MUSİQİ, DƏRDİM MƏNİM

Azərbaycan və Ermənistan arasında “Qarabağ münaqişəsi” qədər önəmli başqa bir münaqişə də “musiqi” üstündədir. 

Düşündüm ki, Azərbaycanda “Musiqi Günü” münasibəti ilə bu mövzuda kiçik də olsa, bir yazı hazırlayım. Yazının adını seçərkən “Fəryad” filmindəki Aşotun fəryadını xatırladım. Doğrudur, orada “Qarabağ” deyirdi, amma bunu musiqiyə də aid etməyin mümkün ola biləcəyini düşündüm.

Musiqilərin nota alınmasını başlanğıc olaraq bu münaqişənin tarixi kimi qəbul etsək, 100 il keçmişə getməli olacağıq. Bu musiqilərin nota alınması zamanı onların müəllifləri bilinmədiyindən “Xalq musiqisi” olaraq anonimliyi qorunaraq nota alınırdı. Milləti və xalqı olmayan bu musiqiləri hər iki dövlətin ifaçıları əsərlərində istifadə etsə də, “mənimdir”, “mən bəstələmişəm” demirdi. İstisnaları olmuşdu, əlbəttə, onlardan da bəhs etməyə çalışacam. 

Üzeyir Hacıbəyovla başlamaq daha doğru olar deyə düşünürəm. Çünki bu mübahisəli musiqilərin böyük əksəriyyətini Hacıbəyov öz əsərlərində istifadə edib. 

“O olmasın, bu olsun” əsərində Məşədi İbadın rəqsi səhnəsində oxuduğu “mən nə qədər qonaq olsam da dəyərəm min cavana” hissəsindən bəhs edək. “Uzundərə” olaraq vaxtıyla vağzalı kimi istifadə edilmiş bu əsər ilk dəfə 1911-ci ildə, Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operattasında səsləndirilmiş, daha sonra daha sonra 1956-cı ildə eyni adlı filmdə istifadə edilmişdi. Hacıbəyovdan sonra bu əsəri erməni bəstəkar Aram Xaçaturyan 1942-ci ildə “Gayane” baletində istifadə etmişdi. Əsər hər iki ölkədə “uzundərə” olaraq adlandırılır bu arada. Aram Xaçaturyan haqda əlavə olaraq onu demək olar ki, Üzeyir Hacıbəyovla yaxın münasibətləri olmuş, həmçinin Azərbaycan SSR-niın xalq artisti olub. Buna baxmayaraq musiqini öz əsərində istifadə etməsi normal qarşılanıb. Əsərin bəstəkarı olaraq göstərilməməsi və ondan yalnız “xalq musiqisi” olaraq istifadə etməsinə görə yəqin ki, bunu problem görməyiblər. Amma daha sonra Qara Qarayev “SSRİ Bəstəkarlar İttifaqı”nda bu haqda danışaraq, Xaçaturyanın Azərbaycan musiqisindən (“uzundərə” nəzərdə tutulur) istifadə etdiyini, bunun Azərbaycan musiqini olduğunu boynuna almalı olduğunu deyib. Əsər daha sonra Lev Atamaovun “İt və pişik” cizgi filmində 1955-ci ildə istifadə edilir.

Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” əsərində istifadə etdiyi bir çox əsər bu mübahisədən pay alıb. Misal üçün “gedin, qazıya deyin, kəbini kəssin” hissəsi haqda da bu mübahisə mövcuddur. Bu əsəri erməni tərəfindən məşhur bəstəkar Komitas Vardapet “Şuşuki” (Շուշիկի) olaraq nota almışdı. Komitasın həyatı haqda araşdırarkən onun yaşadığı çətinlikləri və “Erməni Soyqırımı” zamanı yaşadığı təəssüf doğurmuşdu. 

Filmdəki bir digər musiqi isə “deyirlər ki, toy olacaq” sözləri ilə başlayan hissədəki musiqidir. Bu da ermənilər tərəfindən folk musiqi olaraq “Vaqarşapat” (վագարշապատ) olaraq adlandırılır. Bu rəqsi nota alanlar arasında Komitas və Nikoqayos Tiqranyanın adları da keçir.

Hacıbəyovun mübahisəli digər bir musiqisi isə “Mirzəyi”dir. Bu “O olmasın, bu olsun” da istifadə edilmiş, daha sonra Ermənistanın çəkdiyi tammetrajlı bədii filmi “Pepo” filmində rast gəlinir. Filmin musiqi tərtibatçısı isə Aram Xaçaturyandır. “Mirzəyi” haqda bəzi mənbələrdə isə onu İran əsilli azərbaycanlı-erməni qızlarının rəqsi kimi göstərildiyi deyilir. Azərbaycanda, əsasən, “Vağzalı” kimi istifadə edilir, adı “Mirzəyi” olaraq istifadə edilir. 

