Ağıllı dəlilər

Avtobusa nə deyəcəyimizi bilmirdik. Dəlixanaya gedir?-desək bizə pis-pis baxacaqdılar, ruhi psixoloji xəstəxana desək qarışdırıb başqa yerdə düşürmələrindən qorxurduq. Nəysə, evdən çıxdıq gəldik dayanacağa, avtobus gəldi, ruhi dispanser, hə, gedir-dedilər, mindik. Yaxın bir yerdən gedirdik deyə hardasa on beş dəqiqə sonra çatdığımızı dedilər, düşdük. Qapıdan giriş çıxış çox rahatdı. Həyətə düşüb, gözdən qaça bilən birisi rahatlığla çölə çıxa bilər deyərdim. Nə girişdə, nə də çıxışda dayan, hara gedirsən?-deyən olmadı. Özüm polisə yaxınlaşıb, göndərişlə gəldiyimi deyib hara getməli olduğumu soruşdum. Düz getməyimi deyib, qarşıma çıxan iki mərtəbəli binaya girməyimi tapşırdılar. Getdim, qapı bağlı idi. Nə edəcəyimizi bilmədiyimizdən fırlanaq, qarşımıza birisi çıxarsa soruşarıq dedik. Həyəti çox qəşəng idi. Həqiqətən də, hüzur verici bir bağları var. Sakit bir küncə özünü verib dincələ bilərsiniz. Biraz getmişdik ki, musiqi səsləri eşitməyə başladıq. Əvvəlcə xəstələrin özlərinin çalıb oxuduğunu, ya əylənmələri üçün həkimlərin qoşduğunu düşünsək də sonra öyrəndim ki, bunun səbəbi onları sakitləşdirmək və bir növ müalicə etmək metodudu. Bu keçmiş bir üsul imiş, musiqi dinlədərək onları sağaldırlar. Effektini qaldığım şöbədə gördüm. Musiqinin gəldiyi anda hər kəs ətrafına toplaşıb onlarla bərabər oxuyur, bəzən isə oynayardılar. Hətta xəstələr arasında məharaətlə türk mahnılarını sərbəst oxuyanlar da vardı, sözlərini əzbərə deyirdilər.

Biraz ortalığda gəzmişdik ki, qarşımıza bir qadın yaxınlaşdı, görünüşündən həkimə ya oranın işçisinə deyil də, bir ruhi xəstəyə oxşatdıq. Özü yaxınlaşıb nə istədiyimizi deyəndə, izah edəndən sonra düz gedib dönməyimizi dedi. Nə qədər doğru deyər deyə çox düşünməyib yanından uzaqlaşdıq. Nə olar, nə olmaz çəkinmişdik amma ona sən ağıllısan ya dəlisən də deyən deyildik. Aralaşaraq, dostum mən buna güvənmirəm, amma gedək, sonra niyə getmədiz deyə gəlib izləyər- dedi. ciddən çəkinmişdi. Gülə-gülə dediyi yerə getdik, ən azından birini tapıb soruşarıq deyə. Həyətində rahat gəzməyimiz məni təəccübləndirirdi. Yəni belə ciddi bir yerdə əlimizi-qolumuzu sallayaraq içəri girib rahat gəzirdik. Ciddi problemdi bu.

Dediyi doğru çıxdı, getdiyimiz yer idi. Bizi baş həkimin köməkçisinə yönləndirdilər, yanına girməli ordan qəbula göndərilməli idim. İçəri daxi olarkən telefonları götürürdülər. telefonumu köməkçinin asistanının masasına qoydum, qapıda dayanıb içəri keçməyimə icazə verməsini gözləyirdim. Telefonumu götürüb, aaa, telefonum harda çatladı?-dedi. dönüb telefonumu götürüb baxdığını görüb, əlimdən düşüb deyəndə birinci telefonunu mənim yerə saldığımı düşünüb əsəbləşsə də sonra telefonun mənə aid olduğunu görüb, bağışlayın, elə bildim mənimdi deyib güldü. Qapı açıq idi deyə dostum arxaya baxıb nəsə danışdığımı görüb, gözü ilə nə olduğunu işarə elədi. Səsli bir şəkildə, heçnə, burda həkimlərdə dəlidi-dedim, əli ilə gicləməməyimi işarə elədi. Asistant gülümsədi. Fikir verdiyim bir şey də, orda hər kəsin ağıllı görülməyə çalışması idi. Heç kəs qəribə nəsə edib, diqqəti öz üzərinə çəkmək istəmirdi. Ora girdinsə diqqətdəsən, nəsə eləsən tutub atarlar deyə düşünürdülər. Hər kəs də bir aristokratlıq var idi. Ora getdiyimi bilən hər kəs dəfələrcə məni tanıdığlarından təmbeh etmişdi ki, orda hərəkətlərinə fikir ver. Rahatlığı sevən birisiyəm deyə, hərəkətlərimə və sözlərimə o qədər də fikir vermərəm. İçimdən gələni etməyi seçirəm.

İmzatı atdırıb qəbula yönləndirildim. Əvvəlcə ruhi xəstələri qəbul edirdilər deyə bizi gözlətdilər. Sıraya yaxınlaşanda şəxsiyyət vəsiqəmin ksreksini çıxartmağım üçün göndərdilər. Çıxıb ordakı mağazada ksreks aparatının olduğunu dedilər. İçərisi nə yalan deyim, iç açan deyildi, sevmədim. Nə axşam yeməyini yedim, nə də çöldən sifariş eləsinlər deyə pul verdim. Özümlə həmin marketdən aldığım bir peçenye və pepsi ilə adi su götürdüm.

