Səməd Şıxı - Belaşda qiyam
Qiyam yavaş-yavaş şəhəri bürüyürdü. On nəfərlə başlayan qiyamın aktiv üzvlərinin sayı 100-ə, qısa zamandan sonra isə 150 nəfərə çatmışdı. Kişilərin azadlıq istəyi, artıq qadınların istəklərinə uyğun yaşamamaq istəyi, azad söz haqqı, onlara qarşı edilən zorakılığına son qoyulması tələbi qadınlar tərəfindən dəfələrlə şiddətlə ört-baslıq edilmişdi. Qiyamın nəticəsini verəcəyinə ümidləri yox idi deyə qiyama qoşulmaqdan çəkinirdilər. Qiyamın iştirakçıları, əsasən, boşanmış kişilər, sex işçiləri olan kişilər, qadın zorakılığından bezmiş şəxslər idi. Evli kişilərdən də iştirak edənlər vardı, onların adlarını qorxularından hələ gizlədirdilər,qiyamın böyüməsini gözləyirdilər. İndi arvadları öyrənərsə, necə bir reaksiya verəcəklərini bilirdilər. İstədikləri “Kişi haqlarını” təmin etmək, “kişilərin seçib-seçilmə azadlığı”nın bərpası idi. Necə ki, qadınlara hər şey “olar”dısa, kişilərə də “olar” olmalıdı. Sən kişisən, sənə olmaz, kişi nədi, filan iş nədi kimi fikirləri yığışdırmaq, bərabərlik yaratmağın zamanının gəldiyini səsləyirdilər. Qadınları bu düşüncəyə öyrənədənəcən, bu düşüncə ilə barışdırana qədər mübarizədən çəkilməyəcəkdilər. Hətta bu mübarizə qanla sonlansa belə. Kənardan dəstək almaq üçün əlaqələr yaratmaq istəyirdilər. Belaşda baş verənləri çatdırmaq, dəstək almaq istəyirdilər. Təəssüflər olsun ki, bunun qarşısı alınmışdı. Kənara çıxış heç bir təqdirdə tək baş verə bilmirdi. Qiyamın başlamasından sonra çıxış və girişlərə bir dəfəlik qadağa qoymuşdular. Rəhbərlikdəki qadın qüvvələri bu işin üstünə ciddi düşmüşdü. Söz haqqı olan kişilərin belə azadlığı məhdudlaşdırılmış, bəzilərini isə qiyama dəstək verir deyə həbs etmişdilər. Belaşa gəlib, Belaşda baş verənləri kənara çıxartmaq istəyənləri də ya həbs edir, ya da dəli deyə xəstəxanaya atmışdılar. Kişilər qarşılarında duran problemin fərqində idilər, amma gücləri hələ ki, istədikləri dərəcədə deyildi. Belaşın hər yerindən, hər təbəqəsindən özlərinə kişi dəstələri toplamağa çalışırdılar. Onları bu mübarizəyə dəstək olacaqları təqdirdə, tək öz azadlığlarını deyil, övladlarının, gələcəyin savaşını qazanacaqlarına inandırmağa çalışırdılar.
Birinci ev
Səhər yeməyi masasının ətrafında uşaqlar və ana əyləşmişdi. Ananın əlində telefon çay içərək internetdə dolaşırdı. Telefonu masaya qoyub, çəngəlini pendirə uzadaraq kiçik bir dilimə irişdirib, ağzına apardı. Üstündən çayındna içib, tikəsini çiynəmədən udaraq oğluna tərəf sözlü baxışlarla tikəsinin boğazından keçməsini gözlədi.
-Məktəbdə sənə gəl qiyama qoşun, evdə filan şeylərdən danış desələr uzaq dur onlardan. -deyib, çəngəlini bu dəfə zeytuna uzatdı.
-Bu da təzə çıxıb. Kişilər qiyam qaldırıb azadlıq istəyir. Elə bil güclə bunları həbs ediblər. Bunlara nəsə edirlər. Danışmalarına bax. Azadlıq istəyirlərmiş. Öz başına yaşamaq, işləmək asan gəlir sizə. Gül kimi həyatınız var, qədrini bilmirsiz. Elə bilisiz işləmək asandı. 10 saat işlə, yollarda sürün, sonra evə gəl, evin dərdi ilə məşğul ol. İşiniz nədiki? Bir ev təmizlə, bir uşağa bax. Kefinizdən uşağı da biz doğuruq. Ona belə əziyyət çəkmirsiz. Kişi olmağa nə var?! Oturursuz evdə, arvad çörək gətirəcək. Bir dəfə daş qaldırıb, səhərdən-axşamacan sürünsəniz başa düşərsiniz həyatı. Yerinizdə olmaq istəyərdim e.
