“ƏVVƏLKİ MƏDƏNİYYƏT NAZİRİ BİR TƏDBİRDƏ QÜRUR HİSSİ İLƏ DEDİ Kİ, 2500 KİTABXANA BAĞLAMIŞIQ” ŞAHBAZ XUDUOĞLU İLƏ MÜSAHİBƏ
Müsahibə almaq istədiyim, əlbəttə, çox şəxs var, amma ağlıma ilk gələn şəxs olaraq sevdiyim və yaxından izlədiyim nəşriyyatın təsisçisi Şahbaz Xuduoğlunu seçdim. Razı salmağın çətin olacağını düşünsəm də, təklifimə razılıq verməsi məni sevindirdi. Səmimiliyi məndəki həyəcanı ört-baslıq etdi.
İlk sualım, Azərbaycanın yeni dövr yazarlardan kimləri yaxından izləyirsiniz?
Demək olar bizdə çıxan bütün yazarları izləyirəm. Hal-hazırda Günel Mövludun “Düşərgə” romanı əlimin altındadır. Seymuru oxuyuram (Seymur Baycan) sistemli şəkildə, Ələkbəri oxuyuram, Qan Turalı, Şərif Ağayar, Pərviz, başqa var, çoxdur. Müasir yazarın hansının kitabı çıxırsa, çalışıram onları oxuyum.
Yalnız sizin nəşriyyatla əməkdaşlıq edənləri, yoxsa başqa nəşriyyatlarda nəşr olunan kitabları oxuyursunuz?
Elə yazıçılar var onlar bizimlə əməkdaşlıq edir, eləsi var sonradan kitabı əlimə keçir, oxuyuram. Çalışıram ki, müasir ədəbiyyatdan xəbərdar olum.
Qanun nəşriyyatının yerli yazarları xarici dilə tərcümə edib, dünya bazarına çıxartma gücü varmı?
Bizim elə bir gücümüz yoxdur. İstəyirik, arzumuz var, bizim də yazıçılar xarici dillərə tərcümə olunsun, amma biz bunu edə bilmirik, çünki elə bir vəsaitimiz yoxdur. Adətən, başqa ölkələrdə xüsusi qurumlar bu işlə məşğuldur. Məsələ, Tiflisdə bir assosiasiya var ki, o assosiasiya yalnız gürcü ədəbiyyatını xaricdə tərcümə olunmasına dəstək verir. Ermənistanda səhv etmirəmsə, Mədəniyyət Nazirliyinin nəzdində belə bir qurum var. Türkiyədə Mədəniyyət Nazirliyinin ayrıca bir qurumu var ki, o da türk ədəbiyyatının yayımı proqramı ilə çıxış edir. Bizdə dövət səviyyəsində belə bir proqram yoxdur. Özümüz çalışırıq ki, necəsə, hansısa bir yol tapaq. Amma bizdə elə bir əsər olmayıb xarici dilə nəşr edək və o uğurlu bir layihə olsun.
Yazarın həvəsi var, ideası var, az-çox istedadı da var. Amma pulu yoxdur. Nəşriyyatın da həmçinin kitabı qonorar hesabı ilə nəşr etməyə gücü yoxdur. Nəticədə gəncin kitabı olmur, bir müddət sonra məcburiyyətdən başqa işə başlayır və həvəsi, ideası yox olub gedir. Günahkar kimdir burda?
Biz əksər cavan yazarların əsərlərini özümüz çap edirik. Biz onlardan pul almırıq ki. Yəni oxuduğumuz, bəyəndiklərimizin hamısını biz özümüz, öz hesabımıza nəşr edirik.
Amma Azərbaycanda nəşriyyatların böyük əksəriyyəti qonorar ödəmir.
Nəşriyyatlar axı hardansa subsidiya almırlar. Nəşriyyatlar öz hesabına, çətinliklə yaşayırlar. Nəşriyyatların elə bir gücü yoxdur ki. Ona görə nəşriyyatların da üstünə gedə bilməzsən. Amma biz məsələ imkan daxilində çalışırıq ki, gənc yazarlara necəsə dəstək olaq.
