SƏMƏD ŞIXI-SOLDAN SAĞA BEŞ HƏRF (I)

***

 

Aprel ayını heç sevmirəm. Yazın girməsinə baxmayaraq hava istiləşmək əvəzinə birdə görürsən qışdan betər olur, ya da elə isti olur ki, yayda elə isti görə bilməzsən. Havada insanlar kimidir, nə zaman dəyişər anlamazsan. Üzünüzə güləcək arxanızı çönən kimi nələr edəcək nələr. Siz isə parka çıxmaq üçün gözəl havanın olmasını gözləyən saf uşaqlar kimi hey öz düşündüklərinizə inanacaqsınız. Aprelə xüsusi ilə ayrı bir nifrətim yoxdu. Bütün ayları sevmirəm ən çox da mayı. Siz heç dünyaya gəldiyiniz günü sevməyən adam gördünüzmü? Mən hər gün aynanın qarşısına keçəndə görürəm. Kaş heç doğulmayardım, kaş yaşamayar, lazımsızca bu qədər insanı görməyərdim. İnsan dünyaya gəldiyinə o zaman haqq qazandırar ki, istədiyi həyatı yaşayır, yoxsa nəfəs alıb verməyə yaşamaq deyirsinizsə mənim tək bacardığım odur. Arada onda da çətinliyim olsa da, güc-bəla ilə on yeddi ili başa vurmuşam. Daha neçə on yeddi görəcəyimi bilmirəm, amma gördüyüm kimidirsə almayım. Bu qədəri mənə bəsdir, hətta artıqdı. Anam (Sevda, evdar qadındı) məni həmişə olduğu kimi məcbur marketə göndərdi ki, çörək alım. Evdə olduğum günlərdə də anam qoymaz evdə oturum. İşə getmək bəzən daha xoş gəlir mənə. Iki çörək almaq üçün ayaqqabımı geyinib yola düşdüm. Evimiz şəhərin mərkəzindən biraz uzaqda yerləşən dağlıq, kəndə bənzər qəsəbədədir. Qəsəbəyə illər əvvəl, bacım dünyaya gələndə köçüblər. Məndə burda dünyaya gəlmişəm, uşaqlığım burada keçib, amma buna uşaqlıq demək olmaz. Heç kəs məni sevməzdi deyə aralarına da almazdılar. Çox vaxtda dalaşardım deyə mənimlə dostluq edən tapılmazdı. Qonşuluqdan dostluq elədiyim təkcə Adil idi. Adil mənə yaxşı şeylərə çəkməsə də tək dostluq edə biləcəyim insan o idi. Qumarı, oğurluğu hər kəsə məlum idi, ona görə də mənim kimi hər kəs tərəfindən kənarlaşdırılırdı. Onunla yaxınlıq elədikcə isə içindəkini görürdüm, onun necə bir yaxşı adam olduğunu, amma həyatın onu belə elədiyini başa düşürdüm. Nəysə, çörəki alıb, ara küçə ilə evə doğru irəlləməyə başladım. Evimizlə market arasında beş dəqiqədən az məsafə var idi. Ara küçə mənim gizli məkanım idi, oranı heç kəsə görünməyim deyə işlədirdim. Bir məsəl var, bəladan nə qədər qaçarsansa, o, sənə o qədər yaxın gələr deyə, elə də, oldu. Qonşuluğumuzdaki Bəxtiyar çıxdı qarşıma. Bəxtiyar bizdən iki – üç ev aralıda arvadı, üç uşağı ilə bərabər qalır. Hansısa şirkətdə sürücü işləyir, maaşı da pis deyil. Məni sevib – sevmədiyin deyə bilmərəm, çünki dediyi sözləri hələ tam anlaya bilməmişəm. Tərifləyərək təhqir edə bilir insanı. Mənim yaxşı birisi olduğumu, lakin oxumadığım üçün avara olduğumu deyir. Sankiöz xoşumla oxumadım.

- Salam, Ceyhun necəsən?

- Yaxşıyam, Bəxtiyar əmi, sən necəsən?

