Səməd Şıxı - Sonuncu gün partisi

Qaranın ağrıların dinmək bilmirdi. Sakitləşdirici atmaqdan bezmişdi. Sakitləşdiricilərin də təsiri qalmamışdı. Hər həftə bir həkimin yanına gedir, təkrar-təkrar eyni yoxlanışlardan keçirdi. Hamısı eyni sözü deyirdi. “Heç bir şey yoxdur, tam sağlamsınız”.

“Bu ağrılar nədir,bəs?”

“Bilmirik”

Ən çson bir həkim nəsə tapmışam deyə yanına çağırdı. Bir gün belə gözləmədən qalxıb yanına getdi. Həkimin tibbi dildə başa salıb, qarşısındakının heç nə başa düşmədiyini görüb adi dildə izah etməyə başladı.

“Həkim, başa düşəcəyim bir tərzdə izah edin. Nəyim var? Ağrılar niyə günü-gündən artmaqdadı?”

“o deməkdir ki, səbəsiz yerə ağrıyırsınız və bunun qarşısını almaq mümkün deyil”

“Öləcəm?”- Qara həyəcandan əsməyə başladı.

“Yox. Lakin, ölümdən daha ağır bir həyat sizi gözləyir. Ağrılarınız hər gün artacaq, sızıldatacaq. Gün keçdikcə hərəkət edərkən belə ağrılarınızı daha şiddətli hiss edəcəksiniz. Bədəninizə elektrik verilmiş kimi hiss edəcəksiniz”

“Ölümdən betər bir həyat məni gözləyir yəni?”

“Az-çox. Hə”

“Bunun yolu var? Ağrılarımı sakitləşdirəcək bir şey var?”

Təəssüf ki, yox. Ancaq...”

“Ancaq... nə?”

“Ağrılarınızdan qurtulmağın bir yolu var. Evtanaziya

“O nədir elə?”

“ıııı, könüllü olaraq ölməyə razı olacaqsınız. Həyatınıza tibbi yolla son verəcik. Bilirəm, kimsə belə şey istəməz. Bir müddət sonra ağrılarınızın əlindən bezəcəksiniz”

Qara gülümsədi.

“Ölmək. Bir qurtuluşmuş mənim üçün”

Heç nə demədən ayağa qalxıb otağdan çıxdı. Xəstəxananın yanındakı parka keçib əyləşir. Uşaqlarını gətirən qadınlar və uşaqlardan başqa heç kəs yox idi. Bəzən yoldan keçən insanları görürdü. Fərmanın uşaqlığını xatırladı. Birlikdə gəlib parkda oynayar, gəzərdilər. İndi fikir verirdi də, böyüyəndən onunla əvvəlki kimi zaman keçirtməmişdi. Uşaqların dünyasında valideynlər hər yaşda başqa obrazlar olurlar. İlk başlarda qəhrəman olurlar. Hər zaman onların köməyinə çatan, onları təhklükələrdən qoruyan qəhrəman deyə görürlər. Biraz böyüdükdən sonra rəqib olurlar. Onlar kimi olmağa çalışırlar. Onların etdiklərini təkrarlayıb, daha yaxşı olmağa çalışırlar. Oğulların atası kimi hərəkət etməsi, davranması, danışması ona oxşamağa çalışdığına görədi. Qızın anasının paltarlarını geyinib gəzməsi, onun kimi gözəl görünmək istəyir. Valideyn bir hədəf olur, onunla yarışmaq, onu keçmək istəyi olur. Daha sonra isə əngəl olaraq görməyə başlayırlar. Valideynlər bir yaşdan sonra əngəl olur. Uşaqların azad hərəkət etməsinə icazə vermir, öz istəklərini uşaqlara yeridir. Belə olduğu halda sərbəst ola bilmək istəyən uşaq valideyn əngəlini aşmağa çalışır. Ən sonda isə okeandan da uzaq bir adaya dönər. Ona çatmaq istəyər, ondan ötrü darıxar, okeanı keçib ona çatmaq istəsə də bunu bacarmaz.

Atasını xatırlayır. Dediklərini o da yaşamışdı. Deyəsən, oğluna da yaşatmışdı.

