Sənətdə sınanlar

Universitetdə oxuduğum vaxtdan müxtəlif sahələrdə özümü sınamağa başlamışdım. Öz ixtisasıma aid olub-olmasa da işləmək şansı əldə edən kimi özümü araya qatırdım. Uşaqlığdan həmişə prezidentliyə, biznesmenliyə həvəskar olmuşam.Nə zamansa dünyanı edəcək birisi kimi görürdüm. Filmlərdə dünyanı qurtaran qəhrəmanların yerinə özümü qoyub xəyallar qurardım. Yaşım keçdikcə də da bu məqsəd üçün çalışmağa başlamışdım. Nə olarsa öyrənməyə, özümü orda fərqləndirməyə çalışırdım.  Çalışdığım isə, həmin sahəylə bağlı nəsə öyrənmək və müxtəlif insanlar tanımaq. Yazarlığa universitetin ikinci ilinin sonunacan həvəskar kimi yanaşırdım. Biznesmen olmağı və holdingimin ofisində oturub kitab yazmağı istəyirdim. Buna görə də dərslərimi öyrənməyə və liderlik, rəhbərliklə bağlı öyrənə biləcəyim hər şeyi mənimsəməyə çalışırdım. Universitetin tərkibində Tələbə Gənclər Təşkilatına qoşulub, qısa bir müddət sonra Kitab klubunun başına keçdim (düzü çox iş görə bilməsəm də), sonra bunu biraz daha genişləndirib baş ofisində işləməyə başladım. Bu sayədə də müxtəlif insanlarla tanış olmağa və müxtəlif məclislərdə iştirak etməyə başladım. Xeyli insan tanıdım, məşhurundan, gələcəyin parlaqlı gənclərinəcən.

