Səməd Şıxı - Axundov bağı
Yanlarından keçdiyim gənclərin gözlərində sanki özümü görürəm. Gəncliyimi, dəliliklərimi, xatirələrimi, ən gözəl günləri gülümsəyən, düşünən, fikirlə yol gedən gənclərin gözündə görə bilirəm. Başlarındakı bəlaların olmasına baxmayaraq, həyatın onları bu qədər sıxmasına baxmayaraq necə xoşbəxt olduğlarını bilmirlər. Hər günlərini xoşbəxtlikdən sevinməlidilər. Təbii ki, bunu bir gəncin yanında desəm məni daşa tutar ki, nə vecinə, gəlmisən 70-nə, bu gün sabah ölüb gedəcəksən. Gördüyünü görmüsən, görmədiyinə pis deyib keçmisən. Xəyallarının arxasıyca qaçan bir gəncin dərdini hardan biləsən?!
Adım Alxasdı. 73 yaşım var. Axundov bağının yanında, 3 mərtəbələli binada qalıram. Bura 30 il əvvəl köçmüşəm. Bura köçəndən 10 il sonra həyat yoldaşımı itirdim. Həmin günə qədər məndən xoşbəxti yox idi. Qəzetdə işləyər, məqalə, hekayə yazar 3-5 manat qazanıb dolanardıq. Yazılarımın ilk oxucu təbii ki, Nigar idi. Yazılarımı əl yazma ilə yazmağı sevirdim. Daktiloya öyrəşənə qədər komputer çıxmışdı artıq, daktilonu kənara atıb özümü bu dəfə də komputerə öyrəşdirdim. Vərəqləri götürər, hər dəfə eyni zarafatı edərək isti-isti oxuyum deyib, bir küncə girib, eynəyi gözünə taxaraq bir dəfəyə oxuyub gətirib kağızları masama qoyardı. Necə idi? -sualıma bəyənmişdisə, qəşəngdi, bəyənməmişdisə, yaxşıdı deyə cavablayardı. Niyəsini soruşan kimi də əyləşib mənimlə müzakirə edərdi. Burada bu olsa, yaxşı olardı, burada bunu belə etsən yaxşı olardı deyə məsləhətlər verərdi. Mənsə, gülümsəyərək onun danışığını bölmədən sonacan dinləyərdim. Niyə sən yazmırsan?-sualına isə yaza bilməyəcəm deyərdi. Bu da ayrı bir qorxu idi, çox adam da görmüşəm. Yazma istedadı olduğu halda yazmaqdan qorxur.
Unutmayacağım bir gün idi. Fevralın 28-i idi. Sabahısı gün üçün plan qururduq. Nə də olsa, fevralın 29-u 4 ildən bir olur, həmin günü yadda qalan etməliyik. Səhər yuxudan ayıldığımda Nigarın hələ də yatdığını gördüm. Yanağından öpüb qalx dedim. Üzü buz kəsmişdi. Əlimi üzünə vurub buz kimi olmusan, qalx dedim. O, isə tərpənmirdi. Qorxdum, ağlıma gələn ilk düşüncəni sillə-təpiklə qapıdan qovdum, amma getmədi. Qapıda dayanıb mənə baxıb düz tapdım deyə gülümsəyirdi. Mənsə Nigarı silkələyir, qalxması üçün yalvarırdım. Həm də ilk dəfə idi ki, ona yalvarırdım. Qalxıb bu halımı görsə necə sevinərdi. Həmişə çox özünü bəyənmişsən deyə mənə sataşardı. Səhv belə etsəm üzr istəməzdim deyə də inciyərdi.
