Kimdir düşmən? -Qadın
Ən ağır söyüş nədir? Bir düşünək? Hə, yəqin ana-bacı söyüşüdür. Əlbəttə. Axı qadın müqəddəsdir. O qədər müqəddəsdir ki, onları qorumalı və onları təhlükələrdən uzaq tutmalıyıq. Niyə? Tarix kitablarında oxuduğum bir diqqət çəkən yazı var, mütləq siz də rastlaşmısız. Adətən, baş vermiş hadisənin faciəvi səviyyəsini göstərmək üçün istifadə edirlər: “Onlar qadınlara və uşaqlara acımadılar”. “Qadınlara”
“Savaş qadınlara görə deyil” , “Müharibə qadınlara görə deyil” kimi ifadələr cəmiyyətimizdə, hətta dünyada geniş yayılmış ifadədədir. Bəzən tarixdə savaşmış qadınlara görə məğrurcasına danışırıq da. Xoş bir şeydir bu, amma bir o qədər də gülməli. Savaşı niyə ancaq kişilər edir? Niyə də? Niyə bütün yük biz kişilərin üstündədir?
“Kişi ol!” Niyə? Niyə məhz kişi ol? Qadın olmaq ayıbdır, ya alçaqlıq? “Kişi kimi qadındı” “Kişi qızısan” İfadələrimiz, sözlərimiz belə patriarxizm üzərində qurulub. Bəlkə bunu bir kişi olaraq deməyim xəyanətdi “kişilər birliyi”nə, kim bilir. Amma cəmiyyətdəki bərabərsizlik heç xoşuma gəlmir. Bəli, bir qadının kişi ilə eyni işlər görməsini istəyərəm. Daş daşıması da pis bir şey deyil. Niyə olsun? Atası, qardaşı, oğlu haramı baxır? Onlar durarkən qadın niyə daş daşımalıdır? -deyərkən belə qadınları alçaltmırıq? Qadınlara hörmət etmək, nəqliyyatda, bir məkanda qalxıb onlara əyləşməsi üçün yer vermək təhqir deyil? Qadının yanında söyüş söymək çox kobud hərəkətdir. Hətta buna görə insanları öldürməsələr belə yaxşıca döyərlər. Bir insanı təhqir etmək üçün “qadınına” təhqir etməli, onu söyməlisən. Atasına görə söyüş söyülməsi adi, normal bir haldı. Bunu zarafat kimi görürlər. Kişisən, xanımına sahib çıx, kiminsə ona nəsə deməsinə icazə vermə, ona nəsə etməsinə icazə vermə. Yeri gəlsə, öl, amma icazə vermə.
Namus anlayışının mərkəzi qadın olub həmişə. Namus davası gedirsə, mütləq ki, səbəbkar qadın olacaq. Günahkar belə olarsa. Qadına görə ölmək qürurvericidir. O şəxs qadını qorumaq üçün özünü öldürdü.
Dinlərin təməli belə kişilərə əsaslanar, qadınları onların ixtiyarına verər. Gerçəkdənmi belədi? Qadınlar biz kişilərin köləsidirmi?
Gələk digər bir ayrı-seçkiliyin olduğu mövqeyə. Sevgi dastanlarını sayaq. “Leyla və Məcnun”, “Əsli və Kərəm” “Xosrov və Şir”, nə bilim “Romeo və Cülyet”, “Əli və Nino”, müasirlərdən “Masumiyyet Muzesi”(əsər olaraq çox sevdiyim bir klassikdir), “Təhminə və Zaur”. Bunların hamısında bir kişi sevdiyi qadına qovuşmaq üçün nəsə edir. Qadın isə hey at atlı şəhzadəsinin onu gəlib aparması üçün gözləyər, bəzən başqasına yar olar. Məsələ hər birində məhz baş rolda özünü paralayıb yırtanın bir kişi olmasındadır. Sevgisindən ötrü çöllərə düşən də bir kişidir, dağı deşik-deşik edən də. Qadın nə edib? Niyə qadının sevgisindən ötrü çabaladığı bir dastan yoxdu? Yəqin bütün dastanları kişilər yazıb deyədi.
“Həyat yoldaşı” ifadəsini çox sevirəm. Bizim dildə işlənən tək-tük sözlərdəndir ki, bəyənirəm. Xoş səslənir. Həyat yoldaşı. Həyatını bölüşdüyün şəxs. Arvad, ya ər demir, ayırmır, hər ikisinə şamil edir. Hər iki tərəf istifadə edə bilir. Əməl olaraq çox gözləməsək də sözdə deyə bilirik.