Dediyiniz kimi, imkan daxilində nəsə etmək olur. Sizin də müəyyən bir çərçivəniz var ki, ordan kənara çıxa bilmirsiniz. Məsələ, 5 yazıçını qəbul edə bilirsiniz, 6-a gücünüz çatmır.
Axı 6-cı yazıçı varmı ki, gücümüz çatmaya ona? Yəni siz elə düşünməyin ki, yazıçılar çoxdur, onu nəşr eləmək mümkün olmasın. Müraciət edəndə mətni bizə görə maraqlı gəlirsə, biz onu öz hesabımıza nəşr edirik.
Gənc yazarlarla yaşlı yazarlar arasında mübarizə gedir. Gənclər yaşlı yazıçıların Sovet təfəkkürü ilə yaşadıqlarını, onları da o cür dəyişdirməyə çalışdığını, dünya ilə ayaqlaşa bilmədiklərini, hətta gənclərə də bu yolda mane olduqlarını deyirlər. Yaşlı yazarlar isə gənclərin milli-mənəvi ruhdan uzaqlaşdığını deyir. Siz bir naşirsiniz, hər iki tərəfi analiz edə bilərsiniz. Özünüz də hər iki dövrü yaşamısınız. Sizcə, bu mübarizədə haqlı tərəf kimdir?
Mən bütün hallarda gəncliyə daha üstünlük verirəm. Çünki onlar daha qabağı görə bilirlər. Mən belə fikirləşirəm. Yaşlı nəsil daha çox arxaya baxır. Gənc, yeni nəsil daha çox qabağa baxır. Ona görə mən bütün hallarda irəliyə, qarşıya baxan nəsilə üstünlük verirəm. Məncə bu yaradıcı mübahisələr həmişə olub, bu qəbul olunandır. Yəni istər məzmun baxımından, istər forma baxımından yaradıcı nəsillər arasında həmişə mübahisələr olubdur, yenə də olacaqdır. Bu mübahisə də inkişafa xidmət eləyir. Mübahisə olmadan, çəkişmə olmadan inkişaf heç vaxt ola bilməz.
Bəs, Yazıçılar Birliyinin fəaliyyəti sizi qane edirmi? Tərkibi, əsasən, yaşlı yazarlardan ibarətdir.
Yazıçılar Birliyi ictimai, dövlət yanında ictimai təşkilatdır. Amma başqa bir Yazıçılar Birliyinin yaranması heç bir maneə yoxdur ki. Əgər o Yazıçılar Birliyinin fəaliyyəti kimisə qane etmirsə, o zaman özləri toplaşıb yeni bir Yazıçılar Birliyi yaratsınlar və fəaliyyət göstərsinlər. Yəni yazıçının yazıçı olması üçün onun hansısa Birliyə qatılmasının heç bir rolu yoxdur, heç bir əhəmiyyəti yoxdur. Ona görə yazıçını yazıçı edən onun yazdığı əsərlərdir. Üzv olduğu hansısa bir qurumlar deyil. Ona görə insan özünü təsdiq elətmək üçün çalışsın yaxşı əsər yazsın. Daha gedib Yazıçılar Birliyinin vəsiqəsini gəzdirməsin ki, mən Yazıçılar Birliyinin üzvüyəm və mən yazıçıyam. Yox, belə bir şey yoxdur. Yazıçının vəsiqəsi onun yazdığı kitablardır.
Amma 1500-dən çox üzvü olan Birlikdir ki, onun müəyyən bir bazası olmalıdır. Onun Nobelə namizəd göstərə biləcək yazıçısı olmalıdır. Dünyaya çıxartıb, tanıdacaq əsəri olmalıdır.
