Ləbləbili kitablarımız

Bir yazıçını necə təhqir etmək olar? Kitablarını sevmədiyini deyərəkmi, ya yazdığlarının mənasız olduğunu deyərəkmi? Əmin olun bu heç bir yazıçının sağ qulağından girib, sol qulağından çıxmaz. Maraqsızdı bu düşüncə. Daha asan yolunu deyim. Onun kitablarının vərəqlərinə ləbləbi doldurub satasız. 

Uşaqlığımızın ən gözəl xatirələrindən biri idi bəlkə də, metronun çıxışlarında dayanan xalalardan ləbləbi, “semiçka” alıb yemək. Anamıza bizə də ləbləbi alması üçün yalvarmağımız və xalanın balam üçün bol dolduracam sözünü deməsi. Cırılmış hazır kitab vərəqini ya hələ də cırılmamış köhnə Sovet dövründən qalma kitabın bir vərəqini cırıb, sonra burub içinə ləbləbi dolduraraq bizə uzadardı. Mən “semiçka” sevməzdim deyə ləbləbi alardım. Çox şeyi qanmadığımız üçün normal gəlirdi. Bizim işimiz ləbləbiylə idi. Nə vərəqdə yazılana diqqət edər, nə kitabı niyə cırdı deyə xalanı sorğuya tutardıq. Mən biraz hər şeyə maraq göstərən olmuşam deyə vərəqləri oxumağa çalışardım.Rus dilində təhsil almağım kril dilini də öyrətmişdi. Cümlə-cümlə oxuyar, bu arada da ləbləbimi yeyərdim. adını görərdimsə də tanımazdım yazıçını. Necə dəyərsizləşibsə artıq kitabı ləbləbi satan xalanın əlinə keçib. Bundan ötrümü aylarını vermişdi? Bundan ötrümü, ədəbiyyat, sənsən mənim gecəm, gündüzüm, həm ayım, həm günəşim demişdi? Həmin xalalardan bəzən indi də görürəm. Uşaqlığıma dönürəm bir an. Yanımda anamın olmasını və mənə ləbləbi almasını istəyirəm. Özümün almağım maraqsız olar. Onun mənə kiminsə alması lazımdı düşüncəsi qalıb. 

İndi xatırladım, daha doğrusu ağlıma gəldi. Daha doğrusu bir hekayə yazarkən ağlıma gəldi. İllər sonra həmin kitabların yerində öz kitabımı görsəm yəqin ürəyim ordaca dayanar. Bir dəfəsində metroda kitabımı oxuyan bir nəfər görmüşdüm. Necə sevinmişdim. İzahı mümkün olmayan bir hisdi. Sevincimdən atlayıb düşmək, qızın önünə keçib o kitab mənimdi, danış, nə hislər keçirtdiyini de mənə. Bəyəndinmi, bəyənmədinsə də, de demək istəyirdim, amma deməmişdim. Utanmışdım bir az. Duyğusallaşmış, gözlərim dolaraq öz stansiyamda düşmüşdüm. Bunu bəlkə övladının öz sevgilisini ailəsi ilə tanış etmək üçün evə gətirdiyi zaman ana-atasının oğlum böyüyüb, sevdiyi qızı gətirib deyə duyğulanan ana-ata başa düşər məni. 

Bir daha ləbləbi satan xalaların yanından keçəndə fikir verəcəm, bu dəfə hansı yazıçı qurban seçilib deyə. Bu dəfə kimi burmalayıb satırlar. Görəsən, öz kitabları o qədər satıbmı heç? Yazıçı ləbləbi satan xala qədər qazanıbmı heç?