Səməd Şıxı - İlk sevgi

Quşların səsi hələ kəşf olunmamış bir sərvət idi, sanki. Yaşıl otların hündürlükləri yarım metrə çatırdı. Qoxularından zövq ala bilmək üçün dərindən nəfəs almaq lazım idi. 

Ləbuda pusquda dayanıb, quşun ona yaxınlaşmasını gözləyirdi. Atasının onu uzaqdan izlədiyindən xəbərsiz idi. Qızının quşu tutub, tutmayacağını gözləyirdi, içindən qaçırdacaq keçsə də, qızının bir göz qırpımında atdığı daşın quşu yerə sərdiyini görəndən sonra ağzı açıq bir şəkildə qızının yanına getdi. 

-Bəxtimizdən seçim haqqımız yoxdu, yoxsa səninlə evlənəcək şəxsin başına gələnləri düşünmək istəmirəm. İndi heç olmasa bilirəm ki, nəsə olsa belə yenə yanımda qalacaqsız.

-Ata, bunu etməyə məcburam? 

-Bilirəm xoş deyil, amma etməlisiz. Bizdən sonrakı insanlıq üçün. - Adəm dedi. 

Ləbuda içindən keçənləri atasına demək istəsə də, susub başını aşağı əydi. Yəqin ilk başını aşağı əyməyin tabe olmaq mənasını verən hərəkəti Ləbudə etmişdi. Tarixin ilk səhifəsidi nə də olsa. Nə etsən tarixə ilk olaraq keçə bilər. 

Evə doğru irəlləyirlər. Adəm qızının ona necə oxşadığına fikir verir. Digər övladlarından çox onu istəyirdi. Övladları arasında ona ən çox oxşayan o idi. Ləbuda həm də gözəl idi. Nə Adəmə, nə Həvvaya oxşayırdı. Həvvaya bunun atası kimdi deyə bir dəfə zarafat etmişdi. Həvva isə nə demək istədiyini başa düşmək üçün Adəmin üzünə uzun-uzadı baxmışdı. Adəm zarafatcıl, gülməyi sevən birisi idi. Həvvayla dalaşanda bəyənmirsənsə, qaytar qabırğamı deyərdi. Məsələni zarafata salaraq yumuşaltmağa çalışardı. Bu həyatı məcbur yaşamalı olduğunu bilirdi. Həvvaya qarşı sevgisi yox idi. Bəzən görmək belə istəmirdi onu. Onunla sevişərkən özünü sıxardı ki, iyrənməsin. Hamilə olanda isə ayrıca iyrənərdi. Bədənindəki tükləri görmək ürəyini bulandırdı. Bədənlərini örtdükləri heyvan dəriləri ilə isə sadəcə yarısını örtə bilirdilər. Aralarında utanğaclıq olmasa da, tək bildikləri bədənlərinin bəzi hissələrini gizəltməli idilər. Adəm özümə baxanda Həvvadan daha səliqəli göründüyünü görürdü. Qadın deyildi sanki. Başını səmaya qaldırıb - Niyə bu? Başqa insan yox idi? Götürmüşkən bir qabırğa da artıq götürəydin, amma bundan yaxşını verərdin. üç-dördünü yaradardın, heç olmasa, ikisini. Ümid edirəm məndən sonrakı insanlar bu səhvi etməz deyə deyinərək başını aşğı əyib yoluna davam edərdi.

Əlində olsa, qaçardı. Dünyanın tək insanları olmaq, amma heçnə edə bilməmək çox pis hismiş. Sıxılırdı. Həyatının heç bir marağı yox idi. Ömrünü ancaq ov etmək, uşaqlarına onlardan sonra nə etməli olduğlarını başa salmaqla keçirdirdi. Həvvadansa sıxılmağa başlamışdı. Bəzən bir müddət bir yerdə qaldığdan sonra sıxılıb başqa bir əraziyə gedərdi. Gələcək haqqında heç bir bilgisi yox idi. Ona heç bir şey deyilməmişdi. Dünyaya göndərilməsi üçün tək məqsəd var idi, insanlığın yaradılıb genişlənməsi. Bəlkə min illər sonra onun nə qədər ailəsi olacaqdı, amma o bunları görməyəcəkdi. Nə qədər yaşayacağını da bilmirdi. Sıxıntıdan bəzən ölməyi belə düşünürdü. Həvvanın laqeydliyi, hər şeyi Adəmin üzərinə atması Adəmin yükünü artırırdı. Həvvadan iş görməsini istədiyində isə edə bilməyəcəyini deyib gedib yatardı, ya hamilə olduğunu bəhanə gətirərdi. 

