BELƏ YAZILMALIDIR
Bir-birini görməyən, qarşılanmayan insanları düşmən edən sistem olduğu müddətcə yaşamaq təhlükəlidir. Hər gün ölümlə yatıb, növbəti günə nə ilə oyanacağını düşünmək heç rahat həyat deyil. Bundan qurtulmağın yolları çoxdur, amma ilk öncə etməli olduğumuz şey nifrətin artırılmağı dayandırmaqdır, daha sonra isə əvvəlkiləri təmizləmək.
Bəzi sahələr var ki, insanlara birbaşa təsir etmək olur. Onlar kimin əlindədirsə, təsir gücü də onların əlindədir. Tarix, mədəniyyət, ədəbiyyat, mətbuat və s. kimi sahələrə buna görə “azad olması, müdaxilə edilməməsi lazımdır” deyilir. Əgər o, kiminsə əlindədirsə və yönəldilirsə, bu cəmiyyətin təsvirini yaratmayacaq, tam tərsi həmin cəmiyyətin idarə edilməsi üçün istifadə ediləcək.
“Azərbaycanda bu sahələr kimin əlindədir?” deyə sual verən olsa, cavab vermək xeyli çətin olacaq. Əsasən, dövlətin nəzarətində olan bu sahələrdən kənar kiçik azad insanlar mövcuddur. Bu insanlar çətinliklə önə keçib, fərqlənə bilir, nəsə “söz demək” ixtiyarında olurlar. Buna görə xalqa istənilən fikri istənilən cür yeritmək dövlət üçün çətin deyil. Bir də həmin azad insanların nə qədərinin təmiz və şəffaf olacağını hesaba qatmalıyıq. Yəqin mətbuatda, hətta elmi kitablarda sizin qarşınıza “Zori Balayan – Ruhumuzun dirçəlişi” kitabından bəhsi keçən sitatı çıxıb. Həmin mətni olduğu kimi göstərmək istəmirəm, google-da axtarış edərək rahatlıqla tapa biləcəyiniz bir mətndir. Yazıda evə girərək 13 yaşlı bir türkün (azərbaycanlı nəzərdə tutulur) pəncərəyə mismarlanması və başına müsibətlərin açılması bəhsi keçir. Belə bir mətnin istinadı olmalıdır, əlbəttə. Gəl gör ki, indiyə qədər bunu sübut edən heç bir mənbə göstərilməyib. Necə yəni bu kitabı tapa bilmək mümkün deyil. Mənə həmişə bu hissənin haradan əldə edildiyi maraqlı gəlib. Yəni bu hissəni götürəcək bir kitab varsa, niyə davamı yoxdur? Bu kitab hardadır? Varsa, niyə ortaya çıxarılmır? Sonra aydın oldu ki, bu 2000-ci illərin əvvəlində “Xocalıya Ədalət” kampaniyası başladıqdan sonra yaradılmış bir xəbər imiş. Bu vasitə ilə erməni düşmənçiliyini qabarda biləcək, onların əməlini təsvir edə biləcəkdilər. Bu siyahıya həmçinin “David Xerdiyan – “Xaç uğrunda”nı da misal göstərmək olar. Eyni ilə həmin kitabdan bir hissə paylaşaq, orada əsgərlərin bataqlıqdan keçmək üçün 1200 azərbaycanlının cəsədini tapdaladığı qeyd edilir. Bu da eyni ilə “Ruhumuzun dirçəlişi” kimi əsassızdır. Kitab varmı? Yox.
“Ədalət” kampaniyası başladığı dövrdə yəqin göstərə biləcəkləri bir kitab yox idi deyə özləri yaratmalı olublar. Əslində buna ehtiyac yoxdur da. Xocalı ilə bağlı daha real mənbələrdən istifadə etmək əvəzinə, belə alternativ “fake” mənbələr yaradaraq inandırıcılıqlarını itirdilər. Həmin kitabı əsas göstərərək beynəlxalq arenalarda hələ özlərini gülünc vəziyyətinə salmalarını demirəm. Bunun yalan deyil də, həqiqət olduğuna özlərini o qədər inandırmışdılar ki, bununla bağlı şikayətlər də edirdilər. Nəticədə nə sübut göstərə bilir, nə nəticə əldə edə bilirdilər.
