MÜHARİBƏ NOTU
Müharibə bir çox insan üçün çörək yeridir. Onun iştirakçıları tək tək hərbiçilər, siyasətçilər olmur. Yeri gəlir musiqiçi, yeri gəlir yazıçı, yeri gəlir film istehsalçısı olur. İstifadənin isə 2 məqsədi olur. Ya müharibəni pisləmək, ona qarşı çıxmaq, ya da onun “uğur”unu göstərib, təbliğatını aparmaq. İkinci hissənin dəstəkçisi, adətən, dövlət olduğundan daha ön planda, daha əl çatan olur. İnsanlara daha çox da, o, təsir edir. Dövlət bunu birbaşa etməməyə, kənardan dəstəkçi kimi iştirak edərək yayılmasına çalışır ki, onu “müharibə istəyən dövlət” kimi tanıtmasın, “sənətçi belə düşünür” dedirtsin. Azərbaycan kimi ölkələrdə sənət dövlətdən asılı olduğundan buna çalışılsa da, ölkəni tanıyan, biraz araşdıran istənilən şəxs rahatlıqla görə bilir ki, bu təbliğatçı birbaşa dövlətin özüdür.
Bu yazı haqqında qısa izah verim. 2020 müharibəsi zamanı yayımlanan vətənpərvərlik musiqilərini, 2020-ci ildən əvvəl, müstəqilliyə qədər ki, qəhrəmanlıq, vətənpərvərlik mahnılarını, həmçinin Sovet dövründə oxunan mahnıları müqayisə edib, onların necə dəyişdiyindən bəhs edəcəm. Bu mahnıları hər biriniz dinləmisiniz, bilirsiniz. Mən sadəcə bunları yenidən dinləyib, onları bir yazıda toplayaraq sizə çatdıracam ki, gözünüzün önündə onları müqayisə edə biləsiniz. Baxaq görək qəhrəmanlıq, vətənpərlik musiqiləri böldüyümüz bu 3 dövr ərzində necə dəyişib. Bununla yanaşı müxtəlif meyarlar üzrə də yanaşmağa çalışacam.
Sovet dövrü musiqilərinə fikir verdikdə onlarda daha yumuşaq dili müşahidə etmək olur. Sovetin siyasi yanaşması, münaqişənin olmaması, xalqlar dostluğuna xələl gətirməkdən çəkinməsi musiqilərə də təsir edib. Həmin dövrün vətənpərvlik musiqilərində ölkənin gözəlliyindən, mehriban insanlardan və doğmalıqdan bəhs edilir. Daha bir şənliyi müşahidə edirik. Dövrün məşhur ifaçılarının səsləndirdiyi əksər mahnıda bunu görmək mümkündür. Rəşid Behbudovun “Azərbaycanım”, İlhamə Quliyevanın “Anam Azərbaycanım”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Müslüm Maqomayevin “Azərbaycan” və s. kimi davam etdirilə bilən mahnılarda bu sabitlik, əmin amanlıq özünü qoruyur. Hər birində də “Azərbaycan” öndə olması ayrıca diqqət cəlb edən tərəfi idi mənim üçün. Ölkəyə bağlılığı saxlasa da, bu vətənpərvərliyin kənara çıxılmasına elə də maraqlı olmurlar. Amma buna istisna olaraq bölsək “Bakı” və “Qarabağ” mahnıları da az deyil. Digər bölgələrə nisbətən bu 2 bölgə hər zaman daha diqqət mərkəzində olur, insanlarla daimi əlaqədə qalır. Sovet dövründəki Azərbaycan hələ yeniyetməlik dövrünü yaşayan, ürəyində heç bir kini saxlamayan oğlan görüntüsündədir. Nümunə kimi Müslüm Maqomayevin ifasındakı “Azərbaycan” mahnısındakı bu misraya göz gəzdirə bilərik:
“Ömrümün mənasısan, Azərbaycan
Qardaşlıq dünyasısan,Azərbaycan
Anamın anasısan, Azərbaycan”
Müstəqillik dövrünün həmçinin müharibə ilə başlaması həmin yeniyetmə uşağa ağır keçid yaşadır və istər-istəməz xasiyyətini ağırlaşdırır. Bunun üzərinə bir də müharibədə uduzan tərəf olması, onun kimliyinə qalib vətənpərvər ruhu deyil, ürəyində intiqam hissi qalan birisi olaraq iz buraxır. Müstəqillik dövründən 2020-ə qədərki dövrün mahnıları, əsasən, müharibəyə gedən, amma aqibətinin nə olacağını bilməyən əsgərin dilindən danışır. Mübariz Tağıyevin “Yada sal məni” mahnısına fikir versək bunu rahatlıqla müşahidə etmək olar. Arxada həyatını, sevgilisini, müəmmalı gələcəyini buraxaraq vətən üçün gedən əsgərin dilidir.
