Səməd Şıxı - Qızıl Ağac

Varlıq içində yoxluq yaşadığım günlərdən biri idi. 

Ailəmdən uzaqda təhsilimi bitirib evimə geri dönürdüm. Qatarın səsini dinləyərək keçdiyimiz boş ərazilərə baxırdım. Bu yolu dəfələrlə keçib getmişdim. Sayını hesablamağa çalışsam evə çatardım yəqin. İçimdə həyəcan vardı. Özümü bu qədər həyəcanlı hiss etməmişdim. Yerimdə dura bilmirdim. Qalxıb ortalıqda qaçmaq istəyirdim. Pulum çatmamışdı deyə plaskartdan bilet almışdım. Çoxusu sevməsə də plaskartla səyahət etmək maraqlıdı. Düzdü, oturduğunuz yerdə yanınızdan siçan çıxa bilər, amma bu onun marağıdı. 

Atamın imkanlı olmaması mənə ucuz şeylərdən zövq almağa məcbur etmişdi. Bir kitabda oxumuşdum, xoşbəxtlik hər şeyin ən yaxşısı ilə deyil, əlində olanı ən yaxşı şəkildə istifadə etməklə olur. Dəqiq hansısa kitabda oxumuşam? Əgər belə sözü kimsə işlətməyibsə mənim adıma yazarsınız. Yan tərəfdən gələn uşağın səsi, çırta-çırt tumun səsi, qadınların qış üçün hazırlamağa plan qurduqları “balon”ların hesabatı mənim diqqətimi yayındırmırdı. 4 il tələbə yataqxanasında yaşamış bir insan üçün belə şeylər adi gəlir. Bundan sonrakı həyatımı planlamaq üçün xeyli zamanım vardı. Birazdan onsuz yatacaqlar, mənə də zaman qalar. Qalxıb yuxarıda öz yerimdə əyləşdim. Yuxarıdan yolu izləmək asan olmur, gərək uzanıb ağzıüstə çölə baxım. Yoxladım, bu dəfə də fikrimi cəmləyə bilmədim. Mənim yolumu gözləyən insanlarla oturub danışmalı idim. Atamın mənim üçün rayondan iş tapdığından xəbərdar idim. Maaşı da pis deyildi kənd yeri üçün. Mənim ürəyim isə getməkdə idi. Çıxıb getmək, həm də çox uzaqlara. Başqa şəhər deyil, başqa ölkə. Hər kəsin qaçmaq üçün səbəbi var, mən sadəcə görmək istəyirəm. Bəlkə görəndən sonra qayıdaram, amma indi getmək istəyirəm. Bunu ailəmə necə deyəcəkdim? Desəm mənə qarşı reaksiyaları nə olacaqdı? Hər suala qarşı bir cavabım olmalıydı. Boşluq buraxmamalıydım ki, ordan hücuma keçsinlər. Səhərə saat 06:45-də rayona çatmışdım. Bel çantamı götürüb qatardan düşdüm. Çantam ağır deyildi. Çox paltarım yox idi. Hətta şalvarımın birini universitetə qəbul olduğum ili almışdım. Xeyr, xeyr, bunu mənə yazığınız gəlsin, yazım daha maraqlı olsun deyə yazmıram, elə belə. Hər şeyi ayrıntısına qədər danışmaq istəyirəm. 

Qatardan düşərkən taksi sürücülərinin üstümə atlaması məni qorxuzmadı. Onlardan hər gün universitetə gedərkən metronun çıxışında görürdüm. Onları müşahidə etməyi sevirdim. Bəzən uşaqlarla metronun yanında görüşürdük. Mənim yataqxana universitetə yaxın idi deyə tez gəlib onları gözləyirdim. Bu zamanda da həmin sürücülərə baxırdım. Qışqıraraq müştəri çağırırdılar. “Sumqayıta 2 nəfər”, “Müşfiqə 1 nəfər”. Metronun çıxışında səni qoltuqlayıb aparmaları təəccüblü gəlmirdi bir ildən sonra. İlk getdiyimdə qorxmuşdum sözün əsl mənasında. Məşhur bir adamın üzərinə tökülən fanatlar kimi hamı üzərimə qaçırdı. Qınaya da bilmirdim onları. İstədikləri yalnız çörək pulu qazanmaq idi. Sağ qalmaqdan ötrü savaşırdılar. Universitetin ilk ilində onlara bədbəxt gözü ilə baxırdım. Vaxtında oxuyardılar, indi  işləri olardı deyirdim. Təhsilin hər şeyə çarə olduğunu düşüncəsi tez bir zamanda öz təkzibini tapdı. Həyatda başqa tutulacaq budaq axtarışına çıxsam da, ailəmi xoşbəxt etmək üçün diplomu almalı idim. Əziyyətlə də olsa, aldım. Gələcəyimi bilirdilər deyə məni qapıda qarşılamaları qəribə gəlmədi. Özümü Müşfiqə gedən müştəri kimi hiss edirdim onların mənim üzərimə gəldiyimi görəndə. Etiraf edim ki, darıxmamışdım. Adi bir gündən heç fərqlənmirdi mənim üçün. Özümü insanlardan bu qədər soyutmağımın nəticələridi. İnsanları tanıdıqca onlardan uzaqlaşmağa başladım. Əvvəl birinin xətrinə dəydim, sonra digərinin səhvini üzünə vurdum. Birini özüm qovdum. Sonunda yalnız qaldığımı görəndə başa düşdüm ki, insanlar xoşbəxtlik üçün önəmli deyilmiş. Tək də xoşbəxt ola bilərsən. Səssizcə qışqırdıqlarımı demirəm hələ. Səssiz qışqırıqlarımdan qulağımın batdığı anlar olub.