Mənim başa düşmədiyim isə David Xerdiyanın adının belə bir kampaniyada yer alması idi. Zori Balayanı nisbətən anlamaq olur. Onun “Ocaq” əsərini, ya Qarabağ müharibəsi dövründə iştirakını bəlkə şübhə kimi irəli çəkirlər, amma Xerdiyanın adını görəndə təəccüblənmişdim.
Sadəcə bu kimi “yalan” məlumatları dövlətin mənbələrində görmək isə ayrı təəccüb doğurur. Misal, hər iki yazıçı haqqında “Axundov adına Milli Kitabxana”da yazı mövcuddur. Onlarla da kitablar yazılıb. Onların “var olduğu iddia edilən” kitablarından sitatlar paylaşırlar. Bunu medianın propaqanda kimi istifadə etməsi dövlətin adından getməyə bilər, amma bunu dövlətin özünün etməsi artıq şübhə doğurur. Sənin sübutun varmı? Bununla kifayətlənməyib, irəli gedərək həmin mətni ingilis dilinə tərcümə edərək paylaşmaları isə bu biyabırçılığı daha da artırır. Xaricdə oturan birisi kitabı axtarışa verdikdə heç bir mənbə tapmayacaq, hətta bunu erməni dilində də görməyəcək, kitab haqqında tək iddialı tərəfin Azərbaycan olduğunu görəcək. Tapılmamasına “ermənilərin bunu gizlətdiyini, paylaşılmasını istəmədiklərini” göstərsələr də, heç inandırıcı bir fakt deyil. Bir bənzəri kitab misal göstərmək olar ki, orada bu kimi söhbət gedir. Baxsalardı, Markar Melkolyanın “Mənim qardaşımın yolu” kitabında qardaşı haqqında danışarkən kampaniyalarının təbliğatlarına yarayacaq materialı tapa biləcəkdilər, yəqin kitabdan gec xəbərlərinin olması alternativ kimi belə “yalançı” kitabların yaradılmasına ehtiyac görülüb. Bundan sonra nəticə çıxarmağa başlamışdılar, misalçün Monte Melkolyandan bəhs edilən kitabın olduğunu görəndən sonra daha çox bu kitabdan paylaşımları görməyə başladım. Artıq onlar üçün “əsaslı” bir sübut var və Zori və Davidin “əsərləri”nə artıq o qədər də ehtiyac yoxdur.
Bu yaxınlarda kitab mağazasında kitablara baxarkən gözümün sataşdığı bir kitabı əlimə alıb, vərəqləyərkən mövzusu diqqətimi çəkdi. “Adəm İsmayıl BAKUVİ – Məhşər Divanı: Yalanın 17 anı” idi adı. Kitabda qurulan məhşər məhkəməsində Azərbaycan-Ermənistan arasında gedən müharibə ilə adları keçən ermənilər dindirilirdi. Onlardan 2 şəxs mənim üçün xüsusilə maraqlı gəldi. Birisi Zori Balayan, digəri isə Kim Kardaşyan idi. Zori Balayaının məhkəmə hissəsində “Ruhumuzun dirçəlişi” kitabı fakt kimi göstərilərək dindilir, buna görə cəzalandırılacağı deyilirdi. Həmin məşhur kitabdanmış kimi göstərilən hissə səsləndirilərək iddiham olunurdu. Kim Kardaşyanı isə “məşhur pornoaktrisa” kimi göstərmişdilər. Deyə bilərsiniz ki, bu müəllifin yanaşmasıdır, fikridir və belə təsvir edib. Mənim işim müəllifin necə bir təsvir etməsi, nələri əsas göstərməsi deyil. Kitabın təqdimatı və iştirakçılar diqqətimi çəkmişdi. Orada “Tarix İnstitutu”nun baş direktoru, millət vəkilləri, tarixçilərin olması, bu kitabı bir silah kimi göstərib, “düşmənə kitabla, elmlə qalib gəlməliyik” demələri diqqətimi çəkmişdi. Məgər bunların düşmənlə mübarizəsi “saxta məlumatlar” imiş.