Universtitet yavaş-yavaş sona yaxınlaşanda isə dərd dəyişdi. İşləmək və pul qazanmaq lazım idi. Dərd isə, artıq nə işləmək, nə biznesmen olmaq nə də o rəhbərlik ruhu qalmamışdı. Dəyişmişdim. Həm də çox. Dəyişmək deyəndə yenə həmin mən idim, dəyişən heçnə yox idi. Düşüncə, inanc, baxış açısı. Dəyişən təkcə artıq pula görə savaşmaq istəməməyim idi. Yaradıcılıqla məşğul olmaq, kitab yazmaq və gəzmək idi artıq məqsədlərim. Onlardan pul qazanmaq və bunu yenə özümlə, incəsənətlə bölüşmək vardısa belə pul hərisliyim qalmamışdı. Bankda sıfırların sayı artıq əhəmiyyətsiz idi. Milyonun dəyəri itmişdi. İstədiyim çox şey vardı və hamısı pul qarşılığında əldə ediləcək şeylər idi, buna baxmayaraq yenə də pulu sevmirdim. Nə etməliydim deyə düşünürdüm. Əlimdən tək gələn iş sadəcə yazmaq idi. Bundan başqa heçnə etmək istəmirdim. Amma məcbur idim də. Belə çox getməyəcəyini bilirdim. Bir-iki xırda iş görüb əlimə biraz pul keçirib başımı gicəlləndirər, pul qurtarandan sonra yenə biraz pul tapıb onunla dolanmağa çalışardım. Universitetin sonuncu ilində universitetimizə gələn bir sığorta şirkəti iş təklifi etdi. Son semestri onsuz da praktikada olacaqdım, dedim həm burda olaram, həm işi öyrənib asandısa işləyərəm. Sığorta işini gözümdə böyütsəm də təcrübə keçdiyim dönəmdə asan bir iş olduğunu, ali təhsilin çox da önəmli olmadığını gördüm. Normal təhsilə sahib, dünya görüşlü birisi üç-dörd ayda öyrənə bilər. Mən də az-çox işin asanlığından həvəsləndim. Zaman keçdikcə isə sıxılmağa başlayırdım. Təcrübə səhər başlayır, günorta bitir, günorta da universitetə qayıdırdım. Həmin üç-dörd saatı gözümü zilləyərək sayıb, gözləyirdim. Hər biri mehriban və cana yaxın insanlar olmasına baxmayaraq işi nəyi var yola verdiklərini rahatlıqla deyə bilərəm. Hələ bir dəfəsində öz şirkətlərinə zəng edib, özlərinə sığorta təklif etmək istəyirdilər. Mən görüb deyəndən sonra üstündən xətt çəkdilər, sonra öyrəndim ki, həmin şirkət ümumiyyətlə fəaliyyətini dayandıranı xeyli zaman olub. Yəni bir şirkətdə işləyib o şirkətlə heç maraqlanmamaq biraz məsuliyyətsizlikdi. Ayrılmaq qərarına gəldim, özümü bir ömür bir yana, xaricə getmək üçün sənədlərimi düzəldənə qədər orda təsəvvür edə bilmədim. Sıxıntıdan partlayar, ya da onlar kimi bir müddət sonra həyatı “off” edərdim. Robot olmamaq və kostyumun içində ömür çürütməmək üçün ayrıldım, bu arada universitetdə xəbər verdiki sənin təcrübən bir istehsalat şirkətində olacaq. Bəhanə edib, çıxdım. Zaman biraz daha keçdi, kitab yazır, sayt üçün çalışırdım. Beynimdə isə hələ də pul qazanmağın yolları var idi. Nəşriyyatlardan küsməyim və onları bir daha narahat etməmə qərarım başqa nə edə biləcəyimi düşündürürdü. Sıxılırdım, həm də çox. Nə edəcəyini bilmədən ortalığda gəzir, cibimdəki pulu artıq kor-koranə, istədiyi kimi xərcləyə bilmirdim. Evdən isə ayrı bir üstləmə vardı. Universiteti bitirirsən, iş axtar. Hansı işə getsəm məndən ingilis və rus dili biliyi istəyəcəkdilər, bunların heç biri mənim işə girməyimə kömək edəcək qədər deyildi. Başqa bir iş axtarmağı, ya özüm nəsə etməyi düşünürdüm. İş qurmaq bəlkə də bacaracağım bir şey olardı amma özümü ona vermək istəmirdim. İş qursam, nəsə yaratsam uzun müddətli planlar qurmalı, onlar üçünsə nə xarici ölkədə yaşamaq, nə yaradıcılıq fəaliyyəti ilə məşğul olmağı düşünməməli idim. Buna görə bu fikirdən döndüm. Zamansa universiteti bitirdi və artıq məzun olmuş, bir işsiz idim. Əlindən heç bir iş gəlməyən, bildiyi özündən başqa heç kimin oxuya bilmədiyi yazılarını yazıb komputerində saxlayıb, gündə ən azı iki stəkan kofe içib, gecənin bir yarısına qədər kinoya baxıb, kitab oxuyub zaman keçirtmək idi.

Axşam, saat hardasa səkkiz-doqquz olardı. Universitetdən bir dostum yazıb, məndən kömək istədiyini dedi. Nə etməliyəm deyə soruşanda, bir şirkətlə danışdığını, onlara reklam ssenarisi verəcəyini, amma ssenari yaza bilmədiyindən bunu mənim etməmiyimi istədi. Heç bir qarşılıq güdmədən bir neçə idea verib təklif etməsini, hansını bəyənərsə mənə atmasını, onu işləyib təkmilləşdirəcəyimi dedim. Təbii ki, bundan heç bir mənfəət də güdmürdüm. Üstündən iki gün keçdi və həmin dostum mənə yazıb mənə media grouplarında iş təklifi elədi. Özünün satış meneceri olduğunu dedi, bu sözü eşidən kimi mənlik deyil dedim, sözünü davam edib məni reklam ssenaristi olaraq çağırdığlarını dedi. Bu o ili aldığım ən yaxşı xəbər idi bəlkə də. Sevinmişdim, sevdiyim və iş görməkdən sıxılmadığım bir işlə məşğul olacaqdım. Sevincim az çəkdi, qarşıda məni nələr gözləyəcəyini ilk işim göstərdi…

