SƏMƏD ŞIXI - BAYRAQSIZ
Hər yerdə bayraqlar asılmış, hər kəsin dilində “marş irəli”, “biz qalib gələcik” sədaları yüksəlirdi. Müharibənin başlama xəbəri insanlar arasında sevinc hissi ilə qarşılanmışdı. Bu ona görə yox ki savaşmaq və ölüm onların arzusudur, bu savaşın illərdən bəri yığıb, saxladığı acısı var, ağrısı vardı. İnsanların əlləri, qolları bağlı şəkildə öz torpağından uzaq qalması, evindən qovulmasının acısı, torpaq uğrunda ölən doğmasının intiqamı bu savaşa onları sevinc hissi ilə yola salırdı. Səfərbərlikdən gələn hər zəngdən sonra insanlar gün gözləmədən hərbi komissiyanın yanında toplaşırdı. Yanlarında dostları, doğmaları toya yola salarcasına musiqi sədaları altında göndərərdi. Gedərkən insanların fikrində geri dönə bilməmə hissi yaranmağa başlayırdı. Kimisi maşınlara minərkən geri dönüb, anasını son dəfə qucaqlayır, kimisi sevdiyi qadının arxasından ağladığını görüb, yaxınlaşıb, barmağı ilə gözünü silib, bağrına basırdı. Bəlkə, başqa yerdə olsaydı, dodağından son bir dəfə öpərdi də. Amma bura onun yeri deyil deyib, başından öpərək maşına minirdi. Kimisi də maşınlara mindikdən sonra fərqinə varırdı ayrılığın hissini. Bildirməmək üçün deyib, gülürdü, amma içində bir qorxu var idi. Geri dönərmiyəm? Səbəb nə olursa, olsun insan canıdır. Barmağı qanayarkən canı yanan insan ölümün bir addımlığına doğru gedirdi.
Camal da onların arasından qürurla oğlunu avtobusa mindirirdi. Onunla gələn 2 dostundan başqa heç kəsə icazə verməmişdi gəlsin. Anası özünü paralasa da, olmaz deyib geri göndərmişdi. Oğlunun yanında ağlayar, fikirli gedər deyə evdə sağollaşmalarını istədi. Camal da savaşda iştirak etmiş, iştirakına görə medal belə almışdı. Dostları onun üçün “Canavar” deyərdi. Yanında mərmi də partlasa özünü qorumaq üçün kənara atılmağı qorxaqlıq görər, ölümün üstünə yeriməz, qaçardı. Ən son aldığı qəlpədən huşunu itirmiş, gözünü açdığında hospitalda başının üstündə həkimləri görmüşdü. Yarası sağalandan sonra da savaş meydanına dönə bilməmişdi. Yoldaşlarından bir dənə Cəfər sağ qalmışdı. O, da hər iki ayağını itirmişdi. Yaşamaq mənasızdır deyə-deyə dərddən çərlədi, yatdığı gecənin səhərini görmədi. Camala görə o xoşbəxt idi. Ölüb, getdi, bəladan qurtuldu. Savaşın başladığı xəbərindən sonra isə “kaş ölməyərdin”-dedi, bu günləri görməliydin. Camal oğlunu yola saldıqdan sonra qürurla məhəlləyə döndü. Yolda hər kəs ona təsəlli verməyə çalışsa da, o hamsına qürurla cavab verirdi.
-Narahat olma, sağ-salamat dönər, xoş xəbərlər gətirsin özüylə.
-Əlbəttə. Hər biri sağ-salamat dönsün, amma ilk öncə borclarını yerinə yetirsinlər.
Evə gələnə qədər bir paket siqareti bitirmişdi. Biri bitmədən digərini yandırır, iri addımlarla evə gedirdi. Anası bildirməsə də narahat idi. Vəziyyətin bura qədər gələcəyinə inamları itmişdi deyə, müharibənin başlamasını gözləmirdilər. Düşündükləri savaşın təkrarlanması - yenə ölümlərin çox olacağı, torpaqların itiriləcəyi olsa da, hər gün gələn “torpaqlarımız azad olur” xəbəri onların ümidini artırmış, düşüncələri dəyişmışdi. Camal komputerin arxasında hər gün xəbərləri izləyərək ordunun irəliləmə xətlərinə görə özündə proqnozlar hazırlayırdı. Sanki orda idi, sanki komandir idi və əmr verməli idi. Taktikalarını reallığa və az itkiyə əsasən hazırlayırdı. Alınan hər xəbəri isə göz yaşı ilə qeyd edirdi.