Evə keçib çantamı bir küncə atıb masaya keçdim. Ətrafa baxırdım hələ də. Sanki yad bir evə girmişdim. Heç kəs mənə doğma gəlmirdi. Tanımadığım birinin evindəymiş kimi özümü boşluqda hiss edirdim. Anamın qaçaraq mətbəxdən mənim üçün gətirdiyi cemləri, şirniyyatları görməməzlikdən gəlirdim. Samovarın tüstüsü hələ də çıxırdı. 

-Çayını iç, yeməyini ye, yatıb dincələrsən. Yol yorğunusan. 

Heçnə demədən onlara baxırdım. Onlar da mənə. Atam nəsə demək istəyirdi. İçindən çəkindiyini hiss edirdim. Görəsən, nə olub bu oğlana?-deyə düşünürdü. Cəsarət edib heçnə soruşmadı. 

Çaydan biraz içib heçnə yemədən otağıma gedib uzandım. Anam arxamca gəl düz əməlli yemək ye desə də başımla istəmirəm deyib getdim. Evə çatmışdım, amma verəcəyim bir cavabım yox idi. Biraz dincəlim düşünərəm deyə yuxuya getdim. Yastığımın iyini hiss etdim. Digər yastıqlarda tapa bilmədiyim bir ətri vardı. Sanki mənə xas bir yastıq idi. Başımı nə qədər fırlatsam da rahat deyildim. Yastıq çox hündür idi. Bu yastıqda necə yatmışam illərcə? Kənara atıb yastıqsız yatdım. Yuxudan oyananda saat 2 idi. Anam yan otaqdan qab-qacaq daşıyırdı. -Qalx, günorta hazırdı, “çolpa” dı. 

“Çolpa”. Yağlı-yağlı heç götürməyəcəkdi mədəm. Adını eşidən də ürəyim bulanırdı. Qalxıb çantamdan rahat paltar seçib həyətə düşdüm. Qonşulardan Elbrus əmi, həyat yoldaşı Sənubər bibi vardı, yanlarında da zəhləm gedən uşaqları Coşqun. Bir uşaq nə qədər əclaf ola bilərsə, hamısını özündə daşıya bilmək potensialına sahibdi. Etdiklərinin zarafat olduğunu düşünərək etdiyi iyrənc hərəkətlərinə görə uşaqlıqdan onu neçə dəfə döymüşəm. Anam əl vurma, xəstə uşaqdı deyə döyməyimi istəməzdi, amma hərəkətlərinə göz yummaq mümkün deyildi. Onu döyən tək mən də deyildim. Bəlkə “xəstə uşaq” adını almasaydı, çoxdan öldürmüşdülər. Bir dəfəsində qonşuluqda toy var idi, məni də basıb ofsiant kimi işlədirdilər. Qışqırır səsinə qaçdıq hamımız. Sən demə bu oğraş tualetin yanında qadınları güdürmüş. Bunu görən qadın salmışdı qışqırığı. Qırğın-qiyamət qopdu. Oğlan qaçdı, atası üzrxahlıq etdi, üzünə söyüşlərlə isladıb heçnə demədən boynunu əyib susmasını gözlədi. Əsəblərim pozulmuşdu. Sırtıq kimi kənarda dayanıb ağacdan qopartdığı almanı yeyərək mənə -Yandırdım e, qaqa- deyirdi. 

Səsimi axşamacan eşidən olmadı. Qonşuların yanında mövzunu açmaq istəmirdim deyə heçnə demədim. Onlar gedəndən sonra atamın işin hazırdı sözündən sonra içimi tökdüm. Atam hazır idi buna deyəsən. Özündən arxayın bir şəkildə getsən çox şey itirəcəksən dedi. 

-Nə kimi?

-Niyə deyirəm. Desəm özünlə aparmağa çalışarsan. 

-Əvvəl-axır deyəcəksən, o zaman nə olacaq?

Verdiyim cavab xoşuna gəlmişdi. -Öyrənəndə niyəsini də öyrənəcəksən. 

Ağlıma filmlərdəki əgər evdən çıxsan mirasımdan heçnə götürməyəcəksən -deyən ata obrazı gəldi. Çox heyf ki, atam belə birisi deyildi. Yoxsa, sevə-sevə qalardım. 

Bir həftə heç kəsə dəyib dolaşmadan yaşadım. Bu sakitçiliyi pozmalı idim, amma içimdən gəlmirdi. Belə rahat idim. Dincəlirdim. Pozsam nə edəcəm, onu da bilmirdim. Hardan başlayacaqdım, başlayıb nə edəcəkdim, bilmirdim. Bütün günü mənasızca dağ-dərə gəzər, yorulan kimi gəlib yatardım. Həyatımın sakitliyini yenə bir qışqırıq səsi pozdu. Deyəsən yenə Coşqun kiminsə tualetini güdürdü. Gülüb yavaşca pəncərəyə yaxınlaşdım. Anamın səsi idi. Mənə səslənirdi. 

-Hə.

-Atan bağda yıxılıb, gəl kömək elə.

Kişi özünü şikəst etmədən dayanmayacaq deyə deyinərək yanına getdim. Huşsuzcasına yerdə uzanmışdı. Yaşadığına aid tək əlamət nəfəs alması idi. Nə edəcəyimi bilmirdim. Nəsə etsəm ona zərər verərmiyəm deyə düşünürdüm. Yavaşca qaldırmağa çalışsam da ayaqüstə durası halı yox idi. Ayağa qaldırıb çiyinləyib evə aparmağa çalışdım. Atamın bu qədər arıq olduğunu düşünməmişdim. Yatağına uzandırdıqdan 5 dəqiqə sonra özünə gəlməyə başladı. Halını heç bəyənməmişdim. Güclə nəfəs alırdı. Ürəyinin tez-tez tutması halına öyrəşmişdik. Müalicə almağı da sevməzdi. Heçnə yoxdu deyərək keçişdirərdi. Nəfəsini dərindən çəkib ətrafa baxdı. Sonra anamdan otaqdan çıxmağını istədi. Anam təəccüblü baxışlarla, məndən gizlətdiyi nə var görəsən deyə qərarsız qaldı. -Ata-bala danışmaq istəyirəm. Çıx çölə. 