Ev tikintisi ilə bağlı bir şirkət üçün reklam ssenarisi yazmalı idim, yazdım, getdilər görüşə, qayıdıb rəhbərin ssenaristlə şəxsən görüşmək istədiyini deyib məni də özləri ilə aparmağa məcbur etdilər. Ağzı pozğun birisi olduğumu və əsəbimi pozacaq nəsə deyəcəkləri təqdirdə cavabını verəcəyimi bildiyimdən getmək istəməsəm də qonorarla məni şirnikləşdirib göndərdilər. Ağ köynək, kostyum da geyindirdilər uzun müddətdən sonra.

Pula çox ehtiyacım olan vaxt idi. İşə başlamaqdan çox həmin qonorarı almaq və işlərimi yerinə yetirmək idi tək düşüncəm. Getdik birinci görüşdə mənə yazmalı olduğum ssenarini izah etməyə çalışırdı. Pula görə artyorluq edib onu dinləyirmiş kimi davranmağa başladım, guya onu dinləyir onun aristocrat fikirlərini önəmsəyirəm. Heyf, yanımda dəftər yox idi,qeydlər aparacaqdım. Dediklərini dinləyərkən isə içimdə ədəbiyyata etdiyim xəyanətdən utanırdım. Təlxəylik, beldən aşağı zarafat, iki başlı sözlərdən istifadə mənim heç zaman istifadə etmədiyim və etməyəcəyim mövzular olub, ta ki, o günəcən. “Nə gedər ee”, deyib bir misal çəkdi ki, məndən o söz kimi hər kəsin ağzında saqqız olacaq söz yaratmağımı istədi. Pulun ehtiyacının mənə verdiyi yüksək həvəs onunla bu mövzunu müzakirə edəcək, onları tərifləyəcək həttə çatdırmışdı. Yanımda mənimlə bərabər oturan dostum (məni yaxşı tanıyır), mənim girdiyim cildə baxıb nələr çəkdiyimi başa düşüb, gülürdü. Ordan çıxan kimi gözümü yumub ağzımı açıb, Atatürk parkıyla üzü aşağı düşərək söyüş söymüşəm. Söydüyüm söyüşlərin sayını təxmin belə etmirəm, hardasa on dəqiqə yol getdiksə onun doqquz dəqiqəsini söymüşəm. Onu deyil, özümü. Pulun məni saldığı vəziyyəti.

Gəlib yazmağa başladım. İki gün oturub ancaq onun istədiyi kimi sözlər düşünür, səhnələr yaradırdım. Bu müddətdə nə kitabımın səhifəsini açdım, nə bir cümlə yazı yazdım. Utancımdan bədii əsər belə oxuya bilməmişdim. Bu utancı dörd ay əvvəl kitablarımı satdığımda yaşamışdım. İllərimi verib yığdığım kitabları mən və dayımoğlu iki əlimiz dolu və mənim bel çantamın içi dolu aparıb ikinci əl kitabların satıldığı mağazaya satdım. Dəyərinin beşdə bir hissəsinə (satılmalı olan dəyərinin). Pula ehtiyacım var idi və pul götürəcək başqa yerim yox idi. Buna məcbur idim. Kitablarımı yığdıqca onlarla bağlı xatirələrimi yada salıb yığırdım. Bəzilərini son pulumu xərcləyib almış, evə qəpiklə dönmüşdüm, bəzisini bütün günü işləyib yemək belə almadan gözləyib onu almışdım. Kitab rəfinin görünüşünü, sıxılanda gedib kitabları vərəqləyəndə mənə verdiyi rahatlığı heç kəs verməyib hələ. Aparıb mağazada Masaya düzərkən son dəfə baxışıb, utana-utana çölə çıxmışdım. Əlimə aldığım pula baxıb, dəyərdimi?-demişdim. Geri dönüb, tüpürüm hər şeyə, kitablarımı verin demək istəyirdim.