Ksreks çıxartmaq üçün girəndə şəxsiyyətimi uzadanda yanımdakına baxıb, siz də çıxartacaqsız?-dedi. yox, o ağıllıdı, dəli olan mənəm dedim gülüşdülər. Mənə içərdə heç kimə dəli demə. Hətta özünə də. Dəli desən əsəbləşəcəklər, xəstə de, amma dəli demə, özünə də dəli desən ciddi qəbul edib nəzarətdə saxlayarlar, başın ağrıyar. Vəziyyət budur ki, adi bir gülüşdən belə sənin vəziyyətinin kritikliyini böyüdə bilərlər. biraz paranoyaklıq yaradıblar həkimlər.

Sıra çox idi və mən gec gəlmişdim deyə axırıncılardan idim deyə dostumla ortalığda gəzişdik, yarım saat sonra dostum mən dayana bilmirəm deyib qaçıb getdi. Tək qaldım. Özümü verdim sıra gözləyənlərin arasına. Aralarından seçib “ağıllı dəli”lərdən seçib bir “kruq” yaradıb, söhbət eləyirdik ki, bir kişi gəlib yanımda əyləşdi. Qəribə birisi idi. Gözləri dəli kimi baxırdı ( bu sözü həmin günün sabahsı yoxlanışda psixoloq mənə demişdi. Məndən burda əvvəl yatdığımı soruşdu, yox dedim, başqa yerdə yatdığımı soruşdu, yox dedim, nəsə psixi, nevroloji bir şikayətimin olub-olmadığını soruşdu, məqsədiniz nədi? Dəli edib burda saxlayacaqsızsa deyin dedim, gülüb gözlərin dəli kimi baxır, şübhələndim dedi, ürəkdən güldüm). Kişi hey fırlanıb mənə baxırdı, əvvəl dəli olduğunu, xəstə olaraq bura gəldiyini düşünsəm də sonra öyrəndim ki, bura öz bacısı oğlunu hərbidən göndəriblər deyə gətirib. Söhbət elədik, neçə il psixoloq işlədiyini dedi, sonra ekstrasesliyi də bacardığını dedi. Haqqımda biraz fərziyyələr irəli sürdü, asan yerdən girişib tutuzdursa da axırda yanıldı. Mən də səhv, səhv deyərək yalanlarını hər kəsin içində deyirdim. Amma kişi hey məndən əl çəkmirdi. Sapıx desəm sapıxa oxşamırdı, dəli desən dəliliyi vardı amma dəli deyildi. Sırf əlindən qaçım deyə çıxıb qapının ağzında çöldə dayanırdım. Sıra bizə verilməyə başladı, on səkkizinci olsam da çöldəydilər deyə özümü qabağa verib heç on nəfər keçməmiş girdim sıraya, qəbulu təsdiqlədib bölünməyə saxladıldıq. Hamı qurtarandan sonra aparacaqdılar. Məndən qabaq bir nəfər yaxınlaşmışdı, hər yaxınlaşana nə suallar verirlər, nə edirlər deyə fikir verirdim. Qeydiyyatçı blankı uzadıb imza atmağını istədi, uşaq isə gerçəkdənmi yoxsa özünü dəli adıyla hərbidən qurtarmaq istəyirdi deyə yazmağı bacarmıram dedi. –necə yəni? Adınızı da yaza bilmirsiz?

-yox.

Şəxsiyyətini götürüb, bunu kim yazıb?- deyə yəqin imzasını göstərdi.

-Bilmirəm.

-Buna oxşadın. –deyib qələmi verdi.

-Məktəbə getmisən?

-Birinci sinifə ancaq.

-keçə bilərsiz-deyib ötürdü.

Sıra gözləykən gözümə sataşan xəstələr təcrübəsiz biri olaraq vahimələndirmişdi. Hardasa yaşı otuza yaxın olan birisi gedib-gəlib baş həkimin otağına girib onu burda yatmasına icazə verməsini istəyirdi. Həkim isə onu bura götürə bilməyəcəyini, göndəriş yazıb başqa xəstəxanaya göndərmək istəsə də, dirəşərək burda qalmaqda israr edirdi. Həkim, nə var e burda, gəl yazım get, vaxtımı alma desə də, xəstə əsəbləşərək divarı yumuruqlayır yox burda qalmaq istəyirəm deyirdi. Həkim nə desə də dönmədi. Sonra əsəb xəstəsiyəm, yatmaq istəyirəm dedi, ardıyca da iynə vurun, sakitləşim desə də həkim yox dedi deyə xəstə küsüb gəlib qapının yanında dayandı. Həkim əsəbdən gülməyə başlayıb, ordakı qadın işçilərdən birini yollayıb onu geri gətirmələrini tapşırdı. –gəl, sənə tabletka verəcəm-dedi.

-yox, iynə istəyirəm.

-Sənə də heçnə bəyəndirə bilmirik.

Xəstənin əsəbləşdiyini görüb, aparın vuna bir sakitləşdirici vurun sonra buraxın deyib otağına girdi.

Başqa bir qoca qadın var idi. Yanıyla “orta dəli” adlandıra biləcəyim bir uşaq gətirmişdi. Həkimin otağına girib çıxanda yanında gətirdiyi oğlanı həkimlər güclə apardı. Qışqıra-qışqıra istəmirəm desə də, onu artıq dinləyən, fikrini önəmsəyən yox idi. Artıq o da bir dəli idi onlar üçün. Sən demə, qoca qadın onu xəstəxanaya yazdırmaq üçün gətiribmiş. Sənəd işlərini qurtarıb gülümsəyərək çıxıb getdi. Gedəndə kefi kök idi. Canı rahatlamış, üzərindən ağır yük atmışdı.