Anam çıxmaq istəməsə də bir irəli, iki geri addımlayaraq çıxdı. Atam anamın getdiyindən əmin olana qədər gözlədi, kölgəsinin pəncərədən keçdiyini görəndən sonra sözünə başladı:

-Sənə illər əvvəl olan bir hadisəni danışacam. Sənin yaşlarda idim. Atam ağır xəstələnmişdi. Günlərlə xəstə yatağında yatdı. Bir gün məni yanına çağırdı və mənə həyatımı dəyişək sirri dedi. İlk dediyində inanmamışdım. Qocalıb, ölümə yaxınlaşır deyə xəyal görür deyə düşündüm. Sonra dediyi yerə getdim və dediyinin doğru olduğunu gördüm.

Babamın atama nə dediyini düşünürdüm. Bunu mənə niyə deyirdi? Əgər dediyi şey dəyərli bir şey idisə, xəyallarımı gerçəkləşdirməyə heçnə mane ola bilməyəcəkdi. -Atam sözünə davam etdi:

-Qızıldan bir ağac. -dayanıb mənə baxıb, gülümsədi. - Düz eşitdin. Qızıldan bir ağac. yarım metr hündürlüyü vardı. Budaqları o qədər sərt idi ki, qızılı qopartmağa çalışdığım zaman budağından yapışıb dartmışdım. Atamın ağacı mənə vəsiyyət etdiyi zaman mənə dediklərini mən də sənə deyirəm. Bu ağac bağın küncündə, ağacların arasındakı kolluğun arxasında çəpərlənmiş divarın içindədi. Gedərkən daş hörgü səni yanıltmasın, oranın girişi sağındadı. Kolluğu itələ içəri girəcəksən. Həftədə bir dəfə bu verməli olduğunu əsla unutma. Torpağın altından ora su çəkmişəm, sadəcə açıb 1-2 dəqiqə sulamalısan. Hər ayın ortası da bir budağından kiçik qızıl dənələri sallanacaq. İstəyirsənsə, götür, istəyirsənsə, yığ lazımın olduqca götür. Oranın varlığından heç kəs bilməməlidir. Amma heç kəs. Bu zamana qədər heç kəsə oranın varlığından söhbət açmadım, hətta anan belə xəbərsizdi. Qızılı da tez-tez aparıb satma. Heç kəs şübhələnməsin. Ancaq səndən sonra vəsiyyət etmək istədiyin övladına bildirərsən. Bu ağac haqqında bilməli olduğun əsas qanunlardı. Bir də ağacın budağını qopartmağa çalışma. Qopardılması çətindi, yenə də buna cəhd göstərmə. Əgər budağını qırsan bir daha qızıl əldə edə bilməzsən. Hərisliyin səni yoldan çıxartmasın. Mən ölürəm, son günlərimdi, bundan sonra öz həyatını qurmalısan. Getmək istəyirsən, amma getsən ağacın bir həftə sonra yararsız hala düşəcək və bir daha sənin üçün qızıl verməyəcək. Mənim illərdir evdən çıxmamağıma səbəb o ağacı qorumağımdır. Ona özün kimi bax, qoru. Heç kəs ondan xəbər tutmasın. Kimsə onu bilərsə, bu sənin də ağacında sonu olar. İnsana güvənmək olmaz.

Atamın son sözləri idi, boğazı qurumuşdu, stəkanından biraz su içib yerinə uzandı. Ayağa qalxıb nə edəcəyimi bilmədən qapıya tərəf gedib geri qayıtdım. Qərarsız idim, nə etməliydim. Gedib ağaca su verim? Ya yox, tezdi hələ? Nə etməliyəm? Çölə çıxıb həyətdə gəzdim. Anam məni görüb yaxınlaşdı. 

-Atanla nə danışdın?

-Heç. - inandırıcı yalan olsun deyə biraz real yalanlar uydurdum - məndən sonra ailə sənə əmanətdir, sahib çıx falan. 

Anam bu yalana inanmışdı. İçinin sıxıldığını, nəfəsi belə güclə aldığını hiss edirdim. Yağış yağmağa başladı. Göy gurultusu yağışla bərabər başladı. Sanki buludları kimsə bıçaqla yarmışdı. Nə qədər su vardısa bir dəfəyə tökülürdü. Kənd yerində yağış yağır deyə şikayətlənməzlər. Tam tərsi yağış bərəkət əlamətidir. Uşaqlığımdan göy gurultusundan qorxmuşam. Yağış yağıb, göy guruldayan kimi otağa girər bir küncdə büzüşərdim. Yağışın yağdığı anı isə sevmişdim nədənsə. İzahını edə bilmədiyim bir sevgim var yağışlı havaya qarşı. Qorxurdum, amma yağışın yağdığı an olan soyuqdan zövq alırdım. Hələ yayda yağırdısa, ayrı ləzzəti olurdu. Anamın kostyumu çiynimə atması, onun verdiyi istilik və yağışla bərabər gələn soyuq xoşuma gəlirdi. Yağış həm də söhbət etmək üçün yaxşı fürsət olardı. Yığışar masa ətrafında çay içərək bir-biri ilə bağlılığı olmayan mövzuları ard-arda qoşub danışardılar. Diqqətimi çəkən həmişə də səslər qısılardı. Auranı dəyişmək üçünmü edirdilər, daha maraqlı görülsün deyəmi edirdilər, bilmirəm. Axşam yeməyini mən tək yedim. Anam atamın yeməyini yanına aparıb yedirəndən sonra heçnə yemədən yatdı. Mən TV-ni açıb vaxt öldürürdüm. Sonuncu dəfə saata baxdığımda saat 02:48-i göstərirdi. Müharibə filmini izləyirdim, sonuncu reklamı olanda söndürüb, yatdım. Gecə gec yatsam da, səhər 7-də özüm oyandım. Anam yox idi, atamın yanında olmalıydı. Qalxıb mən də yanına getdim. Atamın uzanıb səssiz, hissiyyatsız bir şəkildə yuxarı baxdığını gördüm. Yaşadığını yalnız gözlərini açıb-bağlamasından bilmək olurdu. O gözlərin açıq olduğunu da ən son o an gördüm. İki saat sonra atam vəfat etdi. Dəfnini sabahısı gün etdik. Kiçik yas mərasimi ilə insan izdihamının artmsına mane oldum. Həm buna maddi gücüm, həm həvəsim yox idi. Daha önəmlisi marağında qaldığım bir ağac var idi.

