QARA BƏXT
DƏRS 1. NİFRƏT.
Məktəbli dövrümdə həmişə erməni obrazını hiyləgər, qorxaq, satğın kimi təbliğ ediblər. Bəzən onların hamısının belə olduğunu düşünüb, necə olur da, bir millət eyni xasiyyətə mənsub ola bilir?-deyə düşünərdim. Maraqlı gələrdi ki, bu insanlar bir-birinə necə güvənir və necə sakit yaşaya bilirlər?
Ermənilərlə bağlı müharibə öncəsilə bağlı müxtəlif hekayələr eşitmişəm. Bəziləri “çay kənarında cin görmüşəm” tərzində olsa da, içlərində maraqlı və gerçəyə əsaslananları da var idi. Misal, qohumlarımdan birinin kirvəsi erməni imiş. Sünnət zamanı erməni qan gördükdən sonra özündən gedərək, bunun insanlıqdan uzaq hərəkət olduğunu dediyini deyirdilər. Daha sonra həmin şəxsin müharibə zamanı rütbəli komandir olaraq azərbaycanlılara qarşı vuruşduğunu və saysız azərbaycanlı öldürdüyünü eşitmişdim.
Məktəbdə oxuyarkən bir dəfə yenə məktəbdə “ermənilərin necə satğın, xain olduğu” ilə bağlı dərsdən çıxıb, sinif yoldaşımla evə doğru gedərkən önümüzdən keçən orta yaşlarında bir kişinin bizə yaxınlaşmasını və erməniləri niyə söydüyümüzü soruşduğunu xatırlayıram. Biz də vətənpərvər ruhuyla böyümüş şagirdlər olaraq səbəblər gətirir, onların necə cinayətkar olduğunu deyirdik. Bu gənc bizə gülümsəyərək “bəs, erməni görsəniz nə edərdiniz?” dedi. Asıb, kəsməyə başlamışdıq ki, mən də erməniyəm dedi. Donduq, qaldıq. Ömrümüzdə nə erməni görmüşdük, nə erməniyə nə edəcəyimizi bilirdik. Həm bizdən çox böyük idi. Söhbəti fırladıb, uzaqlaşmışdıq. Sabahısı gün görüşüb, plan qurmağa başlamışdıq. Gizlin planlarımıza görə onu öldürməliydik hətta. Bunu zamanla özümüzə qəbul etdirməyə çalışarkən tam əksini görüb, bəhanə axtarmağa başladıq. Çünki biz qatil deyildik və bunu edə biləcək gücümüz də yox idi. Birimiz yalan deyir, digərimiz məzələnib, birimiz atası erməni deyil, mən tanıyıram deyərək söhbəti bağlamışdıq.
Məktəbdə hətta “20 yanvar” hadisəni törədənlərin də erməni olduğunu deyərək bu nifrəti maksimum səviyyədə tutmağa çalışırdılar bizdə.
“Dağlıq Qarabağ münaqişəsi” daim maraq dairəmdə olub. Buna ilk səbəb münaqişədən zərər görən yaxınlarımın olması, münaqişənin buraxdığı izlərin, xatirələrin tez-tez hekayələr şəklində mənə danışılması hər zaman məndə bu mövzuya maraq formalaşdırıb. Bu sahədə əvvəl propaqanda qurbanı kimi bilgilənsəm də, sonra bu bilgilərimin yenilənməsi üçün və daha dəqiq informasiyalar əldə etməyim üçün çalışmışam. Ən önəmlisi də, ədalətli olmaq üçün qarşı tərəfin arqumentlərini dinləmiş, oxumuş, onların da haqlı tərəflərini analiz etmişəm. Çünki sülhə tərəf dayanırsansa, bu bir tərəfli olmamalıdır. Sülh ortaq maraqları qoruyan dəyər olmalıdır ki, daimi olsun. Digəri fürsət düşənə qədər sakit qalmaqdır. Münaqişənin tək mənim deyil, regiondakı hər kəsin maraq dairəsində olmasının vacibliyini düşünürəm. Çünki halqalı şəkildə bir-birimizdən asılıyıq. Dost mühitində söhbət edərkən “Türkiyenin daxili siyasəti”ni müzakirə edərkən necə şəxslərinə və siyasətlərinə bələd olduğumuzu görüb, yaxşı, bəs, Gürcüstanla bağlı nələr bilirik?-deyə sualda bir-birimizin üzünə baxdıq. Aramızda Gürcüstanın hakim partiyasının adını belə xatırlayan yox idi. Halbuki reallıq budur ki, Azərbaycan reallığı üçün Türkiyedən çox, Gürcüstan önəmli faktordur. Amma biz (özünə siyasətlə maraqlanan gənclik) bundan xəbərsiz idik. Daha sonra “google” edib, bəzi partiyalarını. siyasi şəxslərini tanımaq şansım olsa da, bu kifayət deyildi. Onların nə platformlarını oxumuş. maraqlanmışdıq. Bu qədər uzaq imişik bir-birimizə. Bunu başa düşdüm. Ermənistan daha çox maraq dairəmizdədir, çünki onu tanımağa məcbur qalmışıq. Amma “Daşnaksutyun”la, “ASALA”nı qarışdırmışıq hər birimiz ilk başlarda.