Yazıçılar Birliyi kiməsə əsər yazdırmır. Yazıçılar müraciət edirlər, onlar da qəbul edirlər. Amma Yazıçılar Birliyi deyə bilməz ki, sən bu əsəri yaz, ya yazma. Sənin bu əsərini Nobelə namizəd verək. Axı Birliyin belə bir öhtəliyi də yoxdur heç bir yazıçı qarşısında. Birlik sadəcə müəyyən bir maraqların müdafiəsi və inkişafı ilə bağlı eyni sahədə çalışan insanların toplaşdığı bir qurumdur. Yaratdıqları deyil, çünki bu Sovet dövründən vardır. Mən ümumiyyətlə yazıçıları hansısa bir hökümət qurumu içərisində görmürəm. Mən fikirləşirəm ki, yaradıcı mühit kənar olmalıdır. Ayrı olmalıdır. O hər hnsısa bir təşkilata girməməlidir. Bizdə var, amma bu müzakirə mövzusu belə olmamalıdır. Yazıçılar Birliyi kiməsə yazı yazdırsın. Bu ola bilməz axı.
Tamam, sualı o zaman belə istiqamətləndirim. Niyə bizdə Nobel üçün namizəd göstərilən yazıçı, əsər yoxdur?
Axı bizdə o zaman Oscar alacaq kino yoxdur. Nobel yalnız ədəbiyyata görə verilmir, fiziklərə görə də verilir. Riyaziyyatın da özünün böyük mükafatları var. Niyə bizdə bu mükafatları alan yoxdur? Buna da konkret cavab vermək çətindir. Niyə yoxdur? Yəni mühit olsun, gərək təhsil, kitab, laboratoriyalar, işləmə şəraitləri.
Bir Q.Q. Markes, Çexov kimi tanınan yazıçı niyə yoxdur?
Yanaşma tərzinin özü düzgün deyil, Nobel almayan da xeyli gözəl yazıçılar var, Nobel alanlar da var. Bizdə də yavaş-yavaş yazıçılar var, yazırlar, böyüyürlər. Gələcəkdə ola bilər hansısa bir mükafatı alsınlar, ya almasınlar. Amma bu şəkildə balacalıq kompleksindən biraz çıxmaq lazımdır. Yəni ki niyə bizdə yoxdur? Ədəbiyyatlar indi azərbaycan dilinə tərcümə olunur, böyük ədəbiyyatlar. Sovet dövründə olmayıb. İndi bu böyük ədəbiyyatlardan əslində böyük yazıçılar yarana bilər. Yazıçının yeməyi oxumaqdır, yazmaqdır, tərcümədir, redaktədir. Bu qidanı ordan götürür. Böyük ədəbiyyatı oxumayan böyük yazıçı heç zaman ola bilməz. Ona görə mütləq oxusun. Mənə elə gəlir ki, Azərbaycanda yaxşı nailiyyətlər ədəbiyyatla bağlı, sənətlə bağlı, mədəniyyətlə bağlı irəlidədir və olacaq.
Mövzudan biraz çıxaq və müasir dövrdən danışaq. Karantin rejimi ərzində kitab satışlarında azalma oldumu? Hər kəs kitab oxumağa zamanım yoxdur deyə şikayət edirdi. Karantin müddətində kitab oxumaq üçün xeyli zaman oldu. Bəs maraq necə? Oldumu?
Məncə karantində həqiqətən də artım oldu. Onlayn sifariş edənlər. Evdə oturanlar, əsasən, daha çox kitab oxumağa üstünlük verirdilər. Biz də çalışdıq onları kitabla təmin edək.