Ağacın yanına ancaq 2 gün sonra getmək fürsəti tapa bildim. Qorxum ağaca su verməyin vaxtından keçməsi idi ki, atamın öldüyü gün sulaması mənim həyatımı qurtardı. Valehedici bir gözəlliyi olmayan ağac idi. Hətta çox dəyərsiz kimi görünürdü. Yarım metr hündürlüyü, qalın budaqları olan ağacın mənə qızıl verəcəyinə inamım yox idi. Ayılıb mən nə edirəm? Mümkün olması mümkün olmayacaq bir xəyalın arxasıncamı gəlmişdim buracan? Yaxşı, deyək ki, yalan idi, atam bu gizlin yeri niyə yaratmışdı? Atamın dediyini etdim. 2 dəqiqə suladım, çıxıb qapı rolunu oynayan kolları yerinə qoyub səssizcə ortalıqda gəzişib başqa işlərlə məşğulmuşam kimi göründükdən sonra evə yollandım. Gözüm qorxurdu, kimsə görər, kimsə öyrənər deyə. Kamera qoşmağı düşünsəm də atamın heç kəsin heçnədən şübhələnməməsi lazımdır sözünü xatırladım. İndi nə etməliyəm, onu düşünməli idim. Ağacın yanından ayrıla bilmərəm, amma ayrılmasam da digər istəklərim qalacaq. İlk öncə seçim etməli idim. Seçimi məntiqli etməli idim. Başqa bir həyat qurmaq asan deyildi. Hələ ki, də anamı burda tək buraxıb. Burda artıq bir həyata sahib idim. İşləmədən belə yaşaya bilərəm. Getsəm? Sirri anama açıb desəm, anam ağaca nəzarət eləsə, mən də həyatımı yaşasam. Ya birdən kiməsə desə, ya kimsə öyrənsə. Anamı təhlükəyə ata bilmərəm. Həm bu mənim üçün bir şansdı. İtirsəm sonra peşman olacaqdım. Nə etməli idim? Qərar verməkdən ötrü düşünərkən yuxuya getmişdim. Atam yox idi deyə bağın ağır işləri mənim üstümə qalmışdı. Bağ işlərindən zəhləm gedib. Özümü bu qədər məcbur hiss etməmişdim nəyəsə. 

İki həftə sonra ilk qızılıma sahib oldum. Atamın qızılı necə dəyişdiyini bilmirdim, sağkən soruşmaq da ağlıma gəlməyib. Saxlamaq qərarına gəldim. Bir müddət saxladıqdan sonra taktikalar qurub ayrı-ayrı mağazalarda dəyişməyə, əridib satmağa başladım. Atamın dediyi kimi də bunu bildirməməyə çalışırdım. Pulları səmərəli istifadə etməklə yanaşı ondan istifadə etməyə də başladım. Zamanla etmək istədiklərimi insanlara adi bir şeymiş kimi göstərmək üçün xırda-xırda biznesə atılmaq qərarına gəldim. Torpaq sahələri, balaca mağazalar, yavaş-yavaş daha da böyümək istəyi insanların gözündə atasından qalanla böyüməyə çalışan, təhsilli, ağıllı-başlı birisi kimi görünürdüm. Mənim də istədiyim bu idi. Nə qədər böyüsə də, ata evindən ayrılmırdı hissəsi isə ayrı məni yüksəltmişdi. Mənə hörmət edir, yaşımın az olmasına baxmayaraq böyükmüş kimi yanaşırdılar. O zaman böyümək üçün yaşlanmalı, ağsaqqal olmalı deyil, imkanlı olmalısan düşüncəsinin doğru olduğunu gördüm. Məndən yaşca xeyli böyük insanların qarşımda ikiqat qaldığını görmək ilk başlarda məni utandırsa da, daha sonra buna layiq olduğlarını düşünüb bundan zövq almağa başldım. Özümü sözün əsl mənasında göylə aparırdım. Həyatıma əyləncə qatmaq üçünsə hər dəfə fərqli aktivliklər yaradır, fərqli tədbirlərə qatılırdım. İçimdən gəldiyi kimi bir dəfə şəhərin ortasında rəqs etdiyimi xatırlayıram. İşlərimi böyüdüb özümə bir ofis götürmüşdüm, bütün işlərimi ordan idarəedəcəkdim. Orda çox qalmasam da bir ofisimin olması məni qürurlandırırdı. Ağacımın təhlükəsizliyini təmin altına almaq üçün qonşuluqdakı evi də aldım. Əvvəl satmaq istəmirdilər, dəyərinin 2 qatı qiyməti deyəndən sonra satdılar.