Oğullarından Habil gəzməyi çox sevirdi. Səhər qalxar ov adıyla çıxıb, gecə evə gələrdi. Bəzən gecədən bir xeyli keçəndən sonra gəlməsi Adəmi qorxuzurdu ki, başına nə iş gəlib. Oğullarından ən çox sevdiyi o idi, baxmayaraq ki, Qabil ondan çox atasını istəyir, atasına kömək edir. Qabilin bütün günü atasına kömək etməsi və Habilin gəzməsi atasının gözünə görünməzdi. Qabilin irad bildirməsinə isə atası çox önəm verməzdi. Habilin belə çox istənməsini isə başa düşməzdi. Atasına kömək edən, hər dediyini edən o idi, amma istənilən Habil idi.  

Evlənmək yaşları gəlib çatmışdı. Atasının qərarına əsasən Habil Aklima ilə, Qabil isə Ləbuda ilə evlənməli idi. Ləbudanın Aklimadan daha gözəl və hərəkəti sevən birisi olmasına baxmayaraq Qabil onunla evlənmək istəmirdi. Onun evlənmək istədiyi Aklima idi. Aklima Qabilə oxşayırdı. Anasına kömək etməkdən bəzən atasını belə görməzdi. Anasının görmədiyi işləri də o üstlənərdi. Həyatdan bir gözləntisi yox idi. Niyə var olması, var olub nə edəcəyini çox da düşünməzdi. Dünyada tək olmaları isə ayrı narahat edirdi. Bəzən öz-özünə inanmıram başqa yerdə kimsə olmaya, mütləq ki, var, sadəcə bizim xəbərimiz yoxdur deyirdi. Çıxıb axtarmaq istəyərdimi?-bilmirdi. Ya olsaydı necə? Olsa qardaşıyla evlənməyə məcbur qalmazdı o zaman. Qardaş-bacının evlənməsi ona normal gəlirdi. Normal gəlməməsi üçün heç bir səbəb yox idi. Anasının atasının qabırğasından yaradılmasını öyrənəndən sonra bu kimi şeylər ona normal gəlirdi. Başqası ilə evlənməkdən qorxurdu. Tanımadığı adamla evlənməkdənsə, bildiyi birisi ilə evlənməyi daha çox üstün tuturdu. 

Quşlara baxmağı sevirdi. Necə xoşbəxt idilər. Qış aylarında səsləri gəlməsə də yazın gəlişi ilə hər səhər onların səsinə yuxudan ayılar, çıxıb bir ağac kötüyünün üstündə əyləşərək onların ötüşünü dinləyərdi. Quşların cütləşməsini, balalarının olması və analarının onlara qayğısını müşahidə edirdi. Doğma və sevgi dolu gəlirdi. Sıxılmırdı onları izləyərkən. İrəli də onun da övladlarının olacağını düşünürdü. Anasının yaşadığlarına baxırdı. Sıxıcı bir həyat idi, hər gün eyni şeyləri etmək biraz sıxıcı idi, ona rəng qatmaq lazım idi. Atasının çoxlu uşaqlar olmalıdır ki, insanlıq artsın, nəslimiz min illər sonra da var olsun sözünü xatırladı. Neçə uşağı ola bilərdi ən çoxu? Anası belə 2 oğlan, 2 qız olmaqla uşaq dünyaya gətirə bilmişdi sadəcə. Demək onun üzərinə daha çox yük düşürdü. O uşaqlara baxa bilməsini düşündü. Uşaq necə böyüdülürdü? Uşaq necə olurdu? Ən önəmli sualı unutmuşdu. Düşüncədən ayılıb, ayaqlanaraq anasının yanına qaçdı.

-Səndən bir şey soruşacam.

-De. - Həvva topladığı meyvələri qayanın üzərinə düzüb kənara çəkilərək necə göründüklərinə baxırdı. 

-Biz gələcəkdə evlənəcik və uşaqlarımız olacaq. 