“Ruhumuzun dirçəlişi” kitabını axtararkən “Ocaq” əsəri ilə də tanış oldum. Bu kitabda nəyin yazıldığı daha çox maraqlı gəlirdi mənə. Tapmaq da elə çətin olmadı. Rus dilində tapmaq mümkündür. Daha sonra “Ocaq” əsərinə cavab kimi yazılan “Köhnə bayatılar, yeni əfsanələr” yazısına rast gəldim. Bunun müəllifi isə İsa Qəmbərdir. Həmin yazını əldə etmək üçün müəllifin özü ilə əlaqə saxlayıb, şəxsən özü ilə də görüşmək şansı əldə etdim və həm kitabı almaqla bərabər, həm də bu barədə söhbət etmək imkanım oldu. Onun da “Ruhumuzun dirçəlişi”ndən xəbəri yox idi. Nəticədə əmin oldum ki, dövlətin “Xocalıya Ədalət” kampaniyası çərçivəsində yaratdığı təbliğat vasitəsi imiş.
Bəs, “Ocaq” əsəri nədən bəhs edir?
İsa Qəmbər “Köhnə bayatılar, yeni əfsanələr”də kitabdan sitat verərək, ona qarşı arqumentlər göstərir, saxta olduğunu tarixi faktlarla sübut etməyə çalışır. Onlardan hansının doğru olduğunu demək mənə düşmür, mənim işim sadəcə bunları nəzərə çatdırmaq ola bilər sadəcə. Kitabı oxuyarkən Sovetin tərkibində yaşadıqları halda, fikir ayrılıqlarının yaranmasına səbəb olan teoriləri düşünməyə başladım. Mənə görə “vahid tarix”in olmamasıdır. Sovet tərkibində vahidlik anlayışı olsalar da, hər biri öz tarixini fərqli yazırdı və buna görə, əlbəttə, fikir ayrılıqları yaranacaq. Hər iki dövlətdə “böyük” dövlət anlayışı mövcuddur. “Böyük Ermənistan” – “Böyük Azərbaycan”. Bu böyük dövlətlərində isə digər xalqın iştirakı yoxdur. Hər birisinə görə digəri sonradan bura köçüb və onlara qarşı əsrlər boyu bəla olub. Mənə maraqlı gələn Moskvanın buna niyə marağının olmasıdır.
“Köhnə bayatılar, yeni əfsanələr”də müəllif Sovet alimlərinin birgə hazırladığı “Qədim dünya tarixi” kitabını əsas göstərərək ermənilərin bu coğrafiyada qədimdən yaşamadığını, Zori Balayanın isə saxta tarix yaratdığını deyir.
“Ocaq” əsərində müəllif Naxçıvanla bağlı onun e.ə. XVI əsrdə Ermənistan çarı Tiqranın sərəncamı ilə salındığını qeyd edir. Kitabda həmçinin əlavə olunur ki, Ermənistanın Romaya qarşı mübarizəsi e.ə. 52-ci ildə Parfiya çarının qardaşı I Tiqran Ermənistan çarı olur və e.ə. 64-cü ildə o, Romaya gedib, İmperator Nerona baş əyir.
“Ocaq” və “köhnə bayatılar, yeni əfsanələr”i müqayisə etdikdə iki müəllif arasında Qarabağ və Ermənistan ərazisinin tarixən kimə məxsus olması ilə bağlı mübarizə görürdüm.
İsa Qəmbərin öz yazısında dediyi bir hissə diqqətimi çəkdi və haqq verdim açığı.
Balayan Ermənistan SSR-dən yüzlərlə “zəhmətkeş” adı sayarkən bir dənə də olsa, onların yanına azərbaycanlı əlavə etməyib. Halbuki orada yaşayan azərbaycanlılar da olub. Balayanın millətçi mövqeyi artıq əsəri oxuyan üçün tərəfsizliyi kənara qoyub, mövqe qoyduğunu göstərir. İsa Qəmbərin də millətçi olduğunu danmadan eyni fikri bəlkə ona da əlavə etmək olar, amma faktları araşdırmaqdan kənar, göstərilən faktların mübarizəsinə fokslana bilərəm sadəcə. “Ocaq” əsərində “Erməni soyqırımı” ilə bağlı bir məqam həmçinin diqqətimi çəkdi. Balayan Tələt və Ənvər paşanı dayandırmaq üçün Almaniyanın göstəriş verə bilmə ixtiyarında olduğunu, amma bunu etmədiyini deyir. Əgər dayandırmağı istəsə idilər, bunu edərdilər.