Camal məhəllənin dəlisi idi. Məhəlləyə hərbi rejimi illər əvvəldən gətirmişdi. Amma hər kəsin də yardımına çatmaqdan çəkinməzdi. Riskli bir hadisə olarsa, önə verilməli birisinə ehtiyac olarsa, hadisəni Camala danışar, onu göndərərdilər. Buna görə də hər kəsin ondan çəkingənliyi var idi. Gəl demək onun üçün kifayət idi ki, o orda olsun. İcradan birisinin işimi keçməz, Camalla gedərdi, baxaq görək ona qarşı da yox deyə bilərsiniz?! Ya rüşvət istəyən birisimi vardı, Camalla gələcəm demək belə kifayət edirdi ki, o dəlini uzaq edin məndən. Savaşın başladığı yaşı çatan hər oğlanı qabağına qatıb, qeydiyyata aparmışdı. Gəlmək istəməyənə isə söyüb, qovmuşdu ki, gözümə görünmə. Uşaqları evinə yığar, onlara təlimlər keçərdi. Mina partlasa nə edilməlidir, ehtiyat üçün nə edilməlidir. Çevik olmaq lazımdır, hər saniyə ilə savaşacaqsınız, hər saniyə ölüm gələ bilər deyə onlara başa salırdı. -Qorxmayın. Onlarla savaşmaq uşaq oyuncağıdır. Üstlərinə qışqırsaz qaçacaqlar, amma arxalarıyca qaçmamışdan əvvəl də düşünün. Qorxaqdılar, amma xaindilər də. Pusku mütləq ki, qurublar. -deyərdi.
Məhəllədən iki nəfərə çağrış gəlmişdi. Birinci gələn Camalın evindən 4-5 ev aralıda yaşayan Əlinin oğluna idi. Əlini heç sevməzdi. Əlinin əvvəlki savaşdan qaçdığını, getmədiyini bilirdi. Ona görə oğlundan da qorxurdu ki, atasının yolunu gedər. Amma könüllü yazılması və getmək istəməsi onu sevindirmişdi. Əli oğlunu yola salandan sonra Camalla dalaşmışdı ki, necə olur da tək onun oğlu gedib, heç sənin də oğlun getməyib.
Qürurna toxunurdu. Nə ona, nə oğluna çağrışın gəlməməsi. Özünə gəlməyəcəyini bilirdi, amma oğluna çağrışın gəlməməsi utandırmışdı. Oğluna isə qüsurlu kimi baxırdı. Demək onda problem vardı ki, çağırmamışdılar. İki gün heç oğlu ilə kəlmə də kəsmədən evindən çıxmamışdı. Savaşın 5-ci günü saat 4-5 olardı ki, bir zəng gəldi oğluna. Aralıda əyləşib, TV-izləyirdi. Qulağı isə onda idi. -Tamam, sabah gələcəm -deyərək telefonu yerinə qoydu. Çönüb, oğlundan ümid dolu baxışla xoş xəbərini deməsini gözlədi. -Səfərbərlikdən idi. Sabah yola düşürəm.
Bax, belə. Artıq o da bir qəhrəman atasıdır. Oğlu savaşa gedir deyə qürurlana biləcəkdi. Ayağa qalxıb, dolan gözünü silib, oğluna yaxınlaşdı. Bağrına basıb, heç nə demədən evdən çıxdı. Başını dik tutaraq çölə çıxa biləcəkdi.
Oğlunu yola saldığı gündən anası evdə özünü yeyib, bitirmişdi. Oğlundan xəbər ala bilmir, başına bir iş gəlibmi deyə evdə gəzişirdi. Hirsini tökmək üçün isə Camala qışqırardı.
-Savaşı başladan da ölsün, sən də öl. Axı nə tapmısız bu savaşdan?! Savaşaraq nəyə nail olacaqsız? Mənim oğluma bir şey olsa, sən cavab verəcəksən.