Əri heçnə demirdi. Danışıb qurtarana qədər özünü bir küncə verib, danışıb qurtarmağını gözlədi. Qurtarandan sonra keçib əyləşdi. Çayını içərək oğlu ilə qızına baxırdı. Oğluna baxarkən yazığı gəlirdi. Gələcəyini özü kimi görmək istəmirdi. Azad bir fərd olmalı idi. Oxumalı,öz həyatını özü qurmalı idi.
İkinci ev
Qadın paltarını geyinib ərinin gəlməyini gözləyir. Birlikdə qonaq çağrıldığları şam yeməyinə gedəcəkdilər. Qadının işlədiyi yerdə hər kəsi ailəvi çağırmışdı deyə, ərini aparmasa olmazdı. Tez-tez saatına baxır, ərinə, harda qaldın, gecikirik-deyə səslənirdi. Əri otağa gəlib qarşısında dayandı. Qolu uzun köynək və dar şalvar geyinmişdi.
-Bu nədir geyinmisən? Tez ol get, dəyiş.
-Nə var ki, geyimimdə.
-Bu geyimlə çölə çıxmağı düşünürsən? Bütün qadınların gözü də qalsın üstündə. Adamı gərək qatil edəsən.
-Böyütmə də.
-Yox. İstədiyin odur. Mən içəri girim, sən də kefin istəyən kimi gəzib, istədiyini edəsən. Unut onu. Get düz əməlli paltar geyin.
-Sənin geyimindən xəbərin var?! -əri dözməyib partladı. – Ətəyinin qısalığına bir bax! Nədir,o? Sizə olar, amma bu geyimə olmaz?
-Sənə nə mənim geyimimdən. Heç kim mənim geyimimə görə danışmayacaq, amma sənin adi kiçik bir səhvinə görə hamının dilinə düşə bilərik.
-Onu düşünənlər də elə sən ağıldadı.
-Az danış, get paltarını dəyiş.
Əri heç nə edə bilməyəcəyini görüb arvadına tabe olaraq paltarını dəyişmək üçün otağdan çıxarkən dodağının altında deyindi:
-Ümid edirəm kişilər bu qiyama qalib gələr. O zaman görüşərik.
-Boş yerə xəyal qurma, belə gəlib, belə də gedəcək. - ərinin dediyi sözü eşidən qadın dedi.
Üçüncü ev
Qadın ona xəyanət etmiş ərini bağışlamaq istəyir. Ona olan sevgisi qüruruna qalib gəlir. Əri arvadının belə bir şey edəcəyini gözləməsə də, onu bağışlamsı onu xoşbəxt edir. Qadının da ərinə qarşı bir neçə xəyanəti olmuşdu, ümumi qəbul edilən qadının xəyanəti sayılmır düşüncəsi isə onun üçün keçmirdi. Xəyanətin fərdi olmurdu. Düşünmədən etdiyi xəyanətləri görməməzlikdən gələn ərinin bir xəyanətini bağışlamayacaqdımı?! O, bağışlamışdı axı. O susmuşdu ona xəyanət edəndə. O zaman bunu başa düşməyən qadın indi hər şeyi gözəl başa düşdüşdü. Bir anlıq şəhvət hissinin nəticəsinə görə sevdiyi kişidən ayrılmaq istəmirdi.
Barışıb evinə döndüyü zaman onu gözləyəcək hadisələri, eşidəcək sözləri az-çox təxmin edirdi. Əri ayrılmağı, ona bunu edə bilməyəcəyini desə də qadın buna razı olduğunu, hər şeyi unudub təzə həyata başlamağa hazır olduğunu deyir. Ətrafdakı lağ-lağalar, qınamalar ona “qeyrətsiz qadın” damğası vurulması ilə hər gün davam edirdi. Buna dözə bilməyən cütlük ən sonunda yaşadığları evdən köçüb, başqa bir yerdə yaşamq qərarına gəlir.