Münaqişəylə maraqlanan, parçası olan şəxslər müəyyən dövrlərdə tərəflər arası görüşmək, fikir mübadiləsi aparmaq şansı əldə edirlər. Bax, Kərimi orda ağlamaq tutur. Fərqli keçilmiş tarixlər, fərqli doğrular. Bir müddət bunlar ələkdən keçib, ortaq doğrular qaldıqdan sonra bu yolda irəliləmək mümkün ola bilir ancaq. Dövlətlər arası sülh olsa da, bu kimi icmalar arasında ortaq fikirlər formalaşmasa, münaqişə bitməyəcək. Buna misal, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını və bizim təhsil sistemi ilə təhsil aldığını düşünək. Sonradan Azərbaycana köçürüldüklərini, əslində burda heç vaxt olmadıqlarını görüb, buna necə reaksiya verərlər? Eynisi yanaşmanı sülhün bərpa olduğunu və azərbaycanlıların gedib, Ermənistanda yaşadığını fərz edək. Orda yaşayan sən və övladına qarşı belə nifrət nitqli dərslər var. Necə reaksiya verərdin?
MUXTARİYYƏT
"Muxtariyyət" mövzusunda cəbhələr ideologiya üzrə deyil, şəxsi mənafe üzrə bölünüb. Misal, "Dağlıq Qarabağ"a muxtariyyət istəmir, çünki bir dövlətləri var, əgər öz dövlətində yaşamaq istəyirsə, getsin Ermənistanda yaşasın. Amma "Güney Azərbaycan" mövzusunda tam əks arqumenti irəli sürür ki, onlar niyə fars rejiminə tabe olmalıdır, öz dillərini qorumalı, istifadə etməlidilər. Ayrı muxtariyyət haqları olmalıdır ən azı.
"Muxtariyyət", "azad dövlət" olmaq kimi anlayışlar əsas burdan yaranır. Yəni bir xalqın dövləti yoxdur və buna ehtiyac görürlərsə, buna iddia qaldırırlar. Amma dövləti olan xalqa qarşı bu iddianı qaldıranda "o dövlətin, get yaşa" deyə bilirlər. Çünki qorxurlar ki, bu muxtariyyətdən sonra onlar birləşmək də istəyə bilər.
Demokratik haqqıdırmı?-Bəli, orası ayrı məsələ. Amma Qarabağın Azərbaycan tərkibində qalması və ermənilərin də "Azərbaycan vətəndaşı" olaraq yaşamasını istəyərəm. AMMA bundan öncə etməli olduğumuz məsələlər var:- bunlardan ilki siyasi azadlıq, rejimdən qurtulmaq, ikincisi isə nifrət nitqindən qurtulmaq, birlikdə yaşamaq üçün addımların atılmalıdır.