“Bürüyüb göyləri indi çən, duman
Torpaq dilə gəlib aman! ay aman!
Vətən gözü yaşlı qalsa o zaman,
Ay Allah, sevgilim qalacaq mənsiz!”
Bunu Şəmistan Əlizamanlının “Cənab leytenant”ında da, Dəyirmanın “Ya Qarabağ, ya ölüm”ündə də, Elxan Çələbinin “Bu dağdan o yana”sında da müşahidə etmək olar. “Cənab leytenant” da qisasın hələ alınmadığı, o günün gələcəyi təsəllisi verilir, əsgərinə hələ ümidli qalması çağırışı edir:
“O gün gələcək qəm yemə, qəm yemə.
O, vaxt dönəcəm mən sənə, mən sənə.
Hələ yad əldədi yurdumuz-yuvamız ,
Bitib tükənməyib o, qan davamız.
Qisas, son qisas, yetməyib, yetməyib,
Savaş, son savaş, bitməyib, bitməyib.
Səngər yanındakı çaxdığın ocağın,
Odun hənirtisi hələ keçməyib.”
“1-ci Qarabağ” müharibəsindən uzaqlaşdıqca musiqilərdə biraz daha yumuşalma hiss olunsa da, hələ də qisas, qələbə istəyi, yenidən müharibə olacağı və intiqamın alınacağı gözləntisi qorunur, amma hər ehtimala ağır nifrətdən qaçmağa çalışırlar. Qarabağ müharibəsindən sonra marşa dönən “Ya Qarabağ, ya ölüm” isə nifrət nitqinin saxlanması və yeni əsərlərin yaranmasına ilham olaraq qalır. Müharibə vəhşiliyini, fəlakətini sözlərlə çatdırmağa çalışaraq baş verən hadisələrin unudulmayacağını, intiqamın gec, ya tez alınacağını deyirdi. Buna görə içindəki intiqam hissi olan hər kəsdə bu mahnı dərin iz buraxmış, onunla tələslli tapmışdır.
“Mən onsuz da ermənini halından tanıyıram
1918 ilindən tanıyıram
Qanıma batırdığı əlindən tanıyıram
Şərt kəsdik - o əlləri kökündən qıraq artıq.
Erməni vampir kimi qanımızı içəcək
Sonra bir atəşkəslə ağrımıza keçəcək
Bu rüzgarı əkənlər fırtınamı biçəcək?!
Ozan Arif deyir ki, yaydan çıxdı ox artıq”
İfanın həmçinin “44 günlük” müharibənin ilk günlərində yenidən işlənərək istifadəsi də onun üstündəki hələ də itməyən təsirinə görədir. 2020-ci ilin oktyabrın 1-dən yayımlanması, onun əvvəldən hazır edilib, saxlandığını göstərir. Yazının irəlisində bu haqda daha geniş danışacam. Müharibənin başlaması ilə yayımlanmağa başlayan mahnılar məqsədli şəkildə əvvəldən sifariş verildiyi onların tarixinə görə təxmin etmək olur. Müharibənin tək meydanda aparılmadığı, həmçinin xalqın idarə edilməsinin də lazımlığını başa düşənlər mahnıları öncədən hazır etmişdilər. Ruh yüksəkliyini saxlamaq, zəfər qazanacağına inam yaratmaq lazım idi həmin dövrdə. Buna görə də bu cür mahnılarla təsir etməyə çalışmış, xeyli də uğurlu olmuşdular.
