"Özümü unutdum" haqqında
Bir zamanlar ölümsüz olduğuma inanırdım. Öləcəyimə inanmaz, mənim ölməyimin mümkün ola bilməyəcəyinə inanırdım. Bilirəm, bu nəyin eqosudur deyirsiniz. Amma belə idi. O düşüncə hələ də var. İndi isə, istəmirəm. O qədər də maraqlı gəlmir sonsuzadək yaşamaq. Qarşıma bir ilk qoymamışam hədəf kimi, nə qədər yaşayacağımı da təxmin eləmirəm. Bildiyim dünyaya gəlişimin, var oluşumun bir səbəbi var. Məqsədsizcəsinə, insan sayı artıq görülsün deyə gəlməmişəm. Məncə heç kəs bundan ötrü gəlməyib. Hər kəsin görə biləcəyi fərqli bir bacarığı var. Hər bir insanın yarada biləcəyi yeni nəsə mütləq ki, var. Dünyaya gələn uşaqlara baxsanız, heç birinin fərqlənmədiyini, hər birinin sadəcə ağladığını görəcəksiniz. Nə olursa, sonra olur.
Hekayəni niyə yazdım bilmirəm. Xüsusi bir səbəbi yoxdur. Ağlıma ideya olaraq gəldi, qeyd elədim bir kənara və atdım ki, yazaram. Üzərindən biraz zaman keçdi, hekayə yazmaq istəyərkən əlimə keçdi həmin qeyd. Oxudum. İlk dəfə oxuyurmuş kimi hiss təəssürat yaradıram özümdə. İdeyanı belə bir həyat olsa, necə olardı? Bu həyat oldu deyək, mən nə edərdim? Filankəs necə edərdi? Bu həyatın olması necə bir şey yaradardı?-deyə başlayır fikirlərim. Məni həyəcanlandırarsa, mənə maraqlı gələrsə ideya onu yazaram. Bu nədi?-dedirdərsə, burmalayıb ataram. Hekayədə özümü gördüyüm çox nüans var, bir o qədər də mənim əksim olan. Mənim fədakar olduğum deyilməz. Özümü sevən birisiyəm. Hər kəs özünü sevir, orası heç. Amma mənim üçün ilk özüməm. Hətta özümdən ötrü hər şeydən keçməyə hazıram. Bir zamanlar canımı nədənsə, kimdənsə ötrü fəda edə biləcəyimi düşünrüdüm. Bəlkə indi də edərəm. Həmin anı yaşamadan nəsə deyə bilmərəm. Düşüncəminsə, mənə dediyi etmərəmdir. Dünyaya bir dəfə gəlirəm, qarşımda nə qədər yaşayacağımı bilmədiyim bir ömür və bütün istəklərimi o ömürə yerləşdirməli olduğum vəzifəm var. Yazmalı, gəzməli, gələcək üçün nəsə iş görməliyəm. Yaradıcı şəxslərin xoşbəxt insan olduğunu, ölsək belə yaşayacağıq ifadəsini demişdim bir dəfə. Bu və yalnız öz adım üçün deyil, bu dünya üçün də nəsə etmək istəyirəm. Deyəcəksiniz ki, bəs, qurban olunmağı sevmirdin. Dünya bizim evimizdi. Harasaına gediriksə, gedək, bizə sahib çıxacaq, bizi qoruyacaq. Ona sərhətlər qoyaraq, onu çəpərləyərək nəyəsə nayil olmayacağıq. Bundan ötrü heç nə etmərəm. Kiminsə həyatını dəyişmək istəmərəm, hər kəsin həyatı özünə görədi və onunla xoşbəxt olmalıdır. İşimiz sadəcə göstərməkdir. İnsanlara, bax, bu var, istəsən bu sənin ola bilər, bunu istəyirsənmi? -deməliyik. Sən belə xoşbəxtsən, amma bundan başqa bir həyat da var, çıx onu gör -deməliyik. Baxar, maraqlı gəlib çıxarsa, nə xoş. Çıxmazsa, onun üçün həyat ondan ibarət olacaq və öz dünyasında adi bir insan kimi yaşayıb öləcək. Fikir verirəm də insanlara. Nəsə etmək istəmirlər. Adi həyatdan xoşbəxtdirlər. Cahil insanın xoşbəxtliyi kimi xoşbəxtdirlər. Gözəl hisdi yəqin. Bilmirəm. Onların içlərindəki xoşbəxtliyi görəndə isə kimin həyatının daha mənasız olduğunu düşünürəm.
İnsanları Zərda kimi ölümsüz etmək istəmirəm. Bunu istəmədiklərini görürəm. Adi insan olaraq xoşbəxtdirlər, niyə xoşbəxtliklərinə mane olum? Ölümsüzlükdən kimə xeyir gələr? Kim bunu doyasıca qiymətləndirər? Yazarmı? Rəssammı? Alimmi? Alkaşmı? Hə, məncə də, alkaş.