-O, sənin olduğu qədər mənim də oğlumdur. İstəmərəm canı yansın. Amma bu savaşdır. Başa düş, hər şey ola bilər. Şəhidlik isə qürurlanası bir şeydi. Ona görə üzülmərəm, ancaq sevinməliyik.
-Mən istəmirəm. İllərdir savaşlardan bezmişik. Bizə heç nə vermədi. Tam tərsi canlarımızı alır. Oğlumun əvəzinə haranı qucaqlayacam? Haranın toyunu edəcəm? Hansı torpaq məni nənə edəcək? Hər kəs unudub, gedəcək. 2 gün ağlanar, 3 günə unudular. Adı belə hallanmaz. Hansı şəhid olan əsgərin adını deyərsən? Üçünü deyərsən, beşini deyərsən, minlərlədir. Kim xatırlayır? Kim axtarır ki, anası hardadı, övladı hardadı? Bəlkə birinin çörəyi yoxdur.
-Dövlət hər kəsə kömək edir.
-Biz niyə görmürük? Sənin oğlundur e gedir savaşa. Onun oğlu gedir ki, pulu yoxdu. Kasıbdı. Bax hansı villadan çıxar şəhid.
-Çıxmasın. Təki mənim evimdən çıxsın, amma o torpaqlar geri alınsın.
-Sən niyə almadın? Belə asan idisə sən alardın? Sənin işini oğlun tamamlamalıdır?
Haqlı idi. Buna verəcək cavabı təəssüf ki yox idi. Onun buraxdığı yarımçıq işi indi oğlu tamamlayırdı. Minlərlə cavan öləcəkdi. Hansı ki vaxtında tamamlasaydılar indi buna ehtiyac qalmazdı.
Günlər keçir, hər gün azad olunan ən azı 3-4 kəndin adını eşidirdilər. Bəzən yağış yağır, hər kəs əsgərlər indi nə edir deyə düşünərkən, Camal çıxıb, yağışın altında oturardı.
Bir gün daha həsrət dolu gözlərin qapıda olduğu vaxtda Camalın telefonuna zəng gəldi. Zəng edən 2 ev aralı qonşusu Fərid idi. Məhəlləyə çıxmağını istədi. Çıxanda hər kəsin toplaşdığını gördü.
-Salam, nəsə olub?
-Əlinin oğlunun şəhid olduğu xəbəri gəldi. Sabah günortaya gətirəcəklərmiş.
Camalın içi titrədi. Tükləri biz-biz olmuşdu.
-Vətən sağ olsun. Dəqiq odur? Xəbərlərdə qarışıqlıq düşənlər olur deyirlər. Eləsi var yanıq olur, qarışdırıb, başqa evə göndərirlər.
-Hə. Dəqiqləşdirib. Odur.
Biraz dayandı. Burnunun suyunu çəkib, cibindən siqaret paketini çıxardı. Üç dənəsi qalmışdı. Təzəsini almalı idi. Gecə lazım olacaqdı.
-Evdə nə qədər bayrağınız varsa, götürün, öz evinizin pəncərəsindən, qapınızdan asın. Hər kəsin övladıdı. Qoy dəstək olduğumuzu görsün.
Elə də etdilər. Bütün məhəlləni bayraqla bəzədilər. Səhər qalxan hər kəs məhəlləni bayraqlarla bəzədilmiş gördü. Bütün məhəllə işə getməmiş, şəhidin gəlməyini gözləyirdi. Böyük təmtərahla və hörmət, izdihamla şəhid qarşılandı, xiyabana doğru yola salındı. Nə qədər Əlini sevməsə də, artıq o onun öz qardaşı idi. Şəhid atası idi o. Bundan qürurlu an ola bilməzdi.
Məhəllədən başqa heç kəsə çağrış gəlməmişdi hələ də. İki uşağı komissiyaya çağırıb, sorğu-sual etdikdən, adını qeyd etdikdən sonra buraxsalar da, onlara da çağrış gəlmədi. Hər kəs Camaldan çox gözləyirdi oğlunun gəlməsini. O isə torpaqların geri dönməsini gözləyirdi. Oğuldan keçə bilərdi. Bağrına məzarnı basar, vətən sağdır deyə bilərdi. Təki bizim başımızı aşağı edən torpaqlar alınsın.
