəng edib çağırmışdı. Gələ bilməyəcəm, üzrlü say deyəndə isə yaxşı-deyib telefonu üzümə söndürməsi təmiz uzaqlaşdığım, əlaqəmin kəsildiyi mənasını verirdi.
Ramalı düzəltmək artıq vəzifə borcum idi. Zamanla onlara oxşadığımın fərqinə varırdım. Onlar kimi zarafatlar edir, onlar kimi düşünürdüm. Hərəkətlərimin fərqinə varan kimi özümü yığışdırıb, ciddiləşirdim. Qış fəsilindən danışım sizə. Bəzi günləri sinifdə tək oturub müəllimlə baxışdığım o günlər... Sıxıntıdan müəllimlə söhbət edirdik, nəyisə müzakirə edirdik. Bəzən müəllimlərimə köhnə günlərimdən, əvvəlki məktəbimdən danışırdım. Bu məktəbin əsəblərimi pozduğunu, sıxıcı olduğunu deyirdim. Gözəl adlı müəllimim var idi. Coğrafiya dərsi deyirdi bizə. Ona da bir qış günü şikayətləndiyimdə gülüb, eyni taleyi yaşayırıq dedi. Təhsilini bitirdikdən sonra ilk təyinatını bura alıb. Bu məktəb, ya qəsəbə haqqında heç bir bilgisi olmayıb, tək bildiyi buranı rədd edərsə başqa bir məktəbə keçidinin mümkün olmayacağı olub. Bir müddət burada dərs deməyə məcbur imiş. Gələrkən gördükləri isə məndən daha betər bir vəziyyətdə imiş. “Mübarizə aparmağı sevən, yaxşını belə dəyişməyi sevən birisiydim, qoymazdım nəsə hərəkətsiz qalsın. Bura gəldiyimdə də dayanmadım. Gəlmişəmsə iş görməliyəm deyə düşünürdüm. Dərsə gəlməyən uşaqların evlərin ünvanlarını götürüb, düşdüm qapı-qapı gəzməyə. Dil töküb uşaqlarını məktəbə göndərməsini istəsəm də məni qapıdan qovdular. Qapının arxasında iki tip uşaq gördüm: məndən biraz daha mübarizə aparmağımı, ailəsini razı salmağımı və məni qovarkən zövqdən güləni. Deyərsən nəticəsini gördüm?”
Dinmədən onu dinləyirdim. Arxa fondda həzn bir sikripka ifa edir, müəllim də sakit-sakit danışırdı. Bu hadisədən bir həftə sonra canlı şahidi oldum bu xəbərin. Anam qonşuda toy var, məni də çağırıblar dedi. Qonşularımı sevməsəm də tanıyırdım. On beş yaşlı qızın evləndiyini eşitdiyim də isə başımdan aşağı qaynar su tökülmüşdü. Anama getmə desəm də mənə nə, mən evləndirmirəm ki. Getməsəm saymadı deyəcək dedi və getdi.
Tək istədiyim atamın yenə əvvəlki həyatmızı bizə qaytarmağı idi. Qaçmaq istəyirdim. Atama ilk dəfə açıb etirazımı bildirdim. Buradan çıxıb getmək istədiyimi dedim. Yaşaya bilmirdim. Mənim istəklərimə imkanı olmasa belə kömək edəcəyini bilirdim. Bu vaxtacan danışmamağımın əsas səbəbi də o idi. Amma artıq dözmürdüm. Dəli olacaqdım biraz da burada qalsam. Bir şey düşünərəm dedi. Bu olacaq ümidi idi. Gələn il universitetə qəbul olacaqdım, bir il mənə kömək olsun bəsim idi. Onsuz da burada oxuyub universitetə girməyim mümkün deyildi. Bunu atam da bilirdi. Üç gün sonra gəlib xaricdə yaşayan dostunun evini mənim üçün götürdüyünü dedi. Tək edəcəyim evi korlamamaq, səliqəli saxlamaq idi. Anam mənim yanıma köçmək istəsə də, razı olmadım. Tək qalmağı, öz başıma yaşamağı öyrənmək istəyirdim. Bizim cəmiyyətlər üçün ailədən uzaq qalmaq hörmətsizlik sayılırdı, amma ailəmin bu düşüncədən uzaq olması məni çox da çətinləşdirmədi.
Məktəbdən ayrıldığıma görə necə sevinirdim. Heç uşaqlarla sağollaşmadım belə. Sənəd işlərini anam həll etdi. Təzə məktəbim ilk məktəbim qədər olmasa da normal bir məktəb idi. Dadaşlıdakı məktəbimdəki uşaqlara oxşar çox uşaq var idi, hətta Ramallar var idi. Sadəcə özümə seçə biləcəyim dostlar oldu deyə sıxıntı yaşamadım. Məktəbdə hər kəs paxıllanırdı tək yaşayırdım deyə. Bəzən seçdiyim dostlarımı çağırıb kiçik parti keçirdirdim. Dərslərimin üzərinə düşmək də lazım idi. Çox zəifləmişdim. Universitetə qəbul olmamaqdan qorxurdum. Bu qorxu məni dərs oxumağa həvəsləndirirdi.