Özümə qurduğum “kruq”la bərabər çölə çıxsaq da, bizi ayırıb ayrı şöbələrə apardılar. Sonunda beş nəfər qaldıq və gəlib dördünü ayrı şöbəyə aparacağını, məndən isə qapıda onu gözləməyimi istədi. “Seçilmiş bədbəxt” yenə mən oldum. Ağlıma ya məndə ciddi bir şey var, ya da həqiqətən bədbəxtəm ki, yer qalmayıb məni ayrı yerə salacaqlar. Qorxduğum şey isə məni ruhi xəstələrlə bir otağa salmaları oldu. İçim-içimi yeyə-yeyə həkimin arxasıyca gedirdim. Qapıda “zvanoqu” basıb, gələn başqa bir həkimə(sanitara) məni təhvil verib getdi. Qapıdan girəndə hər kəs gözümə dəli kimi görülməyə başladı. Gözümü dörd açıb diqqətli olmalı olduğumu hiss elədim. Nə edəcəyimi bilmədən biraz həyəcanlanmışdım. Balaca boy bir uşaq yaxınlaşıb əl uzadıb görüşdü mənlə. Tanıdın məni?-dedi, tanımasam da hə, necəsən? deyib yola verdim. Aşağıda tanış olduğumuzu desə də aşağıda görmədiyimə əmin idim. Həkim məni öz palatama aparır, bu isə mənim arxamca gəlirdi. Palataya girdiyimi görüb məni əzib qabağa keçib yerimi düzəltməyə başladı. Həkim, bax yatağını da düzəldib dedi. Bizdən başqa içəridə iki nəfər var idi, amma yatmışdı. Həkim gedəndən sonra sakitcə yatağıma atlayıb özümü küncə versəm də gözüm hələ bu uşaqda idi. Söhbət edəndə öyrəndim ki, bu həqiqətən də məni aşağıda görüb. Sıra gözləyərkən bir olmuşuq, sadəcə bizlə bərabər deyil də kənarda olub deyə fikir verməmişəm. Skalioz diaqnozu ilə göndərilib, ikinci dəfədi gəldiyi. On səkkiz yaşında və indi iyirmi bir yaşında üç ildən bir yoxlanışa görə gəlmişdi. Sudurqa keçirdirmiş deyə həkimə tapşırılmışdı ki, nəzarətdə olsun. ona görə həkimlərə yaxın palaya verilmişdi. Digər iki şəxsdən biri də skaliozdan gəlmiş, digəri isə əsgərliyə getmiş, hərbi yoxlanışdan bir ay sonra travması var deyərək geri göndərilmişdi. Komissarlığda bir günlük ruhi xəstəxananı yazmışdı.

İçim rahat deyildi deyə başlanğıcı ağır bir şəkildə sakit keçirtmək qərarına gəldim. Öz yatağıma uzanıb kitab oxumağa başladım. Özümlə apardığım karandaşı və iki A4-ü içəri buraxmadılar deyə gördüklərimi ardıcıllığılla yazmaq imkanım olmadı.

Biraz kitab oxuyub vaxt keçirtsəm də özümü saxlaya bilməyib çölə atıldım. Əvvəl gedənlərdən aldığım ilk və önəmli xəbərdarlıq xəstələrdən uzaq olmağım idi. Çölə çıxarkən həkimlər və “ağıllı mikro dəlilər” dən yaxınlaşıb təzə gəldiyimi, nədən gəldiyimi soruşurdular. “Ağıllı dəli”yəm sözü ordan yaranmışdı. Hər gələnə bu cür cavab verirdim deyə işlək sözə çevrilmişdi.

Orda öyrəndiyim ilk şey, deyiləni etmək idi. Sorğu və sualsız deyilən edilməli idi. Əks təqdirdə cəzalar səni gözləyirdi. Sənin fikrin, istəyin heç bir önəm daşımırdı. Sanitarlar dedisə bu olmalıdı, mütləq olacaqdı. Heç bir əks fikir olacağı dəyişə bilməzdi. Üzərinə düşən deyiləni etmək və onlarla dirəşməmək idi. Orda müxalif ruhun, azadlıq istəyi heç bir önəm daşımırdı. Tək qanun deyiləni etməlisən! –idi. Deyiləni elədinsə rahat idin, hətta oranın ağıllılarından sanitar öz heyətini qurmuş, yüngül işləri onlara tapşırıb özünə köməkçi seçmişdi. Həkimlərdən çox onlardan qorxur, çəkilirdilər. Mütləq şey isə qorxu idi. Qorxmalı idilər səndən. üzərinə onlarlası gələ bilərdi, amma bir qışqırıq, göz ağartısı onları vahimələndirməli idi, yoxsa nizam intizam olmazdı. Deyilənləri etdinsə siqaret alacaqdın, etməsən tək nəfərlik dustaqxanasında əlini və ayağını yatağa bağlamış şəkildə gecələdəcəkdilər.