“Qadına təcavüz olundu” xəbər başlığını nə zamansa, qadın kişiyə təcavüz etdi kimi oxumaq ehtimalı yoxdur. Yox, kiməsə təcavüz olunsun istəmərəm, bəlkə bu təcavüzə bu dəqiqə kişilər razı da olar. Məsələ yüklənən mənadadı. Şekspirə verilən - qadın ağıllıdır, yoxsa kişi? sualına, əlbəttə ki, qadın, mən hələ bir kişinin ayağına baxıb özündən gedən qadın görməmişəm deyib. Yəqin getsə-getsə idmançı bədəninə görə gedər.
Bir də geyim məsələsi var. Kişinin ətək geyinməsi utanc mənbəyidir. Birmənalı qəbul edilmiş yazılmamış qanundur. Şotland kişiləri ilə bağlı edilən zarafatlardan bir kitab çıxar. Qadının şalvar geyinməsinə irişən deyiləm, otuz-qırx il əvvəl olsaydım ona da irişə bilərdim, indi çox böyüdülmür, amma var. Elə bilməyin ki, bu məsələ normaldı. Şalvar geyinə bilər, amma arxa hissəsini örtəcək uzun köynək geyinməlidir. Gülmüşdüm bunu ilk dəfə eşidəndə. Nadir düşüncə tapıntısı deyə düşünsəm də sonra saylarının xeyli çox olduğunu gördüm. Mini ətək aktuallığını qorumaqda davam edir. O ətəkə baxaraq yüksək rejissorluq bacarığlarından istifadə edərək bir porno filmi yazan çox beyin görmüşəm. Normal yanaşmaq olar, bu bir növ təbii istək kimi görülə bilər. Bilər e, bunu ağzının suyunu axıdaraq özünü iyrənc, qarşısındakına istismar baxışları ilə edirsə, əgübdür. Gülürəm. Düşünürəm. Kefli İskəndəri daha gözəl başa düşürəm. Axı necə keflənməyəsən bu qədər düşüncənin arasında. Bir dini məqalə oxuyurdum, ərinin sözünə baxmayan kafir qadınlar başlığı verilmişdi. İçində ərinə tabe olmayan qadının cəhənnəmin dərinliyində yanacağı yazımışdı. Qəşəng üsuldur. Arvadın sözünə qulaq asmırmı? Cəhənnəmlə gözünü qorxuz. Başını bağla, kimsə görər. Ən gülməli tərəflərindən birisi də, cənnətə düşmüş kişiyə yetmiş hurinin verilməsi və istəyəcəyi təqdirdə onların sırasına dünyadakı arvadını da qata bilməsidir. Qadın əgər cənnətə düşübsə, deyəsən başqa bir Əhliman adlı birisinin veriləcəyi yazılmışdı. Artıq bilmədim öz əri bundan üz döndərərsəydi, ya bundan fikir alacaqlardı. Ada bir bax. Əhliman. Adı eşidəndən sonra başına heç yaxşı şeylər gəlməyəcəyini anlamaq çətin deyil.
Nə zamansa, sistem dəyişərmi? Qadınlar dünyanı idarəedərmi bilmirəm. Bərabərlik yaranarmı onu da bilmirəm. Gördüklərim, ünsiyyətdə olduğum qadınların fikrinə, əsasən, bunu deyə bilərəm ki, qadınlar bərabərlik istəmir. Güc də istəmir. Xeyr, bu məğlubiyyətlə barışdıqlarına görə deyil, kişilərə yüklədikləri yükə şərik olmaq istəmirlər deyədi. Çalışan, əziyyət çəkən, öz qazancını özü qazanan, bir kişidən asılı olmayacaq gücə sahib olan qadının ona ağalıq etmək istəyən kişiyə tabe olmadığını görmüşəm. Boşanmaların əksər tərəfi buna görədi. Təki tək səbəbi bu olsun. Bu sevindirici haldır. Bir kişidən asılı qalmaq istəmir və öz həyatını qurmaq istəyir. Öz ayaqları üstündə durmaq istəyir.
Tanınmış, ölkədə sayılıb-seçilən, adlı sanlı bir ağsaqqalın yazısını oxuyanda bir sətr diqqətimi çəkmişdi. “Qızlarımızı ana olmağa hazırlaşdırmalıyıq”. İki başlı bir cavab idi deyə daha diqqətlə və sətrbəsətr oxumağa davam elədim. Ümid etdiyimin əksinə, ərinə qarşı gəlməmək, hər söhbətə görə boşanmamağa səsləyən bir yazı idi.
Bir mahnı ilə sonlandırmaq istəyirəm yazımı. “iki-iki dörd olar, qız yaşı on dörd olar, əgər elçi getməsən, başqasına bənd olar.” Sevib, toylarda qol açıb oynadığımız bir mahnıdır sadəcə. Sözlərinə niyə fikir veririk? Sözdü də, sadəcə deyilib. Biz ki, elə millət deyilik.