-Olacaq. 

-Bu necə olacaq? Uşaq necə olur?

Sualı ilk dəfə idi ki, izah etməli olacaq Həvva nə deyəcəyini, necə deyəcəyini bilmirdi. 

-Gözləyirəm. 

-Qardaşınla bəzi şeylər edəcəksən. 

-Nə kimi? 

-Onu evlənəndə öyrənəcəksən. 

-Axı bilməsəm nə edəcəyimi necə biləcəm?

Qızının əl çəkməyəcəyini görüb qaçmaq istəyirdi. Üzü qızarmış, alnı tərləmişdi. 

Adəmin yanına gələrək məsələni ona izah etdi. Adəmin çoxdan ağlında olsa da zamanının gəlib-gəlmədiyini bilmədiyindən biraz da gözləyim deyərək evliliklərini uzatmaq istəyirdi. Qızının bu sözləri onu həvəsləndirmişdi. Əsas qızlarının verəcəyi reaksiya idi ki, bunu necə qarşılayacaqlar. 

İlk öncə Qabili yanına çağırdı. Ona evlənmək yaşının gəldiyini və Ləbuda ilə evlənəcəyini dedi. Buna hazır idi deyə cavabını qəti verdi. Evlənmək istəmirəm!

-Niyə?

-Çünki Aklima ilə evlənmək istəyirəm. 

-Yox. Ləbuda ilə evlənəcəksən. 

-Yox! Ləbuda ilə evlənmək istəmirəm. Aklima ilə evlənmək istəyirəm.

-Nə fərqi var?

-Bilmirəm. İçimdən onunla evlənmək istəyi keçir. İçimdə ona qarşı qəribə hislər olur onu görəndə.

-Başa düş. Bizim tək vəzifəmiz var, o da insanlığın sayını artırmaqdı. 

-Fərqi nədi? Aklima ilə artsın insanların sayı. 

-Yox. Ləbuda ilə evlənəcəksən. Başqa yolun yoxdu. 

Qabil sözlərinin atasına heç bir faydasının vermədiyini görüb əsəbi halda çıxıb getdi. Hirsini önünə çıxan heyvanları qovaraq çıxmağa çalışırdı. İnsanların onları ov gözü ilə görməsi heyvanlarda qorxu yaratsa da, ovun zamanını bildiklərindən Qabilin bu hərəkətini başa düşmürdülər. 

Adəm xəbəri qızlarına verəndə onlar heç nə demədilər. Razılıq əlaməti olaraq susdular. Nə edəcəklərini belə bilmirdilər. Başqa yolları vardımı? Nə edəcəkdilər. Dünyanı başa düşməkdə çətinlik çəkirdilər. Niyə var olduğlarını belə kimsə ona izah etməmişdi. Bir varlıq onları dünyaya göndərmiş və saylarını artırmaq kimi vəzifə vermişdi. Amma niyə? Niyə belə bir şeyə ehtiyacı vardı? Vardısa, sonrakı məqsədi nə idi? Əyləncəsinəmi edirdi, yoxsa arxasında dayanan bir planımı vardı? Dediklərini etməmək ixtiyarları var idimi? Ümumiyyətlə, o kimdi? Görəsən atalarımız onu görübmü? Bəs dünyada bizdən başqa yaşayan yox idi, o harda yaşayır? Yaşayırsa, niyə biz görmürük? Bəlkə atamız xəstədi, özündən uydurur. 

 

Evlənməsə nə edəcəkdilər? İçlərindəki evlilik istəyi niyə vardı? Analarının izah etmədiyi evlilik prosesini düşünürdülər. Heyvanlar cütləşməsini görmüşdülər bir-iki dəfə. İlk başlarda onların bir-birilərini öldürdüklərini düşünsə də, bundan zövq aldığlarını görüb dayanıb izləməyə başladılar. Nə etdiklərini düşünür, onları izləyirdilər. Ev heyvanları anlayışları olmasa da onların ətraflarında yaşayan heyvanların hamiləlik dövrlərində qarınlarının şişməsi və bala dünyaya gətirməsi onlar üçün bir dərs idi. Məsələni az-çox başa düşür, nə edəcəklərini bilirdilər. Bu da istək yaradırdı. Necə bir şey olduğunu bilmək üçün evlənmələrini gözləyirdilər. Qardaşlardan fərqli olaraq onların kiminlə evlənməsi maraqlı deyildi. Bu davanı yalnız qardaşlar, daha doğrusu Qabil edirdi. 