Qiyamın iclası
Qiyam artıq kiçik ordu ilə deyil, bütün Belaşı bürümüş bir savaşa dönmüşdü. Hansı ki, Belaş ikiyə bölünmüşdü. Qadının yanında kişi, kişinin ətrafında qadın görmək mümkün deyildi. Qadınla yaşamağa razı olan kişi isə tək-tük tapılardı. O da ya humanist bir qadınla evlənmiş, şikayətçi deyildi (buna baxmayaraq yenə savaşa dəstək durardı), ya da savaşmaqdan qorxurdu. Qiyamın mərkəzinə dönmüş küçə isə azadlıq mərkəzi adlanırdı. Bura tamamilə azad edilmiş, qadınların girişinin mümkün olmadığı meydan idi. Mərkəzi binaları da burada yerləşirdi. Əhəmiyyət kəsb edən binanı əli silahlı kişilər qoruyur, ətrafda keçən qadınlarda diqqətlə ətrafa baxırdılar. Kişilərin silah təcrübəsinin olmaması qadınlarda arxayınlıq yaratmış, bir neçə dəfə mərkəzə hücum cəhti etmiş olsalar da, nəticəsini verməmişdi. Sayca çox olan kişilərin müqavimətini qıra bilməmişdilər.
Qiyamla bağlı bütün qərarlar burdakı qərargahda verilər, daha sonra bütün kişilərə çatdırılaraq, həmin plan üzrə hərəkət edilərdi. İdarəetməni bacarmaz dedikləri kişilər hal-hazırda bir qiyamı uğurla davam etdiririr, strategiya qururdular. Verdikləri qərarlardan bəziləri qadınlarla görüşməmək, onlarla ünsiyyəti tamamilə kəsmək, onlarla heç bir halda cinsi əlaqədə olmamaq, nigah bağlalamaq idi. Bu qanunları pozan kişilər də cəzalandırılacaqdı.
-Silahla cavab verməliyik. Onların etdiyi kimi bizdə silahlarımızla onlara hücumlar edib, zərbələr endirməliyik. Onlara öz gücümüzü göstərməliyik. Əllərindəki silahları alsaq, daha güclü olarıq.
-Xeyr, bacarmarıq. Onlar bizdən qat-qat güclüdü. Həm təcrübəlidilər. Biz neçə aydı silahla tanışıq, onlar əsrlər boyu uşaqlıqdan silahla böyüyüblər.
-Güclü deyillər. Biz, sadəcə illər boyu özümüzü kiçildib, zəif hesab etmişik. Biz qalib gələcəyik bu savaşı. Ya bizim gücümüzü görəcək, buna tabe olacaqlar, bizi öz istəkləri üçün istifadə etməyi buraxacaqlar, ya da onların bu savaş sonu olacaq.
Bu fikir hər kəs tərəfindən ayaqüstü alqışla dəstəkləndi. Savaş başlamışdı. Artıq qadınlar birər düşmən idi. Ta ki, kişilərin gücünü təsdiqləyənə qədər.
Qiyam başlayır
Qiyamın əsas mərhələsi başlamışdı. Silahlı kişilər şəhərə çıxaraq qarşısına çıxan qadınlara qarşı güc tətbiq etməyə başlamışdılar. İlk başlarda yalnız bu bərabərliyə qarşı duranları günahlandırıb, onları cəzalandırmaq istəsələr də savaşın verdiyi qazın təsirindən fərd ayırmadan hər kəsə cəza kəsirdilər. Belaşın küçələrinə çıxmaq müşkül məsələ idi. Məcburi qadınları savaşa cəlb edərək silahlandırmışdılar. Qarşı tərəf də savaşın ciddiliyini başa düşmüş, ya öləcik, ya kişiləri dizə gətirəcik deyirdilər. Kişilərin etdiyi bu qiyamın özü belə qadınlar üçün böyük qorxu idi. Bir ay əvvəl üstünə qışqırıb, istədiyini elətdiyi kişi indi onun qarşısında əlində silahla onunla vuruşurdu. Bir ay əvvəl bu cəsarəti yox idim? Vardısa niyə susurdu?
Belaşı ikiyə bölmüş, hərəsi bir başına çəkilərək cəbhə yaratmışdılar. Kişilər evlərə girərək evdə qalan kişiləri öz yanlarına çağırır, onlara azadlığını əldə etmək üçün bir addım çölə çıxmalısan deyə səsləyirdilər. Təbii ki, gələndə olurdu, arvadından qorxub evində qalanda.