- Nə edəcəm iş – güc. Fərhad nə edir, dəyib eləmir daha biz tərəflərə də.

- Bilmirəm, yəqin işdədir.

- Hə, yaxşı edir. Boş–boş oturub içməkdən yaxşıdır, sən də işlə.

Oxuya bilmədin, heç olmasa işlə özünə gün ağla. Bu gün sabah evlənəcəksən, ailən olacaq.

- Düz deyirsiz. – hardan çıxdı yenə bu qarşıma – deyinə-deyinə qurtarması üçün dəqiqələri sayırdım.

- Mənim böyük oğlum var e, Həsən. Universiteti bitirdi, özü də qırmızı diplomla. Dövlət özü iş verdi, yaxşıda maaş. Mən vaxtında atana dedim uşağı oxut, kor eləmə. Dinləmədi də məni.

- Nə edək. Bəlkə beləsi xeyirli imiş

- Bəlkə də. Çörəki soyutmadan yemək yaxşıdı. Tutmayım səni.

-Hələlik, salamımı deyərsən.

- Baş üstə. – deyərək ordan iri addımlarla uzaqlaşmağa başladım.

Yenə özünə məxsus nəsihəti ilə sözlərini soxub getdi. Evə çatıb çörəyi anama verib çörək yemək üçün mətbəxə keçdim. Anam bişirdiyi yeməkdən boşqaba çəkib çörəklə qabağıma qoydu.

Anam otuz səkkiz yaşında evdar qadındı. Tək peşəsi bütün günü ev işi görmək və Fərhadın ahını çəkməkdi. Atamın qırx yaşı iki var, hündürboy biraz qaraşındı. Qaralmasına səbəb binalarda ustalıq etməsidi. Anlayacağınız bənnadır. Anamla istəksiz evləndiriblər. Bəlkədə seçim verilsəydi razı olmazdı, kim bilir bəlkə də sevdiyi birisi olub. Atamın isə belə şeylərlə yaxından uzaqdan əlaqəsinin olmadığını anlamaq elə də çətin deyil. Tək dərdi axşam özünü evə çatdırmaq və qazandığı iki – üç manatı içkiyə vermək, tapa bilərsə özünə bir yoldaşla, tapa bilməsə tək başına butulkanı boşaltmaqdı. Hər gün də istəyinə nail olur. Evdə ayrı fərd kimi yaşamağa öyrəşib. Ünsiyyətdə belə az olar, işlətdiyi tək – tük sözlər olar, yeməyimi gətirin, paltarlarım hardadı? Və sairə və ilaxır. Anam isə artıq alın yazısı ilə barışmış, həyatını heç nə deyə xərcləyir. Ürəyində bəlkə də, son günlərini sayır ki, bircə öləydi canı qurtulardı. Evdə başqa bacımda var - Şəfiqə. Anam qədər onunda çəkmişliyi var. Məndən bir yaş böyükdü. Mən səkkizinci sinifə qədər getsəmdə atam Şəfiqəni dördüncü sinifdən çıxartmışdı ki, anama kömək eləsin. Bütün günü ev işlərində anama kömək edər, boş vaxtlarında da qonşunun qızı Xədicənin yanına gedərək onunla bərabər boyunbağılar düzəldər. Xədicə də satışdan ona biraz pul verərdi. Şəfiqənin üzü solsa da gülümsəyərək üzündəki həyatdan solmuş simasını gizlədə bilirdi. Boyu 1.65 sm olsa idi. Gördüyü işlərdən yaşlanmış bir görünüşü vardı. Dünyayla tək əlaqəsi evdəki balaca TV-idi. İşlərini gördükdən sonra anamla bərabər oturaraq TV-dən serial ya da yerli verilişləri izləyərdilər. içlərindən onların yerində olmaq keçirdimi bilmirəm, amma TV-ə necə həsədlə baxdıqlarının şahidi olmuşam. Yemək yedikdən sonra həyətə düşərək həyətdə fırlanmağa başladım. Həyətimiz çoxda böyük deyil, bir mərtəbəli evimiz, toyuqlarımız üçün daxma, birazda əkin üçün boş sahə. Anam toyuqlarına baxar, özünə lazım olan tərəvəzlərdən əkərək evin xərcini azaldır. Yaşamaq üçün pis yer deyil əslində. Sakit, sərin yerdi. Maşın yolundan uzaqda, səs- küydən aralıda yerləşir. Çoxlarının xəyalıdır, bəlkə də burada yaşamaq. Yaşadıqlarınla xoşbəxt deyilsənsə, harada olduğunun fərqi nədir ki? Evdə oturmaqdan sıxılırdım, sanki divarlar üstümə - üstümə gəlirdi. Qaçıb getmək, o evlə bağlı bütün xatirələrimi unutmaq istəyirəm. Nə qədər dava olar, nə qədər hər gecəni səs küylə bitirmək olar? Saat hələ üçü keçməmişdi. Əynimi dəyişib Sənanla görüşmək qərarna gəldim. Anama onlara gedəcəyimi dedim. Sənan mənim uşaqlıq dostum, həmdə xalamoğludur. Uşaqlığımız bir keçib, heç kəslə bölüşmədiyim sirri onunla bölmüşəm. Həyatda tək sirdaşım odur desəm yalan olmaz. Sənan məndən bir yaş böyükdür, boyuda mənim boyumdan 5 sm böyükdür. Məndən daha yaraşıqlı və düz qamətlidir. Aramızdakı əsas fərq isə onun universitetə qəbul olmasıdı. Mənim istədiyim həyatı o rahatca yaşayır. Sənanın atası Dadaş əmi çox yaxşı insandır. Sənanın oxumasın ən çox o istəyir, istəmir ki, oğluda onun kimi fəhləlik eləyib yarı ac – yarı tox yaşasın. Mənim atamlada nə qədər dalaşsa da ki, qoy ikisi də oxusun atam razı olmamışdı. Mən öz xərcimi özüm qarşılayacam, səndən pul istəməyəcəm desəm də yenə yox deyərək oxumağıma qarşı çıxmışdı.