Qalxmadı. O günü əziz edən bir xatirə buraxmalı idik, o, buraxdı və məni heç vaxt unutmayacaq bir yara ilə tərk etdi. Dəfn edəndən sonra evə gəlib əyləşdim. Ev necə sakit idi. Qulağıma mətbəxdən yemək hazırdı səsi gəldi bir an, sonra paltarını ütüləyib qoymuşam səsi, yazıların çox qəşəngdi yenə, bu gün bəlkə gəzməyə çıxaq, mən bağa düşürəm, biraz oturacam kimi səslərin ardı-arası kəsilmirdi. Bir ay evə yalnız gecələr girirdim. Axundov bağında yaşayırdım. Paltarlarım ilk dəfə idi ki, qırış olurdu. Bir dəfəsində yanımda əyləşən qadının tərimə görə qalxıb getməsi məni utandırmışdı. Prinsipə hər şeyi edə biləcək bir xasiyyətdəyəm. Adımın mənası belə nadinc, yerində dayanmayan mənasını verir. Bu ada layiqli olmağa çalışmışam. Belə bir utanğaclığı tələbəlik həyatımda yaşamışdım. Küçə musiqisi ilə məşğul olan bir gəncin önünə qəpik atmışdım, bunu kənardan görən qız mənə baxıb gülmüşdü. Yanından getsəm də onun gülməyini mənə lağ edirmiş kimi gəlməsi geri dönüb cibimdəki manatlığı atmağıma səbəb oldu. Niyəsini bilmirəm, sırf o qıza pulumun olduğunu göstərmək üçün etmişdim yəqinki. Qız yox idi, başqa manat atdığıma görə məni alqışlayan da yox idi. Atandan sonra yaşadığım boşluğu unutmaram. Niyə belə bir şey elədim ki? Nə dəyişdi? Qız olsaydı belə ona özümü göstərməyim nə qazandıracaqdı? Bütün pulum o idi. Evə necə gedəcəm? Piyada hardasa 9 km yol getdim. Gecə ayaqlarımın sızıltısından yata bilməmişdim. Sırf kimsə mənə gülə bilməz deyə etmişdim bunu. Parkda qadının yanımdan iyimə görə getməsindən sonra evə gedib yuyunmuş, paltarlarımı yuyub ütüləmişdim. Ütünü öyrənməyim xeyli zaman aldı. Tək yaşamağa öyrəşməyə başlamışdım artıq. Nigarın şəkillərini evin hər küncünə qoymuşdum. Gəzərkən onu rahatlıqla görə bilməkdən ötrü etmişdim. Gözümün önündən ayrılmamalı idi. Yaş keçdikcə işdən də uzaqlaşdım. Çap olunmuş 2 kitabın müəlifi artıq heç kəsə lazım deyildi. İçində nə yazılmasının önəmi yox idi. Tanınmırdınsa, sən heç kimsən. Bəzən bir yazıçının kitab günü ilə bağlı xəbər çıxır qarşıma. Oturub gülürəm. Həm yazıçını, həm ora gələn insanları tanıyıram. Dostlarını, qohumlarını yığıb imza günü edir. “Filan yazıçının imza gününə böyük maraq var idi” deyə də iri hərflərlə başlıq qoyublar. Acınacaqlı bir ədəbiyyatımız var. 1000 kitab satan insanı qaldırıb dağın başına qoyuruq, o da orada özünü Nobel almış kimi hiss edib hər kəsə yuxarıdan aşağı baxır. Sonra baxırsa ki, 1000 kitabın yarısını önünə keçənə paylayıb. Yığmağa çalışsa 1000 kitabı geri yığa bilməz. Bəzilərinin vərəqlərinə ləbləbi sarılıb satılır. Kitabdan daha çox dəyərlənir. Nigarın ölümündən bir-iki il əvvəl binamızın bir mənzili də almışdıq. Yaşlanır, bir müddətdən sonra işləyə bilməz hala gələcəkdik. Alacağımız pensiya isə bizə çatmayacaqdı. Pul varkən mənzili götürüb kitayə vermək, onun puluyla da dolanmaq olardı deyə düşünmüşdük. Mənim dünyanı gəzmək kimi bir planım olsa da, buna fürsət düşməmişdi deyə bir istək olaraq qalmışdı. Universiteti bitirim gəzəcəm dedim, evlənim həyat yoldaşımla gəzərəm dedim, uşaq olsun sonra gedərik, biraz pul yığaq sonra gedərik, bu ilin axrı başlayaq gəzməyə, pensiyaya çıxanda gedərik deyərək illəri ipə düzüb Nigarla bərabər yola saldım. Övladımız olmadı. Qarşılaşdığı hər uşağın üzündə bir övlad həsrəti ilə özünü için-için yeyirdi. Bəzən ayrılmaq istədiyini deyərək günlərlə ayrılmaqdan dəm vurardı. Ona görə mənim də övlada həsrət qaldığımı deyər, bunu yaşatmağa haqqının olmadığını deyərdi. Hər dəfəsində mənə övlad lazım deyil, sən var olduğu müddətçə başqa heçnə istəmirəm deyirdim. Nə yalan deyim uşağımın olmasını çox istəyirdim. Hər kəsin bir oğlu, qızı varkən mən sakitcə onları izləyir, gülümsəyirdim. Gözümə biraz toz qaçar, sağ əlimin işarə barmağı ilə gözümün yaşını silərdim heç kəs görmədən.
