BAKIYA SƏYAHƏT

Bir il əvvəl idi, münaqişə ilə bağlı maraqlanan şəxslərin adına baxarkən diqqətimi bir ad çəkdi. Daha doğrusu adı deyil, əvvəl yaşadığı yer. “Bakıda yaşayıb” yazısını görəndə onun kimliyi mənə maraqlı gəldi. Həm kimliyi, həm də həmin dövrü yaşamış bir erməni olaraq deyəcəyi sözlər məndə böyük maraq oyatmışdı. Bizimlə yaşamış, bizi görmüş, Bakıda böyümüş birisi idi. Nə qədər dansaq da, bizdən ayrı düşmüş bizdən birisidir. 

Nə qədər axtarsam da, tapa bilmədim, düşündüm ki, sosial medianı çox istifadə edən birisi deyil, ya da adını mən düzgün qeyd etmirəm. Bir il sonra təsadüfi olaraq həmin şəxs sosial mediadan mənə dostluq göndərdi. Bir az şəxsidə yazışdıqdan sonra həmin illərlə bağlı bir yazı yazmaq istədiyimi, bunun üçün ondan müsahibə almaq istədiyimi dedim. Qəbul etdi. İlk başda “əgər Azərbaycan dili bilirsinizsə, bu dildə danışaq” demək istəsəm də, yaşadıqlarını və Azərbaycana olan münasibətini tam bilmədiyimdən bu sualı verməyin doğru olmadığını düşündüm. Buna görə ingiliscəyə davam etdim. Söhbətimizin əvvəlində rus dili bildiyini, istəsə rus dilində də davam edə biləcəyimizi desə də, mən bilmirəm deməli oldum. Yəqin Bakı kimi bir yerdə yaşamış, hər kəsin rus dili bildiyini görən birisi kimi təəccüblü görünürdüm ona. Adını yazının sonuncu gününə qədər qeyd etməkdən çəkinsəm də, sonra qeyd etməyin doğru olacağını düşündüm. Özü ilə bu barədə danışdıqda mənə bunun üçün icazə verdi, amma bəzi şəxslərin adının qeyd olunmamasını istədi, çünki onların həyatı üçün bu təhlükəli ola bilərdi. Ona görə yazının bəzi yerlərində adlar şərti ola bilər. Mənim söhbət etdiyim şəxsin adı isə İrina Antonyan (İsraelyan) idi. 

İlk öncə ondan “Poqrom”un təsvirini çıxarmasını istədim. Necə idi o günlər və belə bir şeyin olacağını əvvəlcədən gözləyirdiniz? Əgər gözləyirdinizsə, hansı müddətdən sonra hiss olunmağa başladı?-deyə sual verdim. Nə qədər yazılardan oxusam da, azərbaycanlı şahidlərdən dinləsəm də, ən tərəfsiz danışanın da nəsə gizlətdiyini, hadisənin qaranlıq qalan çox tərəfinin olduğunu düşünürəm, yaşayan birisi kimi reaksiya verməyəcəyini bilirəm, bu səbəbdən hadisəni bir də “yaşamış” tərəfdən dinləmək istəyirdim.

İrina xanımın cavabı isə belə oldu:


“Hər şey 1987-ci ildə başladı. Dayım evini satıb ailəsi ilə birlikdə Bakıdan köçmüşdü. Valideynlərim və digər qohumlarım evdən çıxmaq təhlükəsi yaranana qədər tələsmirdilər. “Şevçenko” adına məktəbdə azərbaycanlılar siniflərə soxularaq erməniləri hədələməyə, azərbaycanlıları və ləzgiləri sinifdən çıxarmağa, ermənilərin çıxardığı plakatlarla düz məktəbin qarşısında nümayişə hazırlaşmağa başladılar və s. Fizika müəllimi sadəcə olaraq bizə fikir verməməyi və müxtəlif nifrət dolu sözlərə reaksiya verməməyi söylədi. Sinif yoldaşlarımız Hüseyn, Emin, Fuad və bir çox başqalarının əllərində nifrət sözləri yazılmış plakatlar tutaraq necə güldüklərini hamımız pəncərədən izləyirdik. Bu dəhşətli ağrılı məqamdır.