Qabilin hirsi dayanmır, gəzib əsəblərinin sakitləşmədiyini görəndən sonra Habilin yanına gedir. Əgər Habil də onun dediyini atasına deyərdisə, atası məcbur razı olacaqdı.

Habili tapmağın çətin olmadığını bilirdi. Ya gəzəcəkdi, ya gedib heyvanlarla oynayacaqdı. Qardaşının ona oxşamamasını axmaqlıq kimi görürdü. Uşaqkən də belə idi, böyüyüb yenə eyni qalıb. Nə atasına kömək edir, nə də qida tapmaqda köməklik göstərərdi. Atasının buna baxmayaraq onu belə çox istəməsini başa düşə bilmirdi. 

-Evlilik barəsində bilirsən yəqin. 

-Hə. Artıq qərarını verib, evlənəcik tezliklə.

-Kiminlə evlənəcəyini qərarlaşdırmısan?

Habil gülməyə başladı.

-Çox da şansımız var axı.

Qabil verdiyi sualı başa düşəndən sonra özü də gülməyə başladı. Ciddiləşib dedi:

-Başa düşdün nə demək istədiyimi.

-Atam Aklima ilə evlənəcəyimi dedi. 

- Aklima ilə evlənməyi mən istəyirəm. Atama dedim, qarşı durdu. 

Habil nə deyəcəyini bilmədi. 

-Səndən istədiyim Aklima ilə evlənməkdən imtina etməyin və Ləbuda ilə evlənməyindi.

-Atama qarşı gəlmək istəmirəm. Həm dediyinə görə Ləbuda ilə evlənsəm uşaqlarımızda problem ola bilər.

-İnanmıram ona. Anamız atamızın qabırğasından yaranıb, heçnə olmayıb, indi bizim bacımızla evlənməyimizdə problem yaranacaq? 

-O zaman seçimi bizə buraxardı, özü seçməzdi.

-Sən indi danışacaqsan, ya yox?

-Yox. Danışmayacam. 

Qabil nəfəsini dərib gözünü yumdu. Əsəbləri dayanmırdı. Hirsindən nəsə etmək istəyirdi. 

-Edəcəksən. 

-Etməyəcəm. 

-Niyə?

-İstəmirəm. Ləbuda mənim əkiz bacımdı. Onunla evlənmək istəmirəm.

Qabil əsəbindən yerdən daşı götürdüyü kimi qardaşının üstünə atlayıb başına dayanmadan zərbələr endirdi. Hirsi soyuyub dayandığında yerdə qan gölməçəsinin yarandığını gördü. Qardaşı isə hərəkətsiz bir şəkildə dayanmışdı. Uşaqlıqda bir dəfə Habilin üstünə atlayıb onu çubuqla döymüşdü deyə atası bir də etsən cəzalandıracam demişdi, onu xatırladı. Onda ağlasa da ayağa qalxmışdı. İndi niyə yatırdı? 

Silkələyib ayıltmağa çalışsa da tərpənmirdi. Ölümün nə olduğunu hələ anlamamış insanlıq ilk ölümlə üz-üzə idi. 

Niyə qalxmırdı axı? Nə edəcəkdi qalxmasa idi? Silkələsə də qalxmaq bilmirdi. Kənarda oturub qardaşının qalxmasını gözlədi. Başından axan qan bir yerdən sonra dayandı. Habil isə tərpənmirdi. Onu belə buraxa bilməzdi. Evə də apara bilməyəcəkdi. Atasına heç vaxt etdiyini deyə bilməzdi. Atası üçün o yalnız bir oğul deyildi, insanlığın artırılması üçün bir vasitə idi həm də. Nə etməli idi?

Harda gizlətməli idi? Ağlına torpaq gəldi. Torpağı qazıb içinə ata, üstünü də örtə bilərdi. Torpağı qazıb onu tapması mümkün deyildi, həm hardan biləcəkdilər ki, burdadı?

