Qadağa olunmuş kitablar
“Qadağa olunmuş kitablar” bloq yazısı
Sizi bilmirəm məni mağazada satılan kitablardan çox qadağa olunmuş kitablar maraqlandırır. Hansı klassik olursa olsun, ən gözəl əsər belə olsa, bir qadağan olunmuş kitabı əldə edib oxumaq qədər həyəcan verməyib mənə. İnsanlar da var bu xasiyyət. Hər zaman bizə qadağa qoyulmuş bir şeyi əldə etmək üçün çalışmışıq.
Yaxşı. Bu kitablar niyə qadağadır? Kitabların qadağa olunması nə dərəcədə düzgündü?
Qadağalar həmişə özündə siyasi maraq daşıyıb. Çıxıb bir şəxsi (adi şəxsi deyil, dövlət əhəmiyyətli birisini) təhqir edən kitab yazsan, bir ay sonra qadağa olunmuş kitablar siyahısına sənin də kitabın daxil olar. Bu həm söz azadlığını tapdalayır, həm də yazıçının yaradıcılığını əngəlləyir. İstər cinayətdən bəhs etsin, istərsə də savaşdan, azadlığdan. Heç bir kitabın qadağa olunması düzgün deyil. Siyasətçilərin maraqlarına qarşı gəlmək əsas işimiz olub, olacaq da. Nə zamansa siyasətçi belə ola bilərik. O zaman dəyişsək heç, amma dəyişməsək yazıçı olmuş bir siyasətçinin edə biləcəyini heç bir lider edə bilməz. Onun xəyalındakı dünyanı yaratmaq istəyi, inamı dünyanı başqa boyuta salacaq.
Rastlaşdığım nüanslardan bəzilərini deyim.
Ölkədə bir yazıçı gördüyü hadisədən canlandırma veribsə və bu heç xoş olmayan hadisədirsə bunu cəmiyyət böyüdəcək, onu elə bir vəziyyətə salacaq ki, sanki milyonlarla insanı öldürüb. Buna görə deyirlər, bir nəfərin mübarizəsi cinayət, iki nəfərin mübarizəsi savaşdı. Yazıçının mübarizəsi qələmiylədi, dünyayladı. Kitabını qadağa etməklə heç nə əldə edilməyəcək. Nə yuxularımız daşsız qalacaq, nə ocağımız daha çox isti verəcək.
Yazmaq belə bir şeydi. Kim nə istəsə onu yazmalısan kimi görünür. Sovet dövründə eşitdiyimə görə yazdığın əsər ölkə maraqlarını əhatə etmirdisə nəşrinə icazə verilmirdi. Yəni, yazılmış əsərin qadağa olunmasından dəm vurmuram. Gizlin nəşr edibsə sata bilməyəcəkdi mağazalarda. Buna görə qadağa olunmuş əsərin sayı çox olmayıb, qadağa olunmuş əsərlər də əvvəlki illərin, başqa ölkələrin əsərləri idi. Hitlerin kitabını qadağa etməklə yeni Hitlerlərin dünyaya gəlməsinin qarşısı alınacaq? Ya yuxularımıza pəncərədən daş gəldiyini deyib, bəri bax deyə çağıran əsər bizi millət olaraq dəyişəcəkdi? Bəlkə də alçaldıb bizi. Mənim yadıma gəlməz, heç dünyaya gəlməmişdim həmin tarixdə. Eşitdiklərimə görə az-çox doğruluğu olmuş bir əsər idi. Ən qəribə tərəfi isə oxuyanlardan çox, kitabı oxumayanların irad bildirməsi idi. Millət olaraq nəyi bacarmasaq da, yıxılana balta vurmaqda üstümüzə yoxdu.
Düşmən dediyimiz şəxslərin də bizim haqqımızda bir kitabı var, illərlə ocağından gələn alovu söndürə bilmirik. Az qala gedib yaxasından yapışacaqdım ki, hardadı bu kitab. Niyə heç yerdə tapa bilmirəm. Ağlınıza gələn ilk sualı deyim. Niyə belə maraqlanırsan? Nəyinə lazım?
Düz tapdım yəqin ki. Fərqimiz budur. Siz heç nəyə maraq göstərməz, nəyimə lazım deyib keçərsiniz. Həyatınızın belə gözəl keçdiyini, xoşbəxt olduğunuzu düşünərsiz. Rəng qatmaq istəməzsiz. Kitabın ortalığda olmadığı halda ona düşmən kəsilərsiz. Sizi vurub öldürəni belə başa düşməyib edib deyə yola verərsiniz. Yoldan keçərkən qadını döyən kişiyə göz yumub, əridi özü bilər, səhvi olmasa döyülməz deyərsiniz.
Özünüz özünüzə nə deyərdiniz? Qarşısınıza alıb nə demək istəyərdiniz? Boş vərəq verilsə, həyatınızın ssenarisini özünüz yazın deyilsə nə yazardınız? Necə bir həyat çəkərdiniz özünüzə. Qadağa olunmuş əsərlər kimi bir şkafda hər kəsdən gizlədilməyi seçərdiniz. Qadağa da olunsa, vərəqləriniz salamat, cildiniz qırışsız olacaqdı.