Müəllimlər bizə dedilər ki, məktəbə gəlməyin, çünki bizi daha qoruya bilməyəcəklər. Ermənilərin yaşadığına ərazi olduğuna görə çoxlu qırğınlarla/vəhşiliklərlə üzləşirdik. Bir gün mən, bacım Rəna və sinif yoldaşım (şərti ad: S) gəzintiyə çıxmaq istədik və avtobus dayanacağının yanından düşən kimi arxamızdan qışqıran bir qadın gördük - Qaç, qaç və onun arxasında azərbaycanlıların izdihamı. Bədən tərbiyəsi mənim sevimli fənnim deyildi və biz stadionda qaçanda həmişə sonuncu olurdum, amma bu vəziyyətdə sən hər şeyi unudursan və sadəcə ölümdən qaçmağa çalışırsan. Xatırlayıram ki, damın üstünə çıxanda ayaqqabılarımı unutduğumun fərqinə vardım. Evin damında nəfəs almamağa, səs çıxarmamağa çalışaraq gizləndik. Biz bu qadını bir daha görmədik və üçümüzün də həyatını xilas edən o oldu. Biz başa düşdük ki, heç kim bizə kömək etməyə gəlmir, çünki polisə (milisiya) zəng vurmağa cəhd edəndə cavab verirdilər ki, biz sizə və ya özünüzə kömək edə bilmərik.

Atamın mebel üçün istifadə etdiyi maye var idi. Butulkalara tökdü və şüşəni pambıq materialla bağladı. Sonra atam bizə dedi ki, azərbaycanlılar evə yaxınlaşırsa, pəncərədən atlamalı ya özümüz yandırmalıyıq. Biz 4 bacının hamısı balta, bıçaqla yatmışıq. Biz artıq Sumqayıtda nə baş verdiyini bilirdik. Bizə bir gün dedilər ki, bu, dinc nümayiş olacaq, amma evlərə girməyib insanları öldürməyə başladılar.

Bəzi şəxslərin evlərində tapança var idi, onlar ailələrini qorumaq üçün evinə girənlərə atəş açmağa başlayanda azərbaycanlılar qarışqa kimi qaçmağa başladılar. Heç vaxt geri dönməyəcəklərini düşündük, amma yox. Növbəti dəfə qonşumuz Vaqif azərbaycanlıların dəstəsindən uzaqlaşmaq istəyəndə onlar onun ağ mikroavtobusunu tərsinə çevirib onu döydülər. Sovet İttifaqı əsgərləri ərazimizi tanklarla mühasirəyə alana və heç kim içəri girə və ya çıxa bilməyənə qədər bizim əraziyə daha çox hücumlar oldu. Yığışıb əsgərlərə pul verib yemək alırdılar. Bizi bir aydan çox mühasirədə saxladılar.

Atam həmişə vəziyyətin dəyişəcəyinə inanırdı, amma bu dəfə imtina etdi və bizi əsgərlərin himayəsində baqajsız dəmiryol stansiyasına təxliyyə etdilər. Vağzalda atam iki erməninin başından necə vurulduğunu gördü. Pəncərələri, şüşəsi olmayan qatar bizi Çeçenistana apardı. Bəzi qohumlarım Ermənistana təxliyə olunduğu üçün 4 aya yaxın onlardan xəbər ala bilmədik.”

Davamını sual və cavab olaraq qeyd edəcəm.

 

Azərbaycanlıların “pogrom” zamanı münasibəti necə idi? Onlar həqiqətən sizə qaçmağa kömək etdilər?

Heç bir azərbaycanlı bizə qaçmağa kömək etmədi. Qonşularımız qırğın olacağını bilirdilər və bizə demirdilər. Maşına minib gedir, evlərini kilidləyirdilər. O an hamımız anladıq ki, ciddi bir şey olacaq. Atamın azəri dostları atama dedilər ki, soyadını dəyiş, qal, atam isə imtina etdi. Yalnız birini xatırlayıram ki, bizi çölə çıxarmaq məcburiyyətində qaldı. Bakıda müəllim olmaq üçün oxuyan ağdamlı tələbə Rəşid idi. Dedi ki, tək başına dəmiryol vağzalına getmə, təkcə əsgərlərlə təhlükəsiz deyil. Atam hələ də onu xatırlayır. Atamla danışdığımda dedi ki, azərilər bizə kömək etmədi.

 

Özünüzü hələ də “Bakineç” olaraq görürsünüz?

Bəli, mən özümü Bakıdan olan erməni kimi adlandırıram. 

 

Azərbaycan dilini bilirsiniz?

Mən Azərbaycan dilini əvvəlki kimi mükəmməl başa düşürəm.

 

Bakıdan köçəndən sonra Bakıdakı dostlarınızla əlaqəniz kəsildimi, yoxsa yenə də danışırsınız? 

