Dünya ədəbiyyatından sevdiyim 20 kitab

Dünya ədəbiyyatından sevdiyim 20 əsər

Oxuduğum ilk kitabdan bəri düşündüyüm tək şey, bu kitab necə yazılıb? Bu kitabı yazması üçün nə qədər vaxtı gedib? Bunu necə fikirləşib? Fikirlər hardan ağlına gəlir?

Hər kitabı əlimə aldığda kitabın qalınlığına baxar, vauu, necə də qalındı, bunu necə yazıb? Nə vaxtsa mən də belə bir kitab yaza biləcəm?-deyə düşünürdüm. Həmin suallarla böyüdüm və onlara bir-bir cavab tapmağa çalışdım.

Təklif etdiyim kitablar oxuduğum və bəyənib sizə məsləhət gördüyüm kitabların ardıcıllığıdı. Yoxsa heç bir yazıçını, ya əsəri digərindən üstün tutma məqsədim yoxdu. Bu siyahıya düşübsə demək hər biri mənim üçün ilkdi, ilk olmayan amma yenə də oxuyub bəyəndiyim əsərlər yoxdumu? -Var. Onları da bir sonraki günlərdə paylaşaram. 

20. Pərinuş Sənii - Mənim payım

Əsər İran rejiminin mərhələ atlama dövrünü göstərən bir əsərdi. Əsər həm də İranda qadağa olunmuş kitablar siyahısındadı. İran həyatını gözəl göstərən bir aynadı sanki “Mənim payım”. Güclə evləndirilməsinə baxmayaraq evləndiyi şəxsin tamamilə başqa bir dünyanın insanı olması Məsumənin həyatını tamamilə dəyişir. Əsər haqqında başqa heç nə demək istəmirəm. Oxusanız nə  demək istədiyimi başa düşəcəksiniz.

19. Frans Kafka – Çevrilmə

Absürt əsər sevən birisiyəm, istər yazmağı, istərsə də oxumağı çox sevirəm. Mənə bu janrı sevdirənlərdən biri təbii ki, Kafka oldu. Bir düşünün, səhər qalxırsınız və bir həşərat olduğunuzu görürsünüz. Nə edərdiniz? Əsər yazmaq istəyib, amma ideya tapa bilməyənlərə tövsiyəm budur. Ağlınızdan keçənləri yazın. Filan bir şey olsa necə olardı, mən filankəsin yerində olsam nə edərdim kimi ideaları öz yaradıcılığınızla və dünyagörüşünüzlə gözəl bir əsərə çevirə bilərsiniz. Əsərə gəldikdə isə, həşərata dönmüş Qreqorun səhər qalxıb özünü həşərata dönmüş halda tapması və onun bundan sonraki günü göstərilir.

18. Ernest Heminquey –Əlvida, silah!

Müəllif Ernestin Birinci Dünya Müharibəsində iştirak etməsi və bu savaşın hər bir üzünü görməsi, müharibənin insanlara verdiyi bütün pis tərəfləri görüb və onu yazmaq istəməsi “Əlvida,silah!” “Fiesta” kimi əsərləri yazmağa məcbur edir. “Əlvida, silah!” isə bunlar arasında ən önə çıxanıdı Əgər bu əsəri siyahıya əlavə etməsəydim mütləq “Qoca və balıq” ı əlavə edərdim. Uşaqlığımın əsəri olmuşdu. Ümiddən düşməməyi, uğurun nə zaman, necə gələcəyini bildirməməsini öyrənmişdim. Qoca balıqçı kimi bəlkə bizim də balığımız illər sonra torumuza düşəcək, tam qazandıq deyə düşündüyümüz anda da ondan bizə sadəcə sümükləri qalacaq. Bilmək olmaz. Sizə yenə də bu əsərləri oxuyun.

17. Çingiz Aytmatov – Gün var əsrə bərabər

Nobel mükafatının layiqlilərindən biri idi. Çox təəsüf ki, bunu ala bilmədi. Əsər sovet dövrünün idarəetmə, həyat çətinliklərini, insanların düşüncələrini göstərir. İnsanların ənənəvi həyatları ilə, onlara bu olmalısan deyə öyrədilən həyatın arasında çıxılmaz qalmasından və hansının doğru olduğunu seçməkdə çətinlik çəkməsindən bəhs edir.