2020-ci il müharibəsindən öncə bunun üçün rahat şərait mövcud idi. Aradakı nifrət nitqi minimuma enmişdi. Gecikdik və tələsdik. Siyasi azadlıq üçün gecikdik, müharibəyə tələsdik. Daha doğrusu yuxarıda dediklərimin mümkünsüzlüyü üçün müharibə edildi. Yenə bir müddət hadisələrin soyuması və nifrətin azalması üçün "zaman"a ehtiyac olacaq. Siyasi tərəfdə gedən danışıqlar güc basğısıyla və ya öz istəyi ilə tərəflər arasında sülhün əldə ediləcəyini işarə etsə də, bu “track-1” səviyyəsində gedən prosesdir ki, bunun önəmi olduğu qədər icmalar arasında da bu proses getməlidir. Kiçik miqyaslı şəraitlər yaradılmış olsa da, müxtəlif dövlərdə, müharibənin başlamasıyla, dövlətlərin sərt qaydalar və cəzalar qoymasıyla azaldı və “yox dərəcə”sinə endi. Qapını birdən açıb, buyur keç deməklə bu məsələ həll ola bilməz. Qarabağda birgəyaşayış təmin olunsa belə bu gəl köç, get yaşa kimi deyil, icmaların ilkin prosesdə bir-biriləriylə ünsiyyəti, görüşləri şəklində olmalıdır. Münaqişənin başlamasından bəri yaranmış yeni nəsil var ki, onlar artıq uşaq deyil, hətta o qədər böyüdülər ki, dünyaya gəlməmişdən əvvəl başlamış münaqişənin qurbanları oldular. Normal olaraq “bizdən əvvəlki nəslin problemidir” ifadəsi “bu münaqişədə can qoymuşuq. Bizim haqqımızdır” ilə əvəz etdi. Həmin şəxslər artıq qərar verici olmaq istəyir.
XİYABAN
Münaqişənin bir dəfəlik bitməsi üçün nələr ediləcək, nələr edilə bilməyəcək?-sualları var. Azərbaycanın Qarabağda əməliyyat etməsi, ya müharibə etməsi, hücum etməsi insan ölümünə səbəb olacaq kütləvi hərəkat etməsi Qarabağın Azərbaycana birləşməsini kökündən zədələdi. Yuxarıda MUXTARİYYƏT bölümündə birgəyaşayışı arzulamış ola bilərəm. Qarabağın Azərbaycanda qalaraq bunu təmin edə biləcəyimizə də, inandığımı deyə bilərəm. Amma bir reallıq da var ki, bu müharibə və nəticəsidir.
Gürcüstanın Abxaziya, Osetiyaya hücum edib, birləşdirmək istəyindən qaçmasına ilk səbəb budur. Çünki öldürəcəyin insana gəl vətəndaşım ol, sənin yerin buradır, mən səni qoruyacam, o işğalçıdır, pisdir, mən doğruyam deyə bilməzsən. Çünki ona silah qaldırmısan. Fərqi yoxdur onu kim qışqırdıb, üstünə göndərib. Fərqi yoxdur əlində silah vardı, ya yoxdu. Əgər münaqişə tərəfləri arasında silahlı qarşıdurma olubsa, bunun keçməsi üçün zamana ehtiyac olacaq. Çayın təmizlənməsi üçün axması, yağışın yağması, başqa suların qarışması ehtiyac ola bilər. Çirkli-çirkli istifadə etsək bu bizim sağlamlığımıza zərərdən başqa heç nə verməz.
Necə edəcik? Bir-birilərini düşmən kimi görən, öldürən insanların ölən övladlarının müqəddəsliyi qorunacaqmı? “Şəhidlər xiyaban”ları necə tənzimlənəcək? “Artsax” üçün ölən insanlar necə qorunacaq və sayılacaq? Dərsliklərdə bu necə tənzimlənəcək? Sual çoxdur, amma cavabını şəffaf verəcək bir dövlət(lər) yoxdur. İlk növbədə mühafizəkar və millətçiliyi təbliğ edir, daha sonra xalqı bu istiqamətdə tərbiyələndirib, onların düşüncəsinin dəyişməsinə mane olur.
DOLU
Humanizmə “qarşılıqlı” ifadəsini qatmışıq. Əgər bir hadisə baş veribsə, bunu pisləyirsənsə, ilk verilən reaksiya “onlardan heç belə şey görmürük. Onlar niyə baş verən hadisəyə reaksiya vermir? Onlara baxın, heç özlərini pisləyib, bizə tərəf dururlar?” olur. Çünki biz “yaxşılığa yaxşılıq” prinsipiylə hərəkət edirik. İnsani dəyərlər üzərindən deyil, milli dəyərlər üzərindən yanaşırıq. Problemin kökü burdadır. Dünyəvi dövlət deyilik. Buna zaman, məkan, “tarixin əlləri” təsir edib bəlkə. Bizi bu hala salan biz deyilik bəlkə də. Bununla belə belə qalmaq məcburiyyətimiz olmamalıdır. Dəyişə bilərik, dəyişməliyik. Daha neçə il cəbhə xəbərləri başlıqlarıyla xəbər oxuyub, daha neçə ölüm xəbərinə köks ötürə bilərik? Hər evə bu ağrını aparmadan əl çəkməyəcik? 3-5 nəfər bu münaqişədən zərərsiz ayrılsa, pismi olar?
