Qaranlığa sevgi
Çox insan tanımağın müsbət tərəfi "insan" sözünün heç zaman tək işlənə bilməyəcəyini bilmək deməkdi. "İnsan" yoxdu, "insan"lar var. Eyni xasiyyətdə olan insan-lar belə tamamilə fərqli insan-lardı. İnsan var pula inanır, insan var daşa inanır, insan var insana inanır(belə bir şey yoxdu, aldatmayaq özümüzü), insan var allahın onlar üçün hər şeyin ən gözəlini verdiyinə inanır. Necə də safıq?! Allah bilər, o edər, o görür, onun bildiyindən kənara çıxmamalıyıq deyərək, şükr eləyərək, azla başmızı qataraq, sual verməyib, cavab axtarmayaraq xoşbəxt yaşayıb, öldüyümüzü düşünürük. Sıxıcı bir həyatla, kiminsə oyununda fiqur oluruq(-suz. Mən deyiləm).
Fərqliliklərə qarşı gəlməklə, yenilik istəməyərək, keçən günlərinizə bağlanaraq hara gediləcək? Gələcəkdən ötrü darıxmalıyıq. Uzaqdan gələn qohumuz üçün hazırlaşar, ən gözəl yeməyi bişirib, ən gözəl süfrəni hazırlayarıq. Gələcək elə bir şeydi. Keçmişi dəyişə bilmərik, keçmiçik davasını etmək mənasız və lazımsızdı. Gələcək isə bizim əlimizdədi. Kim kimi öldürüb, kim haranı işğal edib, kimin qılıncı daha güclüdü deyə ancaq zamandan və gələcəkdən itiririk. Tarixi hər il bir rəqəm artırmağınız səhvdi. Bəzi ölkələr hələ eradan əvvəldədi. Bizim özümüz belə 1900-1950-ci illər arasında gedib-gəlirik. Zaman sürətli gedən təyyarədi. Təyyarəyə çatmasaq belə atdan düşüb qatara minməliyik. Düşüncələrimizdən kənara çıxıb başqa dünya yaratmalıyıq. Bağlılığlarımıza xəyanət etməliyik. Sizə xəyanətin gözəl bir şey olduğunu demişdilər heç?! Torpağa xəyanət edək, ulduzları sevək, qızıla xəyanət edib gülüşləri sevək. Kimisə pisləməyə xəyanət edək, sevməyi sevək. Qaranlığı belə sevə bilərik. Onun da haqqı var. Sevilməsə kin bağlayar, pisi təmsil edər. Sevək, ona da şans verək, baxaq onun sevgisi nə rəngdədi.