Qalxıb evə gedir. Hər yeri ağrıyırdı. Onu qapıda həyat yoldaşı – Səlmi qarşıladı. Həkimin nəsə Həkimin onu çağırdığını bildiyindən, gələndə sorğu-suala tutacağını bilirdi. Səlmi Qaranın xalası qızı idi. Ona qarşı heç vaxt sevgi, ya evlənmək, eşq düşüncəsi olmamışdı. İlk dəfə də Səlmi açılmış, sevgisini etiraf etmişdi. Onun kimi mehriban, sakit, gülərüz birisini tanımayıb hələ. Bir dəfə də olsa nəyəsə şikayətləndiyini, nəsə istəyib olmadğında da ayağını yerə döyüb dirəşməmişdi ki, olmalıdır. Evlənərkən Qaranın vəziyyətini bilirdi. Yaşadığı həyatın indiki həyatından çox da fərqlənmədiyindən onun üçün çətin gəlmirdi. Bildiyi həyat idi. Səhər gedib-axşam nə gətirərdisə o bişən bir ailə idi. Narazı idimi? Yox. Xoşbəxt idi. Ona görə Qaranın gətirdiyi yavan çörək belə xoşbəxtlik üçün bəhanə ola bilərdi. Ac qalmayacaqdılar. Sabah nə olacaqdı?! Bu o qədər də önəmli deyildi. Sabaha çıxacağları barəsində heç kəs ona qənaət verə bilməzdi. Ən yaxşısı bu günü doyunca yaşaması idi.
Sual dolu gözlərə baxıb, Qara nə deyəcəyini bilmədi. Bir an öldüyünü düşündü. Heç nə deyil də onu üzgün buraxıb getmək istəmirdi. Xəyanət etmiş kimi sayacaqdı özünü. Yox. Dözməli idi. Əzabla yaşasa belə onlardan ötrü bu əzaba dözməli idi.

“Necəsən? Həkimə getdin? Nə dedi?”

“Nə deyəcək, elə belə şeylər. Soyuqlamışam. Keçər”

“Hə. Bildim elə. İçimə danmışdı, şorba bişirmişəm. Paltarını dəyiş, gəl, ye, soyutma”

O biri otağa keçdi. Fərman Tv-izləyirdi.

“Necəsən?”

“Yaxşı”

“Dərs?”

“Yaxşı”

“Yaxşı” – deyib, otağına keçdi. Paltarını dəyişdi.

Ayaqlarını hər yerə basdığında yaranan sızıltı bütün bədəninə yayılırdı.

Əlini qaldıranda, başını tərpədən də, bədəninin hər hansı bir nöqtəsinə toxunduğunda da eyni ağrını hiss edirdi.

Mətbəxə keçir. Yeməyi önünə çəkib hərəkətsizcəsinə qaşıqlamağa başladı. Ağrıları cüzi də olsa içində hiss edə bilirdi.

“Nə olub?”

“Heç nə”

“Yox. Olub”

“Yox. Canım sıxılıb biraz. Ağrılar tam keçməyib həm də”

“Bəlkə başqa bir şey var. Başqa həkimin yanına get”

“Yox. Lazım deyil”

“Məndən nəsə gizlədirsən. Bilirəm. Amma demirsən”

“Deyiləsi bir şey yoxdur, çünki”

“Yaxşı” – deyib masadan qalxdı. İncimişdi.

“Tamam, var. Amma sonra deyəcəm. Fərmanın evdə olmadığı vaxt”

Səlmi geri gəlib yerində oturdu. Nəydiki belə Fərmanın eşitməsini istəmədiyi

“İndi, de”

“Sənin verəcəyin reaksiyanı bilirəm. Ona görə istəmirəm Fərman xəbər tutsun”

“Bilirdim. Həkim qorxulu bir şey deyib. Nədiki? Nəyin var?” –Həyəcandan yerində dayana bilmirdi.

“Məsələdə odur, heç nəyim yoxdur”

“Bəs nə deyəcəksən?

“Gecəni gözlə”

Gecə olur. Hər şeyi izah edir ona. Səlmi inanmaq istəmir. Həkimin səhv etdiyini, başqa həkimə görünməyini istəyir.

“Getmədim? Getmədiyim həkim qalmayıb, heç biri nə olduğumu tapa bilmədi”

“Müalicəsi necə olmur? Mümkün olmalıdır,ax”

“Xəstəlik olmayandan sonra nəyi sağaldacaqlar?”

“Nə edəcəksən? Həkimin dediyini qəbul edəcəksən?”

“Edə bilmərəm. Səni, Fərmanı buraxıb gedə bilmərəm”

“Ağrıları nə edəcəksən?”