Nigardan sonra bu yoxluğu daha çox hiss etdim. Ad günümdə təbrik edənin olmaması, ölsəm kimsənin fərqinə varmaması hissi üzürdü məni.
Nigar öləndən sonra evləri satıb dünya turuna çıxmağı düşündüm bir an. Gəzər, gəzdiklərimi yazardım deyə düşündüm. Evə son bir dəfə baxdığmda isə evin hər küncündə Nigarın bir əşyasını gördüm. Onun qoxusu hələ də otaqlardan gəlirdi. Qabların üzərində onun izini, evə hər girdiyimdə onun xoş gəldin səsini hiss edirdim. Buraxıb gedə bilmədim. Nə qədər ömrüm varsa, bu 4 divar arasında yaşayacam deyərək günümü şeir və hekayə ilə keçirtməyə başladım. Ara bir də çıxıb Axundov bağında əyləşib gəlib-gedənlərə baxırdım. Uşaqlıqda nənəmin yol kənarında oturub gəlib-gedənə baxmasını başa düşməzdim. Nə sıxıcı qadındı, yoldan keçənə niyə baxır?-deyə düşünərdim. Yaşlanıb onun yaşına gəldiyimdə yaşadığı boşluğu çox gözəl başa düşürdüm. Yoldan keçən insanların üzündə axtardığı başqa bir şey imiş.
Kirayəçim evdən çıxandan sonra hardasa bir aya yaxın evə gələn olmadı. Evin görünüşü 20-30 il əvvəli xatırlatsa da, istər əşyalarının təzəliyi, istərsə də şəhər mərkəzində olması onu həmişə maraqda saxlamalı idi deyə düşünürdüm. Bir aya az qalmışdı ki, bir gənc qız ev üçün zəng etdi. Səsindən onun görünüşünü təsəvvür edə bilirdim. Uzun müddət idi ki, belə ətir qoxan səs eşitməmişdim. Danışdıq, evə baxmaq üçün gəldi. Necə də gözəl idi. Boyu 170 ə yaxın olardı. Hündür ayaqları, çiyninə düşən saçları var idi. Şabalıdı rəngdə parıldayan ipək saçları diqqətimi cəlb etmişdi. Aramızda 40 yaş fərq olardı bəlkə də. Özümü qıza baxdığım üçün azğın hiss etmirdim, amma. Gözəllikdən zövq alırdım sadəcə. Bunu çalışırdım ona da bildirməyim. Gülərüz birisi idi, amma nəsə dərdi var idi. Sıxılırdı. Evdə çox gəzmədən evi tutmağa razılıq verdi. Diqqətimi necə özünə çəkmişdisə heç qiymətdə danışmadan açarları ona verdim. Öz mənzilimə gəlib xeyli onu düşündüm. Gözümə ara bir Nigar sataşırdı, illər sonra düşüncəm də belə olsa, ona xəyanət edirdim. Bu qız nəsə məni başdan çıxartmışdı. Dayan. Mən qızın adını belə soruşmamışam. Yox, soruşdum. Nə idi?- deyə bir dəqiqə düşündüm. Gözümü yumub xatırlamağa çalışdım. Ovcumu sıxıb əlimdəki qələmi masaya sürtdüm. Hə. Xatırladım. Günəş. Şirin adı var. Adı kimi həm gülür, gülə bənzəyir, həm də cana yaxındı. Ödənişin 2 ayını bəribaşdan ödəyəndə tələsməməsini, ayın sonunda da ödəyə biləcəyini desəm də ehtiyac yoxdur dedi. Bir müddət fikir verməsəm də sonra diqqətimi çəkən bir nüans oldu. Qız evdən heç çıxmazdı. Bütün günü evdə oturar, bəzən çıxıb 10-15 dəqiqə marketə gedər gələrdi. İyirminci günündən isə parkda oturmağa başladı. Hər gün gəlib Axundov bağında əyləşər, bir-iki saat heçnə etmədən gözünü bir nöqtəyə zilləyib oradan xəyallara keçər, vaxt dolan kimi ayağa qalxıb mənzilinə yollanardı. Ağlıma ilk başlarda xoş olmayan düşüncələr gəlmişdi. Qızın evdə fahişəlik etdiyini düşünməyə başlamışdım, səbəbi əvvəlcə yəqin gecə növbəsi işləyir düşüncəsinə gecə də işə getmədiyini gördüyüm idi. Bir qəribə tərəfi isə heç kim də yanına gəlməzdi. Kimi-kimsəsi yoxi idimi? Burda niyə tək yaşayır? Kimdi? Nə işləyir? Pulu hardandı?
