Nəsimi ilində çap olunmalı kitab

Hardasa səkkiz-doqquz il əvvəl idi. Əmimgilə gedəndə onun köhnə kitabları arasından bir kitab tapmışdım, kitabın adı “İki od arasında”, yazarı isə Mahmud İsmayılov idi. Nə yazıçını, nə də kitabı görməmişdim, adını belə eşitməmişdim. Əmimdən kitabın nədən bəhs etdiyini soruşanda Nəsimidən, Şeyx İbrahimdən bəhs etdiyini, Şirvanşahlar dövlətinin Teymurləngin yürüşü zamanı başına gələn hadisələrdən bəhs etdiyini dedi. Nəsiminin qəzəllərini oxumuşdum o vaxtacan, bir də filminə baxmışdım. Təbii ki, o yaşımın verdiyi dünya görüşünə görə filmi tam analiz etmək şansım olmamışdı.

Sevdiyim şairin, siyasi taktikalarını maraqla oxuduğum hökmdarın kitabını oxuyacaqdım. Tarixə olan marağım Şirvanşah Şeyx İbrahimə də marağımı artırmışdı. Teymurləngə qarşı atdığı atdımlar ağıllıca gəlir, savaş mövqeyini düzgün seçdiyini düşünürdüm. Kitabı bir-iki həftəyə oxuyub bitirdim. Kiril dilində olması və xırda hərflərlə yazılması oxumağımı çətinləşdirmişdi. Yenə də maraqla oxuyur, hadisələri filmlə uzlaşdırırdım. Bitirəndən sonra da xeyli zaman yaddaşımda “ən çox sevdiyim kitablar siyahısında” qalmışdı.

Şeirlərə olan marağım Nəsimi ilə bağlılığımı kəsmədi. Bu günəcən, hətta ömrümün sonuna qədər təkrar-təkrar oxuduğum qəzəlləri mənə eyni həyəcanı verəcəyindən əminəm. Bu ildə “Nəsimi ili” olaraq ölkədə qeyd olunması, Nəsimi ilə bağlı tədbirlərin keçirilməsi, ayrıca xoşuma gəlir və davamlı olaraq izləyirəm.

Bir-iki gün əvvəl kitabları eşələyərkən Mahmud İsmayılovun –iki od arasında əsərini görəndə bu kitabın təzə nəşri varmı deyə internetdə araşdırma apardım. Təəssüf hissi ilə qeyd etməliyəm ki, nə kitab nəşr olunmuş, nə də bu kitabın varlığı ilə bağlı nəsə yazılmışdı. İmadəddin Nəsimidən bəhs edən bir kitabın onun ilində yaddan çıxması acınacağlı hal olaraq qiymətləndirilməlidi.

Bəlkə, mən tapmamışam deyə biraz daha araşdırma apardım, Nəşriyyatlarla əlaqə saxladım amma yenə də qarşıma çıxmadı. Belə olmaz deyib Nəşriyyatlara nəşri üçün təklif göndərsəm də onlar üçün marağlı olmadığını görüb son olaraq bu yazını yazmaq qərarına gəldim. Əgər belə bir şey etmək istəyirəmsə bunu dövlət dəstəyi ilə etməlisən. Kommersiya marağı az rol oynadığından tarixi kitabların nəşrini dəstəkləmirlər. Bu onlar açısından maliyyənin olmaması, oxucular tərəfindən isə marağın olmaması ilə birləşib, son nəticə olaraq kitabın yaddaşdan silinib, özü ilə  bərabər tarixə qovuşmasına səbəb olur. Dünya miqyasında bir yazıçı ölərsə, varislərindən heç biri kitaba dəstək durmazsa, müəllif hüququ tələb etməzsə, kitab sərbəst olaraq yayınlanır və maddi gəlir nəşriyyatın özünə qalır. Bunu özəlləşdirən dövlət qurumu, Mədəniyyət Nazirlikləri nəzarət edərsə bu səlahiyyət onlara keçir. Onlar yazıçının adının pis hallanmamasına, kitablarının təhrifə uğramamasına, ondan gələn gəlirin düzgün yönləndirilməsinə nəzarət edə bilir. Amma yaxın tarixin yazıçısını unutmaq, hələ ki, də yazdığı əsərin gündəm mövzusuna aid olması acınacağlı haldı. İnanmağım gəlmir ki, bu il ərzində bir nəfərin belə yadına düşməyib, bu kitab niyə nəşr olunmayıb deyə sual verməyib. Mən də olan kitabın ili 1987-di. Eyni nəşriyyat 1993- cü ildə bir nəşr də edib, ən gec onu tapa bildim. O da ilk nəşrlə uyğun deyildi, təhriflər olunmuşdu.

Bəs, nəşr olunmasına əngəl olan səbəb nədi? Niyə bu qədər laqeydik?

Dayımın kitabxanası da zəngindi. Anam uşağlığından əlinə keçən pulu kitaba verər, sonra onu öz rəfində səliqə ilə yerləşdirərdi. Kitab götürmək istəyənə isə birinci dəfə icazə verər, gec verdiyi zaman, ya kitabın başına iş açdığı zaman bir daha ona kitab verməzdi deyərdi. Onun kitabxanasında kitablara göz gəzdirərkən nə qədər azərbaycanlı yazıçıya rast gəldim, hansı ki, bu dəqiqə adları unudulub, kitabları yox olub. Əksəriyyəti dedektiv əsərlər olan kitabxananın inciləri sırasında xarici əsərlər də vardı ki, onları da indi görmək mümkün deyil. Yazıçıların zamanla ölməsi, kitablarını təkrar nəşrə verməməsi kitablarının unudulmasına səbəb olub.

O qədər kitabı görəndən sonra ölkədə kitab yazan insanların az olması ilə bağlı şikayətim sonlanmışdı. Kitab yazan var sən demə, məsələ nəşriyyatların olmamasıdı. İndi dayım saxlayır, dayımdan sonra o kitabların aqibəti nə olacaq? Hərfləri belə bəzilərində solmuş, güclə oxunurdu. İyirmi il sonra, əlli il sonra kitablardan əsər-əlamət qalacaqdımı?

İmadəddin Nəsimi kimdi deyəndə onu izah etmək üçün açıb filminimi izlətməli olacağıq uşaqlarımıza? Bəs, cavanlığı? Bacısı? Atası? Anası nə olacaqdı? Yusifin bacısını sevdiyini bilirsinizmi? Filmin ssenaristi İsa Muğanna adıyla məşhurlaşan, mənim də sevərək əsərlərini oxuduğum İsa Hüseynov olub. Tarixi əsərləri sözsüz “gələcəyin qızıl fondu”na salınası əsərlərdi. Həmçinin də Mahmud İsmayılovun İki od arasında əsəri.

Mən sağ olduğumca kitabı saxlamağa çalışacam. Bəlkə, gələcəkdə kitabı dünyaca tanıtma şansım da olar. Mən olmasam necə olacaq? Mənə bir şey olsa necə olacaq? Məndən başqa bunu dərd edən varmı görəsən? Hardasa, kitabı əlində saxlayıb, kaş bu kitabı nəşr edəydilər deyən birisi varmı ki? İnanıram. Kitabların lazımı dəyər tapacağına inanıram.