Dövlət dəstəkli mahnılarda savaş, qələbə, düşmən, zəfər ifadələri işlənsə də, erməni deməkdən qaçırlar. Bunu çalışırlar ki, daha bayağı, “elit” olmayan sənətçilərdə istifadə etsinlər. “Xalq artist”ləri, adətən, qapalı, yumuşaq olmağı seçir, erməninin hədəf göstərilməsini isə bayağı adlandırılan mahnılara, meyxanaçılara ötürürlər. Onlar həm də xalqın daha dərin kütləsinə çatmaq üçündür. Hansı ki, ordakı insanlar saray ifaçılarını pis gözlə görür, onları dinləmirlər. Bunlara Faiq Ağayevi, Tünzalə Ağayevanı, Zülfiyyə Xanbabayevanı misal çəkmək olar. Tünzalə Ağayevava daha çox hakimiyyətin təbliğatçılığını edən sənətçidir. Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısı ilə, Tünzalə Ağayevanın “Mən Azərbaycanlıyam” mahnıları misalçün Heydər Əliyevin nitqi ilə başlayır, sözlərində də İlham Əliyevə də dəstəkləri bildirilir:
“Odlar yurdumun azad gəncləri
Üçrəngli bayraqla, ordumla irəli
İnanaraq biz tək Allaha
Birlikdə gedirik İlhamla sabaha.”
Tünzalə Ağayevanın bununla yanaşı oxuduğu “İgidlər” və “Biz gəlirik” mahnısı da vətənpərvərlik kateqoriyasına aid edilə biləcək mahnılardandır və sözləri də təsirlidir. Ağayeva istedadlı və peşəkar ifaçıdır, dövlət də onu öz tərəfinə çəkərək bundan maksimum şəkildə istifadə edir. Bu ifaçılardan biri də Faiq Ağayevdir. Onun da ifasında bir çox mahnını dinləyə bilərik. Fərqli bir “Azərbaycan” onun da repertuarında mövcuddur. Bununla yanaşı Heydər Əliyevə həsr olunan “Dahi” mahnısı nə qədər Qarabağ mövzusunu əhatə etməsə də, özlüyündə “vətən”ə calanmağa çalışılan bir əsərdir.
Müharibəyə qədərki dövrə aid digər nümunə göstərilə biləcək ifalar sırasına Okaberin treklərini də göstərmək olar. Okaber millətçiliyin və Qarabağın ən çox bəhs edən reperlərdən biridir. Onun “Taboo” treki isə bunun kiçik və məşhur nümunəsidir:
“Gəl, son cəngavər döyüş təbilini vuranda görüşək
Gəl, Turanda görüşək ayələrə dönək Quranda görüşək
Gəl, əbədi bozqurda dönək, ulayaq qiyamətə
Gəl, bütün Türküstan Qarabağ üçün ayağa duranda görüşək!”
NarXoz – “Salam əsgər P3” parçası 16 avqust, 2020-də yayımlanmışdı. Müharibədən bir ay öncəyə aid olsa da, onu müharibənin başlanğıc dövrünə aid etmək olar, çünki artıq həmin dövrdə müharibənin olacağını hər kəs bilirdi.
Uran – “Kor Zabit” treki də məşhurdur. Bu yuxarıda qeyd etdiyim həmin müharibəyə gedib, məğlubiyyət hissi yaşamış, amma hələ də ürəyində bir gün zəfər çalacağına inamı qoruyub saxlamış şəxsin özünün obrazıdır. “Kor Zabit”i illər əvvəl “Fanta Gənclik festivalı”nda dinləmişdim. Uranı da ilk orda tanımışdım. “Ya Qarabağ, ya ölüm” kimi iz buraxmış və təsiri olan “Kor zabit”in də müharibənin başlaması ilə 2-ci hissəsi yayımlandı. Digərlərinə nisbətən o, biraz gec, 10 noyabr tarixində yayımlandı. Uranın 2020-ci ilin dekabrında daha bir parçası yayımlandı. Bu dəfə Payam Türk ilə birlikdə. Payam Türk millətçi repləri ilə tanınan İran vətəndaşıdır (Güney Azərbaycan). Birlikdə hazırladıqları “Azərbaycanım” parçasının sözləri diqqətimi çəkdiyi üçün onu da əlavə etmək istəyirəm. Şərhi sizə qalsın.
“Kim deyir “sülh”, gəl bura! Otuz il geriyə sür və gəl bura!