Dözməyib parkda əyləşdiyi bir günü yaxınlaşıb özümü göstərib yanında əyləşdim. Köhnə ustalığımı göstərib tez bir zamanda özümü söhbətə soxdum. İlk başda başından etməyə çalışsa da, asan-asan getməyəcəyimi görüb mənimlə razılaşmalı oldu. İlk günü çox sıxmasam da hər gün yanına gələr, biraz-biraz söhbətlər edib, sabahsı gün üçün biraz daha zamanı uzatmağa çalışırdım. Tez bir zamanda özümü təmiz rahat bir şəkildə həyatına soxa bildim. Yenə şəxsi tərəfinə açıb deməsə də özünü tanıtmağa şans verirdi. Maraqlı birisi idi. Düşüncəsi, fikirləri Nigardan sonra bəyəndiyim tək qadın idi. Şəxsi tərəfinə nə cür etsəm də keçə bilmədim. Hörülmüş bir divar çəkmiş, üzərinə “əl vurma” yazısı yazmışdı. İnsanların “olmaz” lara qarşı duruşunu bilir və “olmaz” yazılıbsa, mütləq edəcəyini də bilircəsinə mənə “olmaz” deyir, amma maraqlanmağımdan da zövq alırdı. Sirrli qutu idi, sanki. Qarnına sıxıb kiminsə açmasına icazə vermirdi.
Söhbətlərimiz hər gün biraz dahaq səmimiləşirdi. Bir dəfəsində ona evimi göstərmək üçün dəvət etdim. İş masamı, kitablarımı görmək istəyirdi. Evimə Nigardan sonra ilk dəfə idi ki, bir qadın girmişdi. Gələcəyini bilmədiyimdən şəxsi əşyalarımı yığa bilməmişdim. Gördükcə qaçıb götürüb bir küncə soxurdum. Uşaq kimi qaçmağım isə ona gülməli gəlirdi. Evdə gəzərkən sıxılıb gəzirdi, amma bu ona çox yaraşırdı. Şirinliyi, cazibəliyi daha çox artmışdı. Sıxılaraq əllərini düyünləyər, ya bir əlini digər qolunda gəzdirərək masamın, şkafımın yanından keçirdi. Gözünə bir qutu sataşdı. Hansı ki, o qutunu illər olardı ki, açmamışdım. Hətta varlığını belə unutmuşdum. O əlinə alanda xatırladım. Nigara evlilik təklifi etdiyim kibrit qutusu var içində.
-Bu nədir? -qutunu açıb, kibrit qutusunu əlində fırlatmağa başladı. İçində yanmış kibrit çöpləri var idi.
-Bu mənim həyat yoldaşıma evlilik təklifi edərkən hədiyyə etdiyim bir simvolik hədiyyədi.
-Qəribədi. - deyib susdu. Dayana bilməyib - Üzük hardadı, bəs?
-Üzük almamışdım. Bizim üzüyümüz olmadı.
Susdu. Nə demək istədiyini başa düşmədim.
-O zamanlar üzük almağa pulum yox idi. Əslində ala bilərdim. Bir-iki ay özümü sıxsam rahatlıqla almaq şansım olardı. Sonra niyə üzük almalıyam? -dedim öz-özümə. Sevgimi niyə hər kəs kimi göstərməliyəm?