Qanun Nəşriyyatı və əməkdaşlıq etdiyiniz “Əli və Nino” mağazasının adı tez-tez gündəmə gəlir. Bu Gömrüklə və Vergi ilə bağlıdır. İllər əvvəl bir xəbər oxumuşdum ki, 150 min manatlıq bir cərimə də olunub. Maraqlıdır, üzərinizə niyə bu qədər gəlirlər? Gördüyünüz işlər doğrudursa, qanunidirsə, bu iddialar hardan yaranır? Bəlkə şəxsi məsələlər var ortalıqda, buna görə nəşriyyatı hədəfə alıblar
O vaxtı vergi sistemi fərqli idi. O vaxt vergi daha çox siyasi bir alət kimi istifadə olunurdu. O zaman da bizim hesablarımızı bağlamışdılar. Cərimə etmişdilər, amma son illərdə vergidə dəyişiklər baş verdikdən sonra bizlə bağlı hər hansısa problem yoxdur. İslahatlar getdikcə mən konkret olaraq özümüzün timsalında islahatların nailiyyətlərini, uğurlarını görürəm və buna sevinirəm. Gömrükdə də mənə elə gəlir ki, müəyyən islahatlar mütləq getməlidir. Kitabla bağlı vergi rüsumları azalmalıdır. Sonra vergi güzəştləri olmalıdır. Ümumiyyətlə, Gömrüyün özündə anlaşılmaz bir sistem var ki, istər-istəməz ora girib-çıxana qədər bütün qurumlar səndən pul götürürlər. Yəni söhbət rüşvətdən getmir, bizə münasibətdə heç bir rüşvət söhbəti ola bilməz. Amma hər halda süni maneələr çoxdur. Biz istəyirik ki, Gömrüyə getmədən öz malımızı gömrükdən çıxarta bilək. Yəni ki gəldi, elektron bəyannaməni vurduq, pulumuzu ödədik, mal da bizim anbara gəldi. Bu cür olmalıdır. Hər yerdə də belədi. O ki qaldı adının tez-tez hallanmasına bəlkə də bütün qurumlarda eyni vəziyyətdir, amma onlar bu barədə ictimaiyyətə məlumat vermirlər. Biz çalışırıq ki, bütün fəaliyyətimizin şəffaf olsun. Ətrafımızda da hərəkət olanda çalışırıq ictimaiyyət ondan məlumatlı olsun.
Nəşriyyat və kitab mağazalarının böyük payı Bakıda cəmlənib. Bölgələrdə kitab mağazaları açmağa maraq yoxdur, bunun səbəb olaraq, oxucu sayının azlığını və Bakıdan gətirib satdıqları kitabın onlara sərf etmədiyini deyirlər. Sizin barənizdə araşdırarkən sizin bölgələrdə işlər görmək istəyinizin, hətta bir çıxışınızda Mədəniyyət Nazirliyinin bu işdə iştirak etməsi, bölgələrdəki kitabxanalarla birlikdə işləməyi təklif etdiyinizi demişdiniz. Sizcə, niyə geri çevirirlər? Niyə maraq göstərmirlər? Bəlkə şərtləriniz ağırdır
Əvvəlki Mədəniyyət naziri bir tədbirdə qürur hissi ilə dedi ki, 2500 kitabxana bağlamışıq. Amma bu başa düşmür ki, Azərbaycan mədəniyyətini, kitab mədəniyyətini basdırıb, məhv ediblər, dağıdıblar. Nəinki kitabla təmin etməyiblər, ümumiyyətlə, bu kitabxanaları yerli-dibli ləğv ediblər. Orda işləyən insanları da işsiz qoyublar. Əvvəlki nazirlə hər hansı iş görmək demək olar ki, mümkün deyildi. Çünki biz nə vaxt müraciət edirdik ki, bu kitabxanalar var. Biz də Azərbaycanda ən böyük nəşriyyatıq, hər gün yeni bir kitab nəşr edirik. Belə olan halda niyə bizdən kitab götürülməsin. Deyirdilər ki, büdcəmiz yoxdur. Sonra bəlli oldu ki, milyonları oğurlayan özləri, büdcənin pulunu oğurlayırdılar, amma kitaba gələndə deyirdilər ki, büdcəmiz yoxdur. İndi hər hansı bir təşkilatla əməkdaşlıq etməyə hazırıq. Təki kitabla bağlı bir iş görsünlər. O, cümlədən Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və s.
