ATALAR SÖZLƏRİ

“Danışmaq gümüşdürsə, susmaq qızıldır”

Bu atalar sözünü eşitməyən yoxdur yəqin ki. Uşaq vaxtı səs çıxardığımızda böyüklərimiz bu atalar sözünü misal çəkərək, danışmamağımızı, dinləməyimizi istəyib. Mən sözlərlə oynamağı sevən birisi olmuşam həmişə, sözün verdiyi mənadan başqa, hansı mənanı verə biləcəyini də düşünmüşəm. Bunu özümdə yaradıcı oyun olaraq vərdiş etmişəm deyə bir müddətdən sonra özümdən asılı olmadan beynimdə avtomatik olaraq alternativlər axtarıram. Kim deyib, deyərkən nəyi düşünüb, hansı səs tonu ilə deyib və s. Bəzən də mənə gələn mesajlardan həmin insanın hal-əhvalını öyrənməyə çalışıram. Yazdığı sözlərdən əsəbi olduğunu, kefsiz olduğunu bilmək adiləşib mənim üçün. Misal çəkdiyim və birazdan sadalayacağım atalar sözlərini müxtəlif dövrlərdə eşitdikdən sonra mənalarını düşünüb, üstündə durmadan keçib getmişəm. Bloq yazısı hazırlamaq üçün mövzu axtararkən beynimin bir küncündə toz basmış bu atalar sözlərini xatırlayıb, bunu bir mövzuda yazmağa qərar verdim. Bundan əvvəl köhnə musiqlər, filmlərlə bağlı da eynisini etmişəm. Bunları araşdırarkən, paylaşdıqdan sonra rəy alarkən diqqətimi çəkən önəmli nüanslardan biri də insanların bağlandıqları mövzulara toxunduğumuzda onlarda qıcıq yaranmasıdır. Müqəddəsləşdirməyi sevirik və bu müqəddəsləri toxunulmaz edirik. Hər yeniliyi də ondan altda tutar, ona bənzəməsini, amma ondan üstə çıxmamasını istəyirik. 

“Danışmaq gümüşdürsə, susmaq qızıldır” sözünü mənə görə dinləməyi sevdiyinə görə deyil də, onu söyən birisinə cavab qaytara bilmədiyi üçün o gedəndən sonra özünü təmizə çıxarmasına görə dediyi cavabdır. Bu tipli sözlərin psixoloji olaraq xəbərimiz olmadan da şüuraltı iz buraxa biləcəyinə inanıram. İnsan beynində susmağın qızıl olduğunu düşünür və gördüyü haqsızlıqlara, ona qarşı edilən ədalətsizliyə susaraq cavab verir. Ondan güclü birisinin qarşısında danışsam gümüşlə döyüləcəm, sussam qızılla keçəcəm. Ya cinayəti görüb danışsam gümüş alacam, sussam qızıl alacam. Bu kiçik nüanslar gözdən qaçırdığımız önəmli nöqtələrdi. Bundan başqa eyni tipli bir çox atalar sözlərimiz var. Bunları qorxaq, zülmə qarşı gələ bilməyib, zülmünə bəraət qazandıran şəxslər deyib mənə görə və bunlar tarixdən silinməlidir. Atalar sözləri bir xalqın tarixini, keçmişini göstərir. Necə yaşadığını, necə düşündüyünü göstərir. Ən önəmlisi isə bu atalar sözlərini dili təzə-təzə öyrənən şəxslər oxuyur. Bunlar da ilk başda övladlarımızdır. Xəbərləri olmadan beyinlərinə susmağı, qarşılaşdığı ədalətsizliyə boyun əyməyi öyrədirik. “Sən filan işə qarışma, başını aşağı sal, işini gör” də bu atalar sözlərindən müasir formalarından biridir. Seçdiyim digər atalar sözlərini də sizinlə paylaşıram:

-Yaxşı at özünə qamçı vurdurmaz

-Qızını döyməyən dizini döyər

-Böyük olan yerdə uşaq danışmaz 

-Vaxtsız banlayan xoruzun başını kəsərlər

-Palaza bürün, eli lə sürün

-Ağa deyir sür dərəyə, sür dərəyə

-Adamın başına nə gələrsə, dilindən gəlir

-İki verməzsən, bir ala bilməzsən

-Adamın düşməni öz dilidir

-Bayırda mini ölsün, evimdə biri ölməsin

- Ağac bar verdikcə başını aşağı əyər

-Analı qızın işi görünər, anasız qızın dişi (bunu da hansı mənada dediklərini bilmirəm, amma bu ifadəni praktikada görmüşəm. Anası, qohumları tərəfindən gülməyi sevən qıza gülməyi yığışdırmağını, qızın dişinin görülməməli olduğunu dediklərini eşitmişəm)

-Arvad malı alçaq qapı kimidir, girəndə də başın dəyəcək, çıxanda da

-Arvad malı başa toxmaq kimi dəyər

-Arvadın axır hiyləsi ağlamaqdır

-Bəy verən atın dişinə baxmazlar

-RAHATLIQ İSTƏYƏN ADAM -KOR, KAR, LAL GƏRƏK (bunu böyük hərflərlə yazmağımın xüsusi mənası var. Dövlət işinə girən şəxslərin öyrəndiyi ilk atalar sözü məhz budur)

-İki verməzsən, bir ala bilməzsən

-Ərsiz arvad - cilovsuz at.

Bu tipli atalar sözlərini dərsliklərdən, ümumiyyətlə, kitablardan yğışdırmalı və yerini daha inamlı, daha ədalətli məsəllərlə doldurmaq lazımdır. Yetəri qədər hikmətli atalar sözləri sayıla biləcək məsəllər çoxdur. Amma bir yanlış bütün doğruları apara biləcək gücdədir. Bunu unutmamalıyıq.

Maraqlıdır, bu sözlərin hamısını atalar deyib? Ananın dediyi heçmi yoxdur? Ya onları qatmayıblar sıraya? Məncə, onları da dinləmək lazımdır.