Sənanı bəzən qısqanırdım. Oxuyur, istədiyi yerə gedə bilir, istədiyi adamlarla dostluq edə bilirdi. Onlara gedəndə paxıllığımdan partlayacaq dərəcəyə çatıram. Sanki allah mənə bax gör, ancaq yaşaya bilməyəcəksən o həyatı deyərcəsinə bütün xəyallarımın gerçəkliyini Sənanda göstərir. Dadaşın Sənanla mehribancasına davranmağı, necə mehribancasına qucaqlaşıb görüşdüklərini, bir – birlərinə elədikləri zarafatları görəndə özümün ögey olduğunu düşünürəm. Niyə mənim atam mənimlə belə davranmır deyə hər onlara gedəndə düşünürəm. Axırıncı dəfə atamdan oğlum sözün eşitdiyimi xatırlamıram. Zöhrab xalam isə anama çox oxşayır, deyərdim ki, eyni xasiyətə malikdilər. Zöhrab xalamda fərqinə vardığım dəyişiklik evdə fərqli, kənar yerdə fərqli olmasıdır. Evdə Dadaş əmimlə deyib gülər, zarafat edər, çölə çıxanda isə ağır təbiətli, tam ciddi formada olar. Bir dəfə ondan bu xasiyətini soruşanda qadın çöldə ağır olar, dişlərini ağardıb hər yerdə gülməz demişdi. Yaşca anamdan böyük idi. Görünüşcə isə anamdan qat –qat cavan görsənirdi. Kaş mənim atamla anam olar olaydı deyirəm bəzən. Necə xoşbəxt olardım. Sənanın həyatını qısqansam da heç vaxt bunun kinə çevrilməsinə Icazə verməmişəm. O, mənim tək dostumdur. Uşaqlıqdan bəri elədiklərimizi saymağa çalışsam günlər yetməz. Onlara getməyimin başqa bir səbəbi də onda olan kitablar idi. Kitab oxumağı sevdiyindən əlinə pul düşən kimi kitab alardı. Mən də gedib ya olarda oxuyar, ya da evə gətirib oxuduqdan sonra qaytarardım. Kitablar məni fərqli aləmə aparır həmişə. İnsanların həyatları, baş verən möcüzələr geri dönüşlər. Düşünürəm, görəsən, mənim həyatım kitab olsa idi, necə olardı? Kimsə alıb oxuyardımı? Ya adını nə qoyardım? Sənangil şəhərə yaxın yerdə qalırdılar. Bizdən olara birbaşa avtobus olmasa da metroda düşüb piyada on dəqiqəyə onlara çatmaq olurdu. Bina evini həyət evindən üstün tuturam. Həyətini təmizləmək dərdi yox, başqa görəcəyin dərdi yoxdu. Həm hündürlükdə yaşamaq daha maraqlıdı. Anama nə zaman binada yaşasaydıq maraqlı olardı desəm - məni öldür o binada qalmaram deyər. Birdən zəlzələ oldu, necə düşüb qaçacıq? Evə çatıb qapını döydüm. Sənan gələcəyimi bilirdi. Evdən çıxanda zəng edib xəbər eləmişdim. Qapını açıb məni görüb içəri dəvət elədi. İçəri keçib ayaqqabılarımı çıxartıb qonaq otağına keçdim. Zöhrab xala ilə görüşüb, Sənanın otağına keçdik. Sənan dərs oxuyurdu. Mən sakitcə kənara çəkilib, onun yatağında əyləşib onu izlədim. Zöhrab xala içəri keçib ac olub-olmadığımı soruşdu. Mən evdən çıxanda yediyimi dedim. Amma çay təklifinə yox demərəm dedim, gülüb – bu dəqiqə deyərək otaqdan çıxıb iki dəqiqə sonra əlində stəkan, yanında da