Sizə həyatımı dəyişən daha bir şəxsdən danışacam. Ofisimizin qarşısında musiqi mağazası var. Oranın sahibi müştəri çəkmək üçün qapısının ağzında qarmonda ifalar edər həmişə. Hər gün fərqli ifalar dinləyərəm yanından keçəndə. Bəzən şən, bəzən hüzünlü. Bu ifaçının həmin ankı kefindən asılı olan bir şeydi yəqin. Ora gələn insanlar mütləq başına yığışar, ifanı dinləyər, çəkərdilər. Məşhurlaşmışdı bütün şəhərdə. Yenə ofisə gəldiyim bir vaxt ifanın ritminə dayana bilməyib rəqs edə-edə yaxınlaşdım. Musiqini ayrı bir həvəslə ifa edirdi, kefi digər günlərdən daha yüksək idi. Gözlərindəki parıltıdan başa düşmək olurdu. Mənim də kefim kök idi. Ətrafdakı insanların fikirini əvvəl önəmsəsəm də özümdə yaratdığım özgüvəndən sonra belə bir dərdim yox idi. Qarmonun ifasına uyğun yerimdə kiçik hərəkətlərlə rəqs etməyə başlamışdım. Yanımda bir qadının ayaqları ilə rəqsin ritminə uyğun hərəkətlər etdirməsini gördüm. Onun da gözü mənim ayağımda idi. Baxıb gülüşdük. Qarmonçunun romantik musiqisində əlimi qaldırıb ona işarə etdim. Heç kəsin görməməsi üçün onun görə biləcəyi qədər qaldırdım, hüssəmlə də örtdüm. Gözləmədiyim hal baş verdi. Uzatdığım əlimə əlini zərifcə əlini qoyub gülümsədi. İncə toxunuşla əlimi belinə dolandırıb özümə çəkdim. Hər kəs gözünü qarmonçudan çəkib bizə baxmağa başladı. Onun fanatlarını əlindən almışdıq deyə qısqanırdı bəlkə də. Necə gözəl ətri var idi. Vanilə oxşayırdı. Anamın şirniyyat bişirdiyi zamanlar götürüb iyləyərdim. Benzin qoxusunu da sevsəm də vanilə bağlılığım ayrı idi. Rəqs bitmək üzrə idi, ayrılacaqdıq. Necə edib tanış olum? Rəqs dayandı, hər kəs bizi alqışlayırdı. Başqa bir xoş musiqi ifa etdi. Rəqs etmək olardı, amma bu hərəkətə uyğun addımlar ata bilməyəcəm deyə girişmədim. Əlimi saçıma aparıb gülümsədim. İzdihamın yanından uzaqlaşdıq. -mənimlə rəqs etdiyiniz üçün sağolun.

-Gözəl rəqs edirdiz.

-Siz də. -cəsarətlən. Cəsarətini topla və giriş. Uzağı yox deyəcək. Deməsən də çıxıb gedəcək. Heçnə itirməyəcəksən. Amma desən nəyinsə olma ehtimalı da var. Onun düşün deyərək özümü cəsarətləndirib - adım Xətəmdir…-dedim. Sözümü bitirməyə icazə verməmiş öz adını dedi:

-Mənim də adım Həmidə. 

-Gözəl adınız var. ııı, mən bu ofisdə işləyirəm, zamanınız varsa, bir kofe içərdik. 

Gülümsədi. Yox deyəcəyini başa düşmüşdüm. Bütün xoşbəxtliklər kimi o da başlamadan qurtaracaqdı. 

-Olar - dedi. 

Dərindən aldığım nəfəsi bir dəfəyə buraxdım. Nədən danışacağımızı bilmədən söhbət etməyə başladıq. Özümüzdən danışaq dedik ən yaxşısı. Mən özümdən, öz həyatımdan danışdım. O öz həyatından danışdı. Fotoqrafmış. Mənə çəkdiyi şəkilləri göstərdi. Çox qəşəg idilər. Əslən buralı olduğunu, uzun müddət xaricdə olduğunu təzəlikcə gəldiyini, gəzib özünə iş axtardığını dedi. Fürsəti qaçırtmamaq üçün iş təklifi etsəm də, gülümsəyib - əgər mənimlə yaxınlıq üçün bunu təklif edirsənsə, qəbul etmirəm. İş yoldaşlarımla münasibət qurmağa qarşıyam. 

Açıq sözlülüyünü sevmişdim. Saçımla oynayıb gülümsədim. -Yaxşı, necə yaxınlıq edə biləcəm o zaman səninlə?

Çantasından blaknotunu çıxartıb nömrəsini yazıb verdi. - bu nömrəmlə. 

-Bir də nə zaman görə biləcəm səni?

-Danışarıq. -deyib getdi. Uzun saçı çiynində yellənirdi. Saçı ya sarı idi uclarını rəngləmişdi, ya qəhvəyi saçları var idi, yuxarısını sarıya boyanmışdı. Qapıdan çıxarkən mənə baxıb gülümsəməsindən təsirlənib arxasıyca qaça bilərdim. 

Telefonla bir həftə danışdıqdan sonra görüşmək qərarına gəldik. Şam yeməyi üçün tezdir düşündüm, nahara çağırdım. Gözəl məkan adlandıracağımız çox restoranımız yoxdu şəhərimizdə. Buna görə seçim etməkdə çox çətinlik çəkmədim. Bəzən iş çıxışı axşam yeməyimi yediyim restorana dəvət etdim. Restoranda qarmonçu olmasa da pianist vardı. Həzn musiqi ilə ortama romantika qatmışdı. Yemək sakit keçdi. Məni özünə bağlamış bu qızın gülüşünü izləmək üçün saatları dayandıra bilərdim. Çöldə yağış yağmağa başladı. İkimiz də çölə baxıb bir dəqiqə pəncərəmizə qonan yağış damlalarını izlədik. Onu tanıdığımdan bəri hər şey mənim üçün romantikləşmişdi. Daha zərif görünürdü. Telefonuma zəng gəldi. Menecerim idi, götürmədim. Anın gözəlliyini heçnə poza bilməzdi. Yeməyimizi bitirdikdən sonra restorandan çıxıb maşına mindik. Yağışın altında necə gözəl islanmışdıq. Çantasından fotoaparatını çıxartıb maşının pəncərəsini açdı. -Biz sizin kimi səhər 8, axşam 6 işləmirik. Hər an iş başında olmalıyıq- deyərək pəncərədən şəkillər çəkməyə başladı. Maşının sürətini azaltdım ki, şəkilləri rahat çəkə bilsin. Çönüb bir-iki şəklimi də çəkdi. Yolda maşını saxlayıb kofe almaq üçün getdiyimdə o da maşından düşüb ətrafı çəkməyə başladı. Mənim gəldiyimi görüb mənim şəklimi çəkdi. Yolda şəkillərə baxır, mənim şəkillərimə çatanda baxıb-baxıb gülürdü. Mənə göstərirdi ki, bax gör necə düşmüsən?! 

