KİTAB RƏFDƏ, İNSAN TARİXDƏ TOZLANAR
Azərbaycanda siyasətçilərin kitab oxumaması ilə bağlı bir fikir mövcuddur. Bunu əsasən, nəzəri kitablarla bağlı deyirlər, amma mən bunu tək nəzəri kitablarla əhatələnməməli olduğunu da düşünürəm.
Yazıçı Orxan Saffarinin “Kitab oxumayan Azərbaycan müxalifəti” yazısını oxuyandan sonra düşündüm ki, bu yazını davam etdirib, bir yazı yazım. “Müxalifət” deyərkən nə nəzərdə tuturuq, onu birinci aydınlaşdıraq. Azərbaycanda “müxalifət” tək hakimiyyətə qarşı olmağa demirlər, həm də hansısa partiyanın, hərəkatın üzvü olmalısan deyə bir anlayış olduğundan müəllif kimi mən də bu nöqtədən dəyərləndirəcəm. Müxalifətin incəsənət adamlarıyla, yaradıcı şəxslərlə hər zaman bir konflikti olub. Onların müxalifətə dəstək olmadığını, hakimiyyəti tənqid etməkdən boyun qaçırdıqlarını deyirlər. Burada haqlılıq payı olsa da, yanaşma olaraq düzgün qiymətləndirmirəm. Necə deyərlər, yaxşı deyirsən, amma düz demirsən.
Niyə yanınızda olmalıdılar?-deyə düşünək birinci. Şəxsi dərdlərindən bəzən yazmağı unudan yazıçı, kitab satmaq üçün az qala küçə-küçə dolaşan yazıçı bununla yanaşı bir də həyatını niyə riskə atıb hansısa siyasətçini dəstəkləsin? Hansı ki, o siyasətçinin də uğurlu olmadığını görürsə.
Bu yaxınlarda Cəmil Həsənlinin yazıçılara qarşı irad tutduğu yazısını dostlarım mənə göndərmişdi. Yazısında yazıçıları məhkəmələrə getməməklə, müşahidə aparıb, yazılarında bəhs etməmələriylə bağlı şikayətlənirdi. Cəmil Həsənlinin haqqını yeməyim, digərləriylə müqayisədə yazıb-pozan, topluma qarışan birisi kimi tanıdığımdan ona çox irad tutmaq istəmirəm, amma şəxsən həmin məhkəmələrin böyük əksəriyyətində olmuş birisi kimi deyə bilərəm ki, mən orada heç bir müxalif partiya rəhbərini, təmsilçisini də bəzi məhkəmələr istisna olmaqla görməmişəm. Amma qatıldığım bu qədər məhkəmədən neçə yazı yazmısan?-deyə məndən soruşsalar yadıma 1-2 yazıdan çox düşməyəcək. Söhbət yazmaq istəyi, qorxu filan deyil, “harada yazım?”dır. Yazıçı daş yemir, hava ilə qidalanmır. Biz necə dolanmalıyıq? Kitabındamı bəhs etsin? Mən şəxsən ac olanda heç nə yaza bilmirəm. Diqqətim haradan nə tapıb yeyə bilərəmdə olur, adətən. Kitab yazdıq, onu kimə satacağıq? Hansı imza günündə siyasətçilərdən görmüşük? Kitabımı alma, məni oxuma, amma dəstək gözlə. Bəlkə ifadəm düz çıxmayacaq, amma siyasətçilərin kitab oxumağa, deyəsən, ancaq həbsxanada vaxtı olur.
Deyə bilərsiniz…
Ki, müxalifət repressiyalara məruz qalır, mübarizə aparır, resursları tükənib. Siyasətçi əgər xalqa təsir etmək istəyirsə, onu fikirlərinə tərəf çəkmək istəyirsə, onu düzgün dəyərləndirməli, düzgün analiz etməlidir. Bunu etmək üçün bir çox üsul var, onlarlardan birisi də yerli müəllifləri oxumalıdır. Cəmiyyəti yazıçılardan yaxşı heç kəs analiz edə bilməz. Öz boşluqlarını, cəmiyyətin necə dəyişdiyini yazıçıların əsərlərində görə bilərlər. Xalqın içində olan, fərd-fərd onları müşahidə edən yazıçıdır. Hadisələrə fərqli yanaşan, fərqli fikirləri ortaya çıxaran da yenə yazıçıdır.
Qarşılığı?
Siyasətçilər, hakimiyyətə iddialı şəxslər mədəniyyətlə bağlı nə düşünür? Loru dildə desək, bizə nə vəd verir ki, onları dəstəkləyib, necəsə hakimiyyətə gətirsək bu imkanı yaradacaqlar. Ya indinin özündə, xaricdə olan müxaliflərdən neçəsi yerindən tərpənib xaricdəki nəşriyyatlarla danışaraq azərbaycanlı müəlliflər üçün iş görüblər? Neçə azərbaycanlı müəllifin xaricdə kitabını çap etməyinə, ya musiqiçinin tanınmağına, rəssamın sərgiyə qatılmağına kömək olublar? Olduqları ölkənin teatrlarına neçə müəllifin əsərini tərcümə edib, təqdim etməyə çalışıblar? Bu baxımdan oxumağı, mütaliə etməyi sevməyən, istəməyən bir toplumla yazıçı, ya incəsənət adamı niyə yaxınlıq etsin? Özünüz cavab verin.
Müxalifət də qorxur
Kitabların oxunmağı, müzakirələrin formalaşmağı cəmiyyəti inkişaf etdirməklə yanaşı böyüdən, inkişaf etdirən meyardır. Fərqli fikirlərin səslənməyi, ortaya çıxmağına şərait yaranır. Fərqli fikirlər, səslər isə qorxulu deyil, tam tərsi ümiddir. Çünki artıq yeni bir nəsilin toxumu atılıb deməkdir. Bu gün isə Azərbaycanda xalq öz yazıçısını tanımır, əli çatmır. Çatan kimi isə hərə bir balta vurub, endirir aşağı. Fərqli fikirmi dedi, xaindir. Bu xain sözü də elə bir sözdür ki, heç kəs onun yanında olmaq istəmir. Azərbaycanda bir xain, bir də pozğun deyə adın çıxmasın. Sahib çıxan olmayacaq. Qalacaqsan tək ortada.
Söhbət yazmaqdan düşmüşkən…
Bir əlavə də edim. Tək oxumaq deyil, həm də yazmaq lazımdır. Müxalifət liderlərdən ən böyük gözləntim misalçün birincisi budur. Yazın da. Keçmişdə nə yaşamısız, başınızdan nə keçib, yazın. Kimdir müqəssir? Fikriniz nədir, yaşadıqlarınız nə olub? Yazıçı qorxur yazmır, siz yazın. Niyə həmin günü evdən çıxmamısız, onu yazın. Filan görüşdə sizə kim nə deyib, onu yazın.
“Hakimiyyət istefa” deməkdən başqa nə iş görmüsüz, onu yazın. Xalq niyə sizə dəstək olsun, onu yazın.