Silahsız qadınlara qarşı, adətən silah gücü tətbiq etməz, onlara fiziki güc tətbiq edərək əzişdirirdilər. Bəzən hələ də kişi gücünün fərqinə varmayan qadınlar onların üstünə gəlib, qalib gələcəklərini düşünsələr də, qarşısında artıq azadlığın dadını dadmış, güclü olduğuna inanmış kişiyə güc gəlməyə çalışsa da özlərini ilk zərbədə yerdə taparaq acizanə tapırdılar. Nə idi onlara belə güc verən? – deyə düşünürdülər. Bəziləri xaricdən dəstək verildiyini desə də, bunu isbat edən heç bir mənbə yox idi.
Qadınların öldürülməsinə icazə yox idi. Yalnız kişilərə qarşı zorakılığı təsdiqlənmiş, əməlindən peşman olmayan, faciəvi şəkildə işgəncələr etmiş qadınların ölümünə icazə var idi.
Fəal qiyamçılardan sayılan Sərdar Ayselli qadın cəbhəsinə sızıb, silah anbarını partlatmaq istəyirdi. Bunun qələbə üçün önəmi böyük idi. Təhlükəli əməliyyat olduğunu özü də bilirdi və buna razı idi. Kişilərin gələcəyi, azadlığı bəlkə də onun əlində idi.
Gecələri küçələrdə tonqallar qalanar, ətrafında növbətçilər sıra gözləyərdi. Statusundan asılı olmayaraq hər kişi sırayla gözləməli idi.
Savaşın çətinliyini görən, bundan qorxan, daha doğrusu belə bir şeyin olacağını düşünməyən kişilər aralarında söhbət edərkən – evdə oturub uşaq baxmaq, ev təmizləmək daha asanmış – deyərdi.
-İstəyirsənsə get. Arvadına başına nə oyun açır, gör.
-Məsələ o deyil, qadınlar savaşı saxlamasa nə olacaq, onu düşünürəm. Ömrümüzün sonuna qədər savaşacağıq? Bir müddət sonra qocalacaq və ölüb gedəcəyik. Savaşaraq qazanırıqmı, itiririkmi bilmirəm. Dünyanın axrına çıxacıq. Başa düşməliyik ki, biz, bir-birindən asılı olan iki varlıqlarıq.
-Bunu onlar istədi, biz yox. Barışmalı və bizim də gücümüzə inanmalıdılar. İstədiyimiz azadlığımızdır.
Kənardan silah səsi gəldi. Hər postda iki kişi dayanıb, qalan hər kəs ora yollandı. Kişilərdən biri istəmədən atəş açıb.
-Düzəlmədin də sən. – Heydər dedi, nə oldu deyə ətrafa boylanıb baxdı. Heydər qiyamın rəhbərlərindən idi. Başlanğıcdan qiyama dəstək durmuş, kişilər arasında inam yaradanlardan olmuşdu. Onun keçmişi ilə bağlı hər kəsin bir fərziyəsi var idi. Kimisi dəlixanada bir müddət qaldığını, kimisi arvadını öldürüb deyə cinayətdən tutulub deyirdi. Uzun saçlı idi. Haqqında bilinən isə, bir dəfə evli olmasıdı. Ayrılması barəsində heç kəs bilməz, sual da verməzdi.
-Korlayanlar utansın. – atəşi açan Emin idi. Artıq çəkisinə görə “pota” deyə çağırırdılar onu.
Sakitçilikdən əmin olandan sonra yenə tonqallarının başına yığışıb isinərək onu əvəz edəcək birisinin gəlməsini gözləyirdi.
-Biz kişilər payız kimiyik. Nə zaman nə edəcəyimizi bilmək olmur.
Qiyam iclası
Savaşı uduzmaq istəyən yox idi. Hər iki tərəf haldan düşmüş, savaşası gücləri qalmamışdı. Buna baxmayaraq, məğlub olmayacıq dirənişi savaşı aparırdı. Qadınların kişilərə uduzmağın özlərini alçalmaq kimi görməsi, kişilərin bura qədər gəlmişkən məğlub olmaq olmaz düşüncəsi savaşı son mərhələyə qədər aparacaq kimiydi. İclasda kişilərdən bəziləri artıq gücümüz var, amma yenə də qadınları istəklərimizə razı sala bilmirik. Bundansa kişilərin idarəetdiyi yerlərə gedək. Orda özümüz üçün dünya qurarıq. Yaşayarıq –dedi.