Şəkilləri qəşəng çəkdiyini, kaş mənim də elə bacarığım olardı deyəndən sonra bir gün öyrədərəm dedi. Görüş bəhanəsi üçün bir həftə sonra onu mənzərə axtarışına çıxartmağa söz verdim. Bildiyim qəşəng yerlər var deyərək razı saldım. Əslində yox idi. Bəlkə də var, amma heç yerə bu gözlə baxmamışdım ki, burda qəşəng şəkil çəkmək olar. Rast gələrik mütləq bir-iki yerə. Ağac, çay, dağ, daş, bundan artıq nə var ki?! Axşam mənim şəkillərimi göndərdi. Sonra bir şeyin fərqinə vardım. Bizim birlikdə heç şəklimiz yoxdu. İkinci dəfə idi ki, bir-birimizi görürdük, amma hələ də şəkil çəkdirməmişik. 

Bir həftə sonra yola çıxdıq. Yemək üçün özümüzlə bəzi şeylər aldıq yoldan. Özüylə ştativdə gətirmişdi. Kameranı üzərinə qoyaraq mənə izah etməyə başladı. Qaydalardan daha önəmlisi mənim çəkdiyimi necə gördüyüm imiş. Fokuslandığım məkanın görünüşü, vizuallığı daha önəmlidir. Nə çəkdiyindən çox onu necə çəkdiyin, çəkərkən nəyə diqqət etdiyin önəmlidir. 

Onu ciddi görməmişdim. Ciddiliyi onu daha gözəl görsədirdi. Yanaqları düzləşir, dodağı yığılaraq öz formasını alırdı. Kameranı alıb ilk əsərlərimi yaratmağa başladım. Dediyinə görə ilk dəfə üçün pis deyildim. Onun şəkillərini çəkməyə başladım, sonra o mənim şəkillərimi çəkdi, ən sonunda birlikdə şəkil çəkdirdik. Bu bizim ilk şəklimiz idi. Həm ona ilk dəfəydi ki, yaxınlaşırdım (rəqs xaric). 

Onsuz keçən hər günüm əzabmış kimi gəlməyə başlayırdı. Münasibətimizin ikinci ayında evlilik təklifi etdim. Əvvəl tərəddüd içində bilmirəm, düşünməliyəm desə də, sonra özündə qərarlaşdırıb evlənək dedi. Mən yenə də onu tələsdirmək istəmirdim. Düşünməsi üçün üç gün vaxt verdim, üç gün sonra görüşdüyümüzdə fikrini qətiləşdirmiş, evlənməyə hazır olduğunu dedi. Ailəsinin məndən xəbərinin olduğunu, tanış olmaq istədiklərini dedi. Sevincimdən onun dediklərini eşitmirdim belə. İstidən boğulacaqdım. Yerimdə dayana bilmirdim. Gözlərim dolmuşdu. Qəribə hislər yaşayırdım. Özümdə bir neçə hissi birləşdirib ağlayaraq gülmək, qaçaraq sevinmək istəyirdim. Ayrılandan sonra maşından düşüb piyada qaçmağa başladım. Qaçmaq məni rahatlatdı. İçimdəki enerjini aldı. Maşına minib evə yollandım. Anama xəbəri verdim. Sevinmişdi. Gözləri dolmuşdu. Üzümü sığallayıb - körpə balam böyüyüb də evlənmək istəyir -dedi. Hə, böyümüşəm. Bu həyətdə qaçıb oynayan o balaca uşaq, böyüyüb. Ayağımın daşa irişib yıxıldığımı xatırlayıram, ağaclardan atlayıb ayağımı əzdiyimi, qonşudan gətirdiyim qazanı qapıdan girən kimi əlimdən salıb aşırdığımı. O uşaq indi böyüyüb. Atamın bu günləri görməsini istəyərdik, amma bir şeyi də etiraf etməliyəm ki, atam sağ olsa bəlkə də Həmidə ilə tanış olmaz, bu qədər böyüməzdim. Atamın niyə vaxtında bunları düşünmədiyi qəribə gəlir mənə. 

Ailələrin tanışlığı, nişan, toy hazırlığı üç ay çəkdi. Toy üçün də bir ay sonrasına gün təyin olundu. Toyumuz yaxınlaşdıqca həyəcanım artırdı. Hər səhər yuxudan ayılanda həyəcanım biraz da artırdı. Özümü işə verməyə çalışırdım ki, fikrim dağılsın. Toy günü yaxınlaşdıqca problemlər artırdı. Həmidə evləndikdən sonra xaricə getmək istəyirdi. Bir-iki ay Avropa turu etmək istəyirdi, ya Afrikada maraqlı bir Safari. Mən bunu edə bilməzdim. Bunu etməməyim üçün önümdə böyük bir əngəl var idi, həm də çox böyük. Bir həftəlik getsəm belə kifayət idi ki, bütün həyatımı özüylə aparsın. Bunu gəl də Həmidəyə açıqla. Mənə inanmaz, onu doladığımı düşünərdi, göstərsəm sonra başıma bəla aça bilər deyə riskə gedə bilməzdim. Atamın anama güvənib deməməsi məndə də bir qorxu yaratmışdı. Getməyəcəkdim deyə də məndən incimişdi. Ona mənə inanmasını və bir müddət heç yerə gedə bilməyəcəyimi dedim. Ondan bunu başa düşməsini və mənim bu qərarıma hörmət etməsini istədim. Anlayışla qarşılayıb qəbul etdi. Zaman qazanmışdım, amma sonra nə edəcəkdim? Ağlıma bir ideaya gəlmişdi. Həftədə bir dəfə suyu 2 dəqiqəlik açıq saxlayıb, sonra bağlayacaq bir aparat düzəltdirə bilsəm məsələ həll olacaqdı. Qızıllarda yığılar, sonra gəlib götürərdim. Bu planım heç uğurlu olmadı. Onu quraşdıracaq bir şəxsi tapa bilmədim. Tapsam belə gərək ona güvənməli idim. Nə edirəm, niyə edirəm - deyə əsaslı bir yalan danışmalı idim. Anama bağı sulamaq üçün sistem qururam desəm bağı nə edirsən, bağ lazımdır sənə? -deyəcəkdi. Atam öləndən sonra ondan qalan bağın anam üçün doğmalığı artsa da, son zamanlar dəyərsiz kimi görürdü. Hətta satmağın tərəfdarı idi. Qonşuluğu aldığım üçünsə mənə axmaq demişdi.

