Tanrının dəfni
Nitşssenin “Tanrı öldü” ifadəsi tamamlanmamış fikirdir. Ən azı mənə görə. Tanrının ölməsini təsdiqləyən insan gərək onu dəfn etsin, yoxsa o tanrı diriləcək və intiqam almağa çalışacaq.
Ölümü bu qədər yaxınımda hiss etdiyimi xatırlamıram. “Ölümü burnunun dibində hiss etmək” ifadəsini çox gözəl başa düşürəm və məncə bunu başa düşən milyardlarla insan var hal-hazırda. Keçən günlərdə bir video çıxdı qarşıma, həkim evə gəlir, amma onun qarşısına çıxan övladını qucaqlaya bilmir. Pis təsir etmişdi mənə. Nə yalan deyim gözlərim də dolmuşdu. Baş verən hadisəyə görə kimisə günahlandırmaq, günah keçisi adlandırmaq düzgün deyil, bu savaş artıq 1-5 nəfərin savaşı deyil. Milyonlar, milyardlar aiddi bu savaşa. Mən savaşa qarşıyam, savaşmayacam deyib geri də çəkilmək mümkün deyil.
Biraz keçmişə getmək istəyirəm. Biraz deyəndə hardasa, 13-14 yaşıma. Məktəbdə sakitliyimə görə seçilən birisi olmuşam. Danışmaq və insanlara qaynaşmaqda çətinlik çəkməsəm də qaçmağı sevərdim. Təklik mənim üçün azadlıq idi. Məni danışdırmağın ən asan yolu mübahisə idi. Bir mübahisəli mövzu ortaya atılmalı və qızğın söhbət getməli idi ki, mən söhbətə qarışım. Çox zaman bu söhbətləri yarımçıq buraxardım, onların düşüncəsi ilə mənimki arasında əks fikirdə olardılar. Buna görə sevinsəm də onların boş söhbətləri sıxardı bir yerdən sonra. Evimizin yanında məscid var. Nə işə yaradığını bilmədiyim, hər gün başa düşmədiyim bir dildə nəsə oxuyar, 3-4 dəqiqə sonra susardı. Sorğuladığımı xatırlamıram, kim bilir bəlkə də soruşmuşam bu nə səsdir?-deyə. Sinif yoldaşımla məktəbdən gələndə məscidi göstərib, sağol, mən məscidə gedirəm -dedi. Məscid? Ora nə işə yarayır? Maraqlı insan idi, danışmaq əvəzinə gəl gör dedi. Mənə belə söz demək olar? Özümü bir an macəraçı kimi hiss etdim. Getdim. Heç görmədiyim bir mühitdə tapdım özümü. İnsanlar anlamadığım bir dildə sözlər deyir, müxtəlif ritual ayinlər edirdilər. Məni yanlarına çağırıb öz təlimlərini izah etməyə çalışırdılar. Heç görmədiyim bir dünya içində nə olursa, olsun maraqlı idi. Evə getmək vaxtım çatmışdı deyə çox qala bilmədim, evə getdim. Evdə belə bir şey etmək istədiyimi, onların yanına getmək istədiyimi dedim. Birinci qarşı durub “təhlükəli” adamlara qoşulmağımdan qorxsalar da, sonra ora gedən tanış adam tapıb onun nəzarətiylə icazə verdilər. Qısa zamanda özümü sevdirib içlərinə girə bildim. Bütün söhbətlərinə, dəvətlərinə məni də çağırardılar. Məni azyaşlı bir uşaq kimi görmürdülər. Qəribədir, yaşımdan xeyli böyük insanlarla söhbət etsəm də, yenə mənə kifayət etmirdi. Sinif yoldaşlardan fərqli olaraq bəzi şeylərin cavabının olmadığına inanırdılar. Məni yazar edən birinci xasiyyətim hər şeyin sonunda niyə? sonra? belə olarsa nə olar? -kimi