O zaman sizə belə bir sual verim, bildiyiniz kimi, Mədəniyyət Naziri postu boşdur. Müxtəlif təkliflər var, fərziyyələr olunur ki, filankəs olacaq. Düşünək sizə təklif olundu. Qəbul edərsinizmi? Etsəniz ilk görəcəyiniz iş nə olardı?
Mən heç zaman bu barədə düşünməmişəm. Çünki mənim gördüyüm iş kifayət qədər əhatəli və sevdiyim işdir. Mən heç zaman dövlət işində işləməmişəm. Həmişə özəl sektorda işləmişəm. O ki, qaldı ilk iş görmək, səhv etmirəmsə, Qandidən soruşublar ki, rəhbərliyə gəldiyin halda ilk işin nədən ibarət olacaq? Suallar qoyublar, Qanun islahatları aparacaqsan, Kadr islahatları aparacaqsan? Hardansa, maliyyəmi istəyəcəksən? O isə deyir ki, mənim ilk işim insanları ruhlandırmaq olacaq. İnsanlardakı inamı oyatmaq olacaq. İnsanları birliyə, eyni bir idea ətrafında birləşməyə dəvət edəcəm. Mənə elə gəlir ki, Azərbaycan mühitində bax elə bu birləşmək, əl-ələ verib çalışmaq səmimi olaraq, qarşılıqlı hörmət əsasında hansısa bir problemlərin üstünə gedib, onları həll eləmək yoxdur. Bu çatışmır. Ruh çatışmır. Ruhun əsas işi nədən ibarətdir? Ruhun əsas işi, əsas nüvəsi də sevgidir. O sevgi çatışmır insanların bir-birinə qarşı. Bir də görürsən küçədə bir dənə qadın yer süpürür, iki dənə kişi müdir dayanıb onun başının üstündə. Bu cür şeylər olmamalıdır. Daha çox insani dəyərləri hər bir sahədə qabartmaq lazımdır. Onun nəticəsi olacaq. Necə ki, Polad Həşimov. Onu qəhrəman edən o deyil ki, o səngərdə öldü. Təbii ki, General səngərdə olmamalı idi. Əsgərinin yanında oldu və öldü. Həm də onu qəhrəman edən o idi ki, o sadəcə bir insan idi. O əsgərini başa düşən, əsgərinin ayağının ağrısını görən, hiss edən bir sinəsində ürək gəzdirən, qəlbi olan bir insan idi.
Bu sualı başqa şəxslərə də vermişəm, siz qəbul edərsinizmi?-deyə. Kimisi qəbul etmərəm dedi, səbəbini vəzifənin məni dəyişməsindən, düz bildiyim yoldan döndərməsindən qorxuram dedi, kimisi qəbul edərəm, parçalanmış sistemin içində yanan bir işıq olmağa razıyam dedi. Sizin dediklərinizlə əlaqələndirsək, yanan bir işıq olmaq nə kimi bir rol oynaya bilər? Nəyisə dəyişmək mümkündürmü?
Dəyişməmək barəsində düşünmürəm. Mən fikirləşirəm ki, hər şey dəyişilir. İnkişaf edir. Ləng gedir, amma proses gedir. Burda xeyli yaxşı insanlar var. Yaxşı məmurlar var. Məmur sisteminin içində deyirəm. Mədəniyyət Nazirliyində indi Mədəniyyət Nazirinin müavini var, o artıq müəyyən işlərə başlayır. Təhsil Nazirliyini götürəndə, Xarici İşlər Nazirliyi. Bu yeni cavan nəsil irəli çəkildikcə və bu mütərəqqi idealar uğrunda çalışırlar və bu görünür. Hesab edirəm ki, hansısa bir nailiyyətlər olacaq.