Bakıdan gedəndən sonra, xilas olmuş bütün qonşularımla hələ də əlaqə saxlayıram. Azərbaycanlı sinif yoldaşlarımla da əlaqə saxlayırdım, amma 2020-ci il müharibəsi başlayan kimi Fuad və Hüseyndən nifrət mesajları aldım ki, səni əvvəl öldürsək yaxşı olardı. Atası erməni və anası azəri olan qonşumuz Sevinc var idi. Onun atası əslində çox ağır döyülərək asılmışdı. Ağacdan başıaşağı. Moskvaya köçüblər. Bakıya getməzdən əvvəl ermənilərlə bütün söhbətlərini kəsir, çünki istəmir problem ola olsun.

 

Həmin zamanlar neçə yaşınız var idi?

Məktəbli qız idim, 15 yaşım var idi. Nəsiminski rayonu, Şevçenko adına 5 nömrəli məktəbdə oxuyurdum.

 

Bakıdakı erməni qəbiristanlığından xəbəriniz var? Məktəbdə oxuyurdum səhv etmirəmsə, sökülməsi xəbəri yayılmışdı, yadımda deyil həmin dövr. Sizin necə, xəbəriniz oldumu? Mediadan və ya burada əlaqə saxladığınız şəxslərdən.

Faciədir. Anam Bakıda doğulub, mən və bacılarım da. Montinoda bizim dədə-baba məzarlığımız var idi. Sonra məlumat alıram ki, paytaxtdakı məzarlığımız yerlə-yeksan olub. Torpaq ola bilər ki, onların xatirəsindən daha önəmlidir. 

Qəbiristanlıq haqqında azərbaycanlı jurnalistdən eşitdim, adını xatırlamıram, amma o, qəbiristanlıqdan başqa yerə köçürülməsinə, qalıqların tapılmasında köməklik edirdi və insanlar bunun üçün ona pul göndərirlər. Bu məlumatı alan kimi yerindəcə ona yazdım. Montino qəbiristanlığına getdi, amma hər şey yerlə yeksan olmuşdu artıq. O, heç nə edə bilməyəcəyini və hətta bu barədə yazmağı dayandırdığını söylədi. 

 

Bizdə də belə söhbətlər çoxdur ki, hadisədən sonra Bakıda yaşayan, soyadını və adını dəyişən xeyli erməni var. Sizin tanışlarınızdan belələri olubmu? Əgər belədirsə, indi yaşayan kimisə tanıyırsınız?

Ailəmdə azərbaycanlı ilə evlənən yoxdur, Bakıdan gedən qonşularımız var idi. Yaxın qonşum Artuşa erməni və onun həyat yoldaşı Rita azərbaycanlı idi. Onlar təqiblərə məruz qalıb, Bakıdan Moskvada köçməli oldular. Digər qonşum Cülyas xala azərbaycanlı ilə evli idi, Bakıda qalıb rəhmətə getdi.

 

Evliliklərin böyük əksəriyyətində azərbaycanlı kişi və erməni qadın olduğu daha çox müşahidə edilir. Bu sadəcə Azərbaycanda olduğu üçün belədirmi, yoxsa Ermənistanda da belə olub, bilmirəm. Siz necə düşünürsünüz, o dövrdə evliliklər, adətən, necə olurdu?

Mənim erməni zərgərlik ustası olan dostum Marat və onun arvadı Lalə Bakıdan olan azərbaycanlı var. Ermənistan haqqında heç nə deyə bilmirəm, çünki orada doğulmamışam və orada qohumlarım da yoxdur, amma təbii ki, belə evliliklər var. Mən şəxsən bunun qəribə və ya pis olduğunu hiss etmirəm. Normal insanlar aşiq olub, düzgün kişi və ya qadınla yaşamaq istəyirlər və hansı millətdən və ya dindən olmasının fərqi yoxdur. Məncə, belə evliliklər bütün sərhədləri silir və nifrətdən daha vacib bir şeyin sevgi, hörmət olduğunu bir daha sübut edir.

 

Nə vaxtsa münaqişənin bitəcəyinə və yenidən birgəyaşayışın olacağına inanırsınızmı? Bu həm Qarabağda, həm Bakıda, həm də İrəvana aiddir. Sizin necə, bir gün Bakıya qayıtmaq, yenidən burada yaşamaq və ya səyahət etmək planınız varmı?

Münaqişə çoxdan bitməli idi. 2020-ci il Azərbaycan/Türkiyə, NATO müharibəsi göstərdi ki, müharibə tezliklə bitməyəcək. Münaqişənin həlli o zaman olar ki, Azərbaycan ERMƏNİFOBİYANI dayandırsın, mətbuat və ya televiziya vasitəsi ilə ermənilərə qarşı hər cür qətliam vəhşilikləri təbliğ etməsin və Laçın dəhlizinin blokadasını dayandırsın. 