İndisə keç qəbula. Əsgəri gücümə vec atan tapılar
Bağlı qapılar. Savaşım haqq! Mənəmi yaraşmır savaşmaq?
Dığanın cavabını verməkçün indi lazım hələ bir dünyadan soruşmaq?!”
Bir zamanların tanınmış qrupu olan H.O.S.T.-un üzvlərindən AiD və PRoMete-nin də adını çəkmədən keçə bilməyəcəm. Aid-in (Orxan Zeynallı) “Torpaqsız ev” treki 7 oktyabrda yayımlandı. Bu parça zəfər ruhunda edilən çağırışdan ibarət idi təbii ki. Öz üslubunda, sözləriylə Xocalı faciəsini, 90-cı illərdən Qarabağdan köçürülən uşaqların intiqam üçün geri döndüyünü göstərirdi. Qrupun digər üzvü olmuş PRoMete-nin bir il sonra (8 noyabr, 2021-ci il) yayımladığı trek daha çox diqqətimi çəkdi. Adı “Dastana döndü”dür. Bu sizin düşündüyünüz məşhur “Dastana döndü” deyil, ondan biraz sonra bəhs edəcəm. Bu fərqlidir. Belə ki, sözlərində gözümüzə sataşandan çox, hazırladıqları klipə baxmağınız lazım olacaq. Klipi izlədikdə başa düşürsən ki, “dastana dönən” kimdir. Sanki İlham Əliyevdən ibarət bir video-rolik hazırlamışdı. “Haqqında” hissəsinə baxarkən diqqətimi bir şəxs çəkdi. İdea müəllifi – Səadət Yusifova. Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb, hal-hazırda da yenə orda QHT-lə iş və kommunikasiya şöbəsinin şöbə müdir müavinidir.
Replərdən daha ikisini qeyd etmək istəyirəm. Bunlar Kapral – "Xüsusi təyinatlı" və Paster – “Yaşma”dır. Hər ikisindən bəndlər yazaraq mətni doldurmaq istəmirəm deyə daha çox diqqətimi çəkən “Yaşma”dan bəhs edəcəm. “Xüsusi təyinat”lı da adından göründüyü kimi eyni tipli parçasıdır. “Yaşma”nı önə çəkməyimə səbəb bu yaxınlarda onun gündəm olması, sosial medialarda paylaşılması idi. Həmin parça 2020-ci ilin dekabrında yayımlanmışdı. Paster talış millətinə mənsub olsa da, parçada türk millətçiliyinin ön planda olduğunu diqqətimi çəkir, talış adı isə:
052, girdik, taradıq hamısını
Girdik, girdik, taradıq hamısını
Talış, ləzgi, tatar
Gəlirik qatar-qatar
Sinəm sipər, ıh!
Yaşma girər, silər, sikər!”
hissəsində bəhsi keçir. Bəlkə bunu talışlarla türklər arasında heç bir problemin olmadığını göstərmək üçün qeyd edib. Davamında isə:
“Bilirəm ölümün dadını
Ruhumu verəcəm saxlayıb adımı
Göndərmə üstümə qadını
Yerevana qədər döyürük qapını
Yarışırıq ağrıyla
Danışırıq tanrıyla
Dəli-dəli türklər
Xəritəni yüklə!”
