ƏZİLƏN XALQ DEYİL, CƏMİYYƏTDİR

2024-cü ildə arqument.az saytı üçün hazırladığım bu yazını təkrardan paylaşıram. Toplum TV-nin həbsindən sonra yazdığım yazını həmin dövrdə öz bloqumda paylaşmamağımın səbəbi təkcə arqument.az saytı üçün hazırlamağım idi. Təəssüf ki, saytın baş redaktoru Şəmşad Ağanın həbsi və saytın artıq fəaliyyət göstərməməyi, yazımın da saytdan silinməyi məni bu addımı atmağa məcbur etdi. Şəmşad Ağaya azadlıq tələb edirəm. Yenidən onunla əməkdaşlıq etmək arzusu ilə... 


Dünyanın harasında bir hadisə baş versə, kibrit yansa bizim medialar quru sərhədlərin bağlı olmasının doğru qərar olduğunu demək üçün sıraya düzülür. Üstündən artıq illər keçib deyə xatırlamıram, amma bildiyim qədər quru sərhəddən də keçəndə insanlar əlini-qolunu sallayaraq keçmirdi. Eyni gömrük yoxlanışı, buraxılış məntəqəsi orada da olurdu. Görəsən, bu dövlət adamlarının nəzərdə tutduğu tədbir nədən ibarətdir? Terroristlər quru yollardan ölkəmizə necə daxil ola bilər? Suriyanın, Əfqanıstanın belə bir təhlükəsi yoxdurmu ki, quru sərhəddini bağlamağı ehtiyac görmür? Ya “oxumasan onun kimi olacaqsan” nümunəsində göstərilən uşaq kimi təmsil edilən Türkmənistan belə bir şey etmir?

Dəhşətlisi bu hadisələrin baş verməsi deyil. Xalqın və cəmiyyətin baş verən hadisələrə reaksiyasının olmamasıdır. Xalq sakit dayandıqca, rejim də təziqi artırır. Sınaqda istifadə etdikləri qurbağa kimi suyumuzun dərəcəsini biraz-biraz artıraraq bizə hiss elətdirmirlər. Xalq isə bu mənzərəyə əlçalmaqdan başqa heç nə etmir. Əvvəl “susmaq qızıldır” deyib, öz qorxaqlıqlarını müdriklik adlandırırdılarsa, artıq cəlladına aşiq roluna giriblər. Əvvəl utanaraq hakimiyyəti müdafiə edirdilərsə, indi səsləri başımıza düşür. “Bizdən böyüklərin bir bildiyi var” deyirlər. Həqiqətən, bir bildikləri varmı? Ya sadəcə kefləri belə istəyir deyə bunu edirlər? 

Buna görə müxalifətdən tez-tez eşitdiyimiz “hakimiyyət xalqı əzir, onun haqlarını tapdalayır” ifadəsinə açığı qatılmıram. Nə yalan deyim əzilən xalqı mən görmürəm. Xalq və cəmiyyəti fərqləndirəndə isə görəcik ki, əslində əzilən xalq deyil, cəmiyyətdir. Hakimiyyətin əslində xalqla bir problemi yoxdur? Buna görə biz problemlərimizə xalqı qatmamalıyıq.


Vətəndaş cəmiyyəti


Azərbaycan müstəqilliyini əldə etdikdən sonra yaranmış vətəndaş cəmiyyəti, müxtəlif dövrlərdə hakimiyyətin təziqi ilə məhv edilməyə çalışıldı. Bu cəhdlər uğurlu oldumu?-sualı verilsə, qismən, hətta böyük çoxluqla, bəli. Həbslər, fəaliyyətlərinin məhdudluğu, işgəncə və digər üsullarla “sındırılmaq”, ölkədən getmələrinə məcbur buraxılması onların varlığını yox dərəcəsinə endirdi. Bu gün gəldiyi vəziyyət isə hakimiyyətin qərblə bazarlığı zamanı əlində saxladığı təzyiq mərkəzidir. Avropa və ya Amerika hər hansısa mövzuda Azərbaycan hakimiyyəti ilə razılaşmırsa və ya əks bir iş görürsə, bir siyasətçi, ictimai fəal, media qrumu həbslə üzbəüz qalır. 


Bu yanaşmadan baxsaq qərblə ticarətin vətəndaş cəmiyyətinin varlığına xeyiri var idi, amma biz düşünməliyik, bizə varlığı məhvdə olan bir cəmiyyət lazımdır, hansı ki, yenə bir inciklikdə əzilən yenə o olacaq, yoxsa güclü toplum? Seçimi bizim üstümüzdən oyun oynayanlar deyil, biz etməliyik. 

Mirşahinin keçən dəfə Toplum Tv haqqında hazırladığı reportajda əslində bunu yaxşı izah edirdi. 