-Siz də kibrit aldınız ona?
-Amma onun bir mənası var.
-Səndən ayrılsam məni bu kibritlə yandır? - fərziyyə irəli sürdü.
Güldüm.
- Xeyr. Kibriti ona verdiyimdə bütün çöpləri yanmışdı.
-Sənin eşqindən yanıb kül olmuşam? - gözlərini parıldadıb mənə baxdı.
-Bəli. Və bu yanası başqa kibritim qalmayıb, evlənək dedim. Qəbul etdi. Düzünü desəm mən get üzük al, üzük ala bilmirsən, mənə necə baxacaqsan kimi cavablar gözləyirdim. Onun isə maddi varlıq marağında deyildi. Bəlkə də istəyərdi. Bəlkə içindən yox deyim?- düşüncəsi keçib, amma demədi. Peşman oldumu onu da bilmirəm. Mənə gülümsəyər, mənimlə əylənərdi. Çalışardım onun üzündən gülüş əskik olmasın. Bəzən əsəbləşərdim, bəzən tək qalmaq istəyərdim. Uzun-uzadı boş xəyallara gedər, onun üçün şeirlər yazardım. O isə mənə kənarda baxar, işimin bitməsini və ona zaman ayırmağımı gözləyərdi.
-Övladlarınız necə?
-Olmadı. Nə qədər istəsək də olmadı. Problemin onda olduğunu biləndən sonra ayrılmaq istəsə də mən razı olmadım.
-Peşmansız?
-Bilmirəm. Onun daha gözəl həyata sahib olmasını istəyərdim. Layiqli bir həyat yoldaşı olmağa çalışdımsa da, bacarmadığımı düşünürəm. Məndən yaxşısı qarşısına çıxacaqdı, ona daha gözəl bir həyat verəcək, ona daha çox xoşbəxt edəcəkdi.
-Keçmişə getmək istəyərdiniz?
-Yox. Keçmiş bu qədər önəmli və dəyərli olsaydı biz onu unutmazdıq. Keçib gedib. Orda qalan izlər isə bizə xoş bir xatirədir. Həm təzdən onu itirmək istəmərəm. Hələ ki, də hər şeyi xatırlasam.
Heçnə demədi. Dayandı. Masamın üzərindəki kağız topalarını toparlayıb hansının hansı hekayəmə aid olduğunu ayırd etməyə çalışdı. Bəzi şeirlərimi tapıb Nigarın əyləşdiyi yerdə əyləşib oxumağa başladı. Ürəyimin döyüntüsünü eşidəcək deyə yanından uzaqlaşdım. Yox. Bu olmaz. Ola bilməz yəni. Mümkün deyil. Bir insan öləndən sonra başqasının cildində geri dönər deyirlər, amma mən buna heç zaman inanmamışam. Ola bilərmi? Yox. Bir an onu Nigarımın yerindən qaldırmaq istədim. Orda oturmamalısan demək üçün ona yaxınlaşsam da gülümsəyib düz gözümün içinə baxdı.
-Çox gözəl şeirləriniz var. Həyat yoldaşınız necə xoşbəxt insan olub.
-Gözəl şeirləri ondan sonra yazmışam. İnsan itirəndə sevgini daha gözəl başa düşür.
-Bilirəm. Siz və bu sevgiyə yanaşma anlayışınız. - sirrimizi ortaya çıxartan qız ayağa qalxıb biraz daha gəzəndən sonra getmək istədiyini dedi. Qapıyacan ötürüb geri döndüm.
Çərçivədə mənə baxan Nigarın şəklini görüb gözümü qaçırtdım. Onun yanında ona xəyanət etmişdim.
Hər gün eyni saatda parka düşər, birlikdə söhbət edərdik. Çox gülməzdi. Dişlərini ağardar, gözümə baxaraq işıq saçan gözlərini gözümə zilləyib mən çəkməyənəcən də çəkməzdi. Baxımlı olmağa başlamışdım. Gənclik illərimdəki kimi saçımı darayar, hər gün yuyunub, ütülü paltarlar geyinərdim. Bir də şirin iyi olan ətir almışdım. Onun üçün bəzəndiyimi bilməsi qorxuzmurdu məni. Yaşlı insanın gənc qıza yaxınlıq etməsi düşüncəsi qorxuzurdu biraz məni. Başqa heçnədən çəkinmirdim.
