Niyə?
Yenə cümləmə belə başlayacam. "Bəzən düşünürəm..." Həqiqətən elədi. Bəzən düşünürəm. Elə bir bacarığım var. İnanması çətin də olsa, var. Niyə kitablar yazırıq? Niyə fərqli dünyalar yaradırıq? Niyə film çəkirik? Nəyə lazımdı? Mənim yaratdığım bir obraz kimə nə xeyir verəcək? Ya çəkdiyim filmdə birisinin digərinə aşiq olması kimin həyatını dəyişəcək? Kimi aclığdan qurtaracaq? Hansı insanı xəyalına qovuşduracaq. Sadəcə gəlib bir saat yarım filmə baxıb gedəcək və mənə bir -beş xeyir verəcək. Ya gedib mağazadan kitabımı alıb üç-beş də ordan xeyir verib bir müddət aylarla, bir ildən artıq əziyyət çəkib yazdığım əsərimi bitirəcək. Dəyərmi? Kiminsə həyatını yazmağa dəyərmi? Özmüzü aldatmırıq ki, sənətlə məşğuluq deyə? Gördüyümüz iş sənətdi? Ya deyilsə? Deyilsə sənət nədi? Nə iş görməliyik? Ayaqqabı ustasının işi ayaqqabı düzəldəcək və o bir insanın ayağını qoruyacaq(ayaqqabı sözündən zəhləm gedir). Biz nəyi qoruyuruq? Sonra birisi çıxar qarşımıza, bizi tanıyar, bəzən tanımaz. Əlindəki kitabı görərsən. Sənin kitabın. Maraqla içinə girib səhifələyir. Yaxınlaşıb tanımırmış kimi kitabı soruşarsan? Kitab sevdiyini, ancaq bu kitabı ilk dəfə gördüyünü deyərsən, o da, həə, gənc yazardı. İlk kitabıdı, amma maraqlıdı. Sonu nə olacaq deyə maraqla gözləyirəm deyər. Heç nə demədən gülümsəyib gedərsən. İllər əvvəl bir ssenari yazarsan, heç kim qəbul etməz. Lazımsız, maraqsız deyə götürüb bir küncə atarsan. Sonra sənə ssenari axtarırıq deyən birisinə, ümidsizcəsinə, içindəki boş qalmaqdansa işə yarasın, bəlkə alındı bu dəfə dedirtən səs ssenarini o atdığın yerdən götürüb verər. Ortalığa bir sükut çökər. Səs-səmir çıxmaz. Deyərsən ki, bəyənilməyib. Bir zəng gələr, gəlin filmin çəkilişlərinə başlayaq. O an dəli-divanə olub ortalığda gəzərsən. Kiminsə sənə dəli gözüylə baxması vecinə olmaz. Film çəkilər. İstədiyin kimi olmayacaq mütləq. İstədiyi filmi çəkə bilən birisi olmayıb hələ. Bir gün sıxılarsan, öz filminə baxmaq üçün sinemaya yollanarsan. Ortalığda bir yerdə əyləşib filmi gözləyərsən. Yanında əyləşən qaraşın, uzun saçlı bir qız sənə tərəf alçaq səslə, bu ikinci gəlişimdi deyər. Maraqdan dayana bilməyib soruşarsan. Niyə? -o qədər bəyəndim ki, yenə baxmaq istədim. Bəlkə yenə gəldim. -deyər. O anki sevinc. Bilirəm o hissi. Hər kəsin səndən nəsə gözləmədiyi anda ortaya qoyduğun işinə baxarsan. Bu mənimdi?-deyə huşsuzsa baxarsan. Bacarmışdın. Olmaz, mən bacarmaram dediyin şeyi bacarmışdın. Sahibi olmamışam deyə hissini bilməsəm də, yaradıcı hisslərimdən istifadə edərək ilk övladının olduğu zaman sevinc hissi yaşayan bir ata-anayla eyni hiss ola bilər. Kitab da yazıçın bir övladıdı. Canı olmaya bilər, sənə ata deməz. Böyüməz. Onun gəzməyini görə bilməzsən. Amma onun nailiyyətlərini görərsən. Qazandığı mükafatları, getdiyi yolu görərsən. Sevinc bəxş elədiyi insanların üzlərindəki təbəssümü görərsən. Bəzən birisini ağladarsan, gözündən axan yaşı görüb sevinərsən. O ağlayar, sən gülərsən. Filmindən ağlayaraq çıxan insanları görüb bacardım deyərsən. Ağlatmaq, güldürmək sənətmiş, onu başa düşərsən. Əsl sənət hiss elətdirmək, sənin içindəki dünyanı kiminsə gördürdüyünü bilməkmiş, onu başa düşərsən. Bir dəfə də düşündüyüm də belə bir oxşatma yaratmışdım. Yaradıcı insanın tanrı olduğunu sübut eləyən bir teorem. Biz tanrının beynindəki dünyayıq. Əslində dünya, qalaktika tanrının bir xəyalıdı. Beynində bizi varmış kimi düşünüb, bizim nə edəcəyimizi canlandırır. Xəyal edir. Oxşar gəldimi sizə də? Yaradıcı insanın beynindəki dünyadı bu. Bir dünya yaradarıq, ardıyca insanları, əşyaları, canlıları var edərik. Bunu görəndən sonra heç də boş işlərlə məşğul olmadığımı başa düşürəm. Kiminsə yazdığlarıma gülməsi, ciddiyə almaması önəmli olmur. Mən rahatam. Bildiyim, sevdiyim və sənət işi ilə məşğulam. Mən bu gün varam, sabah da, başqa gün də var olacam.