Ssenarini hazır edib yenə kostyumu geyinib yola düşdük. Görüşün saatında orda ola bilməyəcəyimizdən taksi sifariş elədik. Beş-on dəqiqə gecikmə ilə də olsa gedib çatdıq. Bizi gözlədiyini düşünsək də bizi unutmuşdu (kartof satan adını vermişdim ona). Əyləşdik və ssenariləri ona izah etməyimi istədi. Birinci, ikinci, üçüncü deyərkən hər birinə gülür, hər birindən xoşuna gələn sözü dəfələrlə təkrar edib kreslosuna sərilərək dişlərini bizə göstərirdi. İkimizdən başqa bir də qadın satış meneceri getmişdi. Taktika isə onun qadınlara qarşı zəifinin olması, qadınların yanında yox deyə bilməməsidi. Biri qaranlıq qaldı. Təkrar soruşdu. Səhnə “fəhlə baba” adında bir obrazın təzə tikilən evlərin qapısından nal asaraq onlara xeyir-dua verməsi idi. At nalının xeyir gətirdiyini o cür yarandığını canlandırmışdım. Sonra isə bir evdən nal asarkən evin sahibi kişi gəlir və ona burda nə etdiyini soruşur. Onun evi çoxdan tikilmişdi. Bu an qapıdan kişinin anası çıxır, əlində yığdığı paltarları ilə bərabər. Məqsədləri sən demə qaçmaq imiş, oğuluna tutulur. Məndən burda nə demək istəyirsən?- deyə soruşdu, içimdən, bizə güvənin, biz sizin arvadınıza heçnə etmərik- olsa da, bunu səhv başa düşər deyə susdum, dostum da eyni şeyi düşünüb, orda demək istədiyimiz biz sizin arvadınızı qaçırtmayacağıqdı dedi və bu onun daha çox xoşuna gəldi. Uğunub gülməyə başladı. Ən sonuncu ssenari isə daha çox xoşuna gəlib, onda dayandı. Digər ssenarilərdə xoşuna gələn replikləri çıxartıb bunda birləşdirməyimi istədi. Buracan sınmışam, bundan sonra da sınaram deyib razılaşdım. Sevinə-sevinə üçümüz də qapıdan çıxıb söyüşlü-gülüşlə ofisə döndük. İşi aldığımıza sevinir, pulun iyini hiss etdiyimizi düşünürdük.

Mənim isə içim heç rahat deyildi. Ssenarini ona vermişdik, artıq hər şeyi incə detalına qədər bilirdi. Bizə ehtiyacı da yox idi. Atardımı?-deyə düşünürdüm, sonra orginalı məndədi, elə şey eləsə məhkəməyə verərəm deyə özümü rahatladırdım. Dediyi kimi istədiyi replikləri bir ssenaridə cəmləyib hazır etdim. Görüş günü ofisə gedib ordan getmək qərarına gəldim. Reklam nə qədər kommersiya işi sayılsa da yenə yaradıcılığdan istifadə etmək olardı. Niyə bayağı, yola verdi işlər görək, axı. Bunu rəhbərə deyəndə isə, mən də sənə qatılıram, amma müştərinin istəyi və çox pul verməməsi məni bunu etməyə məcbur edir- dedi. Ona da haqq qazandırmaq olar, pul qazanmaq istəyir. Yaxşı ssenari yazıb göndərəndə mənə şikayətlənirdi ki, bu nədi yazmısan? Mən indi pisləyəcək, daha gözəlini yaz deyəcək deyə gözləyərkən, get ucuz bir şey yaz deyirdi. Qalırdım mat.

