MƏDƏNİYYƏTİN AĞASI

Yazmağa başlayarkən sadəcə “Mədəniyyət haqqında” qanunun “qadağalar” hissəsinə toxunmaq istəyirdim, sonra qanunu açıb, göz gəzdirdikdən sonra ümumi bir giriş verməyə ehtiyac olduğu qənaətinə gəldim. 

Dövlətin mədəniyyət sahəsinin bu qədər içində olması sahənin müstəqilliyi üçün böyük təhlükədir ilk öncə. Çünki dövlət bir Ağadır və Ağalar kölələrinin ona qarşı çıxılmasından, onun fikirlərinin müzakirə olunmasından, tənqid edilməsindən, hələki gülünc mövzusu edilməsindən xoşlanmaz. Buna görə çəpər çəkər, bu həyətin içərisində oyna deyər. Azərbaycanda “Mədəniyyət” sahəsi də, həmin Ağanın baxçasında oynayan uşaqdır. Kənara çıxmağa nə icazəsi, nə ixtiyarı var. Tək istədiyi daim topunun olması, topu partlayanda yenisi ilə əvəz edilməsidir. 

Dövlətin Mədəniyyətin bu qədər içində olması, insanları mükafatlandırması, maliyyələşdirməsi onlara sahiblik mənasına gəlmir? Dəstək niyə olmalıdır? Dövlətin dəstəyi olursa, bu yalnız seçilmiş şəxslərə şamil olmalıdır, yoxsa bu kriteriyalara uyğun olan hər kəsə aid olmalıdır? Bunu edən hökümət və dövlət olaraq bölmək olmaz, çünki dövlət bir bədən, hökümət isə ruhdur. Dövlətin vətəndaşları arasında ayrı-seçkilik etmə ixtiyarı olmamalıdır. Buna keçmişdən gələn “saray şairi” bənzətməsi daha uyğun gələcək. Mövcud iqtidarın mənafeyini müdafiə edən, ona qarşı yazmayan, onun nailiyyətlərindən bəhs edən şəxslərə şəraitin yaradılması, onları irəliyə çəkmək dövlətin işi olmamalıdır. Çünki bu dövlətin pulunu hökümətin reklamı üçün istifadə edilməsidir. Bu fikirlə etməsə belə yenə eyni fikirlər yaranacaq, yaradıcı şəxsin “sifarişli” olması şübhəsi doğuracaq. Bu həmçinin dövlət təqaüdünün verilməsi, prezident təqaüdünün verilməsi, fəxri adların verilməsinə də şamil olunur. 

4-cü və 6-cı maddələrdə söz azadlığından və yaradıcılığın azadlığından bəhs edilsə də, əsas bəhs etmək istədiyim 43-cü maddə olan “qadağalar” hissəsində bu maddələrə zid fikirlərin olduğunu görürük. Yaradıcılığın qadağalarla inkişaf edə bilməyəcəyi gerçəyini, bunun mümkün olmadığını hansısa vasitə ilə dövlətə və siyasətçilərə çatdırmaq lazımdır. Siyasətçilərin baş çıxara bilməyəcəyi, iqtidar ola bilməyəcəkləri bu dünyanın hakimiyyəti yalnız “dəli fikirlər”ə məxsus aid ola bilər. Sıra ilə bu qadağalar və azadlıqlar bölümünə göz gəzdirək. Qanunun icralığı əsasən qadağalar üstündə qurulduğu üçün bir şəxsin də irişə biləcəyi ilk yer qadağa olur. Çünki “qadağa edilməmiş bir qanun, qadağa edilmədiyi üçün icrasına icazə verilir” prinsipinə məxsusdur. Nəyisə etmək üçün icazəsi olması lazım deyil. Çünki icazənin detalı, aidiyyatlığı, genişliyi, məkan, zaman və daha incə detalları mövcud olur. Amma qadağa “qadağa”dır. O tərəfi, bu tərəfi olmaz. 

Bəzən şəxslər “yaradıcılığı” ağac rəsmi çəkməkdə, dağdan bəhs edən şeir yazmaqda, ailə-məişət problemlərindən bəhs edən romanda görürlər, amma hər bir yaradıcı şəxs cəmiyyətinin aynasıdır. Bunu bir yazıçı olaraq konkretləşdirib, tərifləsək “yazıçı cəmiyyətin tanrısının əksidir”. Dövlət “bunu yaz!” deməz, çünki bu müdaxilədir, “bunu yazarsan sənə dəstək olaram” deyər. Bu şərtdir. Dövlət isə şərt qoymaz. Bu sahibkarın işidir. 