Özümün inandırmağı bacarmışdım. Həyatdı. Niyə sevməyim? Ömrümü yaşamağım lazımdı. Nigarı sevirdim, hələ də sevirəm. Ömrümün sonuna qədər də mən də yeri ayrı olacaq. Amma artıq o yoxdu. Onsuzluğa öyrəşməli və həyatımı buna uyğun qurmalıydım. Təzdən sevməyim heç də ona xəyanət sayılmamalıdı. Onunla yaşadığım xatirələrə sadiq qalacam. Ondan qalan hər şey mənə doğma olacaq, amma mən yaşayıram və nə qədər yaşayıramsa, yaşayım tək yaşamağa məcbur deyiləm.
Yazdığım hekayələrə və şeirlərə baxarkən necə dəyişdiyini görürdüm. Artıq yazılarımda Nigarı deyil, Günəşi görürdüm. Bilmirdim nə edəcəm, necə edəcəm, amma nəsə etmək istəyirdim. Günəşlə yaxınlıq etməyim nə dərəcədə doğru idi onu belə bilmirdim. İçimdə alovlanan gənclik eşqinə çarə tapmalı idim. Bəlkə də sadəcə dost qalmaq kifayət edəcəkdi mənə. Nigar mənim ən yaxın dostum idi, hətta tək dostum idi. Sonunda tərk etdi məni. Sonsuzadək. Nigara açılıb nəsə desəm cavabı nə olardı? Deyə bilərdimmi? Burda yazmaq qədər kaş asan olsa, belə şeylər. Ən cəsarətli insan belə sevdiyi qadının qarşısına keçib bir dəfəyə sevdiyini deyə bilmir. Ya rədd edərsə? - sualı insana mane olur. Bunu başa düşən qadın kaş özü etiraf etsə. Niyə həmişə biz kişilərin üstünə yıxırlar ən ağır işləri. Sonra da biz qadınlar siz kişiləri 9 ay qarnımızda daşımışıq deyirlər. Ya biz kişilər? Çiynimizdə daşımağa çalışırıq. Həm 9 ay deyil, bir ömür bu yükü hiss edirik.
Səhərisi gün parkda əyləşib Günəşimin doğmasını gözləyirdim. Həmişə gəldiyi saatdan keçmişdi. İndiki gənclər olsa, zəng edər, ya mesaj yazar ki, hardasan? Mənim kimi dedikləri telefonsuz görüşə gələn insanlar gözləməyi yaxşı bacarır. Həqiqətən, düşünəndə necə səbrli və düzgün insan olduğumuzu düşünürəm. Danışardıq ki, gələn həftə filan kafedə görüşəcik, saat 2-də, ya filan parkda. Görüşlərimiz də alınardı. Telefon yox idi deyə arxayınlığımız yox idi. Hamı gecikilməməli olduğunu bilirdi. Gecikərsə, gedəcək. Təzdən onu tapmaq isə heç asan olmayacaq.