Orda siqaret həyat idi. siqaretdən ötrü hər şey etməyə hazır idilər. Bizim təzə gəldiyimizi görən kimi üstümüzə tökülüşüb siqaret istəyirdilər. İçlərindən biri “dənə var?” “dənə ver” deyə hər yarım saatdan bir palatamıza girib yalvarardı. Yoxdu desən gedəcəkdilər, amma var dedinsə əl çəkməyəcəkdilər. Sıxıntıdan əyləncə qatmaq istəyən palata yoldaşlarım siqareti göstərib istəyirsən? istəyirsənsə mahnı oxu, rəqs elə deyir, xəstəni oynadırdı. Verməyəndə də, ağlayacam, sözünü eşidən kimi ağla, ağla verəcəm deyirdi. Xəstə isə ağlamağa başlayır, ayağını yerə döyürdü. Əyləndikdən sonra haqqı olan siqareti verir, otağdan çıxartırdılar. Amma bu bir müddət sonra vərdiş halına çevrildi və bu dəfə başqa dostları ilə gəlirdi.  Qapımızdan “dənə ver” sədaları əksik olmurdu. Bəziləri isə siqareti sanitarlardan alırdı. Bunun bir qarşılığı var idi təbii ki. Gün ərzində özünü yaxşı aparmaq, səs-küy salmamaq və heç kəslə dalaşmamaq sənə siqaret qazandırırdı. Bəzən yerə düşən filterləri götürüb çəkərdilər. Bir siqareti üç-dörd, bəzən beş-altı nəfər çəkib qurtarardı. İkinci günün sabahısı çölə çıxarkən özümü bir ay ordaymış kimi hiss eləmişdim. Sanki bir aydı burada qalıram və burdakı hər kəsi artıq bir aydı görürəm. Dünənki qorxu və həyəcan yox olmağa başlamışdı. İçimdə isə sıxıntı çıxıb getmirdi. Bəzən mən də siqaretdən birini mənə verin deyəcək dərəcəsinə çatırdım. Onda başa düşdüm ki, xəstələr nələr çəkir, siqaret əslində onlar üçün sadəcə beş dəqiqəni ötürmək üçün bir vasitədi. İçlərindəki sıxıntı və keçməyən dəqiqələri ötürmək heç asan deyildi. Bir-birilərinə irişmək və dəhlizdə oyun oynamaq onların üzünü güldürsə də, bir müddət sonra xoş olmayan şeylərlə nəticələnib qurtarır, güclə otağlarına yolladırdılar. Otaq isə əsl zindan idi. İçəridə zamanı keçirdən tək şey yuxu idi. Yatmaqdan başqa əllərindən heçnə gəlmirdi. Divarlar insanın üstünə-üstünə gəlirdi. Pəncərədən görülən ağaclar belə səndən nə qədər azad idi. Hava limanı yaxınlığda idi deyə tez-tez qalxan və enən təyyarələri görmək mümkün idi. Yaxından onların hansı şirkətin təyyarələri olduğunu da ayırd etmək olurdu. İy verən yatağa başını uzadıb pəncərədən görülən təyyarənin içində deyil də, bu dəlixanada gecələdiyini düşünmək insanın necə aciz və çarəsiz birisi olduğunu yaşadırdı. Bunu bir gecə qalmış birisi kimi düşünmüşəmsə orda doqquz il, altı il yaşayan xəstələr bunu dəfələrlə düşünmüşdü.

Hərbi çağrışdan göndərilən insanlar içərdəkilər üçün böyük idi idi. İstər siqaret barəsində, istər onların gətirdikləri şirniyyatlarına qonaq olma, istərsə də çöl barəsində nəsə eşitmək üçün. Xəstəxananın həyətinə belə günün müəyyən saatında həkim nəzarəti ilə çıxa və biraz hava aldığdan sonra geri qayıtmaları tək azadlığları, təbiətlə yaxınlığları idi. Ölkədə baş verən heç bir hadisənin onların marağında deyildi. Bilsələr də nə dəyişəcəkdi? Siyasətin kimin əlində olması onun üçün heç bir əhəmiyyəti yox idi. Axşam krizi gələn kimi qollarından tutub vurulan sakitləşdiricidən sonra yazılan heç bir kitabın, qurulan siyasi ələqələrin, alınan torpaqların onlar üçün əhəmiyyəti qalmır.

Xəstələrlə söhbət etmək istəsəm də həkimlər buna çox icazə vermirdilər. Qaldığım şöbənin xəstələrinin çoxu ağır şizofreniya diaqnozu ilə yatırdılar. Belə deyim, xəstə ilə oturub söhbət edirsən, ya onun hərəkətlərini müşahidə edirsən, baxırsan ki, bu normal birisidi. Bunun dəli olan tərəfi yoxdu. Bir gündən çox qaldım və heç bir anormal hərəkətini görmədim. Di gəl ki, şizofrendi və dediklərinin çoxu xəyal məhsuludu. Bütün yazıçılar kimi. Sanki biz gerçək həyatla xəyali dünyamız arasında itmirik. Az olmayıb yaratdığım dünyamın içində özümü itirdiyim və hansının mənim əsl həyata aid olduğumu bilməmək.

Səhər ağıllı kimi gördüklərim gecə yata bilmədiyimdən dəhlizə çıxıb gəzərkən aralarında söhbət elədiklərini və bir-birilərinə Brusli olduğunu, o birinin Ceki Cən olduğunu dediklərini gördüm. Bunu zarafata demədikərini üzlərindəki ciddiyətdən və güclə nəyisə izah etməyə çalışdığlarından görürdüm. Başqa birisinin Aygün Kazımova olduğunu dediyini xatırlayıram. Sən axı kişisən, Aygün ola bilməzsən- dedim, yox, Aygünəm, səsimə bax- deyib oxuduğu türk mahnısından sonra əmin oldum ki, həqiqətən də odu.

Yaşlı bir qocanın həkimə yaxınlaşıb, burda dayanacaq hardadı? –dediyini xatıradım indi. Həkimə nə deyim, karandaşla kağızımı əlimdən aldı deyə yaza bilməmişdim. Hə, nə deyirdim, yaşlı kişi, əslində elə də yaşlı demək olmazdı, əlli yaşı ya olardı, ya olmazdı.

Həkim dayanacağı nə edirsən? –deyə soruşanda, yanımdan cavan qız keçdi, dayanacağa getdiyini dedi, tapa bilmirəm.

-Hə, burdan düz get palataya dön ordadı- deyib onu öz palatasına yolladı, xəstə də heçnə demədən palatasına doğru başını aşağı sallayıb yollandı.

Başqa birisi isə hey nənəsindən söhbət edirdi. Bizim palataya tez-tez girib “dənə ver” deyən həmin xəstə idi bu. Nənəm gələcək və məni götürəcək sabah-deyirdi. Həkim nənənin gəldiyini hardan bilirsən?-dedi, biraz əvvəl danışmışdım. Gəlib səni aparacam demişdi.

