Səməd Şıxı - Xeyirli iş
Yusif pəncərənin qarşısında dayanıb siqaretini tüstülədərək binanın yanındakı parkda əyləşib nərd oynayan yaşlı kişiləri izləyirdi. Özünü təqaüdə çıxdıqdan sonra heç bir işə yaramadığını düşündüyü an onların yanına gedib: - sıradakı mənimlə oynayacaq, deyəcəkdi. Həyatın bir yerdən sonra söndüyünü, ona rəng qatmayan köhnə filmlər kimi ağ-qara göstərəcəyini bilirdi. Bəlkə nostaji hislər verərdi, amma o da “heyif deyildi köhnə filmlər” bənzətməsindən ötə keçməyəcəkdi.
Hər ata kimi onun da ən böyük xəyalı övladının toyunu görməsi və onun da xoşbəxt olması olmalıykən, deyildi. Evliliyi xoşbəxtlik görən insanlara isə yazığı gəlir, sözlərinə görə inciyirdilər deyə sadəcə susur, onların gözlərindən salladığı xoşbəxtlik pərdəsini izləyirdi. Xoşbəxtəm deyə bir-birilərini aldadıb, bədbəxtlik savaşında daha çox kim bədbəxt ola bilər deyə yarışırdılar. Onlardan ötrü əlindən heç nə gəlmirdi. Oğlunun da bu həvəslə onlara qoşulmasını istəmirdi. Həyatını yaşamasını, həyatda xoşbəxtliyi axtarmasını istəyirdi. Amma bəzi şeylər istəndiyi kimi deyil də, təbiətin qanunlarına uyğun olaraq gedir. Oğlu Bəhram onun və Vüsalənin tək övladı idi. Yusif ömrünün yarısını banklarda, yarısını özəl maliyyə şirkətlərində hədər etmiş, həyatı sahib ola bilmədiyi müxtəlif valyutaları hesablamaqla keçmişdi. Bəzən əlinə onlardan özünə pay götürmə şansı düşsə də, bunun namussuzluq olduğunu iddia edərək heç vaxt tamahına sahib çıxmışdı. Vüsalə ilə evləndiyi zaman onun 23, Vüsalənin 21 yaşı var idi. Müstəqil həyata atılmaq üçün erkən bir dövrdə evliliyə qərar vermələri, əlbəttə ki, onlara asan başa gəlməmişdi. Həyatlarının bir dövrünü çətinliklərlə keçdiyini, hələki də evliliklərindən 2 il sonra Bəhramın dünyaya gəlməsiylə daha da çətinləşdiklərini unutmamışdılar. Bu çətinlikləri övladı da keçməsin deyə çalışıb vuruşurdular. Bəhramın yaşı 24 olsa da, istədiyi kimi bir həyatı qura bilməmişdi hələ də. Ya da atasının onun üçün arzuladığı həyatı.
Xəyalə - Bəhramın işlədiyi şirkətdən tanış olub, qısamüddətdən sonra da sevgili olduğu qızdır. Evliliyi də sevgililiklərinin 5-ci ayında qərar vermişdilər. Yusifin bu qədər tələsməmələrinə məhəl qoymadan, evlilikdə israrlı olduqlarını deyib, buna qarşı deyil də, dəstək durmaları üçün ailəsini xəbərdar etdi. Oğullarının xoşbəxtliyi üçün bununla razılaşmış, sabahkı elçilik üçün hazırlaşırdılar. Bəhramın həyəcandan əlləri əsirdi. İlk başda elçiliyə qarşı duran Vüsalə də indi həyəcanla hazırlıq işlərinə başlamışdı. Nə də olsa, bir övladı var idi. Onun bu günündə yanında durmalı və hər şeyi əksiksiz olmasına fikir verməli idi.