Artsax erməniləri öz seçimini çoxdan, Sovet İttifaqı dağılandan sonra ediblər. Bildiyimə görə, Artsax erməniləri heç bir təzyiq altında Azərbaycana qoşulmaq istəmirlər. Onların seçimi müharibədə deyil, sülh şəraitində yaşamaq həmişə olub. Əgər Azərbaycan beynəlxalq qanunlara riayət etməsə və Azərbaycan xalqı qonşu ölkə ilə münasibətləri bərpa etmək əvəzinə Əliyev faşist ideyalarına qoşulsa, növbəti soyqırım sizin gözünüzün qabağında olacaq. Artıq baş verir. Sərbəst deyil. Mən başa düşmürəm ki, bu cür nifrət və ya davranış haradan qaynaqlanır?

Və bugünkü müharibə vəhşiliklərini görmək. Yeri gəlmişkən, Artsaxda yaşayan sinif yoldaşım (şərti. S) yenə bu müharibədən zərər gördü. Məncə azərbaycanlılarla heç nə dəyişmədi. Heç nə. Azərbaycansa, artıq əvvəllər yaşadığım beynəlxalq məkan deyil və mən özümü doğulduğum yerləri gəzərkən görə bilmərəm. Soyqırımlardan xilas oldum və ailəmin qəbiristanlığı məhv edildi, evlərimiz əlimizdən alındı. Düşünmürəm ki, daha Bakıya gedə biləcəm.

 

Ümumiyyətlə, münaqişənin həllini görürsünüzmü? Sizcə bunun sonu necə olmalıdır? Qarabağın (Artsaxın) taleyi necə həll edilməlidir? Yaxud mənim sualım, Azərbaycan Qarabağı öz ərazisinə qatıb onlara bir yerdə yaşamağı tövsiyə etsə, bunun sonu necə olacaq?

Şəxsən biz Bakıda Sovet İttifaqı əsgərlərinin köməyi ilə sağ qaldıq. Onların arasında heç bir azərbaycanlı yox idi, nə yerli polis, nə də hökumət adamları. Heç kim alanları dayandırmadı, qırğın vəhşilikləri əngəlləmədi. Azərbaycanda heç kim Azərbaycanın hər yerində günahsız erməniləri qətlə yetirənləri məsuliyyətə cəlb etmədi və ən əsası Azərbaycan cəmiyyətində heç kim ermənilərin vəhşicəsinə qətllərini qınamadı. Azərbaycandan insanlar Xocalını misal gətirirlər, amma unudurlar ki, əvvəllər hər yerdə ermənilərin hədəfi olub və Azərbaycan arasında müharibə olub. Dağlıq Qarabağ hər iki tərəfdən itkilər gətirirdi. Müharibədən heç kim fayda görmür. Dəhşətli haldır ki, həm azərbaycanlı, həm də ermənilər bu ağrılı onilliklər ərzində insan tələfatı ilə nəticələnən müharibədən keçiblər.

 

Münaqişədə kimi günahkar görürsünüz? Azərbaycan, Ermənistan, Sovet, ya onlardan bir neçəsi, ya hər biri? Sizcə bu münaqişənin səbəbkarı kimdir?

Təəssüf ki, Azərbaycan hökuməti hələ də nifrət, qətl, müharibə söhbətlərindən dönmür, amma hər zaman olduğu kimi, günahı ermənilərdə görür. Axı Azərbaycan 120 minlik Qarabağ ermənilərinin yolunu bağlayır və erməniləri əsarətdə saxlayır. Münaqişənin səbəbkarı kimdir, bu günə qədər Əliyev rejiminin dəhşətli faşist ideyalarını həyata keçirən kimdir? Cavabım Azərbaycandır. Çünki mən görürəm ki, ermənilər öz ailələrini, kilsələrini, sülh içində yaşamaq üçün insan haqlarını qoruyurlar.

 

“Pogrom”a dönsək, azərbaycanlılar arasında hadisəni törədənlərin daha çox Ermənistandan köçürülmüş azərbaycanlılar olması ilə bağlı mübahisələr gedir. Əkrəm Əylislinin kitabında da bu misal çəkilir. Həmin vaxt ailənizə və digər ermənilərə hücum edənlər arasında onlar da var idi, yoxsa Bakıdakı azərbaycanlılar da iştirak edirdi? Necə xatırlayırsınız?