Bilirsiniz necədir?! Bir insanın içərisində işıq yandırmadan heç nə aydınlığa çıxa bilməz. Bu mümkün deyil. Yəni böyük pedaqoq da, böyük mütəfəkkir də, görülən işlər də o işığa bağlıdır. Müəllimin böyüklüyü şagirdinin içində yandırdığı işıqdır. Şagirin heç zaman sən beynini açıb içinə kitab qoya bilməzsən. Sən ona sadəcə istiqamət verə bilərsən. Hər bir sənətdə belədir. Sən onu sadəcə istiqamətləndirirsən. Qalanı insana aiddir. İnsan hər şeyə qadirdir, gedir, axtarır, özü üçün kəşf edir dünyanı. və öz bacarıqlarını. Beləliklə, hansısa bir nailiyyəti əldə etmiş olur.
Oxucuların nəşriyyatlarla bağlı şikayətləri tərcümə, redaktə və kitab cildinin dözümsüz olmasıdır. Həm səhvlər çoxdur, həm qiymət bahadır deyirlər. Sizin mövqeyiniz nədir? Haqlı tərəfləri varmı?
Əlbəttə, səhvlər var. Qüsurlu tərcümələr də var. Amma inkişaf da var. Məncə, bizim inkişaf faizimiz həmin tənqid hədəfi olan keyfiyyətsiz tərcümə və yaxud səhvlər, keyfiyyətsiz çapdan həddindən artıq çoxdur. Bunu da görmək lazımdır. Xeyli yaxşı tərcümələr də nəşr etmişik. Bəzən pis olur, amma pis bir şey olmalıdır ki, yaxşını da görə biləsən. Əks halda mümkün deyil
Mən Qanunun yaxın izləyicisiyəm, uzun illərdir ki, daimi oxucusuyam. Oxuyarkən bəzən tərcümələrinə də göz gəzdirirəm, sözlərdə uyğunsuzluq görəndə tərcümənin hansı dildən tərcümə edildiyinə baxıram. Fransız dilində yazılmış əsər olsa da, rus dilindən tərcümə olunub. Birbaşa tərcümə olmayanda sözlər öz həqiqi mənasında uzaqlaşır. Bunun səbəbi maliyyə ilə bağlıdır, ya tərcüməçi problemi var?
Məsələ burasındadır ki, axı yeni tərcüməçilər var. Bunlar ingilis dili, fransız dilindən tərcümə edirlər. Bəzən onlar az olur, bəzən onlar azərbaycan dilini o qədər də keyfiyyətli bilmirlər. Məsələ, xarici dilləri yaxşı bilirlər, amma azərbaycan dilini zəif bilirlər. Bəzən tərcüməçilər tapmaq olmur. Biz məcbur oluruq rus dilindən tərcümə eləyək. Amma rus dilindən tərcümə elədən də, mütləq orginalla tutuşdurulmasını istəyirik. Ruslar bəzən kəsib, doğrayırlar mətni. Yəni sizin dediyiniz hallar da var, mən demirəm ki, bütün kitabların hamısını biz yazıldığı dildən tərcümə edirik. Bu mümkün də deyil. Çatdıra bilmərik biz bunu. Bəlkə gələcəkdə mümkün oldu, hal-hazırda biz sadəcə çalışırıq ki, yeni çıxan bir kitab azərbaycan dilində olsun. Biz əsasən buna çalışırıq.
Sizə şəxsi hisslərinizlə cavab verməyinizi istədiyim sual vermək istəyirəm. Bir şəxs qazanır məsələ 300 manat. Bunun xərci, dolanışı, komunalı deyərkən ayın sonunu güclə görür. Bu şəxsin həm zaman, həm maddi tərəfdən kitaba pul ayırmağa imkanı yoxdur. Bu kiçik bir hissə deyil. Ölkəmizdə böyük əksəriyyətin vəziyyəti bu cürdür. Bu kütlədən necə kitab oxumasını istəyək?