Toyumuzdan sonra ayrı bir evə köçmək qərarına gəldik. Mən birlikdə yaşamaq təklifini irəli sürsəm də, Həmidənin fikri qəti idi. Avropa turuna görə incik idi deyə üstünə getmək istəmədim, razılaşdım.
Xoşbəxt idik. Xoşbəxtlik anlayışı bir yerdən sonra monotonlaşır, vərdiş kimi görünür. Eyni şeyləri etməkdən sıxılırdıq bəzən ikimizdə. Həmidənin xaricə səyahət fikri gəlməmiş mən başqa bir aktivlik axtarıb tapırdım. Hər dəfəsində yaratdığım başqa-başqa məşğuliyyətlərin sayəsində Avropa turu unuduldu. Evliliyimizin yeddinci ayında da başqa bir gözəl xəbərlə Avropa turunu uzun müddət təxirə salmalı olduq. Evdə məni gözləyən bir qadın digər günlərdən fərqli olaraq bu dəfə bəzənmiş, masa hazırlamışdı. Diqqətimi çəkən isə masada 3 boşqabın olması idi. Bunu başa düşmək üçün Harvard məzunu olmağıma ehtiyac yox idi, başa düşmüşdüm. Qucaqlayıb xeyli fırlandıq. Başı gicəllənəndə dayanıb üzr istədim. Nə etdiyimi bilmirdim. Sevincimdən ağlayacaqdım, gözlərimdən yaş dənələri axırdı, sol əlimlə gözümü silib Həmidəyə baxdım. Baxışını xatırlayırdım. İlk gün kafedə əyləşib kofe içdiyimiz zaman mənə belə utanaraq baxmışdı. Sevincimizi ailələrimizlə bölüşdük. O gündən sonrakı digər 9 ayı ancaq tək dərdimiz var idi - Övladımızın gəlişi üçün hər bir şeyi hazır edək. 

9 aylıq müddət rahat, bir o qədər də çətin keçdi. Rahat idi, ona görə ki, Həmidənin gəzmək istəyi dayanmışdı, çətin idi, Həmidənin istəkləri və bəzən nazı pik həddə çatırdı. Məcbur yerinə yetirəcəkdim, bundan şikayətçi deyildim də, tam tərsi əylənirdim. 9 ayın sonuna yaxınlaşdıqca yalançı sancılar bizi panikaya salıb hər həftə xəstəxanaya sürüyürdü. Ən sonunda anamın yanında qalması üçün apardım evimizə. Həm gözüm arxada qalmayacaqdı, həm də anam ona kömək edərdi. Neçə vaxt idi də şikayətlənirdi ki, niyə gəlib yanımda qalmırsız, bəhanə ilə onu da aradan çıxartdım.