-Bura bizim vətənimizdi, getmək yox, buranı düzəltmək lazımdır. Bu bizim borcumuzdu.
-İnsanın vətəni doğulduğu yer yox, öldüyü yerdi. Dünyaya gələrkən seçim edə bilmirik, amma harada öləcəyimizlə bağlı seçim etmə şansımız var. Öləcəyimiz yeri seçə bilirik. Bunu da sevdiyimizdən edirik, oranı doğma bildiyimizdən.
Müzakirələr uzanır, hər ağırdan müxtəlif rəylər gəlirdi. Ortalığı sakitləşdirmək lazım idi.
Getmək istəyənlər üçün şərait yaradılacaqdı. Belaşın sərhətlərini açaraq getmək istəyənlər üçün şərait yaradılacaqdı. Qadınlar bunun fərqinə vardığında isə artıq yüzdən artıq kişi sərhətdi keçmişdi. Geriyə qalan kişilər isə, məcburən geri dönməli oldu.
Qiyamı uduzurlar?
Sərhətdi keçən kişilər barəsində bir gün sonra xəbər yayılır. Qadınların yaydığı xəbərə, əsasən, sərhətdi keçmək istəyən kişilər həbs edilib. Bunu hansı sərhətdən bəridəmi, yoxsa keçdikdən sonramı etmişdilər bilinmirdi. Əgər yazılanlar doğru idisə bu dəqiqə kişilər onların əlində əsir idi.
Əsirləri qurtarmaq üçün birinci xəbərdarlıq, sonra basqınlar olsa da, heç biri nəticə vermədi. Kişilərin tələbləri qadınlara yönəldilir, qarşılıq olaraq nə zaman silahları atar, evlərinizə dönərsiniz, əsirlər azad buraxılacaq –cavabı ilə geri dönürdü. Qadınların üstünlüyü artmışdı. Kişilər qorxuya düşmüşdü. Yol yaxınkən savaşı tərk edib evlərinə dönmək istəyirdilər. Belaşın küçələrini gəzən kişilər Belaşın dəyişiminə baxıb, heyfslənirdilər. Aylar əvvəl təmiz olan küçələr indi zibilliyə dönmüşdü. Kim hara gəldi zibili atır, sonra o zibili təmizləyən olmayırdı deyə topa halında hər döngədə iy verməyə başlayan zibillərə rast gəlmək olardı. Belaşın həyatı yalnız bununla iflic olmamışdı. Savaş iş həyatını da yox etmişdi. Kişilərin çıxartdığı savaşa görə iş yerləri dayanmış, hətta qida çatışmamazlığına qədər gətirib çıxartmışdı. Bunun fərqinə vardığdan sonra həyatı canlandırmaq üçün işə başlamağı düşünsələr də bu heç asan proses deyildi. Sıfırdan həyat qurmaq asan deyildi. Ən azı qida üçün nəsə iş görmək istəsələr də hardan başlayacaqlarını bilmirdilər. Qadınların olduğu tərəfdən baxıb, nəsə etmək istəsələr də qarşı tərərfdə də vəziyyət yaxşı deyildi. Xırda-xırda işlər görüb, qısa müddətli işlər görürdülər. Müharibənin xeyri dəyən heç kəs yox idi.
Əsir düşən kişilərdən bilgi alıb, qiyamı sonlandırmağa çalışsalar da, kişilərin çoxu əsas bilgilərə sahib deyildi deyə, deyəcək heçnəyləri yox idi. Bilənlər də susur, danışmamaqda israr edirdilər. Kişilərə əzab vermir, nə də həbsdə saxlamadılar. Arvadlarını çağıraraq yanlarına qoşub evlərinə yolladılar. Qadın ərinə qarşı əsəbi, hirsli olsa da qarşısında dayanmış ərinə qışqırmaqdan çəkinirdi. Gözündən yağan alovu, hirsi görürdü. Artıq qorxulu bir kişi yox idi. Dediyi bir sözün üstünə birini qoyaraq geri alırdı. Savaşı qazanmayacaqdılar, bəlkə də, amma qadınların hegamonluğunu yıxmışdılar.