Keçək sıra ilə bu “qadağa”ların bəndlərinə, görək dövlətin mədəniyyət qarşısında nə kimi qadağaları mövcuddur. 

 “43.0.1. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və milli maraqlarına zərər vura biləcək təbliğatın aparılması qadağadır”

Bir bəndin içərisində müxtəlif anlayışlar mövcuddur deyə sıra ilə şərh etmək lazımdır. Misal, müstəqillik, suverenlik və ərazi bütövlüyünü bir götürmək olar. Dövlət yuxarıda da dediyimiz kimi bir bədəndir və bu bədən zaman-zaman müxtəlif deformasiyalara məruz qala bilər. Qolu, ayağı kəsilə bilər, gözü oyula, qulağı eşitməyə, burnu qanaya bilər, hətta qəlbi belə dayana bilər. Bunun qarşısını almaq isə hər zaman mümkün olmur. Bəzən bu ehtiyac olur ki, etməsən daha böyük fəlakətlər doğura bilər. Ağrısındansa, qurtulmağı seçərsən. Ərazi anlayışı eynilə belədir. Bu həmçinin konstitusiya ilə təsdiqlənir. Ərazi vahidi dəyişə, referendumla birləşə, parçalana bilər. Bunun mümkün olduğu halda bunun təbliğatı niyə aparılmasın və ya bir yaradıcı şəxsin bu barədə danışması, yazması, çəkməsi qadağa edilsin? Demokratiyanın tələbi bəzən ağır olur. 

Gələk eyni bəndin növbəti qadağa edilən ifadələrinə, hansıki bu barədə nə deyəcəyimi hələ də bilmirəm. Bu mövzuda yazmağı qərarlaşdırdığımdan bəri “elmi-texniki potensiyal” və “milli maraq” anlayışlarını dəqiqləşdirə bilməmişəm. “Milli maraq” ifadəsini tez-tez mediada da eşitdiyimiz üçün buna dövlətin (hökümətin) siyasətinə qarşı çıxmaq olduğunu təxmin edirəm, amma əmin deyiləm. 

 “43.0.2. müharibənin, sosial, irqi, milli, dini, təbəqə, nəsil üstünlüyünün təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsi qadağadır”

Bu qadağa ilə yanaşsaq dövlətin özü ciddi sürətdə “qadağa”ları pozmaqdadır. Müharibə təbliğatı aparmaqla, müharibənin nəticəsinə görə millətçilik, irqçilik etməklə bu maddənin əsas hədəf dairəsi yenə özü olmalıdır. Buna “Qarabağ müharibəsi” çərçivəsində aparılan mədəniyyət və təhsil tədbirlərində, tədris və incəsənət vasitələrində müşahidə etmək mümkündür. Fərdi şəxslərin bu kimi addımlar atması onları fərdi mühakimə edə bilər, amma dövlətin bu kimi təbliğatın vasitəçisi olmaq və bunun iştirakını maliyyələşdirmək həm bu “qadağa”ya olan baxışı, həm yuxarıda “dövlətin mədəniyyətdə iştirakı” problemi mövzusunu ciddi sürətdə önəmli edir. 

“ 43.0.3. zorakılığın, pornoqrafiyanın, narkomaniyanın təbliğinə və təşviqinə yönəlmiş çağırışların səsləndirilməsini nəzərdə tutan mədəniyyət tədbirlərinin keçirilməsi qadağadır”

Zorakılıq geniş bir anlayışdır və buna konkret tərif vermək mümkün deyil. Bir əsərə “zorakılıq mövcuddur” deyərərək rahatlıqla ona müdaxilə etmək mümkündür. Bunu həmçinin “Media haqqında” qanunda göstərilən intihara təşəbbüs, çağırış maddəsinə də aid etmək mümkündür. Qadağalar yaradıcı şəxsin əsərində görmək istədiyi detalı “qadağa” meyarına görə istifadə edə bilməməsinə gətirib çıxaracaq. Buna pornoqrafiya və narkomaniyanı da aid etmək olar. Birbaşa yaradıcılığa müdaxilə olan bu bəndin əngəldən başqa funksiyası yoxdur.

