Sovetin "Bozbaş"ları
Təxminən 15 gün əvvəl bir foruma qatılmışdım. Mövzunun adı “kino aləmi” idi. Mövzunun əsas hissəsini filmlərimizin müqayisəsini etmək üçün Sovet dövründə çəkilmiş filmlərlə, müasir dövrün filmləri arasında müqayisə etdim. Açığı tənqidlə qarşılaşacağımı bilirdim, hazır idim, amma gözləntimdən artıq olması məni daha çox sevindirdi. Bu tərz müqayisələri edən şəxslər, əsasən, müasir filmlərimizi topa, köhnə, Sovet dövrü filmlərimizi tərif yağışına tutar. Belə edərək populasiya arasında daha çox sevgi qazanacağını, onu savadlı birisi kimi təqdim edəcəklərini düşünürlər.
Müqayisələri sevən bir insan üçün nə qədər çox tənqid varsa, o qədər material var deməkdir. Yanaşmam, əsasən, Sovet dövründə çəkilmiş bir kütlə filmi, müasir dövrün çəkilən filmlərindən daha betər olduğunu, həmin filmləri də Sovet dövrünün bozbaşları olduğunu dedim. Aldığım cavablar isə, sənin həmin filmlər haqqında nəsə demək ixtiyarının olmadığını, onların çox gözəl olduğunu, onların tam bir sənət işi olduğunacan getdi. Bunu davam elədim forumdan sonra da öz sosial media hesabımda belə bir sorğu keçirtdim və eyni cavabları ordan da aldım.
Toxunmaq istədiyim başqa bir mövzu daha var, ordan keçid edəcəm bu mövzuya. Yaşım çox deyil, bəlkə bunu oxuyan insanın yaşadığı həyatın yarısı qədər yaşamışam, bəlkə yaşıdam, bəlkə də böyüyəm. Buna irişmək istəmirəm, ağılın, düşüncənin yaşla heç bir aidiyyatı olmadığını artıq hər birimiz bilirik. Bu sirr deyil. “Ağsaqqal sözünü dinlə” ifadəsinin qüvvəsi yoxdur. Gördüyüm və eşitdiyim fikirlərə əsaslanaraq deyirəm ki, insanlarımız, incəsənət insanlarımız da həmçinin özlərini təvazökar aparmağı sevir və özünün rolunu kiçildir. Göz qaytarırlar bəlkə də. Bir insana sən Üzeyir Hacıbəyovdan daha gözəl bəstəkarsan desən başına oyun açarlar, ya mən dünyanın ən gözəl rəssamıyam desən daşqalaq edərlər ki, o qədər ustad varkən sənin nə həddinə? Özünə inamı vardısa, edib, etməlidir. Biz özümüzü çox kiçildirik. Bəzən ölülərdən qorxuruq. Onların dirilib sən kimsən məndən daha iddialı olduğunu deyirsən deyəcəyini düşünürük. Həmişə bir keçmişə doğru heyranlığımız olur. Dəfələrlə dediyim “ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim” misrasını insanların necə sevib, onu qorumasından başa düşmək olar. Biz gələcəyə baxmaqdansa, keçmişə heyran olanlardanıq.
Bu mövzuda çox danışıb, az yazmışam, amma gələk filmlərə. (Sovet dövründə yaşamadığım üçün fikirlərim araşdırmalar, oxuduqlarım və eşitdiklərim əsasındadır. Səhv varsa, müzakirəyə açığam. Səhv varsa, öyrənərəm) Sovet dövrü filmləri məlum məsələdir ki, senzura şəraitində çəkilib, əsas mövzuları da sosializm, fəhlə-kəndli münasibəti, əməksevər insanlar və bla, bla, bla. Bunu “Görüş” filmində”, “Ulduz”, “Bəxtiyar”,”Əhməd haradadır?”, “Alma almaya bənzər” “Babamın babasının babası” kimi filmlərdə rast gəlmək olar. Önə çıxan hissələr insanların həyatı, yaşayışı, əslində necə xoşbəxt yaşadıqlarını onlara başa salmaqdan ibarətdir. Filmlərin sadəcə ssenari hissəsinə toxunmaq istəyirəm, kənar qalan hissələrinə söz demək ixtiyarım varsa belə, demək istəmirəm. Hər kəsin şəxsi fikri, bu fikrini aydın şəkildə ifadə etmə azadlığı olduğu kimi mən də istifadə edirəm. Əgər Sovet senzurası olmasaydı onlar yenə də bu qədər süni kino çəkərmiydilər?-deyə düşünürəm. Pambıq toplayarkən hər kəsin necə xoşbəxt olması, şən bir halda mahnı oxuması, rəqs etməsi məni güldürür. Süniliklər, teatral aktyorluqları demirəm hələ. Tamam, müasir film sektorumuz möhtəşəm deyil, hətta sizi rahatlatmaq üçün bərbad filmlərlə doludur deyərəm. Kinoteatra gedərkən azərbaycan filmini gördüyümdə bu dəfə “bəlkə” girib, söyüşlə çıxdığım çox olub, bəyəndiklərim də olub. Fikir verdinizsə, istər Sovet, istər müasir dövr filmlərimizi müqayisə edərkən komediya filmlərinə toxunuram. Müasir dövrün çəkilən “Hoqqa”larını, “Bozbaş”larını, “Qız qaçırtma”ların tənqid edərkən eynisinin keçmişdə də edildiyini görməkdən niyə qorxuruq? Ya içimizdə keçmişə doğru uzanan ümidi qırmaq istəmirik. “Ötən günlərimizin” də əslində heç bu günümüzdən fərqlənmədiyindənmi qorxuruq?! Müasir dövr kommersiya filmlərinin keçmişdə də var olduğunu danmaq nəyə lazımdır? Hətta dirəşib Sovet dövrünün bir çox musiqi əsərinə belə toxunub onların da həmçinin Sovet ideologiyasına xidmət etdiyini desəm məhkəməyə verilərəm.