Bunu çəksəm mənə pul qalaz deyirdi. Hollivuda ssenari yazmırsan, Azərbaycandı bura deyirdi. Bir müddət sonra öyrəşməyə başlamışdım.

Bu arada kartof ssenarisinin finalı heç yaxşı sonlanmadı. Görüş üçün zəng edib gələcəyimizi xəbər verərkən gəlməyin, reklamı istəmirəm dedi. İstəmirəm nə deməkdi? Mən sənə görə ədəbiyyata xəyanət etmişəm, gəlib mənə yox deyirsən? Əsəbim və pulu itirmək hirsim məni yerimdə saxlaya bilmirdi. Nömrəsini götürüb söymək istəsəm də vermədilər. Gələcəkdə lazım olacağını deyib icazə vermədilər. İçimsə indinin özünəcən doludu. Partlamaq və söymək istəyirəm onu. Böyük ümidlə gözlədiyim qonorarı ala bilmədim. Bundan böyük təəssüf hiss olardı?

Evə gəlmək istəmirdim. Həvəsim yox idi. Ofisdən çıxıb şəhərdə biraz fırlandığdan sonra axşama yaxın evə gəldim. Birinci sualdan sonra verdiyim köntöy cavabdan sonra bildilər ki, iş gətirməyib mənim də itliyim tutub, dəyməmək lazımdı. Bir müddət heçnə demədən, evdə hey yatdım. Ümidim başqa iş olara idi. Lazım olan pulu da yenə  başqa yollarla tapıb düz qoş elədim. Gözüm hey telefonda çağıracaqlar, təzə iş olacaq deyə gözləyirdi. Bir aya yaxın səs çıxmadı. Sonra xırda işlər olsa da onların da nə çəkildiyindən, nə də mənə pul verilməsindən xəbər çıxmadı. Daha sonra kanalda özümüzün proqramımız yaradılacaq, özümüz yeni proqramla çıxış edəcik dedilər. proqramdısa daimi iş olacaq və gəlirim stabil olacaq deyə düşündüm. Özümə kirayə çıxacağım evəcən danışmışdım. Şəhərin mərkəzində 3-4 nəfərə ev tutacaqdıq, əyləncəsi, yeri gələndə tək otağa çəkilib işləməyimi planlaşdırırdım. Ağlımızda indidən planlar qurmuşduq. Mən pulun bir hissəsini kitab tərcüməsinə ayıracaq, digər hissəsinə qısametrajlı filmlər çəkəcək, qalan hissəsini də yeyəcəkdim. Hətta filmin ssenarisini işləməyə başlamışdım.