şokaladla içəri girdi.

- Mən istəyəndə şokaladı verməz. Sən gələn kimi necə verir. –

Sənan anasının mənə uzatdığı şokaladı görüb dedi.

- Az yeyirsən elə bil.

- Çox sağ ol, xala. – deyərək stəkanı alıb şokaladın birini Sənana uzatdım.

- Özün ye, yalandan deyir. Dünəndən bir kilonu tək yeyib.

Zöhrab xala otaqdan çıxdıqdan sonra sakitcə çay içib, Sənanın dərsini qurtarmasını gözlədim. Arada mənə tərəf çönüb, onu gözlədiyimi görürdü. Onunda ürəyindən dəftər kitabı atıb danışmaq keçdiyini bilirdim, amma onun dərsindən qalmaması üçün susurdum. Bilmirəm dözməyib yoxsa dərsini qurtardığından idi, beş dəqiqə keçməmiş kitablarını bağlayaraq mənə tərəf çönüb, hə danış görüm, nə var, nə yox?-dedi.

- Nə olacaq. Sıxılırdım, dedim gəlim görüm mənsiz nə edirsən.

- Nə edəcəm. – kitabları göstərərək gülümsədi.

- Təzə nə kitabın var?

Ayağı qalxaraq kitab rəfini eşib mənə bir kitab gətirdi. Kitab biraz qalın olsa da maraqlı kitaba oxşayırdı. Vərəqləyərək dərsini qurtar, həyətə düşüb gəzərik dedim.

- Dərsimi qurtarmışam. Biraz özümə gəlim düşərik. – deyərək özünü kravatına atdı.