Dərsdən çıxıb evə gəldiyim günlərdən biri idi. Martın ortaları idi. Hava ən sevdiyim formada idi. Sərin əsir, günəşin də istisi sərinliklə bərabər qoymurdu üşüyək. Dostlarımla sağollaşıb evimizə gedirdim ki, yolda Ramalla rastlaşdım. Uzaqdan mənə qarşı gəldiyini görüb görməməsi üçün üzümü çevirsəm də sırtığ kimi görüb gəldi. Yapışıb marçla öpdü məni. Nə etdiyimi, necə yaşadığımı soruşdu. Məktəbdən ayrıldığıma görə inciyibmiş də. Gəlib bir sağollaşmamışam. Söhbət uzanmasın deyə yola verirdim. O isə yolunu tərsinə döndərib mənimlə bərabər gedirdi. Yolundan qalma, get desəm də işim yoxdu, elə-belə gəzirəm deyərək quyruğuma düşdü. Məndən harda qaldığımı soruşanda tək qaldığımı ağzımdan qaçırtdım. Daha doğrusu ailəmlə niyə qalmıram soruşdu deyə istəmədən cavab verdim. O zaman gedirik sizə deyərək məndən evimi göstərməyimi istədi. Evin mənə aid olmadığını, başqasını da aparmağıma icazə olmadığını desəm də, sifət edib yemədim ki, evini, baxıb gedərəm deyib gəldi. Əl çəkməyəcəyini başa düşmüşdüm. Yolumu dəyişib başqa yerə gedim desəm yenə əl çəkməyəcəkdi.
-Yaxşı, amma ilk və sondu. İcazəm yoxdu. Ev mənim deyil, görən olsa atama deyəcək.
-Evə necə qız gətitirsən,bəs?- deyib güldü. Bilirdim belə zarafat edəcəyini.
Evə gəldik. İçməyi üçün çay belə təklif etmədən evdə beş dəqiqə oturandan sonra getməyini istədim. Onun yanından sadəcə iki dəqiqə ayrılıb paltarımı dəyişmək üçün otağa getmişdim. O gedəndən sonra masanın üstündəki xərclik üçün atamın axşam qoyduğu pulun orada olmadığını gördüm. Güvənmişdim. Ondan hər cür iyrəncliyi gözləsəm də oğurluğu gözləmirdim. Nə deyəcəkdim atama? Bir həftə özümdə olan pulla dolanmalı idim. Əsəbimdən Ramalı tapıb öldürə bilərdim.
Ramalı o gündən sonra bir daha görmədim, ta ki, son görüşümüzə qədər. Universitetə ödənişli qəbul oldum. Atamı çətinə salmamaq üçün əsgərliyə gedib-gəldikdən sonra oxumaq istədiyimi dedim. Atam oxu, sonra gedərsən desə də mən gedib-gələndən sonra oxusam daha yaxşı olacağını dedim. Həm sonra arada vaxt itirməyəcəkdim əsgərliyə gedərək. Universiteti bitirən kimi iş axtara biləcəkdim.
Universitetdən qeydiyyatdan keçib dondurub əsgərliyə yollandım. Tanış kimləsə düşəcəyimi gözləmirdim. Ramalı görənə qədər. Uzaqdan onu görəndə, yox, burda olmaz dedim. Qışqırıb, qaçmaq istəyirdim. Hər yerdə məni izləyirdi. Kabusum olmuşdu. Nə yalan deyim fərqli Ramal idi bu. Çöldə gördüyüm Ramaldan tamailə fərqlənirdi. Qorxaq, büzüşüb gəzirdi. Çıtma vursan ağlayardı. Gözlərində qurtarılmasını istəyən baxış var idi. Hər zaman bir yerdə olmurduq deyə dəyib dolaşmazdı mənə. Məni görəndə isə yanıma qaçaraq doğma görmüş kimi sığınırdı. Öz yoldaşları döyürdü deyəsən. Onu qorumağımı istəyirdi. Oğurladığı pulu və ac qaldığım bir həftəni unudub ona kömək etmək istəyirdim. Üzünə vurmaq, alçaltmaq istəyirdim bəzən onu. Başına gələnlərə layiq olduğunu demək istəyirdim. Bir neçə dəfə də uşaqlardan onun haqqında eşitmişdim. Evə zəng edib onu gəlib aparmalarını istəyib, komandirə xəbərçilik edib deyə döyülüb. Qaçmağı belə düşündüyünü deyirdilər. Bunu da məni onunla görürdülər deyə. Burda da Ramala görə dost itirmək istəmirdim, amma Ramalı da tək buraxmaq istəmirdim. Ehtiyacı var idi mənə.