Əsasən azərbaycanlı kişilər. Babam 1986-cı ildə rəhmətə getdi. Dayım 1987-ci ildə İnqilabdakı evini satıb Bakıdan köçdü. Artıq o vaxtlar sərbəst hərəkət etmək çətin idi. Bacım Rəna imtahandan keçib, yəqin ki, işə başlayacaqdı. Memar olmaq istəyirdi. Dərslərin birində azərbaycanlılar auditoriyaya girəndə erməniləri tapmağa çalışsalar da, adı azərbaycanlı (Rəna) idi deyə dəyməmişdilər. Mühazirədə onun soyadını çağıranda, bitdi.

Gələnlər edib deyərək, günahlandırmaq səhvdir, düz deyil. Bizim qarşılaşdığımız belə deyil. Bakıdan olan sinif yoldaşlarım mənə deyirlər ki, biz yox, erməni bandası edib bunları. Necə edə bilər? Şahidəm və bir çox qonşularım görüb. Necə deyə bilərsiniz ki, bu, azərbaycanlı deyildi.

Bir-birini günahlandırmaq asandı, amma mən başa düşmürəm ki, Azərbaycanda insanlar niyə onların əməllərini qəbul etmək istəmirlər. Sırf erməni olduqları üçün günahsız insanların cəsədlərini atanları, qətlə yetirənləri hökumət necə məsuliyyətə cəlb etmədi.. Hələ də anlaya bilmirəm ki, doğulub böyüdüyüm Bakımda necə oldu bu.

Onlar, əsasən, kişilər idi. Həmişə qrup şəklində hücuma keçir və tək hərəkət etmirdilər.

 

Əlavə edir:

Düşünürəm ki, indiki nəsil o qədər də şanslıdır ki, mənim yaşadıqlarımı heç vaxt yaşamadılar.

Valideynlərim sülh içində yaşayıblar. Xristian bayramları gələndə azəri qonşularımızla yumurta rəngləyir, şirniyyatla bölüşürdük, Novruzda isə uşaq ikən qapını döyürdük, papaq qoyub qaçırdıq ki, azəri qonşularımız şəkərbura ilə doldurursunlar. Azəri qonşularımız mənə Şirin deyirdilər. 

O günlər keçdi.

Anam Svetlana böyük bacım dünyaya gələndə süd vermədiyi üçün azəri qadın ona süd vermişdi, həmin qadın körpəsini itirdiyinə görə razılaşmışdı və anamdan Rəna adını qoymasını xahiş etmişdi. 

Bizim Bakıda qonşumuz olan ərazidə Mustafa adlı azərbaycanlı var idi. Biz çöldə yığışıb onun evinin yanında oynayanda, xüsusən də top evinin divarına dəydikdə, o əsəbləşirdi,  hamı ondan qaçırdı. Uşaqları sevmirdi.

Qonşularımızdan Vaqifin maşınını tərs çevirmişdilər. Vaqif erməni idi, lakin Bakıda qalmaq üçün soyadını dəyişərək azərbaycanlı qadınla evlənir. O, Bakıda öldürüldü.

 

Sovet dövründən dinlədiyiniz və sevdiyiniz Azərbaycan musiqisi hansılar idi? İndikilərdən hər hansı birini dinləyirsiniz?

Sovet dövründə Arno Babacanyanı, Rəşid Behbudovu, Müslüm Maqomayevi dinləyirdik.


 

Suallar əslində çoxdur, yəqin siz bu yazını oxuyarkən “kaş bu sualı da verərdin”, ya “niyə bu sualı vermədin?” deyə bilərsiniz. Kiminsə yarasına toxunmaq, hələki də belə bir hadisəni yaşamış birisinə o anları yarasına basaraq xatırlatmaq sevdiyim bir şey olmadığından çalışıram bacardığım qədər həssas və qaneedici olum.

Yalnız “Qarabağ münaqişəsi” deyə baxdığımız və sadəcə bu narrativdə dəyərləndirməyə, bu məsələnin həlli ilə hər şeyin bitəcəyinə inandığımız məsələnin müxtəlif üzləri də var, onların izləri var. Təəssüf ki, onlar sadəcə kölgədə qaldığından üzə çıxa bilmir. “Bakı poqrom”u bunlardan sadəcə biridir. Nə qədər “kaş sonuncu yaşadığımız fəlakət olsaydı” desək də, özümüzü aldatmağa ehtiyac yoxdur. Biz hələ bu coğrafiyada daha çox siyasi oyunların qurbanı olacağıq. Bunun qarşısını almaq üçün ciddi işlər görülməli, addımlar atılmalı, bunun üçünsə, cəsarətli və dürüst insanlar yetişdirməliyik. Mövcud sistemin tərkibində həll axtarmaq əvəzinə, bizə sülhü gətirəcək sistemi yaratmalıyıq, buna borcluyuq. Özümüzə olmasa da, gələcəyə.