Elçiliyə Yusifin maşını ilə yollandılar. Vüsalənin hazırladığı xonça və kiçik hədiyyə apardılar özləri ilə. Bəhram maaşından özü üçün əyninə yaraşan tünd-qara rəngdə kostyum almışdı. Vüsaləylə Yusifin geyimi isə təzə saxladığı paltarlardan idi. Qapını onlara Xədicə açdı. Arxasında dayanan atası Xədicənin onları içəri buyurduqdan sonra əl uzadıb Yusiflə görüşdü, Vüsaləyə də başı ilə salam verib içəri buyurdu. Bəhram Xədicənin atası ilə üzbəüz gələndə nə edəcəyini bilmədən əlini yarıyacan aparıb, geri çəkmək istəyəndə atası qaşını çataraq əlini uzadıb gülümsəyib onu da içəri buyurdu.
Yusif özünü bu qədər heç Vüsaləyə elçi gedərkən sıxmamışdı. Əlində fürsət olsa, durub qaçardı. Otağa Xədicənin anası da gəldi. Deyəsən, otaqda hazırlaşırdı. Otağa daxil olarkən ətəyini dartışdıraraq salamlayıb özünə bir künc seçərək əyləşdi. Təcrübəsiz iki ailə nə deyəcəyini bilmədən bir-birilərinə baxırdı. Kim başlamalı idi sözə? Adətə görə ağsaqqallar çağrılar, söhbəti onlar başladar, sonra söhbət öz axarında gedərdi. Hər iki tərəfin birbaşa özləri ilə aparılması iki tərəfi də çətin vəziyyətə salmışdı.
Yusif söhbəti heç kəsin başlatmayacağını görüb, necəsiniz?-lə giriş elədi. Sualı gözləyirmiş kimi hər kəs bir tərəfdən söhbətə qoşulub Yusifə sıra vermədən danışmağa başladı.
Bir ara söhbətin irəlləyib, gəlin gələn ay toy edək deyiləcəyini düşündü Yusif. Bu xəbəri sadəcə Bəhram və Xədicəni sevindirəcəyini düşünsə də, qız evinin də qızlarını evləndirirlər deyə pis olmadığını, hətta sevinclərindən yerlərində dayana bilmədiyini gördü. Sakitləşərək özünü arxaya söykəyib heç nə demədən onları müşahidə etməyə başladı. Nə olurdu burda? Hər kəsi tək-tək izləməyə başladı.
Hər kəs qızı istəməyə başlamasını gözləyirdi ki, Yusifin içindən belə bir şey keçmirdi. İsinməmişdi ailəyə. Vüsalə və Bəhram gözü ilə başlaması üçün işarə edib dururdu.
“Başlamaq lazımdır artıq”-deyə düşünüb dərin nəfəs alıb, öksürdü.
Adət üzrə istəmə və evliliyə qız tərəfinin də razılığının olub-olmadığı soruşuldu. Özünü ağırdan aparan, amma heç də özlərini naza çəkib, məsələni uzatmağa fikri olmayan ata yarım dəqiqəlik fikrə getmədən sonra razılığını bildirdi.
-Evlilik gözəl təşəbbüsdür, zamanında və səninlə bir ömür gedəcəyinə inandığın insanla. Ümid edirəm bu təşəbbüs də, xeyirli və uzun ömürlü olar. -son söz olaraq Yusif dedi.
Nişan üçün bir ay sonraya gün aldılar. Hər kəs Yusifə qarşı birləşmiş, sürətlənməsi üçün tələsirdilər. Yusifsə, heçnə demədən evə çatmalarını gözləyirdi ki, içindəki hirsi kusa bilsin. Qapıdan içəri girən kimi başladı:
-Hara tələsirsiz? Niyə belə etdiz?
-Nə olub ki? Nə dedik? -Vüsalə dedi.
-Nə olub, ata? - Bəhram dedi.
-Biz gedərkən gün danışacağımızla bağlı heç bir söhbət etməmişdik.
-Bir anda oldu, mən də bilmədim heç.
-Evliliyi oyuncaq görürsüz. Hələ gələn həftə təzdən gedəcik? Niyə? Nişanı harda edək? Niyə hardasa etməliyik?
-Necə yəni? Danışmayaq? Bir oğlumuz var, onların da bir qızı, nişansız versinlər?