“Toplum yox, xalq. Müstəqil vətəndaş yox, müstəqil dövlət”

Hə, indi burada düşünməliyik, bu dövlət vətəndaşındırmı? Vətəndaşındırsa, deməli elə “müstəqil vətəndaş” deməli deyildi? Bu vətəndaş kimdir? Ən azından dövlət vətəndaşın deyil, onu izah edirlər. Bəs biz bunu niyə görmürük?

Özümüzü niyə aldadırıq ki, yenidən qərblə əvvəlki əlaqələr bərpa olacaq və Əliyev yumuşalacaq, qismən demokratik mühitə icazə verəcək və s.

Heç bir diktator yaratdığı sərt rejimdən sonra yumşalmaya getməz. Gedərsə, bu onun üçün fəlakətin başlanğıcı olar. Təziqlərin maksimumunu görən, işgəncəyə, həbsə adi yanaşan toplum üçün biraz da olsa güc toplaması nemətdir ki, bundan da istifadə edəcək və yatmış şiri oyatmağa çalışacaq. Ağlı başında olan diktator isə heç zaman icazə verməz ki, bu baş versin. Buna görə boş yerə ümidlənməyin ki, əvvəlki həyatımız geri dönəcək. Ən yaxşı halda bugünkü şəraiti qoruya bilərik. Bu günümüz isə, məncə, qorunası bir halda deyil. Beynəlxalq əlaqələr dəyişsə də, balanslar itsə də bu regional və ya xarici siyasət üçün nəyəsə təsir edəcək, daxildə heç vaxt “yaxşı bir şey” olmayacaq.

“Müstəqil Toplum” tələbi formalaşana qədər də bu vəziyyət davam edəcək. 


Gələcək daha qorxuludur. 


Fəlakət isə bununla bitmir. 

Hakimiyyət ağzına “demokratiya” alıb, onun bir hərfinə əməl etməsə də, öz doğrularını buna uyğunlaşdırır deyə gənclərin bir çoxu buna inanıb, düz hesab edir. Ömründə bir dəfə seçki görmədiyən gəncdə seçki mədəniyyəti formalaşmır. Hüquqlarını “tanış kimsə olsaydı həll edərdim” kimi baxır. Diplomu təhsil üçün deyil, bəlkə bir vəzifəyə işə düzəldərlər deyə alır. Yaltaqlığa “etməsəm ac qalacam” deyə baxır. Kimsə haqqı üçün mübarizə aparsa, ona axmaq kimi baxır. 

Gəncliyi öz istədikləri kimi məhv edib, öz sistemlərinə uyğunlaşdırıblar. Mübariz gənclik gedib, onun yerinə saxta hakimiyyəti doğru bilən, ona dəstək olan bir nəsil yetişdirib. Ən pisi isə bu onlara yenə kifayət etmir. 

Yeni tədris proqramları bundan daha betər bir nəslin yetişdirilməsinə yönəldilib. “Mütləq sədaqət” öyrədilir. Təsadüf deyil ki, deputatlardan biri keçən günlərdə gənclərin istedadının, savadının, bacarığının önəmli olmadığını, əsas “Heydər Əliyev ideologiyası”na sadiq olub-olmadığına baxılmalı olduğunu demişdi.

İstər təhsil alan, istərsə də təhsilsiz gənclər mütləq dövlətə tabe olmalı, onu sorğu-sualsız qəbul etməlidir ki, hakimiyyət onların üzərində mütləq gücə sahib olsun. Boş yerə qərb dəyərləri pislənilmir, onları əxlaqsızlıq kimi göstərmirlər, çünki sosial medianın və insanların səyahət etmək, xaricdə təhsil almaq imkanları olduğunu dərk edib, buna görə iş tədbir görürlər. Amerikada yaşasa da, Niderlandda oxusa da, sosial media istifadə etsə də, dövlətin tədim etdiyi, “milli maraq”lara tabe olsunlar. Özünəxas bir din modeli yaratmaq cəhdidir. Təhqidi düşüncəyə yer olmayan, mütləq sədaqətlə bağlılıq.

Müstəqil Toplum necə yaranacaq?–sualının isə cavabını bilmirəm, məncə, bir cavabı da yoxdur. Zaman və proses özü cavab tapmalıdır. İndiki halda tək edilməli şey, mövcud gücün qorunub saxlanması, təhlükəyə atılmamasıdır. Cəmiyyətdə ideoloji təbliğat aparılmalıdır. Cəmiyyətin əhatəsi yenidən genişlənməlidir. Bu gün həbslərin belə rahat olmasının səbəbi say və gücdür, çünki qandalların sayı həbs edilənlərdən çoxdur. Hər kəsə çatır. Qandallardan çox ola bildiyimiz zaman nəyisə etmək ixtiyarında olacağıq.