Günəş gəlmədi. Gözləmək necə ağır imiş. 1 saat gözləyərsən o zaman ərzində vaxt tez keçər, 1 saatdan sonra keçən hər 5 dəqiqə 1 saatmış kimi gələr. Səbrim daralmışdı. Ayağa qalxıb evə getdim. Yəqin xəstələnib ya başqa işi olar deyə narahat etmək istəmədim. Pəncərənin kənarında oturub bəlkə gələr deyə gözlədim. Gəlmədi. Olsun, bir gün yoxluğuna dözə bilərəm deyə düşündüm. Səhər oldu və yenə gedib əyləşdim. Əlimdə kril əlifbasında bir kitab var idi. Kitab oxuyurmuş kimi başımı kitaba əyib, gözümlə Günəşin gəldiyi yola baxırdım. Yenə gəlmədi. Arabir kitab oxuyurmuş kimi görünmək üçün kitabın səhifələrini dəyişirdim sadəcə. Bir ara gözüm bir cümləsinə sataşıb, davam eləsəm də, təzdən gözümü binanın yoluna zilləyib gəlib keçər də görmərəm deyə ayırmadım. Gəlmədi. Yox. Mütləq ki, nəsə olmuşdu. Heç belə şey etməzdi. Dayan bilməyib evinə yollandım. Qapını döyüb gözlədim. Açmadı. -Günəş xanım, içərdəsiniz? -dedim, sonra səsimin tonunu biraz da qaldırıb yüksək səslə çağırdım, yenə cavab verən, qapını açan olmadı. Mənzilimə gedib açarını götürüb gəlib qapını açdım. Birdən içəridə nəsə olar qorxusu ilə həyəcandan qapını tez-tələsək açmağa çalışdım. Gözümün önündə Nigarı səhər yuxudan ayıltdığım an canlandı. Yox, bu dəfə itirməməliyəm, bu dəfə olmaz -deyə deyinirdim. İçəri girib otağları gəzib Günəş deyə səslənirdim. Artıq kübarlığın daşını atıb, onu doğma birisi kimi axtarırdım. Günəşimi axtarırdım. Otaqlar boş idi. Sanki burada heç kəs qalmayıb. Yataq otağına keçib şkafa baxdım. Paltarları da yox idi. Getmişdimi? Axı niyə? Hara? Bəlkə təcili nəsə işi çıxıb, qohumugilə gedib. Qohumu vardımı ki? Danışmamışdı heç. Neçə dəfə kimin-kimsən varmı?-deyə soruşsam da bilmirəm deyib fəlsəfi replika atmışdı. Kirayə puluna görə qaçmış ola bilməzdi, ayın pulunu əvvəldən verirdi. Həm belə birisi deyildi. Nömrəsini yazmamışdım, zəng edərdim. Ondan qalma bir iz yox idi. Necə axtaracaqdım? Ya başına bir iş gəlibsə və mənim köməyimə ehtiyacı varsa?! Nə edəcəyimi bilmirdim. Haqqında düzgün məlumatım belə yox idi. Kaş alardım. Gözəlliyinə aldanıb heçnə istəməmişdim. Bəlkə sevdiyi vardı, bəlkə əri. Küsüb gəlib burda gizlənib, indi də barışıb. Ya daha dəhşətlisi gəlib burda da tapıblar, burdan da qaçıb gedib.
Gözlədim. Gələcək deyə hər gün səhər qalxıb pəncərənin kənarında əyləşib bağa gözümü tikdim. Bizim skamekamıza başqaları oturanda gedib qaldırmaq, burda oturma demək istəyirdim. Birdən gələr də başqasının oturduğunu görüb qayıdar deyə. Amma gəlmədi. Barışmağa başlamışdım. Gəlməyəcəkdi. Qısa da olsa, eşqin dadını yaşatdığı üçün təşəkkür etməliyəm. Nigardan sonra mənə bu hissləri yaşatan olmamışdı. İçimdə təzə duyğular tərpənmişdi. Ruhumu canlandırmış, ömrümü 10 il artırmışdı. Buna görə xoşbəxt olmalıyam. Bəlkə də beləsi xeyirlidi. Getməsə nə olacaqdı, bilmirdim. Hə desəydi nə olardı, yox desə nə olardı? Bilmirdim.
Bu komputerdə yazmağa hələ də öyrəşməmişəm. İnsan vərdişlərini tez-tez dəyişə bilmir, dəyişməməlidi.
Təzə hekayəmə başlamaq qərarına gəldim. “Axundov bağı” adını verəcəm. Neçə il yanında olduğum, amma heç bir şeir belə yazmadığım bu park haqqında gec də olsa, nəsə yazacam. Buna görə ayrı təşəkkür düşür Günəşimə. Hekayəmə başlamaq heç asan deyildi. Bir siqaret çıxartıb yandırdım. Tüstü ağzımdan necə də qalın çıxdı. Dərdimin böyüklüyünü tüstüdən başa düşə bilmişdim. Fikrimi hekayəyə vermək heç asan deyildi. Yanında dayandığım pəncərədən hər an Günəşi görə bilərəm ümidi əl çəkmirdi məndən. Gördüyüm hər qadını ona oxşatmağa başlamışdım. Gələr bəlkə nə zamansa. Yenə əyləşərik skamekamızda.