İşdə olduğum zaman bir zəng gəldi. Anam idi. İşim vacib olsa da, anamın zəng daha önəmli olar deyə çölə çıxıb telefonu götürdüm. Anam Həmidənin sancılandığını və xəstəxanaya getdiklərini dedi. Doğuma 10 gün var idi hələ. Evə gəlim desəm də qonşudan taksi tapıb artıq yola çıxmışdılar, biz tərəfdə ambulansı çağırmaq çay qaşığı ilə vedrədən su boşaltmağa bərabərdi. Tələsmədən boşaltsan qurtarana yaxın çatardı. Xəstəxanaya getmək üçün çıxdım, otaqda məni gözləyən iş yoldaşlarıma xəbər etmək ağlıma gəlmədi. Xəstəxanayla ofisim arasında 10 dəqiqəlik yol vardı. Əvvəl piyada qaçmaq istəsəm də tələsməli olduğumun fərqinə varıb geri dönüb maşına minib sürətlə xəstəxanaya getdim. Maşınla bağlı tək xatırladığım maşının açarını üstündə buraxıb getdiyim idi. Pilləkənləri 3-3 atladım, yolda bir nəfərlə toqquşdum, gözucu sadəcə fikir verdim. Qəşəng qız idi. Üzr istəmədim deyə arxamca söyürdü deyəsən. Gözləyirdik. Gözləyirdik. Ən çox nəyi bu qədər səbrsizliklə gözlədiyimi xatırlamıram. Bir xəbər gələcəkdi, ata olmusuz. Sadəcə bir cümlə eşitməkdən ötrümü bu qədər həyəcanlanıram deyə düşünürdüm. Çox qəribə hiss idi. Uzatmayım, bir oğlum oldu. Bilmirəm bu “Qızıl ağac”la bağlıdır nədi, babamdan bəri tək oğul olaraq dünyaya gəlirik. Sanki ağacın sirrini ikinci adam daşımasın deyə planlıdı, içimə başqa övladım olmayacaq hissi qonmuşdu o an. Adını Şamil qoyduq. Həmidə seçdi adı, mənim də xoşuma gəldi deyə razılaşıq. Bir gün xəstəxanada yatdıqdan sonra sabahsı gün evimizə apardıq övladımızı. Hazırlıqları görülmüş, bütün əşyaları yerləşdirilmiş Şamilin yolunu gözləyirdi. Anam və Həmidənin valideynləri gəlmişdi. İşçilərim də gəlmək istəsə də sabah gələrsiz dedim. Evə çıxdığımız ilk günü evə çox adam almaq istəmədim. Gecəni ikimizdə bizdən parça olan övladımıza baxaraq keçirtdik. Bunda Şamilin gecə anidən ağlamasının da rolu vardı. Yuxusuz gecələr bizi gözləyir deyə gülüşürdük. Analarımız qalıb bizə kömək etmək istəsə də mən özüm edərəm dedim. Dedim də, kimə deyirsən?! Qaldılar. Bu xoşbəxtlik bir ilə yaxın getdi. Şamilin ilk addımlarını görürdük. Qəribə idi. Bir zamanlar yıxıldığın daşın üstündə oğlun qaçır, yıxılır. Atamın mənə verdiyi həyatdan daha böyüyünü oğluma vermək istəyirdim. Bəzən Şamil və Həmidəylə o qədər zaman keçirdirdim ki, günlərin necə keçdiyindən xəbərim olmurdu. Ağacı sulamağı son gün xatırladığım olub. Şamili bəzən tək böyütdüyüyümün fərqinə varıram. Anasından çox ya məni, ya nənəsini görür. Həmidənin son zamanlarsa heç görmək olmurdu. Fotoaparatını əlinə almış, saatlarca şəhər, kənd gəzəcəkdi. Qınaya da bilmirdim, işi budur, amma bizim bir övladımız var və ona zaman ayırmalıyıq. Öz ata-ana olaraq üstümüzə düşən vəzifəni yerinə yetirməliyik. Həmidənin yanaqları qızarmış və toppuşlaşmışdı. İstidə günəşin altında çox qalırdı deyə biraz da qızarmışdı. Şirinliyi daha da artmışdı. Adamın yanağından tutub sıxması gəlirdi. Ona qarşı olan ilk günkü məhəbbətimin qarşılığını görmürdüm. Mənə və övladımıza qarşı soyumuşdu. Şamil 2 yaşına gələndə Həmidə yenə xaric söhbətini açdı, amma bu dəfə gəzmək üçün deyil, bir dəfəlik köçmək üçün. İşlərinin artıyca getməyi, dünyanı gəzməyi istəyirdi. Mənimsə buraxa bilməyəcəyim çox şey vardı burda. Anam, işim, ağacım.

-Niyə istəmirsən? İşimizi orda da qura bilərik. Ya burda birinə təhvil ver, sənin yerinə burdakı işlərini görsün, yavaş-yavaş köçürdərsən işləri. 

-Olmaz. Mən gedə bilmərəm.

-Əvvəldə gedə bilmirdik. Evləndiyimizdə. Nə var burda belə? 

-İzah edə bilməyəcəyim bəzi məsələlər var. Səndən anlayış gözləyirəm. 

-Yox. Bu dəfə yox. Qərarımı vermişəm, gedəcəm. 

Bu ayrılıq demək idi. 

-Getməyinin qarşılığında bizdən daha xoşbəxt həyata sahib olacaqsansa, mane ola bilmərəm. 

-Şamili də özümlə aparacam.

Güldüm - Burda yaxın durmadığın oğlunu ordamı böyüdəcəksən?

-Ayrılırıq deyə mütləq dalaşmalı deyilik. Dost qalmaq istəyirəm. Oğlumuza görə də narahat olma. Yaxşı baxacam ona. 

-Burax qalsın, istədiyin zaman göndərərəm. Öz işlərini də rahatlıqla görərsən. Söz səndən uzaqlaşdırmayacam

-Yox, mənimlədi. Böyüyər, səninlə qalmaq istəyərsə, seçimi özü edər. Amma hələ ki, mənimlədi. 

Məhkəmədə Şamili mənə verməsi üçün dirəşsəm də alınmadı. Anasına verdilər. Öz qərarını verə biləcək yaşa çatana qədər dözməli idim, sonra seçimini atasından tərəf edərsə, o zaman veriləcəkdi. 

Özüm yola saldım onları. Həmidənin də dediyi kimi dostca ayrıldıq. Ayrıldıqdan sonra öz evimə döndüm. Anam pərişan olmuşdu. Oğlunun yuvası dağılmış, nəvəsini uzaqlara aparmışdılar. Səbəbini soruşdu, Həmidənin getmək istədiyini dedim, sən də gedərdin dedi, gedə bilmədim dedim, niyə?-dedi, susdum. Həqiqətən, niyə getmədim? Bir ağac idimi məni öz ailəmdən uzaq tutan? Bir ağaca görəmi ailəmi dağıdıb, övladımı yola saldım? Dəyərdimi? İllər sonra ağacı oğluma göstərəndə mənə bu ağaca görəmi bizi tərk elədin?-desə, nə cavab verəcəkdim ona? Sənin gələcəyin üçün öz həyatımı fəda etdim desəm qane olacaqdımı? Mən olsam olmazdım. Söyərdim. Əlimə baltanı alıb ağacı kəsərdim. Görəsən, zəng edib mən də gəlirəm desəm qəbul edərdimi? Yenə toppuş yanaqlarını sıxmaq istədim. Gülərkən ağaran dişlərini, dişlərinin arasından görünə biləcək qədər çıxartdığı dilini. Vanil qoxan ətrini. 

Anamın gətirdiyi çaydan bir qurtum alıb bağa getdim. Bağa gedənəcən düşünməyə vaxtım vardı, kəsim ya yox? Qərarsızam. İçimi bürüyən hərisliyə görə özümdən nifrət edirəm.