***
Savaşdan artıq yarım aydan çox idi ki, keçmişdi. Günlər keçdikcə ümidlər artmış, insanlara rahatlıq gəlmişdi. Xarici müdaxilənin olmayacağı təqdirdə bəlkə 1-2 aya, bəlkə 1-2 həftəyə müharibə bitə bilərdi. Hər gün xəbərlərdə şəhərin, kəndin azad olunma videoları insanları sevincə boğurdu. Camal 1-2 dəfə oğluyla danışmışdı. Az-az danışmağa imkan verirdilər. Hər şeyin yaxşı olduğunu deyərək tez sağollaşırdı.
Məhəllədə qürurla və fəxrlə əsgərlərin videolarını hər kəsə göstərir, baxın, igidlərimiz görün nə edir deyə qürurlanırdı. Paylaşılan hər videoda oğlunu da axtarırdı ki, ondan da nəsə qürurlansın. Amma görməyəndə də deməli ağıllıdır, paylaşmır ki, təhlükəli olar, yerini bildirərlər. Düz edir, çəkibsə, gələndə baxarıq deyərək həyəcanını boğurdu. Oğluyla qürurlanaraq hər gələnə danışmışam, deyir dağıdırıq düşməni. Bizi görüb qaçırlar. Hamınıza salamı var. Kimisi evindən dərdlənirdi. Bizim ev də o tərəfdədi, ordadısa evmizi çəksin, göstərsin deyirdi. Camal isə izah edirdiki olmaz, yerini ifşa edə bilərlər. Təhlükəlidir. Neçə ildir gözləyirik, bir il də gözləyərik. Özünə yaxşı bax, ölməməyə çalış-deyərək gülüşürdü.
Hər kəsin fikrində öz evinin aqibəti dolaşırdı. Görəsən, qalmışdımı? Görəsən, necə görünürdü? Kimisi evini olduğu kimi tapır, erməni köçüb, yaşayıb, çox da dəyişməyib, kimisi isə sadəcə evinin yerində dağıdılmış daş tapır. Evinin üstünü belə söküb, aparmışdılar.
Bir gecə və sükut. Ana Tv-nin qarşısında xəbərləri izləyir, Camalın isə əlində telefon nə paylaşılıb deyə axtarışa çıxmışdılar. Kim ilk nəsə tapacaq deyə yarışır gedirdi. Qapı döyüldü. Gələn qonşuları idi. Xəbər almaq, həm də ziyarət etməyə gəlmişdilər. Masa qurub, söhbət edərək müharibənin aqibətini hesablamağa çalışırdılar. Fərziyyələr irəli sürür, necə sonlana bilər deyə fikirlər atırdılar. Savaşı görən və oralarda olan isə tək Camal idi. Ona görə onun fikri daha güvənilir istinad idi. Qadınlar isə kənardan dərd yanırdılar. Hər kəs təsəlli verərək yaxşı olacağını, sağlam dönəcəyini, indidən toy hazırlığını düşünməli olduğunu deyərək rahatlatmağa çalışırdı.
Telefona zəng gəldi.
-Bəli… Bəli…
Camalın rəngi saralmışdı. Deyəsən gözlədiyi kimi qarşılaya bilməmişdi xəbəri. Hər kəs Camalın halından qorxub, başına toplaşmışdı. Xəbərin oğlundan olduğunu təxmin edirdilər. Camal isə səssiz idi. Gözündən yaş axırdı. Anası özünü paralayır, fəryadı az qala bütün məhəlləni oyadacaqdı. Camala belə təsir edəcəyini gözləmirdi heç kəs.
-Nə dediklərini deyəcəksən? -Arvadı ən son dözməyib, silkələdi.
-Sabah gətirəcəklər.
Camalın vəzifəsini yerinə yetirməli olan dostları əl-ayağa düşərək bütün məhəlləyə xəbər yayıb, bayraqları düzəltdilər. Camal isə sözlü idi. Demək fikri var idi, amma demədi. Gözlədilər, amma səsi çıxmadı.