Məndə o arada kitabı vərəqləyib on beş səhifəyəcən oxudum. Birlikdə həyətə düşdük. Məktəbdən gələn bütün uşaqlar küçədə idi. Sənangilin məhəllələri mənə çox doğma idi. Uşaqlığımın bir hissəsi burda keçib, məhəllədəki hər kəsi demək olar ki, tanıyıram. Məhəllədəki uşaqlar da mənə qarşı mehriban idilər, məni qovmur hətta öz oyunlarına dəvət edirdilər. Böyümək elə də asan iş deyil, istəyirsən yüz yaşına çat içindəki o şıltaq, ora–bura qaçmaq istəyən uşaq varsa, hələ də uşaqsan. Futbol topunu görüb də ona bir zərbə vurmaq istəməyən adamı tanımıram. Futbol çoxuna görə mənasız bir oyun sayılsa da, əslində bir həyatdır. Necə ki küçədə yaşayan bir qızcığazın zibillərin içindən köhnə oyuncaq tapanda yaşadığı sevinci çoxusu futbol topunu görəndə yaşayar. Sənanla həyətdə futbol oynayan uşaqlara yaxınlaşıb bizi də oyuna qatmalarını xahiş elədik. Biraz düşündükdən sonra hərəmiz bir komandaya bölünərək oyuna başladıq. Top ayağımızın altından o tərəfə, bu tərəfə doğru gedirdi. Kimin ayağına gələrdisə güclü zərbə ilə digər qapı tərəfə udarlayar ya da yanındaki yoldaşına pas atmağa çalışardı. Hər kəsin gözü dörd açılmışdı. Gözləri ilə topu axtarıb, topu qapan kimi qapıya doğru irəlləyib, güclü zərbə ilə qapıya vurmaq həvəsində idi hər kəs. Bizim komanda qalib gəldi. 11-7 hesabla Sənangilin kamandasını məğlub elədik. İki topu özüm vurdum. Sənan isə yalnız bir top vura bilmişdi. Oyundan sonra evə gəlib tərimizi qurulayıb, Zöhrab xalanın bizə şirniyyatla verdiyi çayı içib otağa keçdik. Mən yenə kitabı əlimə alıb oxumağa başladım. Əllinci səhifəni oxuduqdan sonra başımı qaldırıb Sənanın nə elədiyinə fikir verdim. Telefonla kimləsə mesajlaşırdı.

- Kimlə mesajlaşırsan belə?

- Heç, uşaqlarla.

- Dəqiq?

- Hə.

- Elə olsun. – deyib gülümsədim. Üzündəki təbəssümdən söhbətin təkcə dost söhbəti olmadığını anlamışdım.

Kitab oxumağa davam elədim. Saat keçirdi. Axşam saat doqquz idi ki, Dadaş əmi işdən gəldi. Yenə üstü tor – toz içində, əllərinin dərisi soyulmuşdu. Dadaş əmi evlərinə yaxın yerləşən “Qul bazarı”ndan onları gəlib seçmələrini gözləyir. Məktəbdə quldarlıq dövrü bitdi deyilsədə hələ mövcud idi. Onun  nümunəsi Dadaş əmim idi. Öz iş avadanlığlarını götürərək onları seçmələrini gözləyən QULLAR bütün günü soyuqda və istidə gözləyirlər. Bəzən işləri olar bəzən isə günlərlə gözləyərlər. Yəqin bu gün Dadaş əminin işi olub, yorğun olsa da üzündə təbəssüm var idi. İşləmiş və üstü çirk içində evə gəlmək ev sakinləri üçün bu günün çörəyi var demək idi. İçəri girən kimi əlindəki çantasını yerə qoyub ətrafa göz gəzdirdi. Qapının səsin eşidən kimi mən və Sənan yerimizdən atlayıb onu qarşılamağa getdik. Məni görüb xoş gəlmisən deyərək görüşdü. Zöhrab xalaya tərəf çönərək, bu gün nə bişirmisən? Acından öləcəm. – dedi.

- Get əlini yu, görərsən. – Zöhrab xala həmişə olduğu kimi yeməyini sirr kimi saxlayıb, süpriz edəcəkdi.

Birlikdə masa ətrafında əyləşərək yemək yedik. Dadaş Sənandan dərslərini soruşur, Sənan yarı zarafat, yarı ciddi şəkildə cavablar verirdi. Sıra mənə gəldi. – sən neyləyirsən Ceyhun?

- Mən? Nə edəcəm. Iş filan.