suallar yaratmağı sevməyim idi ki, bu özümdə yaratdığım bir şey deyildi, həmişə var olub. Günlər, aylar keçir, mən hər gün onlar haqqında daha çox şey öyrənirdim. Maraqlı idi ki, öyrəndikcə suallarım da artırdı. O niyə elə oldu? niyə elə elədik? -kimi suallar verir, cavab verənsə tapılmırdı. Məntiqin uzaq olduğu bir dünyada yaşayırdılar. Olmalıdırsa, olmalıdı, səbəbi, niyəsi sorğulana bilməz. Azadlıq düşkünü birisi olmağım get-gedə məni soyudur, uzaqlaşdırırdı. Uzaqlaşdım da, 2 il sonra tamamilə uzaqlaşdım. Öyrəndiklərim isə gələcək həyatım üçün bir təcrübə, indi yazdığım yazı üçün bir material olaraq qaldı. Onlar ölümü sevirdilər. Ölümün bir azadlıq olduğunu və azadlığa qovuşanda rəhbərin gözünə girmək üçün xeyirli işlər görmək istəyirdilər. Ali məqsədləri də azadlıqıstanlarına yaxşı birisi kimi getmək idi. Mənim kimi ölümsüzlük düşkünü bir insanın dünyası isə onlar üçün maraqsız idi. Gördüklərindən çox, varlığını yalnız oxuduqları kitabdan bildikləri bir dünya üçün savaşırdılar. Niyə deyirəm, keçən dəfə onlardan birini gördüm. Hardasa 50 metr getdikdən sonra spirt çıxartıb əllərini dizinfeksiya edirdi. Ölüm. Qorxmuram deyən hər bir insanın ölümlə bir addım məsafədə qalanda “kömək edin” deyir.
İnanclar arasında getdiyim bir dövrdə tanış olduğum “Vahid dünya” anlayışını sevməyə başladım. 5-6 il əvvəl idi, bəlkə daha çox. 2020 - ci ildən bəhs edən fikirlər məni dünyaya daha çox bağlamışdı. Bəlkə də dünyanın dərdini çəkmirdim, sadəcə görəcəyim macəradan ötrü səbrsizləşmişdim. İllər keçir, heç bir addım görmürdüm. Yüz illər əvvəl başlamış siyasətdən son andamı imtina edilmişdi? Mümkün deyildi. Bəlkə də yalan məlumat idi. Heyfslənmişdim. “Vahid dünya”nın içində olan “lazımlı insan” larla yaşama həm dəstək durur, həm də insanları öldürmək nə dərəcədə doğrudur?-düşüncəsi arasında gedib gəlir, çox vaxt düzgün addımdır deyərək razılaşırdım. 2019 gəldi. Tək mənim deyil, milyon, milyardlarla insanın ümidi ölmüşdü. Unutmuşdum. Xatırlamırdım belə. İlin sonuna yaxın başlayan yanğın, virus yenə heçnədən şübhələndirmədi. İl girdi, artan hadisələr sualı düşünməyə məcbur etdi. Üstünə gələn savaş, dolub daşan səbrlər bir yerdə dayanmalıydı. Bir xəbər bütün dünyada həyəcan zəngini çaldı. KORONA. Nə idi bu? Adi bir yarasadan keçən virus? Qrip? Bilinməyən bir qrip. Sayı günü-gündən artmaqda olan bir hadisə idi. Hər kəs Çinlə əlaqəsini kəsdi və ona kənardan kömək etməyə çalışdı. Dünyanın ən güclü dövləti birdən gücsüz, aciz dövlət olmuşdu. Ardıyca digər təhlükəli bir dövlətdə görüldü bu. Marağım xeyli artmaqda idi. Özümə bu ssenaridə xüsusi bir personaj olaram deyə yer gəzməyə çalışarkən evə dustaq halda tapdım. Bəzən şəhərə çıxırdım, gördüyüm kadrlar gələcəyin gəlişindən xəbər