Başladı torpağı qazmağa. Habilin girə biləcəyi dərinlikdən biraz daha dərin qazıb içinə atdı. Üstünü örtdükdən sonra torpağın üzərində gəzərək torpağın qazıldığını bildirməmək üçün üzərində gəzdi. Onu görən heyvanlar isə kənardan ona baxırdı. İnsanlar necə də qəribədir, nələr edirlə.r Niyə onu torpağın altına qoydu ki?

Qabil sakitləşdikdən sonra özünü toparlayıb evə yollandı. Aklimanı tapıb onunla qaçmasını istəyəcəkdi. Gəlsə, birlikdə qaçacaqdılar. Hara qaçacaqları, nə edəcəkləri barəsində düşünməmişdi. Tək düşündüyü qaçmaq istəyi idi. Atasının qardaşına nəsə etdiyini öyrənsə, heç yaxşı olmayacaqdı. Qardaşına nə etdiyini belə bilmirdi. Birdən qalxıb gəlsə, nə olacaq? Gəlməmiş Aklima ilə evlənməli idi. 

Habilin tez-tez evdən uzaqlaşıb gəzməsinə öyrəşmişdilər deyə bu yox olma onlara ilk başda problemli gəlməyəcəkdi. Sonra nə olacaqdı, bilmirdi. 

Aklimanın yanına gəlib, evlənmək barəsində onunla nəsə danışıb, danışmadığlarını soruşdu. Xəbərdar olduğunu dedi. 

-Mənimlə qaçarsan?

Gözləmədiyi bu sualdan donub qalmış Aklima Qabilin nə demək istədiyini başa düşə bilmədi.

-Qaçmaq? Necə? Hara? Niyə?

-Atam səni Habillə evləndirmək istəyir. Mənsə, istəyirəm mənimlə evlənəsən. 

Qabilin bu etirafı onu təəccübləndirmişdi. Ona qarşı belə hislərinin olduğunu bilmirdi. Nə desin? Getsinmi? Yox. Gedə bilməzdi. Qorxurdu.

-Axı, atamız mənim…

-Bilirəm. Amma mən istəmirəm sən Habillə evlənəsən. 

Aklima susdu. Heç nə demədi.

-Cavabın nədir?

-Gedə bilmirəm. Atama qarşı çıxa bilmərəm. Onunla danış, o razılaşsın. 

-Razılaşmır. Tək çarə qaçmaqdı. 

-Bağışla məni, edə bilmərəm. 

Qabilin ondan ötrü etdiklərini bilməyən Aklima rədd etdi təklifini. Qabil üzülmüşdü. Nə etməli idi? Çıxıb getməli idi? Hara gedəcəkdi? Getsə nə olacaqdı? Ondan başqa insanlığın sayını artıracaq heç kəs də qalmamışdı. Ya getsin, insanlıq da davam etməsin. “İlk insandan dünyanı nə günə qoyduq, bizdən sonra gələnlər nələr edəcəklər dünyaya? Qardaşımı torpağın altında gizlətdim, öz bacıma göz tikdim, atam bizi bacılarımızla evlənməyə məcbur etdi. Anamın özü belə atamdan olub. Paxıllanırıq. Bir-birimizin gördüyü işləri çəkə bilmirik. Normal sevməyi belə bacarmırıq. Sevgimiz qarşılıq görmür. Nə etdiyimizin heç bir əhəmiyyəti yoxdu, ondan ötrü canını belə ortaya qoysan, qarşındakı rahatlığından ötrü onları yox edər. Belə dünyaya insan gətirməmək ən yaxşısıdı” deyinib qayanın üstündə oturdu. Adəm gəlib əlini çiyninə atdı. 

-Kefin yoxdu.

-Yox. Yaxşıyam. -yalandan gülümsədi ki, atası heçnə sezməsin.

-Habili görməmisən?

-Meşəyə tərəf getdi. 

Adəm qalxıb getdi. Üzərindən bir müddət keçdi. Gecə oldu, Habil hələ də gəlmirdi. Qabil belə gəlməyini gözləyirdi. Ölümün nə olduğunu başa düşməyən Qabil onun torpaqdan çıxmağını gözləyirdi. Sabah gəlməsə, gedib yoxlayacaqdı. Orda olsa, demək artıq qorxmağa ehtiyac yox idi.