Repin gənclərin üzərində təsiri olduğu kimi, meyxananın da müəyyən bir kütləyə təsiri var. Hansıki, bura gənclər də aiddir, orta yaşlılar da. Meyxana, əsasən, Bakı kəndlərində yayılıb, bilinirdi. 2000-ci illərin əvvəlində onun məşhurluq qazanması Bakıdan çıxararaq ölkə səviyyəsində tanıtdı. Zamanla isə bu daha da böyüdü. Bu gün meyxanalar digər janrlarla müqayisədə daha çox dinlənilir, izləyici kütləsi toplayır. Bu da onun təsirini artırır. Belə ki, bu listə onları da əlavə etməyi lazım bildim. Meyxana həm də “etiraz”ı göstərmək üçün istifadə edildiyindən münaqişə mövzusunda mühafizəkar insanlar üçün daha yaxşı vasitəyə çevrilmişdi. Rövşən Binəqədili bu baxımdan operativ şəxslərdəndir. Baş verən hadisənin üzərindən günlər keçmədən artıq öz ifasını paylaşır. Buna “Can gedirik almağa”nı misal göstərmək olar. “44 günlük müharibə”dən öncə baş tutan “Tovuz döyüşləri” zamanı yayımlamışdı, 14 iyul tarixində. Onun digər ifaları olan “Gəlirik Qarabağ” 2020-ci ilin 19 noyabrında, “Unutmaq olmaz” isə bir il sonra 31 noyabr 2021-ci ildə yayımlanıb. Əlavə qeyd kimi “Tovuz döyüşləri” zamanı yayımlanan bir digər ifa isə, 18 iyulda yayımlanan Damlanın “Vur komandir”dir. Meyxanalardan misal kimi göstərmək istədiyim digər ifalar Sahil Dəniz ifasında “İgid əsgərim”dir. Bu meyxana 2020-ci ilin 20 noyabrında yayımlandı. Ondan bir parça bəlkə diqqətinizi çəkər deyə əlavə etmək istəyirəm:
“Dedi qayıtmalıdır Şuşam, Ağdərəm
Söydü prezidentim onu min kərəm
Paşik dedi: torpağları vermərəm
Aldılar ancaq igid əsgərlərim”
Müharibə zamanı İlham Əliyevi nə qədər Paşinyana qarşı istifadə etdiyi ritorikaya görə qınasalar da, bu xeyli işinə yarayır, insanlar tərəfindən səmimi görülürdü. Bu da onun reytinqinə təsir edir, çıxışlarını paylaşaraq onun PR-ını aparırdı. Buna başqa misal olaraq Elçin Göyçaylı və Oruc Amin ifasında “Noldu Paşinyan?”ı da misal göstərmək olar. 17 noyabrda İctimai Tv-də yayımlanan “Yeraltı” proqramında iştirak edən meyxanaçıların ifasında da 2 “qafiyə” oxunur. Bunlar – “Qovduq iti qovan kimi” və “Ay erməni yaltağı, bəs nə oldu? Vermirdin torpağı, bəs nə oldu?!” idi. Adlarından da görüldüyü kimi sözləri yenə alçaltmaq və ermənini əzik göstərməyə çalışmaq idi. Bilməyənlər üçün əlavə edim ki, İctimai Tv dövlət kanalıdır.
Müharibənin başlamasından 2 gün sonra, 29 sentyabr yayımlanan ifalardan birinin sözləri də diqqətimi cəlb etdiyi üçün ondan bir parçanı əlavə etmək istəyirəm. Bu Elçin Göyçaylının “Düşməni dağıda” ifasıdır. Başlayan kimi İlham Əliyevlə başlayırlar:
“Yaşasın Əliyev İlham
Ali baş canabları
Səninlə aldıq geri
Axırki Torpaqlar”
Yenə həmin məqama toxunmaq istəyirəm, müharibənin başlayacağını təxmin edib, bunları hazırmı etmişdilər, yoxsa bu da bir sifariş idimi? Müharibə isə 2 gün başlamışdı və müharibənin nəticəsini görərək öncədən artıq bunu hazır etmişdilər.
Nurlan Ordubadlı ifasındakı “Yaşa Azərbaycan” da həmçinin müharibənin başlamasından bir ay sonra, 5 noyabrda yayımlanmışdı. Bu mahnını fərqləndirən isə onun daha çox məşhurluq qazanması, toylarda tez-tez ifa edilməsidir. Etiraf edim ki, müharibədən sonra qatıldığım hər 5 toydan 4-ündə rastlaşdığım bir ifadır. Bir digər dinlənən və paylaşılan ifa isə Aqşin Fateh və Elvin Nasir ifasında olan “Qazi gəlir”dir. Bu ifa 2021-ci ildə yayımlansa da, digərlərinə çataraq baxış sayı toplamış, qısa zamanda məşhurlaşmışdı.
Müharibənin başladığı gün (27 sentyabr) yayımlanan Nərmin Kərimbəyova, Ceyhun Zeynallının ifasındakı “Atəş” ifasının klipinə baxdıqda çəkilişdə hərbiçilərdən istifadə edildiyini görmək olur. Klip haqqında məlumat hissəsində də bunu gizlətmir, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstək olduğunu deyirlər. Bəs, sözlərində nə deyirlər?-desəniz, heç də digərlərindən fərqlənmir:
“Nifrət, nifrət, nifrət düsmənə!