“Bilmirəm. Dözə bildiyim qədər dözəcəm”

Ağrılara dözəcəkdi. Nə olursa olsun, ailəsini tərk etməyəcəkdi. Savaşacaqdı. Günlər isə onun düşməni idi. Hər gün biraz daha şiddətli ağrı ilə ayılırdı. Ayağını hər yerə basdığında bədəni sızıldayır, paltarlar belə bədəninə daş kimi ağırlıq salırdı. Telefonu əlində yarım dəqiqədən çox saxlaya bilmirdi. Uzanarkən də bədəninə iynə batırırlarmış kimi hiss edirdi.

Həkim ağrılarını sakitləşdirmək üçün qarışqa yeməyi məsləhət görmüşdü. Həyətdən qarışqa yığaraq, əzib yeyirdi. Yediyi qarışğaların bədənində gəzdiyini hiss edirdi. Ağrılarsa, azalmaq bilmirdi. Biri ilə əl uzadıb görüşən də belə əlini elektrik naqilinə toxunurmuş kimi hiss edirdi. Əlini tez geri çəkib, özünə sıxırdı. Ağrılarını hiss etmədiyi tək yer vannanın içi idi. İsti suyu töküb içinə girəndən sonra ağrıların dayandığını hiss edirdi. Bunu kəşf edəndən sonra hər gün saatlarla vannanın içində oturmağa başladı. Yeməyi belə vannanın içində yeyərdi. Ağrılarına görə işləyə də bilmirdi. Məsələni ailəsinə izah etdikdən sonra ona dəstək duracaqları dedilər. Amma nə qədər? Haracan? İndi tam tərsi dəstək olmaq yerinə, artıq idi. Əlavə xərc idi.

Var olmayan xəstəliyini öyrənməyindən dörd ay keçmişdi. Artıq gecələri belə yata bilməz olmuşdu. Qərar vermişdi. Evtanaziyadan istifadə edəcəkdi. Yaşamasının nə özünə, nə də ailəsinə xeyri yox idi. Bütün günü sızıldayıb, ağrımaqdan başqa heç bir iş görməz olmuşdu.

Səlmiylə Fərmanı qarşısına alıb qərarını onlara açıqlayır. Artıq dözə bilmədiyini, bu seçimi etməyə məcbur qaldığını onlara izah etməyə çalışır. Səlmi qərarsız idi. Ərinin can çəkişməsinə dözmürdü, digər tərəfdən ə ölməsini istəmirdi. Fərman isə qəti olaraq qarşı idi. Atasının özünü öldürməsini istəməyinə qarşı idi. Qara qərarını vermişdi. Həkimlə danışacaq, qərarını ona da deyəcəkdi. Ondan ən azı bir həftə zaman istəyəcəkdi. Asan deyildi. Özünü öldürmək, hələ də bunu bilərəkdən etmək. Zamana ehtiyacı var idi. Yaşadığı həyatı başa düşmək və yaşaya bilmədiklərini bir həftəyə sığışdırıb yaşaması üçün.

Həkim orqanlarını bağışlamağı təklif etdi. Onun sayəsində başqa canlar qurtula biləcəkdi. Razılaşdı. Fərman yenə qarşı çıxmışdı, Səlminin də içindən deyildi, amma ərinin qərarına da hörmət edirdi Öldükdən sonra onu görə bilməyəcəkdi yəqin ki. Boş bədənini görməsi onu daha çox pis edərdi. Ən yaxşısı elə görməməkdi. Qaranın isə başqa bir istəyi var idi. Öləndən sonra yandırılmaq. Buna etirazlarını susaraq deyil, qışqıraraq qarşı durdular. Qara isə vəsiyyətini yazılı şəkildə təsdiqlətmişdi. Geri dönüşü olmayan bir yola girirdi.

Bir həftə sonra dünya var olacaqdı. İnsanlar yenə sevəcək, yenə nəsə kəşf edəcəkdi. Yenə bir planetin var olduğunu tapacaq, orada kimsə yaşayırmı deyə düşünəcəkdilər. Fəsillər dəyişəcək, ölkələr bir-biriləri ilə savaşıb, silahlarının içinə gül-çiçək qoymaq əvəzinə, mərmi atacaqdılar. Bunları görməyəcək insanlardan biri də Qara idi. Evə gəlib son bir həftəsini necə yaşayacağını planlaşdırmağa başladı. Ağrılarını bir həftəlik unutmalı idi. Bədəni nə qədər ağrıyırsa, ağrısın buna fikir verməyəcəkdi. Həyatını bir həftəyə sığışdırmağa məcbur idi.

