"Lider"siz

Tarix dərslərindən başlayaraq bu söz həyatımıza daxil olur: - Lider

Kimdir bu liderlər? 

Yaxşı nitqi olan, insanları özünə inandıran, iddialı danışan biri kimi görmüşəm liderliyi.

Hər sahənin özünün lideri ola bilər. Həmin sahədə ən çox iş görənə, ən çox uğurları olan şəxsə, rəhbərlik etdiyi kütləyə təsirinə görə lider deyirlər. Bu siyasi lider də ola bilər, dövlətin çətin zamanında peyda olan, dövləti qurtaran və onun rəhbəri olan şəxs təmsilində. Adətən, lider anlayışını siyasi meyar kimi istifadə edirlər. Çünki düşünürlər ki, həmin sahədə görülən işlər cəmiyyət üçün daha faydalıdır, daha önəmlidir. Mənə görə bu “nisbətən”dir.

Mənə görə heç kəs zirvəyə qaldırılmamalı, “Lider” deyə təqdim edilməməlidir. Zirvə hər zaman boş saxlanılmalıdır. Zirvə hər zaman boş qalmalıdır ki, hər kəs ora çata bilmək üçün çalışsın. Zirvədə heç kəs olmamalıdır. Kimsə “zirvə şəxsi” adlandırılmamalıdır. Zirvəyə çıxan şəxsin hədəfi olmaz. Çünki artıq nail olub istədiyinə. Bundan sonra görəcəyi işlərsə, sadəcə iş görmək adı olsun deyə olar. Ya da zirvəyə çıxan şəxs işini orda buraxmalı və işini bitirməlidir. Əks halda məsələ “lider”likdən çıxar, şəxsi mənafeyinə uyğun olaraq işlər görər. Bu hakimiyyəti sahiblənmək, qanunları lehinə dəyişmək, önəmli mövqeylərdə öz “adam”larını yerləşdirmək kimi və s. kimi dəyişiklər ola bilər. 

Lider anlayışını biz nə qədər müqəddəs bir şey kimi görsək, bir o qədər təhlükəlidir. Lider olan şəxs özünü hər kəsdən yüksəkdə görər və insanların ona tabe olmasını, onun istəklərinə uyğun olaraq hərəkət etməsini istəyəcəklər. Belə olduğu halda azadlıq bitər. Lider öləndən sonra belə onun liderliyi bitməz. İnsanlar gələr, onun heykəli, qəbri önündə təzim edər, baş əyər. Liderlik belə bir şeydirmi? Liderlik etdiyi şəxsləri kölələşdirmişdi ki, ona təzim etmələrinə razı olublar?

Qeyri-demokratik cəmiyyətlər, adətən, daha demokratik cəmiyyət yarada bilmək üçün lider şəxsin gəlməsini, meydana çıxıb, insanları arxasına toplamasını gözləyir. Liderliyin yaranma anlayışı da burdan formalaşır. Cəmiyyətin bərabər hərəkət etməkdən çəkinməsi, kiminsə onlara rəhbərlik edib, yeri gələndə özünü fəda etməyə hazır olması nüansı onu lider kimi formalaşdırar. Amma bu dediklərim tamamilə rəhbərsiz olmalıdır demək anlayışına gətirmir. Amma bu rəhbərlərin özbaşına qərar verməsi deyil, müzakirə, toplumun rəyindən sonra qərar verməsi önəmi rol oynamalıdır. Təcrübələrdən liderin qərarlarının uğurlu olması, savaş üçün yaradılmış beyinlərin bu işlərdəki rolunu görə bilərik. Sezarlar, Qanunilər buna misaldır və danılmazdır. Amma adını çəkdiyim şəxslərin bərabərlik gətirdiyini deyə bilərsinizmi? Hakimiyyətdəki tək söz haqqı onlarda idi. Qərarları müzakirə edilə bilməzdi. Bu qərara tərəfdar olanlar az da olsa, var. “Uğurlu işlər görür, insan həyat şəraiti yüksəkdir, buraxaq istədiyi kimi idarə etsin.”

Liderlik təhlükəli anlayışdır, amma önəmli işlər görən şəxslərin qiyməti bilinməsinmi? Əlbəttə, bilinməlidir. Viktor Hüqo idi səhv etmirəmsə, demişdir ki, daim yaşamaq üçün ölməz işlər görmək lazımdır (yadımda qaldığı qədəri ilə bu mahiyyətdə söz idi), amma bu görülən işlər müqəddəsləşdirilib, zirvəyə qaldırılarsa, o istiqamətdə uğur deyilən anlayış olmaz. Başqa bir misal göstərsəm, musiqimizdə önəmli işlər görmüş Üzeyir Hacıbəyovu musiqimizin lideri kimi qələmə veriblər. Gördükləri işi danmıram, mən də sevirəm, fürsət tapdıqca da izləyirəm. Amma onun müqəddəsləşdirlməsinin tərəfdarı deyiləm. “Üzeyir Hacıbəyov kimisə bir daha gəlməyəcək” sözündənsə, zəhləm gedir. Düzdür, Üzeyir Hacıbəyov gəlməyəcək, amma ondan da yaxşısı gələ bilər, gəlməlidir də. Yoxsa musiqimiz bizdən hər dəfə bir addım uzaqlaşaraq arxalarda qalacaq. Biz isə “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim” deyərək gələcəkdən əlimizi üzər, keçmişin xəyalı ilə yaşayarıq. Ya gənc yazarlardan kimsə, keçən əsrin, ya orta əsr dövrünün yazar, şairini tənqid edərsə, onu daş-qalağa tutarlar ki, sən kimsən onu tənqid edirsən, onun haqqında nəsə yazırsan. Bu totemizmdir və inkişafın bir nömrəli düşmənidir. 

Gələcəyə gedən yol keçmişdən keçmir, bu böyük yanlışdır. Keçmiş artıq bitib. Gələcək bu gündən keçir. Bu gün dəyişilməzsə, gələcək var olmaz. Gələcəyin açarı bu gündədir. Bəzən deyirik, “sabah edərəm”. Sabah edə bilmək üçün bu gün iş görülməlidir. Dünyanın bizimlə bitəcəyindən çox da əmin olmamalıyıq və bizdən sonrakı nəsil üçün yeni bir dünya yaratmalıyıq. Hansı ki, orada savaşların olmadığı, daha parlaq, düzgün formalaşdığı cəmiyyət olsun, dünya olsun. Bizim kimi bizdən əvvəlkilərə sizin zibillərinizi təmizləməklə məşğuluq deməyək, bizim zibillərimizlə onların həyatını da çöp etməyək.