Təzim, təzim, təzim vətənə
Atəş, atəş, atəş, atəş hədəfə
Zəfər, zəfər hər dəfə”
Siyahımda daha 2 “Qarabağ Azərbaycandır” ifası olduğundan onları birlikdə yazmaq istədim. Birincisi Murad Ağdamlının ifasıdır ki, bu 2020-ci ilin 6 noyabrında, digəri Şəbnəm Tovuzlunun ifasındadır, onun yayım tarixi isə ondan daha əvvəl 20 oktyara aiddir. Aysun İsmayılova ifasındakı “Azərbaycanım mənim” isə 25 oktyabr tarixində yayımlanıb. İfalara müharibənin başlamasına yaxın tarixi olaraq baxsaq Elçin Səfərovun “Millətəm” ifasını da xeyli yaxındır. 1 oktyabrda yayımlanmışdı. Bu ifaya yazının əvvəlində yaratdığımız “qəhrəman” obrazı ilə baxsaq bu ifada həmin obrazın artıq güc toplayıb, geri döndüyünü və intiqam almaq istədiyini görürük.
Çinarə Məlikzadənin “Azərbaycan” ifası 22 oktaybr tarixində yayımlanıb. Tünzalə Ağayevanın əvvəl dediyim kimi müharibə zamanı da aktivliyi, ifası olub. “Gözün aydın olsun, Qarabağ” 17 noyabr tarixində yayımlanıb. Bu ifanı düşünürəm ki, elə də uğurlu deyil. Ağayevanın istedadının altında qalan bir parçadır. 2020-ci ilin 31 dekabrında yayımlanan Faiq Ağayevin “Sən qalibsən!” ifasını da həmçinin uğurlu hesab etmirəm. Baxmayaraq ki, bunlar hakimiyyətin əsas mədəniyyət fiqurlarından olsa da, ifaları uğurlu olmadı. Bu baxımdan onların arasında ən doğru addımı Abbas Bağırov atdı deyə bilərəm. Müharibədə həyatını itirən Xudayar Yusifzadənin telefonuna qeyd etdiyi “Dastana döndü” ifasını öz ifası ilə birləşdirməsi parçanı uğurlu etdi. Bunu daha sonra bir çox şəxs etsə də, ən uğurlusu və yadda qalanı o oldu. “Dastana döndü” trendi yaranmışdı həmin dövrdə, amma tutduran çox adam olmadı deyə davam etmədi. Abbas Bağırovun 2 noyabrda bir başqa ifası da yayımlanmışdı, onun adı isə İlham Əliyev üçün nəzərdə tutulan “Ali baş komandanım – Zəfər Marşı” idi. Bu və bunun kimi saydığım və sayacağım bir çox ifada Türkiyenin də adı hallanır, “Azərbaycan-Türkiye” birlikdə deyilir.
Murad Arifin 13 noyabr tarixində yayımladığı “Qələbə” ifasını da misal çəkmək lazımdır. Murad Arif ifa tərzinə görə digərlərindən daha orta yer tutmağı bacarır, zamanını gözləyir. Bəlkə də buna görə gözləyib bu ifa üçün müharibənin bitməsini. İfaya hazırladığı klipdə də məşhur simalardan istifadə edib.
Müharibənin istər silahla aparılmasına, istərsə də təsvir olaraq daha kobud görülməsinə görə uşaqlardan uzaq tutulması lazımkən müharibə öncəsində, həmçinin müharibənin başladığı dövrdə azyaşlıların ifasında bəzi mahnıları görə bilirik. Nuray Rəhmanın ifasında “igid əsgər möhkəm dayan” misalçün 2016-cı ildə yayımlanıb. Nuray Rəhmanın 2010-cu il doğumlu olduğunu düşündükdə bu onun üçün bu ifanın ağır olduğunu demək istəyərəm. 2018-ci ildə "Heydərdən öyrəndik” ifası da onun alət kimi siyasiləşdirildiyini göstərir. 2020-ci ilin 14 oktyabrında “Döyüş” adlı ifanı yayımladığını da qeyd etmək istəyirəm. Sözləri isə belə başlayır:
“Döyüş son qanınadək,
Vuruş son anınadək
Gözünü belə qırpma,
Yuxunu belə almadan döyüş!