-Nişanı ayrı xərc, hazırlaşması ayrı xərc, toyunu demirəm hələ.
-Sən qarışma. Bir oğlum var, hər şeyin ən yaxşısı olacaq, əlbəttə. - Vüsalə əsəbindən əli ilə işarə edib, susmasını istədi.
-Bə nə? Şəhzadə nəslindən gəlirik, millət sonra bizə nə deyər?
-Şəhzadələrdən nəyi əskikdir?
-Özünüzü bu qədər lazımlı görməyin. Bizdən daha güclüləri, daha zənginləri var. Baxırsan ki, adi bir yığıncaqla evlənirlər. Çünki onlar əsl xoşbəxtliyin göstərişdə olmadığını bilir.
-Başa düşmürəm, bu aqressivliyin nəyədir? Pulun çıxacaq deyə belə edirsən?
Yusif hələ də onların onu başa düşməməsinə hirslənirdi.
Söhbəti bağlayıb öz küncünə çəkilərək cibindən siqaret paketini çıxartıb, bir dənəsinə ağzına yerləşdirib, qalan paketi masaya fırlatdı. Alışqanı ilə siqaretini yandırıb ciyərlərində siqaretin dumanını ciyərlərində hiss edənəcən içinə çəkib, uzun-uzadı tüstüsünü buraxdı. Bir insanın dərdini onun siqaretindən çıxartdığı dumanından ayırd etmək olar. Onun da dərdi böyük idi, ailəsi onu başa düşmürdü. O öz övladının yaxşılığını düşünərkən, onu pula görə günahlandırırdılar.
Nişan günü üçün danışıqlar üçün yığışdılar bu dəfə. Hər iki tərəf nişan üçün bir məkan tutmaqdan yana idi. Xərcini qız evi çəksə də, oğlan tərəfi də bəzi öhtəlikləri öz üzərinə götürdü. Heç bir tərəf yükü digər tərəfin üstünə atıb, özünü zəifmiş kimi göstərmək istəmirdi. Sanki bir hansı daha çox xərc çəkəcək deyə yarışa girmişdi. Yusif belə bir yerdən sonra qaza gələrək bu yarışın bir parçası olmağa başladı. Nişan üçün qız tərəfinə alınan paltarın qiyməti, qızılı, xonçaları Yusifin və Bəhramın maaşına çatmamışdı deyə kredit götürməyə məcbur qalmışdılar. Planlarına görə Bəhramın adına götürərdilər, toy üçün lazım olarsa da, Yusifin adına götürərdilər. Toydan toplayacaqları pulla ödəməyə çalışarlar.
Nişana yaxın deyib çağırdıqları sadəcə 120 nəfər vardı ki, onların çoxunu da bəlkə pul yazdırarlar, heç olmasa nişanın xərcinin bir hissəsini elə bağlayardılar. Təxminən də qarşılandı. Nişan mərasimi və qonaqların gəlişi. Bir-bir gələn qonaqların üzlərində yalan gülüş vardı. Hətta ən yaxın qohumlarının belə üzündə yalançı gülüşü başa düşmək üçün onu and-amana tutub, düzünü de deməyə ehtiyac yox idi. Aralarında gedən söhbəti isə bilirdi, çünki çox qısa zaman əvvəl onu çağıran bir yaxınının doğum günündə - nə olub, gərək hər etdiyini qeyd edəsən? Çox pulumuz varmış kimi bir də bura xərcləyirik. Gəlməsən də saymadı deyəcək - demişdi. İndi isə bunu özü edirdi. Nəyə lazım idi ki, bu nişan? Nişan olmasa övladları xoşbəxt olmayacaqdımı? Millətin qazandığı onsuz 3-5 manatdı, onu da ərzaqmı alsın, sabahı üçün kənaramı atsın, övladı üçünmü xərcləsin deyə sual düşündürərkən bir də baxır Yusif onu oğlunun nişanına çağırır, sabah da toyuna çağıracaq. Getdi bir yüzlüyü. Bu adam da nə edir, sabah o da eynini edərək onu çağırır, gələrkən nə qədər yazılacağını hesablayır. Az yazılarsa da, bunu fürsət bilib üzünə vurur. Beləliklə, xoşbəxtlik olur biznes. Qazanan mütləq ki, olur, məkan sahibləri, ifaçılar, işçiləri və sair işləyənlər. Qazandığını düşünən məclis sahibləri isə itirdiklərinin fərqinə belə varmır. Çəkdikləri xərc qarşılanmazsa, borcları üzərlərinə qalır, xərclərini çıxarsalar belə sabah topladığı pulları geri qaytarmağa məcbur qalır. Düşün, bir adamın pulu olmadığı, evdə övladının ona paltar alması üçün maaşını gözlədiyi zamanda o borc alaraq heç saymadığı, toydan-toya bir-birilərini zərfin arasındakı yüzlük kimi gördüyü dostuna görə övladının ayaqqabısının pulunu aparır verir. Bu zaman həmin övlad ona üsyan etməzmi? Edər, etməlidir.
Yusifin göstəriş olsun deyə 10 manata aldığı saatı qoluna boş qalsa da, məclisin bitməsinə biraz da yaxınlaşdığını göstərdiyi üçün dəyərli idi. Masalara baxırdı da, nə yox idi? Yəqin zarafat üçün istifadə edilən “quş südü” əskik idi. Ömrü boyu evində belə bir süfrə qura bilməmişdi yəqin ki. Hər kəs deyir-gülür, bir əldən də verdiyi pulun əvəzini çıxmaq üçün yeyirdi. Qarınları doyan insanların sırf biraz da qopardım, qənimətdir deyərək yeməsi, yedikələrini həzm etmək üçün qalxıb oynayıb, təzdən yeməyə cumması sadəcə iyrənc bir tablo yaradırdı. Özünü belə insanların arasında, bu insanlardan biriymiş kimi görməsi ürəyini bulandırırdı.
Nişandan götürdükləri pul xərcin yarısından çoxunu ödədi. Qız tərəfinə qalan pul Yusifin yükünü azaltmış oldu. Toy günü üçünsə, hələ 3 ay var idi. Xədicənin istəyinə görə hazırlığı bir toy işlərini hazırlayan şirkətə vermək idi. Onlar ssenarini quracaq, nə lazımdırsa, təklif edəcək, Bəhramla Xədicə də seçəcəkdi. Yusifin qarşı durub, çox baha olacaq deməsindən öncə Bəhramın da qatılıb, yaxşı fikirdir deməsi Yusifin ağzını bağladı. Oğlu üçün bu günəcən əlindən gələni etmişdi. Çalışmışdı ki, hər bir şeyi tam olsun, əskiklik nədir bilməsin. Doğrudur, hər istədiyini ala bilməmişdi. Bəzənsə, ala bilmədiyi üçün yanında olmasa da, otağına keçib ağladığını bilirdi. Bu dəfə onun istəyinə qarşı gəlməyəcəkdi. Bu onun bəlkə də ən xoş günü idi. Bir gündən ötrü o qədər xərcə girmək lazım idimi?-bilmirdi, amma tək bildiyi oğlunun arzusunu ürəyində qoymaması üçün nə lazımdırsa, etməyə hazır olduğu idi.
“Necə istəyirsinisə, elə də olsun” -deyərək onların təklif etdiyi media şirkəti ilə danışdılar və öz arzularına uyğun olaraq hər bir şeyi hazır etdilər. Toy xərci Yusifin düşündüyündən 2 dəfə artıq gəldi. Yusif bunun yarısını ödəyə bilmə gücünə sahib idi, geri qalanını kredit götürməli olacaqdı. Toydan gələn gəliri isə, onlara bağışlayacaqdı. Özləri üçün yeni həyat qurarlar, gəzərlər, gələcəkdə onları gözləyən çətin və yorucu həyata başlamışdan əvvəl günlərini doyunca yaşayarlar. İllər keçəcək, bir övladları olacaq, böyüyəcək, evlənmək istəyəcək. O zaman bəlkə atasının yaşadığını, bu qədər göstərişin lazımsız olacağını anlayar.
Hər kəsin qaçışdığı, bir işin dalıyca qaçdığı vaxtda Yusif evdə oturub siqaretini tüstülədirdi. Hər dəfə dərdi ilə böyüyən dumanı ilə bərabər havada yox olub gedirdi. Həyatı bir nağıl kimiydi. Arzuladığı həyatdan birisi var, birisi yox. Bəzən sahib olduqları ilə, arzuladıqlarının eyni olduğunu belə özündə sorğulayırdı. “Sənin kimi həyat yoldaşım olduğu üçün şanslıyam”, “Sənin kimi övladım olduğu üçün şanslıyam” deyərkən nə qədər doğru və səmidi idi?!
Həyatı boyu Vüsalə ilə eyni dərəcədə evin idarəetməsində rol oynamağa çalışmışdı, amma nə qədər bərabərliyi təmin etməyə çalışsa da, evlilikdə qadın azadlığının ən çox 49%-ni, kişi isə 51%-ni saxlayır. Mən belə istəmirəm, 99% hər kəs azad olmalıdır-desə də, bunu bu dəfə Vüsalə istəməmişdi. Bəlkə məsuliyyətdən qorxmuşdu.
Masanın üzərində buraxdıqları sifariş sənədlərinə gözü sataşdı. Belini tutaraq yavaş-yavaş yerindən qalxıb, masaya tərəf addımlayıb kağızları əlinə aldı. Eynəyinə tərəf gedib, oxumaq üçün istifadə etdiyi eynəyini gözünə taxıb bir-bir vərəqləri çevirməyə başladı. Bu maşın. Modelini həyatında ilk dəfəydi ki, eşidirdi. Görünüşü isə ağzı açıq buraxar. Kim bilir bu maşının qiymətini ömrü boyu qazanmamışdı. Toyun yuxarıdan çəkilməsi üçün drondan istifadə edəcəklər. Belə bir şeyin toyda istifadə edildiyini ilk dəfə idi ki, görürdü. Adətən, hərbi xəbərlərdə eşidərdi adını. Başqa nə vardı? Nə yox idi ki? Şərabı belə xarici idi. Olsun, oğluna fəda olsun. Fəda olsun da, oğlu bunlara layiq birisi olduğunu düşünürdümü? Yəni məsələ insanın dəyərini maddiyyatla ölçmək deyildi, bunu edəcəkkən nə qazanacaqdı? Ya etməsə nə itirəcəkdi? Edərkən nə dəyişəcəkdi? Hər kəsin Bəhramla Xədicənin toyundan danışması ən çoxu 3 gün, maksimum 1 həftə çəkəcəkdi. Xoşbəxtlik bu maşının içindəydimi, yoxsa göydə uçan bu maşındanmı töküləcəkdi?
Susmalı idi. Susurdu da. Partlasa çox insanın qəlbinə dəyəcəkdi. Susacaq, bundan sonra da borcunu ödəyib, görərsə də bir nəvəsini görüb, qucağına alıb, yanağını sıxdıqdan sonra heç kimə borcunun qalmadığından əmin olduqdan sonra başını yastığına qoyub, ölüb gedəcəkdi.
Maraqlı idi, görəsən, nə zamansa, insanların bu özünü göstərməsi istəyi onlara nə qədər səmimi gəlir? Bir gün yatmazdan əvvəl oturub düşünmürlərmi ki, biz nə edirik? Bu qədər şey önəmli idimi? Bu maşının nə dəyəri, xoşbəxt edəcəkdimi bizi? Ya bu qədər insanın bir araya toplaşması onlar üçün bu qədərmi vacib idi? Gələn qonaqların arasında tanımadığı üzləri görüb bu kimdir?-deyərkən, mənim toyumda tanımadığım insanın nə işi var deyirdimi? İllər sonra çağırdığı şəxlərin toyuna gedərkən nə yaşayacaqdı? Eyni söyüşləri özü söyməyəcəkdimi?