"Ədəbi yatan"ım

Ədəbiyyatı niyə sevirik deyə yenə düşünürdüm. Ax, bu vərdişim. Düşünmədən dayana bilmirəm. Qeybət etməyi sevirik, kiminsə həyatından nəsə görməyi sevirik. Deyə bilmədiyimiz sözləri yaradıcılığımıza gizlədib deməyi sevirik. 

Hər yazıçının yaşadığı dövrü, şəraiti görmək üçün əsərini oxumaq kifayətdir. Gördüyümüzü yazarıq bir yazıçılar. Olmasını istədiyimiz, ya da olsa necə olardı deyə düşündüyümüz mövzulardı hamısı. Fərqli heç bir istedadımız yoxdu. Fərqli olan tək şey, bizim üsyanımızdı. Siz görərsiz, görməməzlikdən gəlib keçərsiniz. Siyasətçilər görməyiniz üçün onları təkrar edər, siz yenə qulaqlarınızı tutarsınız, biz görməyiniz üçün yazarıq. Oxuyarkən başqa-başqa mövzuların arasına demək istədiyimizi sıxışdırarıq, bazara gedərkən satıcının bizə çürümüş almanı soxuşdurmağa çalışdığı kimi. Biz də elə işləyərik. Sizə o çürümüş almanı göstərmək istəyərik. Adətən, bu çürümüş almanı illər sonra görərlər. İş-işdən keçəndən, artıq başqa almalar ortaya çıxandan sonra. 

Hər gün səhər tezdən qalxıb, dünya üçün heç bir iş görə bilməyən işçinin bacardığı sadəcə iş görən insanı qısqanmaq olacaq. Qarşılaşdığında da onun zəif olduğunu, hər kəs kimi olmadığından bacarığsızlığını mənasız işlərlə ört-bastlıq etdiyini deyəcək. Özü də bilir səhv olduğunu, amma özünə yedirdə bilmir. Paxıllanır. 

Gecə qalxıb kitab yazan yazıçını heç zaman həyat yoldaşı başa düşməyəcək. Yağışın altında rəsm çəkmək istəyən insanı da. Aylarla əziyyət çəkilən filmə belə bir çırpıda pis deməyə hazırıq. İzləməsək belə. 

Dondurma satan insanları qısqanıram bəzən. Dondurma verdiyi uşağın üzündə yaratdığı sevinci yaratmaq istəyirəm. İnsanlara o xoşbəxtliyi verəcək işlər görmək istəyirəm. Çətindimi bilmirəm, əlimdən gələni edirəm, bəlkə nə zamansa bacaracam. Sıxıntım insanların iç qarantısıdı. İçləri qapqara boyanıb. Pozmaqla gedən bir rəng deyil, izi qalır. Ləkəli görünür. Uşaqlar belə onlara gülərkən sənə orta barmağını göstərir. Gülümsəməyi belə pis başa düşürük. Gülümsədi deyə dalaşan insanlar görmüşəm. Qaş-qabağlı görülənin daha ciddi şəxs olduğunu düşünən insanlar var. Onlardan yazıb, onlara oxudarkən elə baxış atırlar ki, belə insanlar cəmiyyəti korlayır deyirlər, sənsən bu deməyə çəkinirsən səni də vurar deyə. 

Qələmin gücünün önəmi yox kimidi. Pula kölə olmuşuq. Pula görə nələr etmirik. Ən yaxınlarımız belə pula görə özümüzü satmağımızı istəyirlər. Bunu bir fahişəlik olduğunu desən bir olmadığında israr edərlər. Bədən satmağla şəxsiyyətimizi satmağın eyni olduğunu görməyəcəklər. Ədəbiyyatçılar kimlərdi? Kitab satarkən içində doğrularımı satırıq, yoxsa biz də öz mənliyimizdən satırıq?