Vətəni azad eylə,
Müjdə ver Qələbəylə Döyüş!”
Nuray Rəhman adını çəkmək istədiyim bir maraqlı ifası isə 2021-ci ildə yayımlanan “Erdoğan”dır.
Azyaşlı ifası sadəcə Nuray Rəhmanla kifayətlənmir, ondan başqa Səid Məmmədovun “Üç rəngli bayraq” ifası da buna aiddir, onun yayım tarixi də müharibə ərzinə təsadüf edir – 7 oktyabra.
Atilla Zurufçu onlar qədər geniş izləyici kütləsinə sahib olmasa da, onun da ifasında “qəhrəmanlıq” ifaları mövcuddur. Rastıma çıxanlardan biri 2022-ci ildə yayımlanan “Millətəm”dir. Uşaqları alət kimi istifadə etmək, hələki də müharibəni gözəlləşdirmək üçün istifadə etmək nə qədər doğru addımdır deyə düşünürəm, amma heç bir ideoloji məntiqini tapa bilmirəm. Bu tək onların oxuduğu, çəkildiyi layihələrlə deyil, həmçinin həyatlarında da uzaq tutulmalı bir mövzudur. Təhsil müəssisələrində müharibənin “zəfər” tərəfini deyil, necə bir pis şey olduğunu, müharibə olmaması üçün çalışılmalı olduğunu, buna görə addım atılmalı olduğunu izah etmək lazımdır. Onları döyüşə, müharibəyə deyil, hər an müharibə ilə yaşamaqla deyil, sülh üçün bir şeylər etməli olduqlarını, insanlara nifrətlə deyil, “insan” kimi baxmalı olduğunu göstərmək lazımdır. Bu baxımdan istər dövlət propaqandası, təhsil sistemi çox pis işləyir. Bu baxımdan dövlət TV-ləri də diqqət etməlidir, onlar “zəfər” göstərisindən daha uzaq, müharibənin pis olduğunu, buna görə insanların həyatlarını itirdiklərini çatdırmalıdılar. Ölən şəxsləri isə “Müharibədə həyatlarını itirən şəxslər” kimi təqdim etmək lazımdır. Bu nə qədər radikal və kobud səslənsə də, edilməli olan bu ritorikadır.
Bu ifalar istər şəxsi təşəbbüs, istər sifariş əsasında ərsəyə gəlib, müəyyən bir zaman və auditoriya daxilində qalır, amma bir əsər var ki, o ümumi Respublikanın təmsilidir. Söhbət “Himn”dən gedir. Onun sözlərinə baxarkən diqqətimi çəkən sözlər oldu əlbəttə. Bu parça daha “milli ruh”da, daha iradəlidir. Daha güclü, daha təsir edici rolunu oynayır. Bəlkə yazıldığı dövrə görə müəllif təsvir etdiyi Azərbaycanı canlandırıb, amma böldüyümüz dövrlərin heç birinə bunu aid etmək düzgün sayılmaz. Sözlərində humanistlikdən çox, məğrurluğunu qoruyur, hər an ölməyə, öldürməyə hazır olmağı səsləyir:
“Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!”
Davamında da gənclərin daim hazır olduğunu, bayrağı, namusu qorumağa müştaq olduğunu deyir. Lazım olarsa, canlarından sevərək keçərlər deyir.
Vətənpərvərlik və qəhrəmanlıq istər yaradıcılıqda, istərsə də milli kimliyin formalaşmasında Qarabağ münaqişəsənin önəmli rolu var. Bu ifalarda da, filmlərdə də, romanlarda da özünü göstərir. Bir düşmən modeli mövcuddur və daim onunla mübarizə aparır. Düşünəndə ki, Qarabağ münaqişəsi nəticəli və ya müvəqqəti bitsə, bu qəhrəmanlıq yolu necə dəyişəcək? Artıq müəyyən təcrübəyə çatmış, artıq ahıl yaşında bir obrazamı bürünəcək, yoxsa özünə yeni rəqibmi axtaracaq? Bax, bu daha çox maraqlıdır.