İnsanın ayağını itirməsi onu yıxa bilər amma düşüncəsi, iradəsi, yaşamaq hirsi ilə həyata tutulması mümkündü, ya bədəni iflic olar, amma yenə düşünər özünə bir ip tapıb tutular. Ağlını itirmiş birisi üçün isə həyatın heç bir mənası yox idi. Nə üçün yaşadığını belə bilmirdi, yaşamağın onun üçün bir mənası vardımı özü belə bilmirdi. Ölümlə yaşam arasında gedib gəlmirdi belə. Nəfəs alırdı və şüursuzcasına hərəkətlər edirdi. Cəmiyyətə qazandırmaq nə qədər mümkündür mən bilmirəm. Bir həkim üçün bu bir fürsət ola bilər, çalışıb onu sağaltmağa səy göstərər, sağalarmı bilimirəm. Xəstəxananı sağalıb tərk edənlər az deyil. Dediklərinə görə bir ildə on altı nəfər həmin şöbədən sağalıb çıxan olmuşdu. Nə qədər doğru olduğunu bilmirəm, doğruluğunu yoxlamaq ya soruşmaq imkanım olmamışdı. Durub bir gün də artıq qalmaq istəyirəm desəm mənə həqiqi dəli gözü ilə baxıb, haqqımda ciddi bir şey yazarlar deyə qorxmuşdum. Həkimlərin insanlara verdiyi suallardan tutmuş, baxışlarınacan səndə nəsə axtardığını aydın görmək olurdu. O qədər hər kəsə xəstə gözü ilə baxırdılar ki, mənə də keçmişdi. Ordan çıxandan sonra özümü qəribə hiss edirdim. Sanki uzun müddətdi xəstəxanda yatmışam və indi azadlığa buraxmışdılar. İnsanların adi hərəkəti belə məndə dəlilik əlaməti kimi gəlirdi. Qaçmaq istəyirdim onlardan. Gülüşlərindəki qəribəliklərdən çəkinirdim, ya hamı dəlidisə deyə düşünüb, sonra özümün ağlımı itirdiyimdən qorxmuşdum. Özümü toparlamağım heç asan və qısa vaxta olmadı.

Xəstə yatanlardan bəzilərinin həyatını eşitmək şansım oldu. Birisinin on ilə yaxın yatması qanımı dondurmuşdu. On il dörd tərəfi bağlı bir binanın sakini olmaq nə demək idi?! heçnə etmədən bütün günü ancaq addımbaadım əzbərə bildiyin yeri gəzmək sıxıcılıqdan da ötə bir şey idi. Gecələri qaranlıq otağın içində dərmanın təsiri keçən bir xəstənin qışqırığları ilə yerindən atlamaq, bəzən həmin xəstəni öz üzərində səni boğarkən tapmaq sağlam insanı belə dəli edə bilərdi. On ilə yaxın bir zaman heç də qısa bir müddət deyil.Bir insanın həyatının böyük bir hissəsidi, o zamana kimisi dünyanı gəzir, kimisi saysız kitab yazır, şirkətlər qurur, banklar yarıb ömrünü qızların ətrafında gününə-gün qatır; dövlət işinə girib özündən yüksək vəzidəki şəxslərin gözünə girmək üçün yaltaqlıq edib vəzifə qalxır (bəlkə bunu etməkdənsə dəli olmaq daha hörmətlidi).

Gənc yaşındaykən əsəbi olması, etdiyi hərkətlərdən ailəsini bezdirməsi onu buracan gətirmişdi. Ailəsi ondan qurtulmaq istəyi onun on ilini burda keçirtmişdi. Sağalmaq üçün göndərildiyinə inanmıram. Əqli və şüuru olaraq ağıllı birisinə oxşayırdı. Hərkətləri və ehtiramı məndən daha mədəni və insancasına idi. Digər dəlilikləri vardımı bilmirəm amma cəmiyyətə qarışa biləcək və digər prosesi insanlar arasında keçirdə biləcəyinə inanıram. Ordakı ortamda sağalması qeyri-mümkündü. Buna görə isə ailəsi səy göstərmirdi. Ondan əlini üzmüşdülər. Mənə çalış ailənlə tərs düşmə, nə deyirlərsə elə, nə deyirlərsə baş üstə de, deməsən şərləyib atacaqlar bura. Qurtulacaqlar səndən deyirdi. Səbəbi məlum olmuşdu mənə. Bura düşmə səbəbi aydın idi. Həkimlərlə mehriban və səmimi idi, həkimlər də eynən onunla yaxın idi. Asan işləri ona tapşırıb ona gördürürdülər. Canla başla işləyir, müraciətində isə adlarından əlavə bacı, bəli, xeyr kimi mədəni ifadələr işlədirdi. Həkimlərin gözündə hansı birimiz sağlamıq ki, guya?! Hamımız xəstəyik. Tam sağlam birisi varsa ona da belə şey ola bilməz, tam sağlam olması özü bir xəstəlikdi deyib xəstəlik yaratmaq istəyi yaradar.

Ömrünü burda keçirtmək istəyirsən, ya çıxıb özünə həyat qurmaq istəyirsən? –dedim, tezliklə çıxacam, işləyəcəm, özümə biraz pul yığıb evlənəcəm. sonra yəqin ailəmi də götürüb Rusiyaya gedəcəm-dedi.

-Niyə Rusiya? Işləmək üçün ya burdan qaçmaq üçün?

-Qaçmaq. Gedib orda heçnəyi xatırlamaq istəmirəm dedi.