İnsanlar öldüyü günü bilməyərək necə xoşbəxtmişlər. Öləcəyini bilsələr, o günə hər gün bir gün daha yaxınlaşırlar deyə dəli olardılar. Qara kimi bir həftə qalanda isə ayılıb, yaşamadığı həyatı o bir həftəyə sığışdırmağa çalışacaqdılar. Öləcəyi günü bilən insanın rahatlığı da ayrı olardı. Heç nə etməz, ya tam tərsi hər şey edərdi. Öləcəyi tarixi bilən nadir insanlardan idi Qara. Buna görə xoşbəxt belə sayıla bilərdi. Son bir həftəsini doyasıca yaşamaq, ağrılarını dərd etmədən sevinmək istəyirdi. Hər gün ovucla dərman içir, gecələri vannada yatırdı. Heç kəs də ona az iç, yoxsa öləcəksən demirdi.

Bir tək arzusu qalmışdı. Öləcəyi günün axşamı “Sonuncu gün partisi” vermək. Yaxın bildiyi dostlarını, qohumlarını, ailəsini toparlayır. Dəlilik idi, yəqin, bunun adı. Öz ölümünü parti ilə qeyd edirdi. İçir, rəqs edir, əylənirdi. Son bir dəfə güclə də olsa Səlmi ilə gecə keçirtdi. Kim bilir bundan sonra onu nə kimi həyat gözləyirdi. Əsas o idi ki, tək olacaqdı. Bir də, Fərman. Ən pis həyat belə ölünün həyatından maraqlı idi. Yaşanmamışları yaşayacaq, var olmayanları görəcək, dünyadakı yeniliklərdən xəbər tutacaqdılar. Bir il sonra maşınların uça bildiyini də eşidə, hətta görə bilərdilər. Qaranın ən böyük arzusu idi uçan maşın sürmək. Görə bilərdimi səhərəcən? Kimsə hazırlayıb onun görməsi üçün gətirərdimi? O qədər önəmli birisi olmadığını bilirdi.

Parti öz ampulasındaydı. Xristian yaslarına döndərmişdilər. Hər kəs deyir, gülürdü. Sabah öləcək insan deyilmiş kimi davranırdılar. Toyla səhv salmışdılar. Səlminin bir-iki dəfə gizlincə otağa girib ağladığını gördü. İçkini içir, sağlıqlar səsləndirirdilər. Kimə? Nə vaxtacan? Səhərəcən yəqin ölməzdi.

Sağlıq demək üçün sıra Qaraya çatdı.

“Əvvəla hər biriniz xoş gəlmisiniz. Ümid edirəm sonuncu dəfə toplaşmış olasınız belə bir partiyə. Gülməli səslənə bilər, çoxunuza görə hətta axmaqlıqdı. Son günümü sevdiklərimlə birlikdə keçirtmək istədim. Bu yaşa gəldim, hələ ad günümü belə keçirtməmişəm. –gülümsəyir – qəribədi. Ad günümüzdə də ölümə yaxınlaşdığımız halda onu qeyd edir, sevinib, gülürük. Düşünmürük, bu yaşa gəlmişik, amma nə etdiyimizi düşünmürük. İnsanlar var sabahı üçün yaşayır. Bu gün əziyyət çəkir ki, sabah o əziyyəti çəkməsin. İtirdiyi yenə bir gün olur. İnsan var bu günü üçün yaşayır. Sabahı görəcəyim haqda heç kəs qaranti vermir, nə bilim sabah nə olacaq deyirlər. Bu günün xoşbəxtliyini yaşayırlar. Tanıdığım insanların çoxusu isə dünəni üçün yaşayır. Dünəninə yaraşacaq səviyyədə yaşamaq, onun adına xələl gətirməməyə çalışır. Əslində, var olmayan bir şeydən ötrü çalışırıq. Gec də, olsa bunu başa düşdüm. Adımı mən dünyaya gələndə bəxtimə uyğun olsun deyə Qara qoyublar bəlkə də. İçlərinə dammış ola bilər. Sabah mən olmayacam. Sizlər olacaqsınız. Hər biriniz. Bu dünyanı öz malınız kimi işlədəcəksiniz. Özünüzü qaldırıb dağın başına qoyacaqsınız. Özünüzü önəmli birisiymiş kimi aparıb, adınıza yaraşacaq həyat sürməyə çalışacaqsınız. Nə yaxşı ki, bunları görməyəcəm. Ölməkdən qorxurdum. İndi isə bu ölümün mənim üçün bir oyanış olduğunu başa düşürəm. Yaşayacağım yüz ili bir həftəyə sığışdırdı və mənə bu dünyanı ovucunda göstərdi. Sağlığınıza...”