Azərbaycanda bu qədər çıxaran əsərlərdən birisi olaraq “Əkrəm Əylisli – Daş yuxular”ı misal göstərmək olar. Kitab çıxdığı ilk dövrdən səs salıb, gündəm olmağı bacarıb. Müzakirəsini hətta “Milli Məclis”də etmişdilər. Əsərdə 90-cı illərin əvvəlində Bakıda, Sumqayıtda və digər bölgələrdə baş tutan hadisələri təsvir edilir. Ermənistandan köçürülən azərbaycanlıların ermənilərə qarşı əməllərindən bəhs edilir. Bu əsər olduqca səs salır, amma buna təşəbbüs göstərən oxucu kütləsi deyil, dövlət propaqandası olur. Belə ki, hakim partiyanın (oxu: Yeni Azərbaycan Partiyası) gənclərdən ibarət üzvləri yazıçının evinin önündə aksiya keçirdi, əsəri və yazıçını qınayan yazılar dərc edilməyə başlandı, kitabları yandırıldı, prezidentin fərdi təqaüd və “xalq yazıçı”sı adından məhrum edildi. Bu kitabın belə səs salmasının səbəbi heç də insanların kitabda yazılan fikirlərə olan reaksiyası deyildi. Tək məsələ bu kitabın dövlətdən xəbərsiz yazılması olması idi, çünki dövlət bu vəziyyətdə ondan necə istifadə edəcəyini bilmir. Kitaba irad bildirən, hətta evinin önündə aksiya üçün göndərilən gənclərin, ya bu kampaniyanı aparan digər şəxslərin, hətta dövlət adamlarının özünün də kitabdan xəbəri yox idi, bəlkə indinin özündə də oxumayıblar. Sadəcə “erməniləri tərifləyir, azərbaycanlıları pisləyir” deyə öyrədilib, göndərilmişdilər. Kitaba irad bildirən şəxslərin neçəsi ilə söhbət etdiyim zaman kitabdan məlumatsız olduğunu öyrənmişdim. Oxumaları mümkün də deyildi, çünki kitab rus dilində idi. Mən kitabı 1 il sonra tərcümə etmiş bir şəxsin vasitəsilə ilə oxuya bilmişdim. Hətta rus dilində olan kitabını da istəsəm də tapa bilməmişdim.
Bu kitabdan sonra fərqinə vardığım bir digər məsələ isə nəki Sumqayıt və Bakı qətliamları ilə bağlı, heç Qarabağın özü ilə bağlı “samballı əsər” görməmişəm. Nəzarət dövlətdə olduğu üçün yazıçının yaradıcılığı da limitli və çərçivəlidir. “Bunu yazsam kimin xətrinə dəyər” deyə düşündüklərindən heç bir əsər yarada bilmirlər, yaratdıqları isə çox sadə olur və maraq cəlb etmir, ya heç PR-ı düzgün aparılmır. Sadəcə universitetdən apardıqları 10-20 tələbə ilə təqdimat keçirib, onlara dağıdır, onlar da oxumurlar. Nəticə olur – boş. “Daş yuxuları” məşhur etdikləri kimi tam əksini edərək elə bir əsəri də tanıda bilərlər, amma buna ehtiyac görmürlər. 90-cı ilin özündən bəhs edən neçə kitab oxumusunuz, ya eşitmisiniz? Həmin dövrdə yaşamış yazıçılar yoxdurmu, ya həmin dövrdə siyasi aktivist olan, hərəkatın iştirakçıları niyə kitab yazmır? Dəfələrlə görüşlərim zamanı həmin şəxslərə bu sualı verib, sonra tələb edəndə onlarda eyni həvəsin və marağın olmadığını görürəm. Qorxurlar, yoxsa o qədər də önəmli tarix kimi görmürlər həmin illəri?