-Burda həyatmı var? Yaşamaq istəmirəm. Bir gün qalırsız uje sıxıntıdan partlayırsız, biz nə edək? İllərlədi burdayıq.Ağıllı adamı gətir at, bir həftəyə bunlardan da dəli olub çıxar. –deyirdi. Haqq verirdim. Təzə gedəndə biraz söhbət edib vaxt keçirtsək də, axşam səkkizdən sonra vaxt keçmək bilmədi. Gecəni yata bilməmək özü ayrı işgəncə idi. Yatağdan gələn iy, xəstələrin qışqırıq səsləri, dəhlizə atlayıb özlərini yerlərdə süründürmələri, ortalığda qaçmaları və qışqırıq səsləri ilə otağlarına qaytarılması vahimələndirməkdən başqa dincəlməyə fürsət də verməmişdi. Qırx saatdan çox oyaq qalmışdım o gün və sabahısı. Gözüm açıq o qədər hər şeyə diqqətlə baxıb, nəsə olar deyə startda durmuşdum ki, baş ağrım üç gün keçmədi. Hələ birində öz “ağıllı dəli” palata dostumu vuracaqdım az qala. Görüş otağında bizə damino verdilər ki, oynayın, sıxıldım dedim otağa keçim kitab oxuyum. Otağa girib su içmək üçün araya girmişdim ki, arxamca kiminsə yavaş-yavaş gəldiyini hiss elədim. Xəstələrdən gəldiyini düşünüb qorxdum. İçəri girsələr və üstümə gəlsələr nə edəcəkdim? Həyəcanlandığımı və qorxduğumu görsələr nəsə edə bilərdilər. Həkimin dediyi onlar səndən qorxmasa dediyini eləməz, birləşib sənə nəsə edərlər sözü məni o üç saniyədə düşünməyə çox da vədər etmədi. Qərarımı vermişdim, içəri girən kimi solu endirəcəkdim. Uzağı məndən niyə elə şey elədiyimi soruşsalar, otağıma girmişdi, nəsə edəcəyindən qorxdum deyə özümü müdafiə etdim deyərdim. Qapı da tərslikdən çox yavaş açılırdı. Özümü hazır hiss edirdim, qapı açılan gimi birini geyindirəcəkdim. Açıldı və içəri girən var idi. Mən qapıdan solda dayanıb, sağ əlimdə pepsi butulkası, sol əlimi isə vurmaq üçün hazır saxlamışdım. İçəri girdi və yumuruq yerindən götürülüb havada ona doğru irəlləyərkən onun xəstə olmadığını görüb havadaca yumuruğu saxladım. Nə olduğunu bilmədən qorxmuş bir şəkildə üzümə baxırdı. Nə olub? Nə edirsən? –dedi. Sakitləşib, heçnə, elə bildim dəlisən –deyib güldüm. Dəli deyiləm, amma edəcəkdin –deyib, o da mənə qoşulub gülməyə başladı.

Yaşlı insanlar çox idi. Baxsan adi insanlar da olmayıblar, həyatları boyu önəmli işlər görüb, işlərinə görə hörmət qazanıblar. Yaşlanan kimi gətirib atıblar bura. Birisi niyə yaşlılar evinə deyil də, dəlixanaya qoysun ki, demişdi. Ağlıma yaşlılar evinə qoysalar onun pensiya kartını ona verməli, ordakı xərclərini onunla qarşılamalı olduğunu bilirdilər, həm atasını aparıb yaşlılar evinə qoydu deməzlərmi? Əli-ayağı tutur, gəzə bilir, saxlamaq bu qədərmi çətindi? –deyərlər. ona görə gətirib bura atıblar, həm də bu vasitə ilə onun pensiyasını rahatlıqla yeyə bilirdilər. Birisi ilə tanış oldum, ömrünün iyirmi altı ilini pilot olaraq keçirmiş, dünyanın dörd bir tərəfinə səfər etmişdi. Görünüşü də cavanlığının bərli-budağlı birisi olduğunu deyirdi. Bədəni yaşlanmış və ətlənsə də hələ də hündür boyu və əzələsi ilə sözünü deyirdi. Yaşına görə isə haldan düşmüş, əli əsirdi. Çay içmək üçün stəkanı əli əsə-əsə gətirib aparır, götürdüyü çayın yarsını yerə tökə-tökə aparardı. Gördüyü işlərə görə ona saat da hədiyyə etmişdilər. Saatını həkimlər götürmüşdü deyə qışqır-bağır salıb geri istəyirdi. O mənə həyatımdan qal tək xatirədi, mənim kim olduğumu unutmağa icazə verməyən tək izdi deyərək saatını istəyirdi. Həkimlər sabah verəcəklər deyib sakitəşdirməyə çalışırdılar. Yazığım gəlmişdi kişiyə. Bir ömür keçirdəsən, uniformanın içində bütün qızların diqqətini özünə cəlb edərək dünyanı gəz, yüzlərlə insanı çiyninə al okeanlar keç, bulutlara qalx, sonra yaşın keçdi deyə bir heç kimi kənara atıl, ən pisi isə layiq olmadığın bir ortamda ömrünü başa vurmağını gözləsinlər. Nə vaxt öləcək deyə gününü saysınlar. Övladlarını kənara qoyuram, insanın şəxsiyyətinə yaraşmır. Yaşadığın ömür və həyata yaraşmır. Adi bir insan deyə ölməyə haqq eləmir. Yaşamış birisinin həyatı bu cür sonlanmalıdı.

Ordakı insanlardan bəzilərinin həyatını dinləmək şansım olmuşdu. Dedikləri tək söz burdan qurtulmaq və azad bir şəkildə yaşamaq istəyi idi. Kimisi ailəsinə qarşı çıxmışdı deyə atılmışdı, kimisi qəza nəticəsində bura düşmüşdü.