Burada belə bir şey var da, mən bilirəm ki, heç zaman qolumda 3 min manatlıq saat gəzdirə bilmərəm. Özümə 500 manatlıq kostyum almağa rəva bilmirəm. 20-30 manatlıq köynək geyinərəm.Təmiz geyinərəm, təzə geyinərəm, amma çox baha etmərəm. Kitab üçün də, biz bütün təbəqələri nəzərə alırıq. Burda aksiyalar keçirdirik, endirimli kitablar edirik. Həftənin fürsəti edirik. Bir də görürsən ki, 10 manatlıq kitab olub 2 manat, 5 manatlıq kitab olub 1 manat. Kitab oxuyan əslində öz vaxtını planlaşdırmaqla o kitabın ucuz məqamına gəlib çıxa bilər. Bu birinci məsələ. İkinci məsələ, kasıbla varlının fərqi nədir? Fərq ondadır ki, varlı saxlamaq istədiyi pulu əvvəlcədən ayırıb, qoyur bir kənara. Amma kasıb maaş alanda o pulu qoyur cibinə, ay boyu xərcləyir. Cibində nə qaldı qoyur kənara ki bu ehtiyata qalsın. Cibində də həddindən artıq az və yaxud heç qalmır. Ona görə mənə elə gəlir ki, kitab insanın özünə qoyduğu investisiyadır. Sən investisiyanı bu başdan qoymalısan. Sən 300 manat maaş aldınsa, bu 300 manatdan mütləq çox yox hər ay 10 manat qoyursan kitaba. Bu 10 manat sənin kitabına və intellektualına qoyulan investisiyadır. Onu təmin etməlisən. Çünki sən bu 10 manatı bu gün təmin etsən sabah sənin qazandığın 300 manat mütləq artacaq 500 manat olacaq. 500 manat olanda sən artıq öz beyninə investisiya kimi 10 manat yox, 20 manat, 30 manat qoyacaqsan. Səni böyüdən şeylərə investisiya qoymalısan. Səni böyütməyənə yox. Sən gedib paltar, bahalı maşın, bahalı telefon almamalısan. Bunlar lazım deyil, səni bunlar böyütmür. Səni nə böyüdür? Səni böyüdən sənin düşüncə tərzindir, sənin dünya görüşündür, sənin baxışındır, sənin bilgilərindir, sənin əldə etdiyin vərdişlərdir.
Bəzi gənclər şəxsi inkişaf kitablarına əhəmiyyət vermir. Düşünürlər ki, o şəxsin öz düşüncəsidir, bildiyi doğrulardır. O başqa insan üçün uğurlu olmaz. Kitab satmaq üçün yazdığı kitabdır sadəcə. Digər tərəf isə tam tərsini düşünür. Bədii ədəbiyyatın zaman itkisi olduğunu, ondansa, şəxsi inkişaf kitabları oxunulmağa üstünlük verilməsini düşünür. Qanun Nəşriyyatının şəxsi inkişaf kitabları xeyli çoxdur. Şəxsi inkişafı sevdiyiniz janrdır, yoxsa kütləyə görə bu istiqamətdən də yanaşırsınız?
Mən fikirləşirəm ki, ümumiyyətlə, insan səhər durub üzünə su vurduğu kimi ilk oxuduğu kitab olmalıdır mütləq motivasiya yönümlü kitab. Çünki o kitab səni günə hazırlayır. İşinə gedirsən, dostlarınla görüşürsən fərqi yoxdur. Sən mütləq motivasiya yönümlü 10-15 səhifə, 20 səhifə hər gün səhər qalxanda mütləq oxumalısan. Mən belə baxıram. Sonra isə istədiyin sərbəst mövzulara baş vura bilərsən. İnsan motivasiyalı olmalıdır. Şən olmalıdır. Düşüncəsi aydın olmalıdır. Dostyevskinin qəhramanları kimi yaşamaq lazım deyil. Dünyanın əzabı sənə qalmayıb. Sən yaxşı yaşamalısan. Yaxşı düşünməlisən. Dünyada gerçək gördüklərindən ləzzət almağı bacarmaq lazımdır. Ağacından, havasından, insanlarından, çiçəyindən. Bunlar sənə nə öyrədir? Bunlar sənə yaxşı düşünməyi öyrədir. Yaxşı düşünmək tərzinə yiyələnmək lazımdır. Bu kitab sənə nə deyir ki? Təbii ki bu kitab nəşr olunubsa, satılmalıdır. Amma sən onu oxuyursan, o sənə nə verir? Əgər o sənin səhər tezdən sifətinə azca təbəssüm gətirirsə, deməli o istəyinə nail oldu. Sənin başına yeni bir idea qoydusa, istər vaxt planlaşdırmasında, istər iş tapmağında, istər özünü aparmağında, istər danışıq tərzində, səndə hər hansısa yenilik yaradırsa, deməli artıq o öz istəyinə nail olmuş kitabdır.