- Hə, başa düşürəm səni. İşlər ağırlaşır, həyat çətinləşir. Gərək yaşamaq üçün nəsə edəsən.

- Elədir, Dadaş əmi.

- Günün altında nə deyə işləyirəm yoxsa. Bir gün tirlənib qalacam istidən.

Yemək dadlı idi. Zöhrab xalanın yeməkləri həmişə dadlı olardı. Anama bəzən xalam səndən dadlı yemək bişirir deyəndə o da razılaşırdı mənimlə. Yeməkdən sonra birlikdə oturub biraz söhbət elədik. Dadaş əminin yenə iş üçün getdiyi villalarda başına gələn əhvalatları, söhbətləri bizə danışır bizdə sakitcə oturaraq onu dinləyirdik. Saat onu keçmişdi artıq. Otağımızda oturub söhbət edirdik. Sənan universitetdə başına gələn maraqlı hadisələri danışır, telefonunda şəkilləri göstərirdi. Mən də öz rəylərimi bildirərək qoşulurdum. Sıxılmadan baxdığım şəkillərdə bəzən aralarında özümü görürdüm. Kitabı gecə birəcən oxudum. Dörd yüz səhifəlik kitabın yüz əlli səhifəsini oxumuşdum. Nə yaxşı ki, məktəbdə heç olmasa oxumağı öyrənə bilmişdim. Daha çoxunu öyrənərdim bəlkə də. Məktəbin ən yaxşı oxuyanlarından biri idim. Müəllimlərim universitetə girəcəyimdən əmin idilər. Mənim müəllim olmağımı istəyirdilər, deyirdilər ki, səndə yaxşı səbr və dinləmə qabiliyyəti var. Əsl müəllim xasiyyətinə maliksən. Mən isə memar olmaq istəyirdim. Neçənci sinifdə oxuduğumu unutmuşam. Hə, deyəsən axırıncı ilimdir. Bu il məzun olmalı idim. Gələn ildə universitetə qəbul olardım yəqin. Məktəb yoldaşlarımlada əlaqəm kəsildi. Görəsən hansı universitetə qəbul olacaq? Aysel var idi, yəqin o qəbul olardı. Başqa kim? Nə bilim. Üzlərini belə unutmuşam. Məktəbimin sonuncu günü yadıma gəlir. Atam gəlmişdi məktəbə. Atamı görəndə anlamışdım ki, bu sondu. Axşam mənə səni çıxartacam desədə mən eləməz deyə özümə təsəlli vermişdim. Atamı məktəbdə görəndə anladım ki. bu sondur. Atama ilk dəfə onda yalvarmışdım ki, eləməsin. Amma məni dinləmədi. Sənədlərimi direktorla danışaraq götürüb, məni də yanına qoşub, evə apardı. Sonuncu dəfə doyacan məktəbimə baxa bilməmişdim. Gözəl şəraiti yox idi, bəlkə, amma mənə çox şey vermişdi. Məktəbdən çıxdıqdan iki gün keçmişdi ki, atam məni Maqsud ustanın yanına işləmək üçün göndərdi. O gündən bəri mənə Maqsud usta müəllimlik eləyir. Yaxşı kişidi. Dünya görüşü də var,boş olanda oturub onunla maraqlı söhbətlər edirik. Maqsud usta 45 yaşındadır, saçı biraz ağarsa da özünə məxsus karizmalığını qoruyub saxlamışdı. Yanına da həmişə bahalı maşınlar gələrdi. Neçə tanınmış müğənninin maşınını onun yanına gətirdiyini öz gözümlə görmüşəm. Ailəsi haqqında heç danışmazdı. Söhbət düşəndə də, get işini gör tənbəllik eləmə deyərək söhbəti dəyişərdi. Bir neçə dəfə sualım cavabsız qaldıqdan sonra daha soruşmadım. Məndən başqa yanında iki nəfərdə işləyirdi. Ramazanla, İbrahim. Ramazan iyirmi dörd yaşında, hündürboy, saqqallı birisi idi, təzə evlənmişdi. İbrahim isə məndən iki yaş böyük idi. Oxumağa marağı olmadığından öz istəyi ilə bura gəlib düzəlmişdi. Kitab oxumağın ən gözəl yanlarından biridə kitab oxuyarkən özünü başqa aləmdə tapa bilməkdi. başqa dünyanı gəzir, başqasının həyatına şərik olub, onunla bərabər həmin həyəcanı yaşayırsan. Hələ ki kitab maraqlıdırsa, onun tez axırına çıxmaq istəyirsən, sonunu öyrənənəcən kitabdan əl çəkməyirsən. Kitabı qurtaranda isə niyə belə qurtardı deyə təəssüflənirsən, ya da kaş bitməyərdi deyə kitabı vərəqləyərək gülümsəyirsən ki, halal olsun mənə, gör bu qalınlıqda kitabı nə tez oxuyub qurtardım.