Üzeyir Hacıbəyovun digər mübahisəli əsəri isə “Arşın mal alan”dır. Stalinin bu filmə icazə verməsinin səbəbi olaraq ermənilərin bunu öncədən etməsi göstərilsə də, bununla bağlı özümü qane edəcək bir material tapa bilmədiyimdən yazmağı da doğru görmədim.

Faktı olan əsərsə, ölkə gündəmində xeyli səs salmış “Qarabağın inciləri” adıyla məşhurlaşan musiqidir. Bu əsərə “Mədəniyyət” jurnalında rast gəlmişdim. Geniş şəkildə izah etməyə çalışmışdılar ki, bu musiqi niyə qarışdırılıb, Azərbaycanın kimi göstərilib və əslində bu musiqinin özü Azərbaycana məxsusdur. 2001-ci ildə Ara Gevorkyan tərəfindən bəstələnən “Artsax” əsərini Azərbaycan mediası illərlə Fikrət Əmirovun “Qarabağ inciləri” əsəri kimi təqdim etmiş, səsləndirmişdi. Dəfələrlə müxtəlif festivallarda da bununla bağlı mübahisə düşmüş, iki tərəf də bu əsərin özünə məxsus olduğunu sübut etməyə çalışmışdı. 2017-ci ildə Azərbaycan Tv-sində yayımlandıqdan sonra yenə gündəmləşən bu əsəri faktlaşdırmaq üçün Əmirovun oğluna müraciət edirlər ki, atasının arxivinindən bununla bağlı faktı onlara təqdim etsin. Oğlu isə bu əsərin atasına aid olduğunu təkzib etmiş, atasının belə bir musiqi bəstələmədiyini dedikdən sonra gündəmə böyük sakitlik çökmüşdü ki, “yəni biz ermənidən nəsə oğurlamışıq?”. Bu hirs soyumayaraq alternativ olaraq musiqinin Azərbaycan musiqisinin üstündə olduğunu, “Bayandur” rəqsindən təsirlənərək yazıldığını deməyə başladılar. 

Üzeyir Hacıbəyovun dövründəki musiqilərin ermənilərin və ya azərbaycanlıların səsləndirməsinə dair müdaxilə etməsə də, bildirdiyi bir əsərə rast gəlmişəm. Bu Anton Mailyandır. Anton Mailyan həmçinin Azərbaycan və Ermənistan xalqlarının dostluğundan bəhs edən “Səfa” (1933-cü il) operasının müəllifidir. Üzeyir Hacıbəyovun onun haqda bildirdiyi fikir isə Müslüm Maqomayevin “Şah İsmayıl” operasından “Haydı qızlar”, “Ay yoldaşlar” əsərlərini nota alaraq, öz adına keçirməyə çalışması idi. Hacıbəyov isə bunu qınayaraq xalq musiqilərini öz adına keçirməyin müəllif haqqı olaraq düzgün olmadığını deyir. Sitat: “Anton Mailyan “Şah İsmayıl” operasından “Haydı qızlar”, “Ay yoldaşlar” nəğməsini “notaya alaraq, öz musiqisi hesab edir. El musiqi əsərlərinin təlif olunmasında, özgələr tərəfindən mənimsənilməsində həpsinin səbəbi el nəğmələrinin toplanmaması, notaya salınmaması və nəğmə məcmuələri şəklində həmişəlik saxlanmamasıdır. Əgər el nəğmələri notaya salınaraq toplansa və saxlansa, əlbəttə, heç kəs onu özünə çıxa bilməz. Nəğmələr itib batmaz, tez unudulub məhv olmaz”.

Biraz daha müasir zamana gəlsək “Basqalı” rəqsindən bəhs etmək fürsətimiz olacaq. Beləki erməni skipkaçı Karapet Hayrapetyan özünü bu rəqsin müəllifi kimi təqdim edir. Bu əsər həmçinin Aftandil İsrafilov tərəfindən “Dağlılar rəqsi” olaraq öz albomunda da əlavə edilib, özününküləşdirməyə çalışıb. Müəllif olaraq Aftandil İsrafilov göstərilsə də, əsərin müəllif haqlarını almayıb. Bu haqda sosial şəbəkələrdə yaranmış gündəmdən sonra Mədəniyyət nazirliyinə ünvanlayan müraciətdən sonra nazirliyin verdiyi cavabdan məlum olmuşdu ki, bu əsərin müəllif haqları alınmayıb. Əsər xalq rəqsidir. 