Belə bir sual da vermək istəyirəm. Ənənəvi nəşriyyat anlayışı qalsa da, zamanə elektronlaşmağa məcbur edir. Artıq elektron kitablar, audio kitablar sürətlə artmaqdadır. Bu ənənəvi yayıncılığı öldürərmi? Bir naşir olaraq deyil, kitab sevər olaraq necə hiss yaradar?
Mən inanmıram ki, audio, e-kitablara üstünlük verilir. Amma o da var yəni. Mən buna bizim dövrümüzdə kitab nəşri öndə olacaq kimi baxıram. Gələcək dövrdə gələcək uşaqlar elektron formada, başqa cür dəyişə də bilər, sadəcə əlini vuraraq qolundan da oxuya da bilərsən. Bilmək olmaz sabah nə olacaq. Amma bu kitab hələ ki var, bu kitabın olması şəkildə olması davam edəcək. Biz də dünyadan geri qala bilmərik. O kitablarda olmalıdır, səsli kitablar da olmalıdır, e-kitablar da olmalıdır. Bizdə də bunlarla bağlı layihələr olacaq.
Deyirsiniz ki, gələcəkdə belə bir şey ola bilər. Yəni ənənəvi nəşriyyat anlayışı yox ola bilər. Bunun olması istər nəşriyyatın, istər kitabxanaların, kitab mağazalarının yox olması deməkdir.
Baxın, 100 ildir kino var, teatr var. Bunların heç biri bir-birini məhv etməyib. Əksinə bir-birinə təkan verib. Mən elə hesab etmirəm ki, sabah e-kitab kağız kitabı sıradan çıxartacaq. Yox, bunlar təkan verir. Gücləndirir əksinə. Mədəniyyətdə artıq yeni bir ad, yeni bir fəaliyyət növü yaranır. Bu da mədəniyyətin tərkib hissəsidir. Mədəniyyət öz-özlüyündə genişlənir. Həm biznes kimi genişlənir, həm fəaliyyət dairəsini genişləndirir. Mən inanmıram ki, onlar rəqabətdədir. Onlar sadəcə eyni bir sahədə fəaliyyət göstərən iki fərqli addır bunlar- e-kitab, kağız kitab.
Son olaraq xahişim, oxuculara tövsiyə edə biləcəyiniz 5 kitab deyərdiniz?
Ən son oxuduğum kitablardan deyim, roman oxuyanlar üçün istərdim ki, Narsist və Qoldman romanını oxusunlar. Motivasiya yönümlü kitab istərdim ki, “Vecinə almamağın incə sənəti”ni oxusunlar. Anamın nağılları kitab var. 326 nağıl var. Nağılla yanaşı oyunlar da var. Çox faydalı kitabdır. Məncə hər evdə olmalıdır. Daha bir uşaq tərbiyəsi ilə bağlı “Uşağınızı fransız kimi böyüdün” kitabımız var. Çox yaxşı bir kitabdır.
Təşəkkür edirəm, zaman ayırdığınız və suallarıma səmimi cavab verdiyiniz üçün.