Bir zamanlar dünyanın öküzün boynuzları üstündə olduğuna inandığımız kimi, indi də ölən insanların çiynində olduğuna inanırıq. Dünyamıza bir baxsaq bizi yalnız suların və dağların ayırdığını görərik. Başqa bir sərhəddimiz yoxdur. Onun da birini üzərək, digərini aşaraq keçə bilərik. Çətin deyil. Texnologiya o qədər inkişaf edib ki, körpülər tikə, dağları dşeə bilirik. Bunun üçün Fərhad olmağa ehtiyac yoxdur. Bizim təyin etdiyimiz çəpərlərin bizim evimiz olduğuna özümüzü o qədər inandırmışıq ki, bundan ötrü ölümü belə müqəddəs etmişik. Siyasət çirklidir. Buna görə yaradıcılığı ondan uzaq tutmağa çalışırıq. Bilirik ki, bulaşsa təmizlənməsi mümkün olmayacaq. Arxasınca bir okean boşalt, yenə fayda verməz.
ŞƏRQ-ŞİMAL-CƏNUB-QƏRB
Münaqişənin həllini müxtəlif qapılarda axtarırıq. Bəzən yolu itirib, kompasdan istifadə edirik. “Xarab kompasımız” bizi müxtəlif istiqamətlərə sürükləyib, tanımadığımız insanların qapısına qədər aparır. Onların səhv ünvanına doğru gedirik, yenə yolumuzu itirib, kompasımızdan istifadə edirik. Nəticədə nə başladığımız yerə dönə bilir, nə ünvana çata bilirik.
Münaqişənin həlli yalnız burda, bu regiondadır. Biz nə qədər fərqli inanclarda, dillərdə olsaq da, hər zaman bir-birimizi başa düşmüşük. Buna görə ortaq bir dilə, tərcüməçiyə, vasitəçiyə ehtiyac yoxdur. Hər birimizin müxtəlif marağı, müttəfiqi ola bilər. Amma bu evdən kənar dostluq şəklində olmalıdır. Rusiya, Türkiye kimi imperiya gücünü bərpa edib, burda olmağı istəyində olan ölkələrin maraqları, Britaniya, Amerika kimi maraqların toqquşduğu bölgədə tənzimləyici siyasət mümkün ola bilməz. Tək tənzimləyici siyasət hər birini uzaq tutmaqdır. Arzular və istəklər qapıda olmalıdır. Bir istəyin varsa, gözlə qapıda, mən gətirərəm. Evə girsən ayağının çirki evə bulaşacaq.
“Nə etməliyik?”, “Sülh üçün nə edilməlidir?” suallarına cavabı bu hissədə dövlətlər tapmalıdır. Bu artıq cəmiyyətlərin məsələsi deyil, dövlətlərin məsələsidir. Qafqazın vahidliyi qorunmadığı müddətcə müxtəlif maraqlar arasında qalacaq və bunlar birləşməyə mane olub, onları toqquşduracaq. Bunun tək yolu Qafqazı qafqazlıların idarə etməsidir. Bu halda Qafqazda ədəbi bir sülhün başlanğıcı olar.
Bizim indi edə biləcəyimiz tək şey var. Sülh üçün çalışmaq, sülhün vacibliyini göstərib, “niyə lazımdır”ı izah etməyə ehtiyac var. Sülh insanların əl uzadıb, salamlaşması ilə başlayır, sonra iqtisadi maraqlarla möhkəmlənir, mədəniyyətlə əbədiləşir. Biz əlimizi uzatmalı, öz səmimiyyətimizi göstərməliyik. Əlimiz təmizdirmi?, əlimizdə bir şey varmı?-suallarına çox irişməsək, uzatdığımız əlin təhlükəsiz olduğuna ilk özümüzü, sonra qarşımızdakını inandırsaq, əlimiz geri çevrilməyəcək və ilk addım atılmış olacaq. Sonrası çox asandır.