Tamam, sənət sənət üçündür. Buna qatılıram. Amma, amma da, bu qədər boş olmalı da deyil. Dram janrına keçdiyim anda belə bir çox filmin arxivinə göz gəzdirəndə sonradan finalının dəyişdiyini, Sovetləşdiyini görürük. “Bizim Cəbiş müəllim”, “Atları yəhərləyin”, “Dəli Kür”, “Axırıncı aşırım” kimi filmləri misal göstərmək olar. Bunların hər biri Sovet süzgəcindən ələnib bizə yeridilib. Məqsəd bəllidir, tam açıq şəkildədir. Məqsədim pisləmək deyil. Sujet baxımından dram filmlərimizi daha çox sevirəm, amma mövzu baxımından gələndə qınadılası çox tərəfi var. Təbii ki, dövrün qaydalarını gözümə soxacaqlar.
Ya məqsədi bəlli olmayan, normal sujet xətti belə olmayan filmlərimiz? Onlara da o dövrü bizə göstərir deyərək gözmü yumaq? Müasir filmlərimizə də gələcəkdə baxıb eynisini deməyəcəklərmi? Bu gün keçmişin aktyor, ssenaristlərinə baxıb “yaradıblar” dediyimiz kimi gələcəkdə də eynisini müasir film sektoru işçilərinə deməyəcəklərmi? Bir zamanlar sujet xəttinin bolluğu varkən, daha kreativ işlər yaradarkən, əziyyət çəkərkən bu gün bir “green screen”lə Amerikadaymış kimi film çəkə bilməyimizin verdiyi rahatlıqda ssenarinin qüvvəsini salır?
Ya ssenari? Filmin hekayəsi və ssenarisi filmin təməl qüvvəsidir. Filmin rejissoru kim olursa, olsun hekayə və ssenari adiləşdikcə film də sıxıcı olur. Rejissor gözəl səhnə işləri ilə göz oxşaya bilər, amma bir yerdən sonra mövzu istəyəcək tamaşaçı.
Bir ssenari yazmaq filmin mən deyərdim ən asan və rahat hissəsidir. Həm də əyləncəli. Bəlkə sənin adını heç kəs bilməyəcək, sənin üzünü tanıyan az insan olacaq, sənin sözlərini obrazın deyirmiş kimi dərc olunacaq, amma sən bu filmin tanrısı olacaqsan. Bir o qədər asan olduğu kimi məsuliyyətli və sevgi istəyir. İşini sevməyən bir bank işçisi olar, ya da fəhlə, amam ssenarist ola bilməz. Rəssam ola bilməz. Yazıçı ola bilməz.
Əminəm ki, aranızda festival filmi sevən nadir insan tapılar. Xronometrajı uzun, səhnələri bir yerdən sonra yorucu gələ bilər Festival filmi izləyərkən yuxuya gedən çox insan tanıyıram, hansı ki, çoxu film insanlarıdı. Tarkovski izləyən insanları görəndə yığıb muzeyə aparmaq istəyirəm.
Müasir filmlərimizdən sevdiyim filmlər varmı? Əlbəttə, həm də çox. Müstəqilliyimizdən bəri götürdükdə mən deyərdim ki, ən gözəl filmlərimiz çəkilib, hansı ki, bu filmlər Sovet dövrünün “əjdaha” filmləri ilə eynidir, hətta bəzi mövqeylərdən daha yaxşıdır. Müqayisəni sevmirəm, çünki heç bir film, heç bir əsər, heç bir insan digərindən aşağı deyil, zəif deyil. Hər bir əsərin, insanın öz fərqli üslubu, yanaşması, dünyası var. Buna görə qiymət verilir. Necə ki, “yaxşı və pis” deyilən bir anlayış yoxdur, zəif və güclü deyilən bir anlayış da yoxdur. Bəlkə də var. Məncə zəif və yaxşı var. Qarışıq fikirlərdi bu biraz.