 “43.0.4. milli mədəni irs nümunələrinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılması qadağadır” bu bənd ilə Qanunun 47-ci maddəsi əlaqəli olduğundan bəhs edərkən ona da toxunmaq olar. 47-ci maddədə də “Mədəniyyət sahəsində özəlləşdirmə” mövzusunda qanunun çərçivəsi ilə tanış olacaqsız. Tarixi əsərlərin dövlət tərəfindən özəlləşdirilməsi müzakirəyə açıq mövzudur. Buna haqq qazandıracaq şəxslər də çıxacaq, buna nəzarətin, dövlət tərəfindən özəlləşdirməsinin sadəcə artıq xərc və lazımsız addım olduğunu müdafiə edənlər də olacaq. Çünki bir əsər bir şəxsin yaradıcılıq məhsuludur və buna dövlət sahib çıxa bilməz. Daşınmaz əmlak formasında olan mülkə belə dövlət nəzarətinin ehtiyacdan kənar bir şey olduğunu düşünə bilərik. Bu gün dünyanın ən önəmli muzeylərinin belə dövlət tərəfindən özəlləşdirmə edilmədiyini görürük, bu zaman onların başına bir hadisə gəlirmi? Mülk sahibinin ondan qazanc əldə edə bildiyi halda onu sökməsi məntiqi mövcud olmayacaq. Buna bəzən marağın az olduğu yaradıcılıq sahələrinə dövlət dəstəyinin olmayacağı təqdirdə onun yox olacağı səbəbi gətirilərək müdafiə edirlər. Marağın olmadığı bir sahənin bazarda yeri onsuz da yoxdursa, bu yaradıcılığa da aid olmalıdır. Aktyorun tamaşaçısı olmayan salonda nə işi var? Yaradıcılıqla məşğul olan şəxslərin ilk düşüncəsi maddiyyat olmaz, bu belə olsaydı çox asan yoldan özlərini bu hədər yormadan qazanc əldə edə biləcəkləri sahələr mövcuddur. Amma həyatlarının davam etməsi üçün bir gəlir yeri də olmalıdır ki, bunu onların auditoriyaları qarşılamalıdır. 10 izləyicisi varsa, 10-unundan əldə etdiyi ilə, milyondursa, milyonundan əldə etdiyi gəlirlə həyatını təmin edəcək. Bu da özündə yaradıcı mühiti formalaşdıracaq. Dövlətin dəstəyi isə qarşılıqsız olacağı üçün (belə düşünsək) bir zaman sonra özəlləşdirməsinə haqq qazandırdığı kimi, ona qadağa qoymağa, nə yazmalı olduğunu deməyə belə gətirəcək. Yaradıcı şəxsə tanrı dedikdən sonra onun bəndəsi qarşısında əyilməsi heç yaraşıqlı qalmaz. 

Növbəti digər bəndləri də ayrı-ayrılıqda sadalayıb, eyni fikirləri təkrara gətirmək istəmirəm. Göz gəzdirərək orda da eyni xarakterli yanaşmaları görə bilərsiniz. Maraqlı tərəf isə  43.0.5.-də “irqindən, milliyyətindən, dinindən, dilindən, sosial mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq mədəniyyət sahəsində əsas insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması qadağadır” deyərək edilən bütün qadağalar yenə digər bir qanunla qadağa edilir. 

Qadağalarla dolu olan mədəniyyətimizin bu sadəcə yazılan “qadağa”larıdır. Bununla yanaşı yazılmamış qadağalar da mövcuddur ki, onların cəzası daha ağırdı. Bir rəsm əsəri, bir kitab, film, musiqi notları və sözləri, heykəl əsəri və s. istənilən məhsul keyfiyyətli ola bilməsi üçün necə istehsal ediləcəyinə yaradıcının özü qərar verməlidir. Yaradıcılıq məktəbində belə sənə necə düşünməli olduğunu öyrədə bilməyəcəklər. Heç kəs “ən gözəl əsər belə yaradılır” deyə bilməyəcək. Heç bir təhsil almayan şəxslərin belə sahib olduğu bu imkan heç bir qadağa ilə də əngəllənə bilməz. Yaradıcılığın da sərhəddi sonu olmayan bu dünyanın da sonu yoxdur. 

Sonsuz dünyanın məhsullarından bəhrələnin, amma heç bir zaman bu dünyanı işğal etməyə çalışmayın.