Üç ay birlikdə olduq. Üçüncü ay bölgü ilə ayrı-ayrı ərazilərə düşdük. Mənimlə onun arasında hardasa üç-dörd kənd var idi. Xəbərləri bəzən gəlirdi. Adını deməsələr belə ondan bəhs olunduğunu təxmin edirdim. Əsgərliyim çətin keçmirdi. Tez bir zamanda hər kəsin sevgisini qazanmışdım deyə rahat keçdi əsgərliyim. Ara bir atışma olurdu, ən öndə biz deyildik deyə sakit qarşılayırdıq. Ramalı isə öncəbhəyə göndərmişdilər.
Yenə atışmanın olduğu günlərdən biri idi. Atışma səsi gələn kimi bizi hazır vəziyyətə gətirdilər. Bir əsgərin vurulduğunu dedilər. Şəhid xəbərindən sonra qarşıya cavab verilməli idi. Şəhid kim idi? Tanıyan var idimi?-deyə sorğu-sual edirdik. Ön cəbhədəki əsgərlərin hər birini tanıyırdıq. Müəyyən dövrlərdə bir yerdə olmuşduq hamısı ilə. Dostumuzun şəhid xəbəri hamımızı üzmüşdü.
Ara sakitləşəndən sonra xəbər gəldi. Ramal Fətəliyev.
Bu Fətəliyev Ramal başqası deyildisə mənim tanıdığım Ramal idi. Xəbər məni sarsıtmışdı. Nə qədər sevməsəm də ölüm xəbəri üzmüşdü məni. Ramalla məzələnən, onu kişi adlandırmayan insanlar belə ondan az qala dastan yazacaqdı.
Əsgəliyim qurtardı və geri döndüm. Ramalın ölümündən sonra ona verilən qəhrəman, şəhid adı haqqında düşündüm. Layiq idimi? Ölümü haqqında aldığım məlumat postda dayandığı zaman səhlənkarlığı ucbatından düşmənə yerini bildirib və nişançının ilk mərmisi ilə də ordaca can verib. Təbii ki, bunu tam açıb bildirmədilər. Ört-baslıq edərək şəhidlik mərtəbəsinə qaldırıb, mübariz qəhrəman kimi tanıtdılar. Əsgər yoldaşlarından heç kəs də çıxıb qorxaq idi, yalançı, əclaf idi demədi. Hər kəs çox yaxşı insan idi, mehriban, səmimi, vətənpərvər idi dedilər. İndi hər kəs onu bir qəhrəman kimi xatırlayacaq. Əsgərlikdən geri dönəndə Dadaşlıya getdim. Ramalın adına küçə verilmiş, adı hörmətlə anılırdı. Ailəsinə olan hörmət isə sözlə ifadə olunmayacaq dərəcədə idi. Onu tanıyan, necə birisi olduğunu bilənlər belə susurdu. Arxasıyca pis danışmamaq xətrinə, şəhid olub deyə tərifləyirdilər.
Düşünürdüm. Düşmən onu öldürməsəydi nə olacaqdı? Bəlkə də ölüm onun üçün daha hörmətli həyat oldu. Yaşayaraq söyüşdən, təhqirdən başqa heçnə qazanmayan insan, indi olmasa belə sevilirdi. Ailəsi zamanında ona görə şikayətlər alırdısa, indi hamı oğluna görə hörmət edirdi. Anası mən bilirdim o bir qəhrəmandı, nə kimi nadincliyi olsa da vətənindən ötrü canından keçdi deyərək qürurlanaraq gəzəcəkdi. Heç kəs də gerçəyi üzünə vurmayacaqdı. Öz yalanlarına özlərini inandırıb, onu bir örnək kimi məktəbdə nümunə göstərəcəkdilər. Hansı ki, həmin müəllimləri həyatdan bezdirmişdi. Üzlərinə təhqir elədiyi müəllimləri indi onunla qürur duyurdu. Uşaq idi, nadinclik edəcək əlbət deyərək özlərinə söz oyunu oynayırdılar. Onun ölməsimi, yoxsa yaşamasımı faciədi, düşünürəm. Ölüb şəhid adı almasımı pisdi, yoxsa yaşayıb dünyanı daha da pis hala salmasımı? Özü kimi davamçılar yetişdirməsimi? Nə qədər düşünsəm də, yazsam da artıq yox idi. Boş həyat vərəqinə yazı yazılmışdı. Qəhrəman idi artıq o.