verirdi. Adi gözlə bəlkə də görmək olmaz bunları, hadisəni səhnələşdirib onu gələcəyə aparmaq lazımdı. Vahimələr, qaçışan insanlar. Yaranmış boşluqdan istifadə edən fürsətbazlar. Metroda aralı gəzən insanlar. Görüşə bilməyən cütlüklər. Çölə çıxması qadağa olunan kişilərin gizlincə parkların bir küncündə əyləşməsi, bunu çəkmək üçün ağacların arxasında onları güdən “jurnalist”lər. Bir yaradıcı şəxs üçün bundan daha əyləncəli səhnələr varmı ki? 15 gündən çoxdu karantin deyə evdən çıxmağa qadağalar qoyulub. Bu arada sadəcə 2 dəfə çölə çıxma fürsətim olub. Hər gün gördüyüm üzləri, dolu küçələri görməyəndə insan biraz qəribsəyirmiş. Bəyənmədiyin, daha böyük bir şəhərdə yaşamaq üçün imtina etməyə hazır olduğun şəhərin küçələrində gəzərkən onlardan ötrü belə darıxdığımı başa düşmüşdüm. Hər kəsin bir teoresi var. Kimisinə görə ölkələrin savaşı, kimisinə görə insanların sayını azaltmaq üçün atılan addım, kimisinə görə axirətin yaxınlaşdığını göstərən əlamət, kimisi bunu sadəcə şou adlandırır. Teatr deyil dünyamız, biz də aktyor deyilik- deyən lazımdı bəlkə də insanlara. Düşünürlər ki, son olacaq, onlar səhnənin önünə gəlib təzim edəcək, hər kəs onları oynadığları oyuna görə alqışlayacaq və pərdə enəcək.
Keçənlərdə söhbət etdiyim dostumla (elə görmək istəməzdim) söhbət edəndə mənə dediyi bir fikir ağlımda irişdi qaldı. Yanaşması maraqlı idi. Tam mənə görə idi. “Dünyada sonuncu insanlar olaraq ölmək istəyərdim. Dünyanın sonuncu sakini olmaq istəyərdim”. Çoxunuza maraqsız və qəribə gələ bilər bu fikir, niyə elə şey olsun? Dünya niyə dağılsın?-deyə bilərsiniz, amma bir düşünün. Dünyada hər şeyi görəcəksiniz, hətta dünyanın sonunu. Dünyanın sonunu niyə başqası görməlidir? Niyə biz görməyək? Niyə adi insan kimi ölüb gedək? Biz öləcik, amma başqa insanlar yaşayacaq. İnsan paxıllanar. Mən paxıllanaram yəqin. Mən öləcəm, lakin bu qədər lazımsız insan var olacaq? Yox. Elə bir şey yoxdu. Əgər öləcəmsə, bu dünyanın sonu ilə bərabər olmalıdır.
Mən həmişə baş verə biləcək hadisəyə qarşı plan qurmağı sevmişəm. Bu ölüm belə olsa, düşünmüşəm. Bəzi insanlar yaxınlarının ölümündən qorxur, onları itirməyi belə ağıllarına gətirə iblmir. Gec ya tez bu baş verir. Hazır olmayan insanın sarsıntısı daha çox olur, əlbəttə. Amma bu cür acınacaqlı öldüklərini görmək heç xoş deyil. İnsanın qurtulması üçün yalvarması, bəzən insanlıq dərsi olaraq öz həyatını fəda edib daha gənc olan birisinin həyatını qurtarması insanlığın gəldiyi dramatik nöqtədir. Deyəsən, gördüklərini müşahidə edən tək-tük insanlardanam. Əylənirəm. Maraqlı və həyəcan dolu bir dövrdəyik. Yeni bir era, yeni bir çağ bizi gözləyir. Şanslı olduğumuzu unutmamalı və buna uyğun olaraq yaşamalıyıq. Yeni dünya üçün lazımlı olacaq kimsə olmalıyıq.