Kişilərdən evdən qaçıb, qarşı tərəfə keçməyə cəht etmək istəyən olsa da, bunu gözləyən qadınlar evlərin ətrafında qoyduğları növbətçilər sayəsində kişiləri tutub, evə geri qaytarılmışdılar. Qaçışın mümkün olmadığını başa düşüb heçnə etmədən savaşın nəylə nəticələnəcəyini gözləyirdilər. “Kaş heç qaçmağı düşünməyərdik. Kaş qalıb savaşaydıq. Bizə görə indi savaşacaq, bizi geri qaytarmaq üçün vuruşacaqdılar. Ölənlər olacaqdı, bəlkə də.”
Kişi cəbhəsində sənayeni aktivləşdirməkdə çətinlik yaşadığlarını görüb, sosial yönümlü işlər görməyə başladılar. Savaşın başlamasından sonra uşaqlar da ataları ilə bərabər qalmışdı. Könüllü sürətdə anaları tərəfə keçmək istəyən qız uşaqlarını isə ilk başda buraxmaq istəməsələr, onlara niyə belə bir şeyi başlatdığlarını başa salmağa çalışsalar da, onlar analarının yolundan getməkdə israr elədikdən sonra, təhlükəsiz bir şəkildə analarının olduğu tərəfə keçmək üçün şərait yaratdılar. Tam analarına yaraşan qızlar idi.
Ataların içlərində olan fədakarlıq hissi, özünü qurban etmək istəyi bəzən övladlarını qorumaqdan ötrü barışığa getmək istəyirdilər. Daha çox insan ölməsin. Ölən qadın belə olsa, onların anaları, bacıları, həyat yoldaşları idi. Nə qədər onlara əzab vermiş olsalar da, onlara qarşı kinləri yox idi. Tək istədikələri onları da fərd kimi qəbul etmələri idi. Onları bir əşya kimi görməmələrini istəyirdilər. Kişi sadəcə ev işlərini görən birisi olmamalıdı. Təkcə, uşaqları böyütməli, qadınının yolunu gözləməməlidi. Kişi əxlaq simgəsi olmamalıdı. Bütün oyunları onun üzərindən qurmaq ədalətsizlikdi. Tək kişinin etdiyi əxlaqsızlıq sayılmamalıdı. Əxlaqi baxımdan baxdıqda qadının payı bundan artıq deyildimi?
Qadın cəbhəsində vəziyyət
Qadınlar tərəfində qurulmuş məclisdə hirslənmiş qadınlar silahlanmağı artırmağı tələb edirdilər. “Humanist davranıb, onların bezməsini gözləmək düzgün deyil. Gözlədik və gördük ki, onlar bunu başa düşmür. Biraz daha gözləsək heç saxlamaq şansımız olmayacaq. Əlimizdə olan kişilərdən başa düşdüyüm qədəri ilə deyə bilərəm ki, kişilərimiz azğışlaşıb, vəhşiləşib. O incə, narin, kübar kişilər gedib, yerinə vəhşi, ağızları pis, cavab qaytaran, hörmət bilməyən kişilər gəlib.Və bunu əvvəlki vəziyyətinə qaytarmaq heç asan iş deyil. Bundan başqa övladlarımızda onların əlindədi. Onları da özləri kimi tərbiyələndirirək, bir nəsili korlayırlar.” – fəallardan Şəhla Fərqənazadə dedi.
Dediklərinə haqq verənlər olduğu kimi, kişilərə qarşı silah istifadə edə bilməyəcəyini deyən qadınlarda oldu. Əsas istəkləri onları bu yola təşviq edən şəxsərin tapılıb cəzalandırılmasıydı.
-Əgər onlar hər kəsin gözünün önündə cəzasını alarsa, üsyan hisləri qalxar, özlərinə gələrlər. Bu dəqiqə beyinləri yeyilib, nə düşündükləri, nə etdiklərini belə bilmirlər. – qadın cəbhəsinin başçısı Sevda dedi.
-Buraxsaq onlar bizi öldürəcək. – savaş tərəfdarlarından səs gəldi.
-Bəlkə də. Bəlkə də, haqları var... Keçmişə dönüb bir baxıram, insan kimi davranmadığımız anlar belə olub.
Ortalıq sakitləşdi. İçəri bir bayquş girmiş, heç kəsin gözünə görünmədən ulayırdı sanki. Nə deyəcəyini düşünən iştirakçılar ayaqlarını yerə döyərək düşünür, barmaqları ilə masanı tıqqıldadıb, yanındakı şəxsin narahat olduğunu görüb dayanırdı.
Savaşı sonlandıracaq təklif gəlməli idi. Hər iki tərəfin razı qalacağı, bununla belə qadınlara sərf edəcək.