Gecə saat on bir olardı, bir zəng gəldi. Rəhbərlikdən ki, yatıb eləmə saat on iki də iclas olacaq. Oturub gözləyirəm ki, gecə on iki də danışılası vacib məsələ nədir belə. Zəng elədilər, 3 qıllı, bir mən görüntülü danışırıq. Heç olmasa tanımadığım digər şəxs mədəni davranıb paltarını geyinmişdi, digər ikisinin qıllarını gecə görmək heç içimi açmırdı. Təzə iş vardı və bu digəri kimi yola verdi olmamalı idi. Sevinmişdim, ilk dəfəydi ki, mənim istədiymi bir iş çıxmışdı. Sonra bomba xəbəri ötürdü. Ssenarilər səhərə yazılmalıdı. Biz bir ssenari işləyib göstərmirik, dörd-beş ssenari işləyib ən azı onları iyirmi ssenari arasından seçib sizə ən yaxşılarını gətirmişik ayağıyla göstəririk. Mən tərəfdən bir problem vardı. Problem – mənim həmin günü səhərdən axşamacan oturub yazı yazdığım və yazı limitimi doldurduğum idi. Həm də yorğunluq. Bacara bilməyəcəyimi, iki-üç gün vaxt lazım olduğunu desəm də səhər mütləqdi deyə göstəriş verildi. Sənətə çurban olmağa hazıram deyərək başladım işə. Hər kəsin yatdığı bir saatda mən komputerin arxasında əyləşib yazı yazırdım, düşünürdüm. Nə yazım axı? Əmimoğluyla daınışırdım, ona söhbəti dedim, bir-iki fikir dedi, birini əlavə elədim. İstədiyim deyildisə belə ssenari çox olsun deyə yazdım. Gecə ssenari yazarkən bir işıq yandı başımın üstündə. Səhər mənim görüşümün olduğunu xatırladım. Məcbur yazıb, işimin çıxdığını və bir gün sonra görüşə biləcəyimi dedim, xoş görüşlə qarşılayıb razılaşdı. Səhərəcən ssenari deyə yazdığlarımı mailə atıb getdim. Yuxunun mənim üçün nə demək olduğunu mənim adımı bilən hər kəs gözəl bilir. Yuxusuz getdim və bəyənilməyən ssenarilərlə qarşılaşdım. Təzələrini yazmağımı istədi, bəzilərini isə saxladı. Ordan çıxıb evə gələrkən ağlıma gələn ideaları atıb, bunlar necədi, işləyim?- desəm də mənə ssenari yazmaq xətrinə yazma deyə səs atan müdürümə, nə deyə yazmağımı istəyirsiz?- yazmaq istəsəm də yuxusuzluqdan çənə döyməyə axotumun olmayacağını başa düşüb heçnə demədən keçdim. Evə gedib yatmaq istəyirdim. Ən azı bir-iki saat.

Uzun müddət günortalar yatmamışdım deyə yata bilmədim. Kofe ardınca kofe içərək yatmamağa çalışırdım. Gecə yenə görüntülü iclasımız oldu. Bu dəfə toplanan ssenarilərin üstündə işləyib səhər təzdən iclas etmək qərarını aldıq. Telefonu söndürəndən sonra yenə görüşümün olduğunu xatırladım. Yazıb, səhər mən gəlməsəm, olar? –dedim, əlbəttə ki, yox- cavabını alıb, mesaj yazaraq sabah da görüşə bilməyəcəyimi, sabaha qalsın dedim. Yenə heçnə demədi, razılaşdı.

Gecə yenə yatmaq şansım olmadı. Saat üçə qədər işləyir, üçdən (dördə işləmişdən) beşə qədər yatır, beşdə oyanıb davam edirdik(bir həftə rejimim belə getdi). Səhər yenə iclas oldu və yenə həmin ssenarilər üstündə müzakirə edib, səhnələrdə işləməyə başladıq. Məndən rejissor ssenarisi yazılmasını istəniləsə də mənə aid olmadığın dedim, dinləyən kimdi, yazacaqsan deyib məcbur yazdırdılar. Təbii ki, bir rejissor kimi yaza bilmədim. Fikrimdən yayılan, sonra dəyişdiyim çox şey oldu. Həmin gecə də onu işləyib bitirdim. Səhər atıb artıq mən gəlməyəcəm dediyim an, evdən çıxıb görüşə gedərkən zəng edib çağırdılar. Axı, görüşüm var desəm də bizim də pulumuz var deyə çağırtdılar. Yenə gələ bilməyəcəyimi demək məcburiyyətində qaldım.

Bu dəfə iclası otellərin birini restoranında etdik. Sport maşınla gedib, qayıdan da piyada qayıtdıq. Bundan əvvəl ki, günü də bir kafedə etmişdik. Hər kəs çay içir, mən isə çay içmirdim deyə kofe demişdim. Hələ oteldə latte sifariş etmişdim deyə, qudurdun a, deyə də söz eşitmişdim(zarafat idi).