16. John Steinbeck- Siçanlar və insanlar

Əsər hər kəsin mütləq oxumalı kitablar siyahısına düşməyi bacarıb. Oxuduğum bir məlumatda hələ də bir çox ölkədə qadağa olunduğu yazılmışdı. Xəyallarının ardıyca gedən dostların istəkləri, pul yığıb özləri üçün torpaq sahəsi almaqdı. Bir də cibində gəzdirdiyi ölü siçan var. Ona uğur gətirən.

15. Anton Çexov – Albalı bağı

Sonunda belə düşünün, siz olsaydınız nə edərdiniz?

Çıxıb gələn və hər şeyi dəyişməyə çalışan bir oğulun gözündə bir ölkəni göstərməyə çalışması, ailənin qərarsız qalması, verdiyi vədlər, yeniliklər, onu gözləyən təhlükə, etməli olduğu fədakarlıq və s. və ilaxır. Hansı birini deyim də hekayəni sizə danışmadan izah edə bilim. Pyes yüz səhifədən az olsa da onu bir kitab olaraq oxuduğumdan və bir kitabdan da artıq mövzunu özündə birləşdirməsinən bu siyahıda yer almağa layiq olduğunu düşündüm.

14. Paulo Coelho – Kimyagər

Əsərdən çox yazıçının hayatı diqqətimi çəkmişdi ilk öncə. Kimyagər oxuduğum ilk əsəri deyildi. Universitetə hazırlaşdığım dövr idi. Paulo Colhonun əsərlərini yavaş-yavaş sevməyə başlamışdım. (porno tərəfini deyil, elə düşünməyin) Kimyagər əsəri haqqında anatologiyasını oxuyarkən dünyada ən çox satan əsər, rekordlar kitabına düşməsi sözünü görəndən sonra qızışdırılmış bir öküz kimi kitabı alıb oxumağa başladım. Movitasiyanın ən lazımlı olan dövrüm idi. Yerinə düşmüşdü bəlkə də. İstər yazıçının həyatı, istərsə də əsər. Sizi də səyahətə çıxarta bilər bəlkə.

13. Çarlz Bukovski – Qadınlar

Oxuduğum, özümü ən rahat tapdığım yazıçıdı Bukovski. Ənənəçiliyi pozmuş və öz stilini yaratmış bir yazıçıdı. Çoxuna görə əsərləri çox şişirdilir, bəziləri heç oxunası tərəfi yoxdur desə də mütləq oxuyun. Söyüşləri, arqon sözləri bir də ondan dinləyin. Görün necə şeirsəl səslənir. Qadınlar əsəri isə hər əsərdə olduğu kimi öz həyatına verdiyi fərqli baxışdı. Bukovskiyə görə qadın olsaydı fahişə olmaq istəyərdi. Kişi olduğu üçün istədiyi edə bilir.

12. Fridnix Nitşse – Zərdüşt belə deyirdi

Fridnix Nitşsenin əsərlərindən tək oxuduğum kitabdı “Zərdüşt belə deyir”. Əsər atəşpərəstlik, Zərdüştlük inancının banisi Zərdüştün həyatından bəhs edir. Amma... əslində onun dilindən öz sözlərini çatdırır. Bir növ mən yox, o deyib kimi üstündən atıb deyə düşünmüşdüm. Zamanla isə başa düşdüm əsl məqsədini. Əsər sizə yorucu gələ bilər. Nə yalan deyim əsəri hələ fəlsəfi dünyamın tam formalaşmadığı, düşüncəmin ortalığda qaçdığı bir dövrdə oxuduğumdan məni də biraz yormuşdu. Ona fəlsəfə deyə deyil, əsər deyə baxmışdım. Sonradan çatan əsər adını verə bilərəm.