Adət etdiyimdən səhər tez qalxdım. Mən qalxanda Sənan qalxmış, paltarını geyinirdi. Ustam iki günlük icazə verdiyindən bu gün də işə getməyəcəkdim. Yerimdən qalxaraq Sənanla bərabər səhər yeməyi yeyib çıxdıq. Sənanı universitetinəcən ötürdükdən sonra şəhəri biraz gəzib, evə getmək qərarına gəldim. Yarımçıq buraxdığım kitabı avtobusda vərəqləyərək bir neçə səhifədə ötürdüm. Avtobusdan düşəndən sonra evə doğru piyada irəliləməyə başladım. Yollarımız asfaltlı deyildi, çınqıllı yollarla dar küçə boyu irəlləyirdim. Döngəni dönəndən sonra mənim başımın bəlalarının orda olduğunu gördüm. Məni görməsəydilər geri çönüb yolumu dəyişəcəkdim, amma artıq iş-işdən keçmişdi. Məni görən kimi toplaşıb, mənim gəlməyimi gözlədilər.

- Bax hələ bir. Ceyhun bəyimizin kitabıda varmış. Sən kitabda oxuya bilirsən?

- ... – səs çıxartmadan başımı aşağı salıb yoluma davam elədim.

- Dayan bir görüm, səninlə deyiləm?! – qabağıma keçərək əlimdəki kitabı almağa çalışdı. – ver görüm o, kitabı.

- Çəkilin yolumdan. – dedim.

- Buna baxın bir, dili də varmış. Ver dedim. – cəld hərəkətlə əlimdən kitabı qapdı.

- Kitabımı verin.

- Görüm hələ... sənin yaşın üçün deyil bu. Məndə qalsın oxuyaram.

- Kitabımı ver dedim.

- Verməsəm nə olacaq.

Dalaşmaq istədiyini başa düşürdüm. Bilirdim ki, bir dənə çıtma vursam hamısı üstümə tökülüşəcək.

- Kitabımı verin, gedim.

- Bacarırsansa, al.

Söhbəti çox uzatmağa ehtiyac yoxdur, məncə. Dalaşdıq və təkləndim. Üst-başım pis günə qaldı. Ktiabındaki vəziyyəti mənim günümdə idi. Çətin kitabı axıra çatdıra bilim. Yol boyu əsəbimdən gözüm dolmuşdu. Gücsüzlüyümmü yoxsa acizliyimmi məni utanc vəziyyətinə salmışdı. Əsəbimdən partlayacaq yer gəzirdim. Qapını açıb içəri girəndə məni atam qarşıladı. Həyətdə oturmuş toyuqlara baxaraq, siqaretini tüstülədirdi. Məni görən kimi bu nə viddi düşmüsən? – dedi. Heç nə demədən evə girmək istədim. Səsini qaldıraraq – səninlə deyiləm? Bura gəl görüm – dedi. Tabe olaraq getdim.

- Kimlə dalaşmısan yenə?

Gözüm dolduğundan cavab verə bilmirdim. Başıma vurduğu qapaz məni ayıltdı.

- Səninlə deyiləm? Yenə nə üstündə dalaşmısan?

- Yolumu kəsib kitabımı almaq istədilər.