Müxtəlif təkliflər irəli sürülür, olmaza səbəb göstərildikdən sonra qüvvədən düşür, yerini başqa təklif alırdı. Ən son olunan təklif isə yaxşı düşünülmüş, stratejik təklif idi. İki tərəfli bir parlament yaratmaq və hər iki tərəfdən ibarət 30 nəfərlik qərar verici şəxs olacaqdı. Beləliklə, ədalətli bir qərarverici struktur yaranacaqdı. Bir nəfər də ümumi seçkilərlə bu parlamentə rəhbərlik edəcək. Onu isə ümumi səs çoxluğu seçəcək.
Etiraz etdilər ki, bunun harası qadınları qoruyur. Tam tərsi bərabərlik problem yaradacaq.
-Ən gizli məqam da burada gizlənib. Əgər kişilərə kimsə açıb deməsə ki, qadınların sayı, kişilərin sayından çoxdu, bu qərarı bəyənib qəbul edəcəklər.
-Ya qəbul etməsələr.
-Heç yoxdan şansımızı yoxlamağa dəyər.
Təklif kişilərə göndərilir. Müzakirə olunandan sonra cavab verəcəyik deyərək gözlədirlər.
Kişilər nə cavab verəcək?
Qadınların verdiyi təklif kişilər arasında qələbə xəbərçisi kimi gəzirdi. Hər kəs biz qazandıq, şərtlərimiz qəbul olundu deyə qeyd edirdilər. Buna baxmayaraq kişilər arasında bu təklifi bəyənməyən şəxslər də oldu. Onlara görə təklifi qadınlar deyil, kişilər verməli, onların istəyinə uyğun təklif hazırlanmalı idi. Biz nə təklif edək deyəndə bir ağızdan azadlıq deyirdilər. Özləri belə bu sözün əsassızlığını başa düşmüşdülər. Nəyin azadlığı? Kim işğal etmişdi onları? Artıq bərabər idilər. Heç nə əvvəlki kimi olmayacaqdı. Razılaşmadığları tək şey, ego idi. Niyə bu təklifi biz deyil də, onlar etmişdi. Bu onlara tabe olmaq kimi gəlir və bundan qaçırdılar. Onlara görə savaşı qazanmaq deyil, sadəcə asılı qalmaq üçün bizə verdikləri imtiyazlar idi. Yenə qadın hegamonluğu olacaqdı. Bunu dəyişmək lazım idi.
-Hər dövlətdə, hər cəmiyyətdə olduğu kimi evdə də bir nəfər rəhbər vəzifəsində olmalıdı. Ailənin özü də bir dövlətdi. Amma bizim istədiyimiz bu rəhbərin vəzifəsindən sui-istifadəsidi. Bərabərlik olmalıdı.
-Sizin etdiyiniz fəlsəfəmizə, yolumuza xəyanətdi. Savaşı sonlandırmaq, rahatlamaq üçün, canınızı qurtarmaq üçün ilk verilən yaxşı qərarda razılaşmaq istəyirsiniz. Necə qadınlar evin rəhbəri olaraq qalmalıdı? Nə üçün qalxdıq? Nə üçün savaşdıq? Nə üçün bu qədər insan öldü? Bir dənə parlament üçün? Bir vəzifədən ötrü etdik bütün bunları? Yenə evinə dönən bu qədər kişini nələr gözləyir? Onlara nəsə etməyəcək vədlərini kim verəcək? Bu qədər kişiyə ümid olduq, onlara artıq heç kim sizə nəyisə məcbur edə bilməyəcək dedik. Təhsil olacaq, kimsə sizi evdə oturmağa məcbur etməyəcək, işləyirsiniz deyə sizi nəyəsə məcbur etməyəcəklər dedik. İndi gedib bizə vəzifə verdilər, üzrlü sayın, biz yoxuq deyək?
Ən yaxşı üsyan səlis bir şəkildə deyilmiş nitqdi. Bəzən milyonlarla insanın edə bilmədiyini bir söz edər. Bir nitq, bir çıxış, inamlı və təsir edici söz silahdan da güclüdür.
Kişilər arasında çaxnaşma salan bu sözdən sonra kişilər arasında da ikiyə bölünmə baş tutdu. Bir tərəf barışığı dəstəkləyən, digər tərəfsə istədiklərini tam almadan dönməyəcəyik deyənlər idi.