İşlədik, bitirdik, ssenari hazır idi qalmışdı səhnələşdirmələri onu da edib bitirdik. Görüş olunacaq, ssenarilərdən birini seçib onun əsasında reklam çəkəcəkdik. Büdcəsi xeyli çox olacaqdı deyə özümüzə nə qalacaq düşüncəsi ilə qara hesabat aparmağa baş yorurdular. Bu məni də maraqlandırırdı, çünki o puldan mənə də pay düşəcəkdi. Evə gedib, işimi bitirdiyimi düşünərkən başqa bir tapşırıq gəldi. Rayonlardan birində şirkətin götürdüyü toy üçün şeir toplamalı idim. Mənim işim deyil demək istəsəm də pulun istis məni susmağa məcbur elədi. Tamada üçün ata, ana, bibi, xala, dayı, əmi, kirvə və s. kimi nə qədər qohum varsa hamısına şeir toplamalı idim. Google un və mənim aciz qaldığım bu vəzifəni sonlandırmaq üçün içimdəki şairi oyadıb bəzi şeirləri özüm yazmağa başladım. Nə gəldisə sözləri qoşur, getdiyim toylardan edilən tərifləri güclə də olsa xatırlayıb yazmağa başladım.

İşə başladığım ilk günü satış menecerlərinə təlim keçirdilər mən də qatılmışdım. Hər satış menecerinə deyilən ilk söz “siz özünüzü satmağı bacarmalısınız” idi. Bu sözü mən ciddi qəbul etmişdim deyəsən. Mən nə edirəm?-deyə düşünüb kirvəyə şeir yazarkən tapmışdım özümü. Bukowski oxuyarkən onun məcburən gördüyü ssenari yazmasını görüb, eyni taleyi paylaşdığım qələm dostumun bəxtinə yandırmaq istəyirdim. Bəlkə sağ olsaydı qarşılıqlı vurardıq da. Yazıb bunu da göndərdim. Gecə mesaj gəldi, sabahda işin olacaq ya görüşürük? Dəqiq nəsə demək istəmədiyimdən səhər deyəcəm dedim. Nəysə ki, səhər çağırmadılar və görüşmək fürsətini əldə etdim. Birisini, hələ ki, də yaxın birisini belə fırladıb, gələ bilmirəm demək utandırmışdı mənim kimisini.

Gözüm telefonda indi isə ondan gələcək cavabı gözləyirdim. Reklam alınacaq və mən hər nə olacaqsa üç-beş qonorarımı alacaqdım. Məcburiyyətdən işləyirdim. Sifarişlə iş görmək, nə yazacağımı kiminsə bəlirləməsi əsəbimə toxunurdu. Yazarlıq qabiliyyətinə qarışmıram, hər kəsin bir təcrübəsi və baxış açısı var, olmalıdı da. Amma kiminsə gəlib mənim işimə qarışması əsəbimi pozurdu. Bu arada qarşıma çıxan İcra Hakimiyyətində iş şansı, Sosial-Müdafiə Nazirliyindəki iş şansı, Bələdiyyə başçılığına namizədliyimin təklif olunması şansını da vəzifə eşqinə düşməmək və kostyumun içində məmur deyə ömür çürütməmək üçün seçmədim. Dostlaım bu rədd etdiyim təkliflərə görə hələ də üzümə tüpürür, məni axmaq adlandırırlar. Üzümə tüpürdükləri başqa bir şey də var.

Deməli, bundan cavab gözlədiyim anda ayrı fərdi olaraq reklam müsabiqəsinə qoşulmaq təklifi gəldi. Bu yarışmaya mənim iştirakım olmadan öz groupuma qarşı olsam da qəbul etdim və özümüz üçün bir ssenari yazdım. Dostlarımın üzümə tüpürməsinə səbəb isə bu müsabiqənin rəhbərliyini etdiyi şəxs idi. Hansı ki, onun filmlərini həmişə tənqid edib, lağ etmiş insanlar idik, indi gedib onun bizim ssenarimizi bəyənməsini gözləyəcəkdik.