- Bu kitab üstündə? - əlimdən kitabın sağ qalmış para hissəsini alaraq həyətin o biri başına tulladı. – oxuyan çıxıb başıma.

- ...

- Kitab oxuyacağına get iki – üç manat artıq pul qazan. Oxumaq qarın doyuzdurmur.

- ... – və mən hələ də susurdum.

- Niyə işə getməmisən?

- Icazə verib mənə bu iki günlük.

- Üst – başına bax. Kişi deyilsən? Səndə vurardın da. – sözləri mənə iynə kimi sancılırdı. – səninləyəm. Söz deyəndə üzümə bax.

Gözümdən axan yaşın qarşısını ala bilmədim. Təskinlik gözləmirdim, on səkkiz ildə görmədiyimi birdən-birə gözləmək biraz absurtcadı. Amma bu qədər sərt olmağa nə məcbur edirdi,

axı?

Evə girib otağıma keçdim. Arxamca Şəfiqə gəldi. Ağladığımı görüb yanımda əyləşdi. Bacımla göz – gözə gələndə bir – birimizi başa düşürük. Başımı sığallayaraq əynimi dəyişmək üçün paltar verib çölə çıxdı. İş çıxışı şəhərə gedib, kitabın təzəsin alıb Sənana qaytaracaqdım. Oxumağa həvəsim də qalmamışdı. Paltarları çıxartıb Şəfiqənin verdiyi paltarları geyindim. Əynimdən çıxartdığım paltarın köynəyinin arxa hissəsində, şalvarında diz hissəsində yırtılma vardı biraz. Anam qonşudaydı deyə məni o vəziyyətdə görmədi. Hamama girərək əl – üzümü yuyub özümə gəldim. Şəfiqədə mənə çay süzmüşdü.

- Həyətdəki sənin kitabın idi?

- Sənanın.

- Cırılmışdı yoxsa gətirəcəkdim.

- Lazım deyil. Təzəsin alacam.

- Atam elədi?

- Uşaqlar yolumu kəsdi. Evə gələndə də....

- Çayını soyutma.

Şəfiqə mənə həmişə ikinci ana rolu oynayıb. Anama çox oxşayır– davranışı, danışığı, hərəkətləri sanki anamdı. Həyatdan bezib solmasında belə sanki anamdan ilhamlanmışdı. Üz formasına görə bir az atama oxşayırdı, biraz da nənəmə. Nənəmə oxşamasına baxmayaraq nənəm onu sevməzdi. Görüşəndə həmişə onunla arasında məsafə saxlayar, necəsən? Yaxşısan?-la kifayətlənərdi. Zəhra nənəm Şəfiqəni sevməsədə mənə qarşı mehriban idi. Mənimlə deyib-gülər, rayona gedəndə qayğıma qalardı. Rayona getməyi sevirdim, çünki orada olanda atam bizə qarşı sərt davrana bilmirdi. Nənəmlə, Azər dayım bizim tərəfmizi tutardı. Azər dayımı çox sevirəm. Həmişə mənimlə vaxt keçirər, mənə maraqlı şeylər danışaraq, məsləhətlər verərdi. Əsl mərd idi. Heç kəsdən qorxmaz, heç kəsdən çəkinməzdi. Sözü üzə deyən birisi idi. Ağzı biraz söyüşlü olduğundan çox istəyəni yox idi. Mənə həmişə yaxşı adamın dostu da, istəyəni də az olar deyərdi. Sən nə qədər düzü desən insanlar səndən o qədər qorxacaq, uzaqlaşacaq ki, onların da səhvini ortaya çıxartmayasan. Yoxsa yalançı olub, hər kəsi tərifləyərək yaltaqlıq eləsən, ölənəcən hər kəs səni padişah edəcək, öləndən sonra isə hər kəs kimi sən də tarixə qərq olub, yoxolacaqsan. Arxandan isə hər iki halda xoş söz deyilməyəcək. Ən azı həyatını mərd yaşa deyərdi (davamı növbəti səhifədə)