Qərarı göndərmək zamanı gələndə əlavə olaraq evlərinə dönən kişilərin can sağlığını təmin edən şərti də yazdılar. Cavab olaraqsa, qadınlar ailəvi məsələlərə görə məsuliyyət daşıya bilmərik. Üzərimizə düşən xəbərdarlığı edər, bundan o tərəfə keçə bilmərik dedi.
Belaşda hadisələr
Barış istəməyənlər şəhəri yandırıb qadınlara qarşı yox, barış tərəfdarı kişilərə qarşı güc göstərişi edirdilər. İstəmədən də olsa, bəzi evləri yandırmışdılar. Yanğın söndürən gəlmədiyindən, kişilərin də gücü çatmadığından yanğını gec söndürdülər. Yanğının çıxdığı evlər demək olar tamamilə yanıb, yararsız hala düşmüşdü. Barışığın bağlanacağı günü barış istəməyən kişilər qadınlar tərəfə hücuma keçərək atəşkəsi pozduğlarına görə qadınlar barışı saxladılar.
Hər kəs savaş gedir deyə kişilərlə qadınların görüşmədiyini, eşq yaşamadığını düşünsə də gizlincə görüşən insanlar var idi. Ən çox da gənc cütlüklər arasında görüşlər olurdu. Aralarında çəkdikləri sərhətə yaxın ərazilərdə görüşərdilər. Tutulanlar da olurdu. Tutulan cütlükləri görüb öz həyat yoldaşlarını xatırlayır, köhnə günlərini düşünürdülər. Hər kəsin gözündə əks cinsə düşmənlik baxışı yarasa da, darıxırdılar. Tək yaşamaq sıxırdı insanı. Nə qədər istər qadın cəbhəsində qadınlar olsa da, kişi cəbhəsində kişilər olsa da, insanın öyrəşdiyi, sevdiyi, gözünün axtardığı əks cinsi nümayəndəsi yox idi. Şəhvət istəyi idi, deyəsən, bunu oyadan.
Bu hissi ən çox hiss edənlər isə fahişələr idi. Əvvəllər bunu pula görə edən kişilər, indi sırf şəhvətlərinə qalib gələ bilmirdilər deyə istəyirdilər. Əllərində olsa qadın tərəfinə keçə bilərdilər.
Barış
Gec də olsa barışıq olur və söz verildiyi kimi parlament yaradılır. Üzvlərini isə tərəflər seçəcək, ümumi nəzarətçi üçünsə səs vermə olacaqdı. Barış istəməyənlər bir müddət müqavimət göstərsə də, zamanla nəticəsinin vermədiyini, günü-gündən azaldığlarını gördükcə yox olub getdilər. Küçələr boşaldı, insanlar yox oldu.
Hər kəs evinə dönməyə başlamışdı. Qadınlar tərəfinə düşən ailələrin evləri təmizlənməmişdi. Qadınların ev işlərində heç vaxt iştirak etməməsi və savaşın fəallığı evin təmizliyini unutdurmuşdu. Bu kişilər tərəfində də eyni vəziyyət idi. Tək fərqləri kişilərin evdə uşaqları var deyə kiçik təmizliklə məşğul olmalarıdı.
Ailələr “Barış mərkəzi”nə gələrək silahlarını atır, həyat yoldaşlarına qoşularaq birlikdə evlərinə yollanırdı. Evə girənlərdə ilk dəfə evə girən cütlük kimi çəkingənlik yaranırdı. Sanki, evə ilk dəfə idi girirdilər. Nə edəcəklərini bilmir, utanğac vəziyyətdə başlarını aşağı salmışdılar. İstər kişi, istərsə də qadın bir-birindən çəkinirdi. Evin dağınıqlığını görən kişinin ilk etmək istədiyi ortalığı təmizləmək olsa da, yadına, bərabər idik. Nə oldu? – sualı gəldi. Sanki, bunu başa düşən qadın ona kömək üçün atdım atsa da, sonra dayanıb ömrü boyu heç vaxt belə etməmişdi, indi niyə etməliydi? Ərindən qorxurdumu? Ya qorxu deyildisə, nə idi? Heç bir hərəkət etmədən bir-birinə baxan cütlük hələ də qərar verə bilməmişdi. Savaşı kim qazanmışdı? Evdə kimin sözü keçməli idi? Bunlar bir yana, evi kim təmizləyəcəkdi?