11. Daniel Defo –Kimsəsiz adada (Robinzod Kruzo)

Bu əsəri nə ki, ən çox sevdiyim əsərlər siyahısında, mənim həyatımda önəmi çoxdu. Bu kitab mənə nə yol göstərib, nə kitabdan dərs götürmüşəm. Hansısa əsərdən nəsə öyrənməyi sevmirəm. Özümə xəyanət etmiş kimi sayıram bunu. Bu əsərin yerinin ayrı olmasının səbəbi mənim ilk iri həcmli oxuduğum kitab olmasıdı. Yazıçı olmağımda, kitabları belə çox sevməyimdə rolu çox olub. Bu dövrə qədər hekayələr, nağıllar oxusam da, ilk iri həcmli əsərim bu olub. Kimsəsiz bir adaya düşsəniz nə edərdiniz? Heç kəs qurtarmağa gəlmir, məcbur tək yaşamalısız. Bir müddət sonra qurtulmağdan əlinizi üzüb özünüzə həyat qurursunuz. Sonra buna öyrəşirsiniz. Bir müddət sonra isə birisi çıxır, sizə yoldaş olur (sevgilisi deyil, adı Cümədi. Nə yaxşı ki, çərşənbə axşamına düşməyib, gülünc səslənərdi). Təkliyə öyrəşmişkən bu hardan çıxdı deyər, sonra nə yaxşı ki, gəldi, məni təklikdən qurtardı deyər onunla yoldaş olarsınız. Adınızı da Robinzod qoyarsınız mütləq. Kitabınız olar.

10. Corc Oruel – Heyvanıstan

Əsəri ilk oxuduğumda gülmüşdüm. Bu formatda oxuduğum ilk əsər idi deyə biraz ənənəçi olmuşdum. Əsərin sonlarına çatdığca isə böyüməyə başladım. demək istədiyini, məqsədini başa düşdüm. Heyvanıstan da bir çox ölkədə qadağan olunmuş kitablar siyahısındadı. Mənimsə ən çox sevdiyim kitablar siyahımda. Mütləq oxumalısınız.

9. Qabriel Qarsio Markes – 100 ilin tənhalığı

Bəri başdan deyim, əsəri oxumağınız üçün sizin uzun illər mütaliyəniz və xeyli söz bazanız olmalıdı. Markesin yaradıcılığını başa düşmək üçün yüksək İQ-nüz, səbriniz olmalıdı. “100 ilin tənhalığı” mənim təkrar oxumağa marağımın olduğu tək-tük əsərlərdəndi desəm yalan olmaz. Məni tanıyan bir oxuduğum əsəri təkrar oxumayacağımı bilirlər, bu əsər isə ilk dəfə də başa düşüləsi bir əsər olmadığını əlinizə ilk aldığınızda sizə aydın olur. Oxuyub bitirəndə oxudum, başa düşdüm deyərsiniz, bir daha oxuduğunuzda isə başqa bir şeylə qarşılaşar, başqa bir düşüncəyə qapılarsınız.

8. Nəcib Məhfuz – Yeni Qahirə

“Yeni Qahirə” Məhfuzun Qahirə əsərlər silsiləsindən biridi. Hekayə Misirin çətin günlərini, insanların universiteti bitirib işsiz qalması, iş tapa bilməsi üçün kiməsə yaltaqlıq etməsi, kiminsə məşuqəsi olmasından bəhs edərkən sanki Qahirə deyil də, hekayənin Bakıda keçdiyini, əsərin bizlərdən biri tərəfindən yazılıb içini dəyişdiyini düşünmüşdüm. Çox bizdən bir əsərdi. Oxuyarkən özümüzü görəcəksiniz.

7. Tomas Vulf – Evinə bax, mələk

Amerikanın klassik əsərlərindən biri, bəlkə də birincisi sayıla biləcək əsərdi. Tomas Vulfun ilk əsəridi səhv eləmirəmsə. Əsər və yazıçı haqqında bir filmə baxarkən əsəri, yazıçını daha yaxından tanıya bildim. Yazmağa bu qədər bağlı olan yazıçının hekayəsini bəyənməmək mümkün deyil. İçindəki yazmaq eşqi var, ha, o çox dəli bir şeydi. Hardan bilirsən deməyin.