Sənətin çurbanları olaraq buna da göz yumub işləməyə başladıq. Aktyor seçimi şansımız çox yox idi deyə qarşımıza çıxan ilk şəxslərdə qalmaq qərarına gəldik. Aktyor, aktirisa adını alan kimi hamısı nazlanıb sifət etməyə başladı. Kamreramız da təbii ki, yox idi. Nə edəcəyimizi bilmədən İçərişəhər metrosunun çıxışında oturub gözləyirdik. Həvəsdən düşmüş, dağılışmaq istəyirdik ki, nə olar-olar deyə çəkmək qərarına gəldik, B variant deyə hazırladığım ssenenarini çəkdik.Azərbaycan sayağı ssenarini çəkiliş meydanında yazıb başladıq, cibimizdən pul qoyub lazım olan şeyləri aldıq, sonunda yaxşı-pis bir şey alındırdıq. Həmin çəkilişin operatorluğunu özüm elədim və belə qənaətə gəldim ki, pis çəkiliş bacarığım da yoxdu, amma çəkməsəm daha yaxşıdı.

Montaj üçün pulumuz qurtarmışdı və müsabiqə üçün son günlər idi. Çarəsiz bir yolla pulu tapıb montajı sonlandırdıq və göndərdik. Mənim gözüm isə hələ də əvvəlki işimdə və qonorarımda idi. Səs-səmir çıxmırdı. Dözməyib özüm yazdım. Onların pulda narazıçılıq etdiyini, “pausa” verildiyini deyib ilk bombanı partlatdılar. İki gün sonra oktyabrda çəkilişini planlaşdırdığım qısametrajlı filmin büdcəsinin batdığını öyrəndim, iki gün sonra isə alacağım ayrı bir qonorarın uzandığını. Bu yaxınlarda bir neçə şirkətə CV göndərdim, desəm inanmazsınız bəlkə də. Biri anbardar, digəri isə kuryer. Bir zamanlar oturaq ofis işini bəyənmirdimsə belə indi anbardar işləməyə razı idim. Bir digər ümidim isə regionlardan birində aldığım TV işi idi. Maaşı yaxşı olsa getmək istəyirəm. Sakit, hər şeydən uzaq başımı dincəltmək istəyirəm. Pul yığıb kitablarımı tərcümə elətmək və qısa müddət sonra çıxıb getmək istəyirəm. Sənət üçün bundan artıq çurban olmağa dözərmiyəm bilmirəm. Üstümə gəlinin pul qazanmalısan basğısı, mənim qarşılamalı olduğum vacibiyyatlarım, gələcəyim üçün görməli olduğum işlər sıxırdı məni.

Nə etməliydim?

Necə etməliydim?

Bir şirkətə girib ömrümü kostyumun içində çürütməliydimmi?

Yayın cırhacırında kostyumun içində “Tarqovuda” bir əlində sıxdığı uzun telefonu və uzun pul qabısını sıxaraq, genəlib gəzən işçiləri görəndə onlara yazığım gəlirdi. Özlərini cool hesab edib, nəsə pox yemiş kimi hiss edirdilər. Xoşbəxt idilər bəlkə də, arzuladığları həyat o idi. Mənim arzularım elə deyil axı?! Mən o kostyumun içində ölüb getmək istəmirəm. Hansısa kresloya yapışıb ordan bərk-bərk yapışmaq da istəmirəm. Həyat istədiklərimizi bizə  verirmi? Verirsə belə niyə asanlığla vermir? Niyə bizi pozadan-pozaya salıb, əzab verdikdən sonra verir, hansı ki, onda da bizim həvəsimiz qalmır ona. Səməd Şıxıyev olaraq yaşayıb çürüməkmi, Səməd Şıxı olaraq adımı tarixə yazıb yaşamaqmı? Seçimi etmişəm, görürəm ki, seçim etməyə haqqı olan axırıncı şəxs belə deyiləm.