POP-BAŞ

Bir dəfə yazmışdım ki, “bizim götümüz dəyərlidir. Vəzifədən məmur çıxarmaq asan iş deyil. Adicə avtobusda oturmaq üstündə savaş gedir, belə insanın məmuru da kreslo davası edəcək, oturdumu qalxmayacaq”

Bizdə adicə söz deməyə də göt lazım olur. İnsanlar ağızları ilə danışmağı bacarmır, “götün varsa, de” deyirlər bir mübahisə düşəndə. Ona görə bizim üçün göt çox önəmlidir. Mən deyərdim başımızla yerini dəyişdirsək daha uğurlu işlər görərik.

Mən sərhədsiz yaşamağı sevən insanam. İstəyərəm dövlətlərin də, düşüncələrin də sərhəddi olmasın. Azadlıq olsun. Azad cəmiyyət heç zaman geri getməz. Keçmiş üçün xəyallar qurmaz, onu istəməz, “ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verəydim” deməz. Çünki etdiklərimiz, edəcəklərimizdən daha şirin və əziyyətsizdir. Cəmiyyətimizdə insanların, əsasən də, Sovet dövrü insanlarının keçmiş xəyalları və arzularını görəndə yazığım gəlir. Onlar getmədən liberal dəyərlərə söykənən cəmiyyət yaradıla bilinməyəcək. Bu gerçəkliklə barışmışam. Berlin divarları kimi qarşıda dayanıb, əzib keçəcik, amma altında qalacaqlar. Biz isə dəyərlərinə bağlı cəmiyyətik. 

Şikayətlənirlər. Şikayətlərini sadalayım: Üzeyir Hacıbəyov kimi insan gəlmir, Tofiq Quliyevdən bir də olmayacaq, Səməd Vurğun kimi yazan olmayacaq. O dövrün musiqisi yaxşı idi. Keçmişdə hər şey yaxşı idi. İşsiz yox idi. 

İnsanlar azadlıqdan çox idarə edilməyi sevir. Mənim ən çox güldüyüm cümlə “Azərbaycanın böyük tarixi var” cümləsidir. Var, amma öz taleyində yox, başqasının altında olaraq. Müstəqillik nədir bilmədən. Hər dövrdə keçmişi sevən, müasir dövrü pisləyən insanlarla gəlib, gedirik. Elə düşünürük ki, kimsə idarə etməlidir. Üzeyirdən, Tofiqdən, Səməddən bir daha olmayacaq. Olmamalıdır da. Yeni adlar olmalıdır. Onlardan da yaxşısı. Bunun üçün təhsil önəmli faktordur və azad bazar. Artıq Sovet dövrü deyil ki, dövlət hesabına yaşasınlar. Dövlətin sənətkara, yaradıcı şəxsə qarışma haqqı yoxdur. Onlar azad olmalıdır ki, sözləri də azad olsun. Qazancları da özünün olsun. Mədəniyyət Nazirliyi olmamalıdır məsələ. Bu mədəniyyətin idarə edilməsi deməkdir. 

Musiqiçi əsər yaratmalı, satmalı öz qazancından iş görməlidir. Teatr fəaliyyətini dövlət dəstəyi ilə etməməlidir. Öz-özünü idarə edərsə, müstəqil olar, inkişaf edər. Müstəqil olarsa, pul qazanmağa məcbur qalacaq. Çünki ona kimsə pul verməyəcək. Belə olduğu halda yeniliklər gətirəcək, səfərlər edəcək, dünyanı gəzəcək. Həm qazanacaq, həm qazandıracaq, tanıdacaq. Dövlətə arxalanan və heç bir iş görməyən insanlarla uğur, gələcək əldə etmək olmaz. Boş qalan teatrların günahkarı onu asılı salan sistemdir. O azad olmalıdır. Yenə xalq gəlməzsə, demək lazım deyil. İstəmir. Güclə heç kəsə nəsə etmək olmaz. Dövlət yalnız üzərinə düşəni edər. Bu nədir? Məktəbliləri proqram çərçivəsində öz hesabından pul ayırıb, tamaşalara bilet alaraq aparmaq olar. Dövlətin dəstəyi bu olmalıdır. Dəstək göstərmək istəyirsə, bunu məqsədli etməlidir. Dövlət kitabxanasına, Bələdiyyə kitabxanasına (mən İcra hakimiyyətinin ləğvi, yerində Bələdiyyənin yaradılması tərəfdarıyam. Beləliklə, özünü təmin etmək üçün özəl məktəb və kitabxanası olacaq) nəşr olunan yazarların kitabını almaqla dəstək durmaq olar. Bu dəstəklə həm maddi, həm təbliğat işi görmək olar. 

İnsanlar kiminsə ona dəstək durmayacağını bilməlidir. Özü-özünü idarə etməlidir. Bələdiyyə olarsa, onun tərkibində müəssisələr yaradılar, məktəblər açılar, universitet yaradılar. İdman komandaları yaradılar. Beləliklə, ölkə iqtisadiyyatına dəstək olar. Həm də dövlətdən ayrılan vəsaitləri icraların əvəzinə təhsilə və yuxarıda saydığım məsələlərə ayırmaq olar. İnsanların bağlanmasını istədiyi rus məktəbləri Bələdiyyələr tərkibində özəl məktəb olaraq qalar və istəyən bu məktəblərə övladlarını yönəldər, təhsil alması üçün çalışar. Dövlət öz dili olmayan, onun proqramından kənar olan ölkənin dili üçün bu qədər pul ayırmamalıdır. Azərbaycanda azərbaycan dili bilməyən insanlar xeylidir hələ də. Bu onlara görə elitadır. Çünki hələ də pulsuzdur. Rusiyanın ölkəmizdəki əsarətini sonlandırmaq üçün bunu etməliyik. 

Daha sonra toxunmaq istədiyim mövzu qəhrəmanlarla bağlıdır. Bunun izahını “Boş vərəq” hekayəmdə daha aydın çatdırmağa çalışmışam. 

Şəhid olmaq sadəcə əlinə silah alıb düşmənə yeriməklə deyil. Qəhrəman adam öldürərək olmur. İnsan yaşadaraq, nəsə yaradaraq qəhrəman olmaq lazımdı. Militarist cəmiyyət özünü uçuruma aparmaqdan başqa iş görmür