Anasını gözləyənlər, nənəsinin gəlib onu aparacağını düşünənlər heç də az deyildi. Birisi qaranlıq qalmışdı mənə. İri cüssəli, bədənli birisi idi. Həkimlərdən çox ondan çəkinirdilər desəm yalan olmaz. Söhbət etmək və hekəyəsini dinləmək şansım olmadığından başına gələnləri dinləyə bilmədim. Buna görə öz hekayəmi qurmaq qərarına gəldim. Üz quruluşundan başına güclə maşın qəzası gəldiyini düşünürəm. Maşının rolunun üzündə buraxdığı izə oxşayırdı. Ağlıma gələn başın qəzası keçirtmiş və həmin qəzada ailəsini itirmiş ola bilərdi. Gözünün önündə onların cansız bədənini görməsi, qanlar içərisində daşıması, özünü hadisəyə görə günahlandırması əsəb pozğuntusu yaratmış ola bilərdi. Danışığından adi birisi olmadığını sezmək olurdu. Bəs niyə çıxıb getmirdi? Sağalana oxşayırdı. Bəzən əsəb krizi tuturdumu bilmirəm amma o ortamda tam sağalması mümkün deyildi. cəmiyyətə qarışması, təmiz havada gəzməsi, məşğuliyyət tapıb işləməsi onu üçün yeni bir başlanğıc ola bilərdi. Çıxmamasına öz istəyi heç inandırıcı gəlmirdi. Ora öyrəşmək qeyri-mümkündü. Bəzən dustaq həyatı yaşamış birisinin azadlığa çıxandan sonra çöl mənlik deyil, fırlanıb girəcəm içəri –deməsinin yalan olması kimidi dəlixada bir ömür çürütmək. Bu şəxsində doqquz ili idi ordakı. Uzun bir ömür və itirilmiş bir həyat. Bunun səbəbi adi bir şeyə bənzəmirdi.

Vurulan sakitləşdiricilərin təsirindən üzləri əyrilmişdi. Görüşünündən qorxub çəkinə bilərdin. Həkimin vurulan iynələrdən bədəni keymiş insanların olduğunu deyirdi. Narkaman düşünün, vurulan iynələrdən bədənində salamat yer olmurdu deyə bədəninin hər yerini deşir, xəstələrin də vəziyyəti eyni idi. Gün ərzində vurulan sakitləşdiricilərin təsiri bir müddətdən sonra təsir etmirdi.

Bir narkaman gətirmişdilər. İstifadədən tutulmuş  və ruhi xəstə kağızı vardı deyə xəstəxanaya yollanılmışdı. İlk dəfə deyildi gəldiyi. Bir gün ərzində dediyinə görə üç sakitləşdirici vurmuşdular. Adama baxırsan ayaq üstündə gəzən ölüdü. Var, amma yoxdu. Ortalığda gəzir, dalaşır, söyür amma bədəninin hərəkət etmə ixtiyarında deyil.

Xoşuma gələn söhbətlərdən danışmaq istəyirəm. Gecə görüş otağında damino oynayarkən bir uşaq ard-arda neçə dəfə hər kəsi məğlub etdi, başqa birisi zarafatla hardan öyrənmisən belə oynamağı?-dedi. O, da baxa-baxa öyrənmişəm, dedi. Bu cavaba verilən əks cavab xoşuma gəlmişdi. – elə olsa çöldəki itlər qəssaba baxıb qəssablıq öyrənərdi.-dedi. Baxsan elə də dəyərli bir şəxsin fikri deyildi, nə də fikrin elə bir dərin mənası yox idi, amma o ortamda deyilən ən fərqli fikirlərdən birisi idi deyə xoşuma gəlmişdi.

Bundan başqa bir söyüş də var idi. Söyüşləri sevən birisiyəm, kreativ söyüşlərdən kolleksiya yığıram desəm yalan olmaz. Otaq yoldaşlarım arasında gedən söhbətdən sonra biri o birini əsəbləşdirdi deyə hirsindən “paytaxtını sikim” dedi. İki uşaq kənardan durub bunlara baxırdıq, söyüşü eşidib bir-birimizə baxdıq, gülməyə başladıq. Gecəni söyüşü xatırlayıb gülərək keçirtmişdik. Yəni bir adam niyə belə söyüş söysün axı? Paytaxını necə belləyəcəksən? Bir insanın paytaxtı ola bilirmi? Necə bir anlayışdı bu? Bədənin ortasını nəzərdə tutur? Göbəyini söydü? Ya ürəyi idi,bu? Çıxışdan sonra bunu bir dostuma dedim, o əvvəl də birindən eşitdiyini dedi. Heyfsləndim, bu cür söyüşü eşitməmişəm deyə çox şey itirdiyimi düşündüm.

Bir hekəyə daha eşitdim amma gerçəkliyini təsdiqlədəcək heç bir əminliyim yoxdu. “Ağıllı dəli” belə olsalar dəli dəlidi. Hekayə bir yazıçı ilə bağlıdı. Ölüm hökmü almış birisi nə hisslər keçirdir deyə kitab yazmaq istəyirmiş, amma o hissi necə izah edəcəyini bilmirmiş. Kimdən soruşsa mən hardan bilim, ölüm hökmü yemiş birindən soruş deyir. Yenə bir şəxsdən soruşarkən gəl belə edək, səni baş vermiş cinayətlərdən birinə görə içəri atdıraq, içərdə ölüm hökmü yemiş şəxslərlə zaman keçirt, qeydlərini apar, sonra qarışıqlıq olub deyə çıxartarıq. Razılaşır, hardasa bir aya yaxın ölüm hökmü yemiş insanlarla qaldığdan sonra xəbər göndərdir ki, işim qurtardı məni çıxart. Buna hara çıxırsan, iki günə ölüm hökmün verilib, güllələnəcəksən deyirlər. Nə qədər yazı yazmaq üçün içəri girmişəm, mən cinayətkar deyiləm desə də yox güllənəcəksən deyib atırlar içəri. İki gün keçir, bunun ölüm fərmanı hazırlanır başına torba salıb gətirirlər ki, güllələnsin. Nişangaha tuşlanıb, əsgərləri düzüb hazır edirlər. adam əsir, ölüm hissini başa düşməmiş, yaşamışdı. Gəlib başından torbanı çıxartanda saçlarının ağardığını görürlər. – indi başa düşdün ölüm hökmü yemiş birisi nə hisslər keçirdir? Get indi nə istəyirsən yaz-deyərək buraxıblar.

