YAZIB, ÇIXIB GEDƏCƏM
Uşaqlığımı düşünəndə o qədər hadisə xatırlayıram ki, bəzilərinə günlərcə gülə biləcəyim halda, bəzisinin utancına bu gün ölmək istəyirəm. Utancım səhv nəsə etdiyimdən deyil, onları dilə gətirə bilməməkdəndir. Sizə adi bir şey gələ bilər, amma bir yazıçı üçün ağır hisslərdir. Yazsam mürəkkəb axmaz. Necə yazsın bu qələm?! Arada bir xatırlayıram, o günləri unutmamağa çalışıram. Unutsam başqası olaram deyə qorxuram. Unutsam Səməd olmaram deyə qorxuram. Özümə söz vermişdim, bir gün çox güclü və imkanlı olub, anama nə istəsə alacam. Anamın heç nə istəmədiyini bilirəm halbuki, istəsə də yenə bizimlə bağlı nəsə olacaq, amma övladam, mənim də Elvis kimi bir Cadillac almaq xəyalım olub. Böyüdükcə isə işlərin bu qədər asan olmadığını gördüm. Xəyallarım, mübarizəmə qarışmışdı. Mən uşaqkən bir çörəyin dərdini çəkərkən haqqımıza düşənə çoxdan Cadillac-ların alındığını gördüm. İki seçimim var idi, ya onlardan biri olacaqdım, ya da onlarla bunun mübarizəsini aparacaqdım. Məğlub olacağımı bildiyim halda. Birincisi olmağa çox imkanım oldu. Çox yolum keçdi. Bəzən yol ora aparmaq istəsə də ya dilim, ya qələmim məni oradan çıxardı.
Səhvmi etdim, doğrumu etdim, bilmirəm. Sizə nə yalan deyim, düşünməyə vaxtım da olmayıb, biraz da düşünmək istəmirəm. Səhvimlə, doğrumla yaşayıram. Nə qədər yaşayacağımı zaman göstərəcək. Necə yaşayacağımı da. Ölmədən əvvəl gözəl bir kitab yazıb, elə bitirmək istəyirəm. Allah varsa, ondan tək istədiyim yarımçıq əsər qoymasın arxamdan. Onu bitirmək üçün başqa dünyaya yenidən gəlməyə çalışaram. Əmin olun bunu istəməyəcək qədər bu dünyanı sevmirəm. Dünyaya buranın necə iyrənc yer olduğunu yazmağa gəlmişəm. Yazıb, çıxıb gedəcəm.