Bölünməyən başqa rəqslərdən “Köçəri” və “tərəkəmə”ni misal göstərmək olar. Bu əsərləri də hər iki tərəf özünə məxsus olduğu iddiasındadır. Bunlardan başqa Brilyant Dadaşovanın ifa etdiyi “Vokalizm” parçası da “Bakı” və “Novruzu” rəqsləri əsasında hazırlanıb, eyni ifanı erməni ifaçılar tərəfindən “Haykakan Esqizner” olaraq oxuyurlar. 

Adı dəyişdirilmədən hər iki xalq tərəfindən ifa edilən başqa bir musiqi isə “Aman tello”dur. 

Mikayıl Müşfiqin “Sənə qurban” şeiri əsasında Ələkbər Tağıyev tərəfindən bəstələnən musiqi də mübahisəli musiqilər sırasındadır. Belə ki, erməni bəstəkar Adiss Harmandiyan tərəfindən “Karoun Karoun” adlı eyni musiqidən istifadə edilib. Ələkbər Tağıyevə məxsus olan bəstənin ili 1968, Adiss Harmandiyana aid bəstənin ili olaraq isə 1978-ci il göstərilir. Eyni musiqi Türkiyedə 1974-cü ildə “Mavi Boncuk” olaraq səsləndirilir. 

Bu kimi ifalardan biri də “Yandırdın qəlbimi” mahnısıdır. Müasir dövrdə hər kəs onu Aysel Əlizadənin ifasında eşitsə də, Rübabə Muradovanın ifasında oxunduğu unudublar. Musiqinin bəstəkarı isə Novruz Feyzullayev olaraq göstərilir. 

Bu mübahisələr keçmişlə yanaşı müasir dövrdə də özünü göstərir. Misalçün, Ədalət Şükürova məxsus olan “Serenada” (2003-cü il) mahnısını daha sonra erməni ifaçı Aram Asatryan 2005-ci ildə “Havata” adında ifa edib. 

Musiqilərə göz gəzdirərkən 2 bir-birindən əlaqəsiz rəqsin də bu mövzuda yazıla biləcəyini görüb, haqqında araşdırarkən maraqlı məqamları ilə tanış oldum. Yəqin ki sosial şəbəkələrdə “bəy havası” adında Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin oynadığı rəqsi və ona montajla əlavə edilmiş musiqini görmüsüz. Həmin musiqinin erməni musiqisi olduğu faktını görüb, bu haqda araşdırmağa başlayanda onun Ermənistandan öncə Türkiyenin Urfa ərazisi ilə bağlı olduğunu gördüm. “Urfalı” olaraq tanınan rəqs müasir dövrdə “Yar can” olaraq tanınır. Onun Ermənistanda məşhurlaşmasının dövrünə rast gəlməsəm də, “Qırmızı Komsomol” olaraq ifa edilib. Azərbaycanda da daha sonra Ermənistandan keçdiyi güman edilir.

Son olaraq Azərbaycanda məşhur olan, amma bəstəkarının erməni olduğu bilinməyən musiqilərdən bəhs edək. Andrey Babayev. Andrey Hovhannes oğlu Babayev. Andrey Babayev 1940-cı illərdə az bir zamanda da olsa, Filarmoniyanın direktoru olaraq vəzifədə olub, həmçinin. “Pıçıldaşın ləpələr”, “İspan fantaziyası”, “Nazəndə sevgilim”, “Küsüb getdi”, “Bulaq üstə gedən gözəl”, “Səni sevəcəyəm sən sevməsəndə”, “Bakılı qız” kimi məşhur mahnıların bəstəkarlığını edib. “Bakılı qız” mahnısı bizim bildiyimiz Vasif Məhərrəmlinin eyni adlı mahnısı ilə qarışdırsalar da, bu İslam Səfərlinin sözlərini yazdığı mahnıdır. İslam Səfərlinin yazdığı deyilən sözə və Andrey Babayevin bəstələdiyi bir digər mahnı isə “Kür, Araz, Aratat”dır. Bu mahnını biz Bakıda keçirilən “dosluq konserti”ndən xatırlayırıq. Maraqlıdır ki, konsertdən qısa bir müddət sonra münaqişə başlamışdı.

Mənim rastlaşdığım və haqqında araşdırma edə bildiyim musiqilər hələki bu qədərdir. Ümid edirəm bir gün bu iki xalq arasındakı torpaq münaqişəsi bitəcək və mədəni sahədə həm inkişaf, həm maraqlı müzakirə meydançası formalaşacaq. Silahsız istənilən münaqişə inkişafa apara bilər. Kim bilir, bəlkə yenə Mailyanın “Səda” operasının təqdimatını Opera Teatrlarında izləmək şansımız olacaq.