Adəm də, Həvvada səhərəcən oğullarının yolunu gözlədi. Ləbuda ilə Aklima isə Habilin başına nə gələ bilər deyə fikirlər irəli sürürdülər. Onun gəzməyi sevdiyindən və başına nəsə iş gəlməsindən qorxurdular. Gəzərkən vəhşi heyvanların hücumuna məruz qala bilərdi, ya uzaqlaşıb yolu tapa bilməyib. 

Heyvanların öldürülməsini xatırladı Qabil. Onları öldürür, sonra isə yeyirik. Ölümün yalnız heyvanlara aid olduğunu düşünürdü. Ya Habili də öldürmüşdüsə?  Ətini yeməli idimi, yoxsa basdırması kifayət idi?

Səhər Adəm Qabili də yanına alıb meşəni gəzdilər. Gün ərzində hər yeri gəzsələr də Habildən bir iz yox idi. Gecə evə gəldilər və bu axtarış bir neçə gün davam etdi. Ən sonda ümidlərinizi üzüb axtarışı dayandırdılar. Adəmin nə edəcəm?-düşüncəsini eşitməyə ehtiyac yox idi. Saqqallarının arasından hiss olunurdu. Gülərkən çürüyüb tökülmüş dişlərini göstərən Həvva isə oğul dərdindən birtəhər olmuşdu. 

Habilin getməsindən xeyli zaman keçmişdi. Hər an gələ bilər ümidi ilə gözlərini qapıya zilləyib oturub gözləsələr də gəlib edən olmurdu. Adəm ən son qərarını vermişdi. Qabil hər iki qızı ilə evlənməli idi. Qabilin əsl istəyi Aklima olsa da, Ləbudaya da yox demədi və evləndi. İllər keçdi, hər iki bacısından uşaqları oldu. Onlar bir-birilərinə yenə qardaş-bacı düşdülər. Qabil bu dəfə atasının etdiyi səhvi etməyərək onların evlənmələrinə qarışmadı və kim, kiminlə evlənmək istəyərsə, onunla da evlənə bilər dedi. Yaş artdığca Adəm də, Həvva da qocalıb əldən düşmüşdü. Ata, analarının bu hala düşməsinə qarşı nə etməli olduğlarını bilmirdilər. Qabilin ölümlə tanışlığı onların da ölə bilmə qorxusunu oyatsa da, bunu biruzə vermədi. Çünki ondan başqa, atası daxil ölümdən xəbərsiz idilər. Bir neçə dəfə qardaşına etdiklərini açıb demək istəsə də sonra bunun heçnəyi dəyişməyəcəyini düşünüb fikrindən dönmüşdü. Ölüm ayağında olan atasına desinmi, deməsinmi deyə düşündü, nəticəyə gəlmədən anasının qışqırığına diksinib yanına qaçdı. Atası uzanmış, tərpənmirdi. Eynən Habil kimi. Tək fərqləri onun başından qan axırdı. “Demək insanlar sonsuzadək var olmayacaqdı. Nə zamansa, hər birimiz ölüb gedəcəyik” deyə düşündü. Bir nəfərin nəsil davam etdirməkdən imtina etməsi insanlığın sonu ola bilər. 

Adəmi nə etməli olduğlarını düşündülər. İlk dəfə idi ki, ölümlə üzbəüz gəlmişdilər. Nə etməli olduğlarını bilmirdilər. Aralarındakı ən təcrübəlisi və bundan sonrakı ailə başçıları olan Qabil torpağın altında gizlətməli olduğlarını dedi. Torpaq onu bizim üçün saxlayacaq, qoruyacaq-deyərək ailəsini sakitləşdirməyə çalışdı. Habilin olduğu yerə yaxın bir yerdə qazıb atdığdan sonra üstünü örtüb bir işərə buraxaraq geri döndülər. Yol boyu hər kəsi qorxu dolu bir düşüncə izlədi. Nə edəcəyik? Bundan sonra nə olacaq? Atalarının etdiyini Qabil edə biləcəkdimi? Ya onlar nə zaman öləcək? Ölmək necə bir şeydi? Öləndə nə olur? Ölüb torpağın altında nə edirik? Bu suallara indi cavab tapa bilmələsələr də gələcəkdə cavab tapacaqlarından əmin idilər. Onların dünyaya gəlməkdə tək məqsədləri var idi, başqa suallara cavab tapmaq onlarlıq deyildi.