İlk kitabım

Kitabın adını necə tapdığımı xatırlamıram. MƏNTİQİZM...

Məktəblə ya da ətrafımdakı dini kütlələrlə mübahisə zamanı ortaya gəlib böyük ehtimal, ya da gecə yatmazdan əvvəl ağlıma gəlib. Mən də biraz adət halını alıb bu. Yatmazdan əvvəl ağlıma gələn ideyalar, repliklər, mövzular, hissələr məni daha təəccübləndirmir. Ən pisini də yanımda onu qeyd etməyə nəsə olmayanda yaşayıram. Yerimdən qalxıb onu qeyd etməyə ərinirəm.

Kitabın adını seçdim, yazmağa başlayacağımdım ki, hansı janrda, hansı formatda yazacağımı qərarlaşdırmamışdım. Bir romanmı yazsaydım necə olar? Onun üçün təcrübəm yox idi həm də. Bəlkə də yazardım, amma yazmamışamsa demək qorxmuşam.

Başladım başıma gələn hadisələrə uyğun olaraq fikirlərimi, işlətdiyim sözləri dəftərə qeyd etməyə, gecələri də oturub onu komputerə köçürdürdüm. Bu proseses hardasa üç ilimə yaxın zamanı aldı. Hazırlıqlar və başqa işlərlə məşğul olmağım yubatdı. Sonun da, bitəcək deyib bütün vaxtımı ayırıb bitirdim. Qurtarandan sonra açıb özüm oxudum, səhvləri, fikri izah etməkdə çətinlik çəkdiyim mövzuların çox olduğunu görüb saxladım. Həm bu kitabı nəşr edəcək gücüm yox idi. Nə maddi nə də onu çiynimə alıb ona dayaq duracaq bir ictimai gücüm. Saxladım ki, gələcək üçün qalsın, bir gün mütləq nəşr edəcəm.

Ondan sonra bir neçə hekayə, povest yazdım, xeyli başqa elmlərlə maraqlandım, çoxlu kitab oxudum. Bəzən bir neçə ay əlimə qələm almadım, monitor arxasına keçmədim. Bir gün kitab yazmaq qərarına gəldim. Bədii bir əsər yazacaqdım. Yazdım. Pis,yaxşı nəşr olundu. Sonra ardınca birini də yazdım, nəşr etməyə çalışsam da edə bilməyəcəyimi görüb saxladım. İqtisadiyyatda buna gələcəyə yatırım deyirlər. Mən də dar günüm üçün saxladım onu. İkinci bədii əsərimi bitirmişdim ki, Məntiqizm yadıma düşdü. İlk yazmaq istədiyimdə bədii bir kitab olaraq yazmaq istəsəm də yazı təcrübəmin olmadığına görə boyun qaçırtmışdım İndi ki, var idi. Niyə də olmasın.

İdeyam var idi, yazacam mövzunu illər əvvəldən düşünmüşdüm. Qalmışdı onu təkmilləşdirmək, zamana uyğunlaşdırmaq və zənginləşdirmək. Dörd ay məzmunu üstündə işlədikdən sonra kitaba başladım. Çətin bir yazım prosesi oldu desəm yalan olar. Rahat bir şəkildə yazdım. Birinci məntiqizmi yazarkən yaşadığım universitetə qəbul olma həyəcanı, ikinci kitabda universiteti bitirmə həyəcanı ilə təsadüfən üst-üstə düşdü. Universitetin sonu olması, tapşırıqları, hazırlaşmalı olduğum imtahanlar xeyli vaxtımı aldı. Onunla belə doqquz aya kitabı bitirdim. Son nöqtəsini üç  gün əvvəl qoydum. İndi üstündən keçir, səhvlərimi kiçik-kiçik düzəldirəm.

Kitabı yazarkən maraqlı olan tərəfi isə başıma gələn gündəlik hadisə və dialoqları kitabda çox istifadə etməyimdi. Kitabın məzmun hissəsini bitirib, planlarını, hissələrini hazır etsəm də sonradan əlavələr az olmadı. Çətinlik yaradan hissəsi burda oldu. Onu kitaba uyğunlaşdırmaq, obraz üzərində tətbiq etmək, obraza uyğunlaşdırma heç də asan olmadı. Redaktə edərkən belə bu səhvlərimlə rastlaşıram. Tərəddüd etdiyim hissələri, mövzuları belə bir kitab üçün olmadı desəm yalan olar. Bu kitabın mənə verəcəyi irad və tənqid-təhqirləri altı il əvvəldən bilirdim. Bunların heç birindən qorxmayıb, axıracan davam etmək fikrindəydim.

Kitab qurtardı, qalıb kitabla bağlı atmalı olduğum atdımlar. Plan çoxdu, dəstəkçi yoxdu. Tək savaşmalı olacam. Savaşacam da. Qaçası deyiləm. Amma mən onları etməli birisi deyiləm. İşim yazmaq və düşünməkdi.  Buna zaman qalırmı? Uzun müddətdi ideya kasatçılığı yaşayıram. Maddiyyatdan başqa ağlıma nəsə gəlmir. Hey pul qazanmaq, pul qazanmamaq üçün görüləsi işlər barəsində düşünürəm. Nə etməliyəm? Necə işləməliyəm? İşləməliyəm? İşləmədən bu qədər işi necə görəcəm? Sual çox, cavab yox.

Bir müddət kitab yazmamaq qərarına gəlmişəm. İki il, beş il kitab yazmayacam. Saytı açmaqda məqsədim də bu idi. Hekayələr yazıb paylaşacam, bloq yazıları yazacam. Bununla da bərabər kitablarımı nəşr etmək, onları tanıtmaq olacaq əsas məqsəd və vəzifəm. Güclü olduğuna inanmasan nə güclü olarsan,  nə də bir iş görməyə çalışarsan. Yazarların tənbəlliyi sevdiyini bilirəm, mən də tənbələm. Hətta tənbəlliklə bağlı yarışma olsa qalib olar, mükafat almağa getməyə də ərinərəm. Nə edim? Belə yaşamaq olarmı? Mən ki, dərviş deyiləm. Bacararmıyam bilmirəm də. Təklik yaşamışam deyə yenə o təklikə düşməkdən qorxuram.