6. Albert Camus –Xoşbəxt ölüm

Hər kəsin onun haqqında pis düşünməsinə baxmayaraq o özünə inanır və bundan ötrü çalışır. İşlənmiş mövzudu, amma bunu kim Camus kimi izah edə bilər? Oxu və tərəfini seç.

5. Qriqor Petrov – Bəyaz zambaqlar ölkəsində

Əsəri sevmək, oxumaq, onu dərslik halına gətirmək Atatürkdən bu dövrəcən bir vərdiş halına salınıb. Ölkəni heçdən necə böyük bir gücə gətirmək olar, bataqlığı necə saraya döndərmək olar görün deyir. Görün ki, siz də elə savaşın.

4. Lev Tolstoy – Anna Karanina

Hər adama məsləhət görməyəcəyim əsərdi, üzrlü sayın. Elə bil kimi tanıyıbsa götürüb əsərdə yazıb. Hər obrazdan səni də əsərimdə yazacam deyə üç beş manat pul alsaydı qəşəng dolanardı. Aa, yox, Tolstoy onsuz zümrə ailəsindən gəlib. Onun pula ehtiyacı olmayıb. Ehtiyacı olan tək şey isə yazmaq, yaratmaq olub. Əsərlə bağlı bir məqalə oxumuşdum. Məqalədə Tolstoyun həyat yoldaşının dilindən belə bir yazı yazılmışdı. Lev özünü otağa bağlayıb günlərlə ordan çıxmadı. Heç kəsi də yanına buraxmaz, otağdan çıxıb heç kimin üzünə baxmazdı. Bir gün özümü tuta bilməyib otağa girdim, yerdə uzanıb başının altında vərəqlərə baxaraq ağlayırdı. Nə olub?- deyə soruşdum. Hıçqıraraq, Anna Karanina öldü dedi. Hekəyənin sonunu demək istəməzdim, amma bunu danışmadan da dura bilməzdim.

3. Fyodor Dostevksi – Cinayət və cəza

Roskolnikov nəsə edir, mən həyəcanlanırdım, ondan çox mən qorxurdum, indi nə olacaq deyə kitabı yarımçıq buraxa bilmirdim. Kitab məni elə özünə bağlamışdı ki, nə kitabın yoruculuğu, nə mövzuların qarışıqlığı məni yormadı. Hər kəsin mütləq oxumalı olduğu bir əsərdi. Bu arada filminə baxanda necə incəlikdə obrazları seçmələri, üstlərində işləmələri, əsərin orginallığını qorumağa çalışmaları məni valeh elədi. Kitab sözsüz bir şedevrdi, film onu ölümsüz edib, öldürməyib, təşəkkür edirəm buna görə.

2. Orhan Pamuk – Masumiyyet Muzesi

Həyatımın ən xoşbəxt anıymış, bilmirmişəm. Çox, amma çox gözəl əsərdi. Sevgi əsərlərini sevmirəm elə də. Sıxıcı gəlir, eyni şeyləri fırladıb təzdən yazırlar. Masumiyyet Muzesi isə bir dastandı. Gerçək bir dastan. Türkiyəyə gedəcəyim ilk günü muzeyi gəzəcəm.

1.Somerset Moem – Ay və qara qəpik

Yaradıcılığın pik nöqtəsi deyərdim məncə. Həm əsər, həm əsərin qəhrəmanları özlüyündə bir tarix yazıblar. Yaradıcı ruhunun çılğınlığı, hər şeydən ilham gəzmə, sıxıldığın an qaçmaq, yenilik axtarışı, bunu başa düşməyən insanlar. Başa düşmədikləri bəs deyilmiş kimi onu qınayanlar hələ. Bəzən hamı kimi olmağı istəyirəm. Məni də özlərindən görməsini, etdiklərimi dəyərli görmələrini istəyirəm. Sonra niyə edirəm? Məni başa düşməyəcək qədər yüksək deyillərsə niyə onların başa düşməsi üçün aşağı enim deyirəm. Mütləq yüksəklərdə yerim qalacaq.

Xoş oxumalar, mütaliyələr. Ümid edirəm 20 seçdiyim əsəri sevəcək, oxumadığınız varsa seçib oxuyacaqsınız. Fikirlərinizi göndərməyi də unutmayın...