Əgər gerçəkdən olubsa həmin əsəri oxumaq istəyərəm. Yaşamış hissləri oxumaq ləzzət edərdi mənə.

Həkimin danışdığı bir şey daha vardı. Deməli bir dəfə xəstələri birləşdirmək qərarına gəliblər. Kişilərlə qadınlar bir yerdə qalsa nə baş verər deyə qarışdırıb bir salıblar. Bir müddət sonra bunları ayırmaq mümkün olmayacaq bir hala düşüb. Həkim bunun sex anlayışındamı nəzərdə tutmuşdu, yoxsa birləşib dalaşmaq mənasındamı başa düşmədim tam olaraq. Təzdən soruşmaq fürsətim də olmadı deyə sadəcə bu qədərlə kifayətlənməli oldum.

Səhərin açılmasını, səhər isə saatın 13:00 olmasını gözləyirdik. Hər keçən saat bizim üçün bir uğur, sevinc idi. Artıq hər saatın azadlığa bir işarə olduğunu başa düşürdük. Saat 10:00 dan yoxlanışlar, analizlər başladı. Birinci qan verib, sonra rentgendən və digər yoxlanışlardan keçib psixoloqla söhbətlər başladı.

Sıra mənə çatdı, girdim. Özümü təqdim elədim, ali təhsilliyəm deyə primitik suallar vermədilər. Məsələ digərlərinə yaşın neçədi? Toplama işləri, haralısan kimi suallar vermişdilər. Məndən burda ilk dəfədə yatdığımı yoxsa nə vaxtsa gəldiyimi soruşdu, ilkdi dedim, başqa yerdə yatdığımı soruşdu yox dedim, nəsə psixi xəstəliyimin olub olmadığını, travma aldığımı soruşdu özümü tuta bilməyib məqsədiniz nədi? Buraxmaq istəmirsiz deyəsən dedim güldü. Təkrar gələcəm?- dedim, yox dedi, keçdim digərinə. O da eynən suallar verdi keçdim.

Sonra bizi hərbi komissarlığın son qərarı verməsi üçün başqa bir binasına apardılar. Alergiyam tutmuşdu deyə tez-tez asqırırdım. Bizə nəzarət edən həkim gecə smenindən getmiş, yerinə gənc birisi gəlmişdi. Həkəkətlərinə görə qala-qala sizdə də dəli olmusuz demişdim, nə gözləyirsən? –demişdi. Asqırdım, sənə qalsın dedi. İlk dəfəydi belə bir sağlam ol eşidirdim. –O nədi elə?- dedim.

-Burda sağlam ol demirlər, sənə qalsın deyirlər. Sağlamlıq tərəfi var burda?- deyərək ətrafı göstərdi.

Olsun, yenə qulaqlarım fərqli bir şey eşitmiş oldu.

Və qurtulmağıma son bir addım qalmışdı. İçəri girəcəm, sağlamam, heç bir dəliliyim yoxdu deyib çölə çıxmalı idim. Həkimləri iki gündə tanımışdım. Baş həkim, onun müavini, bir də şöbə müdürü idi. Hərbidən gələn yox idi.

-Nəsə şikayətin var?

-Xeyr.

-Qolunda nə kimi çapıx var?

Açdım, göstərdim, -uşaqlığda yıxılmışam kiçik izlərdi.

-Yıxılıb travma almısan?

-Yox.

-Oğlanlardan xoşun gəlir ya qızlardan?

Bu necə bir sual idi. Sual çatmamışdı. Dönüb təzdən baxıb güldüm.

-Bu nə sualdı?- dedim.

-Yəni oğlanlardan xoşun gəlir ya qızlardan? Hansını sevirsən?

-Hansını sevməliyəm? Normal insanlar kimi, qarşı cinsə məhəbbət, həmcinsimə hörmət.

Digər həkimlər gülməyə başladı. Biri əli ilə gedə biləcəyimi dedi, çıxdım, artıq mənə aid heçnə qalmamışdı. Tək etməli olduğum şey çıxış qapısını tapmaq və arxama baxmadan burdan uzaqlaşmaq. Çox rahatlıqla tapdım, sanki illərlə burdaymışam kimi. Doğmalıq hiss edirdim ora.

Çıxdım, döndüm bir baxdım. Ağlıma içərdəki yaşlılar düşdü. Görəsən nə zamansa ağlımı itirib bura düşə bilərəmmi? Ya övladlarım məndən qurtulamq üçün bura ata bilərlərmi?

Avtobus gəldi, mindim və buranı bir xatirə deyə yaddaşımın bir küncünə yazıb uzaqlaşdım. Artıq otuz saatdan çox idi ki, yuxu nədi bilmirdim amma yenə yatmaq istəmirdim. Yatmadım da. Qırx saatdan çox oyaq qaldım, gecəni də beş saat yatıb dincələndən sonra ayıldım. Öz yatağımda sabahı açmaq qəribə gəlmişdi. Palata yoldaşlarımı görə bilmirdim, qapıda “dənə ver” deyən dəlini, çöldə gəzişən əsən əlləri ilə maykanın içində çay içmək üçün mətbəxə gedən “qoca dəlilər”i görmürdüm. Bitmişdi kabus. “Ağıllı dəlilər” lə bir ömür məni gözləyirdi. Yenə məni əsəb edəcək hərəkətləri ilə, düşüncələr ilə içərdəki dəlilərdən heç də fərqlənmədiklərini göstərəcək, dəli mənmişəm kimi davranacaqdılar. Kaş dəlixana böyük olaydı. Bu qədər dəlini yerləşdirə biləcəyimiz qədər böyük.