Səhərəcən 2 paketi bitirmişdi artıq. Səhər oldu və hər kəs gözləyirdi. Camalın isə heç həvəsi yox idi. Əli də orda idi. Əlinin üzündəki təəssürat “nə oldu? Övlad itirmək necə hiss imiş? Kənardan danışmaq asandı. Amma yaşamağı hər kəs bacarmır”
Saatlar keçir, maşınsa gəlmirdi. Camal əlaqə saxlamağı və digər işlər üçün qardaşı oğlunu vəzifələndirmişdi. Hər kəs gözləyirdi. Maşının gəldiyini gördülər. Maşın gəldi, hər kəs şüarlar səsləndirirdi. Camalın isə əli əsirdi. Camal evdə arvadına ağır olmasını demişdi deyə qadın özünü sıxırdı.
Maşın yaxınlaşdı və dayandı. İçindən 2 hərbi paltarlı şəxs düşüb, ataya yaxınlaşdı. Daha sonra maşının arxasını açaraq tabutu çıxardılar. Hər kəsin gözü tabutda idi. Üstündə bayraq yox idi. Əsgərlər və ordakı polislər tabutu çiyinləyərək hazırlanmış yerə qoydular. Anası tabutun üstünə qaçmaq istəsə də Camal əliylə tutub, geri çəkdi. Heç kəs tərpənmədən Camalın verəcəyi reaksiyanı gözləyirdi.
-Niyə bayraqsızdı?
-Bilmirəm
Hər kəs yanındakından soruşurdu.
-Bəlkə vətən xainidir?
-Olmaz elə şey.
-Xain olsa, evə gətirməzlər, cəsədini həbs edirlər, evə sadəcə xəbər verirlər.
Camal sadəcə tabuta baxırdı. Başını qaldırıb, insanların üzünə baxmağa cəsarəti çatmadı.
-Yəqin döyüş meydanında ölməyib. Ya özünü öldürüb, ya da başqa səbəblə ölüb deyə bayraqsız gətiriblər
Camal evə dönüb, getmək istədi.
-Arxanı dönüb, gedə bilməzsən - arvadı ayağa qalxıb, ərinin üstünə atıldı
-Mənim oğlum deyil. Səhv gətiriblər
-Sənin oğlundur. Onu sən öldürdün, indi isə arxanı dönüb, gedə bilməzsən
-Mənim oğlum ya sağ gəlməli idi, ya bayraqlı.
-Oğlunuzun ölümü barəsində sizə məlumat veriləcək daha sonra. Amma oğlunuz düşündüyünüz kimi birisi deyil - tabutu gətirən hərbi rütbəli komandir dedi
-O zaman bayrağını üstünə qoyub, gətirməli idiz. Məni belə utandırmağa haqqınız çatmır. Aparın, harda istəyirsinizsə, dəfn edin.
Dəfn üçün yeri hazır etməmişdilər heç. Hara dəfn edəcəkdilər ki.
-Camal, geri dön. O sənin oğlundur. -Əlinin səsi idi. - Mənim oğlumu da yanına qatıb, qeydiyyata apardığın günü xatırlayıram. Səni o qədər söymüşdüm ki. Hələ şəhid xəbəri gələndə demirəm. Öldürəcəkdim səni. Amma sonra anladım və indi sənin timsalında vətəndən üzr istəyirəm. Amma oğluna üzünü çevirib, gedə bilməzsən. O sənin oğlundur. Pis bir şey etməyib. Bəxti elə gətirib. Buna görə onu günahlandıra bilməzsən. Üzərinə düşən son borcu yerinə yetirməlisən
Hava küləkli idi. O qədər küləkli idi ki, həyatdan bərk yapışmasan səni də uçurub, bir budağa irişdirərdi. O budaq sınar və səni yerə salardı.
Camalın xəyalı gerçəkləşirdi. Torpaqla geri alınırdı. O torpaqlar üçün öz oğlundan keçməyə də hazır idi. İndi nəyi bəyənmirdiki? Torpaq qayıdır, oğlundan da keçib. Əksik bir şey var idi. Gözü ilə axtarıb, qapılarından asılı bayrağı götürdü. Bayrağa baxdı, tabuta baxdı. Tabutun üzərinə bayrağı sərib, sıxıb, saxladığı göz yaşını tökdü. İçindən oğluna üsyan etdi. Qalxıb, başını qaldıraraq dərin nəfəs aldı. Hər kəsin gözünə tək-tək baxdı. Oğluna sahib çıxdığını, onun haqqını heç kəsə yedirtməyəcəyini gözlərinin içinə doğru qışqırdı.