SƏMƏD ŞIXI-QARA QATIQ
Uşaq vaxtı bir pişiyimiz var idi. Var idi deyəndə bizim həyətə dadanmışdı. Gün boyu gələr-gedər, qabağına atdıqlarımızı yeyərdi. Gecələri də yatmağa yeri olmazdısa, bizim tövləyə girər, otların arasında yatardı. Atam pişikləri çox istəsə də, anam “mındar heyvandı, evdən uzaq tutun” deyərək, qovardı. Hələ evə girərdisə, pişiyin də bizim də günümüz idi. Pişik bir həftə həyətə gəlməyəcək, biz də pişiyi öyrəndirmişik deyə danlanacaqdıq.
Pişiyimiz dişi idi. Balaları bizim tövlədə oldu - 3 dənə. Atam südçü idi, hər gün bir boşqab onlar üçün süd ayırardı. Bir gün yanlarına gedəndə anasının balalarını yediyini gördüm. Sonuncunu yeyirdi ki, qovdum. Xeyri yox idi, artıq ölmüşdü. Anasının niyə belə etdiyini başa düşməmişdim. 7-8 yaşım olardı. Pişik o gündən sonra həyətimizə gəlmədi. Atamdan səbəbini soruşanda yəqin balalarının xəstələndiyini görüb, əzab çəkməsin deyə yeyib- dedi. Həmin günki ağlımla başa düşməmişdim. Necə yəni balasını yemək. Bir ana öz balasını necə yeyə bilərdi? Travma məndə xeyli müddət qalmışdı. Bacımın 2 yaşı vardı deyə heç olanlardan xəbəri belə olmadı. Amma həyətimizə nə zaman pişik gələrdisə həmin pişiyin balasını yediyi anı xatırlayırdım. Bir az çörəkdən, ətdən atıb yeməyini gözləyirdim, yeyən kimi qovurdum. Mənə gülürdülər ki, qovacaqdınsa, niyə yedirirsən?
Uşaqlığımı çox yaşamağa fürsətim olmadı. Atam südçü idi. İki inəyimiz var idi. Anam axşamdan qatıq edər, südləri butulkalara yığardı. Səhər də, atam onları yığıb satmağa aparardı. Tətil günlərində atamla süd satmağa getsəm də, ilk dəfə şərik olaraq 8-ci sinifdən getməyə başladım. Atamın məktəbdən çıxmağımı deməsi mənə pis təsir etməmişdi, tam tərsi sevinmişdim. Hər səhər qalxıb dərsə gedib, müəllimlərin sıxıcı şeylər danışması bezdirmişdi. Yazıb-oxumağı bilirdim. Müəllimlərin dediyinə görə oxusam məndən yaxşı vəzifəli adam da çıxardı. Amma içimdən oxumaq, təhsil almaq keçmirdi. Atamla hər səhər tezdən qalxıb südləri yığıb avtobusla şəhərə getmək daha əyləncəli gəlirdi. Avtobusun çıxma vaxtını bilirdik deyə avtobusun gəlməyinə 3-4 dəqiqə qalmış dayanacaqda hazır dayanardıq. Bəzən tez gəldiyi də olurdu. Əllərimiz dolu olurdu deyə bizə yol verir, birinci girməyimizə icazə verirdilər. Minən kimi küncə girirdik. Atam əyləşir, mən də onun yanında özümü pəncərəyə söykəyərək yola baxırdım. Vay o günəki gecikək. İkimiz də ayaqüstündə qalacaqdıq. Bəzən adam az olanda oturmaq şansım olurdu, amma əksərən ayaqüstündə dayanırdım. Geri dönəndə oturub yorğunluğumu çıxarardım. O vaxtı avtobus boş olurdu. Sinif yoldaşlarımın sinifdə sıxıntıdan ürəkləri partladığı anda mən avtobusda şəhəri gəzirdim. Özümü onlardan daha şanslı hesab edirdim.
Əsasən, südləri binaların arasında satardıq. Atamın qalın səsi ilə binalara çatan kimi “süd var, qatıq var” deyə qışqırması ilə hər kəs pəncərəyə çıxardı. Pəncərədən hərə bir tərəfdən qışqırardı ki, yuxarı gəl. Atamla bölüşər, hərəmiz bir binaya girib paylayıb qayıdardıq. İkimiz işləyəndə daha tez qurtarırdıq. Ən sonda da qayıdanda mənə düşən payı verirdi ki, bu da sənin payın. Bundan artıq daha nə istəyim?! Həm gəzirdim, həm də üstünə pul qazanırdım. Bir dəfəsində məktəbdə müdirin gəlib bizim qabağımızda müəllimimizin üstünə qışqırmasını xatırlayıram. Müəllimimiz kişi idi, amma heç ağzını açıb bir kəlmə də demədi. Müdir bunu görüb daha da üstünə qoyurdu. Onun “tupoy” olduğunu, həddini bilməsə məktəbdən qovduracağını deyirdi. “Poxnu ye, bir də başqasının işinə qarışma” deyib otaqdan çıxmışdı. Müdir çıxandan sonra pərt halda başını qaldırıb bizə baxa bilməmişdi. Yaşımız təxminən 12-13 olardı. Uşaq deyildik, artıq kişiliyin nə olduğunu öyrəndiyimiz yaşlar idi. Müəllim qızarmışdı. Dərin nəfəs alıb, dolan gözləri ilə bizə gülümsədi. Əyləşib, ağzını açıb, nəsə demək istədi. Biraz gözləyib fikrini tamamladıqdan sonra davam edərək “bəzən insan yaşamaq üçün susmalıdı. Qatıq ağ ola bilər, amma qara deməyi bilməli oluruq. Bunu indi çətin başa düşəsiz, gün gələr məni daha yaxşı başa düşərsiniz” demişdi. İndi onu xatırlayıram, həmin müəllim pula görə, yaşamaq üçün susmalı olmuşdu. Məcbur idi susmağa. O boyda oxuyub, təhsil alıb, sonra gəlib kimdənsə təhqir eşidir. Buna görəmi bizə də oxu deyirdi? O oxumuşdu, amma mən oxumamışdım və onun kimi heç kimdən söz də eşitmirdim. Öz işimin ağası idim. Tam tərsi hər kəs mənimlə yaxşı yola getməyə çalışırdı ki, onun üçün qaymaqlısını seçim verim.
Evə qayıdandan sonra günorta yeməyini yeyərdim. Bu vaxtacan da məktəbdən sinif yoldaşlarım qayıdardı. Sonra birlikdə çıxıb gəzərdik. Oyun oynayardıq. Aralarında ən pulluları mən idim. İşləyirdim deyə hər kəsin mənimlə yaxşı yola getdiyini başa düşür və bununla qürrələnirdim. Bizim evdən biraz aralıda bir dağ var - Adına “Dəvə dağı” deyirlər. Dağ dedikdə o qədər də hündür deyil. Amma dağın başına çıxanda da bütün kəndi görmək olurdu. Yayda yaşıllıq olardı. Otlarını heyvanlar yeyənəcən qalınlaşıb, yumşaq olurdu. Aralarında dağ nanələri də olardı. Daşların arasında, otların arasında. İlk başlarda tanımırdım deyə nanədən çox otları yığırdım, sonra ayırd edə biləndən sonra ən çox mən yığardım. Dəvə dağımız çox qəşəng idi. Bəzən şəhərdəki parklara baxırdım. Uşaqlar yellənçəkdən yellənirdilər. Dəmirlərin üstündən atlayıb-düşürdülər. Mənim diqqətim çəkməzdi. Sıxıcı gələrdi. Dəvə dağımızda oturub, oyun oynamaq daha maraqlı gələrdi. Bəzən getdiyimiz küçələrdən kiminsə iti arxamızca düşərdi. İtdən qaça bilməyin özü belə bir qorxulu kinonun verdiyi həyacandan daha əyləncəli idi. Ya qonşunun çəpərindən sallanıb meyvə oğurlamaq. Yorulanda dağa çıxar, dağdan görülən evlərin kimə aid olduğunu tapmağa çalışırdıq. Mübahisə düşərdisə, qonşuluqdakı evi də deməli olurduq. Filankəs filankəsin qardaşıdır, filankəsin qohumu orda qalır. O filan qohumumun qonşusudur deyə bütün kəndi əzbərləmişdik. Soyuq havalarda isə həmin dağın arxa tərəfində “Dəvə pir”inə yığışardıq. Dağı da bu pirə görə belə adlandırırdılar. Pirə 5 nəfərdən artıq girmək mümkün deyildi deyə ilk gələnlər otura bilərdi. 6-cı şəxsi ancaq aramızda hörməti çox olardısa, alardıq, ya da əli dolu gələrdisə. Deyilənə görə həmin pirdə imamlardan birinin dəvəsi yatır və üstündə ayağının izini saxlayıblar ki, kimsə nəsə etməsin. Yaxından baxanda da həmin izi görmək olur. Bəzi insanlar yalandı, imamlar heç burada olmayıb desə də, biz həmin ərazini müqəddəsləşdirmişdik özümüzdə.
Pirə bəzən böyük insanlar da gələrdi ziyarətə. O bizdə daha çox inam yaradardı ki, bu həqiqətdir, yalan olsa, bu qədər insan niyə gəlsin?! Ora gələn insanlar bizim orda çox oturduğumuzu görüb məscidə də çağırırdı. İmanlı olmağımızı, dini bilgilərimizin olmasını istəyirdilər. Mənim bir dostum onların sözünü dinləyib getdi ərəb dilini də öyrəndi. Adamın 20 yaşından molla kimi yaslara çağırırdılar. Qazancına söz ola bilməzdi. Mən deyirəm, oxumaqla pul qazanılmır. Nəsə bacarığın, sənətin olmalıdı əlində. Artıq müəyyən yaşa çatdıqdan sonra hər birimiz bizə həyatı başa salan müəllimdən daha artıq pul qazanır, onlara həyatı başa salacaq səviyyəyə çatmışdıq. Təəssüf ki, hər birimiz bu dediyimə aid deyil. Bəzi dostlarım isə böyüyəndən sonra belə işsiz halda məhəllələrin tinlərində oturub, günlərini keçirdirdilər. İş olardısa, kimsə çağırar, 3-5 manat işləyib onu da siqaretə, içkiyə verib günlərini keçirdərdilər.
Mənim məsciddən və inanclardan uzaq qalmağa səbəb gördüklərimdən çıxartdığım nəticə idi. Deyəcəklərimə cavab olaraq belə düşünürdünsə, niyə pirə gedirdin?-olacaq, bilirəm. Cavabı başdan deyim ki, ora yığışmaqda məqsəd əylənmək, oynamaq idi. Dini tərəfi sadəcə bir bəhanə idi. İnanmamağıma səbəb isə Məhərrəmlikdə insanların baş-gözünü yarması, qışqır-bağır salıb ortalıqda gəzməsi, insanları lənətləyib, cəhənnəmdə yanmalarını istəməsi məni onlardan soyutmuşdu. Mənim gözümdə həyat onlardan daha ciddi idi. Daha tez böyümüşdüm bəlkə də.
Mənim də gəzdiyim, uşaqlıq etdiyim vaxtlar olmuşdu, amma üzərimə düşən məsuliyyəti hiss edirdim. Bilirdim ki, atam olmayanda mən pul qazanmalı, evə mən çörək alıb gətirməliyəm. Məktəbdə oxuduğum vaxtda futbol oynayırdım. Məndən yaxşısını tapa bilməzsən deyirlər ha, tam elə birisi idim. Dayım fanatik Neftçi tərəfdarı idi. Bütün oyunlarını izləyib desəm yalan olmazdı. Mənə həmişə yaxşı oynasan səni Neftçiyə düzəldəcəm deyərdi. Bir neçə dəfə stadioma da aparmışdı məni. Onlar kimi dəli adamlar görməmişdim. Qol vuranda qışqırırdılar, qol buraxanda da qışqırırdılar. Hər ikisində oyunçular söyülürdü. Qol vuranda sevindiklərindən söyürdülər, qol buraxanda oynaya bilmirlər deyə. Futbola həvəsim olsa da, ciddi bir iş kimi görmürdüm. Qorxurdum ki, birdən alınmaz, oynamaram. Pulsuz qalaram. Ona görə atadan qalma işmi görməyi, böyütməyi düşünürdüm. Fikrimə görə 2 inəyi, artırıb fermayacan gedə bilərəm. Sonra ərazi götürərəm, inəkləri orda sağarlar, südləri paketlənib satılar. Mən də əli cibində pul qazanaram. Olmadı. Nə də futbolçu oldum. Ən pisi isə dayımı itirdik. Yox, ölmədi. İtirdik. Bakıda azadlıq hərəkatları başlayan zaman dayımda orda qoşulmuşdu deyə mitinqlərdə iştirak edirdi. Bir gün necə oldusa, mitinqə gedirəm deyə evdən çıxıb, sonra şəhərdə yox olub. Dostlarının dediyinə görə ən son atışma olmuşdu. Yaralananlar arasında görmüşdük, amma sonra necə oldusa yoxa çıxdı. Kimisi deyir yaralananların çoxunu maşınlara yığıb aparıb çöllüklərdə toplu halda basdırıblar, kimisi dənizə töküblər deyir. Əsas məsələ, xəbər olmadı. Kimə şikayət olunurdusa belə üstü örtülür, baxarıq, edərik deyə-deyə yola verilirdi.
Həmin dövrləri xatırlayıram. Çətin dövr idi. Axşama evə sağ gələndə şükr edirdilər ki, bu gün başlarına bir şey gəlmədi. Müharibə, işsizlik, əli silahlı küçələrdə gəzən insanlar çox insanda ümidsizlik yaratmışdı. Küçəyə çıxıb “qatıq var, süd var” deyə qışqırmaqdan belə qorxurduq. Millətdə süd alacaq pulun olmadığı vaxtların belə olduğunu görmək ağır idi. Kim dövlət işinə giribsə əli 3-5-dən görəcəkdi heç olmasa. Onların da həyatları təhlükədə idi. Bu gün Əlisi gəlirdisə, hakimiyyətə, sahabki gün Vəlisi gəlib ən yaxşı halda çölə atırdı.
Bacımı həmin vaxtlarda evləndirdik. Əri babamızın əmisi nəvəsi idi. Atamın dediyinə görə qohumla yaxınlıq ən yaxşısıdır. Kənarı bilmək olmur.
Mən də bacımdan 2 il sonra məni də əmimin həyat yoldaşının əmisi qızı ilə evləndirdilər. Evlilik çox önəmli deyildi mənə. Fərqi yox idi deyə hə demişdim. Nə bilim sonradan daha önəmli olacaqmış. İstər-istəməz bir ömür yaşayırıq, seçim edərkən diqqət etmək lazımdır.
Mənim toyumdan 1 il sonra anam, 2 il sonra da atam öldü. Ölüm səbəblərini bilmədim. Heç bir xəstəlikləri olmadığı halda yatdıqları yerdə ölmüşdülər. Bacım arvadımın zəhərləyib öldürdüyünü deyib neçə dəfə dava çıxartmışdı. Buna görə bir ilə yaxın evə də gəlməz olmuşdu. Sonunda güc-bəla barışdıra bildim. Zəhərlənmək məsələsinə gəldikdə isə inanmıram. Həyat yoldaşım (Səkinə) bunu edəcək bir insan deyil. Səkinədən 2-də qızım olmuşdu. Birinciyə anamın adını qoydum - Nigar. İkinciyə, Səbinə adını qoydum. Atamın adını qoymaq istədiyim bir oğlumun olmasını istəsəm də olmadı. Nəslimin davamçısı olaraq tək mən qalmışdım. Həm bir oğlanı kim istəməzdi?! Bəlkə gələcəkdə peşəmi atadan, oğula ötürə bilərdim. Mənim və atam kimi daşıyaraq məhəllələr arasında satmazdı, işi daha da böyüdüb xəyalını qurduğum fermanı onunla qurardıq. Onsuz əlinə süd, qatıq alıb küçələrə düşməyin də bir mənası yoxdu. Qızlarla bunu etmək olmur. Bu gün varlar, sabah evlənib köçüb, gedəcəklər. Qadın olmaq həm çətindi. Kimisi çıxıb deyir ki, qadın olub savaşmaq mümkündür, amma nə yalan deyim bir yerdən sonra çətinliyindən qaça bilmirsən. Adi yolla gedəndə belə sataşırlar. Neçə dəfə olub ki, yol gedən cavan qızların yolunu kəsib söz atırlar. Elə bilirlər belə edəndə qızların xoşuna gəlir. Yanına gedib, ayıbdı, əgər ciddi bir söhbət etmək istəyirsənsə, insan kimi yol tap -deyəndə də elə böyük-böyük danışırlar ki, bunların böyüyüb ailə başçısı olacağını, övlad yetişdirəcəyini düşünəndə gələcəyə olan ümidim ölür. Qızlarıma baxıram, necə safdılar. Mənim və bacımın qaçdığı həyətdə indi onlar qaçır. Bacımın gəldiyi vaxtlarda oturub onunla baxırıq. Təssüf ki, uşaqlığımızdakı kimi biz də saf qala bilmədik. Yaşamaq üçün lazımdı deyəsən dəyişmək. Uşaq qalaraq yaşamaq olmur. Yaşamaq üçün etmərəm dediyin hər şeyi etməyə məcbur qalırsan. Bir dəfəsində marketdə girmək üçün südlə qatığı marketin girişinə qoymuşdum. Çıxanda 2 süd əksik idi. İnsaflıymış ən azı oğru, hamısını aparmamışdı.
Bakının yollarında hər gün başıma bir hadisə gəlir. Bəzən hamısını toplayıb “Südçünün xatirələri” deyə kitab yazmaq istəyirəm. Balaca bir şəhərin sonsuz, bitməyən xatirələrinə şahid olmuşam. Müharibənin şiddətli dövründəki həyatını, yoxsulluğu, 1 manat üçün adam öldürmək həddinə çatan dövrlərindən keçmişəm. Sonra başımın çıxmayacağı bir dövrə keçdik. Bilərsiniz, bu bizim içki masamızda 2-ci rumkadan sonra etdiyimiz söhbətlər. Dövlətin bilinməyən üzünü çıxararırıq, müxalifəti pisləyər, iqtidarın etdiyi oğurluqlara göz yumarıq ki, bunların gözü doyub, bundan sonra xalq üçün çalışacaqlar. Yerinə kim gəlsə ac gələcək. Hər birimiz Çaxır adlı inəyim kimiyik. Otunu, suyunu verdikdən sonra ondan Kralı yoxdu. O ki, biraz ac buraxasan səsi düşəcək ortalığa. Amma başqa heç bir şey əlimizdən gəlməyəcək. İçki masasında edilən digər söhbət isə kasıbçılıq və pul qazanmağın sirləridi. Kimisi çıxıb çayxana açmağı təklif edəcək, kimisi ev alıb kirayə verməyə. Söhbət qızışacaq, ağız deyəni qulaq eşitməyəcək. Ortalığı sakitləşdirmək üçün məclisin ən “düşük” zarafatını edən şəxs çıxıb - gəlin ondansa trasa çıxaq, qəhbəlik edək. Sənöl, pul onlardadı. Sıfır büdcə ilə iş. Bu iyrənc zarafatdan sonra kimisi sakitləşib heç baş qoşmayacaq, kimisi cavab vermək xatirinə kim neyləsin səni?-deyəcək. Buna gülən çox olacaq. sonra söhbət bu istiqamətdə gedəcək. Birisi“ədalətlidir bu? Mənim 2 həftəyə işləyib, alın tərimi qoyduğum işdən qazandığımı onlar 1 saata qazanır” deyəcək. Cavabında “onların çəkdiyi heç birimiz çəkmirik. Niyə naşükürlük edirsən? Həm onlara pul qazandıran sən, mən deyilik?” deyib məclisin ən hikmətli sözünü partladacaq.
Bir dəfə yenə yollarda qaldığım günlərdən birində südümü, qatığımı satıb evə dönərkən yolda polisin yaşlı bir qadını saxlayıb, cərimə yazdığını gördüm. Yaşlı qadının səsini uzaqdan belə eşitmək olurdu. Yaxınlaşdım ki, nə olub görəsən. Qadın yalvarırdı, pulum yoxdu, yazsan ödəyə bilməyəcəm. Üzrlü say. Bilməmişəm deyərək az qala polisin ayağına düşəcəkdi. Polis isə başını qaldırmadan nəsə yazırdı. Yaxınlaşıb, üzrlü saymasını, yaşlı qadındı, yola verməsini xahiş etsəm də bu vəzifəmdir. Yazmasam məni cərimələyəcəklər dedi. Yazdı və getdi. Arvadın gözü dolmuşdu. Cəriməyə baxıb, mənim yarım aylıq dolanışımdı bu. Necə ödəyəcəm?-deyə dərd ağlayırdı. Baxdım, bir ara qeyrətin mənə güc gəldiyini hiss elədim. Kişiləşib verin mən ödəyərəm demək istəyirdim ki, Səkinənin üzü gözümün önünə gəldi. Hansı gününə aldın?-deyəcəkdi. Evdə 2 qızın var, onlar üçün heç nə almazsan ki, pul yoxdur, amma yoldan keçənin cəriməsini ödəyərsən. Sonra düşünüb, haqlı olduğuna qatılacaqdım. Cəriməni cırıb atacaqdım ki, ödəməyəcəm. Həmin qadın ümidli halda gözləyəcəkdi. Sonra misliylə qapısına duracaqdılar ki, cəriməni ödə!
Sadəcə baxdım qadına. Əlimdən çıxartıb bir butulka süd verə bilmək gələrdi ancaq. Özümü aciz hiss eləmişdim. Yaşamaq üçün satmalısan. Yadıma məktəbdə müəllimin bizi bu günlərə hazırlaşdırmaq üçün etdiyi vərdiş düşdü. Sinifdən çıxdığında tapşırardı bir nəfərə ki, kim səs çıxartsa, adını lövhəyə yaz. O da çıxıb sinifin ortasında hər kəsə ağalanardı. Həmin şəxs mütləq ki, müəllimə ən çox hədiyyə verən, pul verən valideynin övladı olmalıydı. Həmin oğlan da anasının, atasının pulu hesabına 10 dəqiqəlik də olsa, gələcək üçün necə əclaf olunar, onu öyrənərdi. Çıxar, hər kəsi qıcıqlandırardı ki, səsləri çıxsın. Kim özünü saxlaya bilməyib nəsə deyərdisə həmin dəqiqə adını lövhədə tapardı. Müəllim gələn kimi də özünü otağın bir küncündə, üzü divara.
Hər kəsin dilində dolaşan əvvəl belə deyildi, əvvəl saflıq var idi. İnsanlar mehriban, yardımsevən idi. İndi hamı bir-birinin quyusunu qazır-deyirlər. Amma o vaxtı da belə idi. Boş yerə özlərini təmizə çıxartmağa çalışmasınlar. Sadəcə övladları onlardan da əclaf çıxıb.
Bizim dövrümüz bitmək üzrədi. Artıq küçədə “süd, qatıq” deyə qışqıranların sayı azalıb. Hər kəs marketlərdə satılan hazır süd və qatıqları almaq istəyir. Onlara görə əl dəymədən hazırlanması daha yaxşıdır. Nə bilsinlər mən südə su qatırammı, yoxsa inəyi hansı şəraitlərdə saxlayıram. Onlara da haqq verirəm, zamanə güvənsizliyi tələb edir. Bir oğlum olsa yəqin mənim kimi küçələrdə “süd var, qatıq var” deyə qışqıra bilməyəcək. Məndən sonra da həm nəslim, həm küçələrin qatıq satan əmisi yox olub gedəcəkdi. Bəzən binanın qarşısına keçib qışqıranda kimsə pəncərədən yuxarı gəl deyəndə qaçaraq yuxarı çıxıram. Atamla ilk dəfə süd satmağa gəldiyim günlərdəki kimi. İlk sevincim kimi yaşayıram. Bəzənsə, qışqıranda pəncərədən çıxıb qışqırırlar, amma yuxarı gəl demək üçün yox, səsimi kəsməyim üçün. Bax, bu əvvəllər yox idi.
Uşaqlığımdan ötrü darıxmağa başlamışam bu aralar. Tək çıxıb Dəvə dağında otururam işdən evə qayıdandan sonra. Evləri təxmin etməyə çalışıram. Uşaq vaxtı dediyim adların çoxu ölüb indi. Sağ qalanların da çoxu köçüb gedib, evlərini satıb. Adlarını belə bilmirəm indi. Köhnə dostlarımı belə görmürəm. Sonra evə gəlirəm, Səkinəylə bərabər inəkləri sağıb, səhər üçün hazırlıqlar görürəm. Son südümü və qatığımı satıram. Daha heç kim əlində süd, qatıq avtobusun arxasıyca qaçmayacaq